Son xəbərlər


Aprelin 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian mətbuata bəyanatlarla çıxış ediblər. Azərbaycan və İran münasibətləri, sadəcə coğrafi yaxınlığa deyil, yüzillərlə formalaşan tarixi və mədəni bağlara əsaslanır. Bu münasibətlər son illərdə siyasi baxımdan da strateji səviyyəyə çatmışdır. Azərbaycan və İran prezidentlərinin mətbuat üçün bəyanatları bu münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərdi.


Bu sözləri aia.az-a açıqlamasında Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi, Yeni Azərbaycan Partiyasının üzvü Manaf Manafov deyib.

Müsahibimiz deyib ki, bu gün Bakı yalnız rəsmi sənədlərin imzalandığı bir yer deyildi. O, tarixin nəfəsini duydu. İran Prezidenti Məsud Pezeşkianın Azərbaycan səfəri, iki qonşu dövlətin əsrlərlə formalaşan qardaşlıq bağlarının müasir dövrdə daha da möhkəmləndiyini bir daha nümayiş etdirdi. Cənab Prezident İlham Əliyevin sözləri bu münasibətlərin nə qədər dərin olduğunu göstərir: “Xalqlarımız əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıb.” Bu sadəcə bir siyasi bəyanat deyil, həm də tarixin səsinə qulaq verməkdir. Bu gün imzalanan sənədlər, verilən göstərişlər, müzakirə olunan layihələr – bunların hamısı bir amaca xidmət edir: bölgəmizdə sülh, əməkdaşlıq və ortaq gələcək üçün möhkəm təməl yaratmaq. Cənab Prezidentin sözləri ilə desək: “Allah xalqlarımızı bu bəlalardan qorusun, həmişə bizim bölgəmizdə sülh olsun.” Prezident İlham Əliyevin bəyanatında səsləndirdiyi “Əminəm ki, Sizin səfəriniz Azərbaycan-İran dostluq, qardaşlıq münasibətlərinin inkişafına öz dəyərli töhfəsini verəcək” fikri, bu səfərin sıradan diplomatik təmas olmadığını, əksinə dərinləşən siyasi iradənin təzahürü olduğunu sübut edir. Mətbuat üçün bəyanatlarda siyasi əməkdaşlığın prioritetləri açıq şəkildə müəyyənləşdirildi. Regional sabitlik, qarşılıqlı suverenlik prinsipinə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq və çoxtərəfli təşkilatlar çərçivəsində birgə fəaliyyət barədə cənab Prezident İlham Əliyev belə dedi: “İstər BMT olsun, istər İslam Əməkdaşlıq Təşkilatı, ECO, Qoşulmama Hərəkatı və digər təşkilatlar çərçivəsində daim bizim nümayəndələrimiz bir-birinin yanındadır.” Bu çıxışdan aydın olur ki, Azərbaycan və İran təkcə ikitərəfli deyil, çoxtərəfli siyasi platformalarda da bir-birinə siyasi dəstək göstərirlər. Bu, xüsusilə bölgədə geosiyasi gərginliyin artdığı dövrdə qarşılıqlı dəstəyin sabitləşdirici rol oynadığını göstərir. Cənab Prezident İlham Əliyev səfər zamanı keçirilən danışıqların əhəmiyyətini vurğulayaraq bildirib: “Biz bütün məsələlərə səmimi şərait əsnasında öz fikirlərimizi bildirmişik... Əsas məsələ ondan ibarətdir ki, hər iki tərəf Azərbaycan-İran əlaqələrinin inkişafına çalışmalıdır və çalışır.” Bu sözlər danışıqların arxasında duran siyasi etimadın gücünü göstərir. Yəni münasibətlər təkcə protokollar üzərində deyil, liderlər arasında şəffaf və etibarlı dialoqa əsaslanır. Cənab Prezident İlhm Əliyevin çıxışında “məramımız, məqsədimiz birdir – Azərbaycan-İran dövlətlərarası əlaqələrini yüksək səviyyəyə qaldırmaqdır” fikri, tərəflər arasında əlaqələrin sadəcə taktiki maraqlar əsasında deyil, uzunmüddətli strateji niyyətlərə söykəndiyini göstərir. Eyni zamanda, regional təhlükəsizlik və suverenlik məsələlərində ortaq mövqe xüsusi əhəmiyyət daşıyır. Cənab Prezident İlham Əliyevin sözləri ilə, “ölkələrin suverenliyi, ərazi bütövlüyü, ölkələrin daxili işlərinə qarışmama kimi prinsiplər də üstün tutuldu.” Bu, Azərbaycan və İranın üçüncü tərəflərin müdaxiləsinə qarşı ortaq siyasi mövqe tutduğunu göstərir. Bu baxımdan, Prezident Pezeşkianın səfəri təkcə ikitərəfli münasibətlərin inkişafı üçün deyil, həm də bölgədə siyasi sabitliyin qorunmasına xidmət edir. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan-İran siyasi münasibətləri sabit, qarşılıqlı inama və strateji baxışa əsaslanır. Bu, həm regional sabitlik, həm də daha geniş coğrafiyada əməkdaşlıq üçün möhkəm təməl yaradır-deyə M. Manafov fikrini tamamlayıb.
 
 
 
Məşhur Məmmədov
Milli Məclisin deputatı


Müasir beynəlxalq münasibətlər sistemində Azərbaycan özünü etibarlı tərəfdaş, prinsipial siyasət yürüdən dövlət kimi təsdiq edib. Prezident İlham Əliyevin apardığı məqsədyönlü və çoxşaxəli xarici siyasət Azərbaycanın dünya miqyasında nüfuzunun yüksəlməsində həlledici rol oynayır.

2025-ci il aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çinin nüfuzlu CGTN telekanalına geniş müsahibə verib. Dövlət başçısının müsahibəsi Azərbaycan-Çin münasibətlərinin tarixi inkişaf mərhələsindən, hazırkı səviyyəsindən və gələcək perspektivlərindən bəhs etməklə yanaşı, iki ölkə arasında strateji əməkdaşlığın dərinləşdiyini bir daha nümayiş etdirdi.

