Son xəbərlər

 


Vətən müharibəsində qazanılan “Qələbə” tariximizin parlaq səhifəsidir

 

 

2020-ci il Azərbaycan tarixinə zəfər ili kimi düşdü. Cəmi 44 gün davam edən Vətən müharibəsi nəinki ərazilərimizin azad edilməsinə, eyni zamanda, işğalçılığa son qoyulmasına, eləcə də 30 ilə yaxın davam edən münaqişənin həllinə gətirib çıxartdı. Bu baxımdan Azərbaycan xalqının bu qələbəsi fövqəladə tarixi əhəmiyyətə malikdir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin yenilməz qətiyyəti, dəmir iradəsi, yeritdiyi güclü daxili və xarici siyasət, Prezident kimi 17 illik fəaliyyəti dövründə qəbul etdiyi qərarlar, atdığı addımlar, sərgilədiyi diplomatik gedişlər qazandığımız qələbənin baş tutmasında ən önəmli amil olub.

Bu möhtəşəm zəfər Ali Baş Komandanın sərkərdəlik qüdrətinin, Azərbaycan Ordusunun gücünün, əsgər və zabitlərin döyüş əziminin, azərbaycançılığın qələbəsi oldu. Zəfər Azərbaycanın beynəlxalq nüfuzunu daha da yüksəltdi. Dünya ictimaiyyəti gördü ki, Ali Baş Komandanı cənab İlham Əliyev olan Azərbaycan Ordusu BMT-nin Təhlükəsizlik Şurasının, ATƏT-in Minsk qrupunun 28 ildə bacarmadığı işin öhdəsindən uğurla gəldi.

Vətən müharibəsində Azərbaycan xalqı da, dövləti də Qarabağın işğaldan azad olunması ilə bağlı var-qüvvəsini ortaya qoydu. İllərdi qurulan güclü ordu, yetişən vətənpərvər nəsil düşmən çəpərinə çevrildi. Əsgər və zabitlərimiz döyüş tapşırıqlarını şərəflə yerinə yetirdi.

Biz Azərbaycanlılar yalnız dədə-baba torpaqlarımız uğrunda cəsarətlə mübarizə apardıq və doğma torpaqlarımızı erməni işğalçılarından azad etdik. İşğaldan azad edilmiş torpaqlara biz bu torpaqların sahibləri kimi qayıtdıq. Hazırda azad edilmiş torpaqlarda Azərbaycanın Dövlət Bayrağı dalğalanır və əbədi olaraq da dalğalanacaqdır.

Azad edilmiş torpaqlarımızda bu gün artıq quruculuq işləri aparılır. Bütün dağıdılmış şəhərlər - kəndlər yenidən qurulur. Füzuli-Hadrut avtomobil yolunun təməli atıldı. Hadrut qəsəbəsində Dövlət Bayrağımız qaldırıldı. Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolunun təməli qoyuldu.

Dövlət başçısının işğaldan azad edilmiş rayonlara hər səfəri həm ölkə başçısının ərazilərlə ətraflı tanış olması, həm də bu rayonların 30 il əvvəlki sakinlərinə dövlət zəmanəti kimi yanaşılır. Bu səfərlərin hər biri ayrılıqda da, vəhdətdə də xalqın inamının davamıdır: işğaldan azad edilmiş şəhərlər, kəndlər yenidən qurulacaq, Böyük Qayıdış arzuladığımız səmtə yönələcək!.

Eyni zamanda, əminliklə qeyd etmək istəyirəm ki, bu “Qələbə” ölkəmizin gələcək inkişafına, daha da qüdrətlənməsinə, çiçəklənməsinə, vətəndaşlarımızın rifah halının daha da yüksəlməsinə də əvəzsiz töhfələr verəcəkdir.

