Rusiyadan ölkəmizə qayıtmaq istəyən həmvətənlərimiz təyyarə biletlərinin bahalaşması səbəbindən problem yaşayırlar. Azərbaycanda quru sərhədlərinin bağlı olması vəziyyəti daha da çətinləşdirir. Pandemiya ilə bağlı bir çox qadağaların götürüldüyü bir vaxtda Nazirlər Kabineti quru sərhədləri ilə bağlı qərarını niyə dəyişmir?

Bununla bağlı Axar.az-a açıqlama verən millət vəkili Zahid Oruc deyib ki, quru sərhədlərinin bağlı olması ilə əlaqədar Milli Məclisə, o cümlədən mənə çoxlu müraciətlər gəlir.

O qeyd edib ki, bu məsələ parlamentin mart ayında keçirilən iclasında da səsləndirilib:

“Baş nazir vurğuladı ki, bu məsələ Operativ Qərargahın, eyni zamanda hökumətin diqqət mərkəzindədir. Lakin açıq danışsaq, problemin görünməyən hissəsi ətrafında tam məlumatlar ictimailəşmədi. Dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir vətəndaşın hüquq və mənafelərinə diqqətlə yanaşmalı, qayğı göstərməliyik. Pandemiya elə arzuolunmaz vəziyyət yaratdı ki, ən qabaqcıl dünya ölkələri belə ekstremal addımlar ata bilmədilər. Hər kəs başa düşməlidir ki, Azərbaycan dövləti bütün bu çağırışların fərqindədir. Operativ Qərargah tərəfindən bu məsələ geniş təhlil edilir. İnanırıq ki, quru sərhədlərinin açılması ilə bağlı cəmiyyəti qane edən bir qərar veriləcək”.

Birinci vitse-prezident Mehriban Əliyeva azərbaycanlılara qarşı törədilmiş soyqırımı ilə bağlı İnstaqram səhifəsində paylaşım edib.

Axar.az paylaşımı təqdim edir:

"Azərbaycan xalqı günahsız soydaşlarımızın qətlə yetirildiyi faciələri heç zaman unutmayacaq! Biz o dəhşətli hadisələr haqqında həqiqətləri təhrif olunma cəhdlərindən hər zaman qoruyacağıq. 1918-ci ilin mart ayında azərbaycanlılara qarşı törədilmiş soyqırımı qurbanlarının nurlu xatirəsini ehtiramla yad edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin".

Mənzil İnşaatı Dövlət Agentliyinin satışa çıxartdığı “Güzəştli mənzil”lərin kiber-cinayətkarlıqla alınmasına dair Daxili İşlər Nazirliyinə heç bir müraciət daxil olmayıb.

Bu sözləri Axar.az açıqlamasında DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib.

Aprel ayında Azərbaycanda havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı ehtimalı var.

Birinci ongünlüyün birinci yarısında ölkə ərazisində hava şəraitinin sabit, mülayim keçəcəyi, temperaturların tədricən yüksələcəyi gözlənilir.

Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 11-14° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 8-13° isti, gündüzlər 13-18° isti, bəzi günlərdə 23-28° isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı gözlənilir (norma 23-33 mm) .

Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 12-16° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 8-13° isti, bəzi günlərdə 3°-dək şaxta, gündüzlər 15-20° isti, bəzi günlərdə 25-30° isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı gözlənilir (norma 34-59 mm).

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 6-10° isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 5-10° isti, bəzi günlərdə 0-3° şaxta, gündüzlər 10-15° isti, bəzi günlərdə 18-23° isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı gözlənilir (norma 54-83 mm).

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın orta aylıq temperaturunun 12-15° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 7-12° isti, gündüzlər 14-19° isti, bəzi günlərdə 22-27° isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı gözlənilir (norma 31-54 mm). Bəzi günlərdə yağıntıların intensivləşəcəyi ehtimalı var.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 10-13° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 6-11° isti, bəzi günlərdə 5°-dək şaxta, gündüzlər 11-16° isti, bəzi günlərdə 20-25° isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı gözlənilir (norma 29-126 mm). Bəzi günlərdə yağıntıların intensivləşəcəyi ehtimalı var.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 13-16° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu gecə 7-12° isti, gündüzlər 14-19° isti, bəzi günlərdə 25-30° isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı gözlənilir (norma 30-49 mm). Bəzi günlərdə yağıntıların intensivləşəcəyi ehtimalı var.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın orta aylıq temperaturunun 10-14° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 7-12° isti, gündüzlər 13-18° isti, bəzi günlərdə 22-27° isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı gözlənilir (norma 41-72 mm). Bəzi günlərdə yağıntıların intensivləşəcəyi ehtimalı var.

