Son xəbərlər

Bütün pensiyaçılar üçün vacib xəbər!
Bu aydan etibarən minimum pensiya məbləğinin 200 manata çatdırılması pensiyaya çıxmaq üçün tələb edilən minimum pensiya kapitalına təsir göstərib.Belə ki, mövcud qaydalara əsasən pensiyaya çıxmaq üçün vətəndaşın hesabında minimum 28800 manat vəsait olmalıdır. Yaxud da vətəndaşın 25 il sığorta stajı olmalıdır.

Dövlət Sosial Müdafiə Fondunun şöbə müdiri Eyvaz İsmayılov bildirib ki, nəzərdə tutulan meyarlardan birinin olmaması vətəndaşın pensiya almayacağı anlamına gəlmir.

Eyvaz İsmayılov qeyd edib ki, ildən-ilə pensiya təminatı sahəsində islahatlar həyata keçirilir, sistem daha da təkmilləşdirilir.Nəticədə bir sıra amillər nəzərə alınıb.

Fondun şöbə müdirinin sözlərinə görə, bununla yanaşı 2019-cu ilin yanvarın 1-dən əmək pensiyaları haqqında qanuna edilən dəyişikliyə görə 2019-2020-ci illərdə əmək pensiyası yaşına çatmış şəxslərin fərdi hesabında 2018-ci ilin 1 iyul tarixinədək məbləğindən asılı olmayaraq pensiya kapitalı qeydə alınıbsa, onlara əmək pensiyası təyin edilərkən 25 il sosial sığorta staji hədiyyə edilir.

Minimum pensiya məbləği artıqca tələb edilən minimal pensiya kapitalı da avtomatik artır. Bəzi ekspertlər hesab edir ki,gələcəkdə minimum pensiya məbləği 200 manat deyil 300 manat olsa, o zaman tələb edilən minimum pensiya kapitalı 43200 olacaq.Bu isə gələcəkdə pensiya təyinatında problemlərə səbəb ola bilər.Ona görə də pensiya kapitalının bir hissəsinin dövlət tərəfindən maliyyələşdirilməsi təklif edilir. Dövlət sosial müdafiə fondunun şöbə müdiri bildirib ki, mövcud qanunvericilik hələki pensiya sığortaolunanları əhatə edir. Eyvaz İsmayılov əlavə edib ki, ildən-ilə pensiya islahatlarının davam etdiyini nəzərə alsaq, ehtiyac olarsa bu məsələyə də baxıla bilər.

Daha bir məktəblə bağlı qalmaqallı səsyazısı yayılıb.

Söhbət Nərimanov rayonu, M.Şəhriyar adına 193 nömrəli tam orta məktəbdən gedir.

Cebhe.info-ya daxil olan səsyazmadan aydın olur ki, dil-ədəbiyyat müəllimi və sinif rəhbəri olan Toyzu Mustafayeva valideynlərdən pul tələb edir. Müəllim valideynlərlə təmas qurduğu “votsap” qrupuna səsli mesaj göndərərək, fond, süpürgə, jurnal, təmir və s. üçün pul istəyib. Hətta şagirdləri oğurluqda ittiham edib. Müəllimin səsyazısından bir hissəni təqdim edirik:

“Amma siz də gəlin məni incitməyin də… Axı 20 manat nə olan şeydir ki, siz onu vermək istəmirsiz? Mənim heç kimə borcum yoxdur ki, maaşımı alım və kiminsə uşağının ayağının altını süpürtdürüm. Hər dəfə uşaqlara deyirəm ki, pulu niyə gətirməmisiniz? Onlar da deyir ki, valideynimizə demişik. Sinfin təmizliyi, dəhlizin təmir edilməsi, “katric”in doldurulması, sinif adına alınan qəzet, sinifdə nəsə qırılsa, hamısı valideynlərin hesabına olur. Bunu rəhbərlik də, nazirlik də bilir”.

