![]() |
![]() |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında (ƏƏSMN) Dövlət Əmək Müfəttişliyinin rəisi Elman Cəfərov vəzifəsindən azad edilib.
Minval.info “Report”a istinadən xəbər verir ki, o, öz ərizəsi əsasında işdən çıxarılıb.
E.Cəfərov yeni işə keçməsi ilə əlaqədar olaraq Dövlət Əmək Müfəttişliyinin rəisi vəzifəsindən ayrılıb.
ƏƏSMN-nin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Fazil Talıblı “Report”a açıqlamasında məlumatı təsdiqləyib.
Bakı Nəqiyyat Agentliyinin təhvil aldığı, Azadlıq meydanının altında yerləşən yeraltı dayanacaqda ödəniş terminallarının işləmədiyi iddia olunur.
“Qafqazinfo”ya müraciət edən paytaxt sakini Anar Cəfərov bildirib ki, hər həftə maşını sözügedən ərazidə park edir: “Orada 5 ödəniş terminalı var, təxminən 6 aydır ki, onların 4-ü işləmir. Dayanacağın içərisində yazılıb ki, ödənişi çıxışda edin. Çıxışa da gəlirsən, deyirlər burdakı aparat işləmir, geri qayıt, içəridə filan küncdə ödə, sonra gəl. Buna görə də sürücülər vaxt itirir, sıxlıq yaranır. Nəzarətçilər də etik davranmırlar, kobud danışırlar. Srağagün mənim yanımda xaricdən gələn bir tanışım var idi. Onun yanında bu situasiyada lap utandım. Bakı Nəqliyyat Agentliyinin feysbuk səhifəsinə də bu barədə yazdım, nömrələrinə zəng etdim, heç birinə cavab vermədilər”.
BNA-nın mətbuat katibi Mais Ağayev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu məsələ araşdırılacaq: “Hazırda Hökumət evinin qarşısındakı yeraltı avtomobil dayanacağında mövcud ödəmə terminallarının fəaliyyətində hər hansı bir ciddi narahatlıq yoxdur. Dayanacaqda hazırda 5 ödəmə terminalı sürücülərə xidmət göstərir. Bununla yanaşı dayanacaqda göstərilən xidmətin keyfiyyətinin artırılması istiqamətində iş aparılır”.
Nazirlər Kabinetinin qərarına əsasən, hazırda yeni qəbiristanlıq ərazilərinin seçilməsi üçün işlər aparılır.
Minval.info xəbər verir ki, bunu “Xəzər Xəbər”ə açıqlamasında Milli Məclisin İctimai birliklər və Dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.
Komitə sədrinin sözlərinə görə, yeniliklərin tətbiqində əsas məqsəd bu sahədə sosial ədalətin təmin edilməsidir.
Millət vəkilinin sözlərinə görə, həyata keçiriləcək yeniliklərdən biri də yas mərasimlərinin elə qəbiristanlıqların yanında keçirilməsidir.
Maddi cəhətdən imkanı aşağı olan ailələr üçün isə yas mərasimlərini bələdiyyələr təşkil edəcək.
Qeyd edək ki, qəbiristanlıqların salınması və idarə edilməsi qaydalarına əsasən, bu ərazilərin idarəçiliyi bələdiyyələrin ixtiyarına verilir.
Siyavuş Novruzovun sözlərinə görə, bu il Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərində yeni seçilən bələdiyyələr qəbiristanlıqların yeni qaydalara uyğun hazırlanması işi ilə fəal şəkildə məşğul olacaqlar.
Rusiyanın ən böyük mobil operatoru “Megafon” Azərbaycan xalqından üzr istəyib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə “Megafon” şirkətinin mətbuat xidmətinin rəhbəri Yuri Mixalçukun sosial şəbəkələrdə yayılan video müraciətində bildirilib.
O, qurumun saytında separatçı qondarma “Dağlıq Qarabağ Respublikası”nın səhvən müstəqil dövlət kimi göstərdiklərinə görə Azərbaycan xalqından üzr istədiyini söyləyib. Mixalçuk şirkət tərəfindən buraxılan səhvin artıq aradan qaldırıldığını deyib.
Qeyd edək ki, “Megafon” mobil operatoru Azərbaycanın ərazi bütövlüyünün Rusiya tərəfindən tanınmasına baxmayaraq, Qarabağ separatçıları üçün kommunikasiya xidmətləri təklif edib və öz saytında qondarma “Dağlıq Qarabağ”ı müstəqil dövlət kimi göstərib. Rusiyada yaşayan azərbaycanlılar “VKontakte” və digər sosial şəbəkələr vasitəsi ilə “Megafon” istifadəçisi olan həmyerlilərimizi bu mobil operatorun xidmətlərindən imtina etməyə çağırıblar. Bütün bunlardan sonra “Megafon” öz saytında separatçı sondarma “Dağlıq Qarabağ Respublikası”nda kommunikasiya xidmətləri göstərməsi barədə məlumatı silib.
