Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək məqsədilə Heydər Əliyev Fondunun başladığı sosial aksiya davam edir.

“Biz birlikdə güclüyük” şüarı ilə keçirilən aksiyanın məqsədi karantin rejimi dövründə aztəminatlı və digər həssas kateqoriyadan olan ailələri və onlara sosial yardım göstərmək istəyən şəxsləri bir araya gətirmək və bu işdə vətəndaş həmrəyliyini genişləndirməkdir.

Aksiya çərçivəsində müraciətlər əsasında ölkə üzrə qeyd olunan kateqoriyadan olan ailələrə ərzaq məhsullarından ibarət sovqatlar paylanılır.

Köməyə ehtiyacı olanlar bu linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər. Yardım etmək istəyənlər isə bu linkə daxil olub ianə edə bilər.

Ərzaq məhsullarının ümumi dəyəri 70 manatdır.

Fondun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən 150 Çağrı mərkəzinə daxil olan müraciətlər əsasında sovqatların hazırlanması və onların ünvanlara çatdırılması təmin edilir.

Aksiya çərçivəsində 100 mindən artıq sovqatın paylanılması nəzərdə tutulur.

Sovqatların regionlara çatdırılmasına və paylanılmasına qədər xüsusi şəraitdə saxlanılmasına “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti, ailələrə çatdırılmasına isə “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti dəstək verir.

Aksiya karantin rejimi müddətində davam edəcək.

Ərzaq ehtiyacı olan aztəminatlı ailələr müraciətlərini “Regional İnkişaf” İctimai Birliyinin 150 Çağrı mərkəzinə edə bilərlər.

(baku.ws)

Bakı-Sumqayıt yolunun genişləndirilməsi məqsədilə aparılan işlər çərçivəsində “20 Yanvar” metrostansiyasının Azərsu ASC-nin inzibati binasının qarşısındakı çıxışının istiqaməti dəyişdirilir.

Aparılan işlərlə əlaqədar ASC-nin qarşısında quraşdırılan kiçik fontan söküləcək. Sərnişinlər artıq Azərsu ASC-nin qarşısına tərəf çıxacaqlar.

Metronun bağlanan çıxış hissəsi vasitəsilə isə yol genişləndiriləcək. Bu, “Şamaxinka” ərazisindən “20 Yanvar” istiqamətində hərəkət edən avtomobillərin tıxaca düşmədən üzü Respublika Kliniki Xəstəxanasına tərəf rahat hərəkət etməsinə şərait yaradacaq. (axar.az)

Azərbaycanda koronavirus pandemiyası ilə bağlı xüsusi karantin rejiminin müddəti may ayının 4-nə qədər uzadılıb.

Bəs mayın 4-dən sonra nə baş verəcək? Karantin rejimi necə yumşaldılacaq? Tədris necə bərpa olunacaq?

Bu sualları Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat katibi İbrahim Məmmədov  cavablandırıb.

İbrahim Məmmədov insanları rəsmi xəbərləri gözləməyə çağırıb. O bildirib ki:

”Mayın dördündən sonrakı dövründə karantindən çıxış dövrü başlayır. Dərslərin başlanması ilə bağlı hal-hazırda qərar yoxdur. Biz dərhal karantindən çıxmırıq, amma mart ayındakı vəziyyətə də qayıtmırıq. Bu məsələlər müzakirə olunur. Götür-qoy edilir. Burada açar mövqe həkimlərə aiddir.

İnsanların sağlamlığı həkimlərin üzərinədir. Onlar hansı yanaşmanı uygun görsələr, operativ qərargahda bu barədə biz qərar qəbul edəcəyik. Mən insanlara demək istəyirəm ki, dezinformasiyalara inanmayın . Karantin rejimi ilə bağlı bütün informasiyaları Nazirlər Kabinetinin rəsmi saytından eşitmədikcə inanmasınlar.

Yalnız rəsmi məlumatlara inansınlar.”   /konkret.az/

Abşeron dairəvi dəmir yolundan istifadə edən sərnişinlərin icazə haqqında sənədləri artıq yeni qaydada yoxlanılır.

Bunu Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətindən bildiriblər.

