Son xəbərlər

Bu gündən etibarən ali təhsil müəssisələrinə qeydiyyat başlayıb.

Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, tələbə adı qazanan şəxslər avqustun 15-dən 27-dək (şənbə, bazar günləri istisna olmaqla) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Müəyyən olunan müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Xatırladaq ki, ali təhsil müəssisələrinin müsabiqəsində 58258 nəfər iştirak edib. Onlardan 42062 nəfəri (o cümlədən 3542 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 17820 (o cümlədən 586 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 24242 (o cümlədən 2956 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Bakı şəhəri Yasamal rayonu Şəfaət Mehdiyev küçəsində yeni tikilmiş magistral su kəmərindən birləşmələrin verilməsi ilə əlaqədar bu gün ərzində Şəfaət Mehdiyev və Ələsgər Ələkbərov küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə “Azərsu” ASC-dən bildirilib.

Məlumata görə, yaranmış narahatlıqla əlaqədar qurum abonentlərdən üzr istəyir.

“Naftalanın deputatı Mahir Aslanov ötən il mətbuata açıqlama vermişdi ki, “təmsil etdiyi” rayonda sanatoriya-filan tikdirmir, adında heç bir istirahət mərkəzi, biznes-filan yoxdur. Səsi Rumıniyadan gəlir, deyir maaşa baxıram. Oğlu “Maserati” ilə avtoşluq edəndə deyirdi ki, biz zəhmətkeş insanlarıq. İndi sizə təqdim etdiyim sənədlərə baxın”.

“Ölkə.Az”ın xəbərinə görə, jurnalist Cavanşir Həsənli araşdırıb ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən əldə olunan sübutlar deputatın umətbuata və ictimaiyyətə yalan dediyini təsdiq edir.

Mahir Aslanov ötən il mayın 16-da Naftalanın Şirvan prospekti 4 C ünvanında ümumi sahəsi 10 min kvadrat metrdən artıq 7 mərtəbəli müalicə-sağlamlıq mərkəzinin tikintisinə öz adına icazə alıb. “Naftalanda deputatın daha bir müalicə sağlamlıq mərkəzi də var, Kəpəz sanatoriyası.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən əldə olunan digər bir sənədə görə Mahir Aslanov öz adına 2017-ci il iyulun 18-də Xətai rayonu Nobel prospekti 9 ünvanında 7 mərtəbəli, mansardı olan ofis binasının tikintisinə icazə alıb.

Yeri gəlmişkən oğlu Məhəmmədəli Aslanov Xətai rayonu İcra Hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışır. Amma deputat orada ofis yox, otel tikdirib. İndi həmin ünvanda 95 saylı seçki dairəsi adından şəxsi biznesini təmsil edən Mahir Aslanovun ümumi sahəsi 2249.1 kv.m. olan “Nobel” oteli fəaliyyət göstərir.

Bundan əvvəl isə mətbuat yazıb ki, Bakıdakı HAPPY İNN HOTEL və Kəpəz mebel salonları da deputata məxsusdur. Niyə HAPPY İNN? Çünki deputatımız xalqın əvəzinə çox xoşbəxtdir, mandat, otellər, istirahət mərkəzləri, sərhəd tanımayan biznes, deklarasiyasız sərvət… Bir də deputatımızın səsi Avropadan, konkret desək Rumıniyadan gəlir. Buxarestdə 17 ildən bəri fəaliyyət göstərən NİCO KAPAZ SRL şirkətinin sahibidir”.

Xatırladaq ki, 2015-ci ilin yanvar ayında avtoxuliqanlıq edən sürücünün 10 GV 888 dövlət nömrə nişanlı “Maserati” markalı bahalı avtomobil isə cərimə meydançasına aparılıb. Məlum olub ki, belə dəbdəbəli avtomobillə “avtoşluq” edən sürücü Famil Mahir oğlu Aslanovdur.(Criminal.az)

Paytaxtda söküləcək qəzalı binalarla bağlı yekun qərar qəbul olunub.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq şöbəsindən məlumat verilib.
Bildirilib ki, Bakının altı rayonunda kəskin qəzalı binalar söküləcək: “Kəskin qəzalı binalar Bakı şəhərinin Binəqədi rayonunda iki ünvanda yerləşir. Bunlar 8-ci mkr, Ağasadıq Gəraybəyli küçəsi 41, Binəqədi rayonu, Koroğlu Rəhimov küçəsi 53A ünvanındakı köhnə yaşayış binalarıdır. Digər bina isə Bakı şəhəri, Yasamal rayonu, M.A.Əliyev küçəsi 150 ünvanında yerləşir.

