Şəmkir küçələrinin zibil içində olması, rayonda hökm sürən antisanitariya haqda “Yeni Müsavat”ın ötən saylarında “Şəmkirdə zibil korrupsiyasından kimlər qazanır” sərlövhəli reportaj təqdim edilib.
Şəmkirin əsas küçələrində, Şəhidlər Xiyabanı önündə belə çirkabın dizə çıxdığını oxucularımızla bölüşüb. Burada hələ də vəziyyət dəyişməyib, üstəlik, bir qədər də qəlizləşib. Artıq inəklər şəhərin mərkəzində, düz rayon icra hakimiyyətinin 1 addımlığındakı “İstiqlal” parkında otlayırlar. Dahi Üzeyir Hacıbəyovun, cümhuriyyəti şeirlərində quran şair Əhməd Cavadın heykəlləri önündə indi heyvanlar gəzir. Bu o vaxt baş verir ki, rayona “DOST” mərkəzi xətti ilə 550 işçi ştatı verilib. Hər ay həmin şəxslərə minimum əmək haqqı ödənişi gerçəkləşdirilir. Haradadır 550 işçidən 3-ü, 5-i? Yəni həmin 550 nəfərdən “İstiqlal” parkına ayrılan işçisi qüvvəsi olmayıb?
Şəmkirdə inəklərin mərkəzi parkda “parad”ı rayonda pul yığımı xəbərlərinin dolaşdığı bir vaxta təsadüf edib. Belə xəbərlər var ki, Alimpaşa Məmmədov kənd icra nümayəndələrindən, bələdiyyə sədrlərindən pul yığdırır. İddia olunur ki, şəhərin abadlığı adı ilə toplanan pullar əslində “JEK” rəisi Teymur Hacıyevi “təmizə” çıxarmaq üçün toplanır. Ümumilidə toplanan məbləğin 200 min manat civarında olduğu bildirilir. Yada salaq ki, Teymur Hacıyev bu il aprelin 2-də bankomatdan fəhlələrin əvəzindən maaş alarkən “iş başında” yaxalanıb. Yayılan məlumatlardan belə aydın olurdu ki, “JEK” rəisi 2 ay izlənilib, nəhayətdə bankomatdan 32 “ölü can”ın adına olan bank kartı ilə pul çıxararkən, necə deyərlər, “veşdok”la tutulub. Onun barəsində cinayət işi başlanıb, Baş Prokurorluq bu haqda məlumatları təsdiqləyib. Teymur Hacıyev hazırda ev dustağıdır. Bu olayı Şəmkirdə bilməyən yoxdur, hər kəs maraqla arestant rəisin cinayət işinin hansı sonluqla nəticələnəcəyini gözləyir. Teymur Hacıyevin isə əlinə vurulacaq qandalın bir halqasının da onu bu işlərə məcbur edənin qoluna vurulacağını başçıya çatdırması xəbəri də vardı…
Belə görünür ki, Teymur Hacıyev istəyinə nail olmaq üzrədir. Maraqlıdır ki, Alimpaşa Məmmədov 200 min manata Teymur Hacıyevi “zibil”dən təmizləyə biləcəkmi?
Yada salaq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Şəmkir rayonuna “DOST” mərkəzi xətti ilə məhz təmizlik işləri üçün 550 nəfərin işlə təminatını həyata keçirir. Hər ay bu məqsədlə dövlət büdcəsindən hər bir fəhləyə 180 manat əməkhaqqı da kəsilib. Şəmkirdə “DOST”dan fəhlələrin əməkhaqları hər ay alınsa da, 550 fəhləni görən olmayıb. “İstiqlal” parkında inəklərin rahat şəkildə gəzib-dolaşması deyilənləri bir daha təsdiqləmiş olur.
Gəncə Şəhər Təhsil İdarəsində məsləhətçi vəzifəsində çalışan 1994-cü il təvəllüdlü Ceyhun Qabil oğlu Bağırov itkin düşüb.
Bu barədə “Report”a açıqlamasında onun atası Qabil Bağırov deyib.
“Oğlum mayın 17-si işlədiyi Gəncə Şəhər Təhsil İdarəsinə gedib. Amma saat 10-dan sonra oğlumla heç bir əlaqə saxlaya bilməmişik. Həmin gündən uşaq yoxa çıxıb. Hazırda Gəncə Şəhər Polis İdarəsindəyik. Axtarışlar davam edir. Oğlumu görənlərdən xahiş edirəm ki, bizimlə əlaqə saxlasınlar”, – Q.Bağırov bildirib.
