![]() |
![]() |
İyunun 21-dən iyulun 5-dək Azərbaycanın Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Cəlilabad, Masallı, Yevlax şəhərləri və Abşeron rayonunda xüsusi karantin rejimi tətbiq ediləcək.
Bu barədə baş nazir Əli Əsədov qərar imzalayıb.
Bu müddət ərzində məhdud sayda şəxslərin hərəkətinə icazə veriləcək.
Fəaliyyətinə icazə verilən sahələr bunlardır:
1. Səhiyyə və sosial sahə üzrə:
1.1. elmi tədqiqat və laborator xidmətləri;
1.2. xəstəxanalar, poliklinikalar və digər tibb müəssisələri üzrə
xidmətlər;
1.3. baytarlıq xidmətləri;
1.4. tibbi avadanlıqların, dərmanların və tibbi vasitələrin
istehsalı;
1.5. sosial xidmətlər;
1.6. sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntusu olan,
habelə xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti.
2. İnfrastruktur sahəsi üzrə:
2.1. kommunal xidmətlər (kanalizasiya və su təchizatı, qaz təchizatı, istilik təchizatı, enerji paylanması);
2.2. elektrik enerjisinin istehsalı və təchizatı;
2.3. su təsərrüfatı və meliorasiya;
2.4. telekommunikasiya və rabitə xidmətləri.
3. Nəqliyyat və logistika sahəsi üzrə:
3.1. hava, dəniz, dəmir yolu və avtomobil nəqliyyatı ilə yük daşımaları;
3.2. dəmir yolu, dəniz gəmiçiliyi, liman və avtomobil yolları xidmətləri;
3.3. logistika xidmətləri;
3.4. ictimai nəqliyyat və taksi xidmətləri.
4. Əsas istehsalat növləri:
4.1. müdafiə sənayesi məhsullarının istehsalı;
4.2. neft avadanlıqları və qurğularının istehsalı;
4.3. qida məhsullarının və onlar üçün xammal istehsalı, qida məhsullarının tədarükü, təchizatı, saxlanması və topdan satışı;
4.4. gündəlik baxım və gigiyena vasitələrinin istehsalı;
4.5. kimyəvi məhsulların istehsalı;
4.6. kənd təsərrüfatı məhsullarının toplanması, istehsalı və emalı, o cümlədən fermer təsərrüfatlarının fəaliyyəti;
4.7. əkinçilik, növbəli suvarma, bitki mühafizə xidməti və məhsul yığımı;
4.8. neft və qazın hasilatı, emalı, saxlanması və satışı;
4.9. neft və qazın boru kəmərləri vasitəsilə ötürülməsi;
4.10. metallurgiya sənayesi üzrə fəaliyyət;
4.11. tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri;
4.12. mühəndislik və layihələndirmə xidmətləri;
4.13. mülki və sənaye təyinatlı bina və qurğuların, yolların tikintisi və təmiri;
4.14. qablaşdırma məhsullarının istehsalı;
4.15. daş, metal və taxta məhsullarının istehsalı;
4.16. mebel istehsalı və təmiri;
4.17. diri heyvanların kəsimi.
5. Pərakəndə və topdan satış üzrə:
5.1. ərzaq məhsullarının satış məntəqələri;
5.2. apteklər;
5.3. yanacaqdoldurma məntəqələri;
5.4. zoomağazalar, o cümlədən heyvanlar üçün yem satış məntəqələri;
5.5. tikinti materiallarının və məişət xırdavatlarının satışı məntəqələri;
5.6. onlayn satışlar.
6. Məişət xidmətləri üzrə:
6.1. məişət tullantılarının yığılması və utilizasiyası;
6.2. kimyəvi təmizləmə;
6.3. mənzillər istisna olmaqla, yaşayış binalarının təmizlənməsi;
6.4. avtomobillərin təmiri;
6.5. avtomobil yuyulma məntəqələri;
6.6. heyvan sığınacaqları.
7. Kütləvi informasiya vasitələri.
8. Maliyyə təşkilatları üzrə:
8.1. banklar və bank olmayan kredit təşkilatları, lombardlar;
8.2. investisiya şirkətləri, fond birjaları;
8.3. sığorta təşkilatları;
8.4. ödəniş xidmətləri və klirinq xidmətləri göstərən təşkilatlar
9. Xüsusi xidmət növləri üzrə:
9.1. çatdırılma xidmətləri;
9.2. tərcümə xidmətləri;
9.3. poçt xidmətləri;
9.4. dezinfeksiya xidmətləri.
