Gələn həftədən rayonda yaşayanların Bakıya girişinə icazə veriləcək?
Xəbər verdiyimiz kimi Azərbaycanda koronavirusa görə elan olunmuş karantin rejiminin şərtləri yumşaldılıb. Yumşalma nəticəsində bir çox müəssisələrin fəaliyyətinə icazə verilib. Sosial şəbəkələrdə gələn həftədən başlayaraq rayon qeydiyyatı olan şəxslərin də Bakıya buraxılmasına icazə veriləcəyi ilə bağlı məlumatlar yayılıb.

Bununla bağlı sonxeber.az-a danışan deputat Fazil Mustafa bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahda müxtəlif qurumların nümayəndələri təmsil olunur: "Onlar real vəziyyəti daha yaxşı bilirlər. Vətəndaşların Bakıya buraxılmaması onların sağlamlığına xidmət edən qərardır. Ola bilsin ki, yumşalma bu istiqamətdə də olsun. Koronavirusa yoluxanların, sağalanların və ölənlərin say nisbəti müqayisə edib bu istiqamətdə addım ata bilər. Ancaq bunu əvvəlcədən söyləməsi düzgün deyil. Yayılan informasiyalar məncə erkəndir. Çünki vətəndaşları buna situmullaşdırmaq düzgün deyil. Dövlət harada yumşalma mümkündürsə, onu reallaşdıracaq. Vətandaş Bakıya malını gətirib satmalıdır və ya müalicəsi üçün gəlməlidir. Əlbəttə bütün bunlar insanların sıxıntısıdır. Amma birinci növbədə can sağlığı və təhlükəsizlik daha önəmlidir. Şəhərin tam yüklənməsi virusun yenidən yayılmasına səbəb ola bilər. Ona görə də bu məsələdə tələsmək lazım deyil. Operativ Qərargahın verəcəyi qərarı gözləməliyik. Öncədən bunu arzu kimi bildirmək düzgün olmazdı".

Ödənişlər bu gün veriləcək
Bu gün respublikada xüsusi karantin rejimi müddətində Ünvanlı Dövlət Sosial Yardım ödənişləri həyata keçiriləcək.

Ünvanlı yardım sosial ödənişlərinizi istənilən bankın bankomatından, eləcə də Azərpoçtun istənilən bankomat və ya posterminallarından hər hansı əlavə faiz tutulmadan əldə edə bilərsiniz.

“Vətəndaşların ikinci ayıın ödənişini almaq üçün banklara getməyə ehtiyac yoxdur”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı işsiz vətəndaşlara 190 manat birdəfəlik yardımın ikinci ayının verilməsindən danışarkən deyib.
 
Fazil Talıblı 190 manat alacaq işsiz vətəndaşların banklara getməyinə gərək olmadığını bildirib:
 
“Onların hər biri ilə əlaqə saxlanılacaq, hansı banka yaxınlaşmalı olacaqları və bank kartının əldə edlməsi ilə bağlı məlumat verəcəklər. Tələsməsinlər, səbirli olsunlar. Hər bir vətəndaşın adına bank hesabı açılacaq”.
 
Fazil Talıblı qeyd edib ki, 190 manat alacaq işsiz vətəndaşlarla bağlı artıq bank kartları sifariş verilib”.
Yas və toy mərasimlərinə nə zaman icazə veriləcək?
Xəbər verdiyimiz kimi bu gündən başlayaraq bəzi müəssisələrin fəaliyyətinə icazə verilib. Karantin rejimin növbəti yumşaldılmasında toy və yas mərasimlərinə icazə veriləcəi?

Bununla bağlı Sonxeber.az-a danışan deputat Kamilə Əliyeva bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargah bu gündən yumşalma rejiminə keçib:

"Bilirsiniz ki, Azərbaycanda koronavirusa yoluxanların sayı azalma dinamikası ilə davam edir. Gün ərzində sağalanların sayı yoluxanlardan çox olur. Hazırda xəstəxanda 500-dən az koronavirus xəstəmiz qalır. Ölüm faktı isə demək olar ki, olmur. Əlbəttə, bütün bu müsbət nəticə cənab prezidentin zamanında verdiyi tapşırıqların və göstərişlərin sayəsindədir. Məhz əldə edilən müsbət nəticəyə görə Operativ Qərargah karantin rejimini yumşaldaraq bəzi iş yerlərinin açılmasına icazə verdi. Əlbəttə, bu o demək deyil ki, insanlar bundan sevincək olaraq qoyulan qayda və tələbləri pozsunlar. İkinci dalğa gələrək koronavirusa yoluxanların sayı arta bilər. Ona görə də Operativ Qərargahın qoyduğu qərar və tapşırıqları yerinə yetirməliyik ki, yoluxanların sayı yenidən yüksəlməsin. Toy və yas mərasimlərinə yenidən icazə verilməsinə hələki çox tezdir. Çünki toy və yas mərasimlərində insanlar kütləvi olaraq bir yerə yığışırlar. Mayın 4-nə kimi karantin rejim qüvvədədir. Hələ mayın 4-dən sonra vəziyyətə baxılacaq. Cənab prezident qeyd etdi ki, mayın 4-dən sonra yoluxanların sayı çoxalarsa, karantin rejim yenidən sərtləşdirilə bilər. Ona görə də hələ də yas və toy mərasimlərin keçirilməsinə icazə vermək çox tezdir. Mayın 4-də karantin rejim götürülsə belə biz risk etməməliyik. İnsanlarımızı və özümüzü risk altına atmamalıyıq. Yas və toy mərasimlərinə keçirilməsinə yol verməməliyik. Çünki dünyada xəstəlik davam edir. Koronaviriusla bağlı bizi nə gözlədiyi bilinmir. Kütləvi şəkildə insanların bir yerə yığışması qəti qadağan olunmalıdır. Düzdür, bəzi iş yerləri açılıb. İnsanlar yenə də maskalardan istifadə edəcəklər. Düşünürəm ki, hissə-hissə karantin rejimi yumaşaldılmalıdır. Ona görə də hesab etmirəm ki, tezliklə yas və toy mərasimlərin keçirilməsinə icazə verək".

Azərbaycanda koronavirus nə vaxt bitəcək?
“Mayın ikinci yarısında karantin rejimindən tam çıxa bilərik”

“Əgər koronavirus infeksiyasına yoluxanların sayının azalma tendensiyası belə davam edərsə karantin rejimi ilə bağlı  yumşaldılmalar daha da genişləndirilə  bilər.Mayın ortalarından etibarən cəmiyyət normal məcrasına dönə bilər”.

  Bunu “Ölkə.Az”a açıqlamasında  respublikanın baş infeksionisti Cəlal İsayev deyib.

 Onun sözlərinə görə,   proses belə davam edərsə və azalma olarsa  mayın 4-dən etibarən  bir az da yumşaldılma ola bilər: “Mayın  ikinci yarısında isə karantin rejimindən tamamilə çıxa bilərik”.

 İkinci dalğanın olamasına gəldikdə isə C. İsayev bildirib ki, bu proses daha çox insanlarımızdan asılıdır. “Krantin rejimin yumşaldılması prosesi gedir. Amma bu demək deyil ki, qaydalara, tövsiyyələrə əməl etməyim, buna yol vermək olmaz. Tövsiyyə və qaydalara ciddi əməl olunmalıdır.  Bacardığımız qədər özümüzü qorumalıyıq. Nəinki özümüzü  başqalarını da...  İndi necə hərəkət ediriksə, onda da elə hərəkət etməliyik. İnsanların çox olduğu yerlərə getməkdən, təmaslardan maksimum  çəkinməliyik. Bu zaman qaydalara ciddi əməl olunmalıdır.Mayın 11-dək virus gəzdirən xəstələrimizin  müddəti artıq  qurtarır. Mayin ikinci ongünlüyündən etibarən təhlükə azalmağa başlayacaq.   Virus epidemiyasının sönmə prosesi başlayır. Amma bununla belə cəmiyyətdə  virus saxlana bilər və ona görə də biz ehtiyat tədbirlərimizi əldən verməməliyik” -C. İsayev bildirib.

 Qonşu  və digər dövlətlərlə  sərhədlərin açılması məsələsinə gəldikdə baş infeksionist bildirib ki, bu məsələdə bir az ehtiyatlı olmalıyıq: “Sərhəd açılacaq ölkələrdəki vəziyyət öyrənilməlidir”.

Hüsniyədən sonra o da AzTV-dən getdi
Aktrisa Aydan Axundova iki aya yaxındır aparıcısı olduğu AzTV ilə yollarını ayırıb.

"Qafqazinfo” məlumatına görə, Aydanın ona verilən əmək haqqı ilə qane olmadığı üçün belə addım atdığı iddia olunub. 

