Son xəbərlər


Gəncə şəhərində fəaliyyət göstərən "Dan Ulduzu" şadlıq sarayının rəhbəri, xeyriyyəçi və tanınmış sahibkar Rübail Məmmədov, yalnız iş dünyasında qazandığı uğurlar ilə deyil, həm də cəmiyyətə olan dərin bağlılığı və xeyriyyəçilik fəaliyyəti ilə tanınır. O, hər zaman sosial məsuliyyətini dərk edərək, gəncənin və ümumilikdə Azərbaycanın inkişafına öz töhfələrini verir.

Rübail müəllim "Dan Ulduzu" şadlıq sarayının rəhbəri kimi böyük müştəri məmnuniyyəti əldə edib və bu müəssisə şəhərin ən tanınmış və nüfuzlu məkanlarından birinə çevrilib. İstər şadlıq mərasimləri, istərsə də müxtəlif tədbirlər üçün xüsusi bir məkan təmin edən bu müəssisə, yüksək xidmət keyfiyyəti ilə müştərilərinin məmnuniyyətini qazanıb. Bununla yanaşı, "Dan Ulduzu" şadlıq sarayının rəhbəri olaraq Rübail Məmmədov, yalnız iş fəaliyyətinə önəm verməyib, həm də cəmiyyətin rifahı üçün daim sosial tədbirlərdə fəal iştirak edib.

Rübail müəllim Ramazan ayı kimi müqəddəs zamanlarda az təminatlı ailələrə və şəhid qazilərə göstərdiyi dəstəklə tanınır. O, hər Ramazan ayında ehtiyacı olan ailələrə yardım edərək, həm maddi, həm də mənəvi dəstək verir. Onun bu yardımları, Ramazan ayının ruhuna uyğun olaraq, insanların birlik və həmrəyliyini ön planda tutan bir fəaliyyətdir. Rübail Məmmədov, eyni zamanda, şəhid ailələrinə və qazilərə olan xüsusi qayğı ilə də fərqlənir. Azərbaycanın azadlığı və suverenliyi uğrunda canını fəda etmiş qəhrəmanlarımızın ailələrinə daim dəstək göstərən Rübail müəllim, hər zaman onların yanında olmuş və onların problemlərinin həlli üçün öz töhfələrini vermişdir.

Rübail Məmmədovun xeyriyyəçilik fəaliyyəti onun yalnız iş adamı deyil, həm də böyük ürəyə sahib bir insan olduğunu göstərir. O, cəmiyyətin ehtiyacı olan sahələrdə dəstək olmaqla yanaşı, bu fəaliyyəti ilə vətənpərvərliyin və insanpərvərliyin ən gözəl nümunəsini ortaya qoyur. Həm iş adamı, həm də xeyriyyəçi kimi Rübail müəllim, Azərbaycan xalqına öz töhfələrini verməyə davam edir, Ramazan ayının təbliğ etdiyi yaxşılıq, yardım və birlik ruhunu hər zaman yaşadır.

Rübail Məmmədovun vətənpərvərliyi, şəhidlərə və qazilərə olan dəstəyi, həmçinin az təminatlı ailələrə etdiyi yardımlar onun cəmiyyətə olan dərin bağlılığını və insanlara olan sevgi və qayğısını nümayiş etdirir. O, bir çoxlarının həyatına müsbət təsir göstərərək, şəxsiyyətinin və işinin nümunə olacağı bir liderdir.

Müşfiq Kişiyev

 

"Azərbaycanın dövlət siyasətində hazırda prioritet məsələlərdən birini Zəngəzur dəhlizinin açılması təşkil edir. Bu həm Naxçıvanla quru əlaqəsinin bərpa olunması baxımından, həm də Türk dünyasının birliyi baxımından olduqca vacibdir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

Politoloq bildirib ki, digər bir tərəfdən isə Zəngəzur əsrlər boyu Azərbaycan torpağı olub və indi həmin ərazilərdən ən azından nəqliyyat yolu olaraq istifadə etmək bizim haqqımızdır: "Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələ Azərbaycanla Ermənistan arasında aparılan sülh sazişi ilə bağlı sazişin mətnindən çıxarılsa da, bu məsələ bizim üçün prioritet təşkil edir və davamlı şəkildə müzakirə olunur. Bizim bu məsələ ilə bağlı mövqeyimiz qətidir və birmənalıdır.