Martın 28-də Günəşdə baş verən Tac kütlə atılmasının geoeffektivliyi (CME - Coronal Mass Ejection) səbəbindən 30 mart-1 aprel tarixlərində Yerin geomaqnit sahəsində kifayət qədər güclü həyəcanlanma baş verəcək.

Axar.az xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.

Qeyd olunub ki, bunun nəticəsində göstərilən tarixlərdə maqnit qasırğası gözlənilir. Martın 29-da Günəşin səthində çoxsaylı M və C siniflərindən olan alışmalar baş verib. Baş verən alışmalar da maqnit qasırğasının güclənməsinə səbəb olacaq.

Hazırda Günəş küləyi parametrləri tac dəliklərindən çıxan yüksək sürətli axınların (CH HSS - Coronal Hole High Speed Stream) təsiri və martın 25-də baş vermiş Tac kütlə atılması nəticəsində güclü səviyyədə qalmaqdadır. Martın 30-u səhər saatlarında geomaqnit sahə sakit olub. Martın 28-də baş vermiş Tac kütlə atılması və fəal yüksək sürətli axınların təsiri nəticəsində martın 30-da günün sonunda sakit şərait G1 səviyyəli (zəif-mülayim) maqnit qasırğası ilə müşayiət olunan həyəcanlanmış şəraitlə əvəzlənəcək. Martın 31-də günün əvvəlində maqnit qasırğası G3 və bəzi saatlarda isə G4 səviyyəsinə yüksələcək. Tac kütlə atılmasının təsiri aprelin 1-də azalacağından geomaqnit şərait G2 səviyyəli maqnit qasırğası ilə əvəzlənəcək.

Qeyd edək ki, maqnit qasırğalı kosmik hava şəraiti ilk növbədə xüsusi risk qrupuna daxil olan insanlara təsir edir. Ürək-qan damar və digər xroniki xəstəlikləri olan insanlar, qismən də ahıllar və azyaşlılar daha çox diskomfort hiss edirlər. Belə hallar adətən impulsiv baş ağrıları, halsızlığın artması şəklində özünü göstərir.

Neftçala şəhəri və rayonun kəndlərinin içməli su təminatı layihələrinin icrası və 2022-ci ildə görüləcək işlərlə bağlı təqdimat keçirilib.

Azərsu ASC-dən Axar.az-a verilən məlumata görə, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Neftçala rayonunun yaşayış məntəqələrinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə magistral su kəmərinin tikildiyini və artıq 14 yaşayış məntəqəsinin içməli su probleminin həll edilidiyini diqqətə çatdırıb.

Azərsu ASC-nin sədr müavini Etibar Məmmədov bildirib ki, Prezident İlham Əliyevin təsdiqlədiyi “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı” çərçivəsində Şirvan-Muğan qrup su kəmərindən Neftçala şəhərinə 40 km uzunluğunda magistral kəmərinin və Salyan şəhəri yaxınlığında həcmi 7500 kubmetr olan su anbarının inşası başa çatdırılıb, 2020-ci ilin noyabr ayında Neftçala şəhərinə, 2021-ci ildə isə magistral kəmərə və şəhərə yaxın ərazidə yerləşən kəndlərin bir qisminə suyun verilməsi təmin edilib. Bununla paralel olaraq Neftçala şəhərində içməli su təchizatı sistemlərinin yenidən qurulmasına başlanılıb. Mərhələlərlə icra olunan layihə 2022-ci ildə də davam etdiriləcək və cari ildə şəhərdaxili su şəbəkəsinin tikintisi başa çatdırılacaq və bəzi kəndlərə suyun verilməsi təmin olunacaq.

Azərsu ASC-nin Planlaşdırma və layihələndirmə departamentinin rəis müavini Ceyhun Məmmədov Neftçala rayonunun yaşayış məntəqələrinin içməli su təminatı layihəsi barədə geniş təqdimatla çıxış edib. Dövlət İnvestisiya Proqramına uyğun olaraq 2022-ci ildə Neftçala şəhərində 100 km içməli su xətti çəkiləcək, hər bir evə birləşmə verilərək sayğaclar quraşdırılacaq. Bununla yanaşı 13 km uzunluğunda tullantı su xətlərinin və 1 ədəd yeni kanalizasiya nasos stansiyasının inşası nəzərdə tutulur. Yeni kanalizasiya nasos stansiyasının istismara verilməsi ilə istismar müddətini başa vurmuş və tez-tez qəzaların baş verdiyi 9 nasos stansiyasının fəaliyyəti dayandırılacaq. Layihənin növbəti mərhələsində şəhərdə kanalizasiya şəbəkəsinin qurulması və formalaşan tullantı suların təmizlənib-zərəsizləşdirilməsi məqsədilə tullantı suəmizləyici qurğunun tikintisi həyata keçriləcək.

