Bu gün rayonlarda yaşayanlara pensiya veriləcək
Bu gün paytaxt rayonları xaric respublikanın digər rayonları, həmçinin dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslərə pensiya ödənişi həyata keçiriləcək.

 Covid-19 pandemiyası ilə əlaqədar yaşı 65 və daha yuxarı olan şəxslərin evdən çıxması qadağan olunub.

Bu səbəbdən, həmin yaş qruplarında olan şəxslərə bank kartlarına köçürülmüş vəsaitlərini ailə üzvlərinin və ya 142 - Çağrı Mərkəzinə müraciət etməklə sosial xidmətçilərin yardımı ilə, tənha ahıllara isə bank kartına köçürülmüş sosial ödənişini sosial xidmətçinin yardımı ilə əldə etməsi tövsiyə olunur.

Eyni zamanda, xüsusi karantin rejimi müddətində pensiya, müavinət, təqaüd, kompensasiya, ünvanlı yardım kimi sosial ödənişlərinizi istənilən bankın bankomatından, eləcə də Azərpoçtun istənilən bankomat və ya posterminallarından hər hansı əlavə faiz tutulmadan əldə edə bilərsiniz.

Dərslərin nə vaxt başlanması ilə bağlı
“Xüsusi karantin rejimi dövründə şagirdlərin biliklərinin qiymətləndirilməsi məsələsinə fərdi yanaşma olmalıdır. Təbii ki, teledərslər vasitəsilə tədrisin 100 faiz mənimsənilməsi mümkün deyil. Burada söhbət müəyyən səviyyədən gedə bilər”.

Bunu Təhsil nazirinin müavini İdris İsayev deyib.

O dərslərin nə vaxt başlanması ilə bağlı bildirib ki, hazırda koronavirus pandemiyasının nə qədər davam edəcəyini proqnozlaşdırmaq mümkün deyil:

“Təbii ki, müəyyən müddətdən sonra karantin rejimi ləğv ediləcək. Şagirdlərimiz də tədris müəssisələrində tədrislərini davam etdirəcəklər. Belə olduğu halda təhsilverənlər, yəni müəllimlər, pedaqoqlar müəyyən vasitələrdən istifadə edərək teledərslər zamanı şagirdlərin təhsil proqramlarını necə mənimsənilməsi ilə bağlı qiymətləndirmə aparacaqlar. Bundan sonra da müvafiq qərar qəbul ediləcək. Təbii ki, hazırda bununla bağlı dəqiq cavab vermək mümkün deyil. Vəziyyəti daim nəzarətdə saxlayırıq və müvafiq təhlillər apardıqdan sonra Təhsil Nazirliyi tərəfindən qərar veriləcək”.

İ.İsayev qeyd edib ki, şagirdlərə hər hansı güzəştin edilməsi ilə bağlı indidən nəsə demək doğru olmaz: “Mövcud vəziyyəti heç kim gözləmirdi. Təbii ki, bütün imkanlardan istifadə olunaraq təhsilalanlara maksimum dərəcədə kömək ediləcək ki, təhsilini bitirə bilsinlər”.

Nazirlikdən hökumətin təhsil haqqı qərarı ilə bağlı RƏSMİ AÇIQLAMA

Təhsil nazirinin müşaviri Elnur Məmmədov Nazirlər Kabinetinin sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə qərardan danışıb.

Oxu.Az-ın məlumatına görə, o, bu barədə “Facebook” səhifəsində paylaşım edib:

“Nazirlər Kabineti sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə dair qərar qəbul etdi.

Belə ki, Azərbaycanın təhsil müəssisələrində normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan (təkrar ali və orta ixtisas təhsili istisna olmaqla) və sosial baxımdan aşağıdakı həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020-ci ildə tədris semestrləri (yarımillikləri) üçün təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək:

1.1. ünvanlı dövlət sosial yardımı alanlar;

1.2. hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya qanuni nümayəndələri aşağıdakı kateqoriyaların hər hansı birinə aid olanlar:

1.2.1. I və II dərəcə əlilliyi olan şəxslər;

1.2.2. işsiz kimi qeydiyyatda olanlar;

1.2.3. yaşa görə əmək pensiyaçıları;

1.2.4. yaşa görə sosial müavinət alanlar.

Bu kateqoriyaya aid olan tələbələrin sayı hazırda 20 mindən çoxdur, onların əksəriyyəti ali təhsil müəssisələrində, digərləri orta ixtisas və peşə təhsili müəssisələrində oxuyurlar”.