 

Zəngəzur dəhlizinin açılması Ermənistanın 10 noyabr üçtərəfli bəyanatla və daha sonra 11 yanvarda aparılan danışıqlarda üzərinə götürdüyü öhdəlikdir. Rəsmi İrəvan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli və Azərbaycandan Azərbaycana maneəsiz keçidi təmin etməlidir.

Bizim irəli sürdüyümüz tələblər beynəlxalq hüquqa əsaslanır və bölgədə uzunmüddətli sabitliyin təmin olunması üçün vacibdir. Əslində Ermənistan özü də bu dəhlizin açılmasının vacibliyini dərk edir. Çünki Zəngəzur dəhlizinin açılması Ermənistanın beynəlxalq nəqliyyat və iqtisadi layihələrdə iştirak imkanlarını formalaşdıra və qarşılıqlı əməkdaşlıq perspektivləri yarada bilər. Başqa sözlə desək, Zəngəzur dəhlizi Ermənistanın regionda iqtisadi təcridinə son qoya bilər. Ancaq Ermənistanın müstəqil qərar qəbul etmək imkanının olmaması, bir tərəfdən Fransa, digər tərəfdən isə İrandan gələn sifarişlərin əsirinə düşməsi onu bu layihənin gerçəkləşməsi üçün real addımlar atmaqdan çəkindirir. Halbuki, post-münaqişə şəraitində ölkələr arasında nəqliyyat əlaqələrinin bərpası sırf iqtisadi səmərə ilə yanaşı, həm də mühüm etimad quruculuğu rolunu oynaya və sülh yaratmaq üçün effektiv alət ola bilər. Odur ki, Ermənistan tərəfindən Zəngəzur dəhlizi ilə bağlı müsbət addımların atılmaması, həm də bu ölkənin sülh istəməməsi kimi qəbul olunmalıdır".

Xan qızı Natavanın kötücəsi -Aqiyə Naxçıvanlının ömür yolu 

Qloballaşan dünyada xarici təsirlərə məruz qalmamaq üçün Azərbaycan xalqı,ələlxüsus da gənc nəslin nümayəndələrinin işləmək,yaşayıb-yaratmaq eşqi tarixə hörmət,dünənini unutmamaq şərti ilə daha vacib əmsallar olaraq bundan sonra da qalmalıdır.

Şükürlər olsun ki,müasir dövrdə, eləcə də diqtələr için yaşadığımız bu narahat dünyamızda idarəçilikdə kişilərlə bərabər idrak silahını kəsərdən düşməyə qoymayan Azərbaycan qadınlarının iştirakını da gördük.Ötən əsrlərə baxdıqda biz bu mənada yaşayıb-yaratmış Tomris,Nigar,Həcər və digər Azərbaycan xanımları ilə fəxr etmiş olurduqsa,məhz, Mehriban xanım Əliyevanın rəhbərliyi altında son 20 ildə Azərbaycanda qadınların dövlət idarəçiliyində,parlament təmsilçiliyində,iqtisadiyyatın müxtəlif sahələrində daha geniş formatda təmsilçiliklərinin şahidi olduq.Belə Azərbaycan xanımlarından biri də 11 mart 1950-ci ildə Oğuz şəhərində,ziyalı ailəsində anadan olan Aqiyə Naxçıvanlı nümunəsidir.Ona müstəqilliyimiz illərində də böyük etimad göstərildi.

Azərbaycanda həmişə,o cümlədən ümummilli lider Heydər Əliyevin,eləcə də Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin rəhbərliyi illərində Azərbaycanın görkəmli şairəsi, xeyriyyəçi və mütəfəkkiri Xurşudbanu Natavan şəxsiyyətinə, irsinə, yaradıcılığına dövlətimiz tərəfindən hər zaman xüsusi diqqət və qayğı göstərilib.Haqqında söhbət açdığımız Aqiyə Naxçıvanlı da məhz Xan qızı Natavanın nəslinin bir nümayəndəsidir.

