Son xəbərlər

Sabah Bakıda bu yollar bağlanacaqDekabrın 12-də ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü münasibətilə Bakıda bəzi yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

"Ölkə.Az" xəbər verir ki, Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, Ümummilli lider Heydər Əliyevin anım mərasiminə qatılacaq vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə dekabrın 12-də səhər saat 08:00-dan tədbir tam başa çatanadək Fəxri Xiyaban istiqamətində Parlament prospekti boyu bütün nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulacaq.

Belə ki, ziyarət başa çatanadək Mikayıl Müşfiq küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsində, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsində, Mehdi Hüseyn küçəsi 1, yəni Teleteatrın binasının yanından, eyni zamanda, Milli Məclisin arxasından, Parlament prospekti istiqamətində, yəni Abbasqulu Abbaszadə, İzzət Nəbiyev və Milli Qəhrəman Şövqiyar Abdullayev adına küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılaraq hərəkət istiqaməti dəyişdiriləcək.

Sürücülərdən və avtomobil sahiblərindən xahiş olunur ki, bu istiqamətdə şəxsi avtomobillərindən mümkün qədər az istifadə etsinlər. Həmçinin mənzil başına çatmaq üçün alternativ yollardan istifadə etmək tövsiyə olunur. Ulu Öndərin məzarını ziyarətə gələnlərdən də, ictimai nəqliyyatdan istifadəyə üstünlük vermələri tövsiyə olunur.

Əli Əhmədov: "Yeni Azərbaycan Partiyası vaxtı çatanda növbədənkənar parlament seçkilərinə öz namizədlərinin siyahısını elan edəcək. Bu gündən qanunvericiliyə uyğun olaraq növbədənkənar parlament seçkilərinin rəsmi startı başlayır".

"Ölkə.Az" unikal.org-a istinadən xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib:

"Bu siyahı əsasında da seçki kampaniyası uğurla həyata keçirəcək. Bizim vaxtımıza hələ var. Siyahının üzərində iş gedir.

Zamanı çatanda siyahı açıqlanacaq. Bu, elə vaxt olacaq ki, gec olmayacaq. YAP-ın namizədlər siyahısında tanınmış adamlar olacaq. Hesab edirəm ki, burada yeni simalar və əvvəlki tərkibində olan simaları da görəcəksiniz.

Düşünürəm ki, vətəndaşımız YAP-ın təqdim edəcəyi siyahının kifayət qədər ümidverici və Azərbaycan parlamentinin fəaliyyətinin daha da artırılmasına kömək edəcək insanlar olacağını görəcək və inanacaqlar".

Heydər Əliyev Fondu Oqtay Gülalıyevin müalicəsinə yardımı davam etdirirHeydər Əliyev Fondu qeyri-hökumət təşkilatı olaraq 2004-cü ildən etibarən vətəndaşlara ayrı-ayrı sahələrdə, xüsusilə də humanitar sahədə müxtəlif zəruri dəstək göstərib və bu istiqamətdə fəaliyyət bu gün də davam etməkdədir.

Fondan "Ölkə.Az"a verilən məlumata görə, yardıma ehtiyacı olan hər bir kəsin yanında olmağı öz başlıca missiyası hesab edən Heydər Əliyev Fondu ötən müddət ərzində təkcə səhiyyə sahəsində 10 minlərlə insanın müraciətinə baxıb, müvafiq köməklik göstərib. Heydər Əliyev Fondu yardım etməyi, xüsusən ağır vəziyyətdə olan insanlara dəstək olmağı öz vətəndaş borcu kimi qəbul edib, bundan siyasi dividentlər əldə etməyi, təbliğat mənbəyinə çevirməyi deyil, əksinə müraciət edən bütün şəxslərə zəruri köməklik göstərməyi özünün əsas məqsədi kimi seçib.