 

 

 

 

İlhamə Xudazarova,

Salyan rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin müəllimi

 

 

Vəhdətimizin uğurlu nəticəsi

 

 

2020-ci il tariximizdə yeni bir səhifə açıldı. 27 sentyabr 2020-ci ildə xalqımız öz torpaqlarımızın azadlığı və müdafiəsi uğrunda ayağa qalxdı və 44 gün davam edən bu döyüş dünya tarixinə bir nümunə oldu. Azərbaycan tarixində isə qızıl hərflərlə yeni və şərəfli bir səhifə kimi yazıldı.  

Cənab Ali Baş Komandanımızın uğurlu siyasəti, xalqımızın orduya verdiyi yüksək mənəvi dəstək və əsgərlərimizin şücaət və igidliyi bir vəhdət təşkil etdi. Məhz bu vəhdət möhtəşəm uğuru qazanmağımıza səbəb oldu. Şübhəsiz ki, xalqımızın cənab Ali Baş Komandanımıza olan inam və sevgisi bu cür birliyin olmasında çox önəmli rolu oldu.

 Hamımıza məlumdur ki, müharibədən çox öncə Azərbaycan siyasi müstəvidə artıq qələbə qazanmışdı. İqtisadi sahədə əldə olunan nailiyyətlərimiz dünyanı heyran etdiyi kimi, mənfur düşmənlərimizi də məyus etmişdi. Bütün bu uğurlar məhz cənab Prezidentimiz İlham Əliyevin gərgin və əvəzolunmaz, misilsiz xidmətinin nəticəsi idi.

Bu müharibə onun əsl sərkərdəlik bacarığının bariz nümunəsi oldu. Həm qorxmaz, həm də olduqca humanist addımlar atması artıq düşmən tərəfi də heyrətə gətirmişdi. Çünki düşmənlərimizdən fərqli olaraq Azərbaycan Ordusu yalnız erməni ordusu ilə döyüşürdü. Heç bir mülki əhaliyə qarşı ordumuz müharibə aparmırdı. Zülmkarlıq qorxaqlığın əlamətidir. Azərbaycan Ordusu isə bu döyüşdə olduqca fədakarlıq göstərdi, yalnız haqq-ədalət uğrunda döyüşdü. Bu səbəbdən bizim amalımız müqəddəs bir amal idi. Cənab Ali Baş Komandannımız müharibə zamanı dəfələrlə vurğuladı ki, bizim heç bir ölkənin torpağında gözümüz yoxdur, biz sadəcə öz törpaqlarımızı düşmən işğalından azad edirik.

Torpaqlarımızın azad olunması prosesi uğurla həyata keçdi. Çünki gücümüz bizim birliyimizdə idi. Bu gücümüz günü-gündən artır. Ona görə ki, biz artıq bu birliyin, bu vəhdətin nəticəsinin şahidi olduq. Şahid olduq ki, Azərbaycan əsgəri yenilməz və hər şeyə qadirdir. Əsgərlərimizin bu müharibədə mübariz və cəsurluğu, eləcə də peşəkarlığı artıq bir sıra ölkələrin böyük marağına səbəb olub.

Azərbaycan xalqı bu müharibə zamanı dünyaya göstərdi ki, əli silah tuta bilən hər bir vətəndaşımız lazım olan anda müsəlləh Azərbaycan əsgəri olmağa hər an hazırdır. “Torpaq uğrunda ölən varsa vətəndir”. Artıq şahidik ki, bu torpağın uğrunda şəhid olmaq, “şəhidlik” zirvəsinə ucalmaq əsgərlərimizin tutduğu müqəddəs bir yol oldu.

Bu qələbə üçün şəhidlərimizin qarşısında baş əyirik, hər zaman onlar hər bir azərbaycanlının xatirəsində yaşayacaqdır. Ancaq onların ruhunun daim şad olması üçün biz öz birliyimizi qoruyub saxlamalı, gücümüzü isə artırmalıyıq.

Bütün dünya bilməlidir ki, “Azərbaycan əsgəri” torpağımız, müstəqilliyimiz uğrunda ölümün gözünə dik baxmağa bacaran vətən fədailəridir.

