![]() |
![]() |
Azərbaycan Ordusunun şəhid olan general-mayoru Polad Həşimov bu gün Üçüncü Fəxri Xiyabanda böyük izdihamla dəfn olunub.
"Vətən Oğulları" Cəmiyyətindən Bizimxeber.az-a daxil olan məlumata görə, adını çəkilməsini istəməyən iş adamlarından biri şəhid generalın ailəsinə mənzil hədiyyə edib.
Bu gün mənzilin açarı və sənədləri şəhidin ailəsinə təqdim olunub. İş adamı həmçinin mənzilin təmiri xərclərini də öz üzərinə götürüb.
Qeyd edək ki, iyulun 14-ü Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində gedən şiddətli döyüşlər zamanı müdafiənin ön xəttində olarkən general-mayor Polad Həşimov və bir neçə hərbçimiz qəhrəmancasına şəhid olub.
Ermənilər "Azərbaycanda nə baş verir?" mətni ilə 0505582881, 0552298493, +90 539 507 06 81 nömrələrindən Azərbaycan vətəndaşlarına mesaj göndərməyə başlayıb.
Ermənilər bununla məlumat toplayıb özləri Azərbaycanın planlarını öyrənir və yeni plan qururlar.
Buna görə də, vətəndaşlardan "Snapchat" və "PicsArt" programlarının mobil telefonlardan silinməsi xahiş olunur.
Çünki onların kodlarını qırıb vətəndaşlara aid olan məlumatları götürə bilirlər.
Həmçinin vətəndaşlardan yuxarıda qeyd olunan nömrələrdən daxil olan mesajlara cavab verməmək xahiş olunur.
Qeyd olunur ki, mobil telefonlara göndərilən mesajlar "İnstagram" linki kimi daxil olur. Həmin linkə daxil olmamaq və mesajı dərhal silmək bildirilir.
Həmin linkə daxil olacaqları təqdirdə telefonın içərisindəkilər ermənilərin əlinə keçəcək. (report)
İyulun 14-də Bakıda keçirilən orduya dəstək yürüşlərindən sonra ölkədə koronavirusa yoluxanların sayının artacağı ilə bağlı narahatlıqlar var. Bəziləri təklif edir ki, bu cür situasiyalarda hökumət küçələrdə insanlara maska paylasın. Bununla da təhlükə bir qədər azalmış olar.
Qeyd edək ki, son bir neçə gündə ölkədə koronavirusa yoluxanların sayında stabilləşmə, azalma müşahidə olunurdu. Bəs son olaylar virusun yenidən sürətlə artmasına səbəb olacaqmı?
Mövzu ilə bağlı tibb elmləri doktoru Adil Qeybulla “Yeni Müsavat”a danışıb:
“Ötən gün Bakıda keçirilən yürüşlər Qarabağla, millətin taleyi ilə bağlı məsələ idi. Lakin bu cür hadisələrdə, izdihamlarda həmişə sui-istifadə halları olur. Yəni yürüşün sonunu gördük. Sonluq bəzi adamların təxribatı, Milli Məclisə girməsi ilə yekunlaşdı. Milli Məclisə girmək təbii ki, təxribatdır. Lakin hesab edirəm ki, bunu həmişə bu cür yönəldib, başqa rəng verməyə çalışırlar.
Nəticə nə oldu? Doğrudur, bir tərəfdən səngərdə duran əsgərlərimizə dəstək ifadə olundu. Lakin bir tərəfdən də karantin davranışları ciddi şəkildə pozuldu".
Adil Qeybulla qeyd etdi ki, artıq sərt karantin rejiminə ehtiyac yoxdur, ləğv olunmalıdır:
“Karantin ləğv olunmalı, əvəzində sosial məsafənin saxlanılmasına, maska taxılmasına ciddi nəzarət olunmalıdır. Bununla bağlı ciddi işlər aparılmalıdır. Artıq ayın 20-si yaxınlaşır. Bununla bağlı tibb işçiləri olaraq bir yerə toplaşdıq, rəy verdik ki, növbəti vaxtlarda nə etmək mümkündür.
Hesab edirəm ki, karantin qaydaları yumşaldıqdan sonra da vəziyyətə ciddi nəzarət etməliyik. Dövlət özü bu haqda təlimatlar hazırlamalıdır".
