Son xəbərlər

Heydər Əliyev Fondundan 18 yaşınadək olan şəkərli diabet xəstələrinə — ŞAD XƏBƏR

Heydər Əliyev Fondunun “Diabetli uşaqlara ən yuksək qayğı” layihəsi çərçivəsində ölkə üzrə şəkərli diabet xəstəliyi olan 18 yaşadək şəxslər insulin preparatları və şpris-qələmlərlə təmin ediləcək.
Bir illik layihə çərçivəsində müvafiq dərman preparatları Azərbaycan Diabet Cəmiyyəti vasitəsi ilə şəkərli diabet xəstələrinə veriləcək.
Qeyd edək ki, əhalinin səhiyyə problemlərinin aradan qaldırılmasında yaxından iştirak edən Heydər Əliyev Fondu 2004-cü ilin dekabrından etibarən “Diabetli uşaqlara ən yüksək qayğı” layihəsini həyata keçirir. Fondun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşan layihə çərçivəsində şəkərli diabetdən əziyyət çəkən şəxslərə dövlət tərəfindən göstərilən qayğıya dəstək məqsədi ilə uşaq və yeniyetmələr müntəzəm olaraq insulin preparatları və şpris-qələmlərlə təmin edilir.
Tikinti şirkətlərinin bu hüququ ləğv ediləcəkGələn ildən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər (özünə məxsus və ya cəlb edilən vəsait hesabına əhalinin fərdi (şəxsi) ehtiyaclarını ödəmək və ya kommersiya məqsədləri üçün öz gücü ilə və ya müvafiq ixtisaslı peşəkar sifarişçi və ya podratçı cəlb etməklə bina tikdirən, habelə bu tikintinin və ya başa çatmış obyektin mülkiyyətçisi olan hüquqi və ya fiziki şəxslər) sadələşdirilmiş vergi ödəyicisi ola bilməyəcəklər.

 “Ölkə.Az” xəbər verir ki, bu məsələ Vergilər Məcəlləsinə  edilən dəyişiklikdə nəzərdə tutulub.

Məcəlləyə nəzərdə tutulan dəyişiklik barədə məlumat verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, həmin şəxslər vahid vergi rejimində (əlavə dəyər vergisi (ƏDV) və mənfəət vergisi metodu) fəaliyyət göstərəcəklər. Gələn ildən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlətə ayrılan hissə təqdim edildikdə, əmlaka görə əldə edilən gəlirlər vergiyə cəlb olunan gəlirlər hesab edilməyəcək. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binanın yaşayış sahəsinin dövlətə ayrılan hissəsinin təqdim edilməsi əlavə dəyər vergisindən (ƏDV) azad ediləcək. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı gəlir və və bu gəlirdən çıxılan xərclər vergi ili ərzində alqı-satqı müqavilələri üzrə nəzərdə tutulan ƏDV-siz məbləğlər və təqdim edilən həmin sahələrin tikintisinə çəkilən məsrəflər əsasında müəyyən ediləcək.

“Azərbaycanda elə bir tolerantlıq mühiti formalaşıb ki, bu, bütün dünya üçün yaxşı nümunə ola bilər”.

“Report” xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə TASS-a müsahibəsində deyib.

“Bu vəziyyəti, əlbəttə ki, dövlət başçısı yaradıb”, – o əlavə edib.

“Demək istəyirəm ki, Azərbaycanda fərqli reallıqlar, fərqli həqiqət yaradılıb. Təsəvvür edin ki, bu gün sünnilər və şiələr birlikdə namaz qılır, bunu Azərbaycandan başqa bir yerdə görə bilməzsiniz. Bizdə müsəlmanın kilsə və ya sinaqoqa getməsi, şam yandırması normal bir hadisədir. Eyni zamanda bəzən xristian və ya yəhudi icmalarının nümayəndələri bizə müraciət edir və onlara köməyimizi əsirgəmirik”, – Qafqaz Müsəlmanları İdarəsinin sədri müsahibəsində bildirib.