Paytaxtın Səbail rayonunda 20-ci sahə, A.İsmayılov küçəsi 51 ünvanındakı binanın sökülməsi barədə qərar verilib. Sabunçu rayonunda isə yeddi bina kəskin qəzalı vəziyyətdədir. Bunlar Sabunçu rayonu, Zabrat qəsəbəsi, Nərimanov küçəsi, ev 6, Sabunçu qəsəbəsi, A.Əsədullayev küçəsi 27, Sabunçu qəsəbəsi, M.Rəsulzadə dalan 3, ev 2, Sabunçu qəsəbəsi, B.Bünyadov küçəsi, 7A, Sabunçu qəsəbəsi, 2 Aprel küçəsi, ev 8A, Sabunçu qəs. 2 Aprel küçəsi-18, Sabunçu qəs. D.Pişəvari küçəsi 13Q, Sabunçu qəs. D.Pişəvari küçəsi 15 ünvanlarındakı köhnə tikililərdir. Suraxanı rayonu ərazisində isə dörd binanın kəskin qəzalı olması barədə rəy verilib. Bunlar Suraxanı rayonu Park küç-32, S.Bəhlulzadə dön-17 ev- 15, İ. Məmmədov küç. 6, İ. Məmmədov küç-8 ünvanlarındakı kəskin qəzalı binalardır. Paytaxtın Xətai rayonu, General Şıxlinski küçəsi 42 ünvanında isə bir bina kəskin qəzalı olduğu səbəbindən söküləcək. Həmin binalarda bərpa-gücləndirmə və əsaslı təmir işlərinin aparılması mümkün olmadığından sakinlərin köçürülməsi barədə qərar qəbul edilib. Köçürülmə prosesi mərhələli şəkildə davam etdiriləcək”.

Sputnik Azərbaycan

“İrşad Electronics”lə müştəri arasında qalmaqal: “Pulu qaytarın…”

“İrşad Electronics”dən telefon alan müştəri şikayətçidir.

Minval.info xəbər verir ki, “Azad İstehlakçılar” İctimai Birliyinin yaydığı məlumata görə, vətəndaş Atakişiyev Ələmdar Qamil oğlu “İrşad Electronics”dən 399 manata aldığı “Samsunq A20” markalı mobil telefonda nasazlıq aşkar edib.

“200 manat nağd ödədim. Bu zaman mənə rəsmi kassa çeki verilmədi. Dükanda 39 manata adapdır və üzlük aldım. Bunların da pulu kreditin üzərinə gəlib mənimlə müqavilə bağlayıb çoxsaylı sənədlərə qol çəkdirib, müqavilənin sürətini mənə vermədilər. Yalnız 12 ay müqabilində hər ay 21 manat ödənilməklə 12 aylıq zəmanət talonu verdilər. Telefonu satarkən məni inandırdılar ki, telefon təzədir. Telefonu evə apardım 1 gün sonra telefon danışarkən öz-özünə dayanır, başqa nömrələrə zəng gedir bir sözlə işləmədi”, deyə Ə.Atakişiyev deyib.

O bildirib ki, həmin mağazaya gedərək telefonda nasazlıq aşkar olunduğunu deyib: “Tələb etdim ki, telefonu ya dəyişin, ya da müqaviləni ləğv edib ödədiyim pulu qaytarın. Satıcı tələbimi yerinə yetirmədi. “Xətai” metrosunun yanında “İrşad”ın servisinə yolladı.

Gedib servisdən tələb etdim ki, ya telefonu dəyişin, ya da telefonu qaytarın. Servisdə işləyən telefonu məndən aldı, xüsusi işıq verən aparatla telefona baxaraq söylədi ki, mən telefona cızıx salmışam, yəni telefonu mən zədələmişəm. Mən izah etdim ki, mən telefonu aldığım gün üzləmişəm, bu mənə böhtandır. Servis işçisi mənə dedi açıb düzəldərəm və mən lakin buna razı olmadım.

Qərara gəldim ki, mənə işlənmiş qüsurlu telefon satıblar. Bu vəziyyətlə razılaşmadığım üçün telefonu servizdə qoyub çıxdım. Hesab edirəm məni aldatmışlar, köhnə telefon satmışlar. Telefonda cızığı özləri etiblər və mənə də böhtan atırlar”.

Şikayətçi nasazlıq aşkar olunan telefonu ya təzə telefonla əvəz edilməsini, ya da müqavilənin ləğv edilib ödədiyi 200 manatı ona qaytarılmasını xahiş edib.