Son səfər və müsahibə göstərir ki, iki ölkə arasında əməkdaşlıq yeni mərhələyə qədəm qoyur. Prezident İlham Əliyev müsahibəsində bildirdi ki, Çin Xalq Respublikasının Sədri Si Cinpinlə sonuncu görüş 2024-cü ilin iyul ayında baş tutub və bu görüş ikitərəfli münasibətlərin inkişafında mühüm mərhələ olub. Həmin görüşdə imzalanmış Strateji Tərəfdaşlıq Haqqında Bəyannamə münasibətləri yeni keyfiyyət mərhələsinə yüksəldib. Aprel səfəri çərçivəsində isə iki ölkə arasında "Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələrinin Qurulması Haqqında Birgə Bəyanat" imzalanıb. Bu sənədin imzalanması, eyni zamanda müxtəlif sahələri əhatə edən 20-dən çox sənədin qəbul edilməsi, əməkdaşlığın hərtərəfli və dərin olduğunu təsdiqləyir. Milli maraqlara hörmət və qarşılıqlı dəstək də əsas diqqət çəkən məqamlardır.

Azərbaycan və Çin milli maraqlara dair məsələlərdə daim bir-birinə dəstək göstərib. Prezident İlham Əliyev müsahibəsində Azərbaycanın "Vahid Çin" siyasətini dəstəklədiyini vurğuladı və Tayvanda keçirilən qeyri-qanuni seçkiləri pisləyən ilk ölkələrdən biri olduğunu xatırlatdı. Bu qarşılıqlı dəstək əlaqələrin yalnız siyasi səviyyədə deyil, həm də beynəlxalq platformalarda da sıx əməkdaşlığa əsaslandığını göstərir.

Prezident İlham Əliyev Sədr Si Cinpinlə şəxsi münasibətlərindən də söz açaraq, Çin liderinin onu "Çinin yaxın dostu" adlandırmasını böyük qiymətləndirdiyini bildirdi. İki lider arasında formalaşmış dostluq münasibətləri ölkələr arasında etimadın və səmimi əməkdaşlığın əsasını təşkil edir.

İkitərəfli münasibətlərin tarixi kökləri qədimdir. Müsahibə zamanı Prezident İlham Əliyev mərhum Prezident Heydər Əliyevin Azərbaycan-Çin münasibətlərinin qurulmasındakı rolunu xüsusi qeyd etdi. Ulu öndər Heydər Əliyevin hələ dövlət başçısı olarkən Çinə etdiyi səfər bu əlaqələrin təməlini qoymuş və bu gün də həmin xətt uğurla davam etdirilir. Ölkə rəhbəri İlham Əliyev qeyd etdi ki, Azərbaycan xarici siyasət prioritetlərində Çinlə münasibətləri hər zaman xüsusi yerə qoyub.

Çin modeli və Azərbaycanda islahatlar barədə də bəzi nüansları qeyd etmək yerinə düşər.

Çinin modernləşməsi və iqtisadi tərəqqisi bir çox ölkələr üçün olduğu kimi Azərbaycan üçün də ilham mənbəyi olub. Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycanın daxili sabitliyi qorumaq, iqtisadi islahatlar aparmaq və sosial rifahı artırmaq siyasəti Çinin inkişaf təcrübəsindən bəhrələnərək həyata keçirilib. Azərbaycanın bu gün malik olduğu möhkəm iqtisadi təməl və aşağı səviyyədə xarici borc, yoxsulluğun və işsizliyin azalması, yaşıl enerji strategiyası da bu müsbət təsirlərin bariz nümunəsidir.

Bərpaolunan enerji sahəsində əməkdaşlıq da xüsusi diqqət çəkir. Müsahibədə Azərbaycanın yaşıl enerji sahəsində Çinlə geniş əməkdaşlıq planlarından da bəhs olundu. Azərbaycan 2030-cu ilə qədər 6500 meqavat bərpaolunan enerji istehsalı gücünə nail olmağı planlaşdırır. Burada Çin şirkətləri mühüm rol oynayır. Azərbaycan artıq günəş və külək enerjisi sahəsində bir sıra iri layihələr həyata keçirir və gələcəkdə enerji ixracını artırmağı hədəfləyir.

İqtisadiyyatla yanaşı humanitar və mədəniyyət sahələrində əlaqələrin genişlənməsi prioritetdir.

İki ölkə arasında humanitar əlaqələrin genişləndirilməsi istiqamətində də mühüm addımlar atılır. Azərbaycanda Çin dili və mədəniyyəti ilə bağlı layihələrin icrası, həmçinin Çində təhsil alan azərbaycanlı tələbələrin sayının artırılması bu siyasətin tərkib hissəsidir. Prezident İlham Əliyev Çində Çin-Azərbaycan Universitetinin yaradılmasını da vacib perspektiv kimi qeyd etdi.

Müsahibənin ən diqqətçəkən məqamlarından biri Azərbaycan və Çin arasında viza rejiminin tamamilə aradan qaldırılması oldu. Azərbaycan bir il əvvəl birtərəfli qaydada Çin vətəndaşları üçün vizanı ləğv etmişdi. İndi isə hər iki ölkə arasında qarşılıqlı vizasız gediş-gəliş tətbiq edilir. Bu addım turizm, xalqlar arasında əlaqələr və iqtisadi əməkdaşlıq sahəsində yeni imkanlar açır. Statistikaya baxanda görünür ki, Azərbaycanla Çin arasında ticarət dövriyyəsi dinamik şəkildə artır. Prezident İlham Əliyev qeyd etdi ki, Çin hazırda Azərbaycanın idxal baxımından birinci, ümumi ticarət dövriyyəsi baxımından isə dördüncü tərəfdaşıdır. Azərbaycanın Çində açdığı 6 Ticarət Evi isə məhsulların Çinə ixracını təşviq edir.

