Son xəbərlər

Nazirlikdən kafe-restoran sahiblərinə xəbərdarlıq

İqtisadiyyat Nazirliyi sanitariya-gigiyena və karantin qaydalarının tələblərinə əməl edilməsi vəziyyətini ciddi nəzarətdə saxlayacaq. "Qafqazinfo"ya daxil olan məlumatda bildirlir ki, Nazirlər Kabineti tərəfindən fəaliyyətinə icazə verilmiş sahələr üzrə xüsusi karantin, zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərə dair müvafiq qərarlar qəbul edilib. Bu qərarlara əsasən, istehsal, xidmət və ictimai iaşə sektorlarında müştərilərin qəbulu, xidmət ərazilərinin dezinfeksiya edilməsi, işçilərin və müştərilərin müvafiq davranış və sanitar normalara əməl etməsi, insanlar arasında sıxlıq normalarının qorunması və s. tələblər müəyyən edilib.

Ölkədə sərt karantin rejiminin tələblərinin qismən yumşaldılması prosesi çərçivəsində bir sıra sahələrdə fəaliyyətlərin, o cümlədən ictimai iaşə sektorunda açıq hava sahələrində müştərilərə xidmətlərin bərpa edilməsi nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərinin nəzərinə çatdırır ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarının tələblərinə ciddi əməl edilməlidir. Karantin rejiminin tələblərinin yumşaldılması şəraitində bu məsələlər xüsusilə aktuallaşdığından, İqtisadiyyat Nazirliyi və onun müvafiq qurumları tərəfindən bu tələblərə əməl edilməsi vəziyyətinə ciddi nəzarət olunacaqdır.

Nəzarət prosesinin həyata keçirilməsi zamanı aşağıdakı məsələlərə xüsusi diqqət ediləcək:

· sahibkarlıq subyektlərinin fəaliyyətinin Nazirlər Kabinetinin müvafiq qərarları ilə qadağan edilmiş fəaliyyət sahələrinə aid olub-olmadığına;

· fəaliyyətinə günün müəyyən saatlarında icazə verilən sahibkarlıq fəaliyyəti subyektləri və onların vəzifəli şəxslərinin həmin tələblərə əməl edib-etməmələrinə;

· təsərrüfat obyektlərində sahibkarlıq subyektləri və onların vəzifəli şəxsləri tərəfindən işçilərin tibbi maska ilə təmin edilməsinə, habelə tibbi maskadan istifadə olunmasına nəzarət edilməsinə;

· ictimai iaşə obyektlərinin giriş-çıxışlarında, kassalarda dezinfeksiya məhlulundan istifadə imkanının təmin edilməsinə, o cümlədən dezinfeksiya məhlulundan istifadə üçün müvafiq qurğuların (dispenserlərin) yerləşdirilməsinə və həmin qurğuların işlək vəziyyətdə olmasına;

· təsərrüfat obyektlərinin ərazisindəki, o cümlədən kassaların qarşısındakı insanlar arasında 1,5-2 metrlik ara məsafəsinə əməl olunmasına nəzarət edilməsinə, bu məqsədlə obyektin ölçülərinə uyğun sayda şəxslərin obyektə daxil olmasına icazə verilməsinə;

· ictimai iaşə müəssisələrinin qida qəbulu zallarında, otaqlarında, habelə açıq hava sahələrində oturacaqların ara məsafəsinin eyni masa arxasında 1 metrdən (qəlyan avadanlıqlarından istifadə edilməməsi və bir masa arxasında müştəri sayının 6 nəfərdən çox olmaması şərti ilə), masalararası məsafələrin isə 2 metrdən az olmamasına;

· müştərilərin təsərrüfat obyektlərinə yalnız maskalarla daxil olmasına, maskası olmayan şəxslərə girişdə maskaların təqdim edilməsinə, həmçinin ictimai iaşə obyektlərində masa arxasında oturma halları istisna olmaqla bütün digər vaxtlarda maskadan istifadəyə nəzarət edilməsinə.

Mövcud tələblərə əməl edilməməsi halları inzibati xəta kimi qiymətləndiriləcək və İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq, qaydaları pozan sahibkarlıq subyektlərinə cərimələr tətbiq ediləcək.

Sahibkarlıq subyektlərinin nəzərinə çatdırılır ki, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə və insanlar arasında ara məsafəsinə dair tələblərə əməl edilməməsi İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə, qalan digər tələblərin pozulması isə 211.1-ci maddəsi ilə inzibati xətaya səbəb olur.

Sahibkarlıq subyektlərinin fəaliyyətinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarları ilə qadağan edilmiş fəaliyyət sahələrinə aid olduğu hallarda həmin obyektlər dərhal bağlanacaq. Qaydaların pozulması halları nəzarət aparan strukturların tələbi əsasında dərhal aradan qaldırılmalıdır, əks halda, nəzarət qrupları təsərrüfat obyektinin bağlanmasını tələb edə bilərlər.

İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərini, o cümlədən açıq hava sahələrində müştəriləri qəbul edən ictimai iaşə sahəsində çalışan sahibkarları sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə, xüsusilə müştəri qəbulu zamanı adambaşına müəyyən edilmiş sıxlıq normalarına əməl etməyə çağırır, cərimələrə məruz qalmamaq və sahibkarlıq fəaliyyətini yeni həyat tərzinin qaydalarına uyğun şəkildə qurmaq üçün diqqətli və məsuliyyətli davranmağa dəvət edir.

Qeyd edək ki, sabahdan etibarən ictimai iaşə obyektlərində müştərilərə açıq hava şəraitində xidmət göstərilməsinə icazə verilir.

