Son xəbərlər

Sabahdan uçuşlar bərpa olunur – YENİ QAYDALAR


Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına görə, sabahdan Bakı-Naxçıvan reysi üzrə uçuşlar bərpa ediləcək.

Qərara görə, uçuşlar xüsusi qaydalarla həyata keçiriləcək.

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) vitse-prezidenti Eldar Hacıyev bildirib ki, iyunun 18-də saat 12:00-da Bakı-Naxçıvan istiqamətində ilk uçuş olacaq: “Həmin gün saat 15:00-da ikinci uçuş baş tutacaq. Bakı-Naxçıvan-Bakı reysini həyata keçirəcək təyyarələrin maksimal sərnişin tutumu 106 yerlik olsa da uçuşlar zamanı 100 yer satışa çıxarılacaq. Çünki bu gün təsdiq edilmiş yeni qaydalara uyğun olaraq əgər uçuş zamanı hansısa sərnişində xəstəlik simptomu aşkarlanarsa, həmin sərnişin təyyarənin arxa sıralarında ayrılmış zonada yerləşdirilməlidir. Həmin sərnişin respirator tipli maska ilə təmin edilməli, digər sərnişinlərdən məsafə saxlanması şərti ilə təcrid edilməlidir. Həmin 6 yer bunun üçün istifadə olunacaq”.

Beləliklə, təyyarədə arxadakı 2 sıra oturacaqlara bilet satılmayacaq, bu yerlər boş saxlanılacaq. Təyyarə havaya qalxandan sonra sərnişinlərdən kimdəsə virus simptomu aşkar olunarsa, sərnişin təyyarə heyəti tərəfindən digər sərnişinlərdən təcrid ediləcək.



Naxçıvan reysi ilə getmək istəyən sərnişinlər hava limanının ərazisinə xüsusi qaydalar əsasında buraxılacaqlar. Belə ki, Bakı-Naxçıvan reysinə bilet alan sərnişinlər həmin reys üzrə təyyarəyə minik başlanandan sonra Bakı Beynəlxalq Hava Limanının platformasına daxil olacaqlar. Liman ərazisinə daxil olan şəxs öncə qoruyucu maska ilə təmin edilərək yoxlanışdan keçiriləcək. Yoxlanışdan keçəndən sonra sərnişin təyyarəyə buraxılacaq.

Bakı-Naxçıvan reysi üzrə hərəkət edən sərnişinlər üçün yeni qaydalardan biri də sərnişinin uçuşdan qabaq COVİD-19 testindən keçirilməsidir. Bu isə sərnişin bilet alarkən həyata keçiriləcək. Belə ki, hər hansısa bir sərnişin onlayn qaydada bilet sifariş verərkən ona COVİD-19 testindən keçmək tövsiyə ediləcək. Bilet alan sərnişinə COVİD-19 testindən keçmək üçün loboratoriya ünvanı və testdən keçmək üçün müddət müəyyən ediləcək. Sərnişin təyinat üzrə həmin müəssisəyə gedərək orada testdən keçiriləcək və həmin testin nəticələri birbaşa hava limanına göndəriləcək. Testin nəticəsi müayinədən keçdiyi andan sonra 48 saat etibarlı hesab ediləcək. Yəni, testdən keçən sərnişin 48 saatdan gec olmayaraq həmin reyslə getməlidir. Əks halda, sərnişinin keçdiyi COVİD-19 testinin nəticəsi etibarsız hesab ediləcək və o, uçuş üçün yenidən test edilməlidir. Sərnişinlər üçün COVİD-19 testi pulsuz olacaq. Uçuş zamanı COVİD-19 testindən keçən sərnişin təyyarədən düşəndən sonra karantinə alınmayacaq və sərbəst buraxılacaq.

Məlumata görə, iyunun 18-dən etibarən Bakı-Naxçıvan reysi üzrə uçuşlar həftədə 2 dəfə keçiriləcək. Növbəti mərhələdə isə uçuşların sayı artırılacaq. (trend)
“Semaşko” bağlandı

Paytaxtın 1 saylı Kliniki Tibbi Mərkəzi bağlanıb.
Oxu.az məlumatına görə, “Semaşko” kimi tanınan 1 saylı Kliniki Tibbi Mərkəz sabahdan pandemiya xəstəxanası kimi fəaliyyətə başlayacaq.

