Son xəbərlər

Vaqif Əsədovdan sürücülərə XƏBƏRDARLIQ“Bakı-Salyan yolunun “Bibiheybət” kimi tanınan ərazisində torpaq sürüşməsi baş verdiyindən təhlükəsizlik təmin edilməsi üçün əsaslı təmir-tikinti işlərinə başlanılıb”.

"Ölkə.Az" xəbər verir ki, bu barədə bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov BAKU.WS-ə bildirib.

Onun sözlərinə görə də, həmin ərazidə avtomobillərin hərəkəti tam məhdudlaşdırılıb:

“Bakı-Salyan yolunun 14-cü km-dən gələnlər 3-cü kənar dairəvi yolla hərəkət etməlidirlər. Bibiheybət qəsəbəsi istiqamətində gələnlər isə Namiq Quliyev küçəsilə hərəkət edə bilərlər. 20-ci sahə dairəsindən Elçin Əzizov küçəsindən keçmək üçün şərait yaradılıb. Bütövlükdə bütün yük maşınlarının mərkəzə doğru hərəkəti tam məhdudlaşdırılıb”.

V.Əsədov deyir ki, istiqamət Bakı Salyan yolunun 14-cü km-dən və yaxud Sədərək dairəsi kimi tanınan ərazidən dəyişdirilir:

Sədərək dairəsi dedikdə nə nəzərdə tutulur?

“Yəni Kömrük İdarəsi istiqamətində gələn nəqliyyat vasitələrinin hərəkəti tənzimlənəcək.
Bununla bağlı müvafiq yol nişanlarının qoyulması, istiqamətlərin göstərilməsi və bu ərazidə xidmət aparılması üçün aidiyyatı üzrə əməkdaşlar ayrılıb, xidmət təsdiq edilib.

Eyni zamanda, mərkəzdən, yəni Bayıl qəsəbəsindən qeyd edilən istiqamətə avtomobillərin hərəkətinin mümkünsüzlüyü nəzərə alınıb. Sürücülərdən xahiş edilir ki, Bayıl qəsəbədaxili, yaxud 20-ci dairə vasitəsilə hərəkətə üstünlük versinlər.

Bakıdan Sədərək və Ələt istiqamətinə gedənlər Ziya Bünyadov, “20 yanvar” və yaxud Mətbuat prospekti, Mikayıl Müşviq dairəsi, Kənar dairəvi yolla hərəkət etsinlər”.

Yol polisindən xəbərdarlıq!

““Yol hərəkəti haqqında” Qanunun tələbinə əsasən hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünməsi üçün onun təmiz saxlanılması təmin edilməlidir”. 

“Qafqazinfo” xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev deyib. 

O, bildirib ki, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən bu vəzifənin yerinə yetirilməməsi avtomobilin istismarı qaydalarının pozulması hesab edilir.

Hazırda qış mövsümü ilə əlaqədar küçə və yollarda çirkli su və ya palçığın yaranma ehtimalının artığını xatırladan R.Quliyev, bu səbəbdən sürücülərın avtomobillərinin, o cümlədən onların dövlət qeydiyyat nişanlarının təmiz saxlanılmasına daha çox diqqət ayırmalarının vacibliyini xüsusilə vurğulayıb: 

Lakin, bəzi sürücülərin havaların yağışlı, çisginli olmasını bəhanə gətirərək avtomobillərinin dövlət qeydiyyat nişanlarını təmiz saxlamadıqlarını, hətta bilərəkdən nişanların üstünü süni şəkildə bir az da çirkləndirdiklərini qeyd edən şöbə rəisi, bu kimi halların yolverilməz olduğunu bildirib. 

Xatırladırıq ki, AR İXM-nin 342.1.7 maddəsinin tələbinə əsasən, hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünməsi üçün onun təmiz saxlanılmamasına görə 40 manat məbləğində cərimə nəzərdə tutulur.

