![]() |
![]() |
Türkiyədə yaşayan güney azərbaycanlı siyasi fəal Kərim Əsgəri yeni doğulmuş oğlunun sənədlərini düzəltdirə bilmir. Cebhe.info xəbər verir ki o, bu barədə özünün facebook səhifəsində yazıb:
“Təxminən 47 gün əvvəl bir övladımız doğuldu. Ailədə 3 nəfər olduq. Həyat yoldaşım Azərbaycan Respublikasının vətəndaşıdır. Bu günədək oğlum Təbrizə doğum haqqında şəhadətnamə, pasport ala bilmirik. Yoldaşımın bacısına etibarnamə versək də, sənədi almaq mümkün olmur. Azərbaycan Konstitusiyasının 52-ci maddəsinə əsasən, bu sənədlər verilməlidir. Hər gün Ankarada Azərbaycanın Türkiyədəki səfirliyinə, konsulluğa, ”ASAN xidmət”ə müraciət edirik. Lakin sənədimiz düzəlmir”.
Kərim Əsgəri bildirib ki, uşağın Bakıya gətirilməsi tələb olunur: “İnsafsızlar əl boyda uşağı Bakıda görmək istəyirlər ki, o sənədləri versinlər. Soruşmaq istəyirəm: hansı insafa əsasən 50 günlük uşağı anasıyla bərabər və isti havada Azərbaycana gətizdirmək istəyirsiniz? Bəs konsulluğun işi bu kimi problemləri həll etmək deyilmi? İki ayı tamam olmamış uşağın günahı nədir? Təbrizin anası hər gün sənəd işləri üçün səfirlik və Türkiyədə başqa dövlət idarələrinə gedir, uşaq isə ac-susuz mənimlə qalır”.
Güneyli fəalın sözlərinə görə, sənəd olmadığından uşağı peyvənd etdirmək mümkün olmur.
Məsələ ilə bağlı “ASAN xidmət”dən “Yeni Müsavat”a bildirildi ki, onlar, sadəcə olaraq, xidməti təşkil edirlər. Problemin həlli və səbəbləri barəsində xidməti göstərən qurumlar məlumatlıdır.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva isə “Yeni Müsavat”a söylədi ki, xarici ölkələrdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının yeni doğulan övladları üçün Azərbaycanın diplomatik nümayəndəliklərində ilkin sənəd olan doğum haqqında şəhadətnamə və daha sonra isə pasport rəsmiləşdirilir: “Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq, yeni doğulan uşaq üçün hazırlanmış sənədlərlə bağlı müraciət edən hər bir vətəndaşın ərizəsinə ölkəmizin səfirliyi tərəfindən sürətlə baxılır və vətəndaşa doğum haqqında şəhadətnamə, eyni zamanda tələb etdikləri halda Ölkəyə Qayıdış Şəhadətnaməsi eyni gün içində rəsmiləşdirilərək vətəndaşa təslim edilir. Yəni doğum haqqında şəhadətnamənin ən sürətli şəkildə yeni doğulan uşağın valideynlərinə təqdim edilməsində heç bir problem ola bilməz. O ki qaldı pasporta (anladığım qədər sözügedən vətəndaş məhz pasport almaq müraciəti ilə çıxış edib), doğum haqqında şəhadətnamə müraciəti əsnasında vətəndaşlar təbii olaraq bəzi hallarda Türkiyədə yaşadıqları üçün pasport da tələb edirlər, lakin səfirlikdən asılı olmayan səbəblərdən vətəndaşların bu tələbləri qısa müddətdə öz həllini tapa bilmir. Çünki mövcud mərkəzləşdirilmiş pasport qeydiyyat sisteminə ilk pasport müraciəti zamanı sistem tərəfindən fərdi identifikasiya nömrəsi tələb olunur ki, bu da Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən müvafiq əməliyyatlar sonunda sistemə yüklənir və bu proses bir neçə ay çəkir”.