Qeyd olunur ki, bu tədbir əlavə vaxt itkisinin qarşısını almaq məqsədilə görülüb:

“Azərbaycan Dəmir Yolları” QSC bu günlərdə sərnişinlərin karantin qaydalarına əməl etməsinin təmin edilməsi məsələsinə xüsusi diqqətlə yanaşır. Hazırda Sumqayıt və Abşeron istisna olmaqla, ölkədaxili və beynəlxalq istiqamətlərdə sərnişin daşınması dayandırılıb. Lakin karantin müddətində fəaliyyəti zəruri olan müəssisələrin əməkdaşlarının gediş-gəlişinin daha səmərəli təşkili məqsədilə Abşeron dairəvi dəmir yolu xətti üzrə elektrik qatarları uyğun qrafiklə hərəkət edir. Abşeron dairəvi dəmir yolu xətti ilə hərəkət edən qatarlarda isə sərnişinlərin sənədlərinin yoxlanılması Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin tabeliyində olan Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qatarda həyata keçirilir. Məlumat üçün deyək ki, bundan əvvəl vətəndaşların sənədləri Bakı Sərnişin Vağzalında onlar qatarı tərk etdikdən sonra yoxlanılırdı. Bu prosesin sərnişinlər arasında sıxlıq yaratması ilə əlaqədar müraciətlər daxil olurdu. Sərnişinlərin müraciətlərini nəzərə alaraq, vətəndaşların sənədlərinin yoxlanılması artıq sonuncu stansiyada deyil, qatar hərəkətdə ikən yolda aparılır. Bu tədbir əlavə vaxt itkisinin qarşısını almaq məqsədilə görülüb.

Sərnişinlərimizdən hər birimizdən xüsusi məsuliyyət tələb edən bu günlərdə karantin rejiminin qaydalarına daha ciddi əməl etmələrini xahiş edirik”.

Xatırladaq ki, Nazirlər Kabinetinin qərarına əsasən, koronavirusun geniş yayılmasının qarşısının alınması məqsədi ilə ölkə ərazisində çevik və sistemli preventiv tədbirlərin davamı olaraq xüsusi karantin rejiminin 20 aprel 2020-ci il saat 00:00-dan 4 may 2020-ci il saat 00:00-dək uzadılmasına qərar verilib.

Bu rayonların sakinləri bu gün müavinət, təqaüd və kompensasiya alacaq
Bu gün Bakının daha yeddi rayonu üzrə sakinlər müavinət, təqaüd və kompensasiya alacaqlar.

Bu, Nizami, Nərimanov, Xətai, Xəzər, Pirallahı, Sabunçu və Suraxanı rayonlarının sakinləridir.

Qeyd edək ki, ötən gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən aprel ayı üzrə müavinət, təqaüd və kompensasiyaların ödənişinə başlanılıb.

Bakının Səbail, Yasamal, Binəqədi, Nəsimi, Qaradağ rayonları, eləcə də, Abşeron rayonu və respublikanın digər şəhər və rayonları üzrə müavinət, təqaüd və kompensasiyaların ödənişi həyata keçirilib.

Paytaxtın bu ərazisində işıq olmayacaq
Yasamal rayonu ərazisində elektrik enerjisinin verilişində fasilələr olacaq.

Bu barədə  “Azərişıq” ASC-dən məlumat verilib.

Bildirilib ki, Bakı şəhəri, Yasamal rayonu xidməti ərazisində yerləşən 669 saylı transformator məntəqəsində yenidənqurma və cari təmir işləri aparılacaq.

Bununla əlaqədar olaraq, rayonun Zahid Xəlilov, Bəxtiyar Vahabzadə və Şəhriyar küçələrinin elektrik enerjisi ilə təchizatında bu gün saat 10:30-dan 12:00-dək qısamüddətli fasilə yaranacaq.

Məktəblər nə zaman açılacaq?
Koronavirus pandemiyası ilə əlaqədar olaraq təhsil ocaqlarında tədrisin mayın 5-də başlaması nəzərdə tutulur. Ancaq o da bəllidir ki, tədrisin başlaması vəziyyətdən asılı olacaq. Çünki ölkə başçısı da çıxışında bəyan edib ki, karantin rejimin sərtləşdirilməsi mərhələli tətəbiq edildiyi kimi, aradan qaldıırlması da mərhələli olacaq. Qeyd edək ki, koronavirus pandemiyası ilə bağlı martı ayının 3-də tətbiq edilən karantin rejiminə uyğun olaraq ilk bağlanınlan təhsil ocaqları olduğundan, yəqin ki, ən gec fəaliyyətə başlayacaq sahə də təhsil sahəsi olacaq.

 Məsələ ilə bağlı Milli Məclisin deputatı, AMEA-nın vitse-prezidenti İsa Həbibəyliyə müraciət etdik.

