![]() |
![]() |
"Koronavirus nəinki əvvəlki simptomlarını itirib, həmçinin ağırlaşmaları günü-gündən itir".
Big.az verdiyi xəbərə görə, bu sözləri həkim-fitoterapevt, apiterapevt, bitkilər üzrə elmi işçi Elnur Eldaroğlu özünün "İnstagram" səhifəsində yazıb.
Onun sözlərinə əsasən, əvvələr 2-4 həftəyə müalicə olunan korona pnevmoniyası artıq 7-10 günə müalicə olunur.
"Sağalanlara elə gəlir ki, ağciyərləri həmişə "patoloji" vəziyyətdə qalacaq, heç vaxt xəstəlik keçirən ağciyərlər tam düzəlməyəcək. Əsla, tam yanlışdır", deyən həkim digər bakterial və virus pnevmoniyası xəstələrinin sağalıb yaxşı olduqları, normal həyata qayıtdıqları kimi, koronavirus xəstələrinin də tam sağaldıqlarını bildirib.
O, insanları panikaya düşməməyə çağırıb.
Dr. Eldaroğlu bronx yollarını gücləndirən, öskürəyi kəsən və ağciyərlərin reabilitasiyasına kömək edən təbii məhsulun reseptini də təqdim edib. Mütəxəssisin tövsiyəsinə əsasən, keçibuynuzu meyvəsi dəmləməsi və Bronxbal məcun hər biri gündə iki dəfə daxilə qəbul edilir:
"İki keçibuynuzu meyvəsi doğranır, 500 ml-də dəmlənir və alınmış məhlul iki dəfə yeməkdən öncə daxilə qəbul edilir. Bronxbal məcun bir çay qaşığı olmaqla iki dəfə yeməkdən sonra daxilə qəbul edilir".
Bu təbii dərman immun sistemini gücləndirir və bronxspazmı aradan götürdüyü üçün ağciyərlərin oksigenlə zənginləşməsini təmin edir.
Son zamanlar tibb işçilərinin arasında kütləvi COVİD-19 virusa yoluxması barədə xəbərlər yayılmaqdadır və bu da həkimlərin fəaliyyətində ciddi problemlər yaradır. Bir sıra media orqanları və sosial şəbəkələrdə xəsətəxanalarda həkim çatışmazlığından şikayət olunur.
Məsələ ilə bağlı açıqlama verən Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyilən fikirləri təkzib edib. O, bu xəbərlərin əsassız olduğunu, xəstəxanalarda həkimlərin öz fəaliyyətini uğurla həyata keçirdiklərini bildirib:
“Bunlar əsassız xəbərlərdir. Bütün xəstəxanalarda həkimlərimiz öz fəaliyyətlərini davam etdirirlər. Tibb işçilərimiz layiqincə xəstələrimizin qulluğunda dura bilirlər. Təəssüf hissi ilə bildirim ki, həkimlər arasında yoluxanlar, dünyasını dəyişənlər də var. Bunlar bizi çox üzür, biz həkimlərimizi qorumalıyıq. Onlar da özlərini qorumağa çalışmalıdırlar. Çünki onlar təkcə özlərinə yox, bütün xalqımıza lazımdır. Mən də hazırda xəstələrə qulluq edirəm, maksimum özümü qorumağa çalışıram. Xəstələrimiz də bu işdə həkimlərimizə dəstək olmalıdır. Görürsünüz ki, xəstələr palatanın qapısını açıq qoyurlar , səbəbini soruşduqda isti olduğunu deyirlər. Bu, yolverilməz hərəkətdir, qəti qadağandır. Ona görə xəstələri daha diqqətli olmağa çağırıram. Biz tibb işçilərimizi qorumalıyıq. Bundan başqa həkimlərin geyindikləri o xüsusi formaların necə ağır olduğunu qeyd etmək istəyərdim. Adi insan 30 dəqiqə o geyimdə qalsa, çətin olduğunu başa düşər. Ona görə gəlin, birlikdə bu virus ilə mübarizə aparaq, ona qalib gələk”.
Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi yardım Stansiyasından COVİD-19-dan əziyyət çəkən 1945-ci il təvəllüdlü Şıxəliyeva Nuriyyə Əlisəttar qızının nəvəsi Nurlan Əhmədlinin şikayəti ilə bağlı məsələyə açıqlama verilib.
