Son xəbərlər



Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova sosial şəbəkələrdə yaşlı nəslin nümayəndəsi olduğu üçün onun da istefa verməsinin məqsədəuyğun hesab edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Report” xəbər verir ki, E.Süleymanova jurnalistlərə açıqlamasında işdən azad olunması ilə bağlı Prezident İlham Əliyevin rəsmi qərarını gözlədiyini deyib.

“Sosial şəbəkələrdə mənim adımın hallandırılması başqa bir məsələdir. Mən bu barədə danışmaq istəmirəm. Çünki görürəm ki, kimsə səmimi bir söz deyəndə ona don geyindirirlər. Yaşlı şəxslərdən biri bu məsələ ilə bağlı danışanda “rəsmi qərarı gözləyirəm” dedi. Mən bu yanaşmanı və fikri çox bəyəndim. Mən də qısa olaraq deyə bilərəm ki, cənab Prezidentin rəsmi qərarını gözləyirəm”, – E.Süleymanova vurğulayıb.



Növbəti kadr islahatı “Azəriqaz” İstehsalat Birliyində (İB) aparılıb.

Modern.az məlumatına görə, “Azəriqaz” İstehsalat Birliyinin (İB) baş direktoru Əkbər Hacıyev vəzifəsindən azad olunub.

Dövlət Neft Şirkətinin (SOCAR) Prezidenti Rövnəq Abdullayevin digər sərəncamı ilə onun yerinə “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun müavini Ruslan Əliyev gətirilib.

Yeni baş direktor təyinat xəbərini təsdiqləyib. R.Əliyev ona göstərilən etimadı doğruldacağını deyib: “Bəli, məlumat doğrudur. Təbrik edən hər kəsə təşəkkür edirəm. Böyük etimaddır. Bu etimadı doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəm”.

Yeni komitə sədri islahatlara başladı
Komitənin aparat rəhbəri vəzifəsinə Anar Quliyev təyin edilib

 Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə yeni sədr təyin edilmiş Samir Nuriyev Komitədə bir sıra kadr dəyişiklikləri həyata keçirib.

Sputnik Azərbaycan-ın “Report”a istinadən məlumatına görə, Komitənin aparat rəhbəri vəzifəsinə Anar Quliyev təyin edilib. O, indiyə qədər Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) aparat rəhbəri vəzifəsində çalışıb və yeni vəzifəsində Ağamirzə Canmirzəyevi əvəz edib. Komitənin keçmiş aparat rəhbəri isə daha öncə çalışdığı və indiyə qədər vakant olan Texniki normalar və lisenziyaların verilməsi üçün təqdim olunmuş sənədlərlə iş şöbəsinin müdiri vəzifəsinə keçirilib.

Bundan başqa, Komitənin vakant olan Maliyyə və mühasibat uçotu şöbəsinin müdiri vəzifəsinə isə Şahnaz Mustafayeva təyin edilib. O, indiyə qədər MİDA-nın Maliyyə və təminat şöbəsinin müdiri vəzifəsində çalışıb.

Həmçinin Komitənin Şəhərsalma şöbəsinə rəhbərlik edən Anar Bayramov tutduğu vəzifədən azad olunub. Bu vəzifənin icrası onun müavini Fəxri Aydəmirə həvalə olunub.

Xatırladaq ki, S.Nuriyev bundan əvvəl MİDA-nın İdarə Heyətinin sədri olub. Hazırda onun səlahiyyətlərini qurumun sədr müavini Sadiq Sadıqov icra edir.

Yevlaxın yeni icra başçısı kollektivə təqdim olundu

Yevlax Şəhər İcra Hakimiyyətinin yeni başçısı Anar Tağıyev kollektivə təqdim olunub.

İcra başçını kollektivə Prezidentin ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev təqdim edib.

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyevin imzaladığı sərəncamla Qoca Səmədov Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub. Onun yerinə Anar Aqil oğlu Tağıyev təyin edilib.

A.Tağıyev bu təyinatadək Nəsimi rayon icra hakimiyyəti başçısının müavini olub.

Bu gündən ərazi polis orqanlarının və “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən Daxili İşlər Nazirliyinin qeydiyyat məsələləri qurumlarının əməkdaşları tərəfindən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi yaşayış yeri üzrə qeydiyyatdan asılı olmayaraq veriləcək.
 
Oxu.Az-ın məlumatına görə, şəxsiyyət vəsiqələrinin verilməsi sahəsində vətəndaş məmnunluğunun artırılması ilə bağlı tədbirlər planına uyğun olaraq həyata keçirilir.
 
Qeyd edək ki, Prezident İlham Əliyevin fərmanına uyğun olaraq, 2013-cü ilin sentyabr ayından tətbiqinə başlanılmış elektron daşıyıcısı olan ümumvətəndaş pasportları da vətəndaşlarımıza elə həmin ildən etibarən yaşayış yerindən asılı olmayaraq hər bir “ASAN xidmət” mərkəzində və ərazi polis qurumunda verilir.


Siyəzən Rayon İcra Hakimiyyətinin 65 yaşlı başçısı Novruz Novruzov istefa vermək niyyətində deyil”.

