![]() |
![]() |
Bakıda yenidən karantin postlarının fəaliyyəti bərpa edilib.
Trend xəbər verir ki, səhər saatlarından paytaxtın bir neçə istiqamətində avtomobil yollarında avtomobillərin hərəkətinə nəzarət gücləndirilib. Karantin postlarında dövlət yol polisi əməkdaşları sürücü və sərnişinlərin icazə sənədlərini yoxlayır, evdən çıxmasına icazə verilməyən şəxslər postdan buraxılmır.
Səhər saatlarından həmçinin şəhər ərazisində dayanacaqlarda, iri marketlərdə və küçələrdə də piyadaların hərəkətinə nəzarət gücləndirilib. Avtomobil yolları və küçələrdə nəzarətin şənbə və bazar günləri də olacağı bildirilir.
Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Trend-ə açıqlamasında bildirib ki, zərurət yaranacağı təqdirdə sərt karantin elan olunan ərazilərdə şənbə və bazar günlərində yenidən karantin postları bərpa ediləcək:
“Əgər zərurət yaranarsa, həmin postlar yenidən qurulacaq. Əgər zərurət olmazsa, sadəcə marşrut postlarının fəaliyyəti kifayət edəcək. Bütün bunlar əhalinin təhlükəsizliyini təmin etmək, onların zərurət olmadığı halda evdən çıxmaması və COVİD-19 virusunun yayılmasının qarşısını almaq üçün atılan addımlardır. Əhali özünü qorumalı, virusun yayılmasının qarşısı alınmalıdır”.
Azərbaycanın Maliyyə naziri Samir Şərifova yeni səlahiyyət verilib.
Bu, Nazirlər Kabinetinin təsdiqlədiyi koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması üçün sahibkarlıq subyektlərinin kreditlərinə dövlət dəstəyinin verilməsi ilə bağlı bir sıra tədbirlər barədə qərarında öz əksini tapıb.
Qərara əsasən, Çərçivə Zəmanət Sazişini Azərbaycan hökuməti adından imzalamaq səlahiyyəti Maliyyə naziri Samir Rauf oğlu Şərifova verilib.
Qeyd edək ki, “Koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası” təsdiq edilib.
Eyni zamanda, “Koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit faizlərinin subsidiyalaşdırılması Qaydası” da təsdiqlənib.
Birinci qaydaya uyğun olaraq sahibkarlıq subyektləri tərəfindən alınacaq kreditlər 300 (üç yüz) milyon manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilib. Müəyyən edilib ki, dövlət zəmanəti Maliyyə Nazirliyi ilə Sahibkarlığın İnkişafı Fondu arasında bağlanılan Çərçivə Zəmanət Sazişi (əlavə olunur) əsasında rəsmiləşdirilir.
Xatrıladaq ki, birinci qaydaya uyğun olaraq sahibkarlıq subyektləri tərəfindən alınacaq kreditlərə dövlət zəmanətinin verilməsi 2021-ci il dekabrın 31-dək həyata keçirilir.
Baku TV əməkdaşları bu gün paytaxt ərazisində müşahidələr aparıb, dayanacaqlarda ödəniş terminallarının olmamasına şahid olublar.
Ətraflı videonu təqdim edirik:
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Bakının Nizami rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin yenidən qurulan 110/35/10 kilovatlıq “8-ci km” yarımstansiyasının açılışında iştirak edib.
Yenidənqurmadan sonra açılış həyata keçirilən “8-ci km” yarımstansiyasının görüntülərini təqdim edirik:
Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərara görə, iyulun 5-dən 20-dək Azərbaycanın bir sıra bölgələrində sərtləşdirilmiş karantin rejimi elan edilib. Həmin dövr ərzində vətəndaşlar tibbi və ərzaq zərurətini ödəmək, eyni zamanda bank və poçtla bağlı məsələlər üçün 2 saatlıq SMS icazədən istifadə edə bilərlər. Son günlər havaların istiləşməsi səbəbindən səhhətində problemi olanlar, yaşı 60-dan yuxarı insanlar 2 saat açıq havada dayana bilmirlər.