193 nömrəıli məktəbin direktoru Rahim Hüseynov açıqlamasında Toyzu Mustafayevanın sinif rəhbərliyindən kənarlaşdığını deyib: “Məsələdən xəbərdar olmuşuq və müəllimi sinif rəhbərliyindən kənarlaşdırmışıq”.

Səsyazısının tam versiyasını buradan izləyə bilərsiniz:


Qış qapının ağzını kəsdirib, paytaxtın və ölkənin istilik sistemində problemlər yenə gündəmdədir. Əhalinin əsas ümid yeri olan mərkəzləşdirilmiş istilik sistemi isə hələ də nəinki müasir standartlara cavab vermir, hətta köhnədən qalma problemlər qalmaqdadır. Sistemi idarə edən “Azəristiliktəchizat” ASC borcun içindədir.

Qurumun mavi yanacağa olan borcunun məbləği ildən-ilə şişir. “Azəriqaz” İB-nin rəsmi yaydığı məlumatda bildirilir ki, “Azəristiliktəchizat” ASC ilə bu il iyulun 26-da imzalanan razılaşma protokolunda iyulun 1-i tarixinə təbii qazdan istifadəyə görə “Azəriqaz” İB-yə olan borc qalığı 33 mln. 525 min 480 manat göstərilib:

“Oktyabr ayının 1-nə istifadə edilən qaza görə debitor borc isə 28 mln. 913 min 497 manat təşkil edir. Bu ilin 9 ayı üçün hesablanan borc 21 mln.429 min 129 manatdır. Bu günə qədər borc öhdəlikləri 19,11% yerinə yetirilib”.

Qurum rəsmisi rahatdır, amma…

“Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev Qaynarinfo-ya bu borcun vətəndaşlara problem yaratmayacağını desə də, əvvəlki illərin təcrübəsi göstərir ki, iki qurum arasında yaranan borc qalmaqalı sonda istehlakçıların istiliksiz qalmasına səbəb olur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 №-li Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.1.4. bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə qaz təminatı dayandırıla bilər. Bu, o deməkdir ki, “Azəriqaz” İB istənilən vaxt “Azəristiliktəchizat”ın qazanxanalarına verilən qazı dayandıra bilər.

“Azəristiliktəchizat”ın rəsmi məlumatında göstərilir ki, hazırda Cəmiyyətə məxsus 550 qazanxana istismar edilməklə 3850 yaşayış binası, o cümlədən 180,0 mindən artıq mənzil, 290 məktəb, 150 uşaq bağçası, 160 səhiyyə müəssisəsi və 1600-ə yaxın digər sosial və təsərrüfat obyektlərinin istiliklə təmin edilməsi nəzərdə tutulur. Araşdırmalar göstərir ki, yeni binalardan yalnız bir qismi mərkəzləşmiş özəl qazanxana sisteminə malikdir. Bəzi binalarda isə ümumiyyətlə, daxili istilik sistemi quraşdırılmayıb. Buna görə də payızda fərdi şəkildə kombi sistemi quraşdıran sakinlərin sayı sürətlə artır. Orta seqment kombinin qiyməti kənar qurğu və avadanlıqlarla birlikdə 1100 manatı ötür, çəkilən aylıq xərc isə 60-80 manat arasında dəyişir.

Mərkəzləşmiş sistemdən istilik alanlar isə yalnız mənzildaxili istilik borularını çəkməklə sistemə qoşulmağa hazır olurlar. Aylıq xərcləri isə fərdi kombi sahiblərindən 10-12 dəfə azdır. Müqayisə üçün deyək ki, 80 kvadrat metrlik mənzilin isidilməsi üçün “Azəristiliktəchizat”a ödənilən vəsait aylıq 6 man 30 qəpik təşkil edir.