Hesab edirəm ki, Prezident İlham Əliyevin CGTN-ə verdiyi müsahibədə səslənən fikirlər Azərbaycanın yeni dünya düzənində layiqli yer tutduğunu və beynəlxalq əməkdaşlıqda balanslı siyasət yürütməyə davam etdiyini göstərir. Azərbaycanın prinsipial mövqeyi — suverenlik, müstəqillik və qarşılıqlı hörmətə əsaslanan münasibətlər — ölkəmizi yeni imkanlar qarşısında daha da gücləndirir.

Nəticə etibarilə, dövlətimizin başçısının bu müsahibəsi, Azərbaycanın xarici siyasətinin düzgün, uzaqgörən və dinamik olduğunu bir daha təsdiq edir. Biz inanırıq ki, qarşıdakı dövrdə də Azərbaycanın dünya arenasında rolu daha da artacaq və ölkəmiz strateji hədəflərinə doğru inamla irəliləyəcək.
Azərbaycan estrada və pop musiqisi illərdir ki, özünün çoxşaxəli ifaçılarını yetişdirir. Bu sənətçilər arasında son zamanlarda fərqlənənlərdən biri də Türkanə Kərimlidir. Solo mahnılarından popurri ifalarına qədər geniş repertuarı ilə diqqət çəkən bu gənc müğənni, həm ənənəvi səs köklərini, həm də müasir üslub elementlərini ustalıqla bir araya gətirir.
Azərbaycanın şən və bənzərsiz vokal ənənəsi ilə yetişən Türkanə, uşaqlıqdan etibarən məclislərdə, ailə tədbirlərində səsinin parlaqlığını kəşf edib. Uşaq yaşında qəbul olunduğu vokal kursları, xalq və klassik pop mahnılarına duyduğu məhəbbəti daha da dərindən öyrənməsinə şərait yaradıb.
Peşəkar səhnəyə gəlişi gənclik illərinə təsadüf edən Türkanə Kərimli, 2018-ci ildə təqdim etdiyi “Sənin Eşqinə” adlı balladası ilə ilk dəfə geniş auditoriyaya dogrudan da tanındı. Bu mahnı onun yumşaq, təbii vokal rəngini ön plana çıxardı, sosial ortamda uzun müddət əks-səda doğurdu. Ardınca pop və estrada janrında sınaqdan keçdiyi “Gəlmişəm” və “Kimdir O” kimi daha ritmik, dinamik tərzdəki parçaları onu ön səhnələrindən tutmuş açıq hava konsertlərinə qədər daşıdı.
Türkanənin ifa tərzini tamamlayan ən maraqlı xüsusiyyətlərindən biri də popurri təqdimatlarıdır.“Qaranquşlar Gələndə / Xəbərin Yoxdu / Gözünə Qurban” kimi üç fərqli əsəri bir arada təqdim etdiyi popurri ilə o, həm yeniyetmələrə, həm də daha təcrübəli dinləyicilərə nostalji anlar yaşadır.
Türkanə Kərimli ifa etdiyi hər mahnıda duyğunu ötürməyi, dəqiqliklə vurğulamağı bacarır. Səsi geniş diapazona malikdir..

“Gənc müğənni Türkanə Kərimli, musiqi Səhnəsinin yeni Ulduzu olaraq” könülləri fəth edir..
Azərbaycan musiqi məkanına sanki bahar nəfəsi kimi daxil olan gənc müğənni Türkanə Kərimli, hər ifasında dinləyicilərin qəlbini isidən səsi və səhnə enerjisi ilə fərqlənir. Onun sənət yolu boyu təqdim etdiyi mahnılar; həm ritmik pop tərzində, həm də duyğulu balladalarda – onun çoxşaxəli istedadının bariz nümunəsidir.
Türkanə Kərimlinin ən son təqdim etdiyi parça olan “Gəlmişəm” dinamik ritmi və cazibədar vokal xətti ilə təqdim olunduğu andan etibarən klub səhnələrindən radio yayımlarına qədər hər yerdə səslənir. Bu mahnı sanki ifaçının sənət yolunda yeni fəsil açıdığını, özünəinamlı addımlarla irəlilədiyini simvolizə edir.

Həmçinin, YouTube kanalında yayımlanıb dərhal viral effekt yaradan “Kimdir O”, Türkanənin duyğu ötürmə bacarığını gözqamaşdıran nümunədir. Hər bənddə eşq və sirr arasında gəzən melodik xətt, ifaçının incə ornamentlərlə zənginləşdirdiyi vokalı dinləyicini hər misrada heyran qoyur.
SoundCloud platformasında yayımlandığı andan romantik ruhlu dinləyicilərin sevimlisinə çevrilən “Sənin Eşqinə”, Türkanənin səmimi ifasını və incə vokal rəngləmələrini gözəl təqdim edir. Bu ballada hər bir kəlmədə ürəyə toxunan həssaslıq daşıyır.
Duyğulu mətn və təsirli melodiya xətti ilə “Sən Mənimsən, Qarabağ” parçası, ifaçının sənətini dəyərli mesajlar vətən sevgisi ilə zənginləşdirməsinə gözəl nümunədir. Hər notda vətənə duyulan sonsuz məhəbbət, Türkanənin vokalında yüksək enerji ilə canlanır..
Türkanə Kərimli, hər yeni mahnısında sanki özünü yenidən kəşf edir. “Gəlmişəm”dən “Sən Mənimsən, Qarabağ”a qədər uzanan repertuarı, onun həm romantik, həm də coşğulu səslənən tərəflərini ortaya qoyur. Gələcək layihələrində yeni janr sınaqları, həmçinin beynəlxalq əməkdaşlıqlar gözlədiyimiz bu gənc ifaçı, Azərbaycan musiqisində tərifi ən çox haq edən, parlaq istedadlı simalardan biridir. Onun səhnə və studiya işləri, şübhəsiz, dinləyiciləri yeni həyəcan dalğalarına sürükləyəcək. Biz də bu yolda Türkanə xanım Kərimliyə nailiyyətlər arzu edirik!
Onun vokal tərzi, Azərbaycan muğamına xas ornamentləri müasir pop ritmləri ilə sintez etməyə meyllidir. Bu da mahnıların həm yerli, həm də region xaricində dinləyicilərdə rezonans doğurmasına gətirib çıxarır.
Türkanə, həm Azərbaycanda, həm də qonşu ölkələrdə keçirilən bir sıra musiqi festivallarında səhnə alıb. Bundan başqa, səhnə dizaynı və işıqlandırmaya xüsusi diqqət yetirərək hər konsertini həm akustik, həm də vizual şöhrətli anlara çevirir.
2025-ci ildə albomu üzərində çalışdığını açıqlayan Türkanə, bu dəfə daha çox elektro-pop və alternativ ritmləri ifasına daxil etməyi planlaşdırır. Məqsədi, Azərbaycan musiqisini beynəlxalq səviyyədə təmsil etmək, digital platformalarda daha çox izləyici qazanmaqdır. Eyni zamanda, gənc vokalçıları və əsasən şimal bölgəsindən gələn istedadlı uşaqları üçün mentorluq təşəbbüsləri də düşünür.
Türkanə xanım Kərimli, geniş repertuarı, səsinin rəngarəngliyi və səhnə enerjisi ilə Azərbaycan musiqi səhnəsini zənginləşdirən yenilikçi ifaçılardandır. Solo mahnılarından tutmuş popurri proqramlarına qədər hər layihəsi onun sənət eşqini, peşəkarlığını və dinləyiciyə verilən önəmi əks etdirir. Gələcəkdə təqdim edəcəyi yeni mahnılar və albom, şübhəsiz ki, onun mövqeyini möhkəmləndirəcək və musiqisevərlər arasında daha geniş rezonans doğuracaq.
Məşhur Məmmədov
Milli Məclisin deputatı


Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərarası əməkdaşlığın dərinliyi və davamlılığı ilk növbədə qarşılıqlı hörmət, bərabərlik və birgə maraqlar əsasında qurulur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 21-də Çin Xalq Respublikasının aparıcı media orqanı olan Sinxua agentliyinə verdiyi geniş müsahibə bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu müsahibə yalnız ikitərəfli münasibətlərin cari vəziyyətini deyil, həm də gələcək strateji əməkdaşlıq üçün açılan yeni üfüqləri nümayiş etdirir.

Prezident İlham Əliyev müsahibəsində Azərbaycan və Çin arasında formalaşmış siyasi dialoqun yüksək səviyyəsini, iqtisadi əməkdaşlığın genişlənməkdə olan dinamikasını və ümumilikdə ikitərəfli əlaqələrin strateji xarakter daşıdığını vurğuladı. Xüsusilə “Bir kəmər, bir yol” təşəbbüsünə Azərbaycanın verdiyi dəstək və bu təşəbbüs çərçivəsində həyata keçirilən layihələrin regional əməkdaşlığa töhfəsi müsahibədə əsas vurğu nöqtələrindən biri idi.

Azərbaycanın tranzit-logistika imkanlarının artırılması, Zəngəzur dəhlizi kimi qlobal əhəmiyyətli layihələrin perspektivləri və ölkəmizin Çinin Avrasiya məkanına çıxışında oynadığı körpü rolu ölkə rəhbərinin çıxışında əhatəli şəkildə izah olundu. Bu, təkcə iqtisadi fayda baxımından deyil, həm də siyasi etimadın göstəricisi kimi qiymətləndirilə bilər. Qloballaşan dünyada regional təhlükəsizlik və çoxtərəfli əməkdaşlıq kontekstində Azərbaycan-Çin tərəfdaşlığı mühüm strateji əhəmiyyətə malikdir.

Prezident İlham Əliyevin müsahibəsində toxunduğu əsas məsələlərdən biri də regional sabitlik və təhlükəsizlik idi. Azərbaycanın beynəlxalq hüquq prinsiplərinə əsaslanan siyasəti, xüsusilə ərazi bütövlüyünün bərpasından sonra regionda sülh və əməkdaşlıq gündəliyinin təşviqi, Çin kimi böyük dövlətlər tərəfindən təqdir olunur. Prezident açıq şəkildə bildirdi ki, Azərbaycan bölgədə sabitliyin əsas təminatçılarından biridir və bu missiyanı uğurla davam etdirir.

Çin ilə diplomatik münasibətlərin qurulmasının 30 illiyi ərəfəsində verilən bu müsahibə, ölkələrimiz arasında səmimi dostluq və strateji tərəfdaşlıq münasibətlərinin dərinliyini bir daha nümayiş etdirdi. Azərbaycan-Çin əlaqələri təkcə ikitərəfli çərçivə ilə məhdudlaşmır – bu əməkdaşlıq eyni zamanda BMT, ŞƏT, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə kimi beynəlxalq platformalarda da davam etdirilir. Prezident İlham Əliyev Azərbaycanın Çinlə çoxşaxəli əməkdaşlığın tərəfdarı olduğunu və bu istiqamətdə siyasi iradənin tam mövcudluğunu diqqətə çatdırdı.

Azərbaycanın yürütdüyü xarici siyasət kursu hər zaman milli maraqlar, balanslaşdırılmış yanaşma və suverenlik prinsipinə əsaslanır. Dövlətimizin başçısının vurğuladığı kimi, Azərbaycan heç bir hərbi-siyasi bloka qoşulmadan, bütün tərəfdaşlarla bərabərhüquqlu əməkdaşlıq aparmaq prinsipinə sadiqdir. Çinlə münasibətlər də bu prinsipin parlaq nümunəsidir. Siyasi müstəvidə qarşılıqlı dəstək – xüsusilə “Vahid Çin” siyasətinə Azərbaycanın dəyişməz dəstəyi və əvəzində Çinin də Azərbaycanın ərazi bütövlüyünə hörmət göstərməsi – bu etimadın əsasını təşkil edir. Bu baxımdan Çinlə münasibətlər yalnız iqtisadi maraqlarla məhdudlaşmır, həm də siyasi sabitlik, beynəlxalq hüquq və multilateralizm prinsiplərinə əsaslanan yeni əməkdaşlıq modelinə çevrilməkdədir. Prezident İlham Əliyevin müsahibəsi bu tendensiyanın təsdiqi oldu.

