Son xəbərlər

İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində zəruri qayda və tələblərə əməl olunmasına nəzarət tədbirləri çərçivəsində monitorinq keçirib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, sentyabrın 23-də keçirdiyi monitorinqlər zamanı Yasamal rayonunda “Məhsul kafesi”ndə, “Ceviz tea lounge” iaşə obyektində, “Chai rooms çayxana”da, “Lamanda restoranı”nda, Sabunçu rayonunda Həsən Ağayevə məxsus “Qutab evi”ndə, Nicat Əhmədova məxsus “Market”də, Suraxanı rayonunda “7 gözəl kafesi”ndə, Orxan Məmmədliyə, Ehtibar Hacıyevə məxsus tikinti materialları mağazalarında, Xətai rayonunda “Şah şərab evi”ndə, “Beer barel kafe”də, Binəqədi rayonunda “Endi market”də, “Məhəllə kafesi”ndə, “Beer town kafesi”ndə, “Uğur kafesi”ndə, Səbail rayonunda “Kəngərli kafesi”ndə, “Karaca geyim mağazası”nda, “Dress code geyim mağazası”nda, “Coffee station” iaşə obyektində, Nizami rayonunda “Organic kendchi restaurant”da, “Hira kafe”də, “Kafe Ayturan”da, Nərimanov rayonunda “Dahua mağaza”da, “Jasmin market”də, “Baku castle” iaşə obyektində, Xəzər rayonunda “Turqut inşaat” mağazasında, “Zəm-zəm restoranı”nda, Qaradağ rayonunda "Pivnuşka kafe”də, "Nur kafe”də, "Ləzzət kafe”də, “Vedi kafe”də, Nəsimi rayonunda “Elit kafe”də, Mehman Həsənova, Nemət Sadıqova, Azər Cəfərova məxsus pərakəndə ticarət obyektlərində, Sumqayıt şəhərində “Nizami kafesi”ndə, “Barjomi kafesi”ndə, “Ana və uşaq kafesi”ndə, Abşeron rayonunda “Halal market”də, "Yaşıl bazar meyvə-tərəvəz satışı” ticarət obyektində, “Palma çay evi”ndə, “Hunkar sofrası” iaşə obyektində, ümumilikdə 127 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülüb.

Uğur Məmmədli leykemiyadan əziyyət çəkir.

Axar.az xəbər verir ki, ailənin körpənin müalicəsini davam etdirmək üçün maddi imkanı çatmır.

Yardım etmək istəyən şəxslər 055 746-57-77 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Bundan başqa, terminallardan “Bank xidmətləri” bölməsindən Kapital Bank seçərək, 4169 7413 5486 7499 nömrəli hesaba pul köçürə bilərsiniz.

2020-2021-ci tədris ili üçün ali məktəblərə qəbul olan abituriyentlərin daxil olduqları təhsil müəssisəsinə qeydiyyatı başlayıb.

Axar.az xəbər verir ki, tələbə adı qazananlar sentyabrın 25-dən oktyabrın 7-dək sənədlərini ali məktəblərə təqdim etməlidirlər.

Qeydiyyat onlayn qaydada həyata keçirilir. Abituriyentlər ali təhsil müəssisələrinin internet saytlarının müvafiq bölmələrinə daxil olmaqla, qeydiyyat üçün tələb olunan sənədlər və onlayn qeydiyyat forması ilə tanış ola bilərlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Qeyd edək ki, ali təhsil müəssisələrinin müsabiqəsində 66464 nəfər iştirak edib. Onlardan 42731 nəfəri (o cümlədən 5785 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 20799 (o cümlədən 779 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 21932 (o cümlədən 5006 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Bu il I ixtisas qrupu üzrə 400 baldan yuxarı nəticə göstərib kənarda qalan abituriyentlərin sayı dörd nəfər olub.

Axar.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, Il xtisas qrupu üzrə 200 baldan yuxarı bal toplayan bir nəfər belə kənarda qalmayıb. Ill ixtisas qrupu üzrə 500 baldan yuxarı nəticə göstərən və ali təhsil müəssisəsinə daxil olmayan cəmi bir nəfərdir. IV xtisas qrupu üzrə 500 baldan yuxarı nəticə göstərən və universitetə daxil olmayan səkkiz nəfərdir.