"Vertolyotla Xankəndinə gələndən, burada "erməni diplomatlarının" sərsəmləməsindən canımızı qurtarandan sonra Şuşaya gedirdik. Xankəndi ilə Şuşanı birləşdirən "Ağa körpüsü"nü keçəndə-"Yeddi dolama"ya çatanda hələ uşaq vaxtlarında olduğu kimi yenə ürəyim qalxdı, əlimi ağzıma sıxıb "ceep"in sürücüsünün çiynindən vurub saxlamasına işarə etdim. O da saxladı, yanımdakı iki nəfər düşmədi, qarşıda oturan bələdçi, qolunda iri hərflərlə ingiliscə ATƏT(OSCE) yazılan sarışın belarusiyalı yanıma gəldi, heç nə soruşmadan dumandan görünməz olan uca təpələrə sarı boylandı, tapançasını göstərirmiş kimi hərəkət edib uzaqlaşdı".

"Ölkə.Az" modern.az-a istinadən xəbər verir ki, jurnalist Nazim Sabiroğlu musavat.com-da  dərc etdirdiyini yazısını bu fikirlərlə başlayıb.

Jurnalist daha sonra yazır:

Buralara balaca olanda böyürtkən yığmağa gələrdik, cır və tozlu olardı deyə, evə aparmazdıq, elə yolda yeyib Ağdam-Şuşa avtobus ilə şəhərə qayıdardıq. İllərdir həsrət qaldığım havasını ciyərimə çəkdim- nəfəsim tutuldu, aramsız öskürək başladı. Maşındakılar artıq narahat olmağa başlamışdılar: bələdçi sürücüyə ratsiyanı gətirməyi tapşırdı. Rusca "bir az ləngiyirik, bir nəfərin halı pisləşib" xəbərini verdi və mənə sarı boylandı. Hava sanki dumanlı yox çirkli idi, bu dolamlar, kollar, ağaclar məni yadda saxlaya bilməzdilər, ona görə yad adam kimi baxırdılar, hətta bəlkə ağzımdan gələn təmiz sudan çimçənirdilər də. (Artıq ikinci sutka idi ki, qarşımıza qoyulan düşmən çörəyinə əl belə uzatmamışdıq, ancaq Bakıdan götürdüyümüz suyu içirdik hələ ki...)



Bu yadlıqdan gözüm yaşardı, üzümü dəsmalımla tutub silirmiş kimi maşına yaxınlaşdım, özümü ələ aldım. Yaxşi olduğumu göstərmək üçün lap köhnə kişilər kimi burada illərdir unudulan, şuşalıların adətən, uzaq yola çıxanda dedikləri "Allah, Məhəmməd, Ya Əli!" sözlərini təkrarladım. Sürücü və bələdçi "Ya Allah" eşidən kimi çönüb təəccüblə üzümə baxdılar, yanımdakı iki nəfər-azərbaycanlı jurnalistlər səhərdən ilk dəfə gülümsədilər, ikisi də "hər şey qaydasındadır" dedilər.

Daha ətrafa baxmırdım, gözlərimi yaş torpağa bulaşmış çəkmələrimə dikdim, ayaqlarım mənə çox qəribə görünürdü. Elə bil mənim deyildi, əlimlə ovuşdurub, "məni düşmən qarşısında biabır etmə" deyib sığallamasaydım, uzağa qaçacaqdılar. "Şuşa perevalını" belə keçdik...

Hə, bu da erməni tankı. Doğma bir adamı görürmüş kimi "Albertin vurduğu tank!" deyib sürücüyə saxlamağı xahiş etdim. Bələdçi "burada dayanmaq planda yoxdur" deyib əli ilə irəlini göstərdi. "Şuşanın işğalı günü burada xeyli əsgərimiz şəhid olmuşdu, çoxu hələ də itkindir" deyib yanımdakılara pıçıldadım. "Avtobaza"nın yanında sovet dövründən qalma "Pyannıy voditel pristupnik" şüarının üstünə indi ermənicə nəsə yazmışdılar. Qarşısında iki-üç nəfər dayanmışdı, yəqin ATƏT-in maşını olduğu üçün bizə sarı boylandılar. Əyinləri-başları tör-töküntülü, üzləri tüklü və çəlimsiz ermənilər siqaretlərini sümürüb darvazadan içəri girdilər. Nə biləydilər ki...Şuşaya üst yoldan girdik, telefonlarımızı Bakıda qoyub çıxmışdıq, bel çantamızda fotoaparatdan başqa bir şey də yox idi. "Saat neçədir, əcəba" fikirləşib illərdir qoluma vurmadığım saata baxdım. Atamın saatına... Evdən çıxanda onu taxmışdım. Səfərdən 1 həftə əvvəl Bakıdakı saatsaz donquldana-dolquldana sazlamış, 20 manatımı almış, "bunu neynirsən, modası da keçib gəl sənə..." deyəndə "yadigardı" deyib sözünü ağzında qoyduğumu xatırladım.