Hüquqşünas Əsabəli Mustafayev bildirdi ki, deyilən sənədləri almaq üçün ilk növbədə uşağın doğulduğu xəstəxanadan arayış almaq gərəkdir: “Bu sənəd olduqdan sonra digər sənədlərin verilməsində problem yaşanmaz. Əgər xəstəxanadan doğumla bağlı arayış yoxdursa, konsulluq və ya digər qurumların uşağa şəhadətnamə verməsi çətinləşir. Bu halda yalnız məhkəmə yolu ilə sənəd almaq mümkündür. Belə ki, məhkəməyə uşağın doğulmasının şahidi olan ən azı iki nəfər gedir. Bu halda sənədin alınması mümkündür”.
Dövlət orqanlarında çalışan, dövlət qulluqçusu olmayan işçilərin aylıq vəzifə maaşları artırılıb.
“Qafqazinfo” xəbər verir ki, Baş Nazir Novruz Məmmədovun imzaladığı “Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” qərara əsasən, xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s. işçilərin cari ilin sentyabrın 1-dən aşağıdakı məbləğlərdə müəyyən edilib:
ali kateqoriya dövlət orqanlarında vəzifə maaşları 310 (əvvəl 220) manat;
1-ci kateqoriya dövlət orqanlarında vəzifə maaşları 295 (əvvəl 210) manat;
2-ci və 3-cü kateqoriya dövlət orqanlarında vəzifə maaşları 280 (əvvəl 200) manat;
4-cü və 5-ci kateqoriya dövlət orqanlarında vəzifə maaşları 260 (əvvəl 180) olub. Qərar sentyabrın 1-dən qüvvəyə minir.
DİN Baş Dövlət Yol Polisi İdarəsi yağışlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib.
İdarədən “Qafqazinfo”ya bildirilib ki, yağmurlu hava şəraitində sürücülər yol və metroloji şəraiti nəzərə almalıdırlar. Belə ki, bu cür hava şəraitində əyləc sistemindən düzgün istifadə etməmək nəqliyyat vasitəsinin sürüşməsinə gətirib çıxara bilər. Bu da real yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olur:
“Bəzən belə hava şəraitində baş verən yol-nəqliyyat hadisələri ilə əlaqədar sürücülər özlərini inzibati məsuliyyətdən azad etmək üçün hava şəraitini bəhanə gətirirlər. Əslində isə bu, belə deyil. Nəqliyyat vasitəsi qanunun tələbi əsasında, yol və meteoroloji şərait nəzərə alınmaqla idarə edilməlidir ki, hər hansı təhlükə yaransa yayınmaq mümkün olsun.
Təəssüf ki, sürücülərin sürət həddinə riayət etməməsi, ara məsafəsini düzgün saxlamaması, hərəkət istiqamətində diqqətsizliyə yol verməsi, eyni zamanda, sürüşmə ehtimalı olan ərazilərdə əyləc sistemindən düzgün istifadə etməməsi yol qəza hadisəsinin yaranmasına səbəb olur. Yağmurlu hava şəraiti nəticəsində paytaxtda bir neçə yol-nəqliyyat hadisəsi baş verib. Bütün bunları nəzərə alaraq sürücülərə yağmurlu hava şəraitində diqqətli olmağı tövsiyə edirik”.
Ənvər Seyidov hesab edir ki, onun pensiyası düzgün hesablanmayıb
Ölkəni silkələyən cinayətlərə imza atmış bir qurumun sabiq şefi Eldar Mahmudova mədhiyyə məktubları yazan Ənvər Seyidov təqaüdünün azlığından narazıdır.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi postundan təqaüdə göndərilən Ənvər Seyidov Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunu məhkəməyə verib. Hesab edir ki, onun pensiyası düzgün hesablanmayıb. Bu ilin martında onun 70 yaşı tamam olandan sonra hakimlik fəaliyyətinə xitam verilib. Ənvər Seyidov işdən çıxandan sonra pensiyasının çox artacağını gözləyib. Amma gözlədiyi kimi olmayıb. Ona görə fondu məhkəməyə verib.
Ənvər Seyidovun adı daha çox yaddaşlara sifarişli hökmlərə imzası atması, ittiham üzrə günahsız olduqlarını bildiyi insanları həbsə yollaması ilə qalıb. Məlumatda deyilir ki, məşhur hakimin iddiasına hələlik baxılıb qərar çıxarılmayıb. Ə.Seyidovun son iş yeri Bakı Ağır Cinayətlər Məhkəməsi olub. O, əvvəllər Zaqatala və Cəlilabad rayon məhkəmələrinin hakimi, Cəlilabad Rayon Məhkəməsinin sədri vəzifəsində də işləyib.