M.Abbaszadə bu şəxslərin ali məktəbə qəbul ola bilməməsini onların ixtisas seçimi edə bilməməsi, bəzilərinin elektron ərizələrində 1 ödənişsiz ixtisas adı yazması ilə əlaqələndirib.

O, həmin şəxslərin ikinci mərhələdə iştirak edə bilməsinin mümkün olduğunu söyləyib.

Dünyanın bir çox inkişaf etmiş ölkəsində qəbul edilmiş eftanaziya (sağalmaz, ölümcül, dəhşətli ağrılardan əziyyət çəkən insanlar və ya onların birinci dərəcəli yaxınları tərəfindən xəstənin həyatına son verilməsi) ölkəmizdə də tədbiq edilə bilərmi?

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən millət vəkili Fazil Mustafa bildirib ki, eftanaziya mübahisəli bir məsələdir. Çünki tədbiqi və hansı üsulda olması müəyyənləşməlidir:

“Prinsipcə bu məsələ ölkəmizdə də tədbiq edilə bilər. Uzun illər ağır və şiddətli ağrılardan əziyyət çəkən, sağalma ehtimalı olmayan bir şəxsin məsul qurumun rəyi ilə öz həyatına son verməsi daha humanist bir addım olar. Düşünürəm bu gün bizdə də belə bir qanunun qəbuluna ehtiyac var”.

Professor Adil Qeybulla deyib ki, eftanaziya bütün ölkələrin qanunvericiliyində öz əksini tapmalıdır:

“Bəzi tibbi proseslər ilə bağlı məsələlər təəssüf ki, qanunda öz əksini tapmır. Misal üçün donor, süni mayalanma, daşıyıcı ana və ya qeyd etdiyim eftanaziya. Mən təklif edərdim bu məsələlər qanunda öz əksini tapsın.

Azərbaycan cəmiyyəti psixoloji olaraq bir çox məsələlərə hazır deyil. Çünki insanların bu kimi məsələlərə yanaşması çox fərqlidir. Baxın, bayaq qeyd etdiyimiz donor haqqında qanuna hazır deyil. Misal üçün adətən bizdə donor kim olur? birinci dərəcəli qohumlar. Digər tərəfdən, donor olacaq şəxs adətən gənc olmalıdır. Bu zaman isə qanunla onun himayədarı, yəni valideynin rizası lazımdır. Buna isə çox hallarda valideynlər razı olmur. Bu mənada həm eftanaziya, həm də digər adını çəkdiyim məsələlər qanunda öz əksini tapmalıdır”.

Beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev saytımıza açıqlamasında qeyd edib ki, uzun illər ərzində eftanaziya heç bir halda hüquqi olaraq qəbul olunmurdu:

“Bunun əsas səbəbi də hüquq instutlarının nəzəriyyəsi ilə bağlı idi. Çünki hesab olunurdu ki, şəxsiyyət hüquqlarından biri olan yaşamaq hüququndan insan imtina etməməlidir. Bu gün ölüm hökmünə qarşı çıxanların bir çoxunun da əsas arqumenti məhz budur. Yəni insana həyat Tanrı tərəfindən verilib və canı da o almalıdır. İnsan özü öz həyatına son verə bilməz.

Lakin zamanla fərqli elementlər ortaya çıxmağa başladı. Misal üçün insanlara işgəncə etmək, qeyri-insani rəftar etmək olmaz. Bəzi insanların xəstəlikləri elə bir dərəcədə olur ki, onların bu şərtlərdə yaşaması qeyri-insanı rəftar kimi qiymətləndirilir. Bu mənada bəzi inkişaf etmiş ölkələr bunu əsas gətirərək eftanaziyanı qanuniləşdirdi. Eftanaziya müasir dövrün şərtləri ilə daha humanist bir yanaşmadır. Ona görə hesab edirəm ki, bizdə də belə bir qanuna ehtiyac var”.