Q.Bağırovun sözlərinə görə, oğlu nişanlıdır: “Toy mərasimi üçün hazırlıq işləri görürük. İyunun 11-də toy mərasimini planlaşdırmışıq”.
C.Bağırovu görənlərdən aşağıdakı telefon nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur:
Bu gün Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov istirahət günüdə öz evində Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərovla görüşüb.
Minval.info-ya daxil olan məlumata görə, görüş zamanı Kürdoğlu Əsgərovun icarəyə götürdüyü torpaq sahəsi ilə bağlı müzakirələr aparılıb.
“Səmimi görüş zamanı Kürdoğlu Əsgərova ərazinin çay yatağı olduğundan icarəyə götürülməsi üçün aidiyyətli qurumlar – FHN, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən müsbət rəy verilməsinin vacibliyi bildirilib” – məlumatda bildirilir.
Vurğulanıb ki, Kürdoğlu Əsgərov torpaq sahəsini icarəyə götürmək üçün müraciət etdiyi anda dərhal aidiyyətli qurumlara Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən rəsmi müraciət ünvanlanıb.
“Müzakirə zamanı məlum oldu ki, məsələnin kökündə qısa anlaşılmazlıq olub. Torpağın icarə müqaviləsini artırmaq üçün vətəndaş tərəfindən aidiyyəti dövlət orqanların rəyi gözlənilməlidir.
Çay süfrəsi arxasında keçirilən səmimi görüşdə Cənab Alimpaşa Məmmədov hər zaman olduğu kimi bundan sonra da Kürdoğlu Əsgərova yaxından dəstək olacağını, məsələnin həll olunması üçün əlindən gələni əsirgəməyəcəyini bildirib” – məlumatda qeyd olunur.
“Avesta” şirkətinin prezidenti Hacı İbrahim Nehrəmli Nazirlər Kabinetinin sifariş etdiyi binanı 7 ildir tikib təhvil verə bilmir.
“Qafqazinfo”ya müraciət edən sakin Fuad İsmayılzadə bildirib ki, Həsən bəy Zərdabi küçəsi 74 ünvanında yerləşən, 2012-ci ildə tikintisinə başlanılan və 3 ilə təhvil verilməsi nəzərdə tutulan tikilidə işlər hələ də tamamlanmayıb:
“Bina Nazirlər Kabinetinin sifarişi ilə onun əməkdaşları üçün tikilib və mənim atam həmin qurumda işlədiyi üçün biz də endirimli qiymətlə oradan mənzil almışıq. Amma 2017-ci ildən işlər dayanıb, Fövqəladə Hallar Nazirliyi bir neçə dəfə binanı təhvil götürmək üçün gəlib və yoxlayıb, işlər tamamlanmadığı üçün sənəd verilməyib. Binada 4 lift var, 3-ü ümumiyyətlə işləmir, biri də tez-tez xarab olur, balkonların şüşələri qoyulmayıb və kommunikasiya ilə bağlı başqa işlər qalıb. 2017-ci ildən sonra isə demək olar ki, ümumiyyətlə, işlər dayanıb”.
Binanı “Avesta” holdinqə daxil olan “Tərəqqi” MTK tikir. “Avesta”nın sahibi İbrahim Nehrəmli bir müddət əvvəl sakinlərlə görüşüb və onlara bildirib ki, 3 gün ərzində işlərin görülməsi ilə bağlı qrafik tərtib edəcəklər və yaxın müddətdə təhvil veriləcək.
Tikinti üzrə layihə rəhbəri Qurban Əhmədov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hazırda binada görülən işlərin ekspertizası ilə bağlı Fövqəladə Hallar Nazirliyindədir: “İşlər davam etdirilir, təxminən 95 faiz iş görülüb, xırda işlər qalıb. Daxili kommunikasiya xətləri çəkilib, onların ana xəttə birləşdirilməsi qalıb. Bəzi mənzillərdə yaşayış var, bəzilərində yoxdur. Binaya köçən sakinlər kommunal xətlərdən istifadə edirlər. Bu ilin sonuna kimi tikilinin tam təhvil verilməsi nəzərdə tutulub”.