Şübhəsiz ki, xalqımızın cənab Ali Baş Komandanımıza olan inam və sevgisi bu cür birliyin olmasında çox önəmli rolu oldu.

 

 

Ceyhun Məmmədov,

Salyan rayon Yuxarı Noxudlu kənd tam orta məktəbin müəllimi,

“Cəsur döyüşçü” və “Xocavəndin azad olunmasına görə”

medalları ilə təltif edilmiş Vətən müharibəsi iştirakçısı,


Qalib Azərbaycan ordusunun Ali Baş Komandanı Cənab İlham Əliyev Azərbaycan tarixində şərəf və ləyaqətin rəmzidir

 

 

Azərbaycan xalqı ikinci Qarabağ müharibəsindən qalib xalq, qalib dövlət, qalib ordu kimi ayrıldı. Bu birmənalı və mübahisəsiz həqiqətdir. Odur ki, heç kim nə Qələbəmizə şübhə ilə yanaşsın, nədəki 10 noyabrda imzalanmış birgə bəyanatın  müddəalarından narahat olmasın. Hər kəs əmin ola bilər, o bəyanatda Azərbaycanın maraqlarına zərrə qədər də zidd olan hər hansı bir neqativ məqam tapmaq mümkün deyil. 

44 günlük savaş başlayana qədər Ermənistan ictimaiyyəti hələ də elə düşünürdü ki, çox qısa bir müddətə Azərbaycanı məğlub edəcək, yeni ərazilər ələ keçirəcək. Artıq ötən əsrin 90-cı illəri deyil, onların qarşısında hərb sənətinin incəliklərini bilməyən könüllülər yox, Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərlik etdiyi  dünyanın aparıcı orduları ilə müqayisə edilən güclü, intizamlı hərbi birləşmələr dayanıb. Ciddi nizam-intizamla formalaşan və ən müasir silahlara malik, son 27 ildə yalnız öz torpaqlarını azad etməyi düşünən bir ordu ilə müqayisədə korrupsiya və özbaşınalıqdan təngə gələn Ermənistan cəmi bir neçə günün içərisində elə ağır zərbələr aldı ki, müharibəni davam etdirə bilməyəcəyini anladı və xarici havadarlarının yardımına bel bağlamaqdan başqa çarəsi qalmadı.

Ermənistanda düşünürdülər ki, dünyadakı böyük havadarları, diaspor və lobbiləri bu dəfə də öz işini görəcək və Azərbaycanı geri çəkilməyə vadar edə biləcək. Lakin onlar bu dəfə yanılmışdı. Son illər ərzində Azərbaycan diplomatiyası qələbə üçün bütün mühüm diplomatik addımları atmışdı və geniş lobbi şəbəkəsinə malik olan Ermənistan diplomatik müstəvidə də Azərbaycana məğlub olmuşdu. Baxmayaraq ki, 44 günlük müharibə boyunca ermənilərin təsirində olan beynəlxalq kanallar heç vaxt olmadığı qədər fəallaşdırıldı və Azərbaycana qarşı ciddi təzyiq kampaniyasının keçirilməsinə cəhdlər olundu, bütün bunlar gözlənilən effekti vermədi. Azərbaycan beynəlxalq hüququ əsas götürərək, öz ərazilərində anti-terror əməliyyatına və əks-hücuma başladı və BMT-nin, ATƏT Minsk Qrupunun 27 ildə edə bilmədiyini cəmi 44 gün ərzində həyata keçirə bildi.

Müzəffər Azərbaycan Ordusunun Ali Baş Komandanı cənab İlham Əliyev Vətən müharibəsi tarixinə öz adını Qarabağ fatehi kimi yazaraq Prezident, Ordu, Xalq birliyinin sarsılmaz və əbədi olduğunu bir daha sübut etdi. Şuşamızı, torpaqlarımızın hər bir qarışını yağı düşməndən azad edən, bizi məğlub xalq xəcalətindən xilas edən əsgərlərimiz Azərbaycanda yeni bir tarix yazmağı bacardılar. Ali Baş Komandanımızın dediyi kimi düşməni torpaqlarımızdan “ iti qovan kimi” qovdular.