Prezident və Hesablama Palatası: Rəqəmlər şişirdilib

Bir neçə gün əvvəl ilin 9 ayının iqtisadi yekunlarına həsr olunmuş müşavirədə prezident İlham Əliyev dövlət qurumlarının rəqəmləri şişirtdiyini bildirdi:

“Hər ilin sonunda büdcə müzakirə olunarkən, sifarişlər göndərirlər. Özü də orada şişirdilmiş rəqəmlər öz əksini tapır, havadan götürülmüş rəqəmlər. Onlardan soruşanda ki, misal üçün bənd tikmək, yol çəkmək, kabel çəkmək üçün bu qədər vəsait barədə rəqəmi haradan götürürsən!? Havadan. Sonra araşdırma aparılır, görünür ki, şişirdiblər. Nəyə görə şişirdiblər? Aydın məsələdir nəyə görə. Buna da son qoyulmalıdır. Ona görə Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, – bunu təkcə onların boynuna atmaq olmaz, – hökumət də nəzarətçi kimi şişirdilmiş bütün o rəqəmləri təhlil etsin və real rəqəmləri müəyyənləşdirsinlər. O rəqəmləri verənlər gərək məsuliyyət daşısınlar. Əgər bu dəfə bizim dövlət qurumlarımız, şirkətlərimiz yenə də şişirdilmiş rəqəmlər versələr, artıq özlərini ifşa etmiş olacaqlar. Hökumət əlbəttə ki, onların bütün təkliflərinə baxacaq. Amma onlar əgər şişirdilmiş rəqəmləri versələr, öz cəzalarını alacaqlar. Ona görə zəhmət çəkib normal işləsinlər və pis vərdişlərdən əl çəksinlər. Beləliklə, biz büdcəyə böyük qənaət edər, maaşların, pensiyaların artırılmasına imkan yaradar və şəffaflığı təmin edə bilərik”.

Hesablama Palatasının cəmi iki il əvvəl “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətini əks etdirən audit nəticəsi yuxarıda qeyd edilən fikirlərin bu quruma da şamil olunduğunu deməyə əsas verir. Həmin auditlə ümumilikdə 51202,7 min manat məbləğində vəsait əhatə olunub. Məlum olub ki, Cəmiyyət tərəfindən proqnozların tərtibi zamanı əvvəlki ilin faktiki və cari ilin gözlənilən xərci, mal-material ehtiyatlarının anbar qalıqları müvafiq proqnozlaşdırmalarda nəzərə alınmayıb:

“Cəmiyyətin öz istehsalı olan istilik enerjisinə çəkilən xərclərin artırılması hesabına subsidiya artıq proqnozlaşdırılıb, dövlətin investisiya vəsaitləri hesabına əvəzsiz alınmış əsas vəsaitlərinin amortizasiya ayırmaları, kənardan alınan istilik enerjisinin istehlakçılara çatdırılması ilə bağlı təchizat xərcləri və kənar təşkilatların qazanxanaları üzrə xidmət xərcləri Cəmiyyətin öz istehsalı olan istilik enerjisinin plan maya dəyərinə daxil edilərək zərər artıq proqnozlaşdırılıb. Anbarda qalığı olan malların təkrar alınması nəticəsində zəruri olmayan xərcə vəsait yönəldilərək səmərəsiz xərcə yol verilib, qarşıdakı il və növbəti illər üzrə büdcə vəsaitinə təlabatın müəyyən edilməsi üçün hər bir istehlakçı qrupu və xidmət növü üzrə satılacaq istilik enerjisinin və isti suyun kalkulyasiya obyektləri üzrə məhsul vahidinin (1 m2 yaşayış sahəsi, 1 m3 isidilən həcm və 1 m3 isti su) istehsal və satış maya dəyəri müəyyən edilməyib və Cəmiyyətin əsas fəaliyyəti üzrə zərəri hər bir istehlakçı qrupu və xidmət növü üzrə bölüşdürülməyib.

