Ticarətçi: “Maddi yardımın ödənilməsi üçün Rasim Məmmədovun imzası lazımdır, ancaq hələ də mənim sənədimə qol çəkməyib”; Rasim Məmmədov: “Sənədlərində problem yoxdur, yaxın zamanlarda ona dövlət tərəfindən ayrılan vəsait ödəniləcək”
Bu ilin mart ayında yanaraq külə çevrilən “Diqlas” Ticarət Mərkəzinin sahibkarları narazıdırlar. Sahibkarlar “Yeni Müsavat”a müraciət edərək bildiriblər ki, onların problemləri hələ də tam olaraq həll olunmayıb.
“Yeni Müsavat”ın reportyor qrupu olaraq bu və ya digər məsələlərlə bağlı yerində məlumat almaq üçün ticarət mərkəzinin önünə yollandıq. Müşahidə etdik ki, “Diqlas”ın qarşısında hələ də Fövqəladə Hallar Nazirliyinin yanğın söndürən maşını var və nazirliyin əməkdaşları da xidmət aparırlar. Ticarət mərkəzinin ətrafına polis tərəfindən mühafizə barmaqlıqları çəkilib. Ərazidə polis xidmət apararaq, ümumi vəziyyətə nəzarət edir.
Orada olduğumuz zaman ticarət mərkəzində divar saatları satan Fazil Yusibovla həmsöhbət olduq. F. Yusibov bildirdi ki, hələ də dövlət tərəfindən ayrılan maddi yardımı ala bilmədiyi üçün vəziyyətdən narahatdır: “Burada divar saatları satırdım. Yanğın nəticəsində mağazam tamamilə yandı və içərisindəki maldan heç birini çıxara bilmədik. Ərizəmdə də qeyd etdim ki, mənə ümumilikdə 5-10 min manat arasında zərər dəyib. Lakin mənimlə qonşuluqda olan digər mağazaların sahiblərinə yardım edilsə də, bu günə qədər bir manat da olsun maddi yardım ala bilməmişəm. Mənə deyirlər ki, maddi yardımın ödənilməsi üçün ”Diqlas”ın rəhbərlərindən olan Rasim Məmmədovun imzası lazımdır. Ancaq hələ də o, mənim sənədimə qol çəkməyib. Ona görə də pul ala bilmirəm. Vəziyyətim çox ağırdır. Yeganə qazanc yerimiz yanıb və əlimizdə də vəsait yoxdur ki, digər yerdə obyekt götürüb, işə başlayaq. Lap obyekti pulsuz versələr belə, ilkin vəsait lazımdır ki, iş görək. Ancaq pulu ala bilmirəm”.
Məsələ ilə bağlı məlumat almaq üçün Rasim Məmmədovla telefon əlaqəsi saxlamağa cəhd etdik. Telefonu Rasim Məmmədovun işçisi açdı və bildirdi ki, Fazil Yusibovun sənədlərində heç bir problem yoxdur. Yaxın zamanlarda ona dövlət tərəfindən ayrılan vəsait ödəniləcək.
Prezidentin sərəncamı ilə dövlət tərəfindən sahibkarlara verilən vəsaitin miqdarına gəlincə isə qeyd edək ki, mağaza, anbar icarəyə götürmüş zərər çəkmiş sahibkara 10000 manat, piştaxta və digər sahə icarəyə götürmüş zərər çəkmiş sahibkara 2000 manatın verilməsi nəzərdə tutulub.
Contakt.az saytı məlumat yayıb ki, ticarət mərkəzində baş vermiş yanğın nəticəsində mal itkisinə məruz qalan bir qrup sahibkar mayın 1-də Prezident Administrasiyası önündə toplaşıblar.
Sahibkarlar bu toplaşmalarını problemlərinin həll olunmaması ilə izah ediblər: “Bizə dəyən ziyan ödənməyib, təzyiqlər var, istintaq gedir deyə yanan malları qaytarmırlar”, – deyə sahibkarlar bildiriblər.
