Son xəbərlər

Sürücüləri 50 manat cərimə gözləyirSərnişin avtobuslarından biri qara tüstü buraxıb. Bununla bağlı video çəkilərək votsap nömrəmizə göndərilib. Məlum olub ki, həmin avtobusda xəttə çıxandan sonra nasazlıq yaranıb.

"Ölkə.Az" xəbər verir ki, görüntülər 2 gün əvvəl Bakı-Sumqayıt yolunda çəkilib. Kadrlardan aydın olur ki, üzü şəhər istiqamətində hərəkət edən və 159 saylı xəttə aid olan avtobusda ciddi nasazlıq var. Bu səbəbdən marşurutdan çıxan qara tüstü ətrafa yayılır.

Araşdırma zamanı məlum oldu ki, həmin avtobuslar metronun ''20 Yanvar'' stansiyasından Sulutəpə qəsəbəsinə sərnişin daşıyırlar. Həmin xəttə işləyən sürücülərin dediyinə görə, avtobuslar mütəmadi olaraq texniki qulluqdan keçirilir.

Avtobusdan çıxan qara tüstünün səbəbini öyrənmək üçün daşıyıcı şirkətlə əlaqə saxladıq. Kalon rəisi Mahir Quliyev həmin faktdan xəbərdar olduqlarını bildirdi. Həmin avtobusla bağlı tədbir gördüklərini dedi.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisinin bölmə rəisi Vaqif Əsədov bildirdi ki, nəqliyyat vasitələrinin ekologiyanı bu formada çirkləndirməsi yolverilməzdir. Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə görə, ekologiyanı çirkləndirən nəqliyyat vasitələri 50 manat məbləğində cərimələnə bilər.

Çörəyin inanılmaz fəsadları — Alim AÇIQLADIAlimlərin son illərdə apardığı araşdırmalar göstərir ki, çörək zərərlidir. Çünki onun tərkibində orqanizm üçün faydalı olan maddələr yoxdur. Emal olunmuş buğda unu maya ilə birləşərək, bütün faydalı xassələrini itirir, odur ki, faydalı sayıla bilməz. Buna görə də bir çox qidalanma mütəxəssisləri insanları çörəkdən imtina etməyə səsləyir. Daim ağ undan hazırlanmış çörək və s. un məmulatları yeyən insanda piylənmənin, mədə-bağırsaq sistemi xəstəliklərinin və s. pozulmaların riski artır. Təzə yumşaq çörək pis həzm olunur, bir çox hallarda köp yaradır.

"Ölkə.Az" xəbər verir ki, başqa bir araşdırmada isə məlum olub ki, uzun illər karbohidratlardan imtina etmək ürək xəstəliyi riskini 20 faiz artırır!

Ürək sağlamlığı baxımından düzgün qidalanma və fiziki aktivlik əhəmiyyət daşıyır. Arıqlamaq üçün özünü bir çox faydalı məhsullardan məhrum etmək, səhv qidalanmaq ürək sağlamlığına mənfi təsir göstərə bilər.

Türkiyəli kardioloq, professor Müzəffər Değertekin ötən günlərdə aparılan Avropa Kardioloji Cəmiyyətində açıqlanan məlumatların detallarından danışıb. Fransanın paytaxtı Parisdə keçirilən Avropa Kardioloji Dərnəyinin toplantısında iştirak edən professor bildirib ki, karbohidratdan imtina və tez-tez arıqlayıb kökəlmək ürək ritmlərinin pozulmasına gətirib çıxarır:

"Dərnəyin iclasında 30 minə yaxın həmkarımız son prosesləri qiymətləndirib. Son aparılan tədqiqatlarda təxminən 450 min nəfər iştirak edib, 25 min adamın həyat və qidalanma tərzi isə təxminən 10 il boyunca təqib edilib. Təqib zamanı xəstələr qidalanma vərdişləri, karbohidrat və yağ istifadəsinə görə 4 qrupa ayrılıb. Məlum olub ki, normal çəkiyə düşdükdən sonra aşağı karbohidratlı pəhrizə davam edən insanlarda ürək xəstəliyi riski 20 faiz daha yüksəkdir. Qısa müddətlik karbohidratlardan imtina etmək faydalıdır, ancaq 10 il davam etməsi ürək xəstəliklərinə yol açır".