Bu gündən daha bir QADAĞA ləğv edildi

15 avqust saat 00:00-dan xüsusi karantin rejiminin tətbiq olunduğu Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarında ictimai nəqliyyatın fəaliyyətinə tətbiq olunan ikigünlük məhdudiyyət başa çatıb.
Bu gün saat 06:00-dan etibarən vətəndaşlar fəaliyyətinə icazə verilən ictimai nəqliyyat vasitələrindən istifadə edə bilərlər.
Qeyd edilir ki, Bakı metrosunun fəaliyyəti avqustun 31-dək dayandırılıb.

Avqustun 17-də rus dili və biologiya fənləri üzrə müəllimlərin işə qəbulu imtahanları keçirilir.

Təhsil Nazirliyindən verilən məlumata görə, İmtahanlarda 2073 namizədin iştirakı nəzərdə tutulub.

İmtahanlar  təxminən 18 gün davam edəcək. Test imtahanları Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Şirvan, Kürdəmir, Ağdaş, Mingəçevir, Bərdə, Ağcabədi, Quba, Şamaxı, Balakən, İsmayıllı, Ağstafa və Tovuz daxil olmaqla ümumilikdə 17 regionda təşkil edilən 32 mərkəzdə keçirilir. Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim edilir.

Təhsil Nazirliyi müsabiqədə iştirak edən bütün namizədlərə uğurlar arzu edir!   /Modern.az/

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində elan edilmiş sərtləşdirilmiş karantin rejimində dəyişiklik haqda qərar qəbul edib.

Həmin rayonlarının ərazisində ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda müştərilərə açıq hava sahəsində yerində xidmət saat 09:00-dan 22:00-dək həyata keçiriləcək.

Qəlyan avadanlıqlarının istifadəsinə və hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmasına icazə verilməyəcək. /Yeni Sabah/

Bakıda sürət həddi endirildi

Yağışlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Mərdəkan və Zığ-Beton yolu-Hava limanı yollarında sürət həddi bütün zolaqlar üzrə müvafiq olaraq endirilib.
Məqsəd yağışlı havada yol hərəkəti təhlükəsizliyinin təmin olunmasıdır.
“Bir daha bütün sürücülərə diqqətli olmağı, yağışlı hava şəraitini nəzərə almalarını və sürət həddini aşmamağı tövsiyə edirik”, - məlumatda deyilir.

Həftəsonları ictimai nəqliyyatın hansı halda bərpa olunacağı açıqlandı

“Hazırkı göstəricilərə görə həftəsonları ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb”.
Oxu.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
“Lakin mütəmadi olaraq epidemioloji statistik göstəricilər təhlil olunur. Müsbət tendensiya olduğu halda, qarşıdakı dövrdə ictimai nəqliyyatın hərəkəti bərpa oluna bilər”, - deyə o qeyd edib.

Prezidentin köməkçisindən məktəblərin fəaliyyətinin bərpası ilə bağlı VACİB AÇIQLAMA

“Təhsil müəssisələrinin açılması ilə bağlı məsələ araşdırılır və öyrənilir”.
Oxu.az məlumat verir ki,, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. O qeyd edir ki, məsələ ilə bağlı müxtəlif fikirlər var:
“Bu, epidemioloji vəziyyətlə bağlı məsələdir. Digər ölkələrdə də bu məsələ ciddi şəkildə araşdırılır. Bütün məsələlər müzakirə olunur. Bu barədə məlumat veriləcək”.

TƏBİB rəsmisi hansı halda qapanmaya gediləcəyindən danışdı

“Vətəndaşların koronavirusa yoluxma sürəti, inkubasiya müddəti və ağır xəstələrin sayı çarpayı doluluğuna təsir edir”.
Oxu.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

O qeyd edib ki, stasionar çarpayı sayına görə qapanmaya gedilmir:
“Bu gün üçün reanimasiya şöbəsində yatan və süni tənəffüs aparatına qoşulu xəstələrin sayı kifayət qədər çoxdur. Ona görə də əsas xəstəliyi ağır və yüngül keçirmə məsələsidir. Çünki onların müalicə müddəti uzun çəkir”.

“Aşura”da qanvermə necə təşkil olunacaq?

“Koronavirusla əlaqədar ölkədə fəaliyyət göstərən məscidlər işləməyəcək. Bu il “Aşura” günündə Mərkəzi Qan Bankında qanvermə aksiyaları keçiriləcək”.
Oxu.az xəbər verir ki, bunu TƏBİB-in Mikrobiologiya İşçi qrupunun rəhbəri Qumral Ələkbərova Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, hazırda bu məsələ Qafqaz Müsəlmanları İdarəsi ilə müzakirə olunur:

“Sosial məsafə saxlanılmaq şərti ilə də Milli Hematologiya və Transfuziologiya Mərkəzində də qanvermə aksiyaları keçiriləcək”.

Koronavirusla bağlı seroloji testlərin keçirilməsi barədə AÇIQLAMA

“Daha əvvəl testlər burundan yaxma üsulu ilə götürülürdü. Bu analizlərin nəticələri aktiv infeksiyanı göstərirdi”.
Oxu.az xəbər verir ki, bunu TƏBİB-in Mikrobiologiya İşçi qrupunun rəhbəri Qumral Ələkbərova Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirilən brifinqində deyib.
O qeyd edib ki, seroloji testlər isə daha əvvəl bu xəstəliyin keçirilməsini, orqanizmin buna qarşı immunitetinin formalaşmasını yoxlamaq üçündür.