Son xəbərlər

Cəsarət Əhmədov: “Allahdan istərdim ki, mənim də taleyimə şəhidlik zirvəsi yazılsın”


Artıq xəbər verildiyi kimi iyul ayının 12-də təcavüzkar Ermənistan hərbi qüvvələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində növbəti hərbi təxribat törədib.
Əlbəttə ki, düşmənə ordumuz tərəfindən layiqli cavab verilib! Lakin bizim də şəhidlərimiz var və bu şəhidlər öz qanları bahasına torpaqlarımızı müdafiə ediblər. Mən, Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti olaraq, bütün idmançılarımız və əməkdaşlarımız adından şəhidlərimizin ailələrinə, ata və analarımıza, qardaş və bacılarımıza dərin hüznlə baş sağlığı verirəm, onlarla birgə kədərləndiyimizi bildirirəm.
Əlbəttə ki, yaranmış şəraitdə xüsusilə Azərbaycan gəncliyinin baş verənlərə reaksiyası, gənclərimizin cəbhəyə can atmaları anlaşılandır. Şəxsən mən özüm də Allahdan istərdim ki, mənim taleyimə Vətənimiz uğrunda şəhidlik zirvəsi yazılsın. Torpaqlarımız bizim namusumuz, qeyrətimiz, şərəfimizdir. Allah da bilir ki, bizim işimiz haqqdır və biz Ali Baş Komandanımızın bir əmri ilə hər an torpaqlarımızı azad etməyə hazırıq. Ordumuz da bilməlidir ki, onun arxasında Azərbaycan gənclərindən ibarət və özü qədər qüdrətli olan daha bir ordu durur.
Lakin bununla yanaşı vətənpərvər Azərbaycan gəncliyi bu gün öz müdrikliyini də nümayiş etdirməlidir. Biz ölkə daxilində sabitliyin pozulmasına və düşmənlərimizin yeni bir fürsət əldə etməsinə qətiyyən yol verməməliyik!
Bir daha Allah şəhidlərimizə rəhmət eləsin, qəbirləri nurla dolsun!

Avropa Armrestlinq Federasiyasının vitse-prezidenti,
Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti C.M.Əhmədov
Baş Prokurorluq və DİN aksiya haqda məlumat yaydı

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi dünənki aksiya ilə bağlı məlumat yayıb. 

“Qafqazinfo” həmin məlumatı təqdim edir:

“Məlum olduğu kimi iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində hərbi təxribat törətmiş, iriçaplı pulemyotlardan, snayper tüfənglərindən, artilleriya qurğularından istifadə etməklə mövqelərimizi, eləcə də dinc əhalini və mülki obyektləri atəşə tutublar. 

Azərbaycan Ordusunun qəhrəman zabit və əsgərləri bu təxribatın qarşısını qətiyyətlə alıb, cavab atəşi ilə düşmənin dayaq məntəqələri, atəş nöqtələri, müdafiəsinin dərinliyindəki ehtiyatlar, çox sayda döyüş texnikası və canlı qüvvəsi məhv edilib. Hazırda döyüşlərin baş verdiyi ərazidə əməliyyat şəraiti Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarəti altındadır. 

Ermənistanın bu hərbi təxribatı qarşısında Azərbaycan xalqı öz birliyini, qəti iradəsini və düşmənə qarşı barışmaz mövqeyini bir daha göstərib, qəhrəman şəhidlərimiz böyük izdihamla dəfn edilmiş, ölkəmizin müxtəlif şəhər və rayonlarında Azərbaycan Silahlı Qüvvələrinə dəstək yürüşləri keçirilib. 

İyul ayının 14-ü Bakı şəhərində keçirilmiş yürüş və toplantı Azərbaycan xalqının öz Dövlətinə, Ordusuna və Ali Baş Komandanına bir daha tam dəstəyini nümayiş etdirib. Təcavüzkar Ermənistan anlamalıdır ki, Azərbaycan xalqının səbri sonsuz deyil və o, heç zaman ərazilərinin işğalı ilə barışmayacaq. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin bildirdiyi kimi həlak olan hərbçilərimizin qanı yerdə qalmayıb və qalmayacaq. 

Təəssüflər olsun ki, dinc və vətənpərvər ruhda keçən bu aksiya zamanı bir qrup təxribatçı ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olan hərəkətlərə yol verib, aksiyanın təhlükəsizliyini təmin edən polis əməkdaşlarına müqavimət göstərib və zor tətbiq edib, nəticədə bir neçə polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilmiş, xidməti avtomobillərə ciddi ziyan vurulub.   