Mənbədən verilən məlumata görə, artıq bir neçə gündür ki, mərkəzə xəstə qəbulu dayandırılıb:

“Sabahdan etibarən COVID-19-a qarşı test nümunələrinin cavabları pozitiv (müsbət) çıxan xəstələr mərkəzə yerləşdiriləcək. Burada onların müalicə prosesi aparılacaq”.

Oqtay Şirəliyev haradadır?

Səhiyyə naziri hardadır? Nə zaman üzə çıxacaq? Nəyi gözləyir? Gözləyir ki, əhalinin yarısı yoluxsun sonra danışsın.
Gerçək vəziyyət rəqəmlərdə görsəndiyindən də acınacaqıdır.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib, Azərbaycanda 338 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 209 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, 4 nəfər vəfat edib.

İndiyədək ölkəmizdə 10 min 324 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 5739 nəfər müalicə olunaraq sağalıb, 122 nəfər vəfat edib, 4463 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Gerçək vəziyyət rəqəmlərdə görsəndiyindən də acınacaqıdır.

Heç şübhəsiz ki, Azərbaycan koronavirus pandemiyasının pik dövrünü yaşayır. Əksəriyyət səhiyyə müəssisələrinin xidmətindən narazıdır, evlərdə qalan xəstəxanalara götürülməyən xəstələrin sayı artır. Ümümdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Quba rayonunda şəlalələri gəzir, təcrübəsiz TƏBİB-ə bu qədər öhdəliklərə rəğmən nə qədər məsuliyyəti var, ölkədə kim məsuliyyəti daşıyır.

Səhiyyə naziri bu və digər məsələlərə nə zaman münasibət bildirəcək? Əgər bütün bu məsələlərə səhiyyə nazirinin aidiyyatı yoxdursa onda istefa versin, bu qədər böyük məsuliyyətin altına girməsin. /konkret.az

AzTV-də daha 6 nəfərda koronavirus aşkarlandı — SON DƏQİQƏ


AzTV-nin əməkdaşları arasında daha bir neçə nəfər koronavirusa yoluxub.
Şirkətdə televiziyanın bəzi departamentlərinin işçiləri arasında koronavirus şübhəsi ilə bağlı karantinə alınanlar var.
Məlumata görə, hətta Azərbaycan Televiziyasının nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasının prorektoru da virusa yoluxanlar arasındadır.

Ehtiyat məqsədilə televiziyanın digər əməkdaşlarından da test nümunələri götürülüb, şirkət dezinfeksiya olunub.
AzTV-nin mətbuat katibi İŞDƏN ÇIXDI


“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Aslanov işdən çıxıb.
Məlumatı M.Aslanovun özü də təsdiqləyib.
“Dostlar, mən artıq AzTV-dən ayrılmışam. Bu qədər. Qaldı ki, elin də, zamanın da gözü tərəzidir”,-deyə o, sosial şəbəkədəki qısa açıqlamasında bildirib.
Qeyd edək ki, AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsi 2019-cu il martın 1-dən fəaliyyət göstərir. M.Aslanov da həmin vaxtdan şöbə müdiri təyin olunmuşdu.

M.Aslanov əvvəllər “Azadinform”, APA və “Report” agentliklərində fəaliyyət göstərib. (modern.az)
Mehriban Əliyeva:

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə səhiyyə işçilərini təbrik edib.
Mehriban Əliyevanın “Instagram” səhifəsində yayılan təbrikdə deyilir:

"Bu gün – 17 İyun – ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd olunur. Səhiyyə sahəsində çalışan hər kəsi bu əlamətdar gün münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Əminəm ki, bu gün bütün vətəndaşlarımız sizə sonsuz təşəkkür və səmimi minnətdarlığını bildirmək istərdi. Axı koronavirus pandemiyası ilə mübarizədə əsas yük sizin üzərinizə düşüb. Biz bir daha sizin peşəkarlığınıza əmin olduq. Biz sizin fədakarlığınızın, səxavətinizin və qəhrəmanlığınızın şahidi olduq. Siz öz doğma və yaxınlarınızdan uzaqda həyatınızı riskə ataraq xəstəliyi yenməyə kömək edir, həyatları xilas edir, insanlara inam və ümid bəxş edirsiniz. Sizin gündəlik zəhmətiniz, peşə borcunuza sadiqliyiniz, pasiyentlərə xoş münasibətiniz, şəfqət və mərhəmətiniz ən yüksək qiymətə layiqdir! Sizin hər birinizə hünər, dözüm və ən əsası cansağlığı arzulayıram!".

