![]() |
![]() |
Spirtli içki qəbul edənlərin sayı tədqiq olunub. Novator.az-ın məlumatına görə, 189 ölkənin statistikasına əsaslanan tədqiqatın nəticələri mayın 8-i “Lancet” tibb jurnalında dərc olunub.
Analiz göstərib ki, 1990-cı ildən 2017-ci ilə qədər dünyada alkoqol qəbulu 70% artıb. Hindistan, Çin və Vyetnamda spirtli içki qəbulunda çoxalma, Şərqi Avropa ölkələrində azalma qeydə alınıb.
Tədqiqat zamanı 15-99 yaş arası insanların məlumatlarından istifadə olunub. Alimlər qeyd edir ki, ən az alkoqol qəbul edənlər Yaxın Şərqdə, ən çox içənlər Mərkəzi və Şərqi Avropada yaşayır.
İçki lideri kimi Moldova göstərilir. Bu ölkədə adambaşına 15 litr təmiz spirt qəbulu düşdüyü vurğulanır.
Ən az spirtli içki qəbul edən Küveyt sakinləridir: adambaşına illik norma 0,005 litr.
Tədqiqata əsasən, ayıq başla yaşamaq istəyənlər 1990-cı ildə dünya əhalisinin 46%-i, 2017-ci ildə 43%-i, içkiyə meyllilər 1990-cı ildə dünya əhalisinin 18,5%-i, 2017-ci ildə 20%-i nisbətində olub.
BAXCP İdarə Heyəti: “Maya dəyərinin aşağı salınması və itkilərin azaldılması üçün idarəçilik optimallaşdırılmalı, infrastruktur yenilənməlidir”
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə olunub.
Musavat.com-a verilən məlumata görə, BAXCP İdarə Heyəti Tarif Şurasının Azərbaycan Prezidentinin tapşırığı ilə əhaliyə satılan təbii qazın güzəştli limitini 1700 kub metrdən 2200 kub metrədək artırmaq barədə qərarına da münasibət bildirib. Qərarı təqdir edən BAXCP İdarə Heyəti yaxın gələcəkdə limitin tamamilə qaldırılmasını məqsədəuyğun saydığını bildirib və bu prosesin həyata keçirilməsinə təsir göstərə biləcək təkliflərini irəli sürüb.
BAXCP İdarə Heyəti hesab edir ki, “Azəriqaz” İstehsalat Birliyinin özəlləşdirilməsi və yaxud uzunmüddətli idarəetməyə verilməsi təbii qazın maya dəyərinin aşağı düşməsinə və itkilərin azalmasına yol aça bilər: “İndiki halda təbii qazın maya dəyərinin aşağı salınması və itkilərin azaldılması üçün idarəçilik optimallaşdırılmalı, infrastruktur yenilənməlidir. “Azəriqaz” İB isə bu xərci qarşılamaq iqtidarında deyil. Bu baxımdan, İstehsalat Birliyinin özəlləşdirilməsi bu sahəyə özəl sektorun yatırımlarını təmin edə, dövlətin xərc yükünü və istehsal olunan təbii qazın maya dəyərini azalda bilər”.
BAXCP İdarə Heyətinin qənaətinə görə, “Azəriqaz” İB ilə yanaşı, digər kommunal xidmət sahələri, o cümlədən “Azərişıq” ASC də özəlləşdirilməli və ya investisiya qoyuluşu şərti ilə uzunmüddətli idarəetməyə verilməlidir.
Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalara yeni səlahiyyət verilir.
ONA-nın məlumatına görə, bu, mayın 3-də Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.
Əsasnaməyə təklif edilən dəyişikliyə əsasən, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar yetkinlik yaşına çatmayanlara tütün məmulatı almaqla, verməklə, tütün məmulatından istifadəni təklif və ya tələb etmək yolu ilə onların tütündən istifadə prosesinə cəlb edilməsinə dair inzibati xətalar haqqında işlərə baxacaq və inzibati xəta törətmiş şəxslər barəsində inzibati tənbeh tətbiq edəcək.
İnzibati Xətalar Məcəlləsinə əsasən, həmin inzibati xətanı törətmiş şəxslər yüz manat məbləğində cərimə edilir.
Qeyd edək ki, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar sisteminə rayon (şəhər) komissiyaları (yerli komissiyalar), müvafiq icra hakimiyyəti orqanı yanındakı komissiya, Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanı yanındakı komissiya və Azərbaycanın müvafiq icra hakimiyyəti orqanı yanındakı komissiya daxildir. Komissiyalar müvafiq icra hakimiyyəti orqanları yanında həmin orqanlar tərəfindən sədr, məsul katib (katib) və uşaqlarla iş üzrə məsləhətçi-psixoloq da daxil olmaqla 9-11 üzvdən ibarət tərkibdə yaradılır. Komissiyanın cari işlərini görmək və qərarlarının icrasına nəzarəti həyata keçirmək üçün yerli komissiyalarda məsul katib və uşaqlarla iş üzrə məsləhətçi-psixoloq, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanı yanındakı komissiyalarda isə məsul katib və katib vəzifələri müəyyən edilir. Həmin vəzifələr ştat cədvəlində nəzərdə tutulmaqla maaşlı vəzifədir. Komissiyanın digər üzvləri ictimai əsaslarla fəaliyyət göstərirlər. Komissiyanın tərkibinə təhsil, səhiyyə, daxili işlər orqanlarının, mədəniyyət təsisatlarının və digər müəssisələrin rəhbərləri daxil edilirlər. Komissiyanın tərkibinə qeyri-hökumət təşkilatlarının (ictimai birliklərin və fondların) nümayəndələri də daxil edilə bilərlər.