Adil Qeybulla qeyd etdi ki, Bakıda keçirilən yürüş konkret olaraq nə qədər dəyərli olsa da, vətənpərvərliyi əks etdirsə də, karantin qaydaları pozuldu və bu da xeyli sayda yoluxmalara gətirib çıxaracaq: “Öncə onu qeyd edim ki, hazırda ölkədə koronavirusa yoluxanların sayı dəqiq deyil. Yəni göstərilən rəqəmlər heç də real say deyil. Real yoluxma sayı elan edilən rəqəmlərdən 5-6 dəfə çoxdur. Gündə 2000-2500-ə yaxın yoluxma olur. Onların əksəriyyəti evdə ambulator, həkim nəzarəti altında və yaxud özbaşına müalicə alır. Qeydiyyata düşməyən adamlar yetərincədir. Ona görə də vəziyyət elə də ürəkaçan deyil”.
İxtisasca həkim olan ADP sədri Sərdar Cəlaloğlu isə məsələyə bu cür mövqe bildirdi:
“Şəxsən mən də həmin yürüşdə iştirak etdim. Deyə bilərəm ki, emosional vəziyyətdə insanların müqavimət gücü o qədər artır ki, koronavirusa yoluxma ehtimalı aşağı düşür.
Virusa yoluxma artsa da, artmasa da, hazırda ölkə, Vətən təhlükə qarşısındadır. Birinci Dünya müharibəsində 100 minə yaxın insan qarın yatalağı xəstəliyindən vəfat edib. Buna görə əsgərlər müharibəyə getməməli idi? İndi bizim üçün daha çox təhlükəli vəziyyət yarandığına görə virusla bağlı təhlükə o qədər də diqqətdə deyil. Camaat öz torpağını qorumaq, orduya dəstək vermək üçün iradəsini nümayiş etdirdi. Bunu, sizcə, başqa cür necə həyata keçirmək olardı?"
Sərdar Cəlaloğlu yürüşlərdə insanlara maska paylanılması ilə bağlı təklifə də münasibət bildirib:
“Deyim ki, ötən gecə yürüşdə təxminən 100 minə yaxın insan var idi. Hökumətin bu qədər insana maska paylamağa gücü çatmazdı. Həm də caamat o qədər xaotik, dəstələr şəklində gəlib-gedirdi ki, inanmıram ki, hökumət onu tənzimləyə bilərdi. Bu baxımdan düşünürəm ki, insanlara maska paylanılması təklifi ağlabatan deyildi.
Vətəni qorumaq üçün gərək heç bir şərt qoşmayasan. Hər kəs öz həyatını, sağlamlığını nəzərə almadan o yürüşlərə qoşuldu, ordunun yanında olduğunu bildirdi".
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi təxribat nəticəsində yaralanan hərbi qulluqçulara baş çəkib.
Bu barədə "report"a Ombudsman Aparatından məlumat verilib.
"Azərbaycanda su ehtiyatlarının az olması, iqlim dəyişməsi və orta temperaturun yüksəlməsi, qonşu ölkələrdən daxil olan yerüstü su ehtiyatlarının, çaylarda sululuğun və yağıntıların əhəmiyyətli dərəcədə azalması, digər tərəfdən ölkə iqtisadiyyatının, o cümlədən kənd təsərrüfatının inkişafı, əkin sahələrinin, suvarma və içməli su təchizatı üzrə şəbəkələrin genişləndirilməsi nəticəsində suya tələbatın artması son illərdə ölkədə su çatışmazlığını şərtləndirib".
Bunu Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.
"Bu baxımdan, xüsusilə cari ildə ölkənin su ehtiyatları sahəsində gərgin vəziyyət yaranmışdır. Hazırda əsas su anbarlarında 20,5 milyard kubmetr tutuma qarşı əvvəlki illərdən kəskin aşağı səviyyədə - cəmi 11,3 milyard kubmetr su mövcuddur ki, bunun 8,6 milyard kubmetri ölü həcmdir.
Sizin rəhbərliyinizlə əvvəlki illərdə böyük həcmdə işlərin həyata keçirilməsinə, ehtiyat tədbirlərinin görülməsinə, məsələn, Taxtakörpü, Şəmkirçay, Naxçıvanda Heydər Əliyev (Vayxır) su anbarlarının, Oğuz-Qəbələ-Bakı su kəmərinin və sair layihələrin inşa edilməsinə baxmayaraq, hazırda kəskin su çatışmazlığı müşahidə edilir", - deyə o, qeyd edib.
"Koronavirus pandemiyasının qarşısının alınması və onunla mübarizə üçün səhiyyə sahəsinə 250 milyon manatdan artıq vəsait ayrılıb".