Millət vəkili Arif Rəhimzadə İTV-də yayımlanan “Diqqət Mərkəzi” verlişində çətin anlar yaşayıb.
“Qafqazinfo” xəbər verir ki, o, çıxışında Azərbaycanın mərhum Prezidenti Heydər Əliyevdən danışarkən göz yaşlarına hakim ola bilməyib.
Həmin anın videosunu təqdim edirik:
Bakı sakini “Araz” supermarketdə satılan peçenyenin istehsal tarixinin şirkət tərəfindən uzaldılmasından şikayətçidir.
“Qafqazinfo”ya daxil olan şikayətdə bildirilir ki, sakin Qaraxuçurdakı şadlıq saraylarından birinin altında yerləşən marketdən uşaq üçün peçenye alıb. Həmin peçenyenin üzərində istehsal tarixinin bu ilin mart ayında bitdiyi göstərilir. Ancaq market özü məhsul barəsindəki etiketində istehsal tarixini uzadaraq avqust ayını qeyd edib.
“Məhsul üzərinə istehsal və son istifadə tarixini yalnız istehsalçı şirkət vura bilər. Marketin etdiyi bu hərəkət isə qanunsuzluqdur”- deyə şikayətçi əlavə edib.
“Son on ildə bizim nəslimizdən 20-yə yaxın insan onkoloji xəstəliklər ucbatından vəfat edib”
“Günümüzdə ürək-damar xəstəliklərindən sonra ikinci yerdə ölüm səbəbi olaraq onkoloji xəstəliklər dayanır. Gün keçdikcə xəstəliyə tutulanların sayı artır və xəstəlik “cavanlaşır”. Alimlərin fikrinə görə, bunun səbəblərindən biri sağlam olmayan qidalanmadır”.
Bu barədə tarixçi-alim Dilavər Əzimli bildirib.
“Son on ildə bizim nəslimizdən 20-yə yaxın insan onkoloji xəstəliklər ucbatından vəfat edib. Ən yaşlısının yaşı da 60-ı keçməyib”, – deyə o yazıb.
“Özümçün də apardığım müşahidələrə görə, əsas səbəb qidalardır. Bu gün bizə təmiz kimyəvi maddələr, zəhərlər yedirdirlər. İmkanlı ailələr özləri üçün təmiz və kimyəvi maddə dəyməyən tərəvəzlər əkdirir, qida məhsullarını da xüsusi uçaqla xaricdən gətizdirirlər. Yalnız öz ailəsini düşünən bu biqeyrətlər düşünmürlər ki, onların qohum-əqrəbaları isə zəhərli qidalardan vaxtsız ölürlər”, – alim bildirib.
Onun sözlərinə görə, zəhərli qidaları, tərəvəzləri də həmin imkanlı şəxslər əkdirir və camaata yedizdirirlər: “Bir kilo xiyar, yaxud pomidor alırsan, üç gün qalan kimi ağappaq olur. Eləcə də meyvələr… İki gün keçir, meyvəlikdən əsər-əlamət də qalmır. İlahi, çiyələyə nə qədər zəhər verirlər… Hələ kartofu demirik… Rayonda bu kartofu yeyən balaca dana partlamaya düşüb öldü. Bunu özüm müşahidə etmişəm. Kartofa verilən zəhər dananı iyirmi dəqiqə ərzində öldürdü. Bu kartoflar uzun müddət qalanda ondan elə qurdlar tökülür ki, dəhşətə gəlirsən.. Yaxud süd məhsulları… Görün biz nələri yeyirik?!” “Təsəvvür edin ki, Cənub zonasında reyd keçiriblər və aşkarlayıblar ki, süd məhsulları istehsal edən sexlər necə saxtakarlıqlar edirlər. İnsanlara marqarin və başqa qatışılar qataraq düzəltdikləri yağı kərə yağı adı altında satırlar. Bakıda yağ istehsal edən bir zavodda qohumum çalışır. Mənə dəfələrlə deyib ki, “kərə yağ yemə, çünki bütün yağlar Azərbaycanda hazırlanır və tərkibi dəyişdirilir”. Vallah, adam dəli olur”, – deyə Əzimli qeyd edib.
O, fikrinə belə davam edir: “Bu millət niyə belə pozuldu? İsrail dövlətində qida təhlükəsizliyi tam təmin olunub. Orada xərçəngin yayılması sıfır faizdir. Bizdə isə xərçəng günü-gündən cavanlaşır. Bu da səhiyyənin gəlirini artırır. Onkoloji dərmanlar baha, əməliyyat baha, müalicə baha… İnanın ki, “kef” edirlər… O qədər aludə olublar ki, xərçəng olamayanı da xərçəng çıxardıb ona bahalı dərmanlarla müalicə edirlər. Kimya köçürmək üçün adamları yalandan xərçəng kimi qələmə verirlər. Bütün bunları nəzərdən keçirəndə düşünürəm ki, biz Allahın qəzəbinə gəldik. Ona görə torpaqları da itirdik. Amma həya-abır yoxdur. Pul gözlərimizi elə bağlayıb ki, ancaq onu düşünürük!”