2015-ci ildə üzə çıxan məlum məktubunu Ənvər Seyidov “Səid Dadaşbəylinin dəstəsi” işi kimi mediada tirajlanan cinayət işi ilə əlaqəli Eldar Mahmudova imzalamışdı. Həmin məktubunda Ə.Seyidov saxtalığına kimsənin şübhə etmədiyi ittihama əsaslanaraq 16 Azərbaycan gəncini, savadlı və ölkəni xaricdə təmsil etmək iqtidarında olan vətəndaşları həbsə yollamasını yazır, gəncləri həbsə alan Antiterror Mərkəzinin rəhbərliyi də daxil olmaqla, əməkdaşların mükafatlandırılmasını istəyirdi. Halbuki hakimin belə bir məktub yazması qanunda nəzərdə tutulmayıb. Əslində Ənvər Seyidov Eldar Mahmudova gəncləri qanunsuz həbs edərək işgəncələrə məruz qoymuş əlaltılarının cəzalandırılması, gələcəkdə belə halların qarşısının alınması üçün məktub yazmalı, prokurorluğa isə cinayət işi başlanması üçün təqdimat göndərməli idi. Ötən illər həmin gənclərin valideynləri üçün dəhşətli olmaqla yanaşı, bir çoxları üçün də faciəvi oldu – ən müxtəlif xəstəliklər tapıb dünyadan köçdülər. Ənvər Seyidov isə sağdır və təqaüdünün azlığı onu qane etmir…
Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi-Hava limanl avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Minval.info xəbər verir ki, məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir.
Hərəkət iştirakçılarına bu cür hava şəraitində ehtiyyatlı olmağı tövsiyə edirik. Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edirik.
Eyni zamanda, piyadalara yolun hərəkət hissəsinə çıxmamaq və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir.
“Bir sübutları, faktları yoxdur, amma…”
ADP sədri Sərdar Cəlaloğlunun bacısı oğlu, Bakunews.az-ın təsisçisi Mirkənan Seyidov məhkəmə zalında həbs olunub. M.Seyidov saytın əməkdaşı Cəlal Məmmədovla birlikdə Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunurdu. Onlar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirli biliniblər.
İttihama görə, M.Seyidov və C.Məmmədov paytaxtdakı bir sıra kafe və masaj salonlarını idarə edən Mehman Həsənovu biabır edəcək məlumatlar yaymaqla hədələyib, pul alıblar. İttihamda bildirilir ki, onlar M.Həsənovdan üç dəfə 400 manat pul alıblar. Növbəti dəfə 1000 manat tələb edəndə isə M.Həsənov polisə şikayət edib. Məhkəmənin hökmü ilə M.Seyidova 4 il 11 ay 28 gün, C.Məmmədova 5 il 3 ay həbs cəzası verilib.
M.Seyidov və C.Məmmədov ittiham üzrə özlərini təqsirli bilmədiklərini, ittihamda yazılanlarla razılaşmadıqlarını bildiriblər. Bu iş üzrə zərərçəkmiş qismində tanınan Mehman Həsənov özü də bir müddət əvvəl əxlaqsızlıq yuvası saxlama ittihamı ilə həbs olunub.
Sərdar Cəlaloğlu deyir ki, bacısı oğlu ilə bağlı hələ ki ilkin məhkəmənin qərarı var. Bunun apelyasiya, ali instansiya məhkəmələrinin də qərarları olacaq. “Qərar çıxarılıb, amma o demək deyil ki, qərar ədalətlidir. Hər halda, ədalətli qərar çıxarılar. Günahı varsa, gedib cəzasını çəkər, yoxdursa, bəraət verib azad edərlər”.
S.Cəlaloğlu deyir ki, bacısı oğlunun işi üzrə proses 1 ildən artıqdır ki, davam edir. Həmin müddətdə bacısı oğlu Mirkənan Seyidov dəfələrlə ailə üzvlərinə, anasına məlumat verib ki, məhkəməni əsassız yerə uzadırlar: “İş üzrə fakt, sübut yoxdur. Sadəcə, adamı cəlb ediblər və məsələni uzada-uzada gediblər. İşdə başqa nüanslar da var. Biz hazırda bunları araşdırırıq”.