Axundovanı yanvar ayından Space TV ilə yollarını ayıran aparıcı Mehin Hümbətova əvəzləyib.  Artıq onun ilk çəkilişi baş tutub. 

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsi yeni aparıcı ilə bağlı məlumatı "Qafqazinfo”ya təsdiqləyib. Qeyd olunub ki, aparıcı şərtlərlə razılaşmadığı üçün kanalla yollarını ayırıb:

"Kanalda aparıcıların əvəzlənməsi normal prosesdir. Bir şeyi qeyd edək, aparıcılıq da vəzifə deyil ki, ora təyinat olsun. Sadəcə aparıcılıq etdi, şərtlər ürəyincə olmadı və qarşılıqlı razılıq əsasında verilişi tərk etdi.”

Qeyd edək ki, layihənin ilk aparıcısı Hüsniyə Məhərrəmova olub. O, xarici bir şirkətlə əməkdaşlığa başladığı üçün işdən ayrıldığını açıqlayıb. 

Azərbaycanda koronavirusla bağlı daha iki xidmət yaradıldı
Azərbaycanda koronavirusla bağlı daha iki xidmət yaradılıb.

Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib.

Qeyd edilib ki, Heydər Əliyev Fondunun və Heydər Əliyev Mərkəzinin dəstəyi ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “1542” Çağrı mərkəzinin iki yeni xidmət - psixoloji dəstək və poliklinik xidmətlərlə bağlı dəstək xətləri istifadəyə verilib.

Psixoloji dəstək xətti üç istiqamətdə fəaliyyət göstərəcək:

- Tibbi heyət üçün psixoloji dəstək (COVID-19 xəstələri ilə çalışan tibbi heyət üçün onlayn psixoloji dəstəyin təmin edilməsi, böhran anında onlayn qısa terapiya xidməti);

- İctimaiyyət üçün psixoloji dəstək;

- Xəstələr üçün psixoloji dəstək.

Bildirilib ki, hazırda ölkədə xüsusi karantin rejiminin elan olunduğunu nəzərə alaraq, əhaliyə ehtiyac olmadıqca evdən çıxmamaq tövsiyə olunub. Ölkə ərazisində koronavirus epidemiyasının yayılmasının qarşısını almaq və karantin dövründə tətbiq edilən məhdudiyyətlərə əməl etmək məqsədilə vətəndaşların evdən çıxmadan lazımi poliklinika xidmətləri almaları poliklinik xidmətlərlə bağlı dəstək xətti vasitəsilə mümkündür.

Belə ki, vətəndaşlar səhhətlərində yaranan narahatlığın səbəbi barədə məlumat almaq üçün Agentliyin “1542” Çağrı mərkəzinin poliklinik xidmətlərlə bağlı dəstək xəttinə zəng edə bilərlər. Zəng edən şəxslərin müraciətləri həkim-məsləhətçilər tərəfindən cavablandırılacaq. Müraciətçi ilə söhbət zamanı ehtiyac olarsa, həkim-məsləhətçi Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına və ya onun müalicə həkiminə müraciət etməyi tövsiyə edə bilər.

Xatırladaq ki, Agentliyin Çağrı mərkəzi vasitəsilə koronavirus epidemiyası, icbari tibbi sığorta sistemi, sığorta haqları, icbari tibbi sığorta çərçivəsində fəaliyyət göstərəcək dövlət tibb müəssisələri, Xidmətlər Zərfi, işə qəbul və s. barədə məlumat almaq da mümkündür.

Vətəndaşlar Çağrı mərkəzinə stasionar və mobil telefonlardan “1542” nömrəsini yığmaqla zəng edə bilərlər.

Vətəndaşlar Çağrı mərkəzinə müraciət etdikdə:

- koronavirus epidemiyası ilə bağlı məlumat almaq üçün - 1542-0

- icbari tibbi sığorta və digər məsələlərlə bağlı məlumat almaq üçün - 1542-1

- psixoloji dəstək üçün - 1542-2

- poliklinik xidmətlərlə bağlı dəstək üçün isə 1542-3 düymələrini seçməlidirlər.

Çağrı mərkəzinin koronavirusla bağlı 1542-0 xətti yeddi gün 24 saat, psixoloji dəstək və poliklinik xidmətlərlə bağlı dəstək xətləri həftə içi 08:00-dan 22:00-dək, həftə sonu 09:00-dan 21:00-dək, icbari tibbi sığorta ilə bağlı xətti isə iş günlərində saat 09:00-dan 18:00-dək fəaliyyət göstərir.