Prezident İlham Əliyevin Sinxua agentliyinə verdiyi müsahibə Azərbaycan-Çin münasibətlərinin strateji xarakterini bir daha nümayiş etdirdi. Bu müsahibə iki ölkə arasında qarşılıqlı etimada, bərabərhüquqlu tərəfdaşlığa və ortaq maraqlara əsaslanan əlaqələrin möhkəm təməl üzərində inkişaf etdiyini təsdiqlədi. Azərbaycanın təşəbbüskarı olduğu enerji, nəqliyyat və logistika layihələrinin Çin tərəfindən dəstəklənməsi, qarşılıqlı investisiyaların təşviqi və siyasi səviyyədə aparılan dialoq, bu münasibətlərin gələcək perspektivlərinin nə qədər geniş olduğunu göstərir.

Azərbaycan Prezidentinin müsahibəsi həm də ölkəmizin xarici siyasətində yeni geosiyasi reallıqlara uyğun çevik və praqmatik yanaşmanı əks etdirir. Çin kimi qlobal gücün diqqətində olan Azərbaycan, Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və əməkdaşlığın əsas dayağı kimi çıxış edir. Bu isə onu göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yalnız regional deyil, qlobal səviyyədə də mühüm və etibarlı tərəfdaş kimi çıxış etməkdədir.
Məşhur Məmmədov
Milli Məclisin deputatı


Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin çoxşaxəli fəaliyyəti çərçivəsində ana dilimizin qorunması, inkişaf etdirilməsi və dövlət dili statusuna yüksəldilməsi istiqamətində atdığı qətiyyətli addımlar xüsusi yer tutur. 1970-ci illərin mürəkkəb ictimai-siyasi şəraitində - SSRİ-də milli dillərin sıxışdırılması fonunda belə bir məsələni qaldırmaq və onu Konstitusiya səviyyəsində təsbit etdirmək böyük cəsarət və milli məsuliyyət tələb edirdi.

1978-ci il aprelin 27-də qəbul olunan Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi qeyd olunması, məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və prinsipial mövqeyi nəticəsində mümkün olmuşdur. Bu qərar təkcə həmin dövr üçün deyil, gələcək müstəqil dövlətçiliyimizin dil əsaslarının qoyulması baxımından da strateji əhəmiyyət kəsb edirdi. Konstitusiyanın 73-cü maddəsinə “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” ifadəsinin daxil edilməsi ilə Heydər Əliyev həm dilimizin hüquqi statusunu təmin etdi, həm də xalqın milli-mənəvi dəyərlərinin qorunmasına zəmin yaratdı.

Heydər Əliyevin bu istiqamətdə fəaliyyəti yalnız sovet dövrü ilə məhdudlaşmır. Müstəqillik illərində də o, Azərbaycan dilinin inkişafı və tətbiqi sahəsində ardıcıl və sistemli siyasət yürütmüşdür. 1995-ci ildə qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının Konstitusiyasında dövlət dilinin “Azərbaycan dili” adlandırılması da məhz onun qətiyyətli mövqeyinin nəticəsi idi. Ulu Öndər bu məsələdə müxtəlif fikirləri təmkinlə dinləsə də, sonda milli kimliyi və dilimizin beynəlxalq nüfuzunu əsas götürərək, “Azərbaycan dili” ifadəsinin Konstitusiyada əksini tapmasına nail olmuşdur.

Ulu Öndər hər zaman ana dilinin milli kimliyin əsas daşıyıcısı olduğunu vurğulayırdı: “Xalqı xalq edən, milləti millət edən onun ana dilidir.” Onun təşəbbüsü ilə 2001-ci ildə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalanmış, Azərbaycan dili günü təsis edilmiş və dövlət səviyyəsində müvafiq komissiyalar yaradılmışdır.

Bütün bu tədbirlər bir məqsədə – Azərbaycan dilinin qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsi işinə xidmət edirdi. 2002-ci ildə qəbul olunmuş “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun isə bu siyasətin hüquqi bazasını daha da möhkəmləndirdi.

Heydər Əliyevin dili yalnız bir ünsiyyət vasitəsi deyil, milli yaddaş, tarixi davamlılıq və mənəvi bütövlüyün təməli kimi görməsi, onun dil siyasətini ideoloji baxımdan dərin və milli maraqlara söykənən bir strateji xəttə çevirmişdir.

Bu gün müstəqil Azərbaycan Respublikasının dövlət dili kimi Azərbaycan dili beynəlxalq aləmdə də tanınır və öz layiqli yerini tutur. Bu tarixi uğurun təməlində isə, şübhəsiz ki, Ulu Öndər Heydər Əliyevin milli maraqlara əsaslanan uzaqgörən və qətiyyətli siyasəti dayanır.

Azərbaycan dili xalqımızın milli kimliyini, tarixi yaddaşını, mənəvi dəyərlərini yaşadan və gələcək nəsillərə ötürən müqəddəs irsdir. Bu dilin dövlət dili kimi qorunub saxlanılması və inkişaf etdirilməsi Azərbaycanın dövlət müstəqilliyinin əsas atributlarından biri kimi çıxış edir. Ulu Öndər Heydər Əliyev bütün həyat və fəaliyyətində Azərbaycan dilinin mövqeyinin möhkəmləndirilməsi, onun inkişaf etdirilməsi istiqamətində əvəzsiz xidmətlər göstərmiş, dilimizin rəsmi status alması uğrunda tarixi təşəbbüslərlə çıxış etmişdir.

Onun 1978-ci ildə Azərbaycan dilinin SSRİ tərkibində olmasına baxmayaraq Konstitusiyada dövlət dili kimi təsbit olunmasına nail olması böyük siyasi uzaqgörənlik və vətənpərvərlik nümunəsi idi. Ulu Öndərin bu sahədə apardığı davamlı və ardıcıl siyasət nəticəsində Azərbaycan dili bu gün yalnız ölkə daxilində deyil, eyni zamanda dünya azərbaycanlılarının mədəni və mənəvi birliyini təmin edən başlıca amillərdən birinə çevrilmişdir.