Onların sözlərinə görə, ilkin yardım kimi nəzərdə tutulan vəsaitlərdən 2 min manat, 10 min manat alan da var, heç almayan da var, hər sahibkara dəyən ziyanın həcmi isə 10 min manatdan 50 min manata qədər və daha yuxarıdır.
Sahibkarlara görə, onlara iş yerləri təklif edənlər var, problem odur ki, mal almağa pulları yoxdur: “Bir tərəfdən pulumuz yox mal alaq, digər tərəfdən istintaq gedir deyə mallarımızı götürə bilmirik. Daha bir tərəfdən yardım kimi götürdüyümüz pullar borc-xərclərimizə gedib. Odur ki, dövlət başçısından xahiş edirik ki, bizə köməklik etsin. İcraçı direktorlar bizim məruz qaldığımız itkini maliyyə vəsaiti olaraq tam göstərməyə qoymurlar. Deyirlər ki, bizim də borc-xərcimiz var”.
Sahibkarlardan bəziləri bildiriblər ki, hətta evlərinə zəruri ərzaq almağa belə pulları yoxdur: “Biz heç nə istəmirik, bizə dəyən ziyanın ödənilməsini istəyirik. Prezident fərman verdi ki, vəsait ödənsin, amma aşağıdakılar ”bizə “baxaq da, bəlkə” kimi cavab verirlər. Odur ki, son ümid olaraq Prezident Administrasiyasının qarşısına toplaşdıq ki, diqqəti problemimizə cəlb edə bilək”. deyə sahibkarlar bildiriblər.
Məlumat üçün onu da qeyd edək ki, martın 26-da “Diqlas” TM-də yanğın baş verdi. Yanğında 400-dən yuxarı sahibkar ziyan çəkdi. Martın 28-də bu məsələ ilə bağlı dövlət başçısı iclas keçirdi. İclasda sahibkarlara dəyən ziyanın ödənməsi, iş yerləri ilə təmin olunmaları ilə bağlı İqtisadiyyat Nazirliyi daxilində komissiya yaradıldı. Bundan əlavə, yanğının səbəblərinin araşdırılması barədə tapşırıq verildi. Martın 29-da sahibkarlara dəyən ziyanın ödənilməsi üçün 3 milyon manat vəsaitin ayırlması barədə sərəncam imzalandı. Xüsusi komissiya isə üç gün ərzində sahibkarları fərdi qaydada qəbul edərək problemlərini dinlədi. Daha sonra isə kompensasiyaların ödənilməsinə başlanıldı.
Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov “Facebook” profilində yayılan videoyla bağlı məlumat paylaşıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, C.Valehov qeyd edib ki, bəzi saytlarda Biləsuvar şəhər məktəb-liseyi ilə bağlı yayılan video görüntü 25 aprel tarixinə aiddir: “Belə ki, K. Ağayev adına Biləsuvar şəhər texniki fənlər təmayüllü internat tipli məktəb-liseyin fəaliyyəti ilə bağlı Təhsil Nazirliyinə daxil olmuş şikayətlərin araşdırılması məqsədilə nazirliyin müvafiq komissiyası mart-aprel aylarında məktəb-liseydə xidməti araşdırma aparıb, məktəb-liseyin direktoru vəzifəsini müvəqqəti icra edən Natəvan Əzizovanın fəaliyyətində ciddi nöqsanlar aşkar edilib”.
“Bununla bağlı komissiyanın rəyinə əsasən Natəvan Əzizova barədə müvafiq intizam tənbehinin tətbiq edilməsi və məktəb-liseyə yeni direktorun təyin olunması qərara alınıb. Təhsil nazinin əmri ilə Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksində coğrafiya müəllimi vəzifəsində çalışan, habelə Təhsil Nazirliyinin dərsliklərin qiymətləndirilməsi və monitorinqi qrupunun eksperti Mehman Əliyev həmin məktəb-liseyin direktoru vəzifəsinə təyin edilib. Mehman Əliyevin məktəb kollektivinə təqdim edilməsindən bir gün əvvəl məktəbin direktor əvəzi şagirdlərin növbə dəyişməsi zamanı məktəb qarşısında toplaşmasından istifadə edərək bunu şagirdlərin etirazı kimi təqdim etməyə çalışıb” – deyə mətbuat xidmətinin rəhbəri əlavə edib.