“Novruz müəllim niyə istefa verməlidirki?! Onun 65 yaşı var. Heç bir istefadan söhbət gedə bilməz. Novruz müəllim öz işinin başındadır”.

Bu sözləri konkret.az-a açıqlamasında Siyəzən Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiüri Təhminə Bəxtiyarova bildirib. Qeyd edək ki, Novruz Novruzov Prezident İlham Əliyevin 5 aprel 2019-cu il tarixində verdiyi sərəncamla Siyəzən Rayon İcra hakimiyyətinin başçısı təyin edilib. O bundan əvvəl Şabran Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Novroz Novruzovun 65 yaşı var.

Nazirlik sosial yardım almaq istəyənlərə xəbərdalıq etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə yeni rəis təyin edilib.

“Report” xəbər verir ki, bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsi Fuad Heydərova həvalə olunub.

F.Heydərov əvvəllər xidmət rəisinin müavini vəzifəsində işləyib. Bu ilin iyul ayından isə Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edib.

Qeyd edək ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin keçmiş rəisi Elman Cəfərov bu ilin iyul ayından vəzifəsindən azad edilib.

Prezident uşaqlarla bağlı qanunu təsdiq etdi
Prezident İlham Əliyev “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu"nu imzalayıb.
Qanuna əsasən, “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” 2007-ci il oktyabrın 25-də Lansarotedə imzalanmış Avropa Şurasının Konvensiyası Azərbaycan Respublikasının müvafiq bəyanatı ilə təsdiq edilir.


Aksiyada iştirak edəcək KİV nümayəndələri Mətbuat Şurasının təqdim etdiyi jurnalist gödəkçələrindən istifadə etməlidir.

Bunu Azvision.az -a açıqlamasında Bakı Şəhər Baş Polis idarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev deyib.

Onun sözlərinə görə, üzərində “press” yazılmış gödəkçələr jurnalistlərin təhlükəsizliyi və aksiya iştirakçılarından seçilməsi baxımından önəmlidir: “Jurnalist gödəkçələri vasitəsilə mətbuat nümayəndələri aksiya iştirakçılarından fərqlənirlər. Jurnalistlər aksiya iştirakçılarından seçilməlidir. Tövsiyyə olunur ki, mətbuat nümayəndələri aksiya zamanı həmin gödəkçələrdən istifadə etsinlər”.

Qeyd edək ki, özünü Milli Şura adlandıran müxalif təşkilatın noyabrın 2-də Bakıda qanunsuz aksiya keçirəcəyi bildirilir.

Yol polisindən sürücülərə müraciət

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə avtomobil idarə etmək davranışları ilə bağlı xəbərdarlıq edib.

 BDYPİ-dən bildirilib ki, baş verən yol-nəqliyyat hadisələrinin təhlili deməyə əsas verir ki, hələ də sürücülər arasında yorğun, yuxusuz, hətta səhhətində ciddi problemlər olduğunu bildiyi halda sükan arxasına əyləşən şəxslərə rast gəlinir.

Unutmaq olmaz ki, iş və istirahət rejiminə əməl etməyən, 8-10 saat fasiləsiz nəqliyyat vasitəsi idarə etdikdən sonra günün qaranlıq vaxtı və ya məhdudiyyətli görünmə şəraitində yenidən sükan arxasına əyləşən sürücü artıq potensial təhlükə mənbəyidir. Təəssüf ki, bu kimi neqativ faktlar daha çox sərnişin və yük daşıma fəaliyyəti ilə məşğul olan sürücülər arasında müşahidə olunur ki, bu da son nəticədə ağır və bir çox hallarda bərpa olunmayan maddi-mənəvi itkilərə yol açır.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərin diqqətinə çatdırır ki, səfərə çıxmazdan əvvəl ilk növbədə avtomobilinizin texniki vəziyyətinə diqqət yetirin, hərəkət zamanı təhlükəsizlik kəmərini taxın və sərnişinlərin də bu vacib qaydaya əməl etmələrinə nail olun. Yuxusuz, yorğun, əzgin halda sükün arxasına əyləşməyin, səfərə çıxmazdan ən azı bir gün əvvəl alkaqollu içki qəbul etməyin.

Yolboyu ötmə, manevretmə qaydalarına, sürət rejiminə əməl edin, nümunəvi sürücü davranışı nümayiş etdirməklə digər hərəkət iştirakçılarına örnək, intizamsız sürücülərə münasibətdə isə səbrli və təmkinli olun. 
Uzaq məsafə qət edəcəksinizsə, mütləq 3-4 saatlıq fasiləsiz hərəkətdən sonra avtomobilinizi saxlayıb qısa müddətli istirahət edin. Bunun üçün DYP-nin respublika əhəmiyyətli avtomobil yollarında yerləşən stasionar postlarında yaradılmış şəraitdən istifadə edə bilərsiniz.

Hörmətli sürücülər, unutmayın ki, əlinizdəki təkcə sükan deyil, həm də özünüzün, doğmalarınızın və daha neçə-neçə günahsız insanın həyatıdır.