Dövlət büdcəsindən ayrılan vəsaitdən (subsidiyadan) istifadə zamanı lüzumsuz xərclərə yol verilib, xərclər müvafiq sənədlərlə təsdiqlənmədiyi halda təhtəlhesab şəxslərin hesabından vəsait silinib, nəqliyyat vasitələri və aqreqatlara artıq yanacaq sərf edilib, regional istismar sahələrinin rəislərinə nəqliyyat xərclərinə görə verilən vəsaitin xərclənməsinə dair müvafiq sənədlər mərkəzi mühasibatlığa təqdim edilməyib, kənar təşkilatların qazanxanalarına xidmət xərcləri, istilik elektrik mərkəzlərindən alınan istilik enerjisinin dəyəri və həmin enerjinin istehlakçılara çatdırılmasına görə təchizat xərcləri subsidiya məqsədləri üçün zərərin hesablanmasında istehsal xərclərinin tərkibinə aid edilib”.

Bütün bunlar deməyə əsas verir ki, ölkənin mərkəzləşdirilmiş istilik sisteminə cavabdeh olan qurumun qış aylarında əlində bayraq etdiyi borc məsələsi əslində bəhanədir, səbəb deyil. Görünən odur ki, “Azəristiliktəchizat” marağında olsaydı, o borcu çoxdan ödəyə bilərdi.

Problem bütün qurumlarda var

İqtisadçı ekspert Nazim Bəydəmirlinin sözlərinə görə, əslində ölkədə kommunal xidmət göstərən qurumların hamısında problemlər var:

“Hamı bilir ki, mərkəzləşdirilmiş istilik sistemindən istifadə olunduqda istiliyin maya dəyəri kifayət qədər aşağı düşür. Çoxmənzilli binların mərkəzləşdirilmiş istilik sisteminə qoşulması doğru qərar idi. Düzdür, qazanxanalara və magistral boru xətlərinə kifayət qədər vəsait ayrılıb. Problem ondadır ki, bu qurumların xərcləri üzərində nəzarət yoxdur. Əslində Mənzil Məcəlləsi ilə də müəyyən olunub, mənzil mülkiyyətçiləri istilik sisteminə qoşulub-qoşulmamağı özləri müəyyən etməlidirlər. Yeni binalarda bu, çox asan həll olunub, müqavilə bağlanıb, aldıqlarını birbaşa ödəyirlər. Ancaq köhnə binalarda mərkəzləşdirilmiş istilik sistemlərinə nə sayğac qoymaq, nə də onu individuallaşdırmaq mümkündür. Problem də mövcud mənzil istismar sahəsi (JEK) sisteminin hələ də qalması idi. Müxtəlif problemləri həll etmək üçün mütləq hər hansı bir qurum lazım idi. Amma dediyim kimi, yeni Mənzil Məcəlləsi imkan verir ki, hətta köhnə binalarda da mənzil mülkiyyətçiləri toplaşsınlar və binanın idarə edilməsilə bağlı ictimai qurum yaratsınlar. Həmin qurum vəsaitlərin toplanmasına, təchizata, sahələrin təmiz saxlanmasına, təmirinə nəzarət edə bilər. Bu, ictimai əsaslarla olmalıdır, etimad göstərilən bir şəxs hesabat aparmalıdır. Ona görə də mən hesab edirəm ki, yeni qurumların yaradılmasından daha çox mövcud qanunvericiliyin imkan verdiyi şəraitdə idarəetmənin prinsiplərini daha da təkmilləşdirmək lazımdır. “Azəriqaz”la “Azəristiliktəchizat”ın arasında olan problem süni şişirdilmiş problemdir. Bəzi hallarda “Azəriqaz”ın qaz itkisi ilə bağlı digər qurumun üzərinə yanlış məlumat yükləməsidir, digər hallarda ASC-nin əhalidən vəsaitlərin toplanmaması ilə bağlı süni iddiasıdır. Qurumların adını dəyişdirməklə, birləşdirməklə, daha çox qurum yaratmaqla problem həll olunmur. Daha çox ictimai nəzarət, vətəndaşların özlərinin nəzarətini daha çox stimullaşdırmaqla bu tipli problemlərin öhdəsindən gəlmək mümkündür”.