Polis əməkdaşları tərəfindən dəfələrlə edilmiş xəbərdarlıqlara məhəl qoyulmadığından, eləcə də vəziyyətin daha da gərginləşməsinin qarşısının alınması üçün görülmüş operativ tədbirlərlə ictimai asayiş bərpa edilib. 

Fakt üzrə cinayət işi başlanaraq istintaq-əməliyyat tədbirləri həyata keçirilir. 

Azərbaycan Respublikasının Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi düşmənlə təmas xəttində ağır döyüşlərin getdiyi mövcud həssas dönəmdə ölkədə ictimai qaydanın və asayişin pozulması hallarının yolverilməzliyini xüsusi olaraq qeyd edir. Eyni zamanda, hazırda COVİD-19 pandemiyası ilə mübarizənin getdiyi bir vaxtda şəhər və rayonlarda kütləvi toplantıların keçirilməsinin ağır nəticələrə səbəb ola biləcəyini xatırladaraq, vətəndaşları təmkinli olmağa, şəhidlərimizin əziz xatirəsini mövcud karantin qaydalarının tələblərini nəzərə alaraq yad etməyə çağırır”. 

Bu şəxslər növbəti imtahanlarda iştirak etməyəcək

Dövlət İmtahan Mərkəzi (DİM) sərtləşdirilmiş karantin rejimi tətbiq olunan şəhər və rayonlarda buraxılış və qəbul imtahanlarının keçirilməsi üçün də tədbirlər planı hazırlayıb və aidiyyəti qurumlarla razılaşdırılır.
DİM xəbər verir ki, bu bölgələrdən olan şagirdlərin (abiturieyntlərin) sayı 47 000 nəfər təşkil edir.

Tədbirlər planı bu gün DİM-in Direktorlar Şurasının iclasında müzakirə olunacaq və Nazirlər Kabineti yanında Operativ Qərargaha təqdim olunacaq.

Qərargah icazə verəcəyi təqdirdə iyulun 20-dən sonra növbəti 2 həftə ərzində və hər həftə 2 dəfə olmaqla hazırda sərtləşdirilmiş karantin rejimi tətbiq olunan rayon və şəhərlərdə buraxılış (qəbul) imtahanlarının keçirilməsi nəzərdə tutulur.

Bu imtahanlarda iştirakçıların kütləviliyinin azaldılması məqsədilə kolleclərə (və ya hərbi liseylərə) ərizə verməyən 9-cu sinif şagirdləri iştirak etməyəcəklər. Bu şagirdlər üçün buraxılış imtahanı sentyabr ayında keçiriləcək.
Həmçinin ali məktəblərə (kolleclərə) sənəd verməyən və buraxılış imtahanlarında iştirak etməyən 11-ci sinif məzunları üçün də sentyabr ayında buraxılış imtahanları keçiriləcək.

İyul ayında keçiriləcək imtahanların dəqiq tarixləri, onların keçiriləcəyi şəhər və rayonlar, eləcə də imtahanlarda iştirak edəcək kontingent haqqında məlumat imtahandan 1 həftə əvvəl DİM-in saytında yerləşdiriləcək.

Daha sonrakı həftələrdə isə sanitar epidemioloji vəziyyətin əlverişli olacağı və Operativ Qərargah icazə verəcəyi təqdirdə ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsinin (blok imtahanları) keçirilməsi nəzərdə tutulur. Bu imtahanlarda 73 000 abituriyentin iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, imtahan keçiriləcək tarixlərdə hansısa rayon və şəhərdə sərtləşdirilmiş karantin rejimi tətbiq olunarsa, həmin bölgələrdəki imtahan iştirakçıları haqqında məlumat bazası aidiyyəti qurumlara təqdim ediləcək, imtahan iştirakçılarının və ehtiyac olarsa, iştirakçını müşayiət edən bir nəfərin imtahan binasına gedib və imtahandan sonra qayıtmasına icazə veriləcək.

Qızğın döyüşlərin getdiyi Ağdam kəndindənHazırda qızğın döyüşlərin getdiyi cəbhə xəttində atəş səsləri intensivləşib.

Baku TV Tovuzun düşmənin artilleriya hücumlarına məruz qalan Ağdam kəndindən canlı yayımdadır. 

Azərbaycan ordusunun adekvat cavab atəşinin səsləri gəlməkdədir.

Əməliyyat şəraiti Azərbaycan Ordusunun nəzarəti altındadır.

Quba-Xınalıq yolu açıldı- Foto

İyulun 13-də Qubaya yağan güclü leysan yağışları Quba-Xınalıq avtomobil yolunda fəsadlar törədib.
 