Sərdar Cəlaloğlu deyir ki, Mirkənan Seyidovun həbsinin arxasında kimlərin dayandığı haqda təxminləri, bilgiləri var:“Mirkənanın 4 övladı var. Ən böyüyünün 9 yaşı var. Özü 2-ci qrup əlildir. Mirkənan nə qədər ağır cəza törədib ki, yüngülləşdirici halların heç biri nəzərə alınmayıb? Məhkəmə fikirləşmir ki, 2-ci qrup əlil olan Mirkənanın 4 azyaşlı uşağını kim saxlayacaq? Cinayət Prosessual Məcəllənin yüngülləşdirici hallarla bağlı konkret maddələri var. Hakim ittiham üzrə mümkün olan ən ağır cəzanı təyin edib. Hakim qərəzli deyilsə, niyə onun əlil olmasını, 4 övladının himayəsində olduğunu nəzərə almayıb?”
Sərdar Cəlaloğlu deyir ki, Azərbaycanda hər kəs masajxanaların əslində hansı fəaliyyətlə məşğul olmasını bilir:“Dəfələrlə masajxanalarda olan durumla bağlı saytlarda videolar yayılıb. Orada nə oyunlardan çıxırlar, bunu bilməyən yoxdur. İndi jurnalisti tutublar ki, niyə bu haqda yazır? Heç material da onun özünün olmayıb, başqa bir saytdan götürüb yayımlayıb. Həmin material üzrə araşdırma aparıb cinayət işi başlamaq, günahkarları cəzalandırmaq əvəzinə, cinayət haqda məlumat verən şəxsi həbs edirlər. Demək istəyirlər ki, yazılanlar yalandır? Bütün masajxanalar, hotellər əxlaqsızlıq yuvası deyil? Bunu Azərbaycanda bilməyən var? İki gündən bir ərəblər hotellərdə ölür. Səbəbi bilməyən var? Hotellərdə oğurluqlar, quldurluqlar olur, bu haqda Daxili İşlər Nazirliyi də rəsmi məlumatlar yayır. Bu da masaj salonları ilə bağlı götürüb bir yazını istinadla verib. Bundan sonra barəsində cinayət işi başlayıblar, şər atıblar ki, gəlib bizdən pul istəyib. Özü də başqa adamın onun adından pul istəməsini deyirlər. Bir sübutları, faktları da yoxdur, amma götürüb belə bir qərar veriblər. Çalışacağıq ki, digər instansiyalarda məsələni araşdıraq”.
Bakı Dövlət Universitetinin (BDU) müəllimi oğlunu işə düzəltmək istəyərkən aldadılıb. O, verdiyi rüşvəti geri ala bilmir. Rüşvət üçün pulu isə sələmə götürübmüş…
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham edilən 1967-ci il təvəllüdlü Eldar Yusifovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
“Minval.info“un məhkəmə prosesində iştirak edən müxbiri xəbər verir ki, bu cinayət işi üzrə ittihamda göstərilir ki, Eldar Yusifov tanışı Hüseyn Məmmədovdan külli miqdarda pul alıb. Həmin pulun qarşılığında isə Hüseyn Məmmədovun oğlunu hüquq-mühafizə orqanlarına işə düzəldəcəkmiş.
Elan olunmuş ittihamla Eldar Yusifov özünü təqsirli bilmir. Onun sözlərinə görə, Hüseyn Məmmədovun oğlunun işini Elbrus Əliyev adlı şəxs həll edəcəkmiş: “Pulu mən yox, Elbrus alıb. Mən onları tanış eləmişəm. Sonrakı məsələni özləri danışıblar”.
Eldar Yusifova rüşvət verməyə təhrik etmə maddəsi ilə də ittiham irəli sürülüb. Bu iş üzrə zərərçəkmiş olduğunu deyən Hüseyn Məmmədovla bağlı ictimaiyyətə maraqlı olan məlumat var.