“Ölkə.Az”a açıqlamasında millət vəkili İsa Həbibbəyli  Azərbaycan Prezidentinin  karantin müddətinin uzadılması ilə bağlı verdiyi qərarı dəstəklədiyini və bunun vətəndaşlarımızın təhlükəsizliyi, sağlamlığının müdafiəsi  naminə atılan addım kimi dəyərləndirib.

 Tədrislə bağlı məsələyə gəldikdə  isə İ.Həbibbəyli deyib ki,  Təhsil Nazirliyi bütün imkanlardan istifadə edərək qısa zamanda onlayn tədris proqramını tətbiq etməklə tədrisi həyata keçirməyə başlayıb. “Artıq onlayn, distant  tədris  prosesi geniş tətbiq edildiyindən  tədris proqramında gecikmə olmayıb. Hesab edirəm ki, tədris ilini qısa müddət artırmaqla  tədris proqramını  sıxlaşdırılmış qrafiklə başa çatdırmaq olar.

Bununla da boşluq aradan qaldırıla bilər. Mən belə düşünrəm, ancaq  rəsmi qərar necə olacaq deyə bilmirəm. Amma tədris müddətini vaxtı uzadıla bilər”- deputat deyib.

Deputat bildirib ki, vaxtdan səmərəli istifadə etməklə  vəziyyətdən çıxmaq mümkün olacaq. 

Mayın 4-dən sonra tədrisin başlanıb, başlanmayacağına gəldikdə  deputat bildirib ki, bildiyiniz kimi təhsil müəssisələrində insan sıxlığı olduğundan  koronavirusa yoluxma  halları qeydə alına bilər: “Koronavirus infeksiyasina yoluxma halın yenidən təkrarlanmasın deyə, mərhələli qaydada tədrisən  tədrisi bərpa etmək olar”.

Ali təhsil ocaqlarında yay imtahanları ilə bağlı məsələyə gəldikdə İ. Həbibbəyli  Dövlət İmtahan Mərkəzi imtahanların vaxtının uzadılması ilə bağlı məlumat verib: “Bu da təbii reallıqdır. Çünki insanların kütləvi şəkildə bir yerə toplaşması koronavirus pandemiyasının yayılmasına şərait yarada bilər. Düşünürəm ki, qısa müddətdə koronavirus bitəcək və imtahanlar təşkil olunacaq. Sözsüz ki, test sualları bir neçə ay əvvəl hazırlanır. Amma koronavirus uzun müddət davam edərsə, buna uyğun olaraq Dövlət İmtahan Mərkəzi öz test bankına müəyyən dəyişikliklər edə bilər. Amma yenə də düşünürəm ki, koronavirus qısa zamanda bitəcək və bunlara ehtiyac qalmayacaq”.

QMİ Ramazan ayının başlaması ilə bağlı fətva verdi
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Ramazan ayı ilə bağlı fətva verib.

Daxil olan fətvada deyilir:

"Bismillahir-rəhmanir-rəhim!

Aləmlərə rəhmət, möminlərə mərhəmət olan Qurani-Kərimin nazil olduğu mübarək Ramazan ayının başlanması münasibəti ilə dünya müsəlmanlarını, o cümlədən, ölkəmizdəki müsəlman qardaş və bacılarımızı müjdələyir, Allah-Təaladan ibadətlərimizin və dualarımızın qəbul olunmasını diləyirik. Bu il ölkə ərazimizin üfüqündə Ay hilalının görünməsinə uyğun olaraq Ramazan ayının 1-i miladi təqvimlə 25 aprel 2020-ci ilə təsadüf edəcəkdir. Ramazani-Şərifin başlanması ilə əlaqədar olaraq Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası aşağıdakıları bəyan edir:

Möhtərəm qardaş və bacılarımız! Builki Ramazana bütün dünyada sürətlə yayılmaqda olan virus təhlükəsi şəraitində daxil oluruq. İnsan sağlamlığına ciddi təhlükə, ölümcül təhdid olan bu bəlanın aradan qaldırılması yönündə dövlətimiz və dünya birliyi böyük səylə çalışır, bütün mümkün qoruma və müalicə tədbirləri həyata keçirilir.