Bu həftə sonu da evdən çıxmaq qadağan olunacaq?
Son iki həftə ərzində Azərbaycan üzrə narıncı zona sayılan ərazilərdə COVİD-19-a yoluxmanın sayını azaltmaq məqsədilə həftəsonu qapanması tətbiq edilib.

Gündəlik yoluxma sayının artımı növbəti həftənin şənbə-bazar günləri də küçəyə çıxma qadağasının tətbiq ediləcəyini istisna etmir.

Məsələ ilə bağlı Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, hələlik bu barədə danışmaq tezdir: "Qapanmalarla bağlı TƏBİB tərəfindən təhlillər aparılır. Yəqin ki, buna əsasən qərar veriləcək və ictimaiyyətə məlumat veriləcək”. Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, iyunun 6-7-də Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda, iyunun 14-15-də isə Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq edilib.

Əsgərliyə gedəcək şəxslər 1 iyula qədər ...

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti çağırışçılara müraciət edib.
Müraciətdə deyilir:

“Əziz çağırışçılar!

Ümumbəşəri problem olan koronavirus infeksiyasına (COVID-19) ölkəmizin ərazisində yoluxma hallarını məhdudlaşdırmaq, yayılmasının qarşısını almaq və rəvac verəcəyi təhlükənin təsirlərindən qorunmaq üçün dövlət və hökumət strukturları tərəfindən ilk günlərdən təxirəsalınmaz və qətiyyətli tədbirlər görülməkdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə əhalinin sağlamlığının qorunması və sosial rifahının təmin olunmasına yönələn kompleks tədbirlər əzmlə davam etdirilməkdədir. Atılmış bütün addımların əsas məqsədi vətəndaşlarımızın sağlamlığının və həyatının qorunmasıdır. Bu istiqamətdə ölkəmizdə görülən tədbirlər Ümumdünya Səhiyyə Təşkilatı və ekspertlər tərəfindən yüksək qiymətləndirilir.

Bildiyiniz kimi infeksiyanın yayılma dinamikasına görə respublikanın bir sıra iri şəhər və rayonlarında xüsusi karantin rejimi cari ilin iyul ayının birinə kimi uzadılmışdır. Sizin sağlamlığınızla bağlı mümkün risklərin aradan qaldırılması məqsədilə bütün ölkə üzrə sistemli iş aparılmaqdadır. Belə ki, iyul ayında müddətli həqiqi hərbi xidmətə yola düşəcək çağırışçıların öyrənilməsi ilə bağlı prosedurlara, rayon hərbi həkim komissiyaları tərəfindən tibbi şəhadətləndirilmələrinə mövcud reallığa uyğun olaraq xüsusi həssaslıqla yanaşılır.

Hörmətli çağırışçılar, istər xüsusi karantin rejiminin qüvvədə olduğu şəhər və rayonlarda, istərsə də respublikamızın digər inzibati ərazi vahidlərində yaşamağınızdan asılı olmayaraq əhalimizin böyük əksəriyyəti kimi həmrəy olub görülmüş işləri yüksək qiymətləndirərək Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilmiş qərar və tövsiyələrə məsuliyyətli yanaşmaqla, sanitar-epidemioloji və gigiyenik qaydalara riayət etməklə, özünütəcrid və sosial məsafəni qorumaqla Siz əsl vətənpərvərlik nümunəsi göstərməli, vətəndaş mövqeyi nümayiş etdirməlisiniz. Bununla da yaşadığımız çətin günlərdə hər biriniz sabahın əsgəri kimi hərbi xidmətin təməl prinsiplərinə əməl etməklə, ən başlıcası nizam-intizamlı olmaqla müstəqil dövlətimizin möhkəmliyinə, milli birliyə, özünüzün və yaxınlarınızın sağlamlığının qorunmasına böyük töhfə vermiş olarsınız.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bütün çağırışçıları bir daha qlobal pandemiya elan olunmuş koronavirus infeksiyasına qarşı mübarizə ilə bağlı Azərbaycan hökumətinin qəbul etdiyi qərarların, təlimatların tələblərinə əməl etməyə çağırır.

Hörmətli çağırışçı, “Özünü qoru ki, Vətəni qoruya biləsən!”.

Bildiririk ki, müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduğunuz xidmət yerləri barədə Sizə əlavə məlumat veriləcəkdir. Hərbi qeydiyyatda olduğunuz Xidmətin yerli idarə, şöbə və bölmələri tərəfindən çağırıldığınız halda təyin edilmiş vaxtda aidiyyəti üzrə gəlməyiniz zəruridir”.