O qeyd edib ki, hazırda internat-məktəbində təlim-tərbiyə prosesi öz axarı ilə davam edir.
Balaxanı Sənaye Parkı istiqamətində yaşayan sakinlərin Bakı Nəqliyyat Agentliyinə çoxsaylı müraciətləri nəzərə alınaraq, 216 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, 216 nömrəli müntəzəm marşrut xəttinin son dayanacaq məntəqəsi dəyişdirilib. Sabahdan 216 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar Balaxanı Sənaye Parkınadək hərəkət edəcəklər.
Bununla da Balaxanı Sənaye Parkı istiqamətində yaşayan sakinlərin və həmin ərazidə çalışan vətəndaşların ictimai nəqliyyatdan rahat və təhlükəsiz istifadəsi təmin ediləcək.
Dünən Tarif Şurası qaz limitinin 1700 kub metrdən 2200 kub metrədək artırılması barədə qərar qəbul etdi. Bu o deməkdir ki, vətəndaşlarımız il ərzində 2200 kub metrədək qazın hər kubmetr üçün 10 qəpik ödəyəcəklər.
Limitin artırılması əhaliyə necə təsir edəcək?
“SOCAR-ın məlumatına görə, 2018-ci ildə əhali 2,96 milyard kubmetr təbii qaz istehlak edib. 2 milyon 155 min əhali istehlakçısının ötən il 1 milyon 763 minin illik istehlakı 1700 kub metrdən az olub. Şirkətin hesablamalarına əsasən, ötən il 392 min vətəndaşımız limitdən artıq mavi qaz istehlak edib. Bu isə o deməkdir ki, 2018-ci ildə əhalinin 70,24 faizi ildə 1700 m3-ə qədər, 29,76 faizi isə 1700 m3-dən çox qaz istehlak edib. SOCAR-in hesablamarına görə, təxminən 2 milyon abonentin illik istehlakı 2200 kub metrdən azdır. Rəsmi rəqəmlərə istinad etsək şuranın qərarından sonra güzəştli limitdən istifadə edən vətəndaşların sayı ümumi istehlakçıların 85 faizinə çatacaq. Qərar bu gündən qüvvəyə mindiyi üçün güzəşt vətəndaşların limitinə əlavə olunacaq. Hətta limiti artıq istifadə edənlər də əlavə 500 kub metr güzəşt əldə edə biləcəklər” – bu sözləri İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı alim Vüqar Bayramov bildirib.
Vüqar Bayramov
Ekspert qeyd edib ki, birmənalı şəkildə mavi qazın qiymətinə tətbiq edilın güzəştin artırılması müsbət haldır:
“İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) hazırladığı hesabat da təsdiq edirdi ki, bunun üçün iqtisadi əsaslar var idi. Gələcəkdə qaz hasilatımızın və eləcə də daxilolmaların həcminin artmasına uyğun olaraq bu limitə yenidən baxılması və güzəştin daha da artırılması məqsədəuyğun hesab edirik”.
İqtisadçı alim bildirib ki, bütövlükdə isə CESD beyin mərkəzi olaraq təklflər hazırlayan zaman iqtisadi əsaslandırmasını da təqdim edir: “Bu baxımdan mərkəzinin çoxlu sayda təklifləri hökumət tərəfindən artıq qəbul olunub. Ümid edirik ki, hazırladığımız digər mexanizmlərin də yaxınlarda rəsmi qəbulunu müşahidə edəcəyik”.
Sosial şəbəkələrdə Kürdəmirin Sığırlı kənd C.Əsgərov adına tam orta məktəbində qızların təhsildən yayınma halları, müəyyən sinifdən sonra məktəbdən uzaqlaşdırıldıqları haqda məlumatlar yayılıb.
