Məşhur Məmmədov
Milli Məclisin deputatı


Azərbaycan və Macarıstan arasında diplomatik münasibətlər qarşılıqlı hörmətə, dostluğa və strateji əməkdaşlığa əsaslanır. İki ölkə bir çox sahələrdə – siyasi, iqtisadi, enerji, mədəni və humanitar istiqamətlərdə səmərəli əməkdaşlıq edir. Xüsusilə son illərdə yüksək səviyyəli qarşılıqlı səfərlər bu münasibətlərin daha da möhkəmlənməsinə şərait yaradıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstana işgüzar səfəri zamanı verdiyi bəyanatlar ölkəmizin milli maraqlara söykənən və strateji baxışla həyata keçirilən xarici siyasət kursunun növbəti bariz nümunəsidir. Bu səfər yalnız ikitərəfli əlaqələrin möhkəmləndirilməsi baxımından deyil, həm də Azərbaycanın Avropada artan nüfuzunun göstəricisi kimi diqqət çəkir.

Azərbaycan-Macarıstan münasibətlərində ortaq tarixi kodlar və geosiyasi paralellər xüsusi diqqət kəsb etdi.

Prezident İlham Əliyev bəyanatında iki ölkə arasında tarixi və mədəni yaxınlıqla yanaşı, geosiyasi oxşarlıqları da vurğuladı. Hər iki ölkə açıq dənizlərə çıxışı olmayan, ərazi və əhali baxımından bir-birinə yaxın olan dövlətlərdir. Eyni zamanda, həm Azərbaycan, həm də Macarıstan müharibə vəziyyətində olan və ya müharibə aparan ölkələrlə sərhəddə yerləşir. Bu oxşarlıqlar ortaq çağırışlara qarşı birgə mövqe formalaşdırmağa əlverişli zəmin yaradır.

Bu praqmatik yanaşma, Azərbaycan xarici siyasətinin əsas prinsiplərindən biri olan qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq modelinin nümunəsidir. Azərbaycan heç bir ölkəyə təzyiq etmədən, siyasi və iqtisadi əməkdaşlıqda qarşılıqlı maraqlar əsasında uzunmüddətli tərəfdaşlıqlar qurur.

Prezident İlham Əliyev çıxışı zamanı 44 günlük Vətən müharibəsinin mahiyyətini və hüquqi əsaslarını xüsusi qeyd etdi. Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq həyata keçirilib. Bu, bir daha göstərdi ki, Azərbaycan beynəlxalq hüququn aliliyinə hörmətlə yanaşır və haqqını qanuni yolla təmin edir.

Əldə edilən tarixi zəfər Azərbaycanın yalnız hərbi sahədə deyil, siyasi və diplomatik cəbhədə də güclü mövqeyə sahib olduğunu təsdiqlədi. Müharibədən sonra sülh təşəbbüslərinin məhz Azərbaycan tərəfindən irəli sürülməsi, sülh müqaviləsinin ilkin layihəsinin Azərbaycan tərəfindən hazırlanması və bu sənədin Ermənistan tərəfindən qəbul edilməsi də dövlətimizin regionda sabitlik və tərəqqi naminə çalışdığının göstəricisidir.

Azərbaycanın enerji sahəsində həyata keçirdiyi siyasət Avropa üçün strateji əhəmiyyət daşıyır. Prezidentin bəyanatında qeyd olunduğu kimi, artıq Macarıstan Azərbaycanın təbii qaz idxal etdiyi Avropa ölkələrindən biridir. Bu ölkə eyni zamanda “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” kimi nəhəng enerji layihələrində pay sahibidir.

Azərbaycan həm ənənəvi enerji resurslarının ixracında, həm də bərpa olunan enerji sahəsində böyük potensiala malikdir. Növbəti beş ildə ölkəmizdə 6 min meqavatlıq yaşıl enerji istehsalı planlaşdırılır. Bu isə, təbii qazın ixracını artırmaqla yanaşı, enerji təhlükəsizliyinin təminində Azərbaycanın rolunu daha da gücləndirəcək.

Ölkə rəhbərinin Macarıstanın Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünə ev sahibliyi etməsini yüksək qiymətləndirməsi, Azərbaycan-Türk dünyası əlaqələrinin əsasını təşkil edən dəyərlərə sadiqliyini əks etdirir. Macarıstanın bu proseslərdə fəal iştirak etməsi türk kimliyinə və ortaq tarixə verdiyi önəmin göstəricisidir. Azərbaycan isə bu birliyin təşəbbüskar və aparıcı gücüdür.