Müşavir qeyd edib ki, bu məqsədlə dövlət büdcəsindən 40 milyon AZN vəsait ayrılacaq:

“Onu da qeyd edim ki, ötən il ali təhsil sistemində dövlət sifarişli yerlərin əhəmiyyətli şəkildə artırılmasının nəticəsi olaraq hazırda ölkədə hər iki tələbədən birinin təhsil haqqı xərclərini dövlət ödəyir”.

İqtisadi cinayətkarlığa görə cərimələr  2 dəfədən çox artırılır
Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər nəzərdə tutulub.

Bununla İnzibati Xətalar Məcəlləsinə dəyişiklər edilməsi nəzərdə tutulub.  Məcəlləyə  ediləcək dəyişikliklərlə bağlı qanun layihəsi artıq Milli Məclisə daxil olub və parlamentin   növbəti pelnar iclaslarında  müzakirəyə çıxarılacaq.

 Təklif edilən dəyişikliyə əsasən iqtisadi fəaliyyət sahəsində olan 18 cinayətə - qanunsuz sahibkarlıq, yalançı sahibkarlıq, qanunsuz kredit alma, kredit ödəməkdən yayınma, yalan reklam etmə, nəzarət markalarından qanunsuz istifadə, qanunsuz müflisləşmə, vergidən yayınma cinayətinə görə məsuliyyət yaradan hədd 2,5 dəfə artırılır (20 min manatdan 50 min manata). Xeyli miqdarın anlayışı dəyişməklə, yəni miqdarı 20 min manatdan 50 min manata artırılmaqla məsuliyyət yaradan hədd də artırılır və 50 min manata qədər olan pozuntular İXM ilə cəzalandırılır. Bu sahədə olan cinayətlərin sanksiyalarından biri daha yüngül cəza ilə əvəz edilir, bəzi hallarda daha yüngül sanksiyalar əlavə edilir.

Azərbaycanda biabırçılıq! Vəzifəli şəxs arvadının adına 190 manatı

“Birdəfəlik ödəmə almaq üçün bəzi şəxslər təhrif olunmuş məlumatlardan istifadə edir”.
Bu barədə Dövlət Məşğulluq Xidmətinin rəisi Mustafa Abbasbəyli ATV televiziyasına açıqlamasında bildirib.

Mustafa Abbasbəylinin sözlərinə görə, hətta şöbə müdirinin həyat yoldaşı və digər ailə üzvləri adına birdəfəlik ödəmə almaq üçün müraciət etdiyi üzə çıxıb.

Dövlət rəsmisi bəyan edib ki, belə hadisələr digər ehtiyacı olan insanların hüquqlarını pozur. oxu24.com

Yasda iştirak etmək adı ilə karantin qaydalarını pozan 56 nəfər cəzalandırılıb
"Xüsusi Karantin Qaydalarının Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi" olan 8103 qısa nömrəsinə yas mərasimində iştirak etmək adı ilə həqiqətə uyğun olmayan və ya yaxın qohumluq statusu daşımayanların yas mərasimlərində iştirak etmək üçün qanunsuz yerə icazələr alaraq epidemiya əleyhinə rejimin tələblərini pozan şəxslər daxili işlər orqanlarının əməkdaşları tərəfindən qısa zamanda müəyyən ediliblər.

DİN-dən  bu istiqamətdə aparılan məqsədyönlü tədbirlər nəticəsində təkcə ötən sutka ərazində paytaxt Bakı və Respublikanın ayrı-ayrı rayonlarında bu üsuldan istifadə edərək karantin qaydalarını pozan ümumilikdə 56 nəfərin şəxsiyyəti müəyyən edilib və onlar polis idarə, şöbə və bölmələrinə gətiriliblər. Həmin şəxslər barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə tədbirlər görülüb və hər biri 100 manat məbləğində cərimə ediliblər. 

Qeyd edək ki, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 19-cu maddəsinə əsasən yaxın qohumlar dedikdə nənə-babalar, valideynlər, övladlığa götürənlər, doğma və ögey bacı qardaşlar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər və nəvələr nəzərdə tutulur.

Bir daha diqqətə çatdıraq ki, 8103 nömrəsinə edilən bütün müraciətlər ciddi araşdırılır.  Buna görə də vətəndaşlardan bu xidmətdən sui-istifadə hallarına yol verməmələri tələb olunur. Əks halda bu cür davranış karantin rejimi tələblərinin pozulması kimi qiymətləndiriləcək və həmin şəxs barəsində ciddi cəza tədbirləri görüləcək.

SMS-lərin 91 faizi bir dəqiqə ərzində cavablandırılıb
“Bu sistem Azərbaycan üçün yeni bir informasiya mexanizmi idi. İlk gün 8103 qısa nömrəsinə 800 min SMS göndərilib”.

Bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov “Real TV”nin efirində deyib.

O bidlirib ki, bu heç də asan mexanizm deyil:

“SMS üzərində qurulan sistem vətəndaşın şəxsiyyət vəsiqəsinin seriya nömrəsi vasitəsilə onun ilk dəfə, yoxsa təkrar göndərildiyini müəyyən edə bilir. İlk günlər çağrı mərkəzimizə çoxsaylı zənglər gəlirdi. İlk olaraq SMS-lərin cavablandırılması üçün təxminən bir saata qədər vaxt nəzərdə tutmuşduq. Bəzi şəxslərdə cavab SMS-i bir qədər gecikə bilirdi. Amma bir dəqiqə ərzində cavablandırılan SMS-lərin sayı daha çox olub.

Qeyd edim ki, aprelin 5-dən bu günə qədər bir dəqiqə ərzində cavablandırılan SMS-lərin ümumi sayı 91 faizdir. Bu kifayət qədər ciddi rəqəmdir. Toplam iki dəqiqə ərzində cavablandırılan SMS-lər ümumi cavablandırılan SMS-lərin 97 faizinə bərabər olub”.

F.Cəfərli günün müəyyən saatlarında sistemin müəyyən qədər yükləndiyini də qeyd edib:

“Aprelin 5-dən bu günə qədər olan dinamikaya nəzər salsaq, günün müxtəlif saatlarında sistemdə yüklənmələrin olduğunu da demək lazımdır. Bu, əsasən, səhər saat 10:00-dan-12:00-a, 14:00-dan-17:00-a, eyni zamanda axşam saat 19:00-dan 21:00-a qədər olan bir dövrü əhatə edirdi. Bu da insanların hərəkət intensivliyi ilə, işə gediş-gəliş saatları ilə əlaqəli olub. Həmin dövrlərdə müraciətlərin sayı 1,1 milyona qədər qalxmışdı. Artıq son günlərdə müraciətlərin sayı xeyli azalıb. Dünən üçün qeydə alınan statistikaya görə, müraciətlərin sayı 880 minə yaxın olub. Həmin müraciətlərin  təxminən 80 faizinə (710 minə yaxın müraciətə) müsbət cavab verilib.

İcazələrlə bağlı qeyd etdiyim rəqəmlər ümumi olaraq bütün respublika ərazisini əhatə edir. Lakin təbii olaraq, onların təxminən 50 faizi Bakının payına düşür. Bu rəqəmlər Azərbaycan üçün yaxşı göstəricidir. Vətəndaşlar ilk günlərlə müqayisədə son dövrlərdə evdə qalmağa daha çox üstünlük verirlər. Bu da çox yaxşı haldır”.

190 manatı müraciətdən necə gün sonra ala bilərik? - RƏSMİ ...
Bir neçə gündür, müraciət etmişəm amma mənə sms gəlməyib. Bəlkə, işsiz kimi qeydiyyata alınmamışam? Görəsən, mənə pulu nə vaxt ödəyəcəklər?
 
İşsizliklə bağlı müraciət edən və 190 manat almaq istəyən hər bir şəxsi bu suallar narahat edir. İnsanlar yalnız birdəfəlik ödəmə alan şəxslərə sms-lərin göndərildiyini düşünürlər. İşsiz kimi müraciət edən şəxslər qeydiyyata düşdükdən neçə müddət sonra birdəfəlik ödəmə alacaq? Kimlərə sms məlumatlandırma göndərilir? Məsələnin əslini bizdən öyrənəcəksiniz.
 
İstər uzun müddət işsiz kimi məşğulluq xidmətində qeydiyyatda olan, istərsə də yeni müraciət edən şəxslər onlara ayrılan vəsaiti alırlar. Bəzi vətəndaşlara 190 manat ödəməni almaq üçün sms məlumatlandırma 1 günə, bəzilərinə isə bir neçə gün sonra gəlir.
 
Birdəfəlik ödəmə almaq üçün qeydiyyatdan keçən və işsiz statusu almayan şəsxlər də sms vasitəsilə məlumatlandırılır və onlara vəsaitin verilməmə səbəbi izah edilir. Birdəfəlik ödəmə almaq üçün müraciət edən bir çox vətəndaş isə onlara qısa zamanda sms-in gəlməməsindən narahatdır.
 
Dövlət məşğulluq xidmətinin mətbuat katibi Əsmər Nəcməddinqızı sms-lərin vətəndaşlara fərqli vaxtlarda gəlməsinin səbəbini müraciətlərin çox olması və bəzi məlumatların natamam olması ilə əlaqələndirir. Həmçinin vətəndaşın göndərdiyi məlumatların araşdırılması da vaxt tələb edən prosesdir.
 