Stansiyanın baş həkimi Rauf Nağıyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, sözügedən məsələdə problem təcili yardıma yox, xəstəxanaya aiddir. Belə ki, təcili yardım briqadası boş çarpayıların sayı haqda siyahı əsasında pasiyenti xəstəxanaya çatdırıb:
“Bizim briqada xəstəni aparır qəbul etmirlər. Əziyyət çəkən təcili yardım olur. Məsələ ondadır ki, həmin gün məndə əlimdə cədvəl var. Ayın 18-i saat 20:00-da apardığımız M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Kliniki Xəstəxanasında mövcud 100 çarpayıdan 21-i sərbəst olub. Reanimasiya çarpayılarından 20-dən biri sərbəst olub. Həmin gün 20:47-də briqada xəstəxanaya çatıb, xəstəni qəbul etmək istəməyiblər. Orada da vətəndaş narazı qalıb ki, xəstə niyə qəbul olunmayıb.
Məsələ ondadır ki, hər 3 saatdan bir TƏBİB tərəfindən bizə Covid-lə məşğul olan müəssisələrin çarpayıları haqda məlumat göndərilir. Biz də o məlumata istinad edərək xəstələri böyük çətinliklə xəstəxanalara yerləşdiririk. Baxmayaraq ki, sərbəst yerlər verirlər və hər dəfə biz xəstəni aparanda orada böyük problemlərlə rastlaşırıq. Gah deyirlər siyahıda adı gəlməyib, gah deyirlər TƏBİB yer vermədi. Belə məsələlərlə üzləşirik, briqadalarımız saatlarla qapılarda qalır.
Məndə kifayət qədər o barədə görüntülər də var. Həkimlər özlərini sübut eləmək, haqlı olduqlarını təsdiq etmək üçün o görüntüləri çəkiblər. Biz hər birimiz xəstə naminə çalışırıq. Hər bir xəstə də kənarda qaldıqca kifayət qədər insanları yoluxdura bilər. Ona görə də yaranan problemlər bilavasitə təcili yardımın yox, ümumxalq əleyhinə işə çevrilir. Mən bilmirəm yalandan kim hansı mövqedən bu işləri edir. Ancaq biz çalışırq ki, vəzifə borcumuzu kifayət qədər problemsiz yerinə yetirək. Təəssüflər olsun ki, bəzən ona imkan vermirlər.
Əlimdə sənəd-cədvəl var və o sənəd təcili yardım xidmətinin haqlı olmağını bir daha sübut edir.
Mənim borcum xəstəni xəstəxanaya yerləşdirməkdir. İşi kimsə düzgün təşkil etmirsə, bu mənim problemim deyil. Mən vəzifə borcumu yerinə yetirirəm”.
R.Nağıyev xəstələrin saatlarla xəstəxanalara qəbul edilmədiyini deyib:
“Xəstənin təkcə 40 dəqiqə yox, saatlarla da gözlədiyi olub. Biz elə olub ki, 6 saat xəstəni yerləşdirə bilməmişik. Maşına oksigen balonları daşımışıq ki, xəstə boğulur, biz hələ onu yerləşdirə bilməmişik. Bu problem bugünkü problem deyil. Çarpayının qoyulması düzgün idarə olunmayanda, hesabat düzgün verilməyəndə, hər hansı səbəbdən maneə yaradılırsa, tədbir görülmürsə, bu təcili yardımın yox, xəstəxananın günahıdır”.
Xatırladaq ki, COVİD-19-dan əziyyət çəkən 1945-ci il təvəllüdlü Şıxəliyeva Nuriyyə Əlisəttar qızının nəvəsi Nurlan Əhmədli bildirib ki, 3 gündür evdə ambulator müalicə alan nənəsinin vəziyyəti ağırlaşdığı üçün Təcili Tibbi Yardıma müraciət ediblər. M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Kliniki Xəstəxanasından əvvəlcə boş yerin olduğu bildirilsə də, 40 dəqiqə gözlədikdən sonra əksini deyiblər. Bu səbəbdən N.Şıxəliyevanın vəziyyəti daha da ağırlaşıb.
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin operatoru 74 yaşlı Abasağa İmanov koronavirusdan dünyasını dəyişib.
