Son xəbərlər

“Qadınlar yasda bir-birini qucaqlayıb öpürlər, yoluxurlar”

Son günlər Azərbaycanda koronavirusa yoluxanların gündəlik sayı 500-ə çatır. Bu vəziyyətdə ağırlıq həm cəmiyyətə, həm də həkimlərin çiyninə düşür.

“Qafqazinfo”nun əməkdaşları ən ağır xəstələrin yerləşdirildiyi yeni fəaliyyətə başlayan “Yeni Klinika”da olub, dünyanın tanımadığı xəstəlikdən insanlarımızı xilas edən həkimlər və bu xəstəliyə düçar olanlarla söhbətləşib.

Anestezioloq-reanimatoloq, tibb üzrə fəlsəfə doktoru Kəmalə Namazova deyib ki, son bir ay ərzində reanimasiya şöbəsinə daxil olan xəstələr kritik ağır vəziyyətdə olur: “Əksəriyyətində kəskin tənəffüs çatışmazlığı, kəskin respirator distress sindrom olur. Yanaşı xəstəliklər fonunda vəziyyəti ağırlaşmış xəstələrin sayı çoxalıb. Bu xəstəxanada xəstələrdə ən çox rast gəlinən yanaşı xəstəliklər ürəyin xroniki işemik xəstəliyi, şəkərli diabet, hipertoniyadır. Xəstələrin əksəriyyətinin yoluxma mənbəyi yas yerləridir. Qadınlar bir yerdə otururlar, söhbət edirlər, bir-birini qucaqlayıb öpürlər. Bu yolla yoluxurlar. Hazırda bizim reanimasiyada 30-a yaxın xəstə var, təxminən 25-i kritik ağır vəziyyətdədir. Əksəriyyəti süni tənəffüs aparatına qoşulub. Belə xəstələr ancaq üzü üstə uzanır, onlara su çox verəndə həm qusma refleksi ola bilər, həm də diafraqmanın qalxması nəticəsində tənəffüs çatışmazlığı dərinləşə bilər. Ona görə də hər saatda 5-10 milliqramdan artıq su verilmir”.

Həkim K.Namazova bildirib ki, 3 aya yaxındır ki, xəstələri müalicə edərkən özü də bu virusa yoluxub: “Mən özüm də yoluxmuşdum, qohumlarımdan da yoluxanlar var. Dəhşətli bir şeydir, sanki “atom bombası”dır. Yoluxan insanda birinci iybilmə və dadbilmə olmur. Təsəvvür edin ki, turş limonu ağzına qoyursan, amma dadını bilmirsən. Çətin nəfəs alırsan, sanki kimsə əli ilə səni tutub boğur. Tənəffüs çatışmazlığı, təngnəfəslik artır. Döş qəfəsi əzələlərində və sümüklərində kəskin ağrılar olur. Çünki bu xəstələrdə mübadilə pozğunluğu gedir. Virus demək olar ki, bütün orqanları, beyni də zədələyir. Kimsə fikirləşir ki, cavanam, tez sağalacağam, bu, mümkün deyil. Vaxtında həkimə müraciət etmək mütləqdir. Hazırda reanimasiyada 20, 35 yaşlı xəstələrimiz var. 36 və 45 yaşlı vəfat edən xəstələrimiz olub. Xəstələr çox vaxt evdə yatır, özləri bildiyi dərmanları qəbul edir, sonra bizim yanımıza ağırlaşmış vəziyyətdə gəlirlər, onda da çox gec olur. Bir xəstənin üzərində həkim 25 gün zəhmət qoyur, əziyyət çəkir. Bu virus nə yaşa, nə sosial təbəqəyə, nə də vəzifəyə baxır”. 

Həkim bildirib ki, koronavirusa yoluxanlar arasında uşaqlar da var: “Ən çox leykozlu, talassemiyalı uşaqlardır”. 

Reanimatoloq Ulduz Əlicabbarova əlavə edib ki, bir aya yaxındır burdadır: "Günlər keçdikdə xəstələrin sayının və ağırlaşmasının artıdığını müşahidə edirik. Burada xəstələrin necə boğulduğunu görmək bizim üçün çox çətindir. İstəyirəm ki, insanlarımız bu xəstəliyin həyat üçün nə qədər təhlükəli olduğunu başa düşsün”. 

Koronavirusa yoluxmuş 79 yaşlı H. Zahidov bildirib ki, ondan əvvəl iki qızı koronavirusa yoluxub: “Mən də özüm gedib test verdim, bir şey çıxmadı. 10 gündən sonra bu vəziyyətə düşdüm, gəlib məni apardılar. Boğuluram...”

Koronavirusa yoluxan qadın isə bildirib ki, qaynının yasına gedib və orada yoluxub: “İlkin olaraq temperaturum yüksəldi və tərləyirdim, halsız olurdum, təngnəfəslik də vardı. Bu xəstəlik çox ciddidir, inanmayanlar buna inansın”.

