Bu gündən xüsusi karantin rejiminin müddəti uzadıldı
Bu gündən, yəni apreli 20-dən Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb.

Aprelin 18-də Nazirlər Kabineti yanında Operativ Qərargah xüsusi karantin rejiminin uzadılmasına qərar verib.

Belə ki, ölkə üzrə xüsusi rejimli xəstəxanalarda olan xəstələrin səhhəti, karantinə yerləşdirilən şəxslərdən götürülmüş test nümunələri, eləcə də karantin rejimi müddətində paytaxt və regionlarda xəstəlik fonundakı sanitar-epidemioloji vəziyyət təhlil edilib, insanların həyat və sağlamlıqlarının daha səmərəli qorunması, virusun yayılması sürətinin kəskin azaldılması məqsədi ilə Azərbaycan ərazisində tətbiq olunan karantin rejiminin uzadılması məqsədəuyğun sayılıb.

Bu baxımdan, xüsusi karantin rejiminin 20 aprel 2020-ci il saat 00:00-dan 4 may 2020-ci il saat 00:00-dək uzadılmasına qərar verilib. Bununla əlaqədar Nazirlər Kabinetinin 2 aprel 2020-ci il tarixli 124 saylı qərarında qeyd olunan bütün tədbirlər, o cümlədən yük daşımaları istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışa, yerli hava uçuşlarına tətbiq olunan məhdudiyyətlər, eləcə də bütün təhsil müəssisələrdə tədris, təlim tərbiyə prosesinin dayandırılması 4 may 2020-ci il saat 00:00-dək uzadılıb. 

Bununla belə, uzadılmış karantin rejimindən mərhələli çıxış planı hazırlanaraq bu həftə ərzində ictimaiyyətə təqdim olunacaq.

"Eyni zamanda ölkədəki sanitar-epidemioloji vəziyyət təhlil edilərək hətta uzadılmış karantin rejimi dövründə ayrı-ayrı sahələrdə tətbiq olunan məhdudiyyətlərin yumşaldılması da istisna deyil. COVID-19 virusuna yoluxma dinamikası və xəstəliklə əlaqədar ölkədəki ümumi vəziyyət təhlil edilərək zərurət olduqda karantin rejiminin yenidən sərtləşdirilməsi də mümkündür.

COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması ilə əlaqədar tətbiq olunan bütün tədbirlər vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, Azərbaycanın hər bir sakininin sağlamlığının qorunması məqsədilə həyata keçirilir", - deyə məlumatda bildirilib.

Həmçinin xüsusi karantin rejiminin müddətinin uzadılması ilə əlaqədar Azərbaycanın İranla və Gürcüstanla dövlət sərhədlərinin müvəqqəti bağlı saxlanılması barədə qərarın müddəti 2020-ci il 4 may saat 00.00-dək uzadılıb.

Azərbaycanda xüsusi karantin rejimi uzadıldı
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkədə xüsusi karantin rejimin uzadılması barədə qərar qəbul edib.

Qərarda deyilir: 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 

1. Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 4 may 2020-ci il saat 00:00-dək uzadılsın. 

2. Müəyyən edilsin ki, xüsusi karantin rejimi ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilmiş bütün məhdudiyyətlər, tələblər və rejimlər bu Qərarın 1-ci hissəsi ilə müəyyən edilmiş müddət ərzində öz qüvvəsini saxlayır. 

3. “Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 mart tarixli 120 nömrəli Qərarının 1-ci hissəsində “20 aprel” rəqəm və sözləri “4 may” rəqəm və sözləri ilə əvəz edilsin. 

4. “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin dövründə iş rejiminin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 31 mart tarixli 122 nömrəli Qərarının 1-ci hissəsində “20 aprel” rəqəm və sözləri “4 may” rəqəm və sözləri ilə əvəz edilsin. 

5. “Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 aprel tarixli 124 nömrəli Qərarının 1-ci hissəsində “20 aprel” rəqəm və sözləri “4 may” rəqəm və sözləri ilə əvəz edilsin.

Bakı sakinlərinə xəbərdarlıq - Bu küçə və prospektlərə çıxmayın ...
Bu gün Bakıda hərəkətin intensivliyinə və sıxlığına uyğun olaraq mütəxəssislərin tövsiyyələri əsasında seçilən, şəhər əhəmiyyətli 150-dən artıq əsas küçə və prospektlərdə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.
Aprelin 18-də 150-dən artıq əsas küçə və prospekt dezinfeksiya olunacaq:
 
İlkin olaraq dezinfeksiya işləri 28 May küçəsindən başlanacaq.
 
Rəşid Behbudov küçəsi, Bülbül prospekti, Neftçilər prospekti, Mehdi Hüseyn küçəsi, Azərbaycan prospekti, İstiqlaliyyət küçəsi, Şeyx Şamil küçəsi, Hüseyn Cavid prospekti, Qara Qarayev prospekti, Məhəmməd Hadi küçəsi və digər küçələr istiqamətində işlər aparılacaq.
 
Dezinfeksiya işlərinə səhər saat 05:00-da start veriləcək.
 
Xatırladaq ki, bu gün sakinlərə ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunub.
“Bütün işsizlər bu tarixə qədər 190 manatı alacaq”
"Ayın sonuna qədər birdəfəlik ödəmə veriləcək şəxslərin gündəlik rəqəmini 25-30 minə çatdırarıq. Çalışacağıq ki, bu ayın sonu-mayın əvvəlində 600 min insanın hər biri bu vəsaiti ala bilsin”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir qeyd edib ki, əsas sual vəsaitin götürülməsi ilə bağlıdır:

"Çünki gün ərzində ödəniş həddindən artıq çox olanda istənilən şəkildə bank və poçt şöbələrində vətəndaşların müraciəti və sıxlığı yarana bilər. Ona görə bunu aidiyyəti dövlət qurumu ilə tənzimləməyə çalışdıq. Bu gün əsas yük poçt şöbələrinin üzərinə düşüb”.

S.Babayev hesab edir ki, ən gec mayın ilk həftəsinə qədər bütün vəsaitlər vətəndaşlara çatdırılacaq: "İkinci ödənişin də böyük hissəsi də köçürmə yolu ilə həyata keçsə işlər daha sürətli ola bilər”.

Deputat: “Bələdiyyə sədrləri iclas keçirmədən qərarlar verirlər”
Bu gün bələdiyyələrdə iclaslaırn keçirilməsində ciddi problemlər var.

Bunu deputat Elman Nəsirov Milli Məclisdə Bələdiyyələrin illik hesabatının müzakirəsi zamanı deyib.

 Onun sözlərinə görə, bizə bələdiyyələrin iclaslaırn keçirilməməsi  və qərarların qəbul edilməsi ilə bağlı  çoxsaylı məlumatlar daxil olur. “Hətta elə olur ki, bələdiyyə sədri  iclas keçirmədən təkbaşına qərar verir. Bu yolverilməz haldır. Bundan əlavə olaraq sosial sığorta ödəmələrində problemlər olduğundan  çoxsaylı bələdiyyələrin bank hesabı məhdudlaşdırılıb. Hesab edirəm ki, bu problemlər həllini tapmalıdır”- deputat qeyd edib.

Azərbaycanda bu məhdudiyyətlər aradan götürüldü
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OIE) dünyanın bir sıra ölkələrində müxtəlif növ heyvanlarda baş vermiş xüsusi təhlükəli heyvan xəstəliklərinin aradan qaldırılması barədə məlumatlar yayıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, eyni zamanda xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddətləri başa çatmış və ölkələrin sağlamlıq statusu bərpa olunub.
Nəticədə müxtəlif ölkələrdən diri heyvan və ya heyvan mənşəli məhsulların idxalına tətbiq edilən məhdudiyyətlərə yenidən baxılması zərurəti meydana çıxıb.

Bununla əlaqədar olaraq, AQTA-nın baytarlığa dair qərarları ilə tətbiq edilən bir sıra məhdudiyyətlərin aradan qaldırılması qərara alınıb. Belə ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatları əsas götürülərək yüksək patogen quş qripi, nyukasl, nodulyar dermatit, dabaq, xırda buynuzlu heyvanların çiçək xəstəliyi və blutanq xəstəliyi üzrə müxtəlif ölkələrdən diri heyvan və ya heyvan mənşəli məhsulların idxalına tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb.

Eyni zamanda qəbul olunan qərarla bağlı bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə yanaşı qarşı ölkələrin müvafiq baytarlıq orqanlarına məlumat verilib və müvafiq tədbirlərin həyata keçirilməsi üçün Agentlik Dövlət Gömrük Komitəsinə aidiyyatı üzrə müraciət edib.

Bakı sakinlərinə xəbərdarlıq
Sabah, aprelin 18-də Bakıda hərəkətin intensivliyinə və sıxlığına uyğun olaraq mütəxəssislərin tövsiyyələri əsasında seçilən, şəhər əhəmiyyətli 150-dən artıq əsas küçə və prospektlərdə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Bu barədə "report" paytaxtın kommunal strukturlarından məlumat əldə edib.