Vətən müharibəsində bir daha əmin olduq ki, xalqla möhtərəm Prezidentimiz, cənab Ali Baş Komandanımız birdir. Bu birlik şəhid övladını ağlamayaraq “Vətən sağ olsun” deyən anaların, nəşini çiynində daşıyan şəhidin həyat yoldaşlarının, “fəxr edirəm ki, atam Vətən yolunda şəhid olub” deyən övladların varlığındadır. Xalq-Heydər birliyinin əbədi, sarsılmaz olduğunu sübut edən Azərbaycan xalqı İlhamla irəli deyərək cənab Prezidentimizin ətrafında sıx birləşib, ona inanır, etibar edir və öz xoşbəxt, firavan, işıqlı gələcəyini İlham Heydər oğlu Əliyevdə görür.

Bu gün Azərbaycan xalqı tam əmindir ki, düşmən tərəfindən dağıdılmış kənd, qəsəbə və şəhərlərimiz cənab Prezidentimizin yorulmaz fəaliyyəti sayəsində tezliklə bərpa olunacaq, ölkəmizin  abad və cənnət bir məkanına çevriləcəkdir.

 

 

 

Səməd Zeynalov,

Salyan rayon Qarabağlı-1 saylı kənd tam orta məktəbin müəllimi


1995-ci ilin mart hadisələri müstəqilliyimizə

qəsd edənlər üçün ibrətamiz bir dərs oldu

 

1995-ci ilin 13-17 mart hadisələri əslində 1994-cü ilin oktyabrında bəzi xarici qüvvələrin diktəsi ilə dövlət çevrilişinə edilən cəhdin növbəti ssenarisi hesab olunur. 1994-cü il sentyabrın 20-də imzalanan "Əsrin müqaviləsi"ndən sonra Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq istəyən qüvvələr əcnəbi havadarlarının tələbi ilə hərəkətə gəldilər. Çünki bu müqavilənin əleyhinə olan və respublikamıza təzyiq göstərmək istəyən xarici qüvvələrin hərəkətləri ölkə daxilində xalqa, dövlətə, dövlətçiliyə düşmən mövqelərlə üst-üstə düşmüşdü. Ancaq xalqın gücü, iradəsi və müstəqil Azərbaycan dövlətinin banisi, ulu öndər Heydər Əliyevin düşünülmüş məqsədyönlü siyasəti nəticəsində bu cəhdin qarşısı alındı.

1994-cü ilin oktyabrında bədnam niyyətləri və planları baş tutmayan cinayətkar ünsürlər, Azərbaycanın müstəqilliyini öz çirkin məqsədlərinə qurban verməyə hazır olanlar, respublikamızı başqa dövlətlərin himayəsində görmək, hətta onu quberniyalara belə bölmək istəyənlər bundan dərin təşviş və narahatlıq keçirirdilər. Amma onlar oktyabr hadisələrindən ibrət götürmədilər. Əksinə, məkrli niyyətlərini həyata keçirmək üçün planlar qurdular.

1995-ci ilin martında həyata keçirilməsi nəzərdə tutulan bu planlar Azərbaycanın sabit inkişaf və islahatlar yoluna qədəm qoyduğu dövrə təsadüf edirdi. Bu hadisələr Azərbaycanda dövlət quruculuğunun ilk praktik uğurlarının önünü kəsməyə yönəlmiş cəhd idi. 1994-cü ilin sentyabrında imzalanan "Əsrin müqaviləsi" 1995-ci ildə reallaşmağa başlanacaqdı. Xarici investorlarla daha bir iri neft müqaviləsi hazırlanır, ölkənin sosial-iqtisadi inkişafını müəyyənləşdirən perspektivlər nəzərdən keçirilirdi. Eyni zamanda 1995-ci ilin payızında ölkə konstitusiyası qəbul edilməli, yeni parlament seçkiləri keçirilməli, bir sözlə, Azərbaycanda hüquqi, demokratik dövlətin inkişafı dönməz xarakter almalı idi.