Qaynarinfo


“Azərbaycan bankları ya “süni intellekt”lə bağlı mütəxəssis tapa bilmir, ya da rəhbərlik səviyyəsində “süni intellekt”i düzgün başa düşmürlər. Yəni, sadəcə, rəhbərlik deyir ki, belə edin və “süni intellekt” mütəxəssislərinə araşdırma aparmağa, düzgün nəticə çıxarmağa imkan yaratmırlar. Ona görə də layihələrin çoxu uğursuzluqla nəticələnir”. 

Bunu “Report”a açıqlamasında DATA mütəxəssisi və risk meneceri Kamil Ələsgərov deyib.

Onun sözlərinə görə, qeyd edilən texnologiyanın tətbiqi bank sahəsində işsizliyə gətirib çıxara bilər: “Yeni sistemlər əvvəlki sistemlərdən fərqli olaraq müştəri məlumatları əsasında analizlər aparır və onun davranışlarını, potensial ödəmə və yaxud borc qaytarma imkanlarını müəyyən edir. Fiziki olaraq bankda mütəxəssislərin bunu etməsi mümkün deyil. Bir çox banklar deyir ki, bu, işsizlik problemi yaratmayacaq. Amma mən əminəm ki, aşağı səviyyəli işlər, yəni daha çox texniki-rutin (təkrarlanan) işlər “süni intellekt”lə əvəz oluna bilər. Dünyada artıq bu baş verir. Amma Azərbaycanla bağlı bunu demək hələ tezdir. Çünki bu, ölkəyə bağlı olan məsələlərdir. Bank sektorunda işləri 3 hissəyə – ön, orta və arxa ofisə bölmək olar. Ön ofisdə çalışan əməkdaşlar birbaşa müştərilərlə təmasdadır. Konservativ hesablamalara əsaslanıb ön ofisdə çalışan işçilərin, təxminən, 50%-ni əvəzləmək olar. Yəni “Süni intellekt”in tətbiqi bankların ön ofisdə işləyən əməkdaşlarının yarısının ixtisarına səbəb ola bilər”, – deyə o qeyd edib.



Dövlət təşkilatlarının tikinti, təmir, abadlıq işlərinin; ehtiyat hissələrinin, avadanlıqların, mebellərin, geyimlərin, dəftərxana ləvazimatlarının, təsərrüfat mallarının, hətta, kondisionerlərin təmir edilməsinin satın alınması üzrə elan etdikləri tender və kotirovka sorğularında çox qalib gələn bir şirkət var:

“İnpeks.N” MMC. Bu şirkət orta hesabla hər gün 1 tenderin qalibi olub.

234 TENDER, 73 MİLYON MANAT

“Marja”nın “Dövlət satınalmalarının vahid elektron portalı”nda apardığı araşdırmaya görə, “İnpeks.N” şirkəti 28.03.2019 – 24.10.2019 dövründə (179 gündə) malların (işlərin və xidmətlərin) satınalınması üzrə 234 müsabiqənin qalibi olub. Şirkət bağladığı müqavilələr üzrə 73 milyon 320 milyon manat gəlir əldə edib.

Qeyd edək ki, 01.01.2019 – 27.03.2019 dövründə dövlət təşkilatları və “İnpeks.N” arasında müqavilələrin bağlanıb bağlanmadığı haqqında “Dövlət satınalmalarının vahid elektron portalı”nda məlumat yerləşdirilməyib.