Bəzən vətəndaş 2 saatlıq icazə alıb onun yarım saatından istifadə edir. Həmin gün digər vacib iş çıxdıqda isə bir sıra problemlər yaşayırlar. Odur ki, vətəndaşlar 2 saatlıq SMS icazə vaxtını yarı bölüb, 1 saat olmaqla iki dəfə icazə almaq hüququnun verilməsini xahiş edir.
Milli Məclisin üzvü Aydın Mirzəzadə vətəndaşlardan gələn bu təklifi alqışladı. Aydın Mirzəzadə bildirib ki, 2 saatlıq SMS icazəni hərəsi 1 saat olmaqla iki yerə bölünməsi təklifinin faydalı olduğunu düşünür. "Mən də düşünürəm ki, vətəndaşlar gün ərzində vacib işlərini bir dəfəyə çatdırmaqda çətinlik çəkir. Vətəndaşın gün ərzində ikinci dəfə vacib işi çıxa bilər və ondan öncə SMS icazədən istifadə etdiyinə görə, problem yarana bilər. Yaxşı olar ki müvafiq dəyişikliklər edilməklə, vətəndaş ya bir dəfəyə iki saata, ya da özü seçim etməklə gün ərzində 1+1 və ya 0.5+1.5 saat hesabı ilə evdən çölə çıxa bilsin. Nazirlər Kabineti yanında Operativ Qərargah təklifimi dəyərləndirəcək. Bununla bağlı proqram hazırlamaq olar. Məsələni sosial şəbəkələrdə də ictimailəşdirəcəyəm”, - deyə deputat bildirib.
Məsələ ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla da ANEWS.az-a öz fikirlərini bölüşüb. "Ümumiyyətlə, karantin rejimi ilə bağlı tədbirlər görüləndə hərtərəfli nəzərə alınmalıdır. Təəssüflər olsun ki, hazırda bu cür problemlər ortaya çıxır. İndiki verilən qərarlarda maraqlı təzad var. İnsanların ictimai yerlərdə, küçələrdə az olması üçün 2 saatlıq icazə limiti verilsə də, digər tərəfdən isə ictimai nəqliyyat olan metro stansiyaları bağlayıblar. Avtobuslarda insanların çox sıx təmasda olduğu faktını görürük. Bəs bu karantin rejimi nəyə xidmət edir? Karantin tədbirləri elə keçirilməlidir ki, sosial məsafə mütləq qorunmalı, insanların təması məhdudlaşdırılmalıdır. Amma təəssüf ki, biz bunun əksinə şahid oluruq. Hesab edirəm ki, bu cürə karantin rejimi ləğv edilməlidi, daha çox insanların davranışlarına diqqət verilməlidir”. Həkim sonda əlavə edib ki, maarifləndirmə işlərini artırmaq çətin proses kimi görülsə də, bu istiqamətdə işlər görülmək vacibdir.(xeberoxu.az)
Xaçmazda sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar polis əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə elan edilən xüsusi karantin rejim qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edilməsi istiqamətində Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən genişmiqyaslı tədbirlər davam etdirilir.
Belə ki, həyata keçirilən tədbirlər çərçivəsində rayon ərazisinə giriş-çıxış məhdudlaşdırılıb. Bu ərazilərdə müvəqqəti stasionar postlar qurulub, nəqliyyat vasitələrinin hərəkətinə ciddi nəzarət olunur. Xüsusi icazəsi olmadan rayon ərazisinə daxil olmaq istəyən digər rayon və şəhərlərin sakinləri saxlanılır və sakini olduqları rayon və şəhərlərə yönləndirilirlər. (modern.az)
Azərbaycanın bir çox bölgələrində aktiv koronavirus xəstələrinin sayı aşağıdır, sayların yuxarı qalxmaması üçün müvafiq epidemioloji nəzarət tədbirləri görülür və əhali tərəfindən şəxsi gigiyena qaydalarına əməl edilməsi zəruridir.
koronavirusinfo.az saytının məlumatına görə, ən az yoluxma qeydə alınan rayon və şəhərlərdə ümumi xəstələrin sayı 5-6 civarındadır. Belə ki, epidemioloji vəziyyətin qənaətbxş olduğu Ucarda 4 nəfər, Yardımlıda 5 nəfər, Zərdabda 5 nəfər, Xızıda 6 nəfər, Daşkəsəndə 6 nəfər, Oğuzda 7 nəfərdə COVİD-19 testinin nəticələri pozitivdir.
