Bu ilin soyuq mart ayı daha bir sürprizlə yadda qalıb. Bol qarlı mart bu dövr üçün xarakterik olmayan şaxta ilə də müşayiət olunduğundan Göygölün suyu donaraq buz bağlayıb.

Ardını oxu...

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Novruz bayramı ilə bağlı tətil günlərində Bakıda nəqliyyat intensivliyinin azalmasından istifadə edərək, bu gündən Heydər Əliyev prospekti boyunca üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparır.

Ardını oxu...

Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) azərbaycanlıların Ukraynadan təxliyəsi ilə bağlı məlumat yayıb.

Təşkilatdan Axar.az-a daxil olan məlumatda deyilir:

“Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi Ukraynada davam edən münaqişə fonunda öz vətəndaşlarının təxliyəsini həyata keçirən Azərbaycan hökumətinin səylərinə dəstək verməkdə davam edir. BMqT-nin əməkdaşlarının əlaqələndirilmiş işi və Azərbaycan hökuməti ilə əməkdaşlıq sayəsində müharibə gedən Ukraynadan qaçaraq Polşanın Katovitçe şəhərinə pənah gətirmiş daha 69 Azərbaycan vətəndaşı avtobuslarla Buxarest şəhərinə aparılıb. Həmin şəxslər Buxarestə çatan kimi Azərbaycan rəsmiləri onların Bakıya təxliyəsini təşkil edəcək”.

Qeyd edək ki, bundan əvvəl BMqT-nin dəstəyi ilə Polşadan təxliyə edilmiş 123 nəfər artıq Vətənə çatıb.

“Boinq-737” sərnişin təyyarəsinin qəzaya düşdüyü anın görüntüləri yayılıb.

Axar.az xəbər verir ki, videoda təyyarəyə bənzəyən obyektin sürətlə yerə düşdüyü görünür. Əsas diqqəti cəlb edən isə təyyarənin tam vertikal şəkildə yerə düşməsidir.

Qeyd edək ki, qəza Çinin cənubunda, Quansi-Çjuan muxtar rayonunda baş verib. Göyərtədə 132 nəfər olub. Hazırda onların axtarışları gedir. Qəzadan sonra baş verən meşə yanğını söndürülüb.

Cəlilabad-Yardımlı avtomobil yolunda hərəkət bərpa edilib.

Axar.az Report-a istinadən xəbər verir ki, bu gün səhər saatlarından etibarən qar səbəbindən bağlanan Cəlilabad-Yardımlı yoluna 4 buldozer, 4 qreyder və digər təyinatlı texnikalar cəlb olunub.

Cəlilabad Rayon İcra Hakimiyyətindən bildirilib ki, iki gündür fasiləsiz yağan qar nəticəsində Cəlilabad-Yardımlı avtomobil yolundan istifadə edən 14 yaşayış məntəqəsi ilə əlaqə kəsilmişdi.

Artıq, avtomobil yolu qardan təmizlənib, nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.

Həmçinin işıqsız qalan yaşayış məntəqələrində elektrik enerjisinin verilişi bərpa edilib.

Martın 22-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə və axşam yarımadanın bəzi yerlərində yağıntılı olacağı ehtimalı var. Cənub-şərq küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 1-3° isti, gündüz 5-7° isti olacaq. Bakıda gecə 1-3° isti, gündüz 5-7° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında Arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Arabir duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-10° isti, dağlarda gecə 7-12° şaxta, yüksək dağlıq ərazilərdə 17° şaxta, gündüz 3-7° şaxta olacaq.

Novruz bayramı ilə bağlı hansı kanal xüsusi proqram hazırlayıb?

Kult.az bu barədə kanallarımız arasında sorğu keçirib.

AzTV-nin efirində 19 mart səhər saat 10:30-da “Cin mikrorayonda”, 20 mart 17:00-da “O olmasın, bu olsun” filmi tamaşaçılara təqdim ediləcək. 09:30, 14:30, 22:00-da isə Novruzla bağlı konsert proqramları təqdim olunacaq.

Mədəniyyət TV bayram günlərində konsert proqramlarına üstünlük verib. 19 mart səhər 09:30-da “Xarıbülbül” musiqi festivalı, 23:30-da “Qarabağın səsi” bədii kompozisiyası təqdim ediləcək. 20 mart tarixində isə 17:20-da ”Atları yəhərləyin” filmi nümayiş olunacaq. Axşam 19:30-23:30 radələrində bayramla bağlı konsert proqramı efirə gedəcək.

Speys TV-nin efirində 20-21 martda Şahbulaq qalasında baş tutan “Atları yəhərləyin” adlı xüsusi konsert buraxılışı olacaq.