Narkotik tərkibli bitkilərin aqrotexniki qaydada qulluq edilərək yetişdirilməsi ilə məşğul olan şəxslərə qarşı Abşeron Rayon Polis İdarəsinin (RPİ) Qobu Polis Bölməsinin (PB) əməkdaşları tərəfindən növbəti əməliyyat tədbiri həyata keçirilib.

Ardını oxu...

Distant təhsilin başlamasının 10 günü tamam olmadan artıq sosial şəbəkələrdə valideynlər və tələbələr internetin sürətinin zəifləməsindən və onlayn dərslərə qoşula bilməmələrindən şikayət edirlər.

Məsələ ilə bağlı Axar.az-ın sorğusuna cavab olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Günel Gözəlova bildirib ki, eyni anda internetə qoşulmaların sayı artıdığı üçün internetin sürətiylə bağlı çətinliklərin yaranması qaçılmazdır:

“Pandemiya dövründə karantin tətbiq edildiyi üçün internet xidmətlərinə olan tələbat yüksəlib və istifadə olunan internet trafiki kəskin şəkildə artıb. Məktəb və universitetlər distant təhsilə keçdiyindən, evdə oturan şagirdlərin və tələbələrin izlədiyi kontentlər bütün videotrafikin təxminən 70%-ni təşkil edir. Hər kəs eyni zamanda internetə qoşulmağa çalışır. Bu halda isə çətinliklər qaçılmazdır. İstifadəçilərin internet xidmətlərinə tələbatının artması ilə əlaqədar nazirlik ölkə üzrə internet infrastrukturunun xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində kompleks işlər aparır. Görülən işlər sırasında ilk olaraq ölkə üzrə qlobal internet kanallarına qoşulma sürəti artırılıb. Bununla yanaşı, internet xidməti təqdim edən operator və provayderlər də milli internet operatorlarından aldıqları tutumları artırıb”.

Qurum rəsmisi bildirib ki, ötən illə müqayisədə bu ilin son 9 ayı üzrə “Baktelekom”un təqdim etdiyi multimedia xidmətlərinə qoşulmada 40% artım müşahidə edilib:

“Pandemiya ilə əlaqədar internet xidmətlərinə artan tələbat fonunda bu ilin 8 ayında dövlət telekommunikasiya operatorları tərəfindən 100 min abunəçiyə internetə qoşulmaq üçün texniki imkan yaradılıb və 65 minə yaxın vətəndaşın şəbəkəyə qoşulması təmin edilib. Nazirliyin tabeliyində xidmət göstərən Baktelekom və Aztelekom MMC pandemiya dövründə paytaxt sakinlərini fasiləsiz rabitə xidmətləri ilə təmin etmək üçün gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Ötən illə müqayisədə bu ilin son 9 ayı üzrə “Baktelekom”un təqdim etdiyi multimedia xidmətlərinə qoşulmada 40% artım müşahidə olunub.

Yeni tədris ilinin başlanması ilə əlaqədar Bakı kəndlərində yerləşən fərdi evlərdə optik şəbəkənin inşası davam etdirilir və sakinlərin rabitə xidmətlərinə qoşulması operativ şəkildə həyata keçirilir. Bu yaxında Biləcəri qəsəbəsi və Hövsan yolundakı Qum adasında yerləşən yeni yaşayış massivinin sakinləri optik xidmətlərlə təmin ediliblər. Hazırda Nizami, Xətai, Sabunçu və Xəzər rayonlarında fərdi evlərdən ibarət olan yaşayış massivlərində tərəfimizdən optikləşdirmə işləri aparılır”.

G.Gözəlova hazırda regionlara ötürülən trafikin həcmində 40%-dən çox artım müşahidə olunduğunu söyləyib:

“Regionlarda telekommunikasiya xidmətlərinə olan tələbatın ödənilməsi məqsədilə Aztelekom MMC tərəfindən mərhələli şəkildə infrastruktur layihələri həyata keçirilir. Həm magistral, həm də paylayıcı şəbəkələr müasirləşdirilir. Magistral xətlərin ötürülmə qabiliyyətinin qüzqat artırılması məqsədilə DWDM texnologiyası tətbiq edilib”.

