![]() |
![]() |
Nazirlər Kabineti “Dövlət tibb müəssisələrində əlilliyi olan şəxslər üçün dövlət büdcəsi hesabına həyata keçirilməyən tibbi xidmətlərin növləri”ni təsdiq edib.
Bununla bağlı qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.
Dövlət tibb müəssisələrində əlilliyi olan şəxslər üçün dövlət büdcəsi hesabına həyata keçirilməyən tibbi xidmətlər aşağıdakılardır:
1. Xəstəliklərin anonim diaqnostikası (insan immunçatışmazlığı virusu (İİV) infeksiyası, sifilis, hepatit “B” və hepatit “C” xəstəlikləri istisna olmaqla);
2. Tibbi kosmetoloji yardım (tibbi göstəriş əsasında plastik və bərpa (rekonstruksiya) əməliyyatları istisna olmaqla);
3. Tibbi göstəriş olmadan pəhrizlə bağlı müayinə və müalicələr;
4. Cinsin dəyişdirilməsi ilə bağlı cərrahiyyə əməliyyatı və əməliyyatdan sonrakı müalicələr;
5. Reabilitasiya ilə əlaqəli olmayan masaj, balneoloji prosedurlar;
6. Xarici ölkələrə səfərdən (müalicə, reabilitasiya və xidməti ezamiyyət istisna olmaqla) əvvəl tropik xəstəliklərə qarşı peyvəndlərin olunması;
7. Kontakt linzalarla görmə qabiliyyətinin korrektə olunması;
8. Qiymətli metallardan və keramikadan hazırlanan stomatoloji protezlərin hazırlanması və quraşdırılması.
Prezident İlham Əliyevin imzaladığı 23 iyul 2019-cu il tarixli Sərəncamla əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan Hökuməti və Macarıstan Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın ölkəmiz tərəfindən həmsədri təyin edilib.
Qaynarinfo xəbər verir ki, sərəncamla xarici işlər, iqtisadiyyat, energetika, nəqliyyat, rabitə və yüksək texnologiyalar, kənd təsərrüfatı, ekologiya və təbii sərvətlər, təhsil, səhiyyə, mədəniyyət nazirlərinin müavinləri, Dövlət Turizm Agentliyinin, Qida Təhlükəsizliyi Agentliyinin, Mərkəzi Bankın sədr müavinləri, Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri isə birgə Komissiyanın ölkəmiz tərəfindən üzvləri təyin olunublar.
Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalının velosiped yarışlarının final mərhələsinin keçirilməsi ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq olunub.
Bu barədə Oxu.Az-a Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.
“Bu gün səhər saat 09:00-dan başlayaraq 13:00-dək Bakı-Salyan yolunun 14-cü km-dən, yəni Lökbatan dairəsindən mərkəzə doğru bütün avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamət dəyişdirilib. Həmçinin bu məhdudiyyət saat 16:00-dan 20:00-dək tətbiq olunacaq. Veloparkdan start götürəcək velosipedçilər üçün Lökbatan dairəsi istiqamətində hərəkət edərək, dairəni dövr etməklə şəhərin mərkəzinə doğru hərəkət marşrutu nəzərdə tutulub.
Salyan şosesi ilə hərəkət edən velosipedçilər isə Bibiheybət məscidi – Bakı Su İdman Sarayı – Bayraq Meydanının yanından keçməklə, Azneft dairəsi, Niyazi, İstiqlaliyyət, Lermontov, Xanlar, Sara Qədimova, Qurban Abbasov küçələri ilə hərəkət edərək yenidən Bakı-Salyan yolu ilə Velopark istiqamətində dövr edəcəklər”, – deyə V.Əsədov qeyd edib.
Bölmə rəisi alternativ yol kimi Bakı-Salyan yolunun 14-cü km-dən üçüncü kənar dairəvi yola keçməklə Badamdar qəsəbəsinin küçə və prospektləri – Mikayıl Müşfiq, Qurd Qapısı dairəsi, Mətbuat prospekti, eləcə də Yasamal rayonu ərazisinə düşən küçə və prospektlərin – Z.Bünyadov, Tbilisi, İnşaatçılar və digər yolların müəyyən edildiyini bildirib.
Dələduzluq etməkdə şübhəli bilinən Şamaxı rayon sakini saxlanılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, iyulun 23-də metronun “28 May” stansiyasının qarşısında naməlum şəxs Bakı şəhər sakini olan bir yeniyetməni aldadıb 1200 manatını alıb.
Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluğu törətməkdə şübhəli bilinən Şamaxı rayon sakini H.Niftəliyev saxlanılıb.
Bu gün səhər saatlarında Azərbaycanın bəzi rayonlarında qaz təchizatı dayandırılıb.
Bununla bağlı “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, Samux rayonu ərazisində yerləşən orta təzyiqli yeraltı qaz xəttində sızma aşkarlanıb və onun ləğvi üçün zəruri tədbirlərin görülməsinə başlanılıb.