Xatırlayanlar bilər ki,2021-ci ildə,Şuşada Vaqif Poeziya Günlərinin bərpa olunması ilə bağlı verdiyi müsahibələrin birində Aqiyə Naxçıvanlı bu barədə ona verilmiş sualı belə cavablandırmışdı: "...Bir qədər sadə olsun deyə nəsil şəcərəmizi belə təsvir edim: mənim atam Həbib Naxçıvanski Əkbər Naxçıvanskinin (general C.Naxçıvanskinin nəslindən – red.) oğludur.Əkbər Naxçıvanskinin anası Xanbikə də Xan qızı Natavanın doğma qızıdır.Beləliklə, mən birbaşa Xan qızı Natavanın kötücəsiyəm,Naxçıvanskilər səcərəsindənəm.Babam Əkbər Naxçıvanski isə Xan qızının sevimli nəvəsi olub və onun uşaqlıq illəri məhz nənəsinin,Xan qızı Xurşudbanu Natavanın yanında keçib.Təbii ki, bu qan bağlılığı mənim üçün həm qürur mənbəyidir, həm də Şuşaya olan sonsuz məhəbbətimi şərtləndirən əsas amillərdən biridir..."

Onu da vurğulayaq ki,Aqiyə Naxçıvanlı Xan Naxçıvanskilərin səcərəsindəndir.Bu nəsildən 8 general olub.O cümlədən Kəlablı xan,Esan xan,Hüseyn xan.Eləcə də qeyd etməliyik ki,Əkbər xan Naxçıvanın sonuncu xanı olub.Deməli,Aqiyə Naxçıvanlı həm də Əkbər Naxçıvanskinin nəvəsidir.O,ata,həm də ana nəslinə rəğmən yüksək genetik göstəricilərə malikdir.

Göründüyü kimi,Azərbaycan qadını və elm,Azərbaycan qadını və nümunəvi  təmsilçilik və sair məsələlərə əhatəli şəkildə yanaşanda,Aqiyə Naxçıvanlı da zaman keçdikcə fədakar alim, gözəl pedaqoq, qayğıkeş ana,ictimai-siyasi həyatda aktiv bir Azərbaycan xanımı kimi formalaşmış,xalqını böyük məhəbbətlə sevən bir insan kimi yaşamışdır.

 

O,ötən əsrin 60-70-ci illərində orta və ali təhsili uğurla başa vurmuşdur.Eləcə də, M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun pedaqoji fakültəsində aldığı təhsillə kifayətlənməyərək,Bakı Ali Partiya məktəbini bitirmişdir.Bəlkə də bu, Aqiyə xanımın sonralar artıq müstəqil Azərbaycanın ictinai-siyasi həyatında aktiv və səmərəli rol oynaması üçün hazırlanan bir zəmin idi. Bununla belə əmək fəaliyyətinə pedaqoji sahədə başlayan Aqiyə Naxçıvanlı ömrünü elm və təhsilə bağlayır.Həmin dövrün tələblərinə uyğun olaraq Aqiyə xanım ilk dəfə pedaqoji fəaliyyətinə təyinatı üzrə Oğuz rayonunda başlasa da,rayon Komsomol Komitəsinin I katibi, sonra Azərbaycan Komsomolu Mərkəzi Komitəsinin məktəbli gənclər şöbəsinin müdiri vəzifələrinə də irəli çəkilir.Bir müddət sonra Naxçıvan Vilayət Partiya Komitəsinə məsul işə göndərilir.Muxtar Respublikada beş il fəaliyyət göstərdikdən sonra isə  A.Naxçıvanlı Bakıya keçmiş 26 Bakı komissarı Rayonu Partiya Komitəsinin təşkilat şöbəsində təlimatçı vəzifəsində işə göndərilir.1986-95-ci illərdə Bakı Ali Partiya Məktəbində Rus dili və ədəbiyyatı kafedrasında baş müəllim,1995-ci ildən Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda Azərbaycan və rus dili kafedrasının müdiri,aspirantura şöbəsinin müdiri vəzifələrinə irəli çəkilir. 1999-cu ildə Aqiyə Naxçıvanlı Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası siyasi idarəetmə fakültəsinin dekanı, 2005-ci ilin martında isə ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbayan Müəllimlər İnstitutunun rektoru vəzifəsinə təyin olunur.

 