Müstəqil Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dilinin bugünkü yüksək statusu və nüfuzu məhz Heydər Əliyev siyasətinin bəhrəsidir. Bu dil bu gün milli kimliyimizin daşıyıcısı, mədəni irsimizin qoruyucusu kimi yaşayır və inkişaf edir. Bu mənada, Ulu Öndər Heydər Əliyevin “Biz fəxr edirik ki, müstəqil Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dili dünya dilləri içərisində öz layiqli yerini tutmuşdur” fikri daim yolumuzu işıqlandırmalı, hər bir azərbaycanlı bu dildə danışmaqdan və onu qorumaqdan qürur duymalıdır.

Ulu Öndərin bu dəyərli sözləri isə bu gün də bizə çağırışdır: “Azərbaycan dili bizim milli sərvətimizdir. Hər bir azərbaycanlı bu dili göz bəbəyi kimi qorumalıdır.”

AZTV-NİN CANLI ƏFSANƏSİ

Onu yaşlı nəslin nümayəndələri, televiziya və radio işçiləri çox yaxşı tanıyır. Hər zaman xeyirxah əməlləri ilə sevilərək xatırlanan o xoşbəxt adam on minlərlə teleradio işçisinin sevimlisi və əsl arxa-dayağı - Sərhəd Qasımovdur.
Sərhəd müəllim AZTV-nin ən ləyaqətli və dəyanətli, özü və sözü bütöv əməkdaşlarından biri olub. Bütün ömrünü,işgüzar fəaliyyətini insanların öz iş yerlərində daha rahat olmasına, güzəranının yaxşılaşmasına həsr edib.
Sıravi elektromexanikdən,
studiyadankənar işıq sexinin rəisi və nəhayət çoxminli kollektivin həmkarlar ittifaqı komitəsinin sədrliyinədək yüksəlib.
Moskva Ali Həmkarlar İttifaqı İnstitutunun İqtisadiyyat fakültəsini bitirən Sərhəd Rəhmət oğlu Qasımov 50 ildən çox Aztv-nin Həmkarlar İttifaqı Komitəsinə rəhbərlik edib.
Bəlkə də ölkəmizin idarəçilik tarixində onun qədər uzun müddətli Həmkarlar İttifaqı Komitəsinə sədrlik edən ikinci bir insan yoxdur.Ömrünün 51 ilini Aztv-nin Həmkarlar İttifaqı Komitəsinin sədri işləmək bəlkə də Tanrının Sərhəd Rəhmət oğluna ən böyük ərməğanıdır.Sağlığında özünə minlərlə insanın rəhmətini qazanmaq Sərhəd kişinin halal-hümmət qazancıdır.
Müdriklər "İstedad da, şöhrət də inkişaf üçün hərəkətverici qüvvədir, sadəcə istedad insanı öz istədiyi səmtə aparır, şöhrətin isə hara aparacağı bəlli olmur" deyiblər.
Sərhəd Qasımov uzun illər Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının üzvü, Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin Rəyasət Heyətinin üzvü və Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (Komitəsinin, Şirkətinin) kollegiya üzvü olmuşdur.
Sərhəd Qasımov səmərəli fəaliyyətinə görə ölkə Başçısının sərəncamları ilə "Əməkdar mədəniyyət işçisi" fəxri adı və "Tərəqqi "medalı ilə təltif olunmuşdur.
Şərəfli ömür yolu keçən Sərhəd müəllimin hər zaman bir amalı,bir arzusu olub-insanlar özlərini evlərindəki kimi hiss etməli,heç bir qayğılarla yüklənməməlidir.
O, Qurban Yusifzadənin,Elşad Quliyevin,Qeysər Xəlilovun,Məmməd Muradın,Məmməd İsmayılın,Babək Məmmədovun,Nizami Xudiyevin və nəhayət Arif Alışanovun Aztv sədri olduğu dövrlərdə məhz bu istiqamətdə işini qurmağı asanlıqla bacardı.
30 ildən artıq bir yerdə çalışdığım və 17 il müavini olduğum,hər gün dəfələrlə görüşdüyüm,salamlaşdığım Sərhəd müəllim hər zaman cəld yerişi,qısa və olduqca məntiqli söz-söhbəti, düzgün və obyektiv qərarları ilə yadımda qalıb.
Ona müraciət edənlərin heç birini naümid qoymazdı.Elə kabinetindəcə həmin şəxsin müraciətinə baxıb qısa bir zamanda həll edərdi.Xeyir iş görənləri,hüzrü düşənləri,müalicəyə ehtiyacı olanları ,əməkdaşların ailələrində baş verən çətinlikləri diqqətindən yayındırmazdı.İmkansız adamların yanında olmağı özünə mənəvi borc sayardı.Maddi ehtiyacı olanlara köməyini əsirgəməzdi.
Odur ki, Aztv-nin əməkdaşlarının hər biri Sərhəd müəllimi özlərinin yaxın sirdaşı,dostu və həmdəmi sanardılar.
Xoşbəxtəm ki,uzun illər belə bir zəkalı və müdrik insanla çiyin-çiyinə çalışmışam və onun müavini olmuşam. Onunla çalışdığım müddət ərzində Sərhəd müəllimdən idarəçiliyin nə olduğunu, insanların qayğısına qalmağı, əməkdaşlarla təmkinlə rəftar etməklə yanaşı çox şeyi öyrəndim. Sərhəd müəllim hamı ilə dil tapmağı çox mükəmməl bacarırdı.
Sərhəd müəllim təqaüdə getdikdən sonra bugünədək jurnalist həmkarım ,Sərhəd müəllimin də mənim də dəyərli dostumuz Akif Cabbarlı ilə birlikdə ona baş çəkir ağsaqqal öyüd-nəsihətlərini dinləyirik.
Akif müəllim də ondan çox şey öyrəndiyini, Sərhəd müəllimin mənəvi dünyasından qədərincə bəhrələndiyini bildirir və ağsaqqala can sağlığı,uzun ömür arzulayır.
Belə bir qənimət adama cəmiyyətimizin çox ehtiyacı olduğundan danışır, bu gün bəzi televiziya kanallarında, radio efirlərində baş verən neqativ hadisələri, dilimizə xələl gətirən,mənəviyyatımıza zərbə vuran üzdəniraqların qeyri-etik hərəkətlərini müzakirə edirik.
Bu gün Sərhəd müəllim yenə yanımızdadır.Və təbii ki biz də onun yanındayıq- bütün qəlbimizlə,duyğularımızla !
Sərhəd müəllim həm də xoşbəxt və nümunəvi ailə başçısıdır. O üç qız bir oğul atasıdır.Sərhəd müəllim kürəkənləri Farizi, Mübarizi və Anarı çox istəyir. Ömür-gün yoldaşı Mədinə xanımla birlikdə nəvələrinin xoş günündən, əsl azərbaycanlı kimi böyümələrindən fərəhlənir və qürur duyurlar.
Bu gün sizin 84 yaşınız tamam olur.
Allah Sizə uzun və sağlam ömür versin ,əzizim, canım-gözüm, ad günün mübarək!