Karantin rejimindən sonra Bakıda insan izdihamı
İki günlük gücləndirilmiş karantin rejimindən sonra paytaxt Bakıda insan izdihamı yaşanıb.

 Xezerxeber.az xəbər verir ki, eyni anda yüzlərlə insan paytaxtın mərkəzi küçələrindən biri olan Nizami küçəsinə axın edib.

Küçədə hərəkət edənlər hansısa istiqamətə getmək üçün nəinki sosial məsafə saxlaya bilmir, bəzi hallarda hətta bir-birinə toxunaraq keçməli olurlar.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın açıqlamasına görə, koronavirusa yoluxma hallarının 50.2 faizi paytaxt Bakının payına düşür.

Xatırladaq ki, son günlər yoluxma sayında rəqəmlərin sürətlə çoxalması xəstəxanaların yükünü də artırır. Yoluxma sürəti bu cür davam edərsə, qısa zamanda bütün xəstəxanalar dolacaq və xüsusilə vəziyyəti ağırlaşan yaşlı, müxtəlif xəstəlikləri olan insanlar normal tibbi yardım ala bilməyəcəklər.

Bu gün həyatımızı xilas edən qəhrəmanların, “ağxalatlı”ların günüdür

Özümüzü narahat hiss etdiyimiz də ilk olaraq onlara- həkimlərə müraciət edirik. Bu gün onların - ağxalatlı peşə sahibi olan tibb işçilərinin peşə bayramıdır.
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 4 iyun tarixli Sərəncamına əsasən, hər il iyunun 17-si Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur.

Son zamanlar həkimlərin çiyinlərinə daha ağır yük düşüb. Onlar dünyanı cənginə alan koronavirus bəlası ilə mübarizə aparır. Onlar gecələrini gündüzlərinə qatıb, öz sağlamlıqlarını təhlükəyə ataraq bu gözəgörünməz virusla vuruşurlar. Bir çox həkimlər virusun qurbanı olub, bir çoxları xəstəxanalardadır.

Həkimlər hər an ölüm təhlükəsi ilə üz-üzə olduqlarına baxmayaraq, fədakarcasına bu yolda mübarizələrini davam etdirirlər.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Nizamnaməsində sağlamlıq insanın ən əsas hüquqlarından hesab edilir.

Azərbaycanda tibbin inkişafı XX əsrin əvvəllərindən başlayıb. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra onun həyata keçirdiyi sosial-mədəni tədbirlərdən biri də sağlamlığı mühafizə ilə bağlı idi. Bununla əlaqədar olaraq Nazirlər Şurasının 17 iyun 1918-ci il tarixli sərəncamı ilə Səhiyyə Nazirliyi təşkil olundu.

İlk səhiyyə naziri Xudadat bəy Rəfibəyli oldu. Yeni təşkil olunmuş nazirliyin qarşısında o vaxtlar geniş yayılmış vəba, taun, qızılca, vərəm, malyariya kimi keçici xəstəliklərin qarşısını almaq, xəstəxanalar və feldşer məntəqələri açmaq, ixtisaslı həkimlər və tibb bacıları hazırlamaq kimi vəzifələr dururdu.

Bu məqsədlə Azərbaycan hökumətinin xarici ölkələrə oxumaq üçün göndərdiyi 100 nəfər istedadlı gənc arasında həkimlik ixtisasına yiyələnənlər də var idi. İndi Azərbaycanda öz sənətinin sirlərinə dərindən bələd olan, insanların sağlamlığı keşiyində duran minlərlə səhiyyə işçisi vardır.

Prezident İlham Əliyevin diqqət və qayğısının nəticəsidir ki, 600-dən artıq yeni tikilmiş və ya əsaslı təmirdən çıxmış tibb müəssisəsi müasir avadanlıqlarla təmin olunub. Ölkədə tibb müəssisələrinin təmir və bərpası, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təmin olunması, onların müalicəsi, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsi, xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunması səhiyyə sahəsində aparılan islahatların başlıca istiqamətlərini təşkil edir.

Bir sıra dövlət proqramlarının reallaşdırılmasında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük xidmətləri var. Fond diabetli, talassemiyalı xəstələrə qayğı göstərilməsində və onların müalicəsinin təşkilində, qanvermə aksiyalarının keçirilməsində, ana və uşaqların sağlamlığının qorunmasının yaxşılaşdırılmasında bir çox böyük layihələrə imza atıb.