Birdəfəlik ödəmə almaq istəyənlərin NƏZƏRİNƏ
Pandemiya ilə əlaqədar ölkədə geniş miqyas alan sosial dəstək tədbirlərindən biri kimi iş yerlərinin qorunması təmin olunmaqla, məşğulluq imkanlarının artırılması üçün mühüm addımlar atılır, işsiz və xüsusi karantin rejiminə görə işini itirən aztəminatlı şəxslərin birdəfəlik ödəmə (190 manat) ilə təminatı proqramı icra olunur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən  verilən məlumata görə, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, ödənişli ictimai iş yerlərinin sayının 90 minə çatdırılması üçün işlər aparılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İş Mərkəzi vasitəsi ilə son günlərdə əlavə olaraq 18 min nəfər ödənişli ictimai işlərə cəlb olunmaqla, bu işlərdə çalışanların sayı 55 minə çatdırılıb.

Eyni zamanda, dövlət başçısının göstərişi ilə birdəfəlik ödəmə proqramının əhatə dairəsi 3 dəfə artırılmaqla, proqramın əhatə etdiyi aztəminatlı şəxslərin sayı 200 mindən 600 minə çatdırılıb.

Bu günədək onlardan 400 min şəxsə birdəfəlik ödəniş təyin edilib və müraciətlərə baxıldıqca nəticəsinə uyğun daha 200 min şəxsə də ödəniş aparılacaq.

Ümumilikdə isə, işsiz və xüsusi karantin rejiminə görə işini itirən aztəminatlı şəxslər tərəfindən birdəfəlik ödəmə ilə bağlı e-sosial.az portalına edilən müraciətlərin qəbulu artıq yekunlaşıb.

Daxil olmuş müraciətlərin emalı prosesi isə davam edir. Birdəfəlik ödəmələrin təyinatında ünvanlılıq prinsipi üstün tutulur. Xüsusilə aprelin 1-dək işsiz kimi qeydə alınan, çalışdığı qeyri-formal iş yerini xüsusi karantin dövründə itirən, ailə gəlirlərinin daha aşağı səviyyədə olduğu (e-informasiya bazalarının məlumatları əsasında) müəyyən edilən şəxslər diqqətdə saxlanır.

Bununla belə, aztəminatlı işsiz şəxslərlə bağlı bir çox istiqamətlərdə sosial dəstək tədbirləri davam edir:

 Həmin şəxslərin işlə təminatı, bunun üçün onlara vakansiyalar, habelə ödənişli ictimai iş yerləri təklif olunur.

 İş tapmaqda çətinlik çəkənlərin peşə hazırlığına cəlb edilməsi işləri aparılır.

 Kiçik ailə təsərrüfatlarını qurmaq üçün maddi imkanları olmayanlara özünüməşğulluq proqramı çərçivəsində dəstək göstərilir. Bu il minimum 12 min ailə üçün belə təsərrüfatlar qurulur, onlara gəlir əldə etmək imkanları yaradılır.

 Qeyri-rəsmi çalışanların müəyyən edilməsi və onların əməyinin rəsmiləşdirilməsi üçün tədbirlər görülür.

 Mövcud vəziyyətdə maddi çətinlikləri olan ailələr hazırda ölkədə geniş miqyas alan sosial dəstək aksiyalarından yararlanır. Təkcə aprel ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və sosial tərəfdaşlarla birgə belə ailələrə 28 min ərzaq payı verilib. Daha 30 min ərzaq payının verilməsi nəzərdə tutulub.

 Gəlirləri ehtiyac meyarından aşağı olan ailələrin ünvanlı dövlət sosial yardımı proqramı ilə əhatə olunması işləri aparılır. Proqramın şərtləri də yumşaldılır ki, bu da sosial yardım alanların sayının artmasına imkan verib. Təkcə aprel ayında əlavə olaraq 12 min (50 min ailə üzvü) ünvanlı yardım təyin olub və bu yardımı alanların sayı 82 minə (340 min ailə üzvü) çatıb.

Beləliklə, dəstəyə ehtiyacı olan şəxslər müəyyən edilməklə onlarla bağlı bütün istiqamətlərdə sosial müdafiə tədbirləri həyata keçirilir.

8103-ə SMS göndərməklə alınan icazənin müddəti artırıldı
Yaşayış yerini tərk etmək üçün 8103 nömrəsinə SMS məlumat göndərilərkən gələn icazələrin müddəti bu gün saat 00:00-dan etibarən 2 saatdan 3 saatadək artırılıb.

 Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına bildirilir ki, aprelin 27-dən bəzi fəaliyyət sahələrinə dair məhdudiyyətlər aradan qaldırıldığından 8103 nömrəsinə icazə almaq üçün aşağıdakı hallarda müraciət olunacaq:

1 rəqəmi - təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə rayon və şəhər daxilində 3 saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir);

2 rəqəmi - hazırda fəaliyyətinə icazə verilən sahələr üzrə xidmətlərdən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə 3 saat müddətinə gündə 1 dəfə verilir);

3 rəqəmi - yaxın qohumunun dəfnində iştirakla əlaqədar yaşayış yerini tərk etmək üçün.

Azərbaycanda koronavirus XƏBƏRDARLIĞI
Əgər karantin rejimi ləğv olunarsa və insanlar tətbiq edilən qadağalara əməl etməzlərsə, vəziyyət çox gərginləşə bilər.

 Xezerxeber.az xəbər verir ki, bunu bir müddət əvvəl Azərbaycana gələn Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi Turanə Rəsulova deyib.

Onun sözlərinə görə, nəinki Azərbaycanda, eləcə də bütün dünyada koronavirus yenidən daha pis formada baş qaldıra bilər.

Odur ki, insanlar mütləq qaydada qoyulan bütün tələblərə əməl etməlidir.

Ümumdünya Səhiyyə Təşkilatının üzvü həmçinin bildirib ki, artıq xəstəliklə bağlı 2 vaksin üzərində araşdırma aparılır və yaxın vaxtlarda sınağa buraxılacaq.

Turanə Rəsulova həmçinin əlavə edib ki, Bakıdakı yoxlama işləri yüksək səviyyədə gedir.

ÜST-ün nümayəndələri yaxın vaxtlarda bölgələrə də səfər edərək oradakı vəziyyəti yerində araşdıracaqlar.

Azərbaycanın bu şəhəri koronavirusa görə qırmızı zonadır? — Nazir müavinindən AÇIQLAMA

Azərbaycaycanda koronavirusun yayılmağa başlamasından sonra sosial şəbəkələrdə Şəki şəhərində yoluxmaların çox yüksək olması barədə məlumatlar paylaşılırdı. Eyni zamanda, bu regionun qırmızı zona olduğu bildirilmişdi.
Səhiyyə nazirinin müavini Viktor Qasımov Oxu.Az-a açıqlamasında deyib ki, artıq Azərbaycanda elə bir region var ki, xəstəlikdən tamamilə azad olub:

“Amma sabah həmin regionlarda yeni yoluxma baş verə bilər. Bu gün regionların adlarını tam sadalamaq düzgün deyil. Sadəcə, hazırda müəyyən ərazilər var ki, koronavirusdan qurtulub.
Məsələn, Şəkidə hazırda koronavirusa yoluxma yoxdur. Ölkənin 12 rayonunda xəstəlik vardı, indi xəstələr sağalıb və epidemik ocaq ləğv olunub”.

“Bakı şəhəri üzrə koronavirusa yoluxma çoxdur. Eyni zamanda, cənub zonasında yoluxma yüksəkdir. Hazırda bununla bağlı müvafiq tədbirlər aparılır”, - deyə nazir müavini qeyd edib.
Başqa xəstəlikdən ölənlərin yaxınlarına pul verilib, koronavirus kimi təqdim olunur? — Rəsmi Cavab

Bir müddətdir ki, sosial şəbəkələrdə digər xəstəlikdən ölən şəxslərin koronavirus kimi təqdim edilməsi ilə bağlı məlumatlar yayılıb. Hətta bu məlumatlarda xəstənin yaxınlarına pul da təklif olunduğu iddia edilib.
Milli.Az bildirir ki, Nazirlər Kabineti yanında operativ qərargahın ötən gün keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bu məsələ barədə açıqlama verib.
Jurnalistin sözügedən məsələ ilə bağlı sualını cavablandıran TƏBİB bu məlumatların tamamilə yanlış olduğunu bildirib.

"Belə mənbələrə qətiyyən inanmayın. Bu cür əsassız məlumatlara kimsə güvənməsin. Operativ qərargahın məlumatlarını əsas mənbə kimi qəbul edin. Tam tərsinə, o cür məlumat yayanlarla da mübarizə aparmaq lazımdır".

 

 
Azərbaycanda koronavirus yenidən alovlana bilər
“Azərbaycanda koronavirus bitməyib. Əgər karantin tamamilə aradan qaldırılsa, xəstəlik yenidən alovlana bilər”.

Oxu.az xəbər verir ki, bunu onlayn brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib. 