Belə bir mürəkkəb zamanda biz, din xadimləri dövlətimizin insan həyatının qorunması məqsədilə həyata keçirdiyi misilsiz tədbirlərə dəstəyimizi ifadə edir, vətəndaşları qeyd-şərtsiz mövcud xüsusi karantin rejiminin tələblərinə, həkim tövsiyələrinə əməl etməyə çağırırıq. Xüsusi karantin dövrünün tələblərinə uyğun olaraq, öz tərəfimizdən məscid və ziyarətgahlarda ibadətlərin müvəqqəti dayandırılması barədə zəruri qərar vermişik. Biz, din xadimləri mövcud xəstəliyin təmas, ünsiyyət vasitəsilə yoluxmasını nəzərə alaraq, bütün məhdudlaşdırıcı tədbirləri dəstəkləyirik. Xüsusi karantin rejimi dövründə şəriətdə vacib olmayan, adət-ənənələrimizə söykənən dini mərasimlərin (ehsan, mövlud və s.) keçirilməməsini tövsiyə edirik. Şəri baxımdan vacib olan dəfn mərasimləri şəriət qaydalarına əməl edilməsi şərtilə karantin dövründə məhdud çərçivədə həyata keçirilməlidir. İftar süfrəsinin də hər bir evdə yalnız ailə üzvlərinin iştirakı ilə açılmasına çağırırıq. Bildiririk ki, bütün bu tövsiyələr hazırda tüğyan edən xəstəlik səbəbindən müvəqqəti səciyyə daşıyır.

Müqəddəs Kitabımız Qurani-Şərifdə Allah-Təalanın hökmü belədir: "...(Ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutsunlar; xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar. Allah sizin üçün çətinlik deyil, asanlıq istər...” (Bəqərə,185). Oruc ibadətini hökm edən Mərhəmətli və Rəhim Allah müqəddəs ayeyi-şərifdə buyurur ki, xəstə olan, habelə zəifləyərək xəstəliyə düçar olma ehtimalı olan insanların oruclarını başqa vaxtda tutmaları məqsədəuyğundur. Bu şəxslər sağaldıqdan sonra, saglam halda gələn Ramazana kimi öz orucluq ibadətlərini tamamlaya bilərlər. Uca Allah sizin üçün asanlıq istəyir.

Builki Ramazanın təsadüf etdiyi mürəkkəb zamanda insanlar Uca Allahın əmanəti olan öz həyatlarını və ətrafdakıların canlarını xüsusilə qorumağa borcludurlar. Elə bir dövrdür ki, bir adamın məsuliyyətsizliyi, laqeydliyi minlərlə günahsız insanın həyatı bahasına başa gələ bilər. Bunun böyük günah olduğunu unutmamalıyıq. Şəriətə görə, insanın sağlığına, sağlamlığına zərər verə biləcək, bədənini zəiflədərək xəstəlik qarşısında aciz hala gətirəcək məqamlara yol verilməməlidir. Necə ki Allahın Peyğəmbəri (s) "Bu ayda ən yaxşı əməl nədir?" sualına cavab olaraq buyurdu: "Bu ayda ən yaxşı əməl, özünü Allahın qadağan etdiklərindən daha çox çəkindirməkdir."

Orucluq ibadəti yardımlaşmanı artıran, daxili dəyanəti gücləndirən, insan səhhətinə müsbət təsir göstərən ilahi qüvvəyə malikdir. Mərhəmət və şəfqət ayı olan müqəddəs Ramazan ayı ərzində xeyriyyə əməlləri, ehtiyacı olanlara, kimsəsiz insanlara, uşaq evlərinə, ahıl və qocalara imkan daxilində kömək etmək Allah nəzərində bəyənilən əməllərdəndir. Bu ayda ən böyük savab – daha çox ibadət etmək, Quran tilavəti, valideynlərin qayğısına qalmaq, dünyasını dəyişənlərin ruhlarını yad etmək, elm, irfanla məşğul olmaqdır. Həzrət Əli Əleyhissəlam buyurmuşdur: «Əgər bəla sizi Allaha yaxınlaşdırarsa nemət, uzaqlaşdırarsa cəzadır». Uca Allaha təvəkkül edərək özümüzü, yaxınlarımızı qorumalı, əməl, dua və ibadətlərimizlə salamatlığın bərqərar olmasına nail olmalıyıq.