Azərbaycan Yazıçılar Birliyinin üzvü, teleradiojurnalist Mübariz Ağaxan oğlu Süleymanlı

     
Azərbaycan təhsil sisteminin inkişafında, müəllimlərin hüquq və maraqlarının qorunmasında, sosial ədalətin bərqərar olmasında xüsusi xidmətləri olan şəxslər arasında Araz Paşayevin adı xüsusi hörmət və ehtiramla çəkilir. O, Təhsil İşçiləri Həmkarlar İttifaqının sədri olaraq bu məsuliyyətli və çətin vəzifəni böyük məsuliyyətlə, xalqına və peşəsinə sədaqətlə yerinə yetirir. Onun rəhbərliyi altında həmkarlar ittifaqı yeni mərhələyə qədəm qoymuş, müasir dövrün tələblərinə cavab verən çevik və güvənilən bir təşkilata çevrilmişdir.


Sosial ədalət və müəllim hüquqları: Paşayevin əsas vəzifəsi

Araz Paşayevin rəhbərlik fəlsəfəsinin mərkəzində müəllim – ziyalı – vətəndaş dayanır. Onun fikrincə, təhsilin keyfiyyəti ilk növbədə müəllimin sosial təminatından, iş mühitindən və motivasiyasından asılıdır. Bu baxımdan, cənab Paşayevin əsas missiyası müəllimlərin hüquqlarının qorunması, iş şəraitinin yaxşılaşdırılması, onların sosial müdafiəsinin gücləndirilməsi və təhsil cəmiyyətində layiqli yer tutmasının təmin olunmasıdır.
O, daim təhsil işçilərinin qarşılaşdığı çətinlikləri diqqətlə izləyir, onları dinləyir, müvafiq dövlət orqanları qarşısında qaldırır və real nəticələrə nail olur. Müəllimlərin əmək müqavilələrinin şərtlərinin təkmilləşdirilməsi, haqsız yerə işdən çıxarılma hallarının qarşısının alınması, əmək haqlarının artırılması, regionlarda çalışan təhsil işçilərinin mənzil-məişət problemlərinin həll edilməsi istiqamətində atılan addımlar Araz Paşayevin sosial ədalətə verdiyi önəmin bariz nümunəsidir.

Təşəbbüskarlıq və struktur islahatları

Araz Paşayevin sədrliyi dövründə həmkarlar ittifaqı daxili strukturunda və idarəetmə mexanizmlərində də əhəmiyyətli islahatlar həyata keçirilib. İttifaqın fəaliyyətində şəffaflıq, hesabatlılıq və effektivlik prinsipləri əsas götürülüb. Müasir texnologiyalardan istifadə, üzvlərlə operativ əlaqə, regionlarda fəaliyyətin gücləndirilməsi, hüquqi yardım və məsləhət xidmətlərinin genişləndirilməsi bu struktur islahatlarının əsas tərkib hissələridir.
Onun təşəbbüsü ilə həm mərkəzi, həm də yerli səviyyədə müəllimlərin iştirakı ilə müxtəlif forumlar, konfranslar və ictimai müzakirələr keçirilir. Bu tədbirlərdə təhsil işçilərinin mövcud problemləri və həlli yolları açıq şəkildə müzakirə olunur, eləcə də yeni təşəbbüslər formalaşdırılır. Paşayev bu tədbirləri sadəcə protokol məqsədli yox, real nəticəyə hesablanmış dialoq platforması kimi görür.

Cəmiyyətə xidmət edən təşkilat – güclü liderin imzası

Araz Paşayevin rəhbərlik etdiyi təşkilat bu gün yalnız təhsil işçilərinin hüquqlarını qoruyan bir qurum deyil, eyni zamanda ictimai təsir gücü olan nüfuzlu bir institutdur. O, həmkarlar ittifaqlarının cəmiyyətin inkişafında oynadığı rolu yüksək dəyərləndirir və bu qurumların ictimai həyatın müxtəlif sahələrində fəal iştirak etməsini vacib hesab edir.
Sosial ədalət, əməkdaşlıq və qarşılıqlı hörmət prinsipinə əsaslanan bu yanaşma nəticəsində Təhsil İşçiləri Həmkarlar İttifaqı həm dövlət qurumları, həm də vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlıq edir. Cənab Paşayev bu əməkdaşlıqları milli təhsil siyasətinə fayda gətirəcək uzunmüddətli tərəfdaşlıqlar kimi dəyərləndirir.

Təhsil üçün çalışan, ziyalı üçün dayaq olan rəhbər

Araz Paşayevin fəaliyyəti bir daha sübut edir ki, hər bir uğurlu cəmiyyətin arxasında güclü və dürüst liderlər dayanır. O, müəllimin yalnız sinif otağında deyil, bütövlükdə cəmiyyətdə nüfuzlu yer tutmasına çalışan, onların səsini yüksək tribunalarda ucaldan, ən əsası isə insanlıq dəyərlərini qoruyan bir şəxsiyyət olaraq yadda qalır.
Bu gün Azərbaycan müəllimi arxasında Araz Paşayev kimi prinsipial, xalqına və peşəsinə bağlı bir liderin olduğunu bilir. Onun fəaliyyəti təkcə bu gün üçün deyil, gələcəyin müəllimi, gələcəyin təhsili üçün də ümid və ilham mənbəyidir.