hazırda Heydər Əliyev Fondu aldığı kəllə-beyin travması nəticəsində koma vəziyyətində olan hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsinə zəruri yardım göstərməkdədir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, noyabrın 4-dən etibarən Oqtay Gülalıyevin müalicəsinə Fond tərəfindən müvafiq kömək göstərilir. Belə ki, Oqtay Gülalıyevin Bakıdakı müalicəsinə dəstək məqsədilə Türkiyədən mütəxəssislər cəlb edilmiş, daha sonra ailə üzvlərinin Oqtay Gülalıyevin müalicəsini Türkiyədə davam etdirmək istəyi nəzərə alınaraq, noyabrın 6-da o, Fondun prezidenti Mehriban Əliyevanın tapşırığı əsasında xüsusi ambulans təyyarə ilə İstanbula yola salınaraq orada Avrasiya klinikasına yerləşdirilmişdir. Bir müddət sonra ailəsi Oqtay Gülalıyevin Amerikan Xəstəxanasına köçürülməsi ilə bağlı Fonda müraciət etmişdir. Noyabrın 19-da İstanbulda Amerikan Xəstəxanasına yerləşdirilən Oqtay Gülalıyevin beynində hematoma təmizlənməsi və şunt əməliyyatı aparılmışdır. Hazırda Oqtay Gülalıyevin müalicəsi Heydər Əliyev Fondunun dəstəyi ilə Amerikan Xəstəxanasında davam edir.

Qeyd edək ki, Heydər Əliyev Fondunun daxili qaydalarına uyğun olaraq müalicə müəssisəsi hər 10 gündən bir xəstənin səhhəti ilə bağlı Fonda hesabat təqdim edir. Bu hesabatlara əsasən müalicənin dinamikasına uyğun olaraq xəstəyə Fond tərəfindən növbəti göstərilə biləcək kömək barədə qərar verilir.

Amerikan Xəstəxanasından dekabrın 9-da göndərilmiş növbəti 10 günün hesabatına əsasən, koma vəziyyətində olan Oqtay Gülalıyevin ağciyər və qanında infeksiya var və buna uyğun müalicə tətbiq olunmaqdadır. Xəstənin hazırkı vəziyyətini və həkimlərin rəyini nəzərə alan Heydər Əliyev Fondu müalicənin növbəti mərhələsində də müvafiq dəstəyin göstəriləcəyi barədə Oqtay Gülalıyevin həyat yoldaşı Firuzə Gülalıyevanı məlumatlandırmışdır. Bildirilmişdir ki, Heydər Əliyev Fondu Oqtay Gülalıyevin müalicəsinə kömək göstərmək, ailəsinə bu çətin günlərdə mənəvi dəstək olmağa çalışır.

Qeyd olunanları nəzərə alaraq, Heydər Əliyev Fondu bir daha özünün humanist, hər bir zaman istənilən vətəndaşın yanında olmaq niyyətini bəyan edir, xəstənin indiki durumunda ayrı-ayrı şəxslərin müxtəlif maraqlardan çıxış edərək hər hansı siyasi spekulyasilayar etməsinə qarşı olduğunu bildirir.

Mikayıl Cabbarovdan QƏRARİqtisadi İnkişaf Nazirliyinin (hazırki İqtisadiyyat Nazirliyi) 2010-cu il 5 yanvar tarixli, F-01 nömrəli əmrində dəyişikliklər edilib.

"Ölkə.Az" oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı İqtisadiyyat naziri Mikayıl Cabbarov qərar imzalayıb.

Qərarda göstərilib ki, həmin əmrlə təsdiqlənmiş “Xüsusi iqtisadi zonada fəaliyyət göstərmək üçün hüquqi və fiziki şəxslərlə operator arasında bağlanan niyyət sazişinin nümunəvi forması”nın 3.2-ci bəndindən “iqtisad” sözü çıxarılsın.

Həmçinin, “Xüsusi iqtisadi zonanın rezidenti ilə operatoru arasında bağlanan sazişin nümunəvi forması”nın 4.2-ci bəndindən “iqtisad” sözü çıxarılıb.