Məsələ ilə bağlı Open.az-a açıqlama verən Sığırlı kənd bələdiyyəsinin sədri Saleh Ağamalıyev yazılanların real olmadığını bildirib.
Onun sözlərinə görə, kəndin 90 faiz qızlarının məktəbə davamiyyəti əladır: “Düzdür, gəlməyənlər də var. Amma bunu bütün qızlara şamil etmək olmaz. Hər il kollec və ali məktəblərə qəbul olan qızlarımız var. Neçə il öncə ali məktəbi bitirib gələn qızlarımız da çoxdur. Hazırda universitetə qəbul olmaq istəyən qızlar hazırlaşırlar. 450-500 bal toplayan qızlarımız olub. Ötən il qəbul olan qızlarımızın adlarını da çəkə bilərik. Qafarlı Aydan, Cəlilova Zeynəb və adlarını unutduğum bir neçə qız ötən il qəbul olub”.
Sığırlı kənd orta məktəbin direktor müavini Əhmədov Şamil bildirib ki, deyilənlər çox əvvəllər olub: “Deyilən hallar əvvəllər olub. 6-7-ci sinifə kimi oxudub, məktəbdən çıxarırdılar. Amma indi tamamilə başqa cürdür. Bizim kəndə çox böyük dəyişikliklər var. Əvvəllər hər yerdə olduğu kimi, bizdə də kiçik yaşlı qızları ərə verirdilər. Artıq elə bir şey yoxdur. İndi qızlar ancaq oxumağa can atırlar. 9-cu siniflərdən kolleclərə qəbul olanlar var. Ötən il bir sinifdən 5 qız ali məktəbə qəbul olub. Bir sinifdən 5 qızın qəbul olması yəqin ki, məsələ barədə informasiya verir. Ən azından kolleclərə qəbul olublar. Hər yerdə olduğu kimi bizim qızlarımızdan da repititor yanına, kursa gedib hazırlaşırlar”.
Azərbaycanda qaza tətbiq olunan limitin artırılmasından sonra elektrik enerjisinə qoyulan limitin artırılması məsələsi gündəmə gəlib.
Məsələ ilə bağlı “Azərişıq” ASC-dən bildirilib ki, bu məsələ Tarif Şurasından asılıdır. “”Azərişıq” icraedici orqandır . Qanunla hansı limit, hansı tarif qəbul olunursa, biz də onun icrasını həyata keçiririk. Yəni, biz icraedici orqanıq. Gələcəkdə də hansı tarif, hansı limit qüvvədə olacaqsa, işimizi ona uyğun icra edəcəyik”. – açıqlamada deyilir.
Bu məsələ ilə bağlı “Azərişıq” ASC-nin hər hansı bir təklifinin olub-olmadığına gəlincə, qurumdan məsələnin hazırda müzakirə predmeti olmadığını deyiblər.
Xatırladaq ki, işıqla bağlı limit 2016-cı ildən tətbiq edilib. Həmin il noyabrın 28-də Tarif (qiymət) Şurasının qərarı ilə elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifi 5,7 qəpik təsdiq edilmiş, pərakəndə satış tarifi isə sosial siyasətə uyğun olaraq, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 300 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılmış, aylıq istehlak həcminin 300 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.
Qeyd edək ki, bu gün Azərbaycan Respublikası Tarif (qiymət) Şurası bu gün ölkədə təbii qaza tətbiq edilən limitə yenidən baxıb. Tarif Şurası tərəfindən təbii qaza olan limitə yenidən baxılaraq, mayın 1-dən 2 200 (əvvəl 1 700 kubmetr idi – red.) kubmetr həcmində müəyyən edilib. (Buta.media)
Nazirlər Kabineti “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nda dəyişiklik edib. Bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb. Qərara əsasən, dövlət sosial sığortası üzrə sığorta olunan şəxs öldükdə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi ölən şəxsin adı, atasının adı və soyadı, doğulduğu il, ay, gün və yer, cinsi, daimi qeydiyyatda olduğu yerin ünvanı, şəxsiyyəti təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi və sənədi verən orqanın adı barədə məlumatları ölüm faktının qeyd olunduğu gündən bir ay ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə yanaşı, həmin məlumatlar bir ay ərzində həm də Vergilər Nazirliyinə göndərəcək.