10. Vəkillik fəaliyyəti.qazet.az
“Qarşıdakı dönəmdə maskasız həyatımız olmayacaq”.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu TƏBİB-in şöbə rəisi Yaqut Qarayeva deyib.
O bildirib ki, bunun aylar, yoxsa illərlə davam edə biləcəyini indi demək mümkün deyil: “Gündəlik həyatımıza davam edək, gəzək, restoranlara gedək, amma bunları maska taxmadan etməyək. Maska artıq gündəlik həyat tərzimizə çevrilməlidir. Bölgələrdə insanlar virus yoxmuş kimi hərəkət edirlər.
Virus sərhəd, yaş, sosial təbəqə tanımır. Biz insanıq və virusun yaşaması üçün bizim hüceyrələrimizə ehtiyacı var. Virus Azərbaycanda mutasiya edir, bu gün simptomları olmayan xəstələr çox azdır. Bugünkü xəstəlik mart ayındakı xəstəlikdən fərqlidir. İndi virus daha ağır xəstəliyə səbəb olur. Virusun mutasiyası davam edir. Hər bir kəs özünü və bu yolla öz ətrafını qorumalıdır”.
Murad Əhməd
Bakının giriş-çıxışındakı postlarda yoxlamalar daha da ciddiləşdirilib.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı İTV postlardan sujet yayımlayıb. Kadrlardan görünür ki, karantindən öncə bölgələrə getmək istəyən Bakı qeydiyyatlı, icazəsi olmayan şəxslər geri qaytarılıb.
Həmçinin paytaxta daxil olmaq istəyən sürücü və sərnişinlərin sənədləri də ciddi yoxlanılır. İcazəsiz şəxslərə Bakı, Sumqayıt və Abşeron ərazisinə keçməyə qadağa tətbiq olunur.
Bu gün Operativ Qərargahın brifinqində “E-TEBİB” mobil tətbiqi təqdim olunub.
Mobil tətbiq blutuz bağlantısı ilə işləyəcək.
Qeyd edilib ki, istifadəçinin statusu göy rəng olarsa, demək həmin şəxs virusa yoluxmayıb və virusa yoluxanla ünsiyyətdə olmayıb, sarı rəng həmin şəxsin virusa yoluxan adamla ünsiyyətdə olduğu deməkdir. Qırmızı rəng isə həmin şəxsin virusa yoluxduğunu göstərir, yaşıl rəng isə həmin istifadəçinin artıq test verib neqativ nəticə aldığını bildirəcək.
“Biz istəyirik ki, sosial məsafəni, insanların bir yerə toplaşmasını azalda bilək”.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu TƏBİB-in şöbə rəisi Yaqut Qarayeva deyib.
O, təəssüf hissi ilə bildirib ki, həftəsonları ikigünlük qapanmadan istənilən nəticə alınmayıb: “Hər bir kəs yoluxa bilər. Hər kəs bilməlidir ki, bu xəstəliyin peyvəndi, xüsusi müalicəsi yoxdur. Biz özümüzü bu xəstəlikdən qorumalıyıq”.
Murad Əhməd
Deputat Fəzail Ağamalı təkliflə çıxış edib.
Parlamentin bu gün keçirilən növbədənkənar sessiyasının dördüncü iclasında çıxış edən Fəzail Ağamalı bildirib ki, rayonlarındakı problemləri parlamentə gətirmək dogru deyil:
“Hesab edirəm ki, rayonlarda olan problemlər tünd rənglə parlamentə gətirilməməlidir. Şər qüvvələr ki, bundan sui-istifadə edir. Yanlış tərəflərə yozurlar. Yaxşı olar ki, problemləri aidiyyatı qurumlara çatdırsınlar”. (modern.az)
“Pandemiya nəticəsində iqtisadi fəallıq zəifləyib”. Modern.az-ın xəbərinə görə, bunu Milli Məclisin iclasında Maliyyə naziri Samir Şərifov deyib.
O bildirib ki, 2 həftəlik sərt karantin rejimi ilə bağlı da bəzi müzakirələr gedir, bu məsələyə baxılır, müvafiq qərarlar qəbul olunacaq:
“2021-ci ilin dövlət büdcəsinin layihəsinin hazırlanması prosesi artıq başlayıb. Kifayət qədər səmərəli büdcə var. Mövcud şəraitə baxmayaraq, biz büdcəni vaxtında hazırlayıb çatdırmaq iqtidarındayıq”. (modern.az)
“Vəziyyət arzuolunmaz səviyyədə davam edərsə, karantin rejiminin daha da sərtləşdirilməsi və cərimələrin artırılması müzakirə oluna bilər”.