Bu barədə Baş Nazir Əli Əsədov Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
Baş Nazirin sözlərinə görə, koronavirusla əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin sosial rifahının yaxşılaşdırılması məqsədilə onların əməkhaqlarına aylıq vəzifə maaşının 3-5 mislinədək müddətli əlavə də müəyyən edilib.
Unikal.org-a açıqlama verən Elvin Mirzəyev bildirib ki, Prezident şəhidlərin ailə üzvlərinə dərin hüznlə başsağlığı verib, onlara Allahdan rəhmət, yaxınlarına səbr diləyib. Prezident İlham Əliyev qeyd edib ki, Vətən uğrunda həlak olmuş hərbi qulluqçularımızın qəhrəmanlığı heç vaxt unudulmayacaq, onların qisası alınıb və alınacaq, qanları yerdə qalmayacaq.
Şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova və şəhid polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev Prezident İlham Əliyevə telefon zənginə və başsağlığına görə minnətdarlıqlarını bildiriblər.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.
Bildirilib ki, qeyd olunan müddət ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 50-si rayon, 90-ı paytaxt istiqamətinə olmaqla 140, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 20-si rayon, 50-si paytaxt istiqamətinə olmaqla 70, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 85-i rayon, 50-si paytaxt istiqamətinə olmaqla 135 avtomobil geri qaytarılıb, ümumilikdə 345 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.
İyulun 20-dən sonra sərt karantin rejiminin yumşaldılması ilə bağlı hər hansı məlumat yoxdur.
Bu barədə Qaynarinfo-ya açıqlamasında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov sərt karantin rejiminin uzadılmasından danışarkən deyib:
"Hələlik bir şey deyə bilmərəm. Olanda məlumat veriləcək".
Qeyd edək ki, koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə Nazirlər Kabineti yanında Operativ Qərargah iyul ayının 20-nə kimi ölkədə sərt karantin rejiminin uzadılması haqda qərar verib.
Azərbaycanda sosial şəbəkə istifadəçilərinin hesablarına kütləvi kiberhücumlar olub. “Qafqazinfo” xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilib ki, hücum metodlarından birində kibercinayətkarlar “şifrəmi unutmuşam” bildirişindən istifadə edərək istifadəçilərin mobil nömrələrinə parolu bərpa et linkləri göndərir və onların hərəkətlərini izləyir. İstifadəçilər bu keçidləri sosial mediada paylaşdıqları zaman həmin keçidlərdən istifadə olunmaqla parol dəyişilir və hesab ələ keçirilir.
Elektron Təhlükəsizlik Xidməti bu həssas dövrdə vətəndaşlarımızı xüsusilə diqqətli olmağa, sosial şəbəkə hesablarının təhlükəsizliyinə ciddi yanaşmağa və hesablarını qorumaq üçün vaxt itirmədən aşağıdakı ümumi qaydalara əməl etməyə çağırır:
1. Şübhəli linklərə keçid etməyin!
- Sosial şəbəkə hesablarının ələ keçirilməsinin ən çox yayılan səbəblərindən biri istifadəçilərin kiberdələduzların “tələsinə” düşməsidir (“fişinq”).
- Kiberdələduzlar login məlumatlarını ələ keçirmək üçün müxtəlif sosial mühəndislik üsullarından istifadə etməklə istifadəçilərə cəlbedici vədlər verərək onları zərərli keçidlərə klikləməyə sövq edir. Keçidə klikləyən istifadəçi Facebook, İnstagram, Twitter və digər sosial şəbəkələrin saxta login səhifələrinə yönləndirilir və istifadəçi adı və parolunu daxil edir.
- Bu cür mesajlar sosial mediada qarşınıza çıxa, e-poçtunuza göndərilə və hətta dostlarınızdan belə gələ bilər. Bu səbəbdən hər bir mesajın həqiqiliyinə şübhə ilə yanaşın.
- Hesablarınıza daxil olmaq üçün brauzerdə açılan yeni səhifədə internet ünvanını əllə daxil edin.
- Unutmayın, heç bir sosial şəbəkə provayderi istifadəçilərə e-poçt və ya bildiriş göndərməklə parolunu təqdim etməyi və ya hər hansı üçüncü tərəf tətbiqi yükləməyi tələb etmir.
2. Güclü və unikal parollardan istifadə edin!
- Zəif parollar sosial şəbəkə hesablarının ələ keçirilməsinin digər ən çox yayılan səbəblərindəndir.