...11-ə işləmişdi. Saatlarımız Bakı vaxtilə işləyirdi. İlk dəfə ağlıma gəldi ki, burda saat eyni zamanı göstərirmi? Bələdçidən dəqiqləşdirdim, saatlar Bakı vaxtilə işləyirdi. İdrisin "Tısbağa pavilyonu" dururdu, qarşısında iki-üç maşın dayanmışdı. Yəqin xaşa gəlmişdilər. Şuşada xaşın noyabrda ayrı ləzzəti olur axı. Qəbiristanlıq tərəfə boylandım, bələdçi də bu dəfə ingiliscə "no-no" dedi. Mirzə Həsən qəbiristanlığı...

Doğmalarımızın uyuduğu məzarlıq. Yuxarı tərəfdən də görünür, bir də oradan boylandım. Dumandan heç nə görünmürdü.

Şəhərə girdik- "Qaşqayın dükanı", "Novruzun xəngəlxanası" tərəfdən...Ermənilər yolun sağında indi hotel tikiblər, xariciləri burda qarşılayırlar. Biz də xarici imişik...Taleyə bax!

Hə, burda bizi beş-altı nəfər gözləyirdi. İngilis dilində ATƏT nümayəndəsi ilə danışdılar, nəsə kağız-kuğuza baxdılar, maşının üstündə "təhvil-təslim" sənədlərinə qol çəkdilər. "Novruzun xəngəlxanası" tərəfdən onun səsi gəldi: "Ə, bajıoğlu görünmürsən", dedi sanki. "Novruz dayı, yeməyə nə var", soruşanda ancaq bir menyunu təkrarlayırdı: "Sous, qreçka, gözləsən xəngəl..." Xəngəl indi Şuşa havasında nə gedər, nə gedər... Şuşalılar hətta ən pis günlərində də zarafatlarından qalmazdılar, amma gülmək vaxtı keçmişdi...


7 ay idi siqareti tərgitmişdim, iki gün idi artıq ikinci paçkanı çəkib qurtarırdım. Yeni siqaret paçkasını açmaq bəhanəsiylə maşından düşdüm, bütün nəzərlər üzərimə dikildi. "On?" sualına, "da, tolko on mestnıy" dediklərini aydın eşitdim. Şuşanın soyuğu iliyimə işləyirdi, niyə belə üşüdüm ki? Belimi şax saxlamağa çalışdım, iki gündə arıqlamışdım sanki, yəqin ondan üşüyürdüm. Gəlməyimə ilk dəfə bərk peşman oldum, bu mənim şəhərim, bura mənim vətənim, bura doğmalarımın məzarı olan yer, amma başımın üzərində bir ATƏT, iki-üç rus, dörd erməni...Necə qırılmayasan?

O binadakı üçüncü mərtəbədən baxan qız kimdir? Yoxsa...Orta məktəbdə ürəkdən-ürəyə "üçan" vaxtlarımızda indi durduğum yerdən bir sinif qızını burada çox gözətləmişdim...A...? Balkondakı qız əl edir. Kimə? Yəqin acıq verir bizə...

Gözlərimə bu dəfə qaranlıq çökdü, siqareti hirslə ayağımın altına atıb əzdim, sanki hirsimi bu kötükdən çıxırdım.

Bir mikroavtobus gəldi, Ermənistan nömrəsini yəqin qəsdən sökmüşdülər. Bir maşından düşüb o biri qara şüşəli maşına oturanda yalnız indi bizi salamlamaq yadlarına düşdü. Aralarında cəmi bir erməni qız vardı, beş dəqiqənin içində təqdimat oldu, bizim kimliyimizi soruşmadılar. Erməni qız bərbad rus ləhcəsi ilə "sizin bələdçiniz mən olacam, şuşalıyam" dedi. Həmkarımızın "gəlin Azərbaycan dilində danışaq" təklifinə erməni qız gülümsədi, "ya tolkom ne znayu" dedi.