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə heyətinin sədri Ramin Bayramlı bildirib.
O qeyd edib ki, Türkiyədə, İsraildə, Avropa ölkələrində cərimələrin miqdarı 1000 dollara qədər artırılıb:
“Hətta Hindistanda polis vətəndaşa dəyənəklə müdaxilə edir. Amma düşünmürəm ki, Azərbaycanda buna ehtiyac olsun. Yadınızdadırsa mən demişdim ki, hər kəs ətrafında virusa yoluxmuş insan görəcək. Bu sözümü fərqli istiqamətə çəkənlər, qarğış kimi qəbul edənlər olmuşdu. Bu sözü deməkdə məqsədimiz o idi ki, insanlar karantin rejiminə əməl etsinlər”.
R.Bayramlı qeyd edib ki, onun da yaxınları, qohumları arasında koronavirusa yoluxanlar var:
“Təəssüf ki, onlar da digər vətəndaşlar kimi karantin qaydalarına riayət etməyib, ad günü, yas mərasimlərində bu virusa yoluxublar. Hətta həkimlərimiz arasında da qaydalara riayət etməyənlər var. Biz Azərbaycan Tibb Universitetinin dosentini itirdik. O da ad günündə koronavirusa yoluxmuşdu. Özü öldü, ailə üzvləri isə xəstəxanadadır”. (publika.az)
“Bizdə insanlarda virusa qarşı inamsızlıq var. Çünki insanları inandıracaq tibbi kadrlar, xüsusilə də virusoloqlarımız yoxdur”.
Bunu deputat Fazil Mustafa bu gün parlamentin növbədənkənar sessiyasının növbəti iclasındaki çıxışı zamanı deyib. O qeyd edib ki, təcili İsraildən mütəxəssislər dəvət edilməlidir:
“Onlar xalqın qarşısına çıxıb bununla bağlı izahatlar verməlidirlər. Biz karantin rejimini polisin üzərinə qoymamalıyıq. Dünyada bu yükü səhiyyə sistemi idarə edir. Bundan əlavə, tibbi maskanın qiymətini 5 qəpik etmək lazımdır. Qoy xüsusilə də avtobus sürücülərinin maska taxmamaqla bağlı bəhanələri olmasın. Lazım olsa Milli Məclisin iclaslarını da təxirə salıb onlayn şəkildə keçirməliyik”. (modern.az)
“Getdikcə yoluxma və ölüm artacaq. Biz faciə qarşısındayıq. Biz deyəndə ki, əhalinin çoxu yoluxub, hərə bir cür danışır. Görünür ki, cəmiyyətdə bir mənəvi aşınma gedir. Sosial şəbəkələrdə yazılanlara baxın: hələ də inanmayanlar var. Ona görə də yoluxmanın artmasında əhalinin günahı yetərincədir”.
Bunu professor Adil Qeybulla deyib.
A.Qeybulla insanların məsuliyyətsizliyə yol verdiyini, sosial izolyasiyaya əməl etmədiyini düşünür: “Bunu dəfələrlə bildirmişik. Amma insanlar qəbul etmirlər. Yəqin ki, biz hamımız koronavirusa yoluxacağıq. Çünki Operativ Qərargahın tədbirləri özünü doğrultmur”.
A.Qeybullanın sözlərinə görə, mütəxəssislər bir araya gəlməli, tövsiyələr verməliydilər: “Bu problem 3-5 adamın iradəsi ilə həll olunmur. Amerikada alimlər, mütəxəssislər toplaşırlar, müzakirələr aparırlar və birgə qərar verilir. Operativ Qərargah isə söyləyir ki, başqa ölkədə bu qaydalar tətbiq olunub, gəlin biz də edək. Axı hər ölkənin öz yanaşması, əhalisinin mentaliteti var. Operativ Qərargah isə hazırlıqsız vəziyyətdə karantin rejimini yumşaltdı. Mən düşünmürəm ki, Bakıda sıxlığı azaltmaq da çıxış yoludur. Bu halda rayonlara axışmaqla epidemioloji coğrafiya genişlənə bilər. Çünki bölgələrdə də yoluxma var. O baxımdan maarifləndirmə güclənməli, sosial izolyasiya, maska taxmaq qaydaları ciddi şəkildə təmin edilməlidir. Yalnız bu halda yoluxmanın azalmasının qarşısı alına bilər. İndiki vəziyyətdə sərt karantinin qaytarılmasının da hansı nəticə verəcəyini söyləmək çətindir. Yaydır, istidir, insanları evə bağlamaq effektiv olacaqmı?”. /Yeni Müsavat/