Neftçala rayonunun kənd və qəsəbələrinin su təminatı məqsədilə də layihə hazırlanıb. Bu məqsədlə kəndlərin bir qisminə mövcud magistraldan, bir qisminə Salyan şəhərinin şəbəkəsindən, bir qisminə isə Şirvan-Muğan qrup su kəmərinin Şorsulu ərazisindən keçən hissəsindən suyun verilməsi layihələndirilib. Daha uzaq məsafədə yerləşən bəzi kəndlər üçün lokal həll planı işlənib və həmin kəndlərdə əks-osmos tipli sutəmizləyici qurğuların quraşdırılması layihələndirilib. Təqdimatdan sonra layihə ətrafında geniş fikir mübadiləsi aparılıb, rayon rəhbərliyinin təklifləri dinləndilib. Təkliflər nəzərə alınmaqla yekun sənəd hazırlanaraq hökumətə təqdim ediləcək.

Qaxda keçmiş bələdiyyə sədri zəhərlənərək ölüb.

Axar.az Report-a istinadən xəbər verir ki, Qax rayonunun Qum kənd sakini, 44 yaşlı Fərid Həşimov ötən gün zəhərlənmə əlamətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Həkimlər xəstəni müayinə edib və vəziyyətini nəzərə alaraq onu, Bakı şəhərindəki xəstəxanalardan birinə göndəriblər. Bu gün isə Fərid Həşimov aparıldıgı xəstəxadada həkimlərin səyinə baxmayaraq dünyasını dəyişib. İlkin məlumata görə, onun dərmandan zəhərləndiyi bildirilir.

Qeyd edək ki, Fərid Həşimov uzun müddət Qax rayonunun Qum kənd bələdiyyəsinin sədri vəzifəsində calışıb.

Faktla bağlı araşdırma aparılır.

Azərbaycan əti ən çox Gürcüstan, Ukrayna, Hindistan, kiçik bir hissəsini isə Rusiyadan idxal edir. Ölkəmizin ət idxalına ehtiyacı var. Çünki daxili qiymətlərin tənzimlənməsində ixrac olunan məhsulun rolu var.

Bu barədə Axar.az-a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib.

“Hindistan və Ukraynadan ölkəmizə gətirilən ət daha çox dövlət ehtiyaclarının ödənilməsində mühüm rol oynayırdı. İndi müharibəyə görə Ukraynadan ölkəmizə ət gətirilmir. Bu səbəbdən müəyyən çətinliklər yaranıb. Ona görə də hazırda Azərbaycanın özündən ət ixracı qadağan olunub”, - N.Cəfərli bildirib.

İqtisadçı Türkiyənin Avropaya ət ixracını dayandırdığını, amma Azərbaycanın bu siyahıya daxil edilməməsinə də münasibət bildirib:

“Türkiyədən biz ət yox, ət məhsulları - kolbasa, sosis və digər məhsullar alırıq”.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi Novruz bayramı ilə əlaqədar müəyyən edilmiş qeyri-iş günlərində ölkənin müxtəlif bölgələrinə səfər edən əhalinin daimi yaşayış yerlərinə qayıtması ilə bağlı müraciət yayıb.

Axar.az müraciətin mətnini təqdim edir:

"Novruz bayramı ilə əlaqədar müəyyən edilmiş qeyri-iş günlərində ölkənin müxtəlif bölgələrinə səfər etmiş əhalinin daimi yaşayış yerlərinə qayıtması avtomobil yollarında nəqliyyat vasitələrinin sıxlığının və hərəkət intensivliyinin əhəmiyyətli dərəcədə artırmasına səbəb olmuş, bu, eləcə də son günlər havaların qeyri-sabit keçməsi isə yollarda qəza ehtimalının yüksəlməsinə təsirsiz ötüşməyib.

Tətil günlərinin yol qəzası nəticəsində yaranan arzuolunmaz hadisələr fonunda bitməməsi üçün DİN-in Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edərək onlardan təhlükəsizlik qaydalarına əməl etməyi, yorğun, yuxusuz və ya sərxoş vəziyyətdə nəqliyyat vasitəsi idarə etməkdən çəkinməyi və belə hallara yol verən sürücülərə qarşı biganə qalmamağı xahiş edir.

Xüsusilə sürücülərə xitab edərək onları yola çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki sazlığına diqqət yetirməyə, yol və hava şəraitini düzgün qiymətləndirməyə, yolboyu ötmə və manevretmə qaydalarına, sürət rejiminə ciddi əməl etməyə, nümunəvi davranışla digər hərəkət iştirakçılarına örnək, intizamsız sürücülərə qarşı isə səbrli və təmkinli olmağa çağırırıq. Uzaq məsafə qət edən sürücü və sərnişinlər qısa müddətli istirahət üçün DYP-nin respublika əhəmiyyətli avtomobil yollarında yerləşən stasionar postlarında yaradılan şəraitdən istifadə edə bilər".