“Qafqazinfo” xəbər verir ki, sözügedən yolun 50-56-cı kilometrliyində dağlardan qopan torpaq kütləsi və daş parçalarının yolun hərəkət hissəsinə tökülməsinə səbəb olan sel suları nəticəsində hərəkət çətinləşib.
 
Avtomobillərin hərəkətinin bərpası üçün dərhal Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli qurumunun texnikaları əraziyə cəlb olunub. Axşam və gecə boyu fəsadların aradan qaldırılması istiqamətində aparılan işlər nəticəsində yaranan problem səhər saatlarında aradan qaldırılıb.
 
Belə ki, bu gün səhər saat 9-dan etibarən Quba –Xınalıq yolunda hərəkət bərpa olunub. Hazırda qeyd edilən yolda heç bir hərəkət məhdudiyyəti yoxdur.

 

 
İyulun 20-dən sonra növbəti buraxılış imtahanları keçirilə bilərDövlət İmtahan Mərkəzi tərəfindən iyulun 20-dən sonra növbəti buraxılış (qəbul) imtahanlarının keçirilməsi nəzərdə tutulur

İmtahanlarla əlaqədar tədbirlər planı iyulun 14-də keçiriləcək DİM Direktorlar Şurasının iclasında müzakirə olunacaq və Nazirlər Kabineti yanında Operativ Qərargaha təqdim olunacaq.

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən son 1 aydır ki, ölkə ərazisində buraxılış (qəbul) imtahanları keçirilir. Belə ki, xüsusi karantin rejimi tətbiq olunduqdan sonra Dövlət İmtahan Mərkəzi tərəfindən 1 iyun tarixində Nazirlər Kabineti yanında Operativ Qərargaha pandemiya şəraitində imtahanların keçirilməsi ilə əlaqədar tədbirlər planı təqdim olunmuşdur və Operativ Qərargah tərəfindən iyunun 10-dan etibarən imtahanların keçirilməsinə icazə verilmişdir.

Bundan sonra Mərkəz tərəfindən 10, 11, 18, 19 iyun tarixlərində bir sıra şəhər və rayonlarda 9 və 11-ci siniflər üzrə buraxılış imtahanları, 9-cu sinif təhsil bazasında kolleclərə qəbul imtahanları, 9 və 11-ci sinif şagirdləri üçün Azərbaycan dili (dövlət dili kimi) imtahanları keçirilmişdir. Qeyd olunan tarixlərdə keçirilən imtahanlarda 86385 nəfər iştirak etmişdir.

İyunun 19-da isə Nazirlər Kabineti tərəfindən müəyyən şəhər və rayonlarda xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı qərar qəbul olunduğu və imtahanların keçirilməsinə icazə verilmədiyi üçün Mərkəz tərəfindən sərtləşdirilmiş rejim tətbiq olunmayan şəhər və rayonların ərazisində imtahanların keçirilməsi üçün yenidən Qərargaha müraciət olunmuş və 24-25 iyun və 2‑3 iyul tarixlərində növbəti buraxılış (qəbul) imtahanlarının keçirilməsi üçün razılıq əldə olunmuşdur. İyulun 10-da isə sərtləşdirilmiş rejim tətbiq olunmayan 41 şəhər və rayonda əvvəlki illərin məzunları üçün qəbul imtahanları keçirilmişdir. Beləliklə, 1 ay ərzində bu imtahanlarda ümumilikdə 142 mindən artıq şagird (abituriyent) iştirak etmişdir. İlk iki həftə ərzində keçirilmiş imtahanlarda iştirak edən bütün şəxslərin (86385 nəfər) nəticələri artıq elan olunmuşdur. Bundan əlavə 24-25 iyun və 2-3 iyul tarixlərində keçirilən 9-cu sinif buraxılış (qəbul), 9 illik təhsil bazasında kolleclərə qəbul, 9 və11 illik təhsil səviyyələri üzrə Azərbaycan dili imtahanları iştirakçılarının (29426 nəfər) da nəticələri elan olunmuşdur. Qeyd olunan tarixlərdə keçirilən imtahanlarda iştirak edən 11-ci sinif şagirdləri və 10 iyulda keçirilən imtahan iştirakçılarının nəticələri də elan edilmiş qrafikə uyğun DİM-in saytına yerləşdiriləcəkdir.

Qeyd etmək istərdik ki, keçirilən imtahanlarda ehtiyat tədbirləri çərçivəsində görülən işlərə əlavə olaraq iyunun 24-dən etibarən sərtləşdirilmiş karantin rejimi tətbiq olunan şəhər və rayonlarda yaşayan və DİM tərəfindən imtahanların idarə edilməsinə cəlb olunan hər bir əməkdaş COVID‑19 testindən keçirilib. Məlumat üçün bildiririk ki, görülən qabaqlayıcı tədbirlərin sayəsində indiyə qədər keçirilən imtahanlarda iştirakçılar və imtahan heyəti arasında koronavirusa yoluxma faktı qeydə alınmayıb.