Yoluxma sayında artım müşahidə edilən zonalar isə “sarı” zonaya daxil edilib.
Salyan, Astara, Ağcabədi, Neftçala, İsmayıllı və Biləsuvarda xəstə sayında artım olduğundan bölgələrin “narıncı” zonaya keçməməsi üçün müvafiq tədbirlər görülür. Belə ki, Neftçalada 33 nəfər, İsmayıllıda 50 nəfər, Ağcabədidə 57 nəfər, Astarada 64 nəfər, Biləsuvarda 67 nəfər, Salyanda 70 nəfərdə koronavirus xəstəsi var.
“Narıncı” zonaya daxil olan Şəkidə yoluxma sayı 62, Yevlaxda 95, Cəlilabadda 247, Abşeronda 479, Sumqayıtda 728, Bakının Nəsimi rayonunda 739 nəfərdə koronavirus aşkarlanıb. Bu zonalarda ya yuxarı sayda aktiv xəstə var, yaxud da son günlər yoluxmanın sürətlə artdığı müşahidə edilir.
Qeyd edək ki, indiyədək Azərbaycanda 21 916 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 13 100 nəfər müalicə olunaraq sağalıb, 274 nəfər vəfat edib, 8 542 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Ötən müddət ərzində isə ümumilikdə 537 230 test aparılıb.
“Koronavirus xəstəliyinin müalicəsində istifadə edilən “Favipiravir” dərmanı satışda yoxdur və ağır xəstələrin müalicəsində həkimin göstərişi ilə istifadə edilir”.
Bunu “Baku Post”a açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva deyib. Onun sözlərinə görə, bu dərmanı aptekdən alaraq xəstə özü sərbəst istifadə edə bilməz.
Qurum rəsmisi ölkədə dərman preparatlarının gətirilməsində çətinlik yaranması barədə iddiaları da cavablandırıb. R.Əliyeva bildirib ki, dünyada bu gün COVİD-19-un müalicəsində effektiv hesab edilən bütün dərman vasitələri Azərbaycana gətirilir, eyni zamanda da “Favipiravir”. “Qaldı ki, qara bazarda satışı və s. ilə bağlı məsələ bu TƏBİB-in nəzarətində deyil. Çünki nəinki qara bazar, ümumiyyətlə apteklərdə satılan dərman vasitələri və s. qurumun səlahiyyətində deyil. TƏBİB yalnız xəstəxanaların dərman vasitələri ilə təminatına səlahiyyətlidir”.
Xatırladaq ki, iqtisadçı ekspert Qubad İbadoğlu adıçəkilən virusla mübarizə üçün istifadə edilən “Favipiravir”nin ölkəmizdə olduqca az olduğunu, 30 həblik bir qutunun 50 manat olmasına baxmayaraq “qara bazar”da 5000 manata satıldığını deyib.
“Verilən informasiyaya görə, dövlətin sifariş etdiyi tibbi ləvazimat və aparatların çoxu ölkəyə gətirilməyib və bundan sonra gəlməsi də imkansızdır”.
“Tibb müəssisələrində bəzi müdaxilələr, xüsusilə inkubasiya zamanı tənəffüs yoluna borunun salınması və çıxarılması, hər hansı xəstədə ürək dayanması baş verərsə, ona xüsusi oksigen cihazı ilə oksigen verilməsi zamanı tənəffüs yollarında aparılan müdaxilələrin böyük əksəriyyətində eyni aerozol formalaşır. Damcı damcıdır, o, ağır olduğu üçün yerə hopur. O, havada uzun müddət qala bilməz. Amma aerozol buxar kimidir və o qədər xırdadır ki, havada daha uzun müddət qala bilir”.
Bu sözləri Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov deyib.
Onun sözlərinə görə, tibb müəssisələrində COVID-19 xəstələrində həmin prosedurlar daha çox aparıldığı üçün otaqlarda havada aerozolizasiya baş verir və virus həmin havada qalır:
“Bu səbəbdən bizim həkimlərimiz, COVID-19 xəstələri olan bütün dövlət qurumlarının xəstəxanalarında çalışan həkimlər N95 maskasından istifadə edir. Çünki N95 və FFB2 maskasının əsas məqsədi ondan ibarətdir ki, havadan ötürülmənin qarşısını alır”.