Qəbul edək ki,şərqdə bir qadın olaraq, boy verib görsənmək həmişə asan məsələ olmayıb.Nə qədər özümüzə təsəlli versək də,şərqin bir ayrılmaz hissəsi olaraq, Azərbaycanda da qadına zamanla bir etimadsızlıq sindromu olduğunu bilməmiş deyilik.Təbii indi buna kimlərsə  yüz cür qane edən və ya qane etməyən misal tapıb söyləyə bilər.Amma sovetlər dövründə iş görmək potensiallarını ortaya qoyan,bir sözlə,yaşadığı cəmiyyətdə özlərinə etimad qazanan,şüurlardakı tipik şərq qadını obrazını yenisi ilə əvəzləyən azsaylı xanımlardan biri kimi tərcümeyi- halına nəzər yetirdikdə Aqiyə Naxçıvanlını görmək mümkündü.O,azərbaycanlıdır, şərqə məxsus bütün adət və ənənələrin daşıyıcısıdır.Bununla belə işlədiyi illərdə cəmiyyətə xas qayda-qanunları pozmadan müasirləşən azərbaycanlı qadındır,anadır,xanımdır. O,müasir parametrdə "aslanın erkəyi, dişisi olmaz" misalına öz ağlı,səliqəli və nizamlı hərəkətləri ilə cavab verə bilən,bütün hallarda zərifliyini itirməyən Azərbaycan xanımıdır.

O,10 kitab,200-dən artıq elmi məqalənin müəllifidir.Ona 2003-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Fəlsəfə və sosial psixologiya kafedrasının dosenti elmi adı, 2007-ci ildə isə professor elmi adı verilmişdir. Elmi-ictimai fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilən Aqiyə Naxçıvanlı 2008-ci ildə ölkə prezidentinin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının “Əməkdar müəllimi” fəxri adına layiq görülmüşdür. 2009-cu ildə isə dövlət başçısının digər bir Sərəncamı ilə A.Naxçıvanlı “Şöhrət” Ordeni ilə təltif olunmuşdur.

Eləcə də biz Aqiyə Naxçıvanlını çağdaş Azərbaycan qadını kimi həm də bacarıqlı siyasətçi,dövlət məmuru, xalqın inanıb səs verdiyi deputat olaraq gördük. İlk dəfə 2010-cu ildə,doğulub boya-başa çatdığı Oğuz-Qəbələ bölgəsindən seçicilərin etimadını qazanan Aqiyə Naxçıvanlı ardıcıl olaraq üç çağırış,2010-2015-ci illərdə IV çağırış, 2015-2020-ci illərdə V çağırış və 2020-2024-cü illərdə VI çağırış Azərbaycan Respublikasının Milli Məclisnin deputatı seçildi. Həmin illər ərzində Aqiyə xanım parlamentdə öz seçicilərini ləyaqətlə təmsil etməklə bərabər,Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri, Azərbaycan-Portuqaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Avstriya, Birləşmiş Ərəb Əmirlikləri, İspaniya, İsveçrə, Monteneqro parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvü vəzifələrində də ölkəmizi yüksək səviyyədə təmsil etmişdir.Aqiyə Naxçıvanlı bu gün də cəmiyyətimizin rifahı naminə ictimai fəaliyyətini yüksək səmərəliliklə davam etdir.Hal-hazırda Aqiyə xanım Azərbaycan Respublikası Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, eyni zamanda da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Müdafiə şurasının üzvü və Elmi seminar rəhbəridir.

Azərbaycan Respublikası Prezidentinin 13 mart 2020-ci il tarixli Sərəncamı ilə Aqiyə xanım Naxçıvanlı 2-ci dərəcə “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.

Professor Aqiyə Naxçıvanlının istər elm sahəsində, istərsə də siyasətçi və elm adamı kimi səmərəli fəaliyyətində əldə etdiyi bu böyük uğur göstəriciləri müasir Azərbaycan qadınının tükənməz potensiala sahib olmasının sübutudur.

Dünya böyük mərhəmətə,məhəbbətə layiqdir,inancından və irqindən asılı olmayaraq insanlara nəvazişlə yanaşmaq,onların ağrılarına, problemlərinə şərik olmaq bir mütləqlikdir.Bu baxımdan  Aqiyə Naxçıvanlının uşaqlara,gənclərə,yaşlı nəslin nümayəndələrinə göstərdiyi münasibət,diqqət bir nümunədir,hörmətə layiqdir.

Sonda bu gün yubileyini qeyd edən professor Aqiyə Naxçıvanlını təbrik edirik,hörmətli professora uzun ömür, can sağlığı və işlərində yeni uğurlar diləyirik!

Qeyd:Məqalədə Aqiyə Naxçıvanlı haqqında KİV-lərdə yazılmış bir sıra məlumatlardan da istifadə edilmişdir.


