Son xəbərlər

İyulun 20-dən sonra sərt karantin rejimi yumşaldılacaq?

Xəbər verdiyimiz kimi Operativ Qərargahın keçirdiyi brifinqdə sərt karantin rejiminin daha 2 həftə uzadılacağı bildirilib. Sərt karantin rejiminə görə bir çox müəssisələrin fəaliyyəti dayandırılıb. Bir çoxları iyulun 19-dan sonra yenidən mərhələli şəkildə yumşalmaların olacağını bildirir. İyulun 20-dən sonra sərt karantin rejimi yenidən yumşaldıla bilərmi?
Bununla bağlı Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib ki, ölkə ərazisində hazırda sərt karantin rejimi tədbiq edilir:

"Bir neçə gün öncə Operativ Qərargahın keçirdiyi brifinqdə sərt karantin rejiminin yenidən 2 həftə uzadılacağı qeyd edildi. Bilirsiniz ki, dünənki statistika da ürəkaçan olmadı. 588 nəfər yeni yoluxma qeydə alındı, 7 vətəndaşımız isə vəfat etdi. Düşünürəm ki, bu statistika ilə karantin rejimini yumşaltmaq yoluxanların sayının kəskin artıra bilər. Bu məsələdə təsəlsmək olmaz. İnsanlarımızı da anlayıram. Havalar istiləşdikcə evdə oturmaq bir az çətinləşir. Amma özümüzün, yaxınlarımızın və bütün Azərbaycan cəmiyyətinin sağlamlığını qorumaq üçün qoyulan qaydalara əməl etməliyik. Qoruyucu tibbi maskalardan istifadə edib, sosial məsafəni qorumalıyıq. Vacib olmadıqca evdən çölə çıxmamalıyıq. Çünki bu xəstəlik digərlərindən fərqli olaraq sürətlə yayılır və insan orqanizmində çox böyük fəsadlara səbəb olur. Təəssüf ki, koronavirus qocaya cavana, və uşağa baxmır. Əvvəl deyirdilər ki, bu xəstəlik 65 yaşdan yuxarı insanlar üçün təhlükəlidir. Amma son günlər bu virusdan ölənlərin bir çoxu gənc yaşda olan vətəndaşlarımızdır. Ona görə də bu məsələdə hər birimiz sosial məsuliyyətimizi dərk etməklə onlarla, bəlkə də yüzlərlə vətəndaşımızın həyatını xilas etmiş olarıq. Qaldı ki,

iyulun 20-dən sonra yumşalmaların olub-olmamasına onu zaman və yoluxmanın statistikası göstərəcək. Əlbəttə yumaşlmanın olub-olmayacağı ilə bağlı qərar qəbul etmək Operativ Qərargahın səlahiyyətindədir. Əgər yoluxmanın dinamikasında və ölənlərin sayında xeyli sayda azalma olarsa əvvəlki qayda da olaraq mərhələli şəkildə yumşalmalar ola bilər. Əlbəttə bu da bizlərdən asılıdır. Əgər biz sosial məsuliyyətimizi dərk edib, qoyulan qaydalara və verilən tövsiyələrə əməl edərək dövlətimizin bu istiqamətdə atdığı addımlara dəstək olarsaq tezliklə normal həyatımıza qayıda bilərik".

Sürücülər belə icazə alacaq

Müvafiq indeks üzrə yaşayış yerini avtomobillə tərk etmək istəyən vətəndaşlar şəxsiyyət vəsiqəsinin seriya nömrəsi ilə yanaşı nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını da 8103-ə göndərməlidir.
Təsdiq mesajı gəldikdən sonra vətəndaş şəxsi avtomobili ilə 2 saat müddətində yaşayış yerini tərk edə bilər.

Qeyd edək ki, bu gündən Bakı şəhərinin giriş və çıxışları istisna olmaqla küçə və prospektlərdə quraşdırılmış xüsusi polis postları ləğv edilib. Bundan sonra şəhərdəki bütün qapalı məkanlarda vətəndaşlarımızın karantin rejimindən irəli gələn tələblərə, xüsusilə tibbi maskadan istifadə və sosial məsafənin gözlənilməsinə mütləq qaydada riayət etmələrinə nəzarət daha da gücləndiriləcək. Küçə və prospektlərdə, eləcə də şəhərdaxili məhəllələrdə piyada patrul naryadlarının sayı artırılacaq, nəqliyyat vasitələrinin hərəkətinə müvafiq icazənin olub-olmaması isə videomüşahidə kameraları ilə müəyyən ediləcək.