Son günlərdə qarpızla bağlı şikayət edənlərin sayı çoxalıb. Bu gün də Biləsuvar rayonunda qarpız zəhərələnməsindən bir nəfərin öldüyü xəbəri yayılıb. Əslində insan orqanizmi üçün bu qədər xeyirli olan, dadı damaqlardan getməyən bu giləmeyvə az qala “zəhər”ə çevrilib. İnsanları bu zəhərlənmələrdən necə qorunmalıdır? Ümumiyyətlə, qarpızdan imtinamı etməlidir?
News24.az-ın məsələylə ilə bağlı suallarını cavablandıran həkim Gülnarə Babayevanın sözlərinə görə, belə zəhərlənməlıərdən qorunmaq üçün insanlar ən əsası gigiyenik qaydalara əməl etməlidirlər: “Nəinki qarpız, eləcə də, bütün meyvə-tərəvəzlər yaxşı yuyulmalıdır. Əlllər yaxşı yuyulmalıdır. İnsan özü orqanizminin qayğısına qalmalı, gigiyenasına diqqət etməlidir. Bir də görürsən, şəkərli diabet xəstəsi qarpız yeyib, şikayətlə yanımıza gəlir. Əlbəttə, belə vəziyyətdə qusma da, ishal da baş verəcək, şəkəri də qalxacaq. Axı indi heç qarpızın mövsümü də deyil. Onun mövsümü İyulun axırı, avqustun əvvəlidir. Amma bizdə onu qışda da alırlar. Deməli, o, gübrəylə yetişir. Bu da hər kəsdə müxtəlif şəkildə özünü göstərir, kiminə təsir etmir, kiminə də fəsadlar verə bilir”.
Kənd Təsərrüfatı Nazirliyinin eksperti Nicat Nəsirli isə açıqlamasında qarpız zəhərlənmələrinin səbəbini belə izah etdi: “Qarpız bostan məhsulu sayılır. Bu bitki də bir çox bostan və tərəvəz məhsulları kimi yüksək temperatur tələb edir. Bu bitkinin biloloji yetişmə dövrü normativlərə görə iyul ayıdır. Amma bizdə kənd adamları normanı gözləmir, torpağı da var, imkanı da. Ona görə artıq aprel ayından başlayaraq parnikdə toxumları əkir. Gec-tez yetişən sortdan asılı olaraq selofana bükürlər və orada sabit bir temperatur yaranır. Nəticədə örtük altında bu bitki vaxtından əvvəl inkişaf etməyə başlayır. Yəni təbiətin bitkiyə verdiyi biomühit amillərini süni şəkildə yaradırlar. Gübrəylə bitkini aldadırlar. Deməli, ilk olaraq bitkinin istiliyi qorunur, sonra da qidalandırılır. Qidalandırma zamanı yem gübrələrindən istifadə olunur. Əslində bütün bitkilərə gübrə verilir. Bunlar mineral, kimyasal gübrələrdir ki, həm bitkini, həm də torpağı qidalandırır. Bitki torpaqdan bütün mineralları, vitaminləri tələb edir. Bunu biz mineral gübrəylə torpağa veririk ki, bitki normal fizioloji inkişafına çata bilsin. Nə zaman ki, təsərrüfatçı bunun verilmə qaydasını bilmir, bitkiyə normadan artıq üzvi gübrə verir, təbii ki o bitkidə həddindən artıqnitratlar toplanır. Belə bitkini, tərəvəzi yeyən insanda mədə-bağırsaq pozğunluğu yaranır. Ona görə də hər bir fermer bunun normasını bilməlidir. Tutaq ki, 1 hektar sahədə əkilən qarpıza nə qədər gübrə verilməli olduğundan xəbərdar olmalıdır”.
Ekspert onu da əlavə etdi ki, Azərbaycanda yetişdirilən bitkilərin gübrələnməsinə nəzarət mexanizmi yoxdur: “Azərbaycanda 1 milyon 300 min fermer var. Azad bazar iqtisadiyyatı var. Kim nə istəyir əkir. Sovet dövründə buna bir nəzarət var idi. Amma bu gün nəzarət yoxdur. “Mənim iki hektarım var, özüm bilərəm nə əkirəm” – prinsipi irəli sürülür. Ona görə də, nəzarəti təmin etmək mümkün deyil. Burada əsas problem odur ki, insanlar iyul ayına qədər qarpız alırlar, amma bütün qarpızlara da “zəhərlidir” demək olmaz. Bununla bütün istehsalçıların əməyini yerə vurmuş olarıq. Sadəcə, hansısa istehsalçı o normativləri keçib və həddindən artıq gübrə verib “.
2019-cu il iyunun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 faiz artaraq 1590,7 min nəfər olub, onlardan 898,0 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 692,7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, muzdla işləyənlərin 21,0 faizi təhsil, 18,4 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 13,1 faizi sənaye, 8,4 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,2 faizi tikinti, 6,9 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 12,3 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.
2019-cu ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,9 faiz artaraq 583,7 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.