Məşhur Məmmədov,
Millət vəkili


10 mart Azərbaycan teatr tarixində xüsusi əhəmiyyət kəsb edən gündür, Milli Teatr Günü kimi qeyd olunur.
1873-cü ildə görkəmli maarifçi Həsən bəy Zərdabinin və dramaturq Mirzə Fətəli Axundovun təşəbbüsü ilə Bakıda ilk teatr tamaşası – "Lənkəran xanının vəziri" əsəri səhnələşdirildi. Bu tarixi hadisə ilə Azərbaycan teatr sənətinin əsası qoyuldu və milli mədəniyyətimizin inkişafında yeni mərhələ başlandı.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti teatr sənətinin inkişafına xüsusi diqqət və qayğı göstərir. Dövlət başçısının sərəncamları ilə teatr binaları əsaslı şəkildə təmir olunur, yeni teatrlar açılır, teatr kollektivlərinə maddi və mənəvi dəstək verilir. Xüsusilə, 2019-cu ildə "Azərbaycan Teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramının uğurla başa çatması teatr sənətimizin müasir dövrdə daha da inkişafına zəmin yaratdı.

Bundan əlavə, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu mədəniyyətin müxtəlif sahələri ilə yanaşı, teatr sənətinə də xüsusi qayğı göstərir. Fondun dəstəyi ilə bir sıra teatr layihələri həyata keçirilmiş, klassik və müasir dramaturgiya nümunələri geniş auditoriyaya çatdırılmışdır.
Azərbaycan teatrı 10 mart 1873-cü ildən başlayaraq böyük bir inkişaf yolu keçib. Bu gün teatrımız zəngin tarixi və milli dəyərləri özündə birləşdirərək cəmiyyətin mənəvi dünyasına təsir edən mühüm sənət ocağıdır. Lakin inkişafla yanaşı, teatrlarımızın qarşılaşdığı çətinliklər və gələcəyə dair ümidlər də mövcuddur.
Teatrlar üçün ayrılan maliyyə vəsaiti bəzən müasir texniki tələblərə cavab verən səhnə quruluşları və innovativ tamaşalar hazırlamaq üçün yetərli olmur.
Gənclər tamaşalara maraq göstərmir. Cəmiyyətin, xüsusilə gənclərin teatr tamaşalarına marağının artırılması üçün yeni strategiyalar lazımdır. Müasir auditoriyanın teatrla bağlılığı zəifləyir və bu, teatr sənətinin gələcəyi üçün təhlükə yaradır.
Bəzi teatrlarımız klassik əsərlərə üstünlük verir, müasir dramaturgiyanın yetərincə inkişaf etməməsi repertuar məhdudiyyəti yaradır.
Bakı teatrları nisbətən yaxşı inkişaf etsə də, bölgələrdə fəaliyyət göstərən teatrların bir çoxu infrastruktura və maliyyə dəstəyinə ehtiyac duyur.
Fikrimcə, Azərbaycan teatrının inkişafı üçün bir neçə istiqamətdə islahatlar və yeni təşəbbüslər vacibdir.
Gənc nəslin teatra marağının artırılması üçün interaktiv tamaşalar, açıq səhnə performansları və müasir texnologiyalardan istifadə edilməlidir.
Dövlət dəstəyinin artırılması və teatrların maliyyələşmə mexanizmlərinin təkmilləşdirilməsi lazımdır.
Müasir dramaturgiya inkişaf etdirilməli, gənc yazıçılar və rejissorlar dəstəklənməlidir.
Region teatrlarına daha çox diqqət yetirilməli, onlar üçün səyyar tamaşalar və festivallar təşkil edilməlidir.
Azərbaycan teatrı təkcə milli mədəniyyətimizi yaşadan bir sənət növü deyil, eyni zamanda xalqımızın düşüncə tərzini, tarixi və mənəvi dəyərlərini əks etdirən mühüm bir tribunadır. Bu gün teatrlarımız dünya səhnəsində də Azərbaycan mədəniyyətini uğurla təmsil edir, beynəlxalq festivallarda iştirak edərək böyük uğurlar qazanır.
Hər birimiz çalışaq, ayda 1 dəfə də olsa, teatrlara gedək. Bu addımla teatrlara, yaradıcı heyətə maddiyyatla yanaşı, mənəvi dəstək də göstərmiş olarıq.
Milli Teatr Günü münasibətilə bütün teatr xadimlərini, aktyorları, rejissorları, dramaturqları və sənətsevərləri təbrik edir, onların danılmaz əməyi ilə Azərbaycan teatrının daha böyük uğurlara imza atmasını arzulayırıq!
Məşhur Məmmədov
Milli Məclisin deputatı


Azərbaycan qadınları tarix boyunca cəmiyyətin inkişafında, dövlətçilik ənənələrinin qorunub saxlanılmasında, mədəniyyətin və elmin yüksəlişində mühüm rol oynayıb. Qadınlarımızın fədakarlığı və əzmkarlığı onların cəmiyyətimizin ayrılmaz bir hissəsinə çevrildiyini göstərir.