Xatırladaq ki, daha əvvəl sui-istifadə hallarına yol verilməsinin qarşısının alınması məqsədilə 8103 SMS icazə ilə bağlı məhdudiyyətlər tətbiq edilib.

Belə ki, müvafiq kod üzrə SMS icazənin cavab gəlişinin müddəti 15 dəqiqəyə qədər artırılıb. Bundan əlavə gün ərzində vətəndaşın müvafiq kodlardan yalnız biri ilə iki saatlıq yaşayış yerini tərk etməsinə icazə verilib.

Qapı açıq, otaqlar boş...
Türkan qəsəbəsi, Xanlar küçəsi ilk baxışdan zibil poliqonunu xatırladır. Amma bura zibil poliqonu yox, sakinlərin sıx yaşadığı bir ərazidir.

Məsələ ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramı maraqlı süjet hazırlayıb.

Sakin:  “Pandemiya dövründə belə şeylər qəbul edilməzdir. Buranı zibilxanaya döndəriblər”.

Probelem qəsəbədə zibil yeşiklərin olmamısıdır. Qəsəbənin əsas küçə və yollarında vur tut bir –iki zibil yeşiyinə rast gələrəsən ki, onların özü elə tullantı vəziyyətindədir.

Zibil qablarının olmamasından vətəndaşlar çıxış yolunu belə boş ərazilərdə görür ki, məcburən zibilləri də belə yarımtikililərə atırlar. Nəticədə belə antisanitar vəziyyət və üfunət dolu görkəm yaranır.

Sakin: “Zibilimiz olanda qoyuruq maşına, harasa gedəndə yolda atırıq zibil qutularına”.

Sakin: “Kənd içində bəzi yerlərdə zibil qutuları var, lakin çox yerdə yoxdu. Küçələrə atılmış zibilin vəziyyəti külək əsəndə sizcə necə olacaq?”.

Bəs kimdir müqəssir? Sakinlər yoxsa, aidiyyəti qurumlar? Qəsəbə sakinləri deyir ki, onlar öz üzərinə düşən öhtəliyi yerinə yetib yerli qurumlara məlumat veriblər. Aldıqları cavab isə belə olub...

Sakin: “Çimərliklərdə zibil qutuları yerləşdirilib. Mən onlara bildirəndə ki, bunlar qəsəbə üçün ayrılıb. Dedi ki, onlarla müqavilə bağlanılıb. Mən başa düşə bilmirəm ki, bu müqaviləni sakinlərlə bağlamaq olmaz?”.

Mövcud problemin nə vəxt və necə həll olunacağı ilə bağlı məlumat almaq üçün üz tutduq, Türkan İcra nümayəndəliyinə. Qapı açıq, otaqlar boş...

Məlumat əldə etmək üçün səlahiyyətli şəxs tapmaq isə, bir igidlikdir. Görünür, sözün əsl  və məcazi mənasında zibilə düşən 17-18 min əhalisi olan Türkan qəsəbəsində vəziyyət elə belə də davam edəcək...

Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev enerji içkiləri ilə bağlı həyacan təbili çalıb.
O, “Ölkə.Az”a açıqlamasında bildirib ki, sözü gedən içkilərin ölüm riski var.

Onun sözlərinə görə, koronavirusun tüğyan etdiyi bu vaxtda enerji içkilərinin qəbulu daha ağır fəsadlar törədə bilər.

“Red Bull, Bizon, Hell” kimi enerji içkiləri çox ziyanlıdır. Hər zaman deyilib və indi də deyilir ki, insanlar bu içkilərdən qaçmalıdırlar”.

Baş infeksionist enerji içkilərinin insan orqanizmini zəiflətdiyini, immuniteti aşağı saldığını və asılılıq yaratdığını da vurğulayıb.