Birdəfəlik ödəməni almaq üçün müraciət edən şəxslərə göndərilən sms-lərdə əvvəllər vətəndaşın adı qeyd olunmurdusa, artıq hər bir sms-də müraciət edən şəxsin adı da əlavə olunur.
 
Respublika üzrə ümumilikdə 55 min vətəndaşa birdəfəlik ödəmə təyin olunub. Həmin vətəndaşlara sms-lərin göndərilməsi prosesi gedir.

Tələbələrə ŞAD XƏBƏR
Nazirlər Kabineti sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə qərar verib.

Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Azərbaycan Respublikasının təhsil müəssisələrində normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan (təkrar ali və orta ixtisas təhsili istisna olmaqla) və sosial baxımdan aşağıdakı həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020-ci ildə tədris semestrləri (yarımillikləri) üçün təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək:

- ünvanlı dövlət sosial yardımı alanlar;

- hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya qanuni nümayəndələri aşağıdakı kateqoriyaların hər hansı birinə aid olanlar:

- I və II dərəcə əlilliyi olan şəxslər;

- işsiz kimi qeydiyyatda olanlar;

- yaşa görə əmək pensiyaçıları; 

- yaşa görə sosial müavinət alanlar.

Sənədlə bu Qərarın 1-ci hissəsində qeyd olunan tədris semestrləri (yarımillikləri) üçün dövlət büdcəsi hesabına ödənilməsi nəzərdə tutulan təhsil haqqı xərci ali təhsil müəssisələrində Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli Qərarı ilə təsdiq edilmiş ayrı-ayrı ixtisaslar üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin, orta ixtisas və peşə təhsili müəssisələrində isə illik təhsil haqqının 50 faizi miqdarında müəyyən edilib.

Qeyd olunub ki, Təhsil Nazirliyi təhsil müəssisələri (tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq) tərəfindən təqdim edilən məlumatlar əsasında normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan və sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələri Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” vasitəsilə müəyyən edərək, bu Qərarın icrasını təmin etməlidir.

Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Dövlət İmtahan Mərkəzi və ali, orta ixtisas və peşə təhsili müəssisələri 20 gün müddətində bu Qərarın icrası üçün zəruri informasiya sistemlərinin və ehtiyatlarının “Elektron hökumət” portalı üzərindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nin sorğularının cavablandırılması qaydasında inteqrasiyası üçün müvafiq tədbirləri həyata keçirməlidirlər.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi bir ay müddətində “Elektron hökumət” portalı vasitəsilə bu Qərarın 4-cü hissəsində nəzərdə tutulmuş dövlət orqanlarının və qurumlarının informasiya sistemlərinin və ehtiyatlarının Təhsil Nazirliyinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə inteqrasiyasını təmin etməlidir.

Maliyyə Nazirliyi Təhsil Nazirliyinin təqdim etdiyi sifarişlərə uyğun olaraq maliyyələşməni təmin etməlidir.

Azərbaycanda elektrik enerjisinə qoyulan limitlə bağlı
Nazirlər Kabineti əhali üzrə elektrik enerjisinin aylıq istehlak həcminin tənzimlənməsi ilə bağlı tədbirlər haqqında qərar verib.

Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, “Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr tarixli 17 nömrəli Qərarı ilə müəyyən edilmiş əhali üzrə elektrik enerjisinin 7 qəpik/kilovat-saat tarifi tətbiq olunan aylıq istehlak həcmi 2020-ci ilin aprel ayından etibarən ardıcıl iki hesabat ayı müddətində 100 (yüz) kilovat-saat artırılaraq, 400 (dörd yüz) kilovat-saat müəyyən edilib.

Qeyd olunub ki, bu Qərar bütün əhali istehlakçılarının aprel ayında sayğac oxunduğu gündən sonrakı iki hesabat ayı üçün istehlak etdikləri elektrik enerjisinə şamil edilir. Hesabat ayı üçün istehlak edilən elektrik enerjisi dedikdə, ardıcıl 30 (otuz) təqvim günü ərzində istifadə edilmiş elektrik enerjisinin həcmi nəzərdə tutulur.

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə bu Qərarın 1-ci hissəsi ilə edilən dəyişiklik nəticəsində elektrik enerjisinin əhali tərəfindən aşağı tariflə istehlakından yaranan fərqin Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamı ilə ayrılan vəsait hesabına kompensasiya edilməsi məqsədilə zəruri məlumatların və təsdiqedici sənədlərin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim olunmasını təmin etmək tapşırılıb.