Ramazan günlərində Yer üzünün salamatlığı, ölkəmizin əmin-amanlığı, dünyada yayılan xəstəlik kabusunun və onun gətirdiyi iqtisadi çətinliklərin tezliklə aradan qalxması üçün dualar edib, xəstələrin şəfa tapmasını diləyirik. Şükürlər olsun ki, dövlətimiz tərəfindən xəstəliyin aradan qaldırılması üçün bütün lazımı tədbirlər görülür. Dövlətin qayğı və diqqətini öz üzərində hiss edən insanlarımız hökümətin verdiyi zəruri qərarlara hörmət, məsuliyyət və anlayışla yanaşırlar. Azərbaycan Prezidenti İlham Əliyev cənablarının, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu çətin günlərdə atdıqları addımlar, çıxış və müraciətləri, səmimi münasibət və diqqətləri xalqımıza, millətimizə böyük dəstək, dayaqdır və bizi sabit sabaha ümidləndirir. Azərbaycan dindarları adından dövlət rəhbərliyinə fədakar fəaliyyətinə görə minnətdarlığımızı ifadə edir, Uca Allahdan onların səylərinə rəvac diləyirik! Belə bir mürəkkəb dövrdə gecə-gündüz yorulmadan çalışan Azərbaycan hökumətinin əməyini yüksək dəyərləndirir, zəhməti keçən dövlət, ictimaiyyət xadimlərinə minnətdarlığımızı bildirir, fəaliyyətlərində uğurlar diləyirik. Xəstəliklə mübarizənin ön cəbhəsində vuruşan Azərbaycan həkimlərinin və onların yardımçılarının fədakar zəhmətlərinə xalqımız böyük dəyər verir. Onların bu dövrdə fəaliyyət və mücadilələri əsl qəhrəmanlıq təcəssümüdür. Biz din xadimləri, öz növbəmizdə, bu ağır dövrdə xalqımızın yanında olub, şəriətin buyurduğu şəkildə dini vəzifələrimizi yerinə yetirir, məkrli mərəzdən dünyasını dəyişənlərə Allahdan rəhmət diləyir, xəstələrin tezliklə şəfa tapmaları üçün dualar edirik. Hər bir dərdin dərmanı olduğu kimi, bu bəlanın da çarəsi vardır. Uca Yaradanımıza dualar edirik ki, dünya alimləri tezliklə bu xəstəliyin dərmanını tapsınlar və dünya bu bəladan xilas olsun, inşallah!

Hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsi bu mübarək ayın gündəlik duaları, imsak-iftar vaxtlarını əks etdirən xüsusi təqvim tərtib etmişdir. Hazırki vəziyyətdə təqvimlərin kağız formatında yayılmasının çətinliyini nəzərə alaraq, İdarəmizin saytında yerləşdirilmiş təqvimin internet versiyasından istifadəni tövsiyə edirik. Digər mənbələrdən daxil olmuş, təxribat və təfriqə xarakterli, məzhəb və vaxt ayrıseçkiliyinə səbəb ola biləcək təqvimlərin din xadimləri və dindarlar tərəfindən istifadəsi yolverilməzdir. Bütün kütləvi informasiya vasitələrindən məhz QMİ-nin təqviminə istinad etmələri xahiş olunur.

İnşallah, Eydül-Fitr – Ramazan bayramı Şəvval ayının 1-i - Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq may ayının 24-nə təsadüf edəcəkdir. Ramazan ayının başlanma və bayram günü tarixləri Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına əsasən müəyyən edilir. Azərbaycan dövlətinin Ramazan və Qurban bayramlarına ehtiramının göstəricisi kimi bu günlər təqvimdə bayram günü kimi qeyd edilir. Uca Allahın köməyi ilə, mübarək bayram günlərinədək xəstəlik fəsadları aradan qalxar, inşallah! Bu il ölkədəki xüsusi karantin rejiminin müddətinə dair Azərbaycan hökumətinin verəcəyi qərardan çıxış edərək bayram namazı ilə bağlı sizləri əlavə məlumatlandıracağıq.

Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Qazılar Şurasının qənaətinə görə, adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür. Fitrə canın sədəqəsidir və hər bir imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verilməsi vacibdir.

Qazılar Şurası din xadimlərimizə tövsiyə edir ki, bu əziz günlərdə torpaqlarımız, Vətənimiz uğrunda canlarından keçən qəhrəman övladlarımızın, Qarabağ şəhidlərinin, həmçinin xəstəlik səbəbi ilə vəfat edənlərin xatirəsi yad edilsin, ruhlarına dualar oxunsun. Duaların qəbul olunduğu mübarək Ramazan ayında ən böyük duamız budur ki, Qadir Allah doğma Azərbaycanımızı, dünyanı virus təhlükəsindən xilas etsin, bizləri bu mərəzdən hifz etsin!

Allah oruc və namazlarınızı qəbul etsin, bizləri məğfirət və mərhəmətinə nail olan bəndələrindən qərar versin. Amin!