Professorun sözlərinə görə, həddən artıq karbohidrat istifadəsi də zərərlidir:

"Karbohidrat məhsulların istifadəsi nəzarət altında olmalıdır, amma tamamilə imtina etmək doğru deyil. Tədqiqatlar göstərir ki, karbohidratdan istfadə gündəlik 200 qramdan aşağı olmamalıdır.

Fiziki aktivlik xüsusilə mühümdür. Fiziki aktivlik nə qədər yüksək olsa da, metabolizm o qədər sürətlənir. Bu, həm də ürək xəstəliklərinin yaranması riskini minimuma endirir. Eyni zamanda doymuş yağların və siqaret istifadəsi məhdudlaşdırılmalıdır. Bunlardan başqa, məşq və balanslı bəslənməyə diqqət etmək lazımdır.

Köklük ciddi bir sağlamlıq problemidir, lakin tez-tez kökəlib arıqlamaq da ürəyə mənfi təsir göstərir. Köklük uzun müddət davam edərsə, ürək xəstəliyi riski daha çox artır. Xüsusilə tez-tez və sürətlə kökəlib arıqlayan insanlarda ürək ritm pozğunluqları meydana çıxır. Bu ritm problemi infarkta səbəb olur. Odur ki, çəkini stabil saxlamaq və qidalanmaya nəzarət etmək vacibdir. Uzun illər boyu piylənmədən əziyyət çəkənlərdə ürək xəstəliyi riski daha yüksəkdir. Şok pəhrizlər bir miqdar təsirli olsa belə ürək ritminə mənfi təsir edir".

200 qram karbohidrat nəyə uyğun gəlir?

6 dilim çörək, 1 porsiya tərəvəz yeməyi, 1 porsiya qatıq, 2 çay qaşığı bal, 1 kasa şorba, 1 porsiya souslu makaron, 2 ədəd qalet;

2 qab salat, 1 porsiya tərəvəz yeməyi, 1 kasa şorba, 5 dilim çörək, 2 porsiya süd və ya qatıq, 2 porsiya meyvə, 4 yemək qaşığı plov, 1 ədəd qalet;

2 qab salat, 2 porsiya tərəvəz, 1 porsiya şorba, 3 porsiya meyvə, 2 porsiya süd və ya qatıq, 4 incə dilim çörək, 4 yemək qaşığı plov və ya makaron.

Qeyd edək ki, ən faydalı çörək emal olunmamış, təmizlənməmiş buğdadan hazırlanır. Belə çörəkdə buğdanın bütün faydalı xüsusiyyətləri saxlanılır.

Arpa unundan və ya arpa ilə buğda unların qarışığından hazırlanmış çörək də çox faydalıdır. Buğda kəpəyi əlavə olunmuş çörək də çox faydalıdır. Kəpək mədə-bağırsaq sisteminə müsbət təsir edir, qəbizliyin qarşısını alır, orqanizmdən ziyanlı maddələri xaric edir. (publika.az)


Millət vəkili Qənirə Paşayeva Milli Məclisin payız sessiyasının ilk iclasında təhsil kreditləri haqqında qanunun qəbul olunmasına çağırıb.

Axar.az xəbər verir ki, millət vəkili maddi imkanlarının aşağı olması üzündən ali təhsilini buraxmaq məcburiyyətində qalan və belə çıxılmaz vəziyyətlə üzləşən, xüsusilə rayonlardan, kəndlərdən olan gənclərin sayının artdığını deyib.