ƏN BÖYÜK SİFARİŞLƏRİ BAKI ŞƏHƏR İCRA HAKİMİYYƏTİNDƏN ALIR

“İnpeks.N” şirkəti 2019-cu ildə ən böyük müqaviləni Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC ilə bağlayıb. Bakı şəhər ərzazisində səkilərdə, həyətlərdə, park və bağlarda təmir, yenidənqurma və abadlıq işlərinin satınalıınmasını nəzərdə tutan həmin müqavilənin məbləği 16 milyon 19 min manatdır. Həmçinin, MMC “İnpeks.N” ilə Bakı Şəhər ərazisində tikinti və təmir işlərinin aparılmasının satınalınması üzrə 2 milyon 575 min manatlıq müqavilə imzalayıb.

Cari ilin Oktyabr ayının ötən dövründə Bakı Şəhər İcra Hakimiyətinin tabeliyində olan Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq evləri İdarəsi “İnpeks.N” şirkətilə 15 milyon 713 milyon manat məbləğində 10 müqavilə bağlayıb. Müqavilələrə əsasən, İdarənin tabeliyində olan körpələr evi-uşaq bağçaları, uşaq bağçaları və uşaq evlərində cari təmir işləri görüləcək, avadanlıq və yumşaq inventarları alınacaq.

“İnpeks.N” şirkəti Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin (Rayon Mənzil-Kommunal Təsərrüfatı Birlikləri üçün) çoxsaylı tenderlərinin qalibidir.

“İnpeks.N” şirkəti Mədəniyyət Nazirliyinin elan tenderlərin də qalibi olub. Azərbaycan Respublikası Mədəniyyət nazirliyinin əsaslı təmir işlərini 3 milyon 907 min manata “İnpeks.N” şirkəti həyata keçirib.

Mədəniyyət Nazirliyi, ona tabe olan idarələr və kitabxanalar tez-tez “İnpeks.N” şirkətindən maşın və avadanlıqlar, dəftərxana və təsərrüfat malları alır.

Mədəniyyət Nazirliyinə yaxın olan Bakı Xoreoqrafiya Akademiyasının əsaslı təmir işləri üzrə tenderinin də qalibi “İnpeks.N” şirkəti olub və 1 milyon 252 min manatlıq müqavilə bağlayıb.

“İnpeks.N” şirkəti rayon icra hakimiyyətlərinin və mərkəzi xəstəxanalarının elan etdikləri tender və kotirovka sorğularında da tez-tez qalib elan edilir.

BU ŞİRKƏT NƏ İSTƏSƏN ONU TƏŞKİL EDƏ BİLİR

“Dövlət satınalmaları haqqında” qanuna görə, keyfiyyət tələblərinə cavab verən, ən aşağı qiyməti olan və ən sərfəli sayılan təklif qalib gəlmiş sayılır.

Qalib olduğu lotların sayına və adlarına baxdıqda “İnpeks.N” şirkətinin çox bacarıqlı olduğu təəssüratı yaranır. Şirkətin asfalt örtüyünün təmiri işlərindən tutmuş dəftərxana ləvazimatları işlərindək olan sifarişləri ən aşağı qiymətlər ilə həyata keçirməsi maraq doğurur.

Ehtimal ki, “İnpeks.N” şirkəti vasitəçilik də edir, qalib olduğu tenderləri digər şirkətlərdən aldığı mal və xidmətlər ilə təhvil verir.

Dövlət müəssisə və təşkilatları tərəfindən “İnpeks.N” şirkətinin 179 gündə 234 dəfə qalib elan edilməsi vəziyyəti, Azərbaycanın dövlət büdcəsi vəsaitlərinin vəsaitlərinin səmərəli və qənaətlə istifadə olunması, dövlət satınalmaları sahəsində şəffaflığın və rəqabətliliyin daha da artırılması məqsədləri baxımından müzakirə edilə bilər. İstəsələr müvafiq təşkilatlar yoxlamalar da apara bilərlər.



Xəbər verdiyimiz kimi Bakıda məhbusların qaçmasına yardım etdiyinə görə həbs edilən müğənni Fədayə Laçın azadlığa buraxılıb.