Nəzərinizə çatdırırıq ki, Dövlət İmtahan Mərkəzi tərəfindən sərtləşdirilmiş karantin rejimi tətbiq olunan şəhər və rayonlarda buraxılış və qəbul imtahanlarının keçirilməsi üçün də tədbirlər planı hazırlanıb və aidiyyəti qurumlarla razılaşdırılır. Belə ki, bu bölgələrdən olan şagirdlərin (abiturieyntlərin) sayı 47000 nəfər təşkil edir. Tədbirlər planı iyulun 14-də keçiriləcək DİM Direktorlar Şurasının iclasında müzakirə olunacaq və Nazirlər Kabineti yanında Operativ Qərargaha təqdim olunacaq. Qərargah tərəfindən icazə veriləcəyi təqdirdə iyulun 20-dən sonra növbəti 2 həftə ərzində və hər həftə 2 dəfə olmaqla hazırda sərtləşdirilmiş karantin rejimi tətbiq olunan rayon və şəhərlərdə buraxılış (qəbul) imtahanlarının keçirilməsi nəzərdə tutulur. Qeyd olunmalıdır ki, bu imtahanlarda iştirakçıların kütləviliyinin azaldılması məqsədilə kolleclərə (və ya hərbi liseylərə) ərizə verməyən 9-cu sinif şagirdləri iştirak etməyəcəklər. Bu şagirdlər üçün buraxılış imtahanı sentyabr ayında keçiriləcək. Həmçinin ali məktəblərə (kolleclərə) sənəd verməyən və buraxılış imtahanlarında iştirak etməyən 11-ci sinif məzunları üçün də sentyabr ayında buraxılış imtahanları keçiriləcək.

İyul ayında keçiriləcək imtahanların dəqiq tarixləri, onların keçiriləcəyi şəhər və rayonlar, eləcə də imtahanlarda iştirak edəcək kontingent haqqında məlumat imtahandan 1 həftə əvvəl DİM-in saytında yerləşdiriləcəkdir.

Daha sonrakı həftələrdə isə sanitar epidemioloji vəziyyətin əlverişli olacağı və Operativ Qərargah tərəfindən icazə veriləcəyi təqdirdə ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsinin (blok imtahanları) keçirilməsi nəzərdə tutulur. Bu imtahanlarda 73000 abituriyentin iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, imtahan keçiriləcək tarixlərdə hansısa rayon və şəhərdə sərtləşdirilmiş karantin rejimi tətbiq olunarsa, həmin bölgələrdəki imtahan iştirakçıları haqqında məlumat bazası aidiyyəti qurumlara təqdim ediləcək, imtahan iştirakçılarının və ehtiyac olarsa, iştirakçını müşayiət edən bir nəfərin imtahan binasına gedib və imtahandan sonra qayıtmasına icazə veriləcək.

İndiki şəraitdə bizim əsas məqsədimiz koronavirusla mübarizə əlehinə görülən tədbirlərə dəstək olmaq və ictimai sağlamlığın qorunub saxlanılmasına töhfə verməkdir. Abituriyentlərin və onların valideynlərinin, eləcə də müəllimlərin narahatlığı başa düşüləndir. Lakin hər bir şəxs bu həssas məqamda səbir nümayiş etdirməli, təşvişə düşməməli və adi qaydada öz imtahanlarına hazırlaşmalıdır. Mərkəz tərəfindən əvvəlki imtahanlarda olduğu kimi, bundan sonra da keçiriləcək imtahanlarda obyektivlik və ədalətlilik prinsipləri qorunmaqla, abituriyentlərin tam təhlükəsiz şəraitdə imtahan verməsi təmin olunacaqdır.

Quba-Xınalıq yolu bağlandı
Quba rayonun Xınalıq kəndi və ətraf ərazilərinə bu gün saat 17:00-dan yağan güclü leysan yağışları rayonla kəndi birləşdirən avtomobil yolunun bağlanmasına səbəb olub.

"Report"un Şimal bürosuna istinadən xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 5 saylı "Yol İstismarı İdarəsi" MMC-nin sahə rəisi Bilal Sultanovun bildirdiyinə görə, əraziyə baxış keçirilib:

"Vəziyyətlə tanış olmuşuq. Hal-hazırda ərazidə olan texnika az da olsa, bu istiqamətdə işləyir. Lakin yolun açılması üçün daha çox və lazımi texnikanın cəlb olunması zaman tələb edir. Bu səbəbdən yolun açılması işinə səhər saatlarından başlanılacaq".