“Çoxlu sayda ali təhsil alan gənclər millət vəkillərinə müraciət edərək ödəniş haqlarını qarşılamaqda çətinlik çəkdiklərini və ali təhsili yarımçıq qoymaq məcburiyyətində qaldıqlarını deyirlər. Bu il Tovuzdan ali məktəblərə daxil olan 15 gənc təhsil haqqını ödəyə bilmədikləri üçün oxumaqdan vaz keçmək istəyib. Öz imkanlarımız hesabına, müəyyən imkanlı şəxslərə və qurumlara müraciət etməklə həmin gənclərin təhsil haqlarının ödənişinə nail olduq. Təhsil haqqının ödənişi ilə yanaşı yataqxanaların sayının azlığı səbəbindən ali məktəblərə daxil olmuş gənclərin xeyli hissəsi kirayələrdə qalaraq oxumalıdır. Kasıb, gəlirləri aşağı ailələr övladlarının həm kirayə, həm yaşamaq, həm də təhsil haqqı ödənişini ödəməkdə ciddi çətinlik çəkirlər və bəzi gənclər bu səbəbdən ali təhsildən imtina edilər ki, bu da bizi ciddi narahat etməlidir. Biz kasıb, gəlirləri aşağı olan ailələrin savadlı övladlarının ali təhsil ala bilməsinə daha çox dəstək göstərməliyik. Çünki bəzi ailələr orta məktəbdə nə qədər yaxşı oxusa da, bu qədər çətinliyi görüb övladlarına ali təhsil verməkdən vaz keçirlər. Bu cür insanların sayının artması bizi ciddi narahat etməlidir”.

Millət vəkilinin sözlərinə görə, təhsil kreditlərinin yüksək səviyyədə öz həllini tapması da bu cür ailələrin sayının artmamasına kömək edə bilər.

Q.Paşayeva Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın fiziki və sağlamlıq imkanları məhdud şəxslərə, əlillərə yüksək diqqət və qayğı ilə yanaşdıqlarını xatırladaraq, oxumaq arzusunda olan III qrup əlillərin təhsil haqqından azad edilməsi barədə müraciətləri ilə bağlı müvafiq qurumlara və MM-ə çağırış edib.


Nüfuzlu elmi nəşriyyatlarından biri olan “Routledqe” Malmö Universitetin baş müəllimi, İsveç Lund Universitetinin və Raul Valenberq İnstitutunun tədqiqatçısı, hüquq elmləri doktoru azərbaycanlı Kamal Makili-Əliyevin “Mübahisəli ərazilər və beynəlxalq hüquq” kitabını nəşr edib.

Ardını oxu...

11:25

Bundan əvvəl Dövlət İmtahan Mərkəzi 2019-2020-ci tədris ili üçün dövlət sifarişli yerlərin sayının 20 min 500-ə qədər artırılması haqqında qərar qəbul etmişdi. Amma bu il yeni sistemlə qəbul həyata keçirildiyi üçün bir çox abituriyent ixtisas seçimi zamanı yüksək balla ödənişli əsasla qəbul olunurdu. Yəni müsabiqənin nəticələrinə əsasən müəyyən sayda dövlət sifarişli yerlər istifadə edilməmiş qalırdı.

Axar.az xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, Dövlət İmtahan Mərkəzi topladığı bala görə ödənişsiz oxumaq hüququ əldə edə bilən, amma ödənişliyə qəbul olan 1298 tələbəyə ödənişsiz təhsil almaq hüququ verib:

“Ödənişli qəbul olan 1298 tələbə bundan sonra dövlət sifarişli, pulsuz təhsil alacaq və ödədiyi ödəniş geri qaytarılacaq. Ölkə Prezidentinin qərarı ilə 2013-cü ildə təhsilin inkişafı ilə bağlı strateji sənəd hazırlanıb. Əsas istiqamət təhsilin əhatə dairəsinin genişlənməsi idi. Amma baha təhsil haqları ilə əlçatımlılığın təminatı mümkünsüz idi. Prezidentin fevralın 14-də imzaladığı sərəncama görə, 2019-2020-ci il qəbul ilində rəqəm 31 faizdən 45 faizə çatdırıldı. Yəni keçən il 12 min tələbə pulsuz təhsil alırdısa, bu il 21 min, 45 faiz olacaq. Gələn il 50 faizə çatacaq”.