Bakıda fəaliyyət göstərən məşhur “Ege” Hospitalda rəhbərliklə həkimlər arasında yeni böhran yaşanır.
Bu barədə Bakupost.az-a daxil olan məlumatda bildirilir ki, ötən il təmtəraqlı şəkildə rebrendinq edən və adını “Grand” Hopsitaldan “Ege” Hospitala dəyişən xəstəxanada işləyən türkiyəli həkimlər Azərbaycanı tərk etməyə başlayıb.
Bildirilir ki, bir il əvvəl böyük ümidlərlə adını dəyişən və demək olar, bütün yerli kollektivi qalmaqallı şəkildə işdən qovaraq xəstəxanaya türkiyəli mütəxəssisləri dəvət edən rəhbərlik, reklam kampaniyalarına böyük büdcələr ayırsa da, gözlədikləri nəticələri ala bilməyiblər.
Adının “Grand” Hopsital olduğu dönəmdə müəmmalı ölüm faktlarının ardıcıl şəkildə ictimailəşdiyi xəstəxana bu mənfi reputasiyasını tamamilə unutdurmaq üçün inqilabi addım atmış, xəstəxananın adını dəyişmiş, onlarla azərbaycanlı həkimi işdən heç bir xəbərdarlıq etmədən bir həftənin içərisində işdən uzaqlaşdırəb, onların yerinə Türkiyədən mütəxəssislər dəvət etmişdi. Bu dəyişimlə eyni zamanda da böyük bir reklam kampaniyasına start verən, hətta tanınmış aparıcı Hacı Nuranı belə qalmaqallı formada özlərinin reklam simasına çevirən xəstəxana rəhbərliyinin ümidləri isə özünü doğrultmayıb.
Əldə etdiyimiz məlumata görə, xəstəxanada işləyən türkiyəli həkimlərin Azərbaycanda işləmək icazə almaqda çətinliklər yaşaması və zaman-zaman rəhbərliklə yaşadıqları maliyyə problemləri onları ölkələrinə qayıtmağa sövq edib.
Türkiyəli həkimlərin ölkələrinə qayıtmaqlarının bir səbəbi kimi də onlara verilən böyük vədlərin yerinə yetirilməməsi göstərilir. Bildirilir ki, xəstəxananın rəhbərliyi həkimlərə yüksək maaşlar vəd edib Azərbaycana dəvət etsə də, bir müddət sonra bu vədlərini yerinə yetirməkdə çətinlik çəkməyə başlayıblar. Bunun səbəbi kimi isə klinikadakı fantastik qiymətlər göstərilir. Bildirilir ki, Azərbaycan standartlarında həddən artıq yüksək qiymətlərin təklif edildiyi bu xəstəxanada müraciət edənlərin sayı da xəstəxana rəhbərliyinin gözlədiyi qədər olmayıb. Buna görə də bir müddət sonra maliyyə problemləri yaşanmağa başlayıb.
Mənbəmiz onu da əlavə edir ki, “Ege” Hopsitalın rəhbərliyi artıq büdcələrini kiçilməklə bağlı addımlar atmağa başlayıb. Bildirilir ki, xəstəxana türkiyəli həkimlərin böyük əksəriyyəti ilə vidalaşıb, lakin türkiyəli həkimlərin hamısı göndərilməyib. Yenidən ad dəyişikliyinə getməmək üçün türkiyəli bəzi həkimlərlə xəstəxanada işləməyə davam edəcək. Onlarla paralel şəkildə yerli həkimlər də xəstəxanaya cəlb edilir.
Şəmkir rayon icra başçısı Alimpaşa Məmmədov erməni girovluğunda olan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərova məxsus torpaq sahəsini əlindən alır.
Bu haqda Modern.az saytına Kürdoğlu Əsgərov məlumat verib.
O bildirib ki, 5 il bundan qabaq icarəyə götürdüyü torpaq sahəsinin müqaviləsinin vaxtı qurtarmaq üzrədir.
Qeyd edib ki, buna görə dəfələrlə müraciət etsə də, icra hakimiyyəti müqaviləni yeniləmir.
“Məqsədləri isə budur ki, mənə məxsus ərazini türk şirkətlərinə külli miqdarda vəsait qarşılığında satsınlar. Aidiyyatı dövlət qurumlarından xahiş edirəm ki, bu məsələyə münasibət bildirsinlər. Şəmkir rayon icra başçısına yerini bildirsinlər ki, mənim atam Dilqəm Əsgərov bu vətən uğrunda canlı-canlı çürüyərkən icra başçısı mənim torpağımı əlimdən alır.
Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.
Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.
Separatçı Dağlıq Qarabağ rejiminin qondarma “məhkəməsi” ötən il dekabrın 19-da D. Əsgərovun ömürlük, Ş. Quliyevin isə 22 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb.
“Apellyasiya Məhkəməsi” bu qərarı qüvvədə saxlayıb.
On min dollar götürmək üçün iki min "şapka" verdi və evi əldən getdi. Prezidentə müraciət... Reportyor.tv-yə üz tutan Sumqayıt şəhər sakini İsmayılov Rəhim Mirzə oğlu "Finoko" Bank olmayan Kredit Təşkilkatı Açıq Səhmdar Cəmiyyətindən 2015 ci ilin dekabrın 15-də götürdüyü 10.000 (on min dollar) kreditə görə evini itirib. Belə ki, ölkə Prezidenti Cənab İlham Əliyev tərəfindən dollar kreditləri ilə bağlı müvafiq sərəncamı İsmayılov Rəhim Mirzə oğluna şamil olunsa da "Finoko" ASC tərəfindən borclunun evi xəbəri olmadan satışa çıxarılaraq ASC-nin balansına keçirilib. Reportyor.tv olaraq ASC-nin nümayəndəsi ilə əlaqə saxladıq. Bildirildi ki, "Finoko" ASC- öz işini qnuni görüb. Maraqlıdır, bəs məhkəmədə borclu olan şəxs İsmayılov Rəhim bildirəndə ki, mən banka qalan borcumu bağlamaq istəyirəm bəs onda Bank nümayəndələri niyə razılaşmayıblar? Belə ki, Cənab Prezidentin işdən qovduğu hakim İlyas Mahmudov vətəndaşı dinləmədən, məhkəməyə dəvət etmədən vətəndaşa məxsus olan evin "Finoko"-nun balansına keçməsi üçün qətnamə çıxarıb. Mövzuya qayıdılacaq...
Yaxın zamanlarda Azərbaycanda evdən çıxmadan, onlayn bank hesabı açmaq mümkün olacaq.
Trend xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının Ödəniş sistemləri sektorunun müdiri Tamerlan Rüstəmov deyib.
O qeyd edib ki, bununla bağlı olaraq Palata Mərkəzi Bankla danışıqlar aparır:
“Bu prosedur üç əsas məqsədi əhatə edir – transformasiya, inklüzivlik, rəqabət”.
T.Rüstəmov əlavə edib ki, fiziki şəxslər bir neçə üsulla bank hesabı aça bilər:
“Birinci yanaşma bank hesabının bankın proqram təminatından istifadə olunması ilə açılmasıdır. Digər yanaşma isə, bank hesabının videoəlaqə vasitəsilə açılmasını nəzərdə tutur”.
“Məktəbdə qızıma qadın bezi verilib. Qızım gəlib dedi ki, ana, sinifdən oğlanları bayıra çıxardılar, sonra bu məhsulları bizə payladılar. Oğlanlar qapını açıb bizə dil çıxarır, sataşıb gülürdülər. Bu vəziyyətdən pərt oldum”.
Bu fikirləri Lent.az-a qızı orta məktəbdən evə qadın bezi ilə qayıdan ana bildirib.
Bu vəziyyətdən narazılığını ifadə edən valideyn “mən onsuz da bu barədə qızıma məlumat verirəm. Bu məhsulları onların əlinə verməyin nə mənası var?”-deyə, irad bildirən valideyn tək deyil.
Xəyalə Quliyeva adlı sosial şəbəkə istifadəçisi də mövzu ilə bağlı öz səhifəsində fikirlərini bölüşüb. Həmin yazını təqdim edirik.
“Orta məktəblərin 6-cı siniflərində “always” şirkətinin məhsullarını paylayan Təhsil Nazirliyi, olmazmı öz dəyərli vaxtınızı daha səmərəli işlərə sərf edəsiniz? Misal üçün, o məktəbə qızlara “dərs keçmək üçün” gətirdiyiniz həmin firma əməkdaşları yerinə, respublikamızın ən uğurlu abituriyentlərini, dünyanın qabaqcıl universitetlərinin tələbə və məzunlarını qonaq qismində gətirə bilərsiniz.
Hansısa dərsin yerinə valideynlərin heç bir icazəsi və xəbəri olmadan sinfə girən və uşaqlara “dərs” keçən həmin ağ xalatlılar hamının gözü qarşısında faciə baş verən məktəbə gəlməli idilər. (Elinanın oxudğu məktəb nəzərdə tutulur) Yeri gəlmişkən, o faciədən sonra məktəblərdə şagird və müəllimlər üçün psixoloji seminarlar başlanılıbmı? Yoxsa hələ də bulling davam edir?”
Təhsil Nazirliyi niyə ağacəkmə kompaniyasına start vermir? “Hərəmiz bir fidan əkək ” deyərək, məktəbliləri niyə əməyə, zəhmətə, mərhəmətə sövq etmir? Niyə məktəblər qocalar evinə, valideyndən məhrum olan uşaqlar evinə sovqat düzəldib getmirlər? Niyə məktəbin həyətində iməcilik etmirlər? Niyə “nə harada, nə vaxt” yarışları keçirmirlər? Niyə məktəblərarası basketbol, voleybol, futbol yarışları olmur. Tək-tük deyil, geniş miqyaslı tədbirləri deyirəm. Niyə məktəblərə teatrlar gəlmir? Niyə tamaşalar göstərilmir? Niyə ən gözəl şəkildə təmir olunan məktəblərdə, heç olmasa üç-dörd aydan bir öz yaşlarına uyğun sənədli, bədii filmlər göstərilmir?
Məktəblərin pəncərələrinə dəmir barmaqlıq vurmaq əvəzinə təhsil sisteminin qəlbindəki dəmir barmaqlıqları çıxardıb atsaq? Nə dəmirə ehtiyac olar, nə də divara, məktəb dörd divar demək deyil… məktəbin o müqəddəs ruhunu qaytarmaq lazımdır. Bunun üçün isə, o “ağxalatlıların” payladığının əvəzinə məhəbbət paylamaq lazımdır”.
Bu məsələ ilə bağlı Təhsil Nazirliyindən bildirib ki, 2015-ci ildən etibarən Reproduktiv sağlamlıqla bağlı maarifləndirmə işinin davamlı aparılmasının vacib olduğunu nəzərə alaraq, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi və Ümidli Gələcək Gənclər Təşkilatı xüsusi tədris və maarifləndirmə proqramını həyata keçirməyə başlayıb:
“Proqram çərçivəsində İSİM, Təhsil Nazirliyi və Ümidli Gələcək təşkilatı Azərbaycan Müəllimlər Universiteti, Bakı şəhəri üzrə Təhsil İdarəsi, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Təhsil İnstitutu ilə sıx əməkdaşlıqda reproduktiv sağlamlıq və ailə planlaşdırılması sahəsində tədris proqramının hazırlanması, gələcək təlimçilər üçün təlim kurslarının təşkili və milli mütəxəssislərin iştirakı ilə ölkənin seçilmiş şəhər və rayonlarının tam orta məktəblərinin şagirdləri, müəllimləri və psixoloqları üçün, habelə uşaqların valideynləri üçün genişmiqyaslı və dayanıqlı maarifləndirmə və tədris proqramının təşkili davam edir.
Təlimlər zamanı məktəblərdə təhsil alan 6-7-ci sinif şagirdlərinə mövzuya dair təqdimatlarla yanaşı, xüsusi hazırlanmış bukletlər və təlim zamanı keçirilmiş mövzuların aşılanması məqsədlə şagirdlərə praktik bacarıqların öyrədilməsi üçün analara təlimin məzmununu əks etdirən 1 ədəd sanitar-gigiyenik materiallar (sabun, salfet, şampun və s.) paylanılıb. Uşaqlara paylanılan materialların heç biri reklam xarakteri daşımır”.
İsmayıllı hadisələrinə görə işdən çıxarılan F.Ələkbərov “Massey Ferguson”un Bakıdakı təmsilçisidir; bu traktorların çox bahalı modelləri də var…
Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun adı yenidən medianın gündəminə gəlib. Belə ki, mayın 15-də Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Kənd Təsərrüfatı – “Caspian Agro” sərgisi ilə tanış olanda sərgidə məşhur “Massey Ferguson” şirkətinə məxsus texnikanı ölkə başçısına Füzuli Ələkbərov təqdim edib. Modern.az-ın xəbərinə görə, eks-nazir “Massey Ferguson” şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəridir.
“Yeni Müsavat” bildirir ki, “Massey Ferguson” şirkəti 1953-cü ildə kanadalı kənd təsərrüfatı maşınları istehsalçısı Massey Harris və British Ferguson şirkətinin birləşməsi ilə yaradılıb. 1958-ci ildə “Massey Ferguson” adı ilə tanınır. Eyni ildə ilk üç qırmızı-ağ üçbucaqdan ibarət olan loqo ilk fəaliyyət göstərir. 1978-ci ildə müəssisə iqtisadi çətinliklərlə üzləşdiyi səbəbindən səhmlərin bir hissəsini satıb və bəzi istehsal zavodları bağlanıb. 1992-ci ildə Amerikanın AGCO firması “Massey Ferguson”un kənd təsərrüfatı avadanlıqlarının Şimali Amerika bazarlarında satışına başlayıb. 1994-cü ildən isə istehsal tamamilə AGCO Korporasiyasının nəzarəti altındadır. Beləliklə, şirkətin müasir adı “AGCO-Massey-Ferguson”dur. Dünyada “Massey Ferguson” markası altında işləyən traktorların sayı 6 milyondan çoxdur. Qiymətlərinə gəlincə, bu traktorların çox bahalı modelləri də var.
Füzuli Ələkbərova gəlincə, o, 3 fevral 1958-ci ildə Naxçıvan MR-in Culfa rayonunun Saltaq kəndində anadan olub.
1980-ci ildə Azərbaycan Dövlət Universitetinin riyaziyyat fakültəsini, 1990-cı ildə isə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Sənayenin planlaşdırılması fakültəsini bitirib.
Əmək fəaliyyətinə 15 avqust 1980-ci ildə Şəki rayonunun Qoxmuq kənd orta məktəbində müəllim kimi başlayıb. Sonralar Şəki şəhər komsomol komitəsinin katibi, Azərbaycan LKGİ Mərkəzi Komitəsində təlimatçı, 1987-1991-ci illərdə “Sputnik” Beynəlxalq Gənclər Turizm Bürosunda sədr vəzifələrində çalışıb.
1992-2006-cı illərdə “İmproteks” Şirkətlər Qrupunun prezidenti olub. 2003-2006-cı illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Sahibkarlar Şurasının üzvü olub. 1996-cı ildən Azərbaycan Cüdo Federasiyasının prezidenti olub. Məlumatlara görə, bu vəzifəsindən uzaqlaşdırılıb. 1993-cü ildən YAP-In üzvüdür.
Azərbaycan prezidentinin 7 fevral 2006-cı il tarixli 1277 nömrəli sərəncamı ilə əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib. 22 oktyabr 2013-cü ildə vəzifəsindən azad edilib.
Yada salaq ki, Füzuli Ələkbərov oğlu Vüqar Ələkbərovun yol verdiyi nöqsana görə vəzifəsindən azad olunmuşdu.
Füzuli Ələkbərovun oğlu Vüqar Ələkbərov
Belə ki, 2013-cü il yanvarın 23-də İsmayıllı rayonunda (həmin vaxtı İsmayıllının icra başçısı olan Nizami Ələkbərov Füzuli Ələkbərovun qardaşı idi – red.) Vüqar Ələkbərov “Hummer” markalı maşınla yerli sakinin maşınını vuraraq qəza törədib, daha sonra isə qəzaya düşərək yaralanmış sakini öz dostları ilə birlikdə döyməyə başlayıb.
Rayon sakinləri buna mane olmağa çalışsa da, V.Ələkbərov və dostları İsmayıllı əhalisini söyərək təhqir ediblər. Bundan qəzəblənən sakinlər həmin şəxsləri döyüb və Vüqar Ələkbərova məxsus olan “Çıraq” hotelini və “Hummer” markalı maşını yandırıblar. Bu hadisə ölkədə ciddi rezonans doğurmuş, nəticədə nazirin özü və həmin rayonun icra başçısı olan qardaşı tutduğu vəzifədən azad olunmuşdu.