Qeyd edək ki, leysan yağışları rayonun Bostankeş və Qala-Xudat kəndlərində də evlərə, fərdi təsərrüfatlara və yol təsərrüfatına ciddi ziyan vurub.

“6 aylıq oğlunu heç 15 gün qucağına ala bilmədi” - Video

Ötən gün Tovuz istiqamətində şəhid olan baş əsgər Elşad Məmmədovun atası oğlu ilə bağlı danışıb.

“Qafqazinfo”nun məlumatına görə, şəhidin atası Dönməz Məmmədov dəfn mərasimində bildirib ki, oğlu Vətən yolunda şəhid olub: “Gənclər mənim oğlum kimi qoçaq olsunlar. Mədəni, mərifətli olsunlar. Dığa-duğanın qabağından da qaçmasınlar. 

Oğlum hamıdan hündür, güclü bir oğlan idi. Ondan yadigar 6 aylıq oğul övladı qalıb. O, heç cəmi 15 gün oğlunu görüb qucağına ala bilmədi. Bütün şəhidlərimizə Allah rəhmət eləsin”.

 

 
Dərman bazarında nə baş verir?

“Apteklərdə – dərman bazarında – durum bütün əndazələri aşır. Dərmanların qiyməti durmadan artır. Srağagün aptekdən bir neçə dərman aldım: bunlar mənə 1 ay bundan əvvəl aldığımdan 11 manat baha başa gəldi. Srağagün bir hissəsini aldığım (lazımi qədər aptekdə olmadığından) dərmanın qalan hissəsini dünən alanda məlum oldu ki, həmin dərmanın yeni qiyməti 1 manat artıb. Aptekçi and-aman elədi ki, yeni daxil olan dərmanların hamısının satış qiymətini qaldırıblar. Ölkədə guya dərmanların qiyməti Tarif Şurası tərəfindən tənzimlənirmiş, daha doğrusu təyin olunurmuş”.
Yeni Sabah xəbər verir ki, bunu iqtisadçı Azər Mehtiyev deyib. O, bildirib ki, dərmanların qiymətlərinin tənzimlənməsi məsələsi ortaya çıxanda dəfələrlə deyilib ki, bu, dərman bazarında vəziyyəti nəinki yaxşılaşdırmayacaq, əksinə, hətta daha da ağırlaşdıracaq.

“Hazırda apteklərdə olan dərmanların həm tərkibi, həm çeşidi, həm də qiymətləri ilə bağlı ciddi problemlər yaşanır: zəruri dərmanların qıtlığı, bəzi dərmanların ümumiyyətlə ölkəyə gətirilməməsi, bir çoxlarının molekul tərkibində dəyişikliklər və qiymətlərin çox artması və s. kimi problemlər baş alıb gedir.
Ölkəyə dərman gətirilməsindəki inhisarı aradan qaldırmaq əvəzinə, bütün dərman bazarını 1-2 oliqarxın nəzarətinə verdilər. Amma apteklərin sayı yağışdan sonra çıxan göbələk kimi artır. Ortada isə rəqabət yoxdur (topdansatış bir əldə cəmləşib).

Bu absurdun qarşısı alınmalıdır. Dərmanların qiymətinin tənzimlənməsi ləğv edilməli, dərman bazarı liberallaşdırılmalıdır. Ölkəyə gətirilən dərmanların keyfiyyətinə nəzarət mexanizmləri təkmilləşdirilməlidir (mövcud mexanizm işləmir).

Amma daha təcili atılmalı bir addım daha var: bütün apteklərdə (istisnasız olaraq) elə kassa aparatları yerləşdirilməlidir ki, alıcılara verilən çekdə aldıqları bütün dərmanların adbaad siyahısı və qiymətləri göstərilsin (bu, hazırda iri marketlərdə tətbiq olunan sistemdir). Bu, dərman bazarının tənzimlənməsinin daha işlək və səmərəli mexanizmi olardı. Hazırda apteklərin əksəriyyətində heç normal kassa aparatları belə yoxdur. Əksər apteklərdə kartla (nağdsız) ödəniş etmək imkanları yoxdur. Bu da dərman bazarında özbaşınalığı daha da artırır. Alıcılara aldıqları dərmanların adbaad siyahısı və qiymətləri göstərilən çeklər təqdim olunması dərman bazarında nəzarət mexanizmlərinin formalaşmasınayeni imkanlar açacaq”.