Məsələ ilə bağlı “İrşad Electronics”dən bizimyol.info-ya bildirilib ki, müştəri telefonu 21.07.2019-cu il tarixində əldə edib:

“İki gündən sonra telefonda nasazlıq aşkar olunub və müştəri onun qaytarılması/dəyişdirilməsi ilə bağlı 23.07.2019-cu il tarixində filiala müraciət edib. Filialda şirkətin təlimatına əsasən ona məlumat verilib ki, texniki servisə müraciət etsin və telefonun əmtəə görünüşü pozulmadığı halda baxış keçirilsin.

Atakişiyev Ələmdar Qamil oğlu 02.08.2019-cu il tarixində texniki servisə müraciət edib. Telefona baxış keçirildikdən sonra onun əmtəə görünüşünün pozulduğu aydınlaşıb. Telefonun üzərində cızıq aşkarlanıb, təlimata və şirkətin şərtlərinə əsasən telefonun geri qaytarılmasının mümkün olmadığı bildirilib. Bütün müştərilər zəmanət talonu ilə tanış olduğu zaman, orada qeyd olunan bu qaydaları nəzərdən keçirir. Daha sonra şərtlərlə razılaşıb, talonu imzalayıb, telefonu təhvil alırlar. Zəmanət talonuna əsasən müştərilər istehsalçının təqsirindən yaranmış qüsurlara bir il zəmanət verildiyini və təmirin bu müddət ərzində təmənnasız ediləcəyi haqqında xəbərdardırlar. Müştəriyə telefonun üzərində cızıq olduğu üçün onu dəyişmək və ya qaytarmağın mümkün olmadığını, lakin 1 illik zəmanətə əsasən telefonun təmir edilərək, işlək vəziyyətdə ona qaytarılacağını bildiriblər. Hazırda telefon müştəridədir”.
Bu yerlərdə qaz olmayacaq

Bu gün səhər saat 09:00-dan işlər başa çatanadək Şəmkir rayonunun Çinarlı qəsəbəsi və bir neçə kənddə qaz təchizatı dayandırılır.

“Azəriqaz”dan “Qafqazinfo”ya verilən məlumata görə, bu müddət ərzində Qaz İxrac İdarəsinin “Qazıməmməd-Qazax” magistral qaz kəmərində aşkarlanan qaz sızmalarının ləğvi və digər işlər icra ediləcək. 

Bu gün saat 10:00-dan 18:00-dək isə Lənkəran qaz paylayıcı stansiyasında ölçü qovşağının dəyişdirilməsi ilə əlaqədar olaraq Lənkəran rayonunun bir neçə yaşayış məntəqəsində qaz təchizatında məhdudiyyətlər olacaq.

Bakıda daha 2 pulsuz çimərlik yaradıldı

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Səbail rayonunda, “Şıx” çimərlik ərazısındə yaradılan çimərlikdən sonra artıq Buzovna və Goradil qəsəbələrində növbəti çimərliklər yaradılaraq vətəndaşların istifadəsinə verilib.

“Qafqazinfo” xəbər verir ki, əvvəllər baxımsız vəziyyətdə olan ərazilər təmizlənərək abadlaşdırılıb, burada tələbata uyğun hər şey qurlaşdırılıb. 

Vətəndaşların istirahərinin təşkili üçün çimərliklərin ərazisinə kifayət qədər oturacaq və qamaklar qoyulub, ərazı boyunca zibil konteynerləri quraşdırılıb, əlavə işlər görülüb.

Yaxın günlərdə daha 4 qəsəbədə də yeni ictimai çimərlik istifadəyə veriləcək. Ümumilikdə isə paytaxtın dənizkənarı ərazilərində 7 yerdə belə çimərliklərin yaradılması nəzərdə tutulmüşdur.

Yaradılan ictimai çimərliklərə giriş və digər xidmətlərdən istifadə pulsuzdur. Ərazinin təmizliyini lazımi səviyyədə saxlanılması üçün burada xidmət personalı fəaliyyət göstərəcəkdir.

 




 

Bu il üçün Məhərrəm ayının başlanacağı tarix açıqlanıb.

“Report” xəbər verir ki, Hicri təqvimi üzrə 1441-cı ilin başlanğıcı – Məhərrəm ayının 1-i Miladi təqvimlə 2019-cu il sentyabrın 1-nə təsadüf edəcək.

Məhərrəm ayının 10-cu günü, yəni Aşura sentyabrın 10-dur.

Aşura günü paytaxt və bölgə məscidlərində qanvermə aksiyası keçiriləcək.

Sentyabrın 29-da Məhrrəm ayı başa çatır və Səfər ayı başlayır. Səfər ayı isə oktyabrın 29-da başa çatır.