Lakin bu planlar da Heydər Əliyev qətiyyətinin və xalqın öz rəhbəri ətrafında sıx birləşməsinin qarşısında puç oldu, həyata keçmədi. 1995-ci ilin mart ayında xüsusi təyinatlı polis dəstəsinin törətdiyi dövlət cinayətləri xalqımıza müəyyən zərbələr vursa da, qan tökülsə də, müstəqil Azərbaycan dövlətçiliyini bir daha sınaqdan çıxardı. Onun möhkəm, qüdrətli olduğunu göstərdi, qanunsuz zor işlətməyin mənasızlığını sübut etdi. Həmin hadisələr xalqın ulu öndər Heydər Əliyevə sonsuz məhəbbətini, milli həmrəyliyini, Azərbaycan Respublikasının demokratik əsaslarının möhkəmliyini, konstitusiya və qanunlardan kənar fəaliyyətin yolverilməzliyini nümayiş etdirdi.

1995-ci ilin mart olaylarından sonra Azərbaycanda hərbi müxalifət anlayışına birdəfəlik son qoyuldu. Bu mənada 1995-ci ilin mart hadisələrini müstəqil Azərbaycan dövlətçiliyini iflasa uğratmaq istəyən bədnam qüvvələrin sonuncu uğursuz çarpışması da saymaq olar. Həmin il Azərbaycan dövləti sabit inkişaf yoluna daxil oldu, yeni Konstitusiyanın layihəsi hazırlandı, Milli Məclisə ilk seçkilər keçirildi. Bu gün Azərbaycanda yaşanan iqtisadi yüksəlişi, demokratik dünyaya inteqrasiya üfüqlərinin təməlini o günlərdə Heydər Əliyev dühasının əzəmətində, onun ən kritik anlarda nümayiş etdirdiyi qətiyyət və bacarıqda axtarmaq lazımdır.

Aradan illər ötüb və mart hadisələrinin təşkilatçıları və iştirakçısı olmuş şəxslər ədalət mühakiməsi qarşısında dayanaraq öz haqlı cəzalarını alıblar. Əksəriyyəti ulu öndər Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin mərhəməti sayəsində əfv olundular. 26 il öncə ölkədəki siyasi sabitliyi, vətəndaş həmrəyliyini pozmağa çalışan təxribatçılar məhz dövlət başçısının humanistliyindən bəhrələndilər. Artıq ölkəmizdə heç bir qüvvə daxili sabitliyi pozmağa, vətəndaş itaətsizliyi yaratmağa, dövlət çevrilişi etməyə cəhd göstərə bilməz. Çünki bütün bu məkrli niyyətlərin qarşısında ulu öndər Heydər Əliyevin qurduğu və Prezident İlham Əliyevin inkişaf etdirdiyi Azərbaycan dövləti, bu dövlətə və onun rəhbərinə bağlı xalq var!

 

Telman Ağabəyov,

Salyan rayonu Kürqaraqaşlı bələdiyyəsinin sədri

Ulu öndər Heydər Əliyevin müdriklikliyi,qətiyyətli siyasəti nəticəsində

Dövlət çevrilişi cəhdinin qarşısı  alındı

 

 

1995-ci ilin mart hadisələrindən 26 il keçir. Hər il ölkəmizə Novruz bayramı qədəm qoyanda o illərin acı hadisələri bir anlıq da olsa göz önünə gəlir, hakimiyyəti silahlı yolla ələ almaq istəyənlərin xəyanətkar əməlləri yada düşür.