Hə, Şuşa... Yazıq Şuşam! Avtovağzalı keçib, "Bazarbaşına" gəldik, erməni qızın nə dediyini artıq eşitmirdim, arada hırıldayırdı, əliylə küçələri göstərib danışırdı. Nə danışırdın axı ay yalançı erməni? Mən buraları gəzib dolananda, sumkamı sürütləyib qış-yaz dərsə gedəndə, "Güllü bulvardan" gül oğurlayanda, "Qarabağ" "qəstini"nin liftində aşağı-yuxarı gəzəndə, qızıl balıqları yemləyəndə, yay aylarında küçələrində saatlarla velosiped sürəndə, yıxılıb qolumu qıranda, Daşaltı çayında çiməndə, gəlin maşınlarının qabağını kəsəndə, gəlmə qızların arxasınca gəzəndə, gəlmə oğlanlarla dalaşanda sən hardaydın axı? Kimin qızısan? Dədən kim? Nəslin kim? Burda nə ölümünüz var?



Qara maşın Yuxarı Gövhərağa məscidinin yanında saxladı. Yeni təmir etdiriblər. Ayaqlarım yenə sözümə baxmadı. Bu tin bizim məhəllənin tini hesab oluna bilərdi. Burada hər kəs durmazdı. Öz adamları vardı məscidin qarşısının.

Maşından düşən kimi əlimi tez heç dəyişməyən məscidin qarşısındakı nəhəng daş işıq dirəklərinə qoydum. Heç kim gözümün qaraldığını, ürəyimin az qala partladığını hiss etməsin deyə söykəndim o daşa..."Buradan evimizə 200 metrlik məsafə olar" deyə yanımdakı həmkarıma dedim. O da bir mənə baxdı, bir yola... Yazığı gəldi elə bil. Əlini çiynimə qoyub, "sakit olaq, sonra deməsinlər ki..."

Yolda xeyli erməni vardı, bizə elə baxırdılar ki...Şuşa bazarına sarı çevrildim. Tək-tük adam girib-çıxırdı.

Evimizə sarı yenə boylandım. Bura kimi gəlib evimizə getməyim? Erməni qıza yaxınlaşdım, "bir az aşağıya-Bəzirov küçəsi 10-na gedə bilərik", deyə, soruşdum. Cavabı yenə rusca verdi: "Marşrut təsdiqlənib, ondan kənara çıxa bilmərik".

"Mən burda böyümüşəm, bura mənim vətənimdir, bura..." deyəndə artıq gözlərimdən yaş süzülürdü. Sonucu dəfə anamı itirəndə belə ağlamışdım. Özümü güzgüdəki kimi görürəm o cür ağlayanda. Qəzəb məni boğurdu: "Sizin hamınızın..."

Maaş və pensiyalar yenə artacaq: Daha nələr gözlənilir? - VİDEO“Əgər büdcə ildən-ilə artırsa, bu, dövlətin əhalinin sosial vəziyyəti ilə yaxından maraqlandığını göstərir”
Azvision.az “Həftənin Qonağı” -nın növbəti buraxılışını təqdim edir. Bu dəfə müsahibimiz Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadədir.

Onunla gələn ilin dövlət büdcəsi, iqtisadi sferada aparılan son islahatlarla bağlı önəmli məsələlər ətrafında müzakirələr apardıq, büdcənin Azərbaycan üçün nələr vəd etdiyini öyrənməyə çalışdıq.

Keçmiş deputatın qardaşı ölkədən qaçmağa hazırlaşır - Pullar toplanır

Keçmiş deputat Rafael Cəbrayılovun qardaşı tikinti biznesi ilə məşğul Elşən Cəbrayılov Binəqədidə inşa etdirdiyi mənzilləri dəyər dəyməzinə satır.
Bu barədə Yenisabah.az-a daxil olan məlumatda iddia edilir ki, Elşən Cəbrayılovun niyyəti ölkədən birdəfəlik getməkdir.

Hazırda onun rəhbərlik etdiyi “Dərhal” MMC İstanbulun Bəydüzü adlanan ərazisində hündürmərtəbəli binalar inşa edir.

Məlumata görə, Elşən Cəbrayılovun ölkədən getməsi həm Rafael Cəbrayılovun borc qalmaqalı, həm də rəhbərlik etdiyi MMC-nin vergi borcu ilə bağlıdır.