“Xüsusi iqtisadi zonanın administrasiyası ilə operator arasında bağlanan xüsusi iqtisadi zonada dövlət mülkiyyətində olan torpaq sahəsinin icarə müqaviləsinin nümunəvi forması”nın 9.2-ci bəndindən “iqtisad” sözü çıxarılıb.

Bununla yanaşı “Xüsusi iqtisadi zonanın administrasiyası ilə rezident arasında bağlanan xüsusi iqtisadi zonada dövlət mülkiyyətində olan torpaq sahəsinin icarə müqaviləsinin nümunəvi forması”nın 9.2-ci bəndindən “iqtisad” sözü çıxarılıb.

Xatırladaq ki, əvvəlki əmrdə göstərilirdi ki, mübahisələri danışıqlar yolu ilə həll etmək mümkün olmadıqda, bu mübahisələrə Azərbaycan qanunvericiliyi əsasında iqtisad məhkəmələrində baxılır

Qərar dekabrın 9-dan qüvvəyə minib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov bu qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıb.

Dünya İqtisadi Forumunun (DİF) hesabatına görə, 2019-cu il üçün Azərbaycanda işsizlik səviyyəsi 5 faizdir.

DİF-nin Azərbaycanda işsizliyin 5 faiz olması barədə məlumatı Prezident İlham Əliyevin ilin əvvəlində Nazirlər Kabinetinin ilin yekunlarına dair iclasında dediklərilə üst-üstə düşür. İşsizlik səviyyəsini daha da aşağı endirmək üçün Azərbaycan hökuməti Dünya Bankı ilə növbəti layihəyə başlayacaq.

Belə ki, Dünya Bankı (DB) ilə Azərbaycan hökuməti arasında məşğulluğun dəstəklənməsi layihəsinin həyata keçirilməsi üçün 100 milyon dollar məbləğində kreditin ayrılmasına dair danışıqlar son mərhələdədir.

Məlumat üçün bildirək ki, DB məşğulluğun dəstəklənməsi layihəsinin reallaşdırılmasına 100 milyon dollar ayırmağı planlaşdırır. DB-nin Direktorlar Şurası bu layihə üçün kreditin ayrılmasını 2020-ci ilin birinci rübündə təsdiqləyəcəyi planlaşdırılır. Layihə Azərbaycan əhalisinin iş axtaran həssas qrupları: gənclər, qadınlar, məcburi köçkünlər, əlillər və təhsil səviyyəsi aşağı olan insanlar arasında məşğulluqla bağlı vəziyyətin yaxşılaşdırılmasına yönəldilib. Maraqlıdır, bu vəsait məşğulluq proqramını həyata keçirən qurumların fəaliyyətindəki problemlərin aradan qaldırılmasına necə yardım edəcək?

İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, bu da öncədə ayrılan vəsaitlər kimi, dövlət qurumları arasında bölüşdürülüb sadəcə formal layihənin həyata keçirilməsinə sərf olunacaqsa, ciddi bir effekti olmayacaq:

“Dəfələrlə  açıqlamalarımız olub ki, məşğulluqla bağlı xüsusi dövlət proqramı qəbul olunmalıdır. Bununla bağlı müəyyən işlər görülüb, amma bugünə qədər  konkret zaman və hədəflər açıqlanmayıb. Hədəflərə çatmaq üçün də addımların yol xəritəsi olmalıdır. Ayrılan 100 milyon dollar isə kifayət qədər böyük məbləğdir. Bu məbləğ kiçik və orta sahibkarlığın inkişafına, əsasən də regionlarda “hom hotel”lərin yaradılması, müəyyən aqrar layihələrin təşkilinə sərf olunsa, təbii ki, effekt verə bilər. Amma çox təəssüf ki, bugünə qədər bu tipli layihələrin həyata keçirilməsindən sonra hökumət tərəfindən ortalığa bir hesabat qoyulmayıb ki, ayrılan vəait hesabına nə qədər iş yeri yaradılıb, nə qədər əlavə dəyər olub, nə qədər məhsul istehsal olunub, bu layihənin payı ixracatda nə qədər olub, daxili bazarda bu tipli layihələrin həyata keçirilməsi ilə nə qədər vəsait əldə olunub.