“Bakı” İstilik Elektrik Mərkəzi qışa hazır vəziyyətə gətirildi

“Azərenerji” ASC “Bakı” İstilik Elektrik Mərkəzində təmir-bərpa işləri apararaq 2 saylı aqreqatın gücünü 40 meqavatdan 50 meqavata qaldırıb. 

“Qafqazinfo”ya daxil olan məlumata görə, 1902-ci ildə “Ağ şəhər” adı altında istismara verilən və Azərbaycanın ilk elektrik stansiyalarından biri olan, hazırda isə “Bakı” İstilik Elektrik Mərkəzi olaraq fəaliyyət göstərən müəssisə elektrik enerjisinin istehsalı ilə yanaşı istilik təchizatı üçün də fəaliyyət göstərir. 

“Reabilitasiya Proqramı” çərçivəsində istilik mərkəzinin  2 saylı aqreqatının ehtiyat hissələri dəyişdirilib, istilik təchizatı üçün bəzi borular yenilənib, təmir edilib və test edildikdən sonra istismara verilib. 

Elektrik enerjisi istehsal edib ümumi sistemə ötürməklə yanaşı Əhmədli, 8-ci kilometr qəsəbələri də daxil olmaqla Xətai və Nizami rayonlarındakı əksər yaşayış binalarını istiliklə təchiz edən “Bakı” İstilik Elektrik Mərkəzində noyabrın15-dən etibarən payız-qış mövsümü qrafikinə uyğun olaraq istilik təchizatı işə qoşulacaq.

 

“Dəqiq bir məlumatımız yoxdur”

Müsavat Partiyasının İcra Aparatının rəhbəri Gülağa Aslanlı saxta mühacir sənədi düzəltməkdə ittiham olunaraq Almaniyada saxlanılan müsavatçılar barədə açıqlama verib.

G. Aslanlı “Qafqazinfo”ya bildirib ki, bu barədə Almaniya polisinin məlumatı yayılıb:

“Bundan sonra, həmin məlumata bir sıra şəxslər şərh verib. Ona görə də mən polisin məlumatını tam dəqiqləşdirməyənə kimi heç bir söz deyə bilməyəcəm.  Çünki rəsmi məlumat ayrıdır, kiminsə fikirləri ayrıdır.  Partiya olaraq kiminsə saxlanılması haqqında dəqiq bir məlumatımız yoxdur”.

Nazir “uşaq pulu” təklifinə münasibət bildiribƏmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deputatların “uşaq pulu” təklifinə münasibət bildirib.

"Ölkə.Az" xəbər verir ki, nazir S. Babayev bu gün Azərbaycanda 600 minə yaxın uşağa müxtəlif müavinətlərin ödənildiyini xatırladıb.

Nazir qeyd edib ki, sağlamlıq imkanları məhdud uşaqlar üçün ödənilən məbləğ 150 manat, onların valideynlərinə və ya qəyyumlarına 200 manat ödənilir: "Bu gün ən həssas kateqoriyadan olan 600 minə qədər uşağa bu vəsait ödənilir. Orta məbləğ də 100 manatın üzərindədir. Əgər biz bunu bütün uşaqlara şamil etsək, bu gün ölkədə 18 yaşına çatmış 2 milyon 700 min uşaq var. Tutaq ki, ən aşağı onlara 100 manat vəsait ödənilsə, bu 3,3 milyard manat pul edir. Uşaqpulu kimi proqramlar 1 illik, 2 illik proqramlar deyil. Ən azı 5 illik, 10 illik proqramlardır. Bunun üçün ümumilikdə 18-35 milyard vəsait xərclənməlidir. Nəzərə alın ki, ölkədə minumum pensiyalar 72 faiz, mimumum əməkhaqqı 2 dəfə , 600 min insanın müavinət, təqaüdü 2 dəfə artıb. Bu gün yəni konkret ünvanlı olmayan, hamını əhatə edən bir proqram əvəzinə ünvanlı olan sosial cəhətdən ən həssas kəsimləri əhatə edən və çox əhəmiyyətli sosial proqramlar eyni məbləğlə maliyyələşdirilir. Ona görə də hökumətin seçimi bu istiqamətdə oldu və belə də davam edəcək”.

