Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planına” uyğun olaraq su itkilərinin və israfçılığın qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir. İçməli sudan qanunsuz istifadə hallarının aşkarlanması və aradan qaldırılması məqsədilə Azərsu ASC tərəfindən yaradılmış xüsusi qrupların araşdırmaları nəticəsində Binəqədi və Nizami rayonlarında içməli sudan uçotsuz və sayğacdankənar xətlərdən istifadə halları aşkarlanıb.

ASC-dən Axar.az-a bildirilib ki, Sulutəpə qəsəbəsi Ruslan Allahverdiyev küçəsində fəaliyyət göstərən bir iaşə obyektinin içməli sudan qanunsuz istifadə etməsi barədə siqnal daxil olan kimi obyektin su təchizatı sisteminə baxış keçirilib. Məlum olub ki, burada fəaliyyət göstərən çörək və şirniyyat sexləri, eləcə də təhsil kursunun yerləşdiyi binanın sahibi yaxınlıqdan keçən su xəttinə qanunsuz qoşulub.

Rayon ərazisində fəaliyyət göstərən bir qarajda da içməli suyun talanmasının qarşısı alınıb. Araşdırmalar zamanı məlum olub ki, burada sudan qanunsuz istifadə edilməsi ilə yanaşı, böyük israfçılıq da var. İstifadədən qayıdan traktor və xüsusi texnikalar burada yuyulub təmizlənir. Obyektin daxilində bir neçə xidmət sahələri də qeyri-qanuni çəkilmiş sudan istifadə edib.

Sulutəpə qəsəbəsində yeni tikilmiş fərdi yaşayış evlərində də sudan qanunsuz istifadə edildiyi aşkarlanıb. Məlum olub ki, vətəndaşlar yaxınlıqdan keçən şəbəkə xətlərinə müxtəlif diametrli borularla qanunsuz qoşulmalar ediblər.

Aşkarlanmış hər bir fakt üzrə zəruri tədbirlər görülüb, özbaşına çəkilmiş xətlər və qoşulmalar ləğv edilib, Sudan İstifadə qaydalarının tələblərinə uyğun olaraq qanunsuz istifadəyə görə dəymiş ziyan hesablanıb.

 

Nizami rayonu Nəsimi küçəsi ev 32 ünvanındakı binanın birinci mərtəbəsində yerləşən obyektdə isə qeyri-qanuni birləşmə ilə şəbəkə suyu “Mono su” adı ilə qablaşdırılaraq satışa çıxarılır. Fakt aşkarlandıqdan sonra obyektin su təchizatı dayandırılıb və qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.

İçməli su şəbəkələrinə qanunsuz qoşulmalar su təchizatı sistemində hidravliki rejimlərin pozulmasına və abonentlərin su təminatının pisləşməsinə, su itkilərin artmasına səbəb olur.

Azərsu ASC vətəndaşları və sahibkarları bir daha bu cür əməllərdən çəkinməyə çağırır və bildirir ki, belə qanunazidd halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş xətlər ləğv olunacaq, belə halları təkrar törədənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunacaq.

Qeyd edək ki, 2022-ci ilin yanvar ayında içməli sudan qanunsuz istifadə ilə bağlı Azərsu ASC üzrə 505 fakt aşkarlanıb ki, bunun da təkcə 181-i, Binəqədi rayonunun payına düşür. Həmin hallar üzrə müvafiq olaraq 124 min kubmetr və 43 min kubmetr həcmində sərfiyyat bərpa olunub. Cari ilin yanvar ayında sudan qanunsuz istifadə ilə bağlı 9 fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.

Bakıda 3 məktəbli qıza seksual hərəkətlər edən taksi sürücüsü saxlanılıb.

Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan müraciət əsasında apardıqları araşdırmalarla “KİA” markalı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olan Şağan qəsəbə sakini E.Camalovun 2021-ci ilin fevral ayından cari il fevral ayının 11-dək olan müddətdə avtomobilində sərnişin kimi apardığı həmyerliləri olan 3 məktəbli qıza qarşı seksual xarakterli hərəkətlər etməsinə əsaslı şübhələr müəyyən edilib.

 

E.Camalov polis əməkdaşları tərəfindən saxlanılılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 150-ci maddəsi ilə (Seksual xarakterli zorakılıq hərəkətləri) cinayət işi başlanılılıb.

Zəruri istintaq-əməliyyat tədbirləri aparılır.

Mədəniyyət naziri Anar Kərimov Şəmkirdə mədəniyyət müəssisələrinə baxış keçirib.

Axar.az xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov Tvitter hesabında yazıb.

 

“Şəmkirə səfərimiz çərçivəsində mədəniyyət müəssisələrimizi ziyarət etdik, vəziyyətlərinə baxış keçirərək, müəssisələrin rəhbər və işçiləri ilə görüşdük, Nazirliyin yeni baxışını və gələcək planları müzakirə etdik”, - nazir qeyd edib.