Bununla bağlı danışan deputat Aqil Abbas bildirib ki, Fədayə Laçını dünyanın bir nömrəli terrorçusu kimi təqdim etmişdilər:

“Hadisədir. Hər kəs səhv edə bilər. Sevinirəm ki, o, azadlığa çıxdı. Çünki Fədai Laçın çox istedadlıdır. Fədayə Laçının keçmiş əri, bacısı və ailəsi ilə çox yaxınam. Bir qarabağlı kimi çox sevinirəm ki, azadlığa çıxdı.

Təki Allah qatı cinayətkarlardan başqa bütün məhbusların qapısını açsın. İnşallah Fədayə Laçına bundan sonrakı həyatında xoşbəxtlik nəsib olar”.

Big.az



Milli Məclisin deputatı Hadı Rəcəbli yenidən “uşaq pulu”na qarşı çıxan açıqlaması ilə gündəmə gəlib.

Yerli kanallardan birində qonaq olan deputat “uşaq pulu” məsələsinə toxunaraq, bu məsələdə Sovet dövrünü yada salıb və Cindəki təcrübəni nümunə çəkib.

Onun sözlərinə görə, Çində “uşaq pulu” məfhumu yoxdur və çoxuşaqlı, hətta ikiuşaqlı ailələrdən vergi tutulduğunu xatırladıb. Eyni zamanda Azərbaycanı Çinlə müqayisə edərək, həmin sosial müavinətin ölkəmizdə tətbiqinə qarşı çıxıb.

Məsələ ilə bağlı danışan həmkarı Fazil Mustafa Azərbaycanın Çinlə müqayisə olunmasını düzgün hesab etməyib: “Biz eyni zamanda müharibə aparan ölkəyik. Azərbaycanda əhali sayı yetərli deyil. Əhali sayının artımında maraqlı olmalıyıq. Ona görə də uşaqların stimullaşdırılması vacibdir. Ailələrin çoxuşaqlı olması ölkə üçün strateji əhəmiyyət daşıyır. Bunu heç bir bəhanə ilə geriyə ata bilmərik. Bilmirəm, hər halda Hadı müəllimin hansısa bir əsaslanması var. Hər halda öz fikridir. Bunu şərh etməyi doğru saymıram. Amma fikrimcə, əksinə, ailələri stimullaşdırmalıyıq, sayı artırmalıyıq, “uşaq pulu”nu da verməliyik ki, ailələr çoxuşaqlı olsunlar. Artım çox olsun ki, gələcəkdə problemlərimiz daha çox olacaq”.(Cebhe.info)


Şadlıq saraylarında, ictimai iaşə obyektlərində verilən qidaların keyfiyyət məsələsi əhalini narahat edən məsələlərdən biridir. Əvvəlki illərdən fərqli olaraq indi Azərbaycanda əhali restoran və kafelərdə qidalanmağa daha çox üstünlük verir. Nəzərə alsaq ki, əhalinin kütləvi iştirak etdiyi toylarda, yas mərasimlərində bu cür məkanların xidmətlərindən istifadə olunur, o zaman məsələnin aktuallığı bir daha önə çıxır.

Məsələn, bu günlərdə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu cür obyektlərdə əhalinin aldadılması ilə bağlı məlumat yayıb.
 
Agentliyin açıqlamasına görə, əhaliyə xidmət göstərən ictimai iaşə müəssisələrində müştərilərə təqdim edilən balıq və balıq məhsullarının adı, habelə keyfiyyəti ilə bağlı istehlakçıların aldadılması halları aşkar olunur. Monitorinqlər zamanı bir sıra ictimai iaşə müəssisələrində və şadlıq saraylarında əhaliyə nərə balığı adı altında keyfiyyəti və qiyməti aşağı olan, bəzi xüsusiyyətlərinə görə nərə balığına oxşayan naqqa balığının təqdim edildiyi aşkar olunub. Qeyd edək ki, naqqa balığı emal olunduqdan, yəni baş və quyruq hissələri kəsildikdən və təmizləndikdən, həmçinin bişirildikdən sonra nərəkimilərə aid balıqlara xas görünüşü olduğu üçün onları nərə balığından fərqləndirmək bir qədər çətinləşir. Bildirilib ki, naqqa balığının bu xüsusiyyətindən istifadə edən işbazlar istehlakçıları aldatmağa cəhd göstərirlər.
 