İctimai TV 20 mart 15:30-da “O olmasın, bu olsun” filmini, 17:00-da “Türk dünyasının Novruz bayramı” adlı konsert proqramını efirə verəcək.

ATV bayram günlərində müxtəlif məzmunlu özəl buraxılışları olacağını vəd edib.

ARB TV-də martın 19-u "Özəl akustik" efirə gedəcək. Tamaşaçılar ARB-də Nərgiz Fondunun təşkilatçılığı ilə "Soyuq əllər, isti ürəklər" konsertini də izləyə biləcəklər. Novruz bayramına xas adətlərin əks olunduğu ənənəvi verlişlər də kanalda yayımlanacaq.

Qeyd edək ki, kanalların heç biri Novruzla bağlı xüsusi səhnəciklər, özəl ssenari əsasında bədii-əyləncəli proqram hazırlayıb-hazırlamadığı sualına cavab verməyib.

“Buta Eyrveys" aviaşirkətinin Bakı-İstanbul (Sabiha Gökçen Hava Limanı) marşrutu üzrə həyata keçiriləcək J2-9103 reysinin uçuşu təyinat məntəqəsində əlverişsiz hava şəraiti ilə əlaqədar gecikir.

Axar.az xəbər verir ki, İstanbul hava limanında güclü qar müşahidə olunur.

Gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin edilirlər.

Son günlərdə bəzi kütləvi informasiya vasitələrində un bazarında qiymət artımı ilə bağlı məlumatlar yayımlanır.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Axar.az-a verilən məlumata görə, dünyada baş verən iqtisadi və siyasi hadisələr nəticəsində qlobal və idxal bazarlarında ərzaqlıq buğdanın qiymət artımı müşahidə olunur.

“Bununla belə, ölkədə bayramqabağı ərzaq məhsullarına tələbatın yüksəlməsi fonunda yerli un və un məhsulları satışı bazarında mövcud vəziyyətdən sui-istifadə hallarının və qiymətlərin əsassız olaraq dəyişilməsinin qarşısının alınması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti mütəmadi monitorinqlər və ciddi nəzarət tədbirləri həyata keçirir. Bu sahədə kartel sövdələşmələri (qiymət razılaşmaları), qiymət manipulyasiyaları və digər antiinhisar qanunvericiliyinə zidd hərəkətlərin əlamətləri aşkar edildiyi təqdirdə təxirəsalınmaz sərt addımlar atılacaq”, - məlumatda bildirilib.

Qeyd edək ki, “Azərbaycanda antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirasalınmaz tədbirlərin gücləndirilməsi haqqında” Nazirlər Kabinetinin Sərəncamından irəli gələrək, Dövlət Xidməti antiinhisar qanunvericiliyinin tələblərinə riayət olunması nöqteyi-nəzərindən ərzaq məhsulları bazarında araşdırmaların aparılmasını prioritet sahələr siyahısına daxil edib. Bu tədbirlər çərçivəsində artıq bir sıra bazar subyektlərinə öz qiymət siyasətinin əsaslandırılması məqsədilə sorğular göndərilərək məlumatların təqdim edilməsi tələb olunub.

Xatırladaq ki, Azərbaycanda ərzaqlıq buğdanın, unun və çörəyin qiyməti tənzimlənən tariflər əsasında deyil, bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq tələb-təklif əsasında formalaşır. Bununla yanaşı, ilin əvvəlində iri un və çörək istehsalçıları unun qiymətinin bahalaşması ilə bağlı vətəndaşlara müraciət ediblər. Onlar, qida təchizatında önəmli rollarını dərk edərək, unun qiymətinin ərzaqlıq buğdanın cari qiyməti ilə uyğunlaşdırılacağı halda, çörək və un məmulatlarının qiymətinin 2022-ci ilin taxılın biçin-tədarük dövrünədək müəyyən olunan səviyyədən yuxarı qalxmaması üçün bütün səylərini səfərbər edəcəklərini bildiriblər.

Dövlət Xidməti bildirir ki, un istehsalçıları unun topdansatış qiymətləri, topdansatış mərkəzləri və məntəqələri, habelə iş vaxtı və əlaqə nömrələrinə dair məlumatları mütəmadi olaraq Dövlət Xidmətinə bəyan edirlər. Dövlət Xidməti isə informasiya əlçatanlığını təmin etmək məqsədilə həmin məlumatları rəsmi internet səhifəsində yerləşdirir. Bu məlumatlar mütəmadi olaraq yenilənir.

İstehlakçılar və sahibkarlar qiymət manipulyasiyası halları ilə rastlaşdıqda Dövlət Xidmətinə müraciət edə bilərlər.

Əlaqə telefonu: (+99412) 599-76-00;

email ünvanı: office@competition.gov.az.