Murad Əhməd

Video: Nuran Məmmədov

 







 
Azərbaycanda koronavirusla bağlı daha birAzərbaycanda koronavirusla bağlı daha bir qadağanın tətbiqinə başlanılıb.

"Ölkə.Az" xəbər verir ki, koronavirus epidemiyası taksi xidmətlərində yeni qaydaların tətbiqinə səbəb olub.

 Bu qaydaları tətbiq etməyən taksi sürücülərinə fərqlənmə nişanı verilməyəcək. redaktor.az

Şərtlərin nədən ibarət olduğunu və hansı taksi xidmətlərinə aid edildiyini bilmək üçün videonu izləyin:

SON DƏQİQƏ! Azərbaycanda vəzifəli şəxs işdən çıxarıldı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Zərdab rayon Məşğulluq Mərkəzinin direktoru Aydın Qafarov vəzifəsindən azad edilib.
Bu barədə müvafiq əmr imzalanıb.

Qeyd edək ki, A.Qafarov 5 ay əvvəl bu vəzifəyə təyinat almışdı. (report.az)

SMS icazə ilə rayonlara getmək istəyənlər postlardan buraxılacaq?

Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazilərində tətbiq edilmiş məhdudiyyətlərlə əlaqədar fəaliyyətinə icazə verilmiş qurum və təşkilatlarda işləyən bəzi şəxslərin xidməti vəsiqə, bəzilərinin "icaze.e-gov.az" portalına daxil edilmiş məlumatları, digər şəxslərin isə SMS məlumat əsasında ərzaq və digər gündəlik tələbat mallarının, dərman vasitələrinin alınması, dövlət xidmətlərinin, bank və ya poçt xidmətlərindən istifadə edilməsi zərurəti, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün gündə 1 dəfə olmaqla 2 saat müddətinə icazə verilmişdir.

Lakin ötən gün ərzində aparılan müşahidələr göstərir ki, SMS məlumat vasitəsi ilə yaşayış yerini və olduğu yeri tərk etmək üçün 2 saat müddətinə icazə almış bəzi rayon qeydiyyatlı şəxslər icazəni təyinatı üzrə deyil, sərtləşdirilmiş karantin rejimi tətbiq edilməyən ərazilərə getmək üçün alırlar.

Trend xəbər verir ki, göstərilənləri nəzərə alaraq, DİN Baş DYP İdarəsi Bakı, Sumqayıt şəhərləri və Abşeran rayonunda yaşayan, lakin respublikanın ayrı-ayrı rayon və şəhərlərində daimi qeydiyyatda olan hərəkət iştirakçılarının diqqətinə çatdırır ki, infeksiyaya yoluxmanın yayılma sürətini nəzərə alaraq, SMS vasitəsi ilə icazə alıb daimi qeydiyyatda olduğu rayonlara getmək istəyən şəxslər həmin inzibati ərazilərin sərhədlərindəki avtomobil yollarında yerləşən karantin postlarından buraxılmayacaqlar.

Xahiş olunur ki, həmin şəxslər karantin postlarının paytaxtdan 50-60 kilometrlik məsafədə yerləşməsini nəzərə alaraq, qeyd olunan istiqamətlərə getməklə əlavə əziyyət çəkməsinlər, eləcə də ölkədə tətbiq edilmiş epidemiya əleyhinə və karantin rejimlərinin pozulmasına görə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməmək üçün digər yollardan istifadə etməklə karantin ərazilərini keçməyə cəhd göstərməsinlər.

Azərbaycan Ordusu dağlıq ərazidə təlim keçirdi
Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına əsasən, dağlıq ərazidə hücumun planlaşdırılması və aparılması tapşırıqlarının icrası üzrə Azərbaycan Ordusu bölmələrinin təlimi keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təlimə 800 nəfərədək şəxsi heyət, 100-dək zirehli döyüş və avtomobil texnikası, 40-dək müxtəlif çaplı artilleriya qurğusu, altı ədəd döyüş və nəqliyyat helikopterləri cəlb olunub.

Təlimin məqsədi komandirlərin dağlıq ərazidə döyüş bacarıqlarının təkmilləşdirilməsi, hücum döyüşlərinin aparılması zamanı bölmələrin idarəolunması, şəxsi heyətin fiziki dözümlülüyünün yoxlanılması, eləcə də, bölmələrin qarşılıqlı fəaliyyətinin təşkili olub.

Həyəcan siqnalı ilə qaldırılan bölmələr ehtiyat rayonunun tutulması, dağ aşırımlarının və hakim yüksəkliklərin ələ keçirilməsi, əsas qüvvələrin hücumu üçün əlverişli şərait yaradılması tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirilib.

Təlimin yekun mərhələsində döyüş atışları icra olunub.

 

İki həftəlik sərt karantin rejimi avqusta kimi uzadılır?