Xatırladaq ki, Rafael Cəbrayılov bir neçə nəfərdən külli miqdarda borc alıb. O, borcu vəd etdiyi vaxta qaytara bilmədiyi üçün zəmanət kimi III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatının vəsiqəsinin əslini girov qoyub. Bu məsələ ictimailəşəndən sonra Milli Məclisə müraciət edərək mandatdan imtina edib. Hazırda Rafael Cəbrayılov borc aldığı şəxslərdən biri olan Xatirə Nəcəfova ilə məhkəmə çəkişməsindədir. O, borclu olduğu şəxslərə aldığı pulları geri qaytaracğına söz verib.

Keçmiş deputat baş verənlərdə günahkar kimi qardaşı Elşən Cəbrayılovu göstərir. Hətta bu məsələyə görə qardaşı ilə arasında narazılıq var.

Bir müddət əvvəl Rafael Cəbrayılovla borclu olduğu Təranə Fətəliyeva adlı şəxslə telefon danışığının səsyazısı yayılmışdı.

Keçmiş deputat Təranə Fətəliyeva ilə telefon danışığında qardaşına himayədarlıq etməsindən, vergi məsələlərini yoluna qoymasından, lakin sonda qardaşının pulları xaricə daşıyaraq naxələf çıxmasından söhbət açır.

Yeni məlumatlarda bildirilir ki, Elşən Cəbrayılov hətta Rafael Cəbrayılovun villasını da ələ keçirmək istəyir. Yenisabah.az dünən məlumat yaymışdı ki, borclarını qaytarmaq üçün villasını satışa çıxaran keçmiş deputat artıq müştəri tapıb. Məlumatda qeyd edilirdi ki, onun qardaşının dostu da villanı almaq istəyir. Yeri gəlmişkən, villa Elşən Cəbrayılovun həmin dostunun adınadır. Lakin onun təklif etdiyi məğbləğ Rafael Cəbrayılovu qane etmədiyinə görə digər müştəri ilə anlaşıb.

Bu gün əldə etdiyimiz məlumatda deyilir ki, əslində villanı Elşən Cəbrayılovun dostu yox, onun özü almaq istəyir. Rafael Cəbrayılova təklif edilən məbləği də qardaşı müəyyənləşdirib. Keçmiş deputat bununla razılaşmadığına görə Elşən Cəbrayılov villanın dostunun adına olmasından istifadə edərək qardaşı ilə müştəri arasındakı anlaşmanı pozmağa çalışır.
Ekologiya postu söküləcək - VİDEOBakı -Sumqayıt yolunda sürücülərin səbirsizliklə gözlədiyi layihənin icrasına başlanılıb. Burada tıxacı azaltmaq üçün yeni tunellər tikiləcək, yol genişləndiriləcək.

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentiliyinin sözçüsü Anar Nəcəfli deyib ki, yolda tamamilə maneəsiz hərəkət təşkil ediləcək. Zolaqlar dəmir maneələrlə ayrılacaq və sürücülər gedəcəyi istiqaməti əvvəlcədən seçməli olacaqlar.

Yolun üzü paytaxt istiqamətində 2 zolağının genişləndirilməsi nəzərdə tutulur. Bu isə o deməkdir ki, ərazidə olan yol polisinə məxsus ekologiya postunun da yeri dəyişdiriləcək.

Qeyd edək ki, Bakı -Sumqayıt yolunda yaranan tıxacın aradan qaldırılması üçün ölkə başçısı tərəfindən "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin rəhbərliyinə göstəriş verilib.

Prezidentə müraciət edən vətəndaşın bank borcu bağlandımı? (Açıqlama)

Xəbər verdiyimiz kimi noyabrın 19-da Bakı Dəmiryolu Vağzalının qarşısında Prezidentə yaxınlaşan vətəndaş Məmmədova Səmayə İbrahim qızı “Bank of Baku”ya olan borcunun və Qərb Universitetinin tələbəsi olan nəvəsinin təhsil haqqının ödənməsini xahiş edib.

“Məsələ ilə bağlı Bizimyol.info-nun informasiya sorğusuna “Bank of Baku”da Reklam və İctimaiyyətlə Əlaqələr Departamentinin direktoru Gülşən Cumayeva cavab verib.

G.Cumayeva bildirib ki, borclu vətəndaşın dövlət başçısına etdiyi müraciətin nəticəsi bəllidir: “Məsələ müsbət həllini tapıb”.
Bakıda məşhur şadlıq evlərinə manqal qadağası qoyuldu

İctimai-iaşə obyektlərindən havaya yenidən tüstünün, iy-qoxunun yayılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən şadlıq saraylarında və restoranlarda təkrar monitorinqlər keçirilib.