Qeyd edək ki, ödənişli əsaslarla qəbul olunmuş və əlavə müsabiqə nəticəsində dövlət sifarişi əsasında təhsil almaq hüququ qazanmış abituriyentlərin saylarının ali təhsil müəssisələri üzrə paylanması barədə siyahı ilə bu linkdən tanış olmaq olar.

Sentyabrın 29-da Gəncə şəhərində Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə idman avtomobillərinin yarışı və şousu keçiriləcək.

Axar.az xəbər verir ki, Heydər Əliyev Park Kompleksi ərazisində təşkil olunacaq tədbirdə 40-dan çox avtomobil – “Volkicar”lar, kartinq və drift avtomobilləri, sportkarlar iştirak edəcək.

Tədbirdə tanınmış pilotlar – “Drift GP International” promouteri Nayl Qan (Niall Gunn), drift üzrə Almaniya çempionu Sebastian Fontiyn (Sebastian Fontijn), “Drift All Stars European Series” yarışlarının qalibi Martin Riçards (Martin Richards), “Drift GP International” yarışlarının texniki direktoru Antanas Kiquolis (Antanas Kyguolis), eləcə də yerli drift və “Volkicar” pilotları iştirak edəcəklər.

Tədbirdə “Volkicar”, drift və idman avtomobillərinin yürüşü, “Volkicar”ların yarışı, “Volkicar” və sportkarla “burnout”, drift şouları təqdim olunacaq. Tamaşaçılar arasında avtomobil idmanı və yol hərəkəti təhlükəsizliyi mövsuzunda viktorina da keçiriləcək, 20 fəal iştirakçı mükafatlandırılacaq.

Tədbir çərçivəsində Gəncədə uşaqlar üçün Yol Hərəkəti Təhlükəsizliyi həftəsi də keçiriləcək. Bununla əlaqədar sentyabrın 30-dan oktyabrın 4-dək Gəncə şəhərindəki bir sıra ümumtəhsil məktəblərində təşkil olunacaq təlimləri AAF-ın yol hərəkəti təhlükəsizliyi üzrə məsləhətçiləri Əlləz Əliyev, Ərşad Hüseynov və Sahib Əsgərov aparacaq. Uşaqlara yol hərəkəti təhlükəsizliyi, o cümlədən yol nişanları, işıqfor, piyada keçidi və digər istiqamətlər üzrə məlumat veriləcək.

Bakıda və Abşeron yarımadasında sentyabrın 24-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata görə, lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 14-18, gündüz 23-27, Bakıda gecə 15-17, gündüz 24-26 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 50-55 faiz olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi şərq rayonlarında yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-15, gündüz 23-28, dağlarda gecə 5-9, gündüz 13-18 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə, sentyabrın 24-25-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Tehran bütün körfəz ölkələrini bölgədə gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün İranın təşəbbüsündə iştirak etməyə çağırır.

Axar.az xəbər verir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani deyib.

“Fars körfəzinin bütün ölkələri bu təşəbbüsdə iştiraka dəvət olunur”, - İran prezidenti bildirib.

Qeyd edək ki, Ruhani ötən gün Hörmüz boğazının təhlükəsizliyinin təmin olunması ilə bağlı “Hörmüz boğazında sülh təşəbbüsü” adlı layihəni BMT-yə təqdim edəcəyini açıqlayıb.

Azərbaycanda bazar gününə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata görə, sentyabrın 22-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Güclü şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 13-16° isti, gündüz 18-21° isti, Bakıda gecə 14-16° isti, gündüz 19-21° isti təşkil edəcək.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı ehtimalı var. Gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcək. Səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 15-18° isti, gündüz 22-27° isti, dağlarda gecə 3-7° isti, gündüz 7-11° isti təşkil edəcək.