Yeni qatarlar gətiriləcək, havalandırma və interval isə… - Metropolitendən MÜHÜM YENİLİK
 

Pandemiya dövründə Bakı Metropoliteninin fəaliyyəti ilə bağlı monitorinqlər, təhlil və araşdırmalar aparılıb, sərnişinlərin statistikası öyrənilib.

Məlumata görə, hazırda metropolitendə ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə az sərnişin daşınır.

Bu barədə Publika.az-ın suallarını cavablandıran “Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, əvvəlki illərdə həmişə metropolitendə sentyabr ayının əvvəlində dərs ilinin başlaması ilə əlaqədar olaraq sərnişinlərin sayı artıb və hərəkət qrafiki dəyişib. Ancaq pandemiya səbəbilə həm Nazirlər Kabinetinin, həm də Təhsil Nazirliyinin qərarına əsasən, tədris mövsümünün tamamilə başqa formatda bərpa olunması metrodan istifadə edən sərnişinlərin statistikasına da təsir göstərib: “Yay ayları aktiv istirahət mövsümü olduğu üçün məzuniyyətə gedənlərin sayının çox olması da sərnişinlərin sayının azalmasına təsir edir. Lakin hazırda bu istiqamətdə sərnişinlərin sayı artmağa başlayıb. Nazirlər Kabinetinin idarə, müəssisə və təşkilatların fəaliyyəti ilə bağlı müəyyən qərarları var. Bu tələblərə uyğun olaraq metropolitenin də işinin tənzimlənməsi prinsipləri həyata keçirilir. Bütün bunları nəzərə alsaq, hazırda metropolitendə ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə az sərnişin daşınır.

“Hazırda ən optimal hərəkət qrafiki tətbiq edilib”

B.Məmmədov Bakı Metropoliteninin pandemiya başlayandan bu günə qədər ən optimal hərəkət qrafiki tətbiq etdiyini deyib. Onun sözlərinə görə, bu qrafikə uyğun olaraq qatarlar ən pik saatlarda minimal hərəkət qrafiki ilə - texniki imkanlara görə 2 dəqiqə intervalla hərəkət edirlər: “Bu qayda sərnişinlərin sayından asılı olmayaraq qüvvədə qalacaq. Sərnişinlər də metrodan metodiki göstərişlərə uyğun istifadə etməlidirlər. Girişdə biz tibbi maska tələb edirik və çalışırıq ki, bütün qatarlarda və stansiyalarda buna nəzarət edək. Amma metodiki göstərişlərdən biri də sosial məsafənin qorunmasıdır. Optimal hərəkət qrafiki həm də bunun üçün tətbiq edilir”.

Metropoliten rəsmisi qeyd edib ki, sərnişin sıxlığının tənzimlənməsi, onların hərəkət axını, rahatlığı və təhlükəsizliyi pandemiya şəraitini nəzərə alaraq maksimal dərəcədə gözlənilir: “Hazırda gücləndirilmiş iş rejimində çalışırıq. Metropoliten adətən paytaxtda keçirilən xüsusi kütləvi tədbirlər zamanı gücləndirilmiş rejimdə fəaliyyət göstərir. Hazırda isə xüsusi rejimdə işləyir. Günün müəyyən saatlarında zərurət yaranarsa, əlavə qatarlar xəttə buraxılır. Çünki pandemiya vaxtı sərnişin axını istiqamətlərində dəyişiklik ola bilər. Metropoliten buna da hazırdır. Gücləndirilmiş iş rejiminin digər bir tərəfi isə insan resursları ilə bağlıdır. Müəyyən növbətçilik cədvəli tərtib olunub və ona uyğun da stansiyalarda xidmət göstərilir. Sərnişinlərin hərarəti ölçülür, monitorinqlər və təbliğat işləri aparılır, nəzarət isə gücləndirilib. Bununla bağlı işçilər cəlb olunub və növbəti cədvəl tutularaq onların təlimatlandırılması müntəzəm şəkildə aparılır”.

“Havalandırma ilə bağlı təqdimat hazırlanacaq”

Əksər vətəndaşları metropolitendən narazı salan səbəblərdən biri də havalandırma sisteminin intensiv olmaması və ya yaxşı işləməməsidir.