Məşhur Məmmədov
Milli Məclisin deputatı

Tarixin yaddaşında bəzi adlar var ki, zaman keçdikcə daha da ucalır, nəsillərə nümunəyə çevrilir. Belə adlardan biri də akademik Zərifə Əziz qızı Əliyevadır. Zərifə xanım təkcə Azərbaycan tibb elminin deyil, ümumilikdə ölkəmizin ziyalı obrazının təcəssümü, elmə, insanlara və vətənə sonsuz məhəbbətin rəmzidir.

15 aprel Zərifə xanımın anım günüdür. Bu tarix təkcə bir itkinin xatırlanması deyil. Bu tarix bir ziyalının ömür salnaməsinin, fədakarlığının, vicdanla, məsuliyyətlə yaşanmış həyatın təkrar-təkrar vərəqlənməsidir. Bu gün biz Zərifə xanım Əliyevanı ehtiramla yad edirik.

Zərifə xanım 1923-cü ilin yazında - aprelin 28-də Şərqin işıqlı guşələrindən biri olan Naxçıvanda – Şahtaxtı kəndində dünyaya gəlmişdi. Qanında maarifçiliyin, zəhmətin, yüksək mənəviyyatın toxumu vardı. Tanınmış ictimai xadim Əziz Əliyevin tərbiyəsində böyümüşdü. Hələ uşaqlıqdan elmə, kitaba, insana sevgi onun varlığına hopmuşdu.

1947-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirərək həkimlik yoluna qədəm qoydu. Bu yol sonadək onun əqidəsinin, vicdanının, sevgisinin yolu oldu.

Zərifə xanım oftalmologiya sahəsində ilk addımlarını atanda ölkədə bu sahədə ciddi problemlər vardı. Xüsusilə traxoma xəstəliyi geniş yayılmışdı. Gənc həkim – gənc qadın həkim bu ağır sahəyə addım atdı. O, şəhərlərdən kəndlərə, uşaq evlərindən səhra xəstəxanalarına qədər hər yeri dolaşaraq göz nuru uğrunda mübarizə aparırdı.

Elmi fəaliyyətində gözün peşə xəstəlikləri, onun müalicəsi və profilaktikası əsas yer tuturdu. Dissertasiyasında bu mövzunu araşdırdı. Onun elmi yanaşması, praktiki nəticələri sayəsində yüzlərlə insan görmə qabiliyyətini bərpa etdi. O, insanlara təkcə fiziki deyil, mənəvi işıq da bəxş edirdi.

Tədqiqatları sırasında qlaukoma, katarakta, uveit, virus mənşəli xəstəliklərə dair əsərləri tibbin inkişafına ciddi töhfələr verdi. Zərifə xanım göz həkimi kimi baxsa da, insanın ruhuna da toxunmağı bacarırdı. Onun xəstələri təkcə müalicə almır, həm də mərhəmətə, şəfqətə qərq olunurdular.



Zərifə Əliyeva yalnız elmi tədqiqatçı, klinik həkim deyildi, o, həm də unikal pedaqoq idi. Azərbaycan Tibb İnstitutunda uzun illər çalışaraq gələcəyin oftalmoloqlarını hazırladı. Onun tələbələri bu gün dünyanın müxtəlif yerlərində insanlara nur bağışlayır, müəllimlərinin adını fəxrlə daşıyırlar.

Zərifə xanımın yazdığı dərsliklər, monoqrafiyalar, elmi məqalələr – həkimlər üçün əsl yol xəritəsi oldu. “Terapevtik oftalmologiya” adlı fundamental əsəri bu gün də aktualdır. Elmin səliqəsi, sözün həssaslığı, insanlara xidmət istəyi bu kitabın hər səhifəsində duyulur.

O, həm də ilk azərbaycanlı qadın alim idi ki, SSRİ Tibb Elmləri Akademiyasının Averbax adına mükafatına layiq görüldü. Bu mükafat – onun zəhmətinin, fədakarlığının rəsmi təsdiqi idi.

Zərifə xanım yalnız elm adamı deyil, həm də örnək bir həyat yoldaşı, ana, qadın idi. Onun həyatında xüsusi yer tutan şəxs – Ümummilli lider Heydər Əliyev idi. Onlar uzun illər ərzində bir-birini tamamlayan, dəstəkləyən, anlayan bir cütlük kimi həyatın bütün mərhələlərindən birlikdə keçdilər. Zərifə xanımın zəngin mənəvi dünyası Heydər Əliyevin dövlətçilik fəaliyyətində də görünməz şəkildə iz qoyurdu.

Oğluna –Prezident İlham Əliyevə verdiyi tərbiyə, verdiyi dəyərlər bu gün qalib Azərbaycanı uğurla idarə edən bir liderin formalaşmasında əsas dayaqlardan biri oldu.

1985-ci ilin 15 aprel günü Zərifə xanım Əliyeva əbədiyyətə qovuşdu. Lakin onun izi, işıqlı xatirəsi elmdə, təbabətdə, insanların xatirəsində silinmədi. O, qaranlıqda gözləri görməyənlərin nuru, elm yolunda azanların bələdçisi olaraq qaldı.

1994-cü ildə nəşi doğma Vətənə gətirildi və Fəxri Xiyabanda dəfn olundu. Onun məzarı bu gün də insanlar üçün bir ziyarət, ehtiram, minnətdarlıq məkanıdır.

2023-cü ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Zərifə Əliyevanın 100 illik yubileyi dövlət səviyyəsində qeyd olundu.

Zərifə xanım Əliyevanı tanıyanlar onun səmimiyyətini, təbəssümünü, diqqətini, alicənablığını unuda bilmir. O, elə bir ömür yaşayıb ki, haqqında danışdıqca bir cümlə daha artıq demək gəlir insanın ürəyindən.

Bu gün – anım günündə bir daha dərin ehtiramla, minnətdarlıqla onu xatırlayırıq.

Akademik Zərifə Əliyeva – nur saçan bir ömür, örnək bir qadın, əbədi bir addır, bu qədirbilən Azərbaycan xalqı üçün hər zaman belə olacaq.