Prezident İlham Əliyev Macarıstanın Avropa İttifaqı daxilində müstəqil və milli maraqlara əsaslanan siyasət yürütməsini alqışlayaraq, bu istiqamətdə Azərbaycanla oxşar yanaşmaları vurğuladı. Azərbaycanın da xarici siyasət kursu dövlət maraqlarının müdafiəsinə, beynəlxalq aləmdə müstəqil mövqe sərgiləməyə əsaslanır.

Bu yanaşma Azərbaycanı regionun və Avropanın etibarlı tərəfdaşına çevirib. Ölkəmiz qlobal geosiyasi oyunlarda alətə çevrilmir, əksinə, öz milli maraqlarını və beynəlxalq hüququ əsas götürən balanslaşdırılmış siyasəti ilə hörmət qazanır.

Prezident İlham Əliyevin Macarıstana səfəri və səfər çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın xarici siyasətində ardıcıl, uzaqgörən və milli maraqlara söykənən xəttin davam etdiyini təsdiqlədi. Bu səfər, eyni zamanda, Azərbaycanın Avropada artan nüfuzunun, enerji və təhlükəsizlik sahəsində güclənən rolunun, eləcə də Türk dünyası ilə əlaqələrdəki təşəbbüskar mövqeyinin bariz nümunəsidir. Prezident İlham Əliyevin qətiyyətli və ağıllı diplomatiyası Azərbaycanın qlobal miqyasda strateji aktora çevrilməsində həlledici rol oynayır.

Prezident İlham Əliyevin Macarıstana səfəri bir daha göstərdi ki, Azərbaycanın xarici siyasəti qlobal proseslər fonunda praqmatik, milli maraqlara əsaslanan və strateji tərəfdaşlıq əlaqələrini gücləndirməyə yönəlmişdir. İkitərəfli münasibətlərdə qarşılıqlı hörmət, dostluq və ortaq dəyərlərə əsaslanan bu xətt regional sabitlik və beynəlxalq əməkdaşlığa töhfə verir.

Cənab Prezidentin səsləndirdiyi fikirlər yalnız Azərbaycan üçün deyil, eyni zamanda müstəqil siyasət yürütmək istəyən dövlətlər üçün də ciddi mesajlar ehtiva edir. Enerji təhlükəsizliyi, sülh təşəbbüsləri və ortaq dəyərlərə əsaslanan diplomatiya bugünkü geosiyasi reallıqlar fonunda daha da önəm qazanır. Xüsusilə Avropa İttifaqı məkanında Azərbaycanla strateji əməkdaşlığı dəstəkləyən Macarıstan kimi ölkələrlə münasibətlərimizin inkişafı, milli maraqlarımıza uyğun olaraq, davam etdirilməlidir.

Məşhur Məmmədov
Milli Məclisin deputatı


Prezident İlham Əliyevin uzaqgörən strateji baxışı, qlobal prosesləri dərindən təhlil etmək bacarığı və peşəkar diplomatik ustalığı sayəsində Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş, sabitlik və inkişaf məkanı kimi qəbul olunur. Dövlət başçısının həyata keçirdiyi çoxşaxəli və çevik xarici siyasət kursu Azərbaycanın bir sıra dünya dövlətləri ilə münasibətlərini keyfiyyətcə yeni səviyyəyə yüksəltməyə şərait yaradıb. Bu baxımdan, Vyetnam Sosialist Respublikası ilə əlaqələrin dinamik şəkildə inkişafı xüsusi qeyd olunmalıdır.

Mayın 7-də Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın ölkəmizə rəsmi səfəri çərçivəsində baş tutan yüksək səviyyəli görüşlər, imzalanmış sənədlər və əldə olunan razılaşmalar göstərir ki, Azərbaycan-Vyetnam münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməkdədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən müzakirələrin həm məzmun, həm də nəticə baxımından məhsuldar və səmərəli olması, liderimizin diplomatik məharətini və tərəfdaş ölkələrlə münasibətlərə verdiyi strateji önəmi bir daha təsdiqləyir. Siyasi dialoqdan tutmuş iqtisadi, energetika, mədəniyyət, təhsil, müdafiə sənayesi və nəqliyyat sahələrinə qədər geniş spektrdə əməkdaşlıq perspektivlərinin formalaşması, məhz Prezident İlham Əliyevin beynəlxalq əlaqələri dərinləşdirmək istiqamətində atdığı uğurlu addımların təzahürüdür.

Azərbaycan Prezidentinin səfəri zamanı mətbuata verdiyi bəyanat bir tərəfdən Azərbaycan-Vyetnam münasibətlərinin mövcud vəziyyətini dəqiq şəkildə əks etdirir, digər tərəfdən isə bu əlaqələrin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirir. Xüsusilə “Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat”ın imzalanması, ölkələrimiz arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu təsdiqləyir. Bu sənəd ikitərəfli əməkdaşlığı daha da dərinləşdirən mühüm siyasi çərçivə rolunu oynayır.