“Bu içkilərin fəsadlarından biri də insanda immun sistemini darmadağın etməsidir. Bundan başqa onlar insanda psixoloji asılılıq yaradır. Xüsusən də bu cavanlar üçün dəhşətli vəziyyət, asılılıq yaradır. Bu da onun tərkibində olan yüksək dərəcədə kofeinin olmasından qaynaqlanır. Bu çox ciddi bir haldır. Çox miqdarda kofein, xüsusilə də, hipertansiyon, ürək qeyri-kafiliyi, ritm pozuqluğu kimi xəstəlikləri olanlarda ürək və yüksək təzyiq kimi fəsadlar törədə bilir”.

Cəlal İsayev immun sisteminin gücləndirmək üçün təbii şirələrin qəbulunun vacibliyindən də söz açıb:

“Hazırda meyvənin bol vaxtıdır. Tövsiyyə edirəm ki, insanlar bu meyvələrdən bol-bol istifadə etsinlər. Təzə meyvələrdən təbii şirələr çəkib, qəbul etsinlər. Bundan başqa bu meyvələrdən kompotlar hazırlasınlar. Mağazalarda satılan hazır şirələrdən də istifadə etməsinlər”.

Ticarət mərkəzləri və restoranlar ayın 5-də açılacaq?

"Koronavirus infeksiyasına yoluxmaların çox olduğu inzibati ərazilərdə tətbiq olunmuş sərt karantin rejimi sayəsində yoluxmaıarın dinamikası sabitləşmişdir. Amma gündəlik yoluxanların sayının 500-ün üstündə qalması, narahat doğorucu məqamdır”.
Bu sözləri Redaktor.az-a açıqlamasında millət vəkili Azər Badamov karantin qaydalarının daha da sərtləşdirilməsi ilə bağlı danışarkən deyib. O bildirib ki, yoluxma sayının artması insanların karantin rejiminin tələblərinə məsuliyyətlə yanaşmamasından irəli gəlir:

"İyulun 5-nə qədər bu dinamika 500-ün üstündə qalarsa, sərt karantin rejiminin uzadılması qaçılmaz olacaqdır. Sərt karantin rejimi həm dövlətimiz, həm də vətəndaşlarımız üçün çətin olsa da, dövlət vətəndaşların sağlamlığını hər şeydən üstün tutur. Düşünürəm ki, Operativ Qəragah gündəlik vəziyyəti təhlil edərək, düzgün qərar qəbul edəcəkdir”.

Millət vəkili bildirib ki, qanunun aliliyi qorunmalı və qaydaları pozan hər kəs cəzalandırılmalıdır:

"Qaydalar qanunla sərtləşdirilib, inzibati cərimələr də iki dəfə artırılıb. Hazırda qanunların tələbləri kifayət qədər sərtdir. Sadəcə qanunun tələblərinə nəzarətin gücləndirilməsinə ehtiyac olduğunu düşünürəm. Çünki, bu gün də ictimai qapalı yerlərdə tibbi maskadan istifadə etməyənləri, hərəkətinə qadağa qoyulduğu halda müxtəlif yollardan istifadə edərək tələblərin pozulduğunu müşahidə edirik. Düşünürəm ki, qanunun aliliyi qorunmalı və qaydaları pozan hər kəs cəzalandırılmalıdır. Çox təəssüf ki, biz düşüncəmizlə yox, qorxu ilə yaşamağa öyrəşmişik. Sivil ölkələrdə görürük ki, insanlar düşüncəli şəkildə qaydalara riayət edirlər. Amma təəssüf ki, bizdə qaydalara riayət edənlər çox azdır”.

A. Badamovun fikrincə, sərt karantin rejimi uzadıldığı halda ticarət mərkəzləri və restoranların bağlı qalması daha məqsədə uyğundur:

"Təhlillər onu göstərir ki, ən çox yoluxmalar mall və restoranlarda baş verir. Ona görə də müəyyən müddətə sərt karantin rejiminin tətbiqini bizim həyatımızın təhlükədən qorunması kimi anlamalıyıq və qaydalara hamılıqla əməl etməliyik. Tibbi maskanı qolumuzda və ya çənəmizdə yox, tənəfüs yollarının mühafizəsinə istifadə etməliyik. Həmçinin, sosial məsafə gözlənilməli və şəxsi gigiyenamıza diqqət etməliyik”.