"“Azəriqaz” tərəfindən bəzi hallarda əsası olmayan işlərə son qoyulmalıdır". Bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yekun nitqində deyib.
Dövlətimizin başçısı qeyd edib ki, qazlaşdırma Azərbaycanda ən yüksək səviyyədədir və bu il də qazlaşdırma ilə bağlı işlər aparılır: "Biz imkanlardan maksimum istifadə etməliyik ki, bu gün hələ də qaz almayan qəsəbələrə, kəndlərə qaz xətləri çəkək. Şəhərlərdə bəzi yerlərdə qazın təzyiqi aşağıdır və bu məsələ ilə bağlı müvafiq göstərişlər verildi, işlər görülür ki, əhaliyə keyfiyyətli qaz verilsin. Eyni zamanda, “Azəriqaz” tərəfindən bəzi hallarda əsası olmayan işlərə də son qoyulmalıdır. Çünki mənə məlumat verilir ki, “Azəriqaz” özü birtərəfli olaraq hansısa qaydalar tətbiq edir və bəzi hallarda insanlara problemlər yaradır. Buna son qoyulmalıdır və burada maksimum şəffaflıq, ədalət olmalıdır. Çünki yerlərdən belə siqnallar gəlir ki, həm sayğaclarla, həm qazın keyfiyyəti ilə bağlı problemlər var, bunlar tamamilə aradan qaldırılmalıdır".
İlham Əliyev bildirib ki, bütün sahələrdə - elektrik enerjisi, içməli su, təbii qazın verilməsi ilə bağlı maksimum şəffaflıq və ədalət olmalıdır.
Aparılan təmir işləri ilə əlaqədar olaraq aprel ayının 30-dan may ayının 1-nə keçən gecədən etibarən Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsinin Biləcəri enişi adlanan yolunun dairəyə qədər olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, məhdudlaşdırma ilə bağlı həmin ərazidən fəaliyyət göstərən 2, 7A, 13, 14, 29, 37, 59, 67, 83, 91, 92, 96, 114A, 114B, 117, 130, 135, 142, 158, 159 və 170 nömrəli müntəzəm marşrutların hərəkətində dəyişiklik edilərək:
– 114A, 114B, 135, 159, 170 nömrəli marşrutlar Biləcəri dairəsinə daxil olmadan Bakı-Sumqayıt şosesi ilə hərəkət edəcəklər.
– 130, 142, 117, 158 nömrəli marşrutlar ətraf qəsəbələr istiqamətində hərəkət edərkən şamaxinka dairəsi adlanan ərazidən keçməklə təşkil ediləcəkdir .
– 67, 83, 92 nömrəli marşrutlar Biləcəri qəsəbəsi istiqamətində Biləcəri dairəsinə daxil olmadan R.İsmayılov, Y.Hüseynov küçələri ilə hərəkət edəcəklər.
– 91 nömrəli marşrut Q.Süleymanov, R.İsmayılov, Y.Hüseynov küçələri ilə hərəkət edəcək
Sabahdan ölkəmizdə qazın aşağı tariflə illik istehlak həcmi 1700 kubmetr qazdan 2200 kubmetr qaza qədər artırılır.
Qərar bu gün Tarif Şurasının iclasında qəbul edilib.
Redaktor.az bildirir ki, sabahdan bu il üçün istifadə olunan bütün limitlər sıfırlanacaq. İstehlakçılara 2019-cu il may ayının birindən növbəti ilin may ayına qədər 2200 kubmetr qaz limiti veriləcək. Qeyd edək ki, 2200 kubmetr qaz limiti 220 azn dəyərindədir.