Görüləcək təmir işlərinə görə bu gün səhər saat 09:00-dan işlər bitənə qədər Samux rayonunun 10 yaşayış məntəqəsinin qaz təchizatı dayandırılıb. Ağsu rayonunda da eyni səbəbdən təmir işləri aparılacaq və rayonun doqquz kəndində səhər saat 09:00-dan 18:00-dək qaz olmayacaq.
Bundan başqa, bu gün saat 10:00-dan Hacıqabul rayonunda 11, Sabirabad rayonunda isə 13 yaşayış məntəqəsində qaz təchizatı da dayandırılıb. Qaz təchizatı 15:00-da bərpa olunacaq. Bu müddət ərzində “Qarasu” qazpaylayıcı stansiyasının xidmət sahəsində aşkarlanın qaz sızmasının ləğvi işləri aparılacaq.
Yüksək təzyiqli qaz xətlərinin qaz təchizatı mənbələrinə birləşdirilməsi ilə əlaqədar səhər saat 10:00-dan Ucar rayonunda altı kənd, Zərdab rayonunda bir qəsəbə və 16 kənd, o cümlədən, Ucar pambıq emalı zavodu və Zərdab asfalt beton zavodlarının qaz təchizatı da dayandırılacaq.
Bakıda bəzi marşrutların hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, Salyan yolu, M.Useynov, Niyazi, Neftçi Qurban küçələrinin müəyyən hissələrinə müəyyən saatlarda müvəqqəti məhdudiyyətlərin tətbiq edilməsi səbəbindən 5, 6, 53, 88, 120, 125 və 205 nömrəli müntəzəm marşrutların hərəkəti dəyişdirilib.
Avtobuslar məhdudiyyət zamanı digər nəqliyyat vasitələrinin yönləndirildiyi küçə və prospektlərdən keçməklə hərəkət edirlər.
Dəyişiklik yolda məhdudiyyət tam aradan qalxanadək qüvvədədir.
Təhlükəsizlik kəməri taxmayan sürücülər artıq kameralar vasitəsi ilə də izlənir.
Ötən gün Fətəli Xan Xoyski küçəsində kameraya düşən sürücü təhlükəsizlik kəməri taxmadığına görə 40 manat məbləğində cərimələnib.
Həmin sürücü cərimə məktubunun şəklini sosial şəbəkələrdə paylaşaraq sürücüləri diqqətli olmağa və təhlükəsizlik kəməri taxmağa çağırıb.
“Ümid edirəm ki, Turizm agentliyi, aidiyyəti dövlət orqanları bu biabırçıqlara son qoyar”.
Minval.info xəbər verir ki, bu fikirləri tanınmış təhsil eksperti Kamran Əsədov özünün “Facebook” profilində paylaşıb.
“Belə iyrəncliyə görə ölkəyə gələn turist birdə gəlmir. Deməli, Corata gəlmişik ki, bir çay içib, buranın qutabını yeyək. Oturandan gəliblər ki, bəs nə yesəniz, yeməsəniz 100 manat depozit ödəməlisiniz. Belə çıxır ki, tutalım, sizin cibinizdə 50 manat pulunuz varsa, ödəyəcəyiniz hesab 20 manat belə olsa, siz istirahət edə bilməzsiniz? Sən 20 manatlıq ye, amma 100 manat ödə? Ona görə də, insanlar daha rahat olsun, istirahət etsinlər deyə, Türkiyə, Gürcüstana gedirlər”. – deyə, Kamran Əsədov yazıb.
Vətəndaşlar tərəfindən bir sıra çimərliklərdən girişin pullu olması barədə yenidən şikayətlər daxil olub.
Minval.İnfo xəbər verir ki, bu barədə “oxu.az”a Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentindən məlumat verilib.
Bildirilib ki, Bakının müxtəlif ərazilərindən çimərliklərdə qoyulan maneə ilə bağlı BŞİH-ə şikayətlər daxil olduqdan sonra qurumun Ticarət və Xidmət Departamenti reydlər aparıb:
“Lakin hava şəraiti ilə əlaqədar reydlər dayandırılıb. Bir neçə gün əvvəl isə Şıx çimərliyindəki “Min bir gecə” obyektindən, Bilgəh və Türkan qəsəbəsindəki çimərlik ərazisində yerləşən obyektlərdən yenidən müraciətlər daxil olub ki, bu yerlərdə giriş pulludur. Məsələ ilə bağlı müvafiq tədbirlər hazırlanıb və reydlərin davam etdirilməsi qərara alınıb”.
Qeyd edək ki, bir müddət əvvəl çimərliklərdə giriş üçün pul tələb edildiyi ilə bağlı məlumat yayılıb.
BŞİH-nin Ticarət və Xidmət Departamenti vətəndaşların çimərliklərə daxil olması üçün qoyulan maneələr – qapı, şlaqbaumlar çıxarılıb.