Hökumətin bu məsələ ilə bağlı detallı hesabatı yoxdur. Ona görə də düşünürəm ki, bu çox vacib layihədir. Ciddi şəkildə düşünlülməli və vəsaiti məşğulluğun inkişafına, yeni iş yerlərinin yaradılmasına sərf etmək mümkündür. Sadəcə olaraq, buna doğru-dürüst yanaşmağa ehtiyac var. Bu məsələ elmi şəkildə, yol xəritəsi, addımları, zamanlaması, hədəfləri bəlli olan bir layihə kimi getməlidir. Dünya Bankı da ən azından bunu nəzərə almalıdır. Çünki Azərbaycan hökumətindən danışıqlar zamanı vəsaitin hər qəpiyinin hara xərclənəcəyi göstərilməlidir. Yoxsa bu da bundan öncəki layihələr kimi qapalı qalacaqsa, bunun da ciddi effekt verəcəyi sual doğurur”.

N.Cəfərli qeyd edib ki, özünüməşğulluğun əsas sahələrindən biri də turizmdir: “Azərbaycan turizmi inkişaf etdirmək istəyirsə, bu məsələyə də baxa bilər. Bundan öncə səhv bir yanaşma oldu ki, əvvəldən elitar turizm anlayışını ortaya qoydular. 4-5 ulduzlu hotellərin tikilməsi və istifadəyə verilməsi önə çəkildi, prioritet elan olundu. Bu isə müasir turist profilinə uyğun deyil. Müasir turist daha ucuz, səliqəli evlərdə və ya hostellərdə qalmağa üstünlük verir. Bakıda barmaqla sayılacaq qədər hostellər, “Home hotel”lər var. Amma təkcə Tbilisidə 700-dən çox hostelin, “Home hotel”in olduğu ilə bağlı statistik məlumat var. Özünüməşğulluğun belə bir vacib sahəsinin inkişaf etdirilməsi üçün Bakıda kifayət qədər şərait var. “Home hotel”lərin açılması bir ailərinin gəlir əldə etməsinə çıxış imkanı vermək üçün çox maraqlı və effektli üsuldur. Dünyanın bir çox turizmi inkişaf etdirən ölkələrində bu özünü doğruldan bir yanaşmadır. Bakı şəhərində də bu yolla müəyyən iş yerlərinin yaradılması üçün potensial var”.   /Cebhe.info/

Həkimlərin maaşı 50 faiz artırıldıNaxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Ordubad rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

"Ölkə.Az" azxeber.com-a istinadən bildirir ki, sərəncamla Ordubad Rayon Mərkəzi Xəstəxanasına publik hüquqi şəxs statusu verilib.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxsin Nizamnaməsini təsdiq etməlidir. 2019-cu il dekabrın 1-dən fəaliyyətini təmin etməlidir.

Nazirlər Kabineti icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar Ordubad Rayon Mərkəzi Xəstəxanasının işçilərinin aylıq vəzifə maaşlarının 2019-cu il dekabrın 1-dən 50 faiz artırılmasını təmin etməlidir.

Bütün mərkəzi icra hakimiyyəti orqanlarına, aidiyyəti dövlət qurumlarına, Ordubad Rayon İcra Hakimiyyətinə tapşırılıb ki, bu sərəncamdan irəli gələn vəzifələrin icrası ilə bağlı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə zəruri köməklik göstərilsin.

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi, Səhiyyə Nazirliyi və Vergilər Nazirliyi bu sərəncamdan irəli gələn məsələləri həll etməlidirlər.

150 minlik ziyana düşdüm.

Oxu.Az xəbər verir ki, bu sözləri yanğında ziyan görən sahibkarlardan biri deyib.