Prezident İlham Əliyevin vurğuladığı kimi, bu səfər və imzalanan sənədlər yalnız siyasi deyil, həm də iqtisadi, enerji, müdafiə, nəqliyyat, rəqəmsal inkişaf, mədəniyyət və digər sahələri əhatə edən genişmiqyaslı əməkdaşlıq imkanları açır. Ticarət və investisiya mübadiləsinin artırılması istiqamətində atılan addımlar, SOCAR və PetroVietnam arasında anlaşmalar, o cümlədən bərpaolunan enerji sahəsində ortaq layihələrin perspektivi, qarşılıqlı maraqlara əsaslanan praktiki əməkdaşlığın inkişafını təmin edəcəkdir.

Azərbaycanın bu gün yaşıl enerji sahəsində təşəbbüskar mövqeyi Prezident İlham Əliyevin strateji baxışının bariz nümunəsidir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, yaxın 5 ildə 6500 meqavat gücündə bərpaolunan enerji layihələrinin həyata keçirilməsi ölkəmizi bu sahədə regional liderə çevirir. Vyetnam şirkətlərinin bu sahəyə sərmayə yatırmaq imkanlarının müzakirə edilməsi və Azərbaycan şirkətlərinin də Vyetnamda fəaliyyətə maraq göstərməsi, qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Digər mühüm istiqamət isə müdafiə sənayesi sahəsində əməkdaşlıqla bağlıdır. İki ölkənin bu sahədə malik olduğu potensialın birləşdirilməsi və ortaq layihələrin təşviqi, regional sabitlik və təhlükəsizlik müstəvisində də əhəmiyyətli rol oynaya bilər. Bununla yanaşı, mədəniyyət, təhsil və arxiv işi üzrə imzalanmış anlaşma memorandumları xalqlarımız arasında humanitar əlaqələrin möhkəmləndirilməsinə xidmət edəcək.

Prezident İlham Əliyev həmçinin beynəlxalq təşkilatlar çərçivəsində, xüsusən də BMT və Qoşulmama Hərəkatında Azərbaycan ilə Vyetnam arasında mövcud həmrəyliyi yüksək dəyərləndirmişdir. Azərbaycanın bu təsisata sədrliyi dövründə göstərdiyi təşəbbüslər və prinsipial mövqe, dünya miqyasında ölkəmizə böyük hörmət qazandırmışdır.

Dövlət başçısının bəyanatında qeyd olunduğu kimi, Azərbaycan və Vyetnam bir sıra məsələlərdə ortaq mövqedən çıxış edir, dövlət suverenliyi, ərazi bütövlüyü və beynəlxalq hüququn aliliyi prinsipləri əsasında əməkdaşlıq aparır. Bu isə onu göstərir ki, ölkələrimiz arasında əlaqələr yalnız iqtisadi və siyasi maraqlarla deyil, həm də beynəlxalq hüquqa və ədalətə əsaslanan dəyərlərlə bərqərar olub.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yürüdüyü xarici siyasət kursu ölkəmizin beynəlxalq müstəvidə nüfuzunu daha da artırır, etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir və yeni əməkdaşlıq imkanları yaradır. Vyetnam Kommunist Partiyasının Baş katibi To Lamın Azərbaycana səfəri də bu baxımdan mühüm əhəmiyyət daşıyır və əminliklə demək olar ki, bu səfərin nəticələri gələcəkdə konkret layihələrə çevriləcəkdir.

Sonda qeyd etmək istərdim ki, Azərbaycanın Vyetnamla münasibətlərinin yeni mərhələyə qədəm qoyması təkcə ikitərəfli əlaqələrin deyil, eyni zamanda Prezident İlham Əliyevin müstəqil və milli maraqlara əsaslanan xarici siyasət strategiyasının növbəti parlaq nəticəsi kimi dəyərləndirilməlidir.

Məşhur Məmmədov,
Milli Məclisin deputatı

Prezident İlham Əliyevin 2025-ci il mayın 6-da “Vietnam News Agency” agentliyinə verdiyi müsahibə iki ölkə arasında mövcud əməkdaşlığın miqyasını və perspektivlərini aydın şəkildə ortaya qoydu. Əminliklə demək olar ki, Azərbaycan-Vyetnam əlaqələri strateji tərəfdaşlıq mərhələsinə qədəm qoyur. İki ölkə arasında münasibətlər dərin tarixi köklərə və qarşılıqlı hörmətə əsaslanır. Ölkə rəhbərinin müsahibəsi həm də strateji tərəfdaşlığa doğru yeni mərhələnin başlanğıcını simvolizə edir.

