![]() |
![]() |
Səhiyyə Nazirliyi COVİD-19 virusuna yoluxan şəxslərə bəzi poliklinikalar tərəfindən xəstəlikdən sağalma haqqında arayışın test edilmədən verilməsinə münasibət bildirib.
COVID-19-la mübarizədə yaranan problemlərin aradan qaldırılması üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə yardım etmək üçün Səhiyyə Nazirliyi tərəfindən yaradılmış işçi qrupunun üzvü Nabil Seyidov açıqlamasında bildirib ki, Azərbaycanda koronavirusa yoluxan şəxsin sağalması barədə arayışın verilməsi və işə buraxılma üçün bülletenin bağlanılması məqsədilə pasiyent mütləq şəkildə testdən keçirilməlidir.
Testdən keçirilmə üçün xəstənin simptomlarının başlanıldığı gündən minimum 14 gün keçməli, 3 gün isə simptomsuz olmalıdır. Bu dövr bitdikdə xəstə ərazi üzrə poliklinikaya müraciət etməlidir.
Onun sözlərinə görə, vətəndaş test verdikdən sonra nəticəsi mənfi olarsa, ona arayış verilir və bülleten bağlanılır:
“Vətəndaş bu arayışla işə çıxa bilər. Amma nəzərdə saxlamaq lazımdır ki, həmin arayış yalnız verildiyi gün üçün etibarlı hesab edilir”. (trend)
Stasionar polis postlarının ləğv edilməsindən istifadə edərək avtomobillə icazəsiz hərəkət edənlər xüsusi texniki avadanlıqlarla müəyyən edilir. Daha sonra onlara cərimə yazılır.
Bunu “Xəzər Xəbər”ə açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirib.
Şöbə rəisinin sözlərinə görə, hər bir vətəndaş yaşadığı yeri tərk etməzdən əvvəl mütləq icazə almalıdır, ya da mövcud sistemdə icazəsinin aktiv olub-olmadığını yoxlamalıdır.
Kamran Əliyev əlavə edib ki, yoxlamalar zamanı icazəsi ləğv edilən, lakin bundan xəbərsiz olduğunu bildirən xeyli sayda hərəkət iştirakçısı aşkarlanıb.
Son 2-3 gün ərzində aparılan təhlillər nəticəsində sərnişin tələbatına uyğun olaraq ekspres xətlər üzrə avtobusların iş qrafiki dəyişdirilib.
Bu barədə "Qafqazinfo"ya Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Məlumata görə, dəyişikliyə əsasən iyulun 9-dan ekspres xətlər üzrə avtobuslar başlanğıc məntəqədən səhər saat 06:30-dan xidmətə başlayacaq. Yeni qrafikə uyğun olaraq ekspres xətlər üzrə avtobuslar axşam saat 21:00-dək işləyəcək.
Məqsəd səhər və axşam saatlarında sərnişin tələbatını qarşılamaq, gündəlik ekspres xətlərdən istifadə edən sərnişinlərin mənzil başına rahat və vaxtında çatdırılmasını təmin etməkdir.
Rusiyadan ölkəmizə keçmək istəyən və sərhəddə çətinliklərlə üzləşən soydaşlarımızın videogörüntüləri, onlar haqqında yayılan xəbərlər, demək olar ki, bütün sosial mediada əsas gündəm mövzusuna çevrilib.
Baku TV əməkdaşları məsələ ilə yerindəcə tanış olmaq üçün məhz həmin məkana – ölkəmizin Rusiya Federasiyası ilə sərhədinə gediblər.
Rusiya ilə Azərbaycan arasındakı Yaraq-Qazmalar sərhəd-keçid məntəqəsindən ölkəmiz istiqamətində hərəkət edən avtobuslarla Dağıstanın Məhərrəmkənd rayonunun Kullar kəndindəki çadır düşərgələrində yerləşdirilmiş 250 həmvətənimizin növbəlilik əsasında ölkəmizə keçidi təmin edilir.
Vətəndaşlar avtobusdan düşdükdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən dezinfeksiyaedici və qoruyucu vasitələrlə təmin olunurlar. Bundan sonra piyada keçid xəttinə yollanırlar. Əgər soydaşlarımızda qızdırma aşkar edilməzsə, növbəti prosedur pasportların qeydiyyata alınması və yüklərin yoxlanması olur.
Vətəndaşlar ölkə ərazisinə tam daxil olduqdan sonra sərhəd-buraxılış məntəqəsinin yaxınlığında Fövqəladə Hallar Nazirliyi tərəfindən qəbul-çeşidləmə məntəqəsinə yerləşdirilir.