Onun sözlərinə görə, insanların gigiyenik qaydalara əməl etmələri ən azı bu ilin sonuna qədər vacibdir:

“Azərbaycanda aparılan izolyasiya tədbirləri xəstəlik sayında azalmalara səbəb olub. Xəstəliyin sürətlə artmadığını görürük. Növbəti dalğaya hazır olmaq üçün sistemlərin gücləndirilməsinə ehtiyac var”.

190 manatı almaq istəyənlərin nəzərinə
Hələ də 190 manat birdəfəlik ödəmənin təyini ilə bağlı xəbərdarlıq sms-ni almayanlar var. Bu, o zaman baş verir ki, vətəndaş qeydiyyatdan keçən zaman mobil nömrənin rəqəmlərindən birini və ya bir neçəsini səhv yazır. Nəticədə, xəbərdarlıq SMS-i başqa şəxsin telefonuna göndərilir.

Mövzu ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında maraqlı süjet yayımlanıb.

Hələ də 190 manat birdəfəlik ödəmənin təyini ilə bağlı xəbərdarlıq sms-ni almayanlar var. Bu, o zaman baş verir ki, vətəndaş qeydiyyatdan keçən zaman mobil nömrənin rəqəmlərindən birini və ya bir neçəsini səhv yazır. Nəticədə, xəbərdarlıq SMS-i başqa şəxsin telefonuna göndərilir.

Mövzu ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında maraqlı süjet yayımlanıb.

Pay torpağı olan kəndçilərə 190 manat verilsin
“Kəndlərdə adına kiçik pay torpağı olan insanlara da 190 manat birdəfəlik yardım şamil edilməlidir”

Belə bir təkliflə Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Əli Məsimli çııxş edib.

Ə. Məsimli deyib ki, yerli icra strukturları kəndlərdə məhəllə-məhəllə hansı ailələrin yardıma ehtiyacı olduğu barədə siyahılar hazırlayıb: “Bu məlumatlar da sosial yardımlar üçün istifadə edilməlidir. Ümumiyyətlə, sosial yardım sistemi təkmilləşdirilməlidir”.

 Deputat Aydın Mirzəzadə də pay torpaqlarından istifadə edə bilməyən kəndçilərə 190 manatlıq yardım verilməsini təklif edib. A.Mirzəzadənin sözlərinə görə, Əmək  və Əhalinin sosial müdafiəsini nazirliynin yerli şöbələri bu istiqamətdə məsələni araşdıraraq müvafiq addımlar atmalıdır ki, həmin insanlar da dövlətin yarıdmından faydlansın.

49 mənzili olan şəxs 190 manata görə müraciət etdi
“Aztəminatlı işsizlər üçün nəzərdə tutulan birdəfəlik ödəmə ilə bağlı qaydalar təsdiq edildikdən iki gün sonra - aprelin 9-dan birdəfəlik ödəmə (190 manat) vəsaitləri gündəlik olaraq köçürülür. Artıq 350 min şəxsə ödəniş edilib və proses davam edir”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctiamiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib. Onun sözlərinə görə, birdəfəlik ödəmə ilə bağlı müraciətlər 22 elektron informasiya bazası üzərindən araşdırılır:

“Bu araşdırmalar həqiqətən aztəminatlı işsiz və xüsusi karantin dövründə qazancını itirən qeyri-formal işləyən şəxsləri müəyyən etmək və 190 manatlıq ödənişi məhz bu kateqoriyadan olan, dövlətdən sosial ödənişlər almayanlara təyin etmək məqsədi daşıyır. Bununla belə, müraciətlərin təhlilləri onu göstərir ki, əslində maddi imkanları yetərli, məşğul əhali qrupuna aid olan, dövlətdən müxtəlif sosial ödənişlər, hətta yüksək pensiya və müavinət alan vətəndaşlar da aztəminatlı işsizlər üçün nəzərdə tutulan vəsaiti əldə etməyə cəhd edirlər”.

Şöbə müdiri deyib ki, bugünədək baxılmış müraciətlərdə müqavilə ilə işləyən və əmək haqqı alanların sayının 260 min, aktiv VÖEN-i olanlar 160 min, dövlətdən müxtəlif sosial ödənişlər və yardım alanlar 150 min, ölkə xaricindən müraciət edənlər 60 min (bu şəxslər ölkə xaricində olduğu üçün Azərbaycanda işsiz kimi qeydiyyatdan keçə bilməzlər), özünün və ya həyat yoldaşının mülkiyyətində müxtəlif ünvanlarda 2 və daha artıq daşınmaz əmlak olanlar 29 min, və icarəyə verdikləri obyektlərdən gəlir əldə edənlər sayı 9 min olub:

“Təbii ki, bütün bu müraciətlərə imtina cavabı verilir. Eyni zamanda, müraciət edənlərin sırasında mülkiyyətində 4-5 və daha çox daşınmaz əmlakı, obyektləri, avtomobilləri, əlavə gəlirləri və s. olanlar az deyil. Sizcə, adında 49 mənzil olan vətəndaşın aztəminatlı işsizlər üçün nəzərdə tutulan 190 manata ehtiyacı ola və buna haqqı çata bilər?! Yaxud son 3 ayda gəliri 10 min manatın üzərində olan 3000-dən çox şəxsin birdəfəlik ödəmə üçün müraciət etməyə nə vadar edir?! Məhz bu kateqoriyadan olan bəzi şəxslərə imtina cavabı verildikdən sonra sosial şəbəkələrdə iftira və qarayaxma ilə məşğul olmalarına, süni ajiataj yaratmalarına nə ad qoymaq olar? Təəssüf ki, bir çox məlumatlar fərdi xarakter daşıdığından belələri ilə bağlı informasiyaları açıqlamaq olmaz.

Düşünürəm ki, belə şəxslər ictimai qınaqla sərt şəkildə üzləşməli və insanlarımızın milli həmrəylik göstərdiyi pandemiya dövründə, milyonlarla vətəndaşımıza Azərbaycan dövləti, şirkətləri, vətəndaşları tərəfindən dəstək verildiyi vaxtda fürsətcillik edən, aztəminatlı insanların haqqına girməyə çalışan şəxslərə imkan verməməliyik”.

Fazil Talıbov deyib ki, qeyd olunan hallar müraciətlərə baxılması və emalı e-sistem üçün əlavə iş yükünə çevrilir, heç bir işi, gəliri olmayan, dövlətdən hər hansı sosial ödəniş və ya yardım almayan aztəminatlı işsizlərin müraciətlərinə baxılmasını texniki baxımdan gecikdirir.

Sabah Ramazan ayı başlayır
Sabah Azərbaycanda Ramazan ayı başlayır.

Bu il ölkə ərazisinin üfüqündə Ay hilalının görünməsinə uyğun olaraq Ramazan ayının 1-i miladi təqvimlə aprelin 25-nə təsadüf edib.

Ramazan ayının builki təqviminə görə Əhya gecələri (Qədr gecəsi) 12 may, 14 may, 16 may və 20 may tarixlərinə təsadüf edir. Ramazan bayramı Şəvval ayının 1-i - Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq may ayının 24-nə təsadüf edəcək. Həmin gün Fitr (Ramazan) bayramıdır. Niyyət gecəsi aprelin 24-dən 25-nə keçən gecəyə düşür.

Ramazan ayının başlanması ilə Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının yaydığı fətvaya görə, xüsusi karantin rejimi dövründə şəriətdə vacib olmayan, adət-ənənələrimizə söykənən dini mərasimlərin (ehsan, mövlud və s.) keçirilməməsi tövsiyə edilir. Şəri baxımdan vacib olan dəfn mərasimləri şəriət qaydalarına əməl edilməsi şərti ilə karantin dövründə məhdud çərçivədə həyata keçirilməlidir. İftar süfrəsinin də hər bir evdə yalnız ailə üzvlərinin iştirakı ilə açılmasına çağırılıb. Bildirilib ki, bütün bu tövsiyələr hazırda tüğyan edən xəstəlik səbəbindən müvəqqəti səciyyə daşıyır.

Ramazan ayında insanlar oruc tutmalı, xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutmalıdırlar. Xəstə olan, habelə zəifləyərək xəstəliyə düçar olma ehtimalı olan insanların oruclarını başqa vaxtda tutmaları məqsədəuyğundur. Bu şəxslər sağaldıqdan sonra, sağlam halda gələn Ramazana kimi öz orucluq ibadətlərini tamamlaya bilərlər.

Mərhəmət və şəfqət ayı olan müqəddəs Ramazan ayı ərzində xeyriyyə əməlləri, ehtiyacı olanlara, kimsəsiz insanlara, uşaq evlərinə, ahıl və qocalara imkan daxilində kömək etmək Allah nəzərində bəyənilən əməllərdəndir. Bu ayda ən böyük savab – daha çox ibadət etmək, Quran tilavəti, valideynlərin qayğısına qalmaq, dünyasını dəyişənlərin ruhlarını yad etmək, elm, irfanla məşğul olmaqdır.

Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Qazılar Şurasının qənaətinə görə, adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür. Fitrə canın sədəqəsidir və hər bir imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verilməsi vacibdir.

Digər mənbələrdən daxil olmuş, təxribat və təfriqə xarakterli, məzhəb və vaxt ayrıseçkiliyinə səbəb ola biləcək təqvimlərin din xadimləri və dindarlar tərəfindən istifadəsi yolverilməzdir.