Monitorinqlər zamanı paytaxtın Binəqədi, Nizami, Xətai və Sabunçu rayonlarında fəaliyyət göstərən “Amor”, “Mələk Palace”, “Grace Hall”, “Ayla”, “Monte Karlo”, “Madonna”, “Al saray”, “Səbinə”, “Həyat Hall” və “Piano” şadlıq saraylarında təmizləyici qurğular olmasına baxmayaraq onlara texniki xidmət göstərilməməsi və filtrlərin vaxtaşırı təmizlənməməsi səbəbindən havaya normadan artıq tullantı atıldığı məlum olub. ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, adıçəkilən obyekt sahibləri barəsində protokollar tərtib edilib və obyektlərdəki manqalların istifadəsinin məhdudlaşdırılması üçün qərar çıxarılıb: “Qərarın icrasının təmin olunması məqsədilə sənədlər icra və probasiya şöbələrinə göndərilib”.

ETSN-nin sözçüsü onu da qeyd edib ki, əksər obyekt sahibləri elə hesab edir ki, təmizləyici qurğu quraşdırmaqla iş bitir, qurğuların filtrlərinin vaxtaşırı dəyişdirilməsinə əhəmiyyət verilmir: “Bundan sonra havanı çirkləndirən belə iaşə obyektlərində manqalların istifadəsinə məhdudiyyət qoyulacaq. Araşdırma və monitorinqlər davam etdirilir”.
Hicran Hüseynova görüşə helikopterlə getməyindən danışdı

“Komitənin nə yaxtası var, nə təyyarəsi. Ən aşağı büdcəsi olan komitədir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Ağdama helikopterlə getməsi ilə bağlı yayılan tənqidlərə cavab verərkən deyib.

O qeyd edib ki, həmin zaman maşını xarab olub: “Onun təmirini gözləmək gec idi. Qəbul günü var idi. Hərbçilərə zəng edib xahiş etdim ki, kim ora gedəcəksə məni də aparsın. Mən sərhəd zonasına hərbçilərlə getmişəm. Bu, komfort bir gediş deyildi. 

Əslində təhkükəli gediş idi. Ancaq qısa müddətdə Ağdama çatdım. 30-dan çox qadını qəbul etdim. Elə qadınlar var idi ki, onlara operativ dəstək verdik. Ən vacibi odur ki, mən kefə və kurorta getməmişəm. Mən sərhəd zonasına getmişəm. 12 saat yolu gedib-gəlməkdənsə 5 saatı mən qadınlara sərf etdim”.

“Azərbaycanda icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərmanına əsasən, 1 yanvar 2020-ci ildən ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə başlanılacaq.

Turkustan.info bildirir ki. bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilib.

Qeyd edilib ki, bu məqsədlə gələn ildən icbari tibbi sığorta çərçivəsində fəaliyyət göstərəcək tibb müəssisələrində informasiya-kommunikasiya texnologiyaları (İKT) infrastrukturunun qurulması üzrə işlər aparılır:

“Belə ki, artıq bir sıra region xəstəxanalarında müəssisələrin fəaliyyətinin elektronlaşdırılması məqsədilə müvafiq proqram təminatı yaradılıb və qeydiyyat masaları qurulub. Xəstəxanalara müraciət edən vətəndaşların elektron qaydada qeydiyyatının aparılması zamanı şəxsiyyət vəsiqəsinin qeydiyyatçıya təqdim olunması mütləqdir. Bunun üçün hər bir vətəndaşdan tibb müəssisəsinə gəldikdə şəxsiyyət vəsiqəsinin gətirilməsi xahiş olunur”.

Rəsmi məlumata görə, proqram təminatı vasitəsilə vətəndaşın elektron qaydada qeydiyyatının aparılması pasiyentin müraciət etdiyi şöbələr, ona xidmət göstərən həkimlər, təyin olunan müayinə və müalicə (ambulator, diaqnostik və stasionar) haqqında məlumatların sistemə daxil edilməsinə imkan yaradır. Həmçinin vətəndaşların diaqnozları və laborator analizlərinin nəticələri haqqında məlumatları rahatlıqla əldə etmələrinə xidmət edir.