Azərbaycan müstəqilliyini əldə etdiyi ilk illərdə hakimiyyətə rəhbərlik edənlərin cəsarətsizliyindən, qorxaqlığından və qeyri-prinsipiallığından yararlanan belə qüvvələr qanunlara tabe olmaq istəmir, soyğunçuluq, quldurluq əməllərini davam etdirir, öz hegemonluqlarını qoruyub saxlamağa çalışırdılar. Lakin onlar sanki unudurdular ki, hakimiyyətə ulu öndər Heydər Əliyev kimi bir şəxsiyyət rəhbərlik edir.

Ulu öndərin qətiyyəti, respublika hüquq-mühafizə orqanlarının gördüyü operativ tədbirlər nəticəsində dövlət orqanlarının normal fəaliyyəti bərpa olundu. XTPD-nin başçısının ərköyünlüyü və bu qurumun bir qrup üzvünün özbaşınalıqları, qanunlara tabe olmamaları və quldurluq əməlləri dözülməz hala çatmışdı. Respublikanın daxili işlər naziri, general-mayor Ramil Usubovun 14 mart 1995-ci il tarixli əmri ilə Xüsusi Təyinatlı Polis Dəstəsi ləğv edildi.

1995-ci ilin mart hadisələri Azərbaycan xalqının, müstəqillik yolunda ilk kövrək addımlarını atan bir dövlətin tarixində iki cəhətdən yadda qaldı. Birincisi, hər addımda qışqıra-qışqıra dövlətin, dövlətçiliyin tərəfində durduğunu, guya xalqını, Vətənini canından artıq sevdiyini bəyan edənlərin iç üzləri açıldı. Xalq öz cılız ambisiyaları üçün müstəqilliyi məhvə aparmağa hazır olan, millətinin qanına susamış xəyanətkarları tanıdı. İkincisi, dövlət özünü qorumaq iqtidarında olduğunu bir daha göstərdi.

1994-cü ilin oktyabr və 1995-ci ilin mart hadisələrinin qarşısı qətiyyətlə alındıqdan sonra xalqa bir daha bəyan oldu ki, ümummilli lider Heydər Əliyev kimi bir şəxsiyyəti hakimiyyətə gətirməklə həm öz gələcəyini, həm də Azərbaycanı xilas edib. Bundan sonra Azərbaycanın müstəqilliyi daha da möhkəmləndirildi və əbədi oldu.

 

 

Ülviyyə Ağalarova,

Salyan rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı

Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra Zəfər sevincini yaşayır

 

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Novruz bayramı günlərində işğaldan azad olunmuş ərazilərə, xüsusi ilə Şuşaya səfəri böyük əhəmiyyətə malikdir. Bu gün bütün dünyanın diqqəti Azərbaycana yönəlib. Çünki Azərbaycan öz qüvvəsinə söykənərək beynəlxalq hüquq normaları çərçivəsində ərazi bütövlüyünü bərpa etməyə müvəffəq olub. Bütün dünya Ermənistanın bir vaxtlar işğal altında saxladığı ərazilərdə törətdiyi vəhşilikləri, barbarlığı öz gözləri ilə görür. Dünya ictimaiyyəti bir daha yəqin oldu ki, işğalçı Ermənistan bu ərazilərdə yaşayış üçün heç bir şərait yaratmayıb.

Doğma və tarixi torpaqlarına qovuşan ölkəmiz çox qısa müddətdə işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinə start verib və burada tezliklə insanların sivil qaydada yaşayışı təmin olunacaq. Bu istiqamətdə çox mühüm işlər görülür- yollar çəkilir, infrastruktur layihələri həyata keçirilir, ayrı-ayrı şəhərlərin baş planları hazırlanır. Təbii olaraq, bunların içində mədəniyyət beşiyimiz olan Şuşa şəhərinin yenidən qurulması xüsusi yer tutur. Şuşa Azərbaycanın mədəniyyət tarixini əks etdirən bir şəhərdir. Mənfur düşmən nə qədər əlləşib-vuruşsa da Şuşanı dünyaya öz şəhəri kimi təqdim etməyə müvəffəq ola bilmədi və edə bilməzdi də. Çünki Şuşa bizim canımız, qanımız, ürəyimizdir.

Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız Şuşaya dəfələrlə səfər edib və dövlətimizin başçısı hər səfərində Şuşa ilə bağlı görüləcək işlər, planlar barədə ictimaiyyətə öz mesajlarını verib. Prezident cənab İlham Əliyev Şuşada Novruz tonqalını alovlandırması ilə dünya ictimaiyyətinə yeni mesajlar verdi. Dövlətimizin başçısı mesaj verdi ki, “Azərbaycan öz tarixi torpaqlarını qorumaqda və heç kəsə verməməkdə qətiyyətlidir. Bir daha bəyan edildi ki, artıq münaqişəyə son qoyulub və Dağlıq Qarabağ deyilən problem yoxdur. Ölkəmizin başçısı bildirdi ki, müxtəlif xalqların nümayəndələri bərabər hüquqlara malikdirlər. Onlar Azərbaycanda heç bir maneə olmadan sərbəst yaşayırlar və bundan sonra da belə olacaq”.

Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra Zəfər sevincini yaşayır. Böyük Qələbəmiz Prezident cənab İlham Əliyevin düşünülmüş, müdrik və uzaqgörən siyasətinin nəticəsidir. Biz torpaqlarımızı dövlətimizin iqtisadi və siyasi gücü, Azərbaycan gənclərinin mərdliyi, qəhrəmanlığı sayəsində azad etdik. Dövlətimizin başçısının vurğuladığı kimi, Vətən müharibəsində torpaq üçün ölümü gözə alan gənclərimiz məhz ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və bu gün uğurla davam etdirilən gənclər siyasətindən bəhrələniblər. Vətənin azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi daim qəlbimizdə yaşayacaq. Bu gün Vətən müharibəsinin iştirakçıları olan gənclərimiz bizimlə çiyin-çiyinə çalışırlar.

Prezident İlham Əliyev Şuşaya növbəti səfəri ilə bir daha Azərbaycanın öz taleyinə və müqəddəratına sahib ölkə olduğunu dünyaya göstərdi. Ölkəmiz dünya birliyində layiqli yeri olduğunu sübut etdi. Azərbaycan bundan sonra da dünyanın gözündə daim müasirliyə, yeniliyə yelkən açan, tolerant və sivil ölkə kimi tanınacaq və seviləcəkdir.

 

 

 

Aytən Hüseynova,

Salyan şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyanın müəllimi


Ali Baş Komandan İlham Əliyevin Şuşaya səfəri

regionun inkişafı baxımından tarixi əhəmiyyət kəsb edir

 

 Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərdə tarixi ədaləti bərpa edən Ali Baş Komandanımızın Şuşaya səfəri xalqımızı bu torpaqlara qayıtmağa ruhlandırdı.

 Prezidentimiz İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın Zəfər yolu ilə gələrək gecəni Şuşada keçirməsi o torpaqlarda sabitliyin, hərbi təhlükəsizliyin etibarlı şəkildə təmin olunduğunu göstərir. Ali Baş Komandanımız İlham Əliyevin istər döyüş meydanında, istərsə də siyasi arenada mübarizə apararaq böyük qələbə əldə etməsi bütün dünyaya məlumdur. Vətən torpağı uğrunda canlarından keçmiş şəhidlərimizin və qazilərimizin şücaəti torpaqlarımızı geri qaytarmaqda böyük əhəmiyyət kəsb etmişdir. Xalq- iqtidar birliyi, Ali Baş Komandan İlham Əliyevin xalqa arxalanması, informasiya müharibəsində onun Azərbaycanın haqq səsi olması, cəsarətlə bütün təzyiqlərə sinə gərməsi xalqımıza qələbə sevincini yaşatdı.

Qələbəmizin əldə olunmasında mühüm amillərdən biri tarixi şəhərimiz olan Şuşanