![]() |
![]() |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Ölkə.Az"a verilən məlumata görə, sərəncamda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 2019-cu il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 100 (bir yüz) manat məbləğində birdəfəlik yardım ödənilməsi tapşırılır. Birdəfəlik yardımın maliyyələşdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində ünvanlı dövlət sosial yardımı üçün nəzərdə tutulmuş vəsaitdən 7,6 milyon (yeddi milyon altı yüz min) manat ayrılması nəzərdə tutulur.
Sərəncamın 2019-cu il 30 dekabr tarixinə 73 minədək ailəni (290 minə yaxın ailə üzvü) əhatə edəcəyi gözlənilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik yardım ünvanlı dövlət sosial yardımı alan ailələrin hesablarına köçürüləcək. Onlar birdəfəlik yardımı (100 manat) ünvanlı dövlət sosial yardımını aldıqları plastik ödəniş kartları vasitəsilə alacaqlar. Aztəminatlı ailələrə göstərilən birdəfəlik yardım onların bayram ərəfəsində maddi təminatlarına bir dəstək olacaq.
"Ölkə.Az"ın Əmlak Məsələləri Dövlət Komitəsinə (ƏMDK) istinadən verdiyi məlumata görə, “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində növbəti səyyar qeydiyyat Yasamal rayonunda keçiriləcək.
Məlumatda deyilir ki, dekabrın 23-29-da 7 ünvan üzrə göstəriləcək qeydiyyat xidməti 1300-ə yaxın mənzili əhatə edəcək.
Qeydiyyat kampaniyası dekabr 23-də D.Bünyadzadə küçəsi, 11D, dekabr 24-də M.Seyidov küçəsi, 3149-cu məhəllə, dekabrın 25-də Moskva prospekti, 3168-ci məhəllə, dekabrın 26-da D.Bünyadzadə küçəsi, 15 A ünvanlarındakı binaların həyətində təşkil olunacaq. Dekabrın 27-də qeydiyyat xidməti D.Əliyeva küçəsi, ev 17 ünvanında, dekabrın 28-də Talıblı və D.Bünyadzadə küçələrinin kəsişməsində, dekabrın 29-da isə Z.Xəlilov küçəsi, 586-cı məhəllədə çoxmərtəbəli binaların həyətində davam etdiriləcək.
Mənzillərini dövlət qeydiyyatına almaq istəyənlər müvafiq tarixlərdə saat 09:00-dan 17:00-dək şəxsiyyət vəsiqəsi, protokoldan çıxarış və maliyyə arayışını səyyar ofisə təqdim etməlidir. Mobil ofislərdə vətəndaşlar daşınmaz əmlakla bağlı suallarına da cavab ala bilərlər.
Təhsil eksperti Kamran Əsədov iddia edir ki, bəzi məktəb direktorları şagirdlərə saxta attestatlar verib.
"Ölkə.Az" xəbər verir ki, məsələnin aktuallığını nəzərə alaraq mövzu ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında geniş süjet yayımlanıb.
Kamran Əsədov bildirib ki, məktəb direktorları onlara verilmiş attestatları pul müqabilində və yaxud digər həvəsləndirici nələrinsə qarşılığında satırdılar:
“Əvvəllər çox ciddi şəkildə saxta attestatlar kütləvi hal almışdı. Bəziləri 9-cu sinifi başa vururdu, 11-ci sinifi oxumurdu, amma bəzi məktəb direktorları ona 11-ci sinifin attestatını verirdilər, çünki bunun yoxlanma mexanizmi yox idi”.
Ekspert bildirir ki, belə saxta attestatlar ölkə daxilində işə yaramadığından onu alanlar təhsili xaricdə davam etdiriblər:
“Azərbaycanda saxta attestatlar almış şəxslərin təhsillərini davam etdirməsi üçün elektron bazada bu məlumat olmalıdır. Yəni, şagird məzun sistemində onlar haqqında məlumat olmadığı üçün həmin şəxslər Azərbaycanda təhsillərini davam etdirmirdilər, amma Türkiyədə, Rusiyada, Dərbənddə, Qazaxıstanda, Ukraynada ali təhsil alırdılar və qayıdıb Azərbaycana gələndən sonra diplomları təsdiqlənirdi”.
Məsələ ilə bağlı Təhsil Nazirliyindən isə bildirildi ki, təhsil alanların yekun attestasiyası və qiymətləndirilməsi Dövlət İmtahan Mərkəzi tərəfindən aparılır:
“Ümumi orta və tam orta təhsil haqqında attestata yazılan yekun qiymətlər DİM tərəfindən yerli təhsili idarəetmə orqanlarına göndərilir. Bu səbəbdən də məktəb direktorlarının şagirdlərə saxta attestat verməsi qeyri-mümkündür və indiyədək bu məsələ ilə bağlı Nazirliyə heç bir məlumat daxil olmayıb”.
Oxu.az xəbər verir ki, bu barədə “Azərsu” ASC məlumat yayıb.
Məlumatda bildirilib ki, magistral kəmərlərdən birində baş vermiş qəza ilə əlaqədar Abşeron (Ceyranbatan, Saray, Masazır qəsəbələrinin bir hissəsi) və Binəqədi (Binəqədi və Biləcəri qəsəbələrinin bir hissəsi) rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsi dayandırılıb.
“Azərsu” ASC-nin mütəxəssisləri və qəza briqadaları hadisə yerindədir, qəzanın aradan qaldırılması üçün lazımi tədbirlər görülür.
10:48
Mərkəzi Seçki Komissiyasının “Seçkilər” İnformasiya Mərkəzi ölkə üzrə saat 10:00-dək seçici fəallığına dair məlumatı açıqlayıb.
Axar.az xəbər verir ki, mərkəzin müdiri Fərid Orucov qeyd olunan vaxtadək ölkə üzrə seçicilərin 8,51 faizinin, yaxud 423 min 361 nəfərinin səs verdiyini bildirib.
Qeyd edək ki, bu gün respublikada bələdiyyə seçkiləri keçirilir. 118 seçki dairəsi üzrə (işğal olunmuş əraziləri təmsil edən 7 dairə seçki komissiyası istisna olmaqla) 5049 seçki məntəqəsi mövcuddur. Səsvermə hüququ olan seçicilərin sayı 4 972 356-dır. Bu sayda seçicinin adı seçici siyahılarına daxil edilib.
Seçki nəticəsində ölkədə fəaliyyət göstərən 1606 bələdiyyəyə 15 106 bələdiyyə üzvü seçiləcək. Bu mübarizəyə 41 462 namizəd qoşulub.
Səsverməni müşahidə etmək üçün ümumilikdə 52 636 müşahidəçi qeydə alınıb. Onlardan 1512-si MSK-da, 51 124-ü dairə seçki komissiyalarında qeydiyyatdan keçib. MSK-da qeydiyyatdan keçən müşahidəçilər ölkə üzrə, DSK-larda qeydiyyatdan keçən müşahidəçilər isə həmin dairənin hüdudları daxilində müşahidə apara bilərlər.
Gün ərzində beş dəfə 10:00, 12:00, 15:00, 17:00 və 19:00-da məlumatlar açıqlanacaq. Saat 19:00-da məntəqələr bağlı elan olunacaq. Bundan sonra bütün məntəqlərdə səsvermənin nəticələrinin hesablanmasına başlanılacaq.
***
Mərkəzi Seçki Komissiyasının “Seçkilər” İnformasiya Mərkəzi ölkə üzrə saat 12:00-dək seçici fəallığına dair məlumatı açıqlayıb.
Mərkəzin müdiri Fərid Orucov qeyd olunan vaxtadək ölkə üzrə seçicilərin 18,07 faizinin, yaxud 898 min 542 nəfərinin səs verdiyini bildirib.
***
Mərkəzi Seçki Komissiyasının “Seçkilər” İnformasiya Mərkəzi ölkə üzrə saat 15:00-dək seçici fəallığına dair məlumatı açıqlayıb.
Mərkəzin müdiri Fərid Orucov qeyd olunan vaxtadək ölkə üzrə seçicilərin 26,88 faizinin, yaxud 1 milyon 336 min 733 nəfərinin səs verdiyini bildirib.
Tanınmış iqtisadçı alim Vüqar Bayramov növbədənkənar parlament seçkilərinə namizədliyini irəli sürüb.
Axar.az xəbər verir ki, V.Bayramov 2020-ci il fervalın 9-da keçiriləcək seçkilərdə 84 saylı Füzuli seçki dairəsindən müstəqil namizəd kimi iştirak etməyə qərar verib.
“Düşünürəm ki, ölkəmizdə və uzaq ABŞ-da aldığım təhsilin, iqtisadi proqram və mexanizmlərin hazırlanması sahəsində qazandığım təcrübənin verdiyi imkanlardan xalqımın rifahı və firavanlığı naminə yeni formalaşacaq parlamentin gücünə güc qatmaqla daha səmərəli istifadə edə bilərəm. Doğulduğum, boya-başa çatdığım, sadəliyi və mərdliyi ilə həmişə qürur duyduğum Füzuli camaatının məni dəstəkləyəcəyinə dərin inamla bu marafona qoşulur və namizədliyini elan edən hər kəsə uğurlar arzulayıram”, - V.Bayramov qeyd edib.
"Ölkə.Az” xəbər verir ki, deputat Fazil Mustafa Azərbaycanda da ABŞ-da olduğu kimi siqaret satın alma yaşının 21-ə qaldırılması, enerji içkilərinin qadağan olunması, 21 yaşından aşağı gənclərəqəlyan çəkilməsinə qadağan olunması barədə qanun qəbul edilməsinin zəruriliyini təklif edib.
O bu barədə öz Facebook səhifəsində yazıb.
Deputat fikrini belə davam etdirib: “Gənc yaşlarında isə fors üçün, yeniyetməliyin təsdiqi üçün mənimsənilən bu axmaq vərdiş sonradan narkomaniyaya keçid üçün münbit şərait yaradır. İki cür insan tipinin həyatda hansısa fayda qazandığını eşitmədim, duymadım. Bunlardan birincisi narkotik aludəçisi olanlardır, ikincisi isə qumar oynamağa meyl göstərənlərdir. Ona görə də bizdə də siqaret satın alma yaşının 21-ə qaldırılması, enerji içkilərinin qadağan olunması, 21 yaşından aşağı gənclərə qəlyan satılmasının qadağan olunmasını nəzərdə tutan qanunların qəbul olunmasını zəruri sayıram”.
Onun sözlərinə görə, anlayıram ki, seçki ərəfəsində bu təklif bir çox insanları narazı salacaqdır, ancaq mənim nə seçkiyə, nə də siyasətə görə hamının xoşuna gələcək populist mövqe sərgiləmək fikrim olmadı, bundan sonra da olmayacaq: “Mən sadəcə öz iradəmin yetmədiyi davranışları haçansa kimsəyə tövsiyə etmədim. Əsas sağlam gələcəyimizdir. İnanın ki, Qarabağ üçün fədakarlıqdan da öncə özümüzü, vücudumuzu tərbiyə etmək üzərində düşünməliyik”.
Nazirlikdən "Ölkə.Az"a verilən məlumata görə, Yasamal rayonunda baş verən silahlı insident nəticəsində xəstəxanaya 2 kişi çatdırılıb.
"Dekabrın 22-si saat 23:30-da döş qəfəsinin içəri keçməyən odlu silah yarası diaqnozu ilə 30 yaşlı, saat 00:40-da isə sağ baldırın odlu silah yarası diaqnozu ilə 32 yaşlı kişi 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıblar. Hər iki yaralıya həkimlər lazımı tibbi yardım göstəriblər, vəziyyətləri orta-ağır kimi qiymətləndirilir",- nazirlikdən bildirilib.