Pensiya ilə bağlı məsələyə gəldikdə nazir deyib ki, növbəti ildə pensiyalar 14 faiz artırılacaq.

“Baku Electronics” mağazalar şəbəkəsinin müştərisi həm vaxtını, həm də pulunu itirib. 

Minval.info xəbər verir ki, iyul ayında “Baku Electronics”dən kofe üyüdən elektrik avadanlığını nağd ödənişlə alan Orxan Hacıəli adlı Bakı sakini buna bir müddət sonra peşman olub.

Belə ki, şikayətçinin sözlərinə görə, məhsul həmin mağazada olmadığı üçün başqa bir filiala müraciət edilib və onlara gətirilən avadanlıq verilib:

“Bizə avadanlığı təqdim etdilər və formal xarakter daşıyan zəmanət talonu yazıldı. Kofe üyüdən elektrik avadanlığını 1 gün sonra test etmək qərarına gəldikdə, bir qədər işlədikdən sonra dayandı. Məhsulu yenisi ilə əvəz etmək üçün geri gətirdik, yenisinin olmadığı, sonuncu məhsulu satış vitrinindən bizə təqdim olunduğu söylənildi.  Diqqətinizə çatdırım ki, satış etik qaydalarına əsaslanaraq, vitrindən müştərinin razılığı olmadan qəti şəkildə məhsulu satmaq olmaz. Bu səbəblə servisə gondərəcəklərini söylədilər”.

Servisə göndərilən elektrik avadanlığı haqqında öyrənilən məlumat müştərini şoka salıb: “1 həftə sonra servisdən zəng gəldi və bizə bildirildi ki, məhsul işlək vəziyyətdədir, lakin bu avadanlıq bizim müraciətimizdən öncə bu servisdə artıq qeydiyyata düşüb. Yəni cihazda problem daha əvvəl varmış, onu servisə göndəriblər, təmir edilib, geri qaytarılıb.

Məhsul aldığımız filiala geri dönüb, yaranmış vəziyyəti izah edib, məhsulu geri qaytarmaq istəyimizi bildirdik və cavab olaraq bizə dedilər ki, “Qaytardığınız halda məhsul dəyərindən 40 faiz kəsiləcək”. Uzun mübahisədən sonra faiz dərəcəsini 25-ə qədər saldılar, baxmayaraq ki, məhsul 2 gün ərzində geri qaytarılıb. Bununla da razı olmadım və ərizə forması doldurub baş ofisə şikayətimi bildirdim”.

Bir neçə gün sonra bizimlə əlaqə saxlanılır və soylənilir ki, sizin şikayətiniz təstiqlənib və akt tərtib olunub, 2 gün sonra telefonunuza SMS gələcək, pulunuzu tam məbləğdə gəlib götürə bilərsiniz, amma elə olmur: “Beləliklə həmin 2 gün olur 10 gün, zəng edib bir daha maraqlanıram, yenidən bildirirlər ki, 2 gün ərzində SMS gələcək. 3 gün sonra bir daha narazı, aqressiv müştəri olaraq əlaqə saxlayıram, məni sakitləştirib yenidən 2 gün ərzində SMS gələcəyi barədə and verirlər.

Həmin 2 gün də olur 1 həftə, artıq zənglərimə qəti şəkildə cavab verilmir, 193 çəğrı mərkəzi hətta problemi aydınlaşdırandan sonra dəstəyi asır. Burada artıq prinsipial bir mənzərə yaranır, 2 gün sonra olan aviabiletimi təxirə salıb üz tutdum mərkəzi ofisə.

Müdiriyyət mənimlə danışmaqdan boyun qaçırdı, məsuliyyəti yıxdı servisin üzərinə, servis də müdiriyyətin… Bundan sonra müdiriyyət məsələnin həlli ilə bağlı məsuliyyəti yönləndirdi baş ofisin direktorunun üzərinə… Müdiriyyət məni 2-ci dəfə ərizə yazmağıma yola gətirdi və məsələnin müsbət həllini tapacağına əminlik verdi. Həm də vaxt təyin etdi ki, o vaxta qədər məsələ öz həllini tapacaq. Mən yenidən söz verildiyi günün axşam reysinə aviabilet aldım (Red – Şikayətçi Çində yaşayır). Nəhayət mənim telefonuma mesaj gəldi. Getdim ödənişi geri götürüm, amma məlum oldu ki, öncədən də nasaz olan, 2 gün belə istifadə etmədiyim məhsula ödədiyim pulun 25 faizi kəsilib”.