Onun sözlərinə görə, yanğın ilk olaraq kafel-metlax satılan dükanda başlayıb:

“Səhər saat 9 radələrində bildik ki, kafel-metlax satılan dükanlardan birində yanğın var. Tez Fövqəladə Hallar Nazirliyinə zəng etdik. Burada 100-dən çox mağazaya ziyan dəyib.

Mənim özümün 150 min manatlıq malım yanıb-kül olub. Bazarın yarısının sığortası yoxdur, eləcə də, mən də sığortalanmadım.

Nisyə dəftərim vardı. 50-60 minə yaxın alacaqlarım vardı, o dəftər də yandı. Bilmirəm kimdən nə alacam, nə qədər alacam. Heç kim bizə heç nə demir”.

Qeyd edək ki, bazarda yanğınla bağlı təhlükəsizlik siqnalları quraşdırılmayıb.

Bu şəxslərə təqaüd təyinatı ilə bağlıƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müharibə və 20 Yanvar əlillərinə, I dərəcə əlilliyə görə müavinət və ya pensiya hüququ olan şəxslərə Prezidentin aylıq təqaüdünün elektron təyinat sistemlərini istifadəyə verdi.

''Ölkə.Az'' xəbər verir ki, Bununla əlaqədar keçirilən təqdimatda Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov vurğulayıb ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, nazirlik tərəfindən aparılan islahatların bir istiqaməti əmək, məşğulluq, sosial təminat sahələri üzrə əhaliyə xidmətlərin elektron texnologiyalar üzərində təkmilləşdirilməsi və şəffaflaşdırılması, vətəndaşlara proaktiv xidmətlər sisteminin qurulmasıdır. 2019-cu ilin əvvəlindən pensiyaların avtomatlaşdırılmış qaydada təyinatı mexanizmi tətbiq olunur. Bu ilin oktyabr-noyabr aylarında isə nazirlik uşağın doğulmasına görə birdəfəlik müavinətin, sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa aylıq müavinətin və həmin uşağa qulluğa görə Prezidentin aylıq təqaüdünün, əlilliyə görə aylıq müavinətin e-təyinat mexanizmlərini istifadəyə verib. Həmin e-sistemlər vasitəsilə bu günə qədər 15 mindən çox şəxsə pensiya, 14 minədək şəxsə müavinət və təqaüd e-qaydada təyin olunub. 

Nazir müavini qeyd edib ki, bu gündən müharibə  və 20 Yanvar əlillərinə, I dərəcə əlilliyə görə müavinət və ya pensiya hüququ olan şəxslərə Prezidentin aylıq təqaüdü də elektron qaydada aparılacaq. Bu e-sistemlər ildə təqribən 3 mindən çox şəxsi əhatə edəcək. Bununla da cari ilin ötən dövründə artıq 10-dək sosial təminat növünün  təyinatı elektronlaşmış olur. Yaxın günlərdə yeni e-təyinat sistemləri də istifadəyə veriləcək. Avtomatlaşdırma tədbirləri bitdikdən sonra illik təqribən 180 minədək təyinat  vətəndaşların hər hansı bir ünvana getmələrinə ehtiyac olmadan, elektron şəkildə, proaktiv qaydada həyata keçiriləcək.

A.Kərimov nazirliyin “e-sosial” internet portalının məlumat bazası əsasında bu günlərdə 6 yeni “e-arayış” xidmətinin də təqdim edildiyini diqqətə çatdırıb. Bildirib ki, bununla da nazirliyin e-arayış xidmətlərinin sayı 8-ə çatıb. Dekabr ayının sonuna qədər bu göstərici 15-ə çatdırılacaq. 16 elektron altsistemi və 2 reyestri özündə birləşdirən “e-sosial” portalının “Android” əməliyyat sistemi üçün mobil tətbiqi fəaliyyət göstərir. Artıq bu gündən İOS əməliyyat sistemi üçün "e-sosial" mobil tətbiqi mexanizmi də işə salınır. Bu da  vətəndaşların  e-sosial internet portalından rahat istifadəsinə və portalın daha əlçatan olmasına imkan verir.

