![]() |
![]() |
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun bölmələrinə qarşı mümkün təxribatlara dərhal adekvat cavabın verilməsi ilə bağlı tapşırıqlar verib.
Axar.az-ın xəbərinə görə, o, bu barədə Müdafiə Nazirliyində keçirilən xidməti müşavirədə bildirib.
Azərbaycan-Ermənistan dövlət sərhədində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində vəziyyəti təhlil edən müdafiə naziri bölmələrimizə qarşı mümkün təxribatlara dərhal adekvat cavabın verilməsi, bunun üçün döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılması, eləcə də bölmələrin və idarəetmə məntəqələrinin praktiki məşq etdirilməsi ilə bağlı tapşırıqlar verib.
Prezident İlham Əliyevin yeni sərəncamı əmək pensiyasına qulluq stajına görə əlavələr alan pensiyaçılara (hərbi qulluqçular, hüquq-mühafizə orqanları əməkdaşları, dövlət qulluqçuları və b.) xüsusi qayğının növbəti təzahürü olmaqla onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində daha bir addımdır.
Bu barədə Axar.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, sərəncamla nazirlik 2022-ci il yanvarın 1-dək pensiya təyin edilmiş qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına 2022-ci ildə aylıq pensiya məbləğlərinin (qulluq stajına görə əlavələr də nəzərə alınmaqla) 10 faizi məbləğində aylıq maddi yardım ödəyəcək.
Maddi yardım 2022-ci ilin 1 yanvarından hesablanmaqla hər ay onların pensiyasının məbləği ilə birgə ödənəcək. Yanvar və fevral ayları üzrə maddi yardımlar onlara mart ayının pensiyası ilə birgə veriləcək.
Qeyd olunan maddi yardım vəfat etmiş hərbi və xüsusi rütbəli şəxslərin, dövlət qulluqçularının, məhkəmə hakimlərinin və s. qulluq stajına gorə əlavə almaq hüququ olmuş şəxslərin ailə başçısını itirməyə görə pensiya alan ailə üzvlərinə də şamil edilir.
Sərəncama əsasən, Nazirlər Kabineti qeyd olunan maddi yardımın 2023-cü il yanvarın 1-dən həmin pensiyaçıların pensiyalarının tərkibinə daxil edilməsinə dair təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək.
Qulluq stajına görə əlavələr alan pensiyaçılara bu il üzrə pensiyalarının 10 faizi məbləğində maddi yardım verilməsi üçün dövlət büdcəsindən illik 86 milyon manat əlavə vəsait ayrılacaq. Bu maddi yardım müvafiq kateqoriyadan olan 100 min pensiyaçını əhatə edir.
Sərəncam bu ilin əvvəlindən ölkədə reallaşdırılan yeni sosial islahatların davamı olmaqla pensiyaların artırılmasında daha bir irəliləyişi təmin edir.
Cari ilin əvvəlindən sosial ödənişlər növbəti dəfə artırılmaqla, minimum pensiya da 20 faiz artımla 200 manatdan 240 manata çatdırılıb. Habelə pensiyalar orta aylıq əməkhaqqı artımına uyğun indeksləşdirilərək artırılıb və pensiyaçılara bu il üzrə maddi yardım (200 manat) ayrılıb.
Ümumilikdə 2022-ci il üzrə əmək haqqı, pensiya və digər sosial ödənişlərin artımını nəzərdə tutan islahatlar paketi 3,4 milyon şəxsi əhatə edir. Bu artımlar üçün ayrılan illik əlavə vəsait 2,1 mlrd. manat təşkil edir.
Təhsil Nazirliyi yanında İctimai Şura 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə ictimaiyyətə müraciət edib.
Axar.az xəbər verir ki, müraciətdə məktəblərdə şagird və valideynlərdən hər hansı bir vəsaitin toplanmasının yolverilməz olduğu qeyd edilir.
Bildirilir ki, bayramla bağlı xoşagəlməz halların qarşısını almaq üçün bu prosesə cəmiyyət olaraq hər kəs nəzarət etməlidir:
"Belə hallarla qarşılaşanlar tnictimaishura@gmail.com elektron poçt ünvanına müraciət edə bilərlər. Unutmayaq ki, müəllimə hörmət valideynin öz övladının təlim-tərbiyə prosesinə həssas yanaşması, bu prosesdə onu hərtərəfli dəstəkləməsidir".
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 3 mart 2022-ci il tarixli, 69 nömrəli Qərarına əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2022-ci il 7 mart iş günü ilə 5 mart istirahət gününün yerləri dəyişdirilib.
Sahil-S İnşaat Mənzil Tikinti Kooperativinin vəzifəli şəxsləri barəsində başlanmış cinayət işinin istintaqı davam etdirilir.
Bu barədə Axar.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Sahil-S İnşaat Mənzil Tikinti Kooperativinin sədri Alaverdiyev Taley Şamil oğlunun digərləri ilə əlbir olaraq MTK-nın paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “A-B” massivində inşa etdiyi yaşayış binasında eyni mənzili bir neçə şəxsə satmalarına dair vətəndaşlardan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciətlər əsasında Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə zərər çəkmiş şəxslərin dindirilməsi, cinayəti törətmiş bütün təqsirkar şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində intensiv istintaq hərəkətlərinin həyata keçirilməsi davam etdirilir.
Azərbaycan Respublikasının Baş Prokurorluğu Sahil-S İnşaat MTK-nın vəzifəli şəxslərinin qanunsuz əməlləri nəticəsində zərər çəkmiş şəxslərə müraciət edərək, 961 nömrəli Çağrı Mərkəzi, 161 nömrəli “Qaynar xətt” əlaqə mərkəzi, o cümlədən Baş Prokurorluğun sosial şəbəkələrdəki səhifələri vasitəsilə dərhal məlumat verilməsini xahiş edir.