“Baku Electronics” nasaz olan məhsuldan belə öz pulunu qazanıb: “Nəzərinizə çatdırım ki, 25-30 faiz şirkətin məhsul üzərində olan gəliridir. Və bu yaranmış haldan belə qənaətə gəlmək olar ki, şirkət dələduzluq yolu ilə qazanacağı gəliri qazandı və həmin məhsul onların Nəriman Nərimanov filialındakı vitrinə qoyularaq öz novbəti şikar müştərisini gözləyir.

Mənim axşam reysinə aviabiletim var idi və təcili getmək məcburiyyətində idim. Buna görə də, bu prinsipial mübarizəni qazanan “Baku Electronics” oldu”.

Minval.İnfo

 

Müəllif: Məhəmməd Türkmən

Müəllif: Məhəmməd Türkmən

Bu gün “Bakı Metropoliteni” QSC-nin “28 may” stansiyasından “İçərişəhər” və “Dərnəgül” stansiyalarına gedən qatarlar arasında 7-9 dəqiqə interval yaranıb.

Bununla bağlı xəbəri “Minval”a qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov təsdiq edib.

Onun sözlərinə görə, buna səbəb bəzi stansiyalarda (“Neftçilər”, “Qara Qarayev”, “Koroğlu”) vətəndaşların qatarlardan minib-düşməsinə sərf olunan vaxtın normadan çox olmasıdır. Son nəticədə qatarlar arasında interval tədricən artıb. Bununla belə, hazırda ləngimə aradan qaldırılıb və qatarlar qrafikə uyğun hərəkət edir.

Bu ünvandakı sakinlər kirayə evlərə çıxarılacaq

Bakı şəhəri Nərimanov rayonu, Nazim Hacıyev küçəsi, 6 ünvanında yerləşən yataqxananın 4-cü mərtəbəsinin dam örtüyünün bir hissəsi noyabrın 11-də çöküb.

ATV xəbər verir ki, yataqxanada müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrin heç birinə hadisə nəticəsində maddi ziyan dəyməyib.

Yataqxana binasının qəzalı vəziyyətdə olmasını nəzərə alaraq, 17 məcburi köçkün ailəsi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin xətti ilə yeni mənzillərə köçürüləcək. 

Binada yaşayan və məcburi köçkün olmayan digər ailələr isə kirayə evlərə çıxarılacaq.

Nərimanov rayon İcra Hakimiyyətindən bildirilir ki, qəzalı binanın yerində çoxmərtəbəli bina tikiləcək. Həmin sakinlərə də bu binadan mənzil veriləcək.

Qarabağ əlilərinə və şəhid ailələrinə ev verildiƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Gəncədə 12, Şirvan şəhərində isə 20 mənzil şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib.

"Ölkə.Az" "xezerxeber.az"a istinadən xəbər verir ki, Gəncə şəhərində şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə mənzillər təqdim edilib.

12 ailəyə yeni mənzillərin açarı verilib. Mərasimdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının və Gəncə Şəhər İcra Hakimiyyətinin rəsmiləri iştirak ediblər. Bildirilib ki, şəhid ailələri və müharibə əlillərinin sosial vəziyyətinin yaxşılaşdırılması dövlətin sosial siyasətlərinin əsasını təşkil edir.

Şirvan şəhərində də evlər verilib. Burada isə yeni yaşayış binasından alınmış 20 mənzil şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib.

Qeyd edək ki, bu il 934 mənzil və fərdi evin şəhid ailələri və müharibə əlillərinə verilməsi planlaşdırılıb. Onlardan 246 mənzil artıq verilib.