Nazirliyin E-xidmətlər və innovasiyalar şöbəsinin müdiri Kənan Əkpərov müharibə  və 20 Yanvar əlillərinə, I dərəcə əlilliyə görə müavinət və ya pensiya hüququ olan şəxslərə Prezidentin aylıq təqaüdünün e-təyinatı barədə təqdimatla çıxış edib. 

Bildirilib ki, həmin şəxslərə əlillik təyin edildiyi vaxt bu barədə məlumat nazirliyin “Əlillik” altsistemindən  “Sosial ödənişlər” altsisteminə ötürülür və onlara bu altsistem avtomatik olaraq aylıq müavinəti və ya pensiyanı təyin etməklə bərabər, Prezidentin aylıq təqaüdünün təyinatını da həyata keçirir. Bu barədə vətəndaşa sms göndərilir, habelə həmin şəxs üçün ödəniş kart sifarişi banka göndərilir. Şəxs sms-də qeyd edilmiş bank filialına 15 gün sonra yaxınlaşaraq ödəniş kartını əldə edir. 

Tədbirdə İOS əməliyyat sistemi üçün "e-sosial" mobil tətbiqi mexanizmi barədə də məlumat verilib. 

Azyaşlılara qarşı zorakılıq Ombudsmanın diqqət mərkəzindədirAzərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində Qulu və Hüseyn adlı qardaşların valideynləri tərəfindən zorakılığa məruz qalmaları ilə bağlı məsələyə dərhal reaksiya verərək Azərbaycan Respublikasının Baş prokuroruna müraciət edib.

Ombudsman Aparatının Mətbuat xidmətindən "Ölkə.Az"a verilən məluamta görə, müraciətdə zorakılıq ehtimalını, məsələnin ictimai və hüquqi məzmununu nəzərə almaqla, nəzarətə götürülərək araşdırılması, təqsirkar şəxslərin müəyyən olunması və görülən işlərin nəticəsi barədə məlumat verilməsi ilə bağlı məsələlər əksini tapıb.

Bakı şəhər Baş Polis İdarəsi “Eurohome” Ticarət Mərkəzində baş verən yanğınla bağlı sürücülərə müraciət edib.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Trend-ə açıqlamasında bildirib ki, sürücülərə alternativ yollardan istifadə etmək tövsiyə olunur:

“Xəbər verdiyimiz kimi, səhər saatlarında “Eurohome” Ticarət Mərkəzində baş verən yanğın səbəbindən Bakı-Sumqayıt yolunda hərəkət tam məhdudlaşdırılıb. Vəziyyəti təhlil etdiyimiz zaman məsləhət görərik ki, Bakıdan Sumqayıt istiqamətində gedən sürücülər Sabunçu-Zabrat-Novxanı-Balaxanı yolu ilə hərəkət etsinlər. Çox sürücü düşünür ki, Biləcəridən keçmək daha məqsədə uyğundur. Ancaq hazırda bütün nəqliyyat vasitələri həmin istiqamətə hərəkət etdiyi üçün ərazidə yolda sıxlıq müşahidə olunur.

Sumqayıtdan Bakı istiqamətinə gələnlər isə ən yaxşı halda Sumqayıt daxili dənizkənarı yolla Mehdiabad-Digah-Məmmədli-Maştağa-Sabunçu-Ziya Bünyadov yolu ilə hərəkət etsin.

Xırdalan dairəsi kimi tanınan ərazidən avtomobillərin hərəkəti sadəcə Xırdalan qəsəbəsinin daxilinə yönləndirilib.
Sürücülərdən xahiş edirik ki, yaranmış vəziyyəti təhlil edib düzgün qərar versinlər.

Məhdudiyyət tam yanğın söndürülənə qədər davam edəcək”.