Qeyd edək ki, vətəndaşlar burada bir həftəlik karantində qalırlar. Bir həftə ərzində nazirliyin tibb mərkəzi tərəfindən müayinələrdən keçirilir, həmçinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən test nümunələri götürülür. Əgər testin nəticələri neqativ çıxarsa, vətəndaşlar öz evlərinə yola salınırlar.
Qəbul-çeşidləmə məntəqəsində eyni vaxtda 1200 nəfərin yerləşdirilməsi üçün şərait yaradılıb, sanitar-gigiyenik tələblər tam təmin olunub, qidalanma, gigiyenik vasitələrlə təchizatla bağlı bütün lazımi tədbirlər həyata keçirilib.
Elə vətəndaşlar da yaradılan şəraitdən, ölkəyə qayıtmalarından olduqca məmnundurlar.
“Biz prezidentimizdən, dövlətimizdən çox razıyıq. Mayın 8-dən orada idik. Bizdən analiz götürdülər. Analizin cavabı neqativ çıxandan sonra bizi çadır düşərgəsində yerləşdirdilər. Burada da analiz təkrarlandı”, – deyə vətəndaşlardan biri öz təşəkkürünü bildirir.
“Çox sağ olsun prezidentimiz. Bizim vətənə qayıtmağımızı təmin etdi. Buraya gətirildik. Qidalanma təminatı da yaxşıdır. Orada çox əziyyət çəkirdik. Sonradan oraya bizim hərbçilərimiz gəldi. Qidalanma problemimiz həllini tapdı. Qeydiyyata düşdük, çadırlara yerləşdirdilər. Çoxdandır orada idim.
Martın 17-də keçmişdim, 25-i geri qayıtmaq istədim, gələ bilmədim. Bu vaxta kimi orada-burada qalırdıq. Çox sağ olsunlar ki, bizi növbəyə aldılar, bura gətirdilər”, – başqa bir həmvətənimiz qeyd edir.
“Dövlət başçımız sağ olsun ki, bizə belə kömək göstərdi, bizi öz torpağımıza gətirdi. Hər şey yüksək səviyyədədir. Burada özümüzü ev şəraitində hiss edirik. Vətənin o qədər şirinliyi var ki, zəhəri də bal dadır”.
Baku TV olaraq çalışdıq ki, soydaşlarımızla yerindəcə həmsöhbət olub, düşüncələrini birbaşa elə onların özlərindən eşidək.
Arzumuz budur ki, sərhədin o tayında qalan digər həmyerlilərimiz də elə bu vətəndaşlarımız kimi tezliklə sağ-salamat öz ev-eşiklərinə, doğmalarına qovuşsunlar.
"Azərbaycanda iyunun 21-də karantin rejimi sərtləşdirildi və həmin dövrdən bir-iki həftə ərzində biz stabilləşməni müşahidə etməyə başladıq".
Bunu BAKU.WS-ə açıqlamasında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov bildirib.
O əlavə edib ki, ölkədə ciddi artım olmadı, yoluxma sayı 600-dən o tərəfə keçmədi: "Sərtləşdirilmə qəbul edilməsəydi, o zaman biz hazırda bəlkə də 1000-1500 yoluxma sayı görəcəkdik. Amma indi biz görürük ki, karantin tədbiri növbəti iki həftəyə uzadılıb və tədricən platonu görürük, yəni düz xətt, hətta o düz xətt azalmağa doğru gedir".
Nabil Seyidovun fikrincə, bütün tədqiqatlar göstərir ki, koronavirus infeksiyası ilə bağlı sərtləşdirilmiş karantin tədbirləri minimum 60 gün olmalıdır ki, rəqəmlər sıfıra yaxın olsun:
"Amma karantin sərtləşdirilməsi o demək deyil ki, infeksiya yox olacaq. Əgər vətəndaşlar iki saat evdən çıxan müddətdə yenə də sanitar-gigiyenik normalara riayət etməsələr, maska taxmasalar və 5 nəfərdən çox toplaşsalar, tanımadığı adamlarla küçədə rastlaşıb maskasız söhbət etsələr, karantin ilin sonunadək uzadılsa da, bunun qarşısını almaq mümkün olmayacaq".
Tibb elmləri doktoru, professor İbadulla Ağayev Azərbaycanın Baş epidemioloqu vəzifəsindən çıxıb.
Report xəbər verir ki, Bu barədə İ.Ağayev özü məlumat verib.
O bildirib ki, öz istəyinə uyğun olaraq Baş epidemioloq vəzifəsindən istefa verib.
Qeyd edək ki, İ.Ağayev 1992-ci ildən Azərbaycanın Baş epidemioloqu vəzifəsində çalışırdı.