Məlumat üçün bildirək ki, Agentlik tərəfindən vətəndaşların müraciətlərinə baxılması işinin səmərəli təşkili, əhaliyə göstərilən xidmətlərin effektivliyinin artırılması, qurumun səlahiyyətinə aid olan məsələlərə operativ baxılması məqsədilə “1542” Çağrı mərkəzi fevral ayından etibarən fəaliyyət göstərir.

Bərbərxana və salonlar nə vaxt açılacaq?
“Bərbərxana və salonlarda insanların yaxın təması olur. Bu təhlükə səbəbindən həmin obyektlər açılmadı. Buna Operativ Qərargahdakı mütəxəssislər qərar verir. Təhlükə var ki, açmayıblar,

“Karantin rejiminin yimşaldılması, hansı obyektlərin fəaliyyətə başlaması araşdırmalar, hesablamalar, təhlükələr nəzərə alınmaqla həyata keçirilir. Əgər ilk etapda bərbərxana və salonlar açılmayıbsa, deməli təhlükə ola biləcəyi ehtimalındandır”.

Bunu modern.az-a açıqlamasında respublikanın baş infeksionisti Cəlal İsayev karantin rejiminin yumşalması ilə bağlı fikirlərini bölüşərkən deyib.

C.İsayev qeyd edib ki, bərbərxana və qadın salonların açılması növbəti etapda müşahidə edilə bilər:

“Bərbərxana və salonlarda insanların yaxın təması olur. Bu təhlükə səbəbindən həmin obyektlər açılmadı. Buna Operativ Qərargahdakı mütəxəssislər qərar verir. Təhlükə var ki, açmayıblar, olmasaydı, açardılar”.

 Qeyd edək ki, Nazirlər Kabineti yanında Operatv Qərargahın qərarı ilə bu gündən Azərbaycan ərazisində tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar məhdudiyyətlərin bir qismi yumşaldılıb. Bir sıra iş yerləri və xidmət sahələrinin fəaliyyətinə icazə verilib.

Bugünkü valyuta məzənnələri
Azərbaycan Mərkəzi Bankı 27 aprel tarixinə olan valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan  verilən məlumata görə, bu gün ABŞ dollarının rəsmi məzənnəsi 1.7000 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi 1.8432 manat, 1 türk lirəsi 0.2438 manat, 1 rus rublu 0.0228 manat, 100 İran rialı 0.0040 manat, 1 gürcü larisi isə 0.5287 manatdır.

Polisdən “plyonka” xəbərdarlığı
Azərbaycanda günəşli havaların gəlməsi ilə avtomobillərin şüşələrində istifadə olunan pərdə və plyonkaların istifadəsi yenidən gündəmə gəlib.

"Ötən il Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun adından yayılan telefonoqramda qeyd edilmişdi ki, hər il mayın 1-dən noyabrın 15-dək respublikanın iqlim şəraiti nəzərə alınaraq nəqliyyat vasitələrinin arxa və yan şüşələrində sənaye üsulu ilə hazırlanan avtomobillərdə jalüzlərindən istifadəyə icazə verilib.

R. Zeynalovun qərarında göstərilirdi ki, bu barədə qanunvericiliyə əlavə və dəyişikliklər baxılma ərəfəsindədir və qanunda dəyişikliklər edilənədək sürücülər cərimə olunmayacaq.

Artıq 3 gündən sonra növbəti mövsüm başlayır. Lakin bu müddət ərzində qanunvericiliyə bununla bağlı hər hansı bir dəyişiklik edilmədi. Bəs bu il yol polisi bu məsələdə necə davranacaq?

DYPİ-nin mətbuat katibi, polis polkovniki Kamran Əliyev "Qafqazinfo"ya açıqlamasında bildirib ki, yay rejimində də jalüzlərdən istifadəyə icazə veriləcək: "Burada söhbət "plyonka"dan yox, jalüzlərdən gedir. Mayın 1-dən noyabrın 15-dək "plyonka" yox, jalüzlərdən istifadəyə icazə verilir. Əvvəlki qanunvericilik qüvvədədir, heç bir dəyişiklik olmayıb".

K. Əliyev "Əks təqdirdə, sürücülər barəsində inzibati tənbeh tədbiri görüləcəkmi?" sualına "Görülə bilər" deyə cavab verib.