- Sosial şəbəkə hesablarınızın hər biri üçün unikal parol seçin, onu başqa yerdə istifadə etməyin və digər şəxslərlə paylaşmayın.
- Kiçik və böyük hərflərin, rəqəm və işarələrin kombinasiyasından istifadə etməklə 10-12 simvol uzunluğunda güclü parol yaradın.
- Parol yaradarkən adınız, doğum tarixiniz və s. kimi fərdi məlumatlarınızdan, “parol” və s. kimi ümumi sözlərdən istifadə etməyin. Eləcə də, “12345” kimi ardıcıl rəqəmlərdən və ya “qüerty” kimi ardıcıl klaviatura düymələrindən istifadə etməyin.
3. Mobil nömrənizə, e-poçtunuza sosial şəbəkə hesabınızla bağlı gələn bildirişləri paylaşmayın!
- Hesabınızla bağlı sizə göndərilən e-poçtları, keçidləri, bildirişləri digər şəxslərə yönləndirməyin və ya başqa yerdə paylaşmayın. Həmin bildirişlərdə hesabınızla bağlı həssas məlumatlar yer alır və hesablarınızın asanlıqla ələ keçirilməsinə imkan yaradır.
4. İki mərhələli autentifikasiyadan istifadə edin!
- Bu, üstün təhlükəsizlik tədbiri hesab olunur və demək olar ki, bir çox sosial media platformasında tətbiq edilir. Bu funksiya aktiv edildikdə, yeni cihazdan hesabınıza giriş edildikdə hesabla əlaqəli telefon nömrəsinə və ya e-poçta təsdiqləmə kodu göndərilir. İstifadəçi adınız və parolunuzu ələ keçirsə belə, kibercinayətkar bu kodu bilmədən hesabınıza daxil ola bilmir.
5. Üçüncü tərəf tətbiqlərə və saytlara hesabınıza giriş imkanı verərkən diqqətli davranın!
- Çox vaxt yeni hesab yaradarkən prosesi asanlaşdırmaq məqsədilə “Facebook ilə daxil ol”, “Google ilə daxil ol” kimi seçimlər qarşımıza çıxır. Unutmayın ki, etibarlı və ya təhlükəsiz sayt və tətbiqlər bununla yanaşı başqa əsas qeydiyyat vasitəsi (məsələn, e-poçtdan istifadə) təmin edir.İlk öncə tətbiqin və ya saytın etibarlılığını araşdırın.
- Həmçinin icazə verdiyiniz üçüncü-tərəf tətbiqlər üçün sosial hesabınızda hansı məlumatların əlçatan olduğunu yoxlayın. İstifadə etmədiyiniz tətbiqləri silin.
6. Yeniləməni unutmayın!
- Brauzerinizi və əməliyyat sisteminizi mütəmadi olaraq yeniləyin. Antivirus proqramlarından istifadə edin.
7. Hesabınızla əlaqəli istifadə etdiyiniz e-poçt əlçatan, mobil nömrə isə işlək olmalıdır!
- Təcrübədə görünür ki, çox zaman istifadəçilər qeydiyyatdan keçərkən istifadə etdikləri e-poçtun parolunu unudur və ya işlək olmayan mobil nömrələr qeyd edirlər. Unutmayın ki, hesabınız ələ keçirildikdə onun bərpa olunması üçün bu e-poçtdan istifadə olunur.
8. İctimai və ya ortaq istifadə edilən cihazlarda hesabınızdan çıxış etməyi unutmayın!
- Bu zaman “Şifrəni yadda saxla” funksiyasından istifadə etməyin.
- İctimai və ya başqasına məxsus wi fi-dan istifadə edərək sosial şəbəkə hesablarınıza daxil olmayın.
9. Tanımadığınız şəxslərdən dostluq təkliflərini qəbul etməyin!
- Kiberdələduzlar haqqınızda daha çox məlumat öyrənmək məqsədilə saxta hesablar yaradaraq sizə dostluq sorğuları və zərərli mesajlar göndərə bilər.
10. Hesabınızla bağlı şübhəli fəaliyyət aşkarladığınızda dərhal parolunuzu yeniləyin!
Son olaraq, hesabınıza daxil ola bilmirsinizsə, təşvişə qapılmayın. Hesabınızı bərpa etmək üçün sosial şəbəkə provayderinin təlimatlarınızı izləyin və parolunuzu dəyişin.
Bu kimi hallarla qarşılaşdığınız zaman metodiki dəstək üçün www.cert.az rəsmi saytı və ya reports@cert.az e-poçtu vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət etməyiniz xahiş olunur.