Televiziyadan verilən məlumata görə, veteran operator 60 yaşı ötmüş bütün digər əməkdaşlar kimi artıq 1 aya yaxındır TV-yə gəlməsə də, qəflətən evdə özünü pis hiss edib. 6 gün idi ki, xəstəxanada müalicə alan A.İmanov bu gün dünyasını dəyişib.
AzTV kollektivi Abasağa İmanova Allahdan rəhmət diləyir, yaxınlarına başsağlığı verir!
İki ay əvvəl “3 Tac” adlı yaşayış kompleksinin ərasizində olan gölün çirklənməsi haqda yerli sakinlərin şikayətindən sonra bu göl bir müddət ictimayyətin maraq dairəsi olmuşdur. Əraziyə bir çox səlahiyyətli dövlət mütəxəsisləri gəlib, gölə baxış keçirib, çirklənmənin vəziyyəti və gölün gələcək taleyi haqda qərar vermişdilər. Baxış zamanı məlum olmuşdu ki, gölü borular vasitəsi ilə qurutmağa çalışırlar.
Yasamalda yerləşən “Qanlı göl” də tikinti işləri aparılması səbəbindən qurudulur. Yasamal İcra Hakimiyyəti ərazi qazanmaq üçün gölləri qurudur, ekoloji təhlükəyə yol açır.
Xatırladaq ki, keçən il Prezident İlham Əliyevin qərarı ilə bu gölün qorunması və ətrafının abadlaşdırılması ilə əlaqədar sərəncamda verilmişdir, amma aşağıdakı gördüyünüz şəkildə heç nəyə məhəl qoyulmadan və sakinləri xəbər etmədən yenidən gölü məhv edirlər.
Bakının quru, tozlu və az yağmurlu bir yer olduğunu nəzərə alsaq hər bir su hövzəsi qızıl dəyərindədir. Əvvəllər işbazlar tikinti xətrinə ağacları qurban edirdilər indi isə sıra göllərə gəlib çatıb.
İyulun 12-dən Tovuz istiqamətində gedən döyüşlərdə Azərbaycan ordusunun 12 hərbi quluqçusu şəhid olub.
Şəhid olanların arasında general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev də var. Qeyd edək ki, Azərbaycan xalqı ilulun 14-də şəhərin müxtəlif ərazilərində orduya dəstək yürüşləri təşkil etmişdi. Bundan əlavə bir çox sosial şəbəkə iştirakçıları metro stansiyalarına şəhidlərin adının verilməsini təklif edirlər.
Bununla bağlı konkret.az-a danışan "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, bu, yalnız Nazirlər Kabinetinin səlahiyyətinə daxil olan məsələdir. Adların verilməsi və dəyişdirilməsi Nazirlər Kabinetinin müstəsna səlahiyyətindədir. "Bakı Metropoliteni" QSC-nin adla bağlı təklif vermək səlahiyyəti yoxdur. Yəni, bu məsələlər yalnız Nazirlər Kabinetində müzakirə oluna və qərar verilər bilər. Düşünürəm ki, insanlarımız bununla bağlı təkliflərini Nazirlər Kabinetinə də ünvanlamalıdırlar".
"Karantin rejimi çox ciddi əhəmiyyət kəsb edir, çünki bu tədbirlər insanlar arasında yoluxma sayının artmasına imkan vermir".
Bu sözləri Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov bildirib.
O əlavə edib ki, yumşaldılma tədbirlərinə gediləcək və bu tədbirlərə hamı hazır olmalıdır:
"Kafelər, restoranlar, digər ictimai iaşə obyektləri, "mall"lar, çimərliklər - hamısı hazır olmalıdır ki, təlimatlar və sanitar gigiyenik normalara mütləq şəkildə riayət etsin. Əks təqdirdə yenə yoluxma sayında artım müşahidə olunacaq. Dövlət yenə məcbur olacaq ki, karantin tədbirlərinin sərtləşdirilməsinə yenidən getsin. Çünki burda insan sağlamlığından söhbət gedir.
Eyni zamanda biznes sahibləri bütün hazırlıq işlərini görməli və vətəndaşlardan istər nəqliyyat, istər metro, istərsə də supermarketlərdə tələb etməlidir ki, sanitar gigiyenik normalara riayət etsinlər. Supermarket bunu etmədikdə, alış-verişə gedən insanlar yoluxacaq və ailə üzvlərini də yoluxduracaq".(baku.ws)