Qeyd edək ki, Məhərrəm tarix boyu bütün səmavi dinlər tərəfindən sülh və əmin-amanlıq ayı kimi qəbul edilib, fəqət hicri 61-ci ildən etibarən bu ayın onuncu günü olan Aşura yaddaşlara tarixi ədalətsizlik və hüzn günü kimi daxil olub. Aşura hadisəsində Əməvi xəlifəsi Yezidin göstərişi ilə Həzrət Peyğəmbərin (s) əziz nəvəsi İmam Hüseyn (ə), o cümlədən Rəsulullahın (s) səhabələri, Əhli-Beyt və tərəfdarları Kərbəla çölündə şəhid edilib, ailələri əsir alınıb.

Son 5 gündə paytaxta gələn sərnişinlərin – Sayı

Avqust ayının 13-nə qədər respublikanın 56 avtovağzal və avtostansiya kompleksindən ümumilikdə 72922 nəfər sərnişin daşınıb.

Bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin məlumatında deyilir.

Bayramın ilk günlərində sıxlıq Bakı Beynəlxalq Avtovağzal Kompleksində müşahidə edilib. 5 gün ərzində regionlardan paytaxta səfər edən sərnişin sayı 12640 nəfər olub. Regionlardan paytaxta təkcə avqustun 12-də 7990 nəfər sərnişin daşınıb. Bu gün avqustun 13-də regionlardan paytaxta səfər edəcək və geri dönəcək sərnişinlər üçün əlavə ehtiyat avtobusları da ayrılıb.

Xidmət sürücülərdən yollarda ehtiyatlı olmağı xahiş edib.
“Azəronlayn” xidmət etmir, zülm edir - GİLEY
“Azəronlayn” internet provayderi abunəçilərinə laqeyd münasibət göstərir. Şikayətçilərin problemi araşdırılmır, xətdə baş vermiş nasazlıq aradan qaldırılmır.

Bu şikayətlərlə Axar.az-a Müşfiqabad qəsəbəsinin sakini müraciət edib. Şikayətçi bildirib ki, bir neçə gün öncə internet xəttində yaranmış problemlə əlaqədar “Azəronlayn”a müraciət edib və ona problemin 24 saat ərzində aradan qaldırılacağı deyilib:

“Lakin internetimiz bərpa olunmadı. Növbəti gün onlarla əlaqə yaratdıqda bildirdilər ki, 3 iş günü ərzində bizim problemimizə baxılacaq və nöqsan aradan qaldırılacaq”.

Buna baxmayaraq, vətəndaşın internetinin bərpa olunması üçün heç bir tədbir görülməyib. Şikayətçi qeyd edir ki, məcbur qalaraq 3-cü dəfə “Azəronlayn”a müraciət ediblər:

“Bu dəfə isə bildirdilər ki, bizə səhv məlumat veriblər. Problemimiz 3 iş günü ərzində yox, 7 iş günü ərzində həll ediləcək. 5 gündür ki, internetimiz yoxdur, ancaq bu, “Azəronlayn”nı qətiyyən maraqlandırmır. Bir qurum, şirkət öz abunəçisinə bu qədər laqeyd yanaşar?”.

Məsələ ilə bağlı “Azəronlayn”dan Axar.az-a bildirilib ki, xətdə yaranmış istənilən problem 5 iş günü ərzində həll edilir:

“Bizə şikayət daxil olan kimi texniki şöbəyə yönləndiririk. Texniki şöbə problemi araşdırır və 5 iş günü ərzində problem aradan qalxır. Problemdən asılı olaraq, nöqsan gün ərzində də aradan qaldırıla bilər, 5 gün ərzində də. Bu, texniki şöbə əməkdaşlarından asılı olan bir şey deyil”.

Mütəxəssislər isə hesab edir ki, bütün şikayət və problemlərin onlayn qəbul edildiyi bir dövrdə internet xəttində yaranmış problemin 5 gün ərzində aradan qaldırılması absurddur. İnternet əsrinin olduğunu nəzərə alaraq, istənilən internet provayderi abunəçilərini fasiləsiz internetlə təmin etməyə borcludur. Bu səbəbdən də bu kimi nöqsanlar anında araşdırılmalı və provayder tərəfindən aradan qaldırılmalıdır. İstənilən provayderin texniki imkanları abunəçinin hər bir problemini qısa müddətdə həll etməyə imkan verməlidir.

Üstəlik, provayderlər abunə haqqı bir neçə dəqiqə gecikən kimi abunəçiyə internetin verilməsini dayandırırsa, hansı əsasla “5 iş günü” (şənbə-bazar da daxil olmaqla, 7 gün nəzərdə tutulur) müddətində problemi aradan qaldırmaq öhdəliyi götürür?