Vəssalamu əleykum və rəhmətullahi və bərəkatuh!".

Rayon sakinləri Bakıya nə vaxt buraxılacaq?
Xəbər verdiyimiz kimi Azərbaycanda xüsusi karantin rejim mayın 4-ə kimi uzadılıb. Bu gün bir çoxlarını maraqlandıran məsələ mayın 4-dən sonra karantin rejim ləğv olunarsa müəssisələrin kütləvi şəkildə fəaliyyətə başlaması ölkədə koronavirusun yayılma riskini yenidən artıra bilərmi?

Bununla bağlı sonxeber.az-a danışan Fazil Mustafa bildirib ki, bu barədə tələsməyə ehtiyac yoxdur: "Mayın 4-dən sonra bəlli olacaq ki, vəziyyət necədir. Bu məsələdə uzunmüddətli strateji qərarlar qəbul olunmur. Qəbul olunması da yalnışdır. Çünki müəyyən dərəcə problemlər yarada bilər. Bu təkcə bizdən asılı olan məsələ deyil. Yəni, biz özümüz qəbul edib, qapalı mühitdə biz bunu həll edək. Söhbət xarici ölkələrdə olan vəziyyətdən gedir. Ona görə də bizim bu məsələdə tələsməyimizə ehtiyac yoxdur. Mayın 4-də ola bilsin ki, karantin rejim yumşaldılaraq nisbətən müəyyən sahələrin fəaliyyətinə icazə verilə bilər. Epidemiya riski olan nəqliyyat ola bilər ki, eyni vəziyyətdə fəaliyyətini davam etdirəcək. Ona görə də bu məsələdə tələsməyə ehtiyac yoxdur. İndidən nəyisə söyləmək düzgün olmaz. Rayon sakinlərinin Bakıya buraxılması məsələsi barəsində nəsə söyləmək tezdir. Mayın 4-də yoluxan, sağalan və ölənlərin sayında qaneedici nəticələr olarasa rayondan vətəndaşların Bakıya gəlişinə icazə veriləcək".

“Aprel ayının 17-si Nazirlər Kabineti orta ixtisas təhsili (kolleclər) üzrə ixtisasların yeni təsnifatını təsdiq etdi. Yenilənmiş ixtisaslar üzrə qəbul 2021/22-ci tədris ilindən başlayacaq. Qeyd edim ki, kollec ixtisaslarının əvvəlki təsnifatı 2010-cu ildə təsdiq edilib və həmin təsnifat üzrə artıq 10 ildir ki, kadr hazırlığı aparılırdı”.
 
Bunu təhsil nazirinin müşaviri Elnur Məmmədov sosial media hesabında qeyd edib.
 
O bildirib ki, yeni təsnifatda olan 141 ixtisas müasir əmək bazarının tələbləri, işəgötürənlərin təklifləri və rəyləri, ölkəmizdə orta ixtisaslı müasir kadrlara olan ehtiyaclar və beynəlxalq təcrübə nəzərə alınmaqla müəyyənləşdirilib:
 
“Yeni təsnifatda bir sıra ixtisaslar birləşdirilib, bəzi yeni ixtisaslar əlavə olunub və uyğun olmayan ixtisaslar təsnifatdan çıxarılıb. Misal kimi, beynəlxalq təcrübə nəzərə alınaraq təhsil ixtisaslarına inklüziv təhsil ixtisası əlavə olunub, bəzi müəllimlik ixtisasları çıxarılıb (ali təhsil pilləsində hazırlıq aparılacaq), kənd təsərrüfatı ixtisaslarına aqroturizm, hidromeliorasiya və torpaq mühafizəsi, su bioehtiyatları və akvakultura əlavə olunub, texniki və texnololji ixtisaslar əhəmiyyətli şəkildə yenilənib (kompüter sistemləri, telekommunikasiya şəbəkələri və sair).
 
Yeni ixtisaslar üzrə müasir təhsil proqramları hazırlanacaq.
 
Bu proqramlar kollec səviyyəsində mütəxəssis hazırlığının keyfiyyətinin artırılmasına xidmət edəcək. Bundan əlavə, tam orta təhsil bazasından gələn məktəb məzunları kollecdə bütün ixtisaslar üzrə (tibb ixtisaslarından başqa) artıq iki il təhsil alacaqlar ki, bu da onların daha qısa müddətdə əmək bazarına çıxışını təmin edəcək.  /Qaynarinfo/