Rayon postlarından qaytarılanların sayı açıqlandı

Sərtləşdirilmiş karantin rejimi tətbiq edilən ərazilərdə nəqliyyat vasitələri ilə hərəkətdə olan 1223 nəfər cərimələnib.

Baş Dövlət Yol Polisi İdarəsindən “Qafqazinfo”ya verilən məlumata görə, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə 175 nəfər İnzibati Xətalar Məcəlləsinin 211.2-ci və eyni əməllərin il ərzində təkrar törədilməsinə görə Məcəllənin 211.3-cü maddəsi ilə 5 nəfər olmaqla ümumilikdə 1403 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Qeyd olunan müddət ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 40-ı rayon, 60-ı paytaxt istiqamətinə olmaqla 100, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 115-i rayon, 270-i paytaxt istiqamətinə olmaqla 385, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 215-i rayon, 100-ü paytaxt istiqamətinə olmaqla 315 nəqliyyat vasitəsi geri qaytarılıb, ümumilikdə 800 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.

Polis cərimə ödəyən şəxsə qəbz verməyib?

Daxili İşlər Nazirliyi sosial şəbəkədə polisin cərimə ödəyən şəxslərə qəbz verməməsi ilə bağlı iddialara cavab verib.

Elxan Əliyev adlı sosial şəbəkə istifadəçisi öz səhifəsində status paylaşaraq bildirib ki, Gəncə şəhərində olarkən tibbi maskadan istifadə etmədiyinə görə polis əməkdaşları onu Polis İdarəsinə aparıb inzibati qaydada cərimə ediblər.

O, iddia edir ki, cəriməni yerində ödəsə də ona qəbz verilməyib. Bunu da onunla əlaqələndirir ki, ödəniş etdikdən sonra polis əməkdaşları protokolu ləğv edərək cərimə pulunu mənimsəyirlər.

Məsələyə münasibət bildirən DİN Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib ki,  Elxan Əliyevin iddiaları araşdırıldı:

"Məlum oldu ki, iyunun 29-da o, Gəncədə tibbi maskadan istifadə etmədiyinə görə polis əməkdaşları tərəfindən İdarəyə gətirilmiş, İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən barəsində protokol tərtib edilmiş və 50 manat məbləğində cərimə edilərək buraxılmışdır. O ki, qaldı Cinayət Məcəlləsinin 5 müxtəlif maddələri ilə əvvəllər məhkum olunmuş, saxlanılarkən AXCP üzvü olduğunu qabardaraq polis əməkdaşlarını şərləyəcəyi ilə hədələyən Elxan Əliyevin polis əməkdaşları tərəfindən protokolun məhv edilib cərimə pulunu mənimsəmələrinə dair iddiası tamamilə cəfəngiyatdır və 50 manatın yanğısından doğan qərəzdir. Ona görə də sübut üçün tərtib olunmuş rəsmi protokolun və ödədiyi 50 manat cərimə pulunun qəbzinin fotolarını da sizə təqdim edirəm".

Qeyd edək ki,  Elxan Əliyev adlı sosial şəbəkə istifadəçisi öz səhifəsində status paylaşaraq bildirib ki, Gəncə şəhərində olarkən tibbi maskadan istifadə etmədiyinə görə polis əməkdaşları onu Polis İdarəsinə aparıb inzibati qaydada cərimə ediblər. O, iddia edir ki, cəriməni yerində ödəsə də ona qəbz verilməyib. 

Əsgərliyə yolasalma başladı

Prezident İlham Əliyevin iyunun 11-də imzaladığı “Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncamın icrasına başlanılıb.

Sənədə əsasən 2002-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1985–2001-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Silahlı Qüvvələrdə müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş vətəndaşlar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən 2020-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə yola salınacaqlar.

Bu gündən etibarən çağırışçıların müəyyən edilmiş qrafik əsasında xidmət yerlərinə göndərilməsinə başlanılıb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti çağırışçıları mövcud vəziyyətlə əlaqədar nizam-intizamlı olmağa çağırıb.

İyulun ilk günü havanın hərarəti 35 dərəcəyə yüksələcəkİyulun 1-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 19-22, gündüz 29-34, Bakıda gecə 20-22, gündüz 31-33 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 755 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz təşkil edəcək.

Abşeron çimərliklərində şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 21-22, Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, iyulun 1-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.