Bununla əlaqədar sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.

Azərbaycanda digər ölüm halları da koronavirus ölümü kimi qeydiyyata alınır?
Azərbaycanda bəzi bölgələrdə digər xəstəliklərdən vəfat hallarının koronavirus ölümü kimi qeydiyyata alınması ilə bağlı iddialar səsləndirilir.

Məsələ barədə "oxu.az"-ın sualını Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev cavablandırıb. Onun sözlərinə görə, Azərbaycanda başqa xəstəliklərdən vəfat hallarının koronavirus ölümü kimi qeydiyyata alınması ilə bağlı səsləndirilən fikirlər tamamilə yanlışdır:

“Koronavirus infeksiyasına yoluxma testlər vasitəsilə müəyyən edilir. Test arealımız da böyüyüb. Bu gün Azərbaycanda 70 mindən çox test aparılıb. Bunun nəticəsində də xəstəlik müəyyən olunur və ictimaiyyətə məlumat verilir”.

“Tövsiyə edərdim ki, insanlara Nazirlər Kabineti yanında operativ qərargahın media vasitəsilə qurulmuş şəffaf münasibəti əsasında xəbərlər verilsin.

Gündəlik ölkəmizdə koronavirusa yoluxma halları, sağalma, karantində olan və yaxud müalicə olunan şəxslər barədə operativ məlumatlar verilir”, - deyə H.Hacıyev qeyd edib.

190 manata görə qeydiyyatdan keçib cavab SMS-i almayanların NƏZƏRİNƏ
190 manatlıq birdəfəlik ödəmə üçün qeydiyyatdan keçən xeyli insan var. Lakin onların əksəriyyətinə ödəmənin təyin-olunub olunmaması ilə bağlı bildiriş göndərilməyib. Dövlət Məşğulluq Xidməti bildirişlərin göndərilməmə səbəbini və onlayn qeydiyyat bölməsində edilən yenilikləri açıqlayıb.

 190 manatlıq birdəfəlik ödəmə üçün qeydiyyatdan keçən, lakin hələ də heç bir cavab almayan insanlar var. Onları düşündürən əsas məsələlərdən biri də odur ki, hər hansı bir səbəbdən ödəmə təyin edilməyənlərə də bununla bağlı bildiriş sms-i göndəriləcəkmi?

Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi Əsmər Nəcməddinqızının sözlərinə görə, birdəfəlik ödəmə üçün minlərlə müraciət var. Artıq 120 min nəfərə birdəfəlik ödəmə təyin olunub.Vətəndaşlara ödəmənin təyin edilməsi sms-ləri ilə yanaşı, imtina bildirişləri də göndərilir. Artıq 20 min nəfərə imtina sms-i göndərilib. Cavab mesajlarının göndərilməsi ilə bağlı konkret bir müddət yoxdur.

Qeydiyyatdan keçən bütün şəxslərə yaxın günlərdə bununla bağlı bildirişlər göndəriləcək. Daha bir məsələ isə E-sosial portalının "Onlayn Müraciət" bölməsində yeniliyin edilməsidir.

Birdəfəlik ödəmə üçün qeydiyyat davam edir.

İşlədiyi müəyyən olunan 20 min şəxsə 190 manat verilmədi

İşsiz kimi birdəfəlik ödəmə almaq üçün elektron qaydada müraciət edənlərdən 20 min şəxsin hazırda işsiz olmadığı müəyyən edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, onlara birdəfəlik ödəmə verilməsindən imtina olunmasına dair SMS göndərilib.

Birdəfəlik ödəmə işsiz şəxslər üçün nəzərdə tutulub. Məqsəd dövlət tərəfindən onların rifahına dəstəyin göstərilməsidir. Bununla belə, işləyən, əməkhaqqı alan bir çox şəxslərin də özünü işsiz kimi qeydiyyatdan keçirmək və birdəfəlik ödəmə proqramından yararlanmaq üçün müraciət edənlər olur.

Müvafiq elektron informasiya  sistemləri üzərindən məlumatların təhlili aparılarkən şəxsin işsiz olub-olmadığı müəyyən edilir və buna uyğun olaraq da obyekitiv qərar verilir.

Qeyd edilən 20 min şəxsin müraciətlərinin emalı zamanı da onların hazırda əmək müqaviləsi əsasında işlədikləri məlum olub. Bu səbəbdən də birdəfəlik ödəmə təyinatından imtina qərarı verilib. Həmin şəxslərə göndərilən mesajda da bu barədə və imtinanın səbəbi barədə məlumat verilir.

Müraciətlərin emalı davam edir.