Nabil Seyidov həmçinin qeyd edib ki, mütəxəssislərin fikrincə, adi insan asqıranda və öskürəndə, otaqda bir neçə nəfər söhbət edən zaman damcı ilə yanaşı havada virus daha çox qalır: “Lakin ÜST-ün apardığı tədqiqatlar bu günə qədər təsdiq etməyib ki, virus havada qalır. Bu, heç bir tədqiqatda təsdiqini tapmayıb”. (baku.ws)
“Koronavirusa qarşı istifadə edilən favipravir qara bazarda 5000 manata satılır”.
Bunu iqtisadçı ekspert Qubad İbadoğlu deyib. O, bu barədə statusu ön cəhbədə vuruşan həkimlərin ünvanladığı məktublar əsasında hazırladığını deyib.
Ekspertin sözlərinə görə, koronavirus pandemiyası Azərbaycanda daha çox işbazların işinə yarıyır. Onlar virusun geniş yayılmasından istifadə edərək, bəzi dərmanların qara bazarını yaradır, ölüdən də, diridən də pul qazanaraq, xalqın bu ağır günündən də faydalanırlar.
“Həkimlər yazır ki, hazırda Azərbaycanda koronavirusun müalicəsi adı ilə istifadə edilən antiviral dərmanlar (Arbidol, Kalitra, Erqferon və Tamiflu ) bu xəstəliyin və virusun spesifik müalicəsi üçün nəzərdə tutulmayıb. Parasetamol, vitamin, steroid və digər dərmanların olmaması isə gülüncdür. Əslində müalicə üçün üçün Qida və Dərman administrasiyasının (FDA) rəy verdiyi dərmanlar “Remdesvir” və “Favipiravir”dir. “Remdesvir”in dünyadakı 3 aylıq anbarını ABŞ alıb, “Favipiravir” isə ölkəmizdə olduqca azdır. 30 tabletkalı bir qutunun qiyməti 50 manat olan bu dərman qara bazarda 5000 manata satılır.
Həkimlərdən aldığım məlumata görə, hazırda müalicənin effekti insanların immunitetləri ilə həkimlərin ağırlaşmaları önləməsindən asılıdır. Süni tənədfüs aparatına qoşulanlar arasında ölüm halları 90 faizdən yüksəkdir. Verilən informasiyaya görə, dövlətin sifariş etdiyi tibbi ləvazimat və aparatların çoxu ölkəyə gətirilməyib və bundan sonra gəlməsi də imkansızdır. Həkimlər təklif edirlər ki, artıq Tütkiyədə də istehsal başlanan “Favipravir” alınıb ölkəyə gətirilsəydi, ölüm dəfələrlə az olardı.
Ön cəhbədə gözəgörünməz virusla “vuruşan” digər həkimin məlumatına görə, koronavirusla döyüşən tibb personalına 5 qat maaş məsələsi illuziyadır. Belə ki, səhiyyə işçiləri 14 gün çalışıb, ailə üzvlərini yoluxdurmamaq üçün sonrakı 14 gün də (bu müddəti 7 günə endiriblər) oteldə karantində qalır. Bütün bu problemlərin müqabilində otel karantinindəki yemək keyfiyyətindən danışmağı isə yersiz sayan həkim bildirir ki, dövlət müddətli əlavəni həkimlərə işlədiyi 14 günə görə verir, yəni onlara maaşlarının 5 deyil, 2,5 qatı ödənilir”.
Ekspert qeyd edib ki, ərizə yazaraq işdən ayrılan həkimlərin sayı artır. Çünki, indiyədək 10-dan çoxu vəfat edib, 1500-ə qədər səhiyyə işçisi virusa yoluxub, ən pisi odur ki, onlar bu xəstəliyi virus yükü çoxluğuna görə başqalarından ağır keçirirlər. “Onlardan biri pandemiya başlayandan xəstəxanadan çıxmayan, virusa yoluxandan sonra durumu ağırlaşan ATU-nun Tədris Cərrahiyyə Klinikasının reanimasiya şöbəsinin müdiri Cavid Paşayevdir. Cavid həkimə də şəfa diləyirəm”. /medicina.az/