Bu problemlərin qarşısını necə almaq olar?
 
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Lent.az -a bildirib ki, naqqa balığı əti təhlükəli qida olmasa da, bu, əhalinin aldadılmasıdır. Onun sözlərinə görə, toy edənlərin istifadə olunan qidanın hansı şəkildə hazırlanmasına nəzarət etməyə ixtiyarı var: “Təəssüf ki, şadlıq sarayları toy sahibini yaxına qoymurlar. Yaxud onlar bu işləri toy sahibi ilə razılaşdıraraq edirlər. Hər bir istehlakçının hüququ var ki, malın mənbəyi, mənşəyi barəsində məlumat əldə etsin. Qida Təhlükəsizliyi Agentliyi ancaq malların təhlükəsizliyinə nəzarət edə bilər. Keyfiyyət məsələsi onların işi deyil. AİB olaraq istərdik ki, onlar keyfiyyətə də nəzarət etsinlər”.
 
AİB sədrinin fikrincə, keyfiyyət məsələlərinə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (bundan sonra – Dövlət Agentliyi) nəzarət etməlidir, lakin həmin qurumun işi də hələ formalaşmayıb.
 
Qeyd edək ki, ötən il aprelin 20-də Prezident İlham Əliyevin sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti əsasında mərkəzi icra hakimiyyəti orqanı olan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (bundan sonra – Dövlət Agentliyi) yaradılıb.
Nazirlər Kabinetində yeni

Nazirlər Kabinetində yeni təyinat olub.

Bu barədə Nazirlər Kabinetinin saytına istinadən xəbər verir.

Məlumata görə, Humanitar və sosial məsələlər şöbəsinin müdiri Mehman Tağıyev təyin olunub.

O, bu vəzifədə Musa Ələkbərovu əvəz edib.

Qeyd edək ki, Nazirlər Kabinetində Aparat rəhbəri, Baş Nazirin köməkçisi, hüquq, kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbələrinin müdiri vəzifələri vakant olaraq qalır.

Nazirlikdən hərbi və xüsusi rütbəli şəxslərin pensiyaları ilə bağlı

Prezident İlham Əliyevin müvafiq sərəncamları əsasında hərbi və xüsusi rütbəli şəxslərin vəzifə və rütbə maaşlarındakı artımlarla əlaqədar “Əmək pensiyaları haqqında” Qanuna əsasən, həmin kateqoriyaya aid pensiyaçıların pensiya məbləğlərinin artırılması işləri artıq başa çatmaq üzrədir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan verilən məlumata görə, DSMF-nun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən elektron sistemin imkanlarından istifadə edilməklə, həmin artımların tətbiqi işləri yaxın günlərdə tam yekunlaşacaq.

Beləliklə, hərbi və xüsusi rütbəli şəxslərin oktyabr ayı üzrə pensiyalarının artıq yeni artımla və əvvəlki sentyabr ayının da artımı əlavə olunmaqla bu ayın sonunadək ödənişi həyata keçiriləcək. 

Bu da həmin kateqoriyadan olan insanların pensiyalarının ödənişinin əvvəlki aylarda olduğu kimi, oktyabr ayında qrafikə uyğun verilməsində gecikmənin olmadığını göstərir.

Belə ki, müəyyən edilmiş qrafik üzrə həmin pensiya ödənişləri ötən dövrdə hər ayın 26-30-u arası təmin edilib.