Lənkəran rayonunda 3 il əvvəl baş vermiş oğurluq faktının üstü açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Axar.az-a verilən məlumata görə, Lənkəran Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri zəruri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 2019-cu ilin avqust ayında rayonun Səpnəkəran kəndində yerləşən evlərin birindən 3 min 750 manat pul və 1100 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Səpnəkəran kənd sakini T.Hüseynov olduğu müəyyən edilib.

 

Faktla bağlı Lənkəran Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

25 yanvar 2022-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) inzibati binasında Azərbaycan Respublikası Baş nazirinin müvafiq sərəncamı ilə yaradılmış Azərbaycan Respublikasının mülki müdafiə planının hazırlanması üzrə Komissiyanın birinci iclası keçirilib.

Ardını oxu...

Bir neçə gün öncə sosial şəbəkələrdə bir qrup xarici ölkə vətəndaşının Tovuz rayonu ərazisində, Ceyrançöldə "Bəzgək" ovlamaları ilə bağlı məlumat yayılıb.

Axar.az xəbər verir ki, sözügedən iddia ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova Trend-ə bildirib ki, yayılan görüntülərdən xəbərdardırlar.

 

“Sosial şəbəkədə yayılan foto və video görüntülərdən xəbərdarıq. Məsələ ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticəsinə uyğun olaraq qanunamüvafiq tədbirlər görüləcək, qanun pozucularının cərimələnməsi həyata keçiriləcək”.

Qeyd edək ki, ovda iştirak edən ərəblərdən biri "Binthaninayef" adlı İnstaqram hesabında Azərbaycanda ov edərkən çəkilmiş fotosunu paylaşıb. O, sözügedən fotonun 23 yanvar 2022-ci ildə Azərbaycanda çəkildiyini qeyd edib.

Zəngəzur dəhlizinin mühüm hissəsi olan Horadiz-Ağbənd dəmir yolu xətti layihəsinin birinci mərhələsi üzrə nəzərdə tutulan tikinti işlərinin artıq 70% tamamlanıb.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC (ADY) məlumat yayıb.

Ölkə prezidentinin müvafiq Sərəncamı ilə yaradılmış işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə İşçi Qrupundan verilən məlumata görə,İşğaldan azad edilən Cəbrayıl rayonunun Mahmudlu stansiyasına qədər 23 km-lik məsafədə relslər qoyulub və yolun sazlanması işlərinə başlanılıb.

2021-ci ilin fevral ayında dövlət başçısının təməlini qoydğu Horadiz-Ağbənd dəmir yolu xəttinin ox üzrə uzunluğu 110,4 km təşkil edir. Tikinti işləri 3 mərhələdə həyata keçirilir. Birinci mərhələ Horadiz, Mərcanlı, Mahmudlu stansiyalarını əhatə etməklə 30 km, ikinci mərhələ Soltanlı, Qumlaq stansiyalarını əhatə etməklə 55 km, üçüncü mərhələ isə Mincivan, Bartaz və Ağbənd stansiyalarını əhatə etməklə 25,4 km təşkil edir.

Layihə çərçivəsində 8 stansiya, 3 tunel, 41 körpü, 3 qalereya, 4 yolötürücü və ümumilikdə 300-ə yaxın süni mühəndisi qurğunun tikintisi planlaşdırılır.

 

Birinci mərhələ üzrə artıq torpaq işlərinin 90 faizi yerinə yetirilib, həmçinin 40 suötürücü boru, 9 körpü, 2 heyvan keçidi, 52 ehtiyat keçidi tam tikilib. Yolun 23 km-lik hissəsində üst quruluşu elementləri quraşdırılıb. Bununla da Füzulinin Horadiz stansiyasından Cəbrayılın Mahmudlu stansiyasına qədər işçi qatarların hərəkəti üçün zəruri şərait yaradılıb.

Layihələndirmə və tikinti işləri minatəmizləmə prosesinə paralel həyata keçirilir. Hazırda 60 km-dən çox ərazi minadan təmizlənib. 50 km-lik hissədə layihələndirmə işləri yekunlaşıb.

Keçən ilin dekabr ayından ikinci mərhələ üzrə torpaq işlərinə başlanılıb. Hazırda Mahmudlu stansiyasından Qumlaq stansiyasına qədər olan 30 km-lik ərazidə yolun torpaq yatağının hazırlanması üzrə intensiv işlər aparılmaqdadır.

Layihə üzrə nəzərdə tutulan bütün işlərin 2023-cü ildə tamamlanması planlaşdırılıb.

Gürcüstanın əməkdar mədəniyyət işçisi, tanınmış azərbaycanlı jurnalisti, sair-publisist Nəsib Nəsibov vəfat edib.

Axar.az xəbər verir ki, o, 84 yaşında dünyasını dəyişib.

“Şərəf” ordenli N.Nəsibov Gürcüstanda nəşr olunan azərbaycandilli “Gürcüstan” qəzetinin keçmiş şöbə müdiri olub.

 

N.Nəsibov gürcü şair və yazıçıların bir sıra əsərlərini Azərbaycan dilinə tərcümə edib, “Gürcücə-azərbaycanca lüğət” kitablarının həmmüəllifi olub.

Allah rəhmət etsin!

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Bakı Beynəlxalq Avtovağzal Kompleksinə (BBAK) yeni mətbuat katibi təyin olunub.

Axar.az Report-a istinadən xəbər verir ki, bu vəzifə Samir Səfərova həvalə edilib.

 

O, indiyə qədər Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də çalışıb.

Bu gündən Bakının 45 nömrəli tam orta məktəbi fəaliyyətini distant formada davam etdirəcək.

 

Axar.az Report-a istinadən xəbər verir ki, Gigiyena və Epidemiologiya Mərkəzi COVID-19 infeksiyasına yoluxma və qarşılıqlı təmas halları ilə bağlı 45 nömrəli tam orta məktəbdə əyani tədris prosesinin 14 gün müddətinə distant təhsillə əvəz olunmasına qərar verib.

Bu gün axşam saatlarında (21:51 UTC) Yerdən təxminən 2 milyon km məsafədən 7482 (1994 PC1) asteroidi keçəcək.

Bu barədə Axar.az-a AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Qeyd olunub ki, bu, Yer-Ay məsafəsindən 5 dəfə böyükdür. Diametri 1 km-dən böyük (1067 m) olan asteroid 1994-cü ildə Robert Maknot tərəfindən aşkarlanmışdır. Bu asteroid Amerika Kosmik Agentliyi tərəfindən ölçüsü və Yerə yaxınlaşma məsafəsinə görə potensial təhlükəli asteroidlər kateqoriyasına aid edilmişdir.

 

7482 (1994 PC1) asteroidi cari ildə Yerə yaxınlaşacaq asteroidlərdən ən böyüyüdür. Asteroid Bakı vaxtı ilə 19 yanvar saat 01:51-də yerə ən yaxın nöqtədən keçəcək. Hesablamalara görə, bu, növbəti 200 il üçün asteroidin ən böyük yaxınlaşması olacaq.

Asteroidin Yerə nəzərən sürəti 19.56 km/san təşkil edir və kiçik ölçülü teleskopla 10m ulduz ölçüsündə müşahidə etmək mümkündür.

Qeyd edək ki, Yerə 48 milyon km-dən çox yaxınlaşan obyektlər Yerətrafı obyektlər hesab olunur və həmin obyektlər Yerə hər hansı təhlükə törətmə ehtimalına görə NASA və digər kosmik qurumlar tərəfindən diqqət mərkəzindədir.