Tarixi mənbələr və dastanlar sübut edir ki, Azərbaycan qadınları təkcə ana kimi deyil, həm də dövlət quruculuğunda, siyasi və hərb sahəsində fəal iştirak etmişlər. “Kitabi-Dədə Qorqud” dastanında qadınların cəsarət və şücaəti təsvir edilmiş, Tomris, Möminə Xatun, Sara Xatun kimi qadın liderlər öz müdriklikləri ilə dövlət idarəçiliyində mühüm rol oynamışlar.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlarımızın seçib-seçilmək hüququ əldə etməsi isə Şərq dünyasında bir ilk idi. Bu, qadınlarımızın ölkəmizin ictimai-siyasi həyatında daha fəal iştirakına yol açdı. Sürətlə maariflənən qadınlarımız yüz illərdən bəri formalaşmış milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olmuşlar.

Keçmişin unudulmaz səhifələrində möhkəm iradəyə malik görkəmli qadın şəxsiyyətlərimizin yüksək ləyaqətinin, ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları kimi müasir Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də cəmiyyətin inkişafına fədakarcasına xidmət edirlər. Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınlarının mədəni və intellektual potensialından xəbər verir.

Qadın siyasəti və hüquqları bu gün dövlətimiz üçün prioritetdir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları var, bütün bu proseslər də öz növbəsində ictimai-siyasi həyatın bütün sahələrində gender siyasətinin güclənməsinə gətirib çıxarıb.

1995-ci ildə keçirilmiş IV Ümumdünya Qadın Konfransında Azərbaycan Pekin Bəyannaməsi və Fəaliyyət Platformasını qəbul etmişdir. Platformanın əsas məqsədi qadınların siyasi, iqtisadi və sosial vəziyyətlərinin yaxşılaşdırılmasıdır. Pekin Bəyannaməsi və Fəaliyyət Platforması bütün dünya qadınlarının hüquqlarının qorunacağını, sülhə və gender bərabərliyinə nail olmaq üçün inkişaf proseslərində yaxından iştiraklarına mane olan amillərin aradan qaldırılacağını bəyan etmişdir.

Müstəqil Azərbaycanın dövlət siyasətinin prioritetlərindən biri qadın hüquqlarının qorunması və onların ictimai-siyasi, iqtisadi sahələrdə daha geniş təmsil olunmasıdır. Ulu Öndər Heydər Əliyev qadınların cəmiyyətin müxtəlif sahələrində fəal iştirakını təşviq edən mühüm qərarlar imzalamış, onların idarəçilikdə yer almasını dəstəkləmişdir.

Heydər Əliyev ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırmış, onların hərtərəfli fəaliyyətinə hərtərəfli şərait yaratmışdır. Ölkəmizdə dövlət səviyyəsində gender siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyev hər zaman qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı.

Prezident İlham Əliyevin rəhbərliyi ilə gender siyasəti yeni meyarlarla zənginləşdirilib, qadınların ictimai və dövlət idarəçiliyində rolu daha da artırılıb. Milli Məclisdə qadın deputatların sayının hər çağırışda artması, dövlət və özəl sektorda qadınların mühüm vəzifələrə təyin olunması bu siyasətin uğurla davam etdiyini göstərir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva uğurlu fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə qadınların nüfuzunu daha da yüksəklərə qaldırır. Mehriban xanım Əliyevanın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir. Onun təşəbbüsü ilə həyata keçirilən humanitar layihələr ölkəmizə yeni dostlar qazandırır. Mehriban xanım Əliyevanın xeyriyyəçilik tədbirləri bir sıra ölkələri, qitələri əhatə edir. Ölkənin Birinci vitse-prezidentinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxsaylı böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınlarının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir.

Bu gün Azərbaycan qadınları təhsil, elm, səhiyyə, incəsənət və idman sahələrində mühüm uğurlar qazanır. Onların uğurlarını daha da artırmaq üçün dövlət tərəfindən mütəmadi olaraq yeni proqram və təşəbbüslər həyata keçirilir. Bu istiqamətdə hər zaman dövlətimizin dəstəyi davam edəcəkdir.