Xəbər verdiyimiz kimi iyunun 21-də 491 nəfər koronavirusa yoluxub, 6 nəfər ölüb. Qeyd edək ki, yoluxmanın sürətlə artmaması üçün şənbə-bazar və bayram günləri insanların çölə çıxması qadağan olmuşdu. Lakin buna baxmayaraq gündəlik yoluxma 400 nəfəri keçdi. Koronavirusa yoluxanların və ölənlərin sayı artdığı üçün 5 iyula qədər 2 həftəlik sərt karantin rejim elan olundu. Əgər yoluxma artma dinamikası ilə davam etsə 2 həftəlik sərt karantin rejimi avqustun 1-nə kimi uzadıla bilərmi?
Deputat Nəsib Məhəməliyev vətəndaşlarımızı təşvişə düşməməyə səsləyiblər: "Ancaq günü-gündən artan yeni yoluxma halları vəziyyətin xoşagələn olmadığına dəlalət edir. İki aylıq karantin rejimi yumşaldıldıqdan sonra insanlar heç nə olmamış kimi küçələrə axışdılar. Əhalinin kütləvi toplaşdığı əyləncə və ticarət mərkəzlərində, ictimai nəqliyyatda tibbi maskadan istifadə etmədən, sosial məsafə gözlənilmədən davrandılar. Bu gün də bir çox insana hələ çatmır ki, qətiyyən belə olmaz. Düşünürəm ki, televiziya və yazılı mətbuat vasitəsilə daha ciddi təbliğatın aparılmasına zərurət var. Əgər iki həftə ərzində kəskin azalma baş verməyəcəksə, karantin rejiminin uzadılması ilə yanaşı, daha da sərtləşdirilməsi gözləniləndir".(sonxəbər)

Karantin postlarında belə yenilik olmamışdı

Yol polisi karantin postlarında vətəndaşları xüsusi texnika vasitəsilə yoxlayır.

Yeni planşetlər vətəndaşın şəxsiyyət vəsiqəsini tez bir zamanda oxuyur və portalda icazəsinin olub-olmadığını müəyyən edir. Bunun üçün sadəcə 3-5 saniyə vaxt tələb olunur. Yeni texnologiya vətəndaşların postlarda daha tez yoxlanılması üçün effektiv nəticədir. Eyni zamanda, polislər vətəndaşın sənədinə əllə toxunmadan yoxlama apara bilirlər.

Qeyd edək ki, köhnə şəxsiyyət vəsiqələrində üz, yeni vəsiqələrdə isə arxa tərəfi göstərməklə planşet məlumatları oxuya bilir. (publika.az)

Azərbaycana daha bir təhlükə yaxınlaşır

Alimlərinin proqnozlarına görə, 39 ölkədə, o cümlədən Azərbaycanda su qıtlığı ehtimalı var.
Konkret.az xəbər verir ki, respublikadakı su anbarlarının tutumu 21 milyard kub metr olsa da, bu rəqəm 4 milyard kub metr azalıb. Bu isə vəziyyətin getdikcə çətinləşəcəyini istisna etmir. Digər tərəfdən, ölkədə su ehtiyatının miqdarını göstərən dəqiq statistika mövcud deyil. Bu da vəziyyətlə bağlı lazımi tədbirlərin görülməsini çətinləşdirir.

Bəs vəziyyətdən necə çıxmaq olar? Hansı addımlar atılmalıdır?
Ətraflı videodan izləyin:

<embed width="640" height="360" src="https://player.bax.tv/106045.html" frameborder="0" webkitAllowFullScreen mozallowfullscreen allowFullScreen></embed>

“Yaxın qohumların dəfnində iştirakla əlaqədar Daxili İşlər Nazirliyinin 102 Zəng Xidmətindən icazə alınmalıdır”.

Bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

“Vətəndaşlar xüsusi karantin rejiminin sərtləşdiriləcəyi Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində dəfn mərasimlərində DİN-in “102” zəng xidmətindən icazə aldıqdan sonra iştirak edə biləcək”, – o bildirib.

“Gün ərzində SMS icazə sistemində 1 kodundan istifadə edən şəxs 2 kodundan da istifadə edə bilər”.

Bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

“Dediyim kimi hər iki koddan gün ərzində istifadəyə icazə var. Amma, təbii ki, sui-istifadəyə yol verməmək şərtilə. Çünki sui-istifadə hallarının artması bizi bu limitin azaltmasına məcbur edir”, – o bildirib.

Qeyd edək ki, 1 rəqəmi – təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün (icazə rayon və şəhər daxilində 2 (iki) saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir),

2 rəqəmi – ərzaq və digər gündəlik tələbat mallarının, dərman vasitələrinin alınması, dövlət xidmətlərinin, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün (icazə 2 (iki) saat müddətinə gündə 1 dəfə verilir, dövlət xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk edən şəxslər üçün geri qayıtma müddəti müvafiq dövlət qurumu tərəfindən verilən arayışla müəyyən edilir).