Qurum rəsmisi bu məsələyə də aydınlıq gətirib və bildirib ki, qatarların havalandırılması hər zaman prioritet mövzu olub və yaxın zamanlarda bununla bağlı təqdimat hazırlanacaq: “Bakı Metropoliteninin bütün ventilyatorlarının hamısı işlək vəziyyətdədir və hazırda pandemiya şəratinin tələbləri nəzərə alınmaqla xüsusi iş qrafikində çalışır. Ventilyasiyanı bəzən soyutma kimi də başa düşürlər. Əslində bu, belə deyil və onun ilk iş prinsipi təhlükəsizlik məqsədi daşıyır. Yəni o, yanğın və tüstülənmə olarsa, birinci növbədə tüstünün kənarlaşdırılması və təmiz havanın tunellərə vurulması üçündür. Bundan əlavə, tunel və tunel avadanlıqlarının keyfiyyətinin qorunması, Bakının geoloji şəraiti baxımından xüsusi rol oynayır. Daha sonra isə sərnişinlərin müvafiq oksigen miqdarı ilə təmin olunmasıdır. Əvvəl də belə olub, hazırda da belədir”.

“Xəttə yeni qatarlar buraxılacaq”

Sərnişinlərin rahatlığının təmin olunması baxımından yeni qatarların xəttə buraxılması xüsusi rol oynayır.

B.Məmmədov deyib ki, köhnə qatarların xətdən çıxarılaraq yeniləri ilə əvəz olunması mərhələli şəkildə aparılır. Bunun üçün müqavilə də imzalanıb və bu ildən icra olunmağa başlanılıb. Razılaşmaya görə, bu il ərzində ölkəyə hər birində 5 vaqon olmaqla, 4 yeni qatar gətirilib: “Müqavilə 2019-cu ilin oktyabr ayında imzalanıb. Yeni qatarların gətirilməsinin iki vacib prinsipi var. Birincisi, istismar ilini başa vuran qatarların yeniləri ilə əvəz olunmasıdır. Əgər qatar istismar müddətini başa vurursa, o xəttən çıxarılmalı, əvəzində isə yeni qatar xəttə buraxılmalıdır”.

Qurum sözçüsü 2019-cu ilin oktyabrında Bakı Metropoliteni tarixində ilk uzunmüddətli müqavilə olan bu razılaşmanın 3 illik dövrü nəzərdə tutduğunu vurğulayıb: “Bu qayda ilə 2021, 2022-ci ilin hər birində 20 vaqon olmaqla daha 40 vaqon (8 qatar) ölkəyə gətiriləcək. O qatarlar istismar müddətini bitirmişlərin əvəzinə xəttə buraxılacaq. Artıq sərnişinlər yeni qatarların çoxluğunu da hiss edirlər. Hazırda isə metropolitendə 15 yeni qatar (75 vaqon) var və bütün qatarlar müntəzəm olaraq yoxlanılır”.

Bakı-Quba yolunda cari təmir işlərinə başlanılıb.

Axar.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

O bildirib ki, artıq əraziyə texnikalar cəlb edilib:

“Bakı-Quba yolunda zərurət olduqca cari təmir işləri aparılır, yolun dağılmış hissələri bərpa edilir. Artıq bu il də yolda təmirə ehtiyac olan ərazilərdə işlər başlanılıb. Yolun bir hissəsi dağıldığı üçün həmin ərazilər bərpa edilir”.

A.Nəcəfli əlavə edib ki, yolda təmir işləri maksimum hərəkətə mane olmamaqla həyata keçirilir. Yolun dağılmış hissələri sökülərək həmin yerlərə asfalt örtük vurulacaq.

Sabah hava dumanlı olacaq

Sentyabrın 24-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın bəzi yerlərində zəif duman olacağı, qısamüddətli az yağış yağacağı gözlənilir. 

Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 18-20, gündüz 25-28, Bakıda gecə 18-20, gündüz 26-28 dərəcə isti olacaq.

 

Atmosfer təzyiqi normadan yüksək 762 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.

Sentyabrın 24-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-20, gündüz 25-30, dağlarda gecə 6-11, gündüz 12-16 dərəcə isti olacaq

Tibbi-meteoroloji proqnoz

Sentyabrın 24-də Abşeron yarımadasında komfort temperatur şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.