Dövlət başçısı Azərbaycanın və Vyetnamın yarım əsrdən artıq dostluq ənənəsinə malik olduğunu vurğuladı, yaxın keçmişi yada saldı. 1959-cu ildə Prezident Ho Şi Minin Azərbaycana tarixi səfəri və 1983-cü ildə ümummilli lider Heydər Əliyevin Vyetnama səfəri bu əlaqələrin təməl sütunları olmuşdur. Bu səfərlər zaman-zaman dərinləşən ikitərəfli münasibətlərin başlanğıcı sayılır.

Xüsusilə 2014–2015-ci illərdə baş tutmuş qarşılıqlı dövlət səfərləri Azərbaycan–Vyetnam əlaqələrində yeni səhifə açdı. Həmin illərdə keçirilmiş Birinci Azərbaycan–Vyetnam biznes forumu, Hökumətlərarası Komissiyanın yaradılması, parlamentlərarası əməkdaşlıq və siyasi məsləhətləşmələr iki ölkənin münasibətlərinin institusional bazasını gücləndirdi.

Prezident İlham Əliyev müsahibəsində Azərbaycanın Vyetnamla neft, energetika, sənaye, turizm, təhsil və mədəniyyət sahələrində geniş əməkdaşlıq potensialına malik olduğunu qeyd etdi. 2019-cu ildə SOCAR ilə “Binh Son Refinery and Petrochemical Company” arasında imzalanmış müqavilə, Azərbaycan mütəxəssislərinin Vyetnam neft sənayesinin formalaşmasındakı rolu tarixi əməkdaşlığın mühüm göstəriciləridir.

Azərbaycan–Vyetnam mədəni əlaqələri də mühüm önəm daşıyır. Azərbaycanlı bəstəkar Qara Qarayevin “Vyetnam süitası” əsəri, rejissor Əjdər İbrahimovun Vyetnamda kino məktəbinin qurulmasında rolu, Bakıda “Əfsanə yaradanlar” filminin nümayişi və Vyetnam Günləri kimi təşəbbüslər ortaq humanitar dəyərlərin təcəssümüdür.

Təhsil sahəsində də uzunmüddətli əməkdaşlıq mövcuddur. Sovet dövründə 5 minə yaxın vyetnamlı gəncin Azərbaycanda təhsil alması və onların bu gün yüksək dövlət vəzifələrində çalışması iki xalq arasında səmimi münasibətlərin nümunəsidir. Vyetnamda fəaliyyət göstərən Azərbaycan məzunları assosiasiyası bu əlaqələrin yaşamasına xidmət edir.

Xeyirxah əməlləri illərdir ölkə hüdudlarını aşan Heydər Əliyev Fondunun Vyetnamda məktəb tikintisi və digər sosial layihələri ölkəmizin humanitar diplomatiyasının mühüm göstəricisidir. Fondun vitse-prezidenti Leyla Əliyevanın bu ölkəyə son səfəri əməkdaşlığın humanitar aspektlərini daha da dərinləşdirir.

Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi cənab Lamın ölkəmizə rəsmi səfəri ikitərəfli əlaqələrdə yeni mərhələnin başlanğıcıdır. Bu səfər siyasi dialoqdan tutmuş iqtisadi və mədəni mübadiləyə qədər bir çox istiqamətdə əməkdaşlığın gücləndirilməsinə təkan verəcək.

Xüsusilə turizm, birbaşa aviareyslərin açılması, müştərək mədəni layihələr, ekologiya və səhiyyə üzrə təşəbbüslər qarşılıqlı maraq doğuran sahələr kimi ön plana çıxır. Ölkə rəhbərinin vurğuladığı kimi, vyetnamlı tələbələr üçün ayrılmış təqaüd proqramları və akademik mübadilə təşəbbüsləri də ikitərəfli münasibətlərin gələcəyinə sərmayədir.

Nəticə etibarilə, Prezident İlham Əliyevin müsahibəsi Azərbaycan–Vyetnam münasibətlərinin yalnız keçmişə deyil, eyni zamanda gələcəyə də möhkəm əsaslandığını sübut edir. Bu münasibətlər dostluq, qarşılıqlı hörmət və strateji tərəfdaşlıq üzərində qurulub və proseslər göstərir ki, dostluq və strateji tərəfdaşlıq yeni dövrdə daha da inkişaf edəcək.

Prezidenti İlham Əliyevin Vyetnamın Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam ilə mətbuata bəyanatında söylədiyi fikirləri bir daha xatırlarmaq yerinə düşər: “Əminəm ki, səfərin nəticələri uğurlu olacaq və əldə edilmiş razılaşmalar konkret layihələrə çevriləcək”.