Məlumata görə, Hüseyn Məmmədov BDU-nun fəlsəfə müəllimdir. İllərdir, BDU-da çalışan Məmmədov bir müddət də kafedralardan birinin müdiri olub. Hüseyn Məmmədov rüşvət verdiyi üçün bu işdə zərərçəkmiş kimi yox, şahid kimi dindirilib.
Son iki məhkəmə iclasında danışan Hüseyn Məmmədov hazırda həbsdə olan Eldar Yusifovdan şikayətçi olmadığını bildirib. O, israrla məhkəmədən Eldar Yusifovun azadlığa buraxılmasını istəyib. Fəlsəfə müəllimi ilk olaraq rüşvəti necə və nə məqsədlə verməsini danışıb. O, bildirib ki, oğlunu işə düzəltmək istəyib. Bu məqsədlə Elbrus Əliyevə müraciət edib.
Onun sözlərinə görə, Elbrus Əliyevlə onu Eldar Yusifov tanış edib: “Eldarla uzun müddətdir ki, bir-birimizi tanıyırıq. Elbrusun bu işdə mənə kömək edə biləcəyini dedi. Məndən əvvəlcə 100 min, sonra isə 50 min manat istədi. Mən əvvəlcə 20 min verdim. Həmin pulu faizə götürdüm. Amma Elbrus dedi ki, pul tam olmasa, iş alınmayacaq. Sonra 30 min də sələmlə pul götürüb ona verdim. Hər iki görüş Elmlər Akademiyası tərəfdə baş tutub”.
Hüseyn Məmmədov məhkəməyə müraciət edərək Eldar Yusifovun azadlığa buraxılmasını istəyib: “Bu adamın nə günahı var? Mən özüm deyirəm ki, pulu Elbrusa vermişəm. Amma Elbrusu himayə edənlər onu azadlığa buraxdı. Bunun adamı yoxdur deyə tutdular. Elbrus əvvəlcə dəlixanada idi. Onu dəlixanadan gətirib dindirdilər, sonra da azadlığa buraxdılar. Bu işdə Elbrusun oğlunun da əli var. Onlar əlbir olaraq məni aldatdılar. Eldarın həbs edilməsi ədalətsizlikdir. Biz necə ölkədə yaşayırıq? Haqq-ədalət budurmu? Belə haqsızlıq olarmı? Günahkar qalıb çöldə, günahı olmayan adamı tutublar. Bu adamı azadlığa buraxmaq lazımdır. Bu qədər ədalətsizlik olmaz axı…”
Məhkəmədə məlum olub ki, Hüseyn Məmmədov istintaqda fərqli ifadə verib. Belə ki, o, istintaqdakı ifadəsində Eldar Yusifovdan şikayətçi olub.
H.Məmmədov bu ziddiyyəti belə izah edib: “Mən elə deməmişəm. Fikrim düzgün qeyd edilməyib. Bütün həqiqət burada danışdığım kimidir”.
Hüseyn Məmmədov ifadəsinin davamında bu işlə bağlı Milli Məclisin deputatlarının, ayrı-ayrı vəzifəli şəxslərin qəbulunda olduğunu deyib. O, bildirib ki, şikayətini bütün aidiyyəti qurumlara çatdırıb.
Məhkəmə araşdırması davam etdirilir.
Oğlunu rüşvətlə işə düzəltmək istəyən Hüseyn Məmmədov kimdir? Məmmədov Hüseyn Qaraxan oğlu 1959-cu il avqustun 4-də Saatlı rayonunda anadan olub. Əmək fəaliyyətinə 1976-cı ildən başlayıb. 1976-1977-ci illərdə Saatlı rayon suvarma sistemləri idarəsində fəhlə işləyib. 1977-1982-ci illərdə ADU-da (indiki BDU) əyani tələbə olub.
1982-1983-cü illərdə Saatlı rayonu Əzizbəyov adına orta məktəbdə tarix müəllimi işləyib. 1983-1986-cı illərdə ADU-da əyani aspirant olub. Fəlsəfə dərsini və ixtisas dərslərini aparır. 80-dən çox məqalənin və tezisin və bir kitabın, 5 dərsliyin müəllifidir. 3 elmlər namizədinin yetişməsində həmrəhbər olub.