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi və bu sahə üzrə aidiyyəti rayon prokurorlarının köməkçiləri tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə Balakən və Qəbələ rayonlarının ərazilərində yerləşən qum-çınqıl yataqlarında yerin təkinin qorunması və istifadə edilməsi qaydalarının pozulması ilə qanunsuz hasilatın aparılması barədə məlumatlar yoxlanılıb.

Bu barədə Axar.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Mütəxəssislərin iştirakı və xüsusi texniki vasitələrin köməyi ilə ərazilərə baxış keçirilib, ölçülər götürülüb, hesablamalar aparılıb, müvafiq dövlət qurumlarının reyestrlərində olan məlumatlar təhlil edilib, aidiyyəti şəxslərin izahatları alınıb və müvafiq dövlət qurumlarına verilən sorğulara cavablar toplanılıb.

 

Müəyyən edilib ki, Balakən Kərpic İstehsalı Müəssisəsi MMC və Redstone MMC-nin vəzifəli şəxsləri 1 milyon 137 min manat, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Əsgər Əsgərov tərəfindən Balakən rayonu ərazisində 774 min manat, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Nizami Abdullayev tərəfindən isə Qəbələ rayonu ərazisində 71 min manat dəyərində qanunsuz qum-çınqıl hasilatı aparılıb.

Qeyd olunan faktlar üzrə Cinayət Məcəlləsinin 188.1 (Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 255.1 (Yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) və 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə 3 cinayət işi başlanılaraq istintaq olunması üçün Baş Prokurorluğun İstintaq idarəsinə göndərilib.

Bakı metropoliteninin sabiq rəisi Tağı Əhmədovun vəziyyəti yenidən pisləşib.

Axar.az Yenisabah.az-a istinadən xəbər verir ki, yüksək qan təzyiqindən, şəkərdən və digər xəstəliklərdən əziyyət çəkən keçmiş rəis hazırda ciddi həkim nəzarətindədir.

Tağı Əhmədovun ayaqlarının tutulduğu, hərəkət imkanınının məhdudlaşdığı bildirilir. Qohumlarından birinin dediyinə görə, sabiq məmur ötən gün “Ömür” klinikasında müayinədən keçib.

 

Klinikaya əlil arabasında gələn Əhmədovu bir neçə yaxın qohumu müşaiyət edib.

T.Əhmədovun müayinədən sonra evinə getdiyi və özünü ətrafdan tamamilə təcrid etdiyi bildirilir.

Qeyd edək ki, sözügedən klinika T. Əhmədovun özünə məxsusdur.

Xəbər verdiyimiz kimi, Azərbaycanda artıq nəzirləri onlayn vermək mümkün olacaq. Milli Məclisin yaz sessiyasında "Dini etiqad azadlığı haqqında" qanuna dəyişiklik edilməsi nəzərdə tutulub. Bəzi vətəndaşlar onlayn nəzir verməyin daha etibarlı olduğunu desələr də, bəziləri nəzir qutusundan istifadə etməyə üstünlük verir. Millət vəkili Fazil Mustafa isə islamda nəzir qutusu anlayışının olmadığını bildirib. Bu məsələ sosial şəbəkələrdə müzakirəyə səbəb olub.

Bu barədə Axar.az-a açıqlama verən ilahiyyatçı Ağa Hacıbəyli qeyd edib ki, islam dinində nəzir anlayışı var.

“Quranda bunun dəlili mövcuddur. Hər hansı diləyin muradı var. Məsələn, bir insan xəstəliyə düçar olub və sağalmaq istəyir. İnsan duasının gerçəkləşməsi üçün özünü mükəlləf edir. Qurban kəsməyə niyyətlənir, muradına çatandan sonra qurbanını kəsib paylayır. Bu nəzirdir”, - ilahiyyatçı bildirib.

 

O qeyd edib ki, hər məscidin nəzdində nəzir qutuları əvəzinə maarif mərkəzinin açılması daha məqsədəuyğundur:

“Burada maddi imkanı olmayanların övladları oxusun. Müəllimlərə bu mərkəz tərəfindən yardım olunsun. Bu günəcən nəzir qutuları barədə şəffaflıq yox idi. Bu səbəbdən dövlətimiz bu məsələnin üzərinə ciddi gedir. Onlayn şəkildə nəzir vermək olar. Burada niyyət önəmlidir. Vətəndaş bilməlidir ki, onun verdiyi pul hansı xeyriyyə fondu vasitəsilə qazimizin yarasına dərman olacaq. Onlayn sistemə keçdikdən sonra vətəndaşlara nəzirin hara xərclənməsi barəsində qaranlıq heç nə qalmayacaq”.