Hüseyn Məmmədovun adı illər öncə imtahan suallarının alverində də hallanmışdı. Məşhur sual satılması işində onun da oğlunun nəticəsi ləğv edilmişdi. Həmin ərəfədə onun oğlu da BDU-nun hüquq fakültəsinə sənəd vermişdi.
İlkin Muradov
Dünyaca məşhur elm və təhsil üzrə qeyri-mənfəət təşkilatlarından olan “National Geographic” Cəmiyyətinin dərc etdiyi və uşaqların məlumatlandırılması məqsədini daşıyan “National Geographic Kids” jurnalının internet səhifəsində ölkəmizlə bağlı təqdim edilən məlumatda Azərbaycan xəritəsində ciddi təhrifə yol verildiyi və ölkəmizin işğal edilmiş Dağlıq Qarabağ bölgəsinin fərqli rəngdə təsvir olunduğu müəyyən edilib.
Bu barədə APA-ya Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bununla əlaqədar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycanın ABŞ-dakı səfirliyi ilə birgə operativ tədbirlər görüb.
Nəticədə Azərbaycanın xəritəsinə münasibətdə yol verilmiş təhrifin aradan qaldırılmasına nail olunub.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycanın ABŞ-dakı səfirliyinin operativ müdaxiləsi nəticəsində adıçəkilən jurnalın internet səhifəsində respublikamızın xəritəsi artıq dəqiq və ərazi bütövlüyü qorunmaqla təsvir edilib.
Bu link (https://bit.ly/2T9FXAo) vasitəsilə Azərbaycan xəritəsi və müvafiq informasiya ilə tanış olmaq mümkündür.
Vergilər Nazirliyi bu günlərdə əmək münasibətlərinin şəffaflaşdırılması sahəsində vergi nəzarətinin gücləndirilməsi barədə konsepsiyanın əsas müddəalarını ictimaiyyətə açıqlayıb.
Bu konsepsiya vergi ödəyicilərində muzdlu işlə əlaqədar ödənilmiş gəlir vergisi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta üzrə vergi ödəyicilərinin təqdim etdikləri məlumatlarda olan uyğunsuzluqların araşdırılması məqsədini daşıyır.
Ümumi vergi islahatlarının tərkib hissəsi olan vergi uçotunun bərpası və əmək münasibətlərinin leqallaşdırılması sahəsində nəzarət tədbirlərinin gücləndirilməsinin anonsunu Vergilər Nazirliyi hələ cari ilin əvvəlindən vermişdi.
Nazirlik 2018-ci ili keçid ili elan etmişdi. Yəni vergi ödəyicisinə möhlət verilmişdi ki, öz maliyyə hesabatlarını, vergi mühasibatlıq sənədlərini qaydaya salsın, təsərrüfat uçotunu bərpa etsin, şəffaflaşsın.
Bu məqsədlə Vergi Məcəlləsinə dəyişiklik edildi, qeyri-neft sektorunda və qeyri-dövlət sektorunda çalışan şəxslərin əldə etdikləri gəlirlərin 8000 manatadək olan hissəsi yeddi il müddətinə vergidən azad edildi. Bütün bunlar əmək münasibətlərinin şəffaflaşdırılması istiqamətində ölkə üzrə aparılan siyasətin bir hissəsi idi.
Lakin, görünür, bəzi sahibkarlar üçün bu cür yumşaq siyasət məqbul deyil. Təhlillər göstərir ki, iqtisadiyyatın ayrı-ayrı sektorlarında çalışan bəzi vergi ödəyicilərinin təqdim etdikləri bəyannamələrdə, sosial sığorta hesabatlarında əks olunan əməkhaqqı məbləğləri reallığı əks etdirmir.
Bir çox sahibkarların işçilərə, hətta baş mühasibə və şirkət direktorlarına yazdığı maaş həmin sektor üzrə fəaliyyət göstərən digər vicdanlı və əməkhaqqının düzgün bəyan edilməsinə üstünlük verən vergi ödəyicilərinin əməkhaqqı məbləği ilə nəinki uzlaşmır, hətta onlardan bir neçə dəfə aşağı olur.
Təəssüf ki, işçilərinin sayı, əmlakı və dövriyyəsinin həcmi daha çox olan müəssisələrdə direktor, baş mühasib, menecer kimi vəzifələr üçün yazılan əməkhaqqı sıravi işçilər, hətta texniki heyət üçün müəyyən olunan məbləğlərlə eynilik təşkil edir. Bundan başqa, bəzi sahibkarlar işə cəlb etdikləri şəxslərlə əmək müqaviləsi bağlamaq əvəzinə, xidməti müqavilələrə üstünlük verirlər.
Bir çox hallarda vergi ödəyicilərinin işçilərlə bağladıqları əmək müqavilələrində göstərilən əməkhaqqı minimum əməkhaqqı məbləği səviyyəsində göstərilir ki, bu da vətəndaşların sosial və əmək hüquqlarının pozulması ilə nəticələnir.
Yeni konsepsiyanın əsas məqsədi belə riskli vergi ödəyicilərini müəyyən edərək onlarla bağlı tədbirlər görülməsidir. Vergi orqanları müəyyən risk meyarları üzrə vergi ödəyicilərinin siyahısını tərtib etməyi planlaşdırır.
Real işçi sayının və əməkhaqqı məbləğinin dürüstləşdirilməsi məqsədilə risk qrupuna daxil olan vergi ödəyicisi ilə fərdi qaydada danışıqların aparılması, uçot məlumatlarında işçi sayının və maaşların real məbləğinin əks etdirilməsi təklifi əslində vergi orqanları tərəfindən atılan humanist addım hesab olunmalıdır. Çünki cari ilin əvvəlindən intizamsız vergi ödəyicisinə bu barədə dəfələrlə xəbərdarlıqlar edimişdi.
Vergi ödəyicisinin razılığı ilə “Əməkhaqqı ilə bağlı könüllü öhdəliy”in qəbul edilməsi əslində onların xeyrinədir. Çünki vergi ödəyicisi ona təqdim olunan dəlil və sübutlarla razılaşmasa, daha sərt nəzarət tədbirlərinin görülməsi üçün addımlar atılacaq.
Vergi ödəyicisi əməkdaşlığa razılıq versə, maaşları könüllü “ağartmaq” istəsə, sadəcə dəqiqləşdirilmiş bəyannamə təqdim etməklə vicdanını rahatlaşdıra bilər.
Lakin əmək münasibətlərinin şəffaflaşdırılması ilə bağlı konsepsiya ictimaiyyətin bəzi üzvləri tərəfindən birmənalı qarşılanmıyıb. Bu barədə KİV-də məlumatlar dərc olunduqdan sonra bəzilərində saxta narahatlıq yaranıb ki, guya bu kiçik və mikro sahibkarlığın sıxışdırılımasına səbəb olacaq.
İşəgötürənlər maaşları obyektiv göstərəcəyi təqdirdə bu, sahibkarlara əlavə xərclərə başa gələcək. Çünki minimum əməkhaqqının qısa müddətdə 250 manata qaldırılması sosial sığorta ödənişlərini də artıracaq.
Bu narahatlıqların heç bir məntiqi əsası yoxdur. Əvvəla ona görə ki, qanunlara əməl etməyən, səhlənkarlıq göstərən, maaşını “ağartmayan” vergi ödəyicilərinə qarşı sərt tədbirlər görüləcəyini Vergilər Nazirliyi bu ilin əvvəlindən elan etmişdi. Digər tərəfdən, qeyri-neft sektorunda və qeyri-dövlət sektorunda çalışanların gəlirlərinin 8000 manatadək olan hissəsi 7 il müddətində vergilərdən azad edilib.
Bu isə əmək münasibətlərinin şəffaflaşdırılması istiqamətində aparılan dövlət siyasətindən xəbər verir. Vergi ödəyiciləri tərəfindən muzdla işləyən işçilərə uçotdan kənar əməkhaqlarının verilməsi və əmək münasibətlərinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməməsi bu işçilərin gələcək sosial təminatını təhlükə altında qoymaqla sosial sığorta ödənişlərinin azalmasına da səbəb olur.
Görünən odur ki, bu prosesin geri dönüşü yoxdur və əməkhaqlarının ağardılması davamlı siyasətdir. Vergilər Nazirliyinin fikri bu barədə qətidir. Ona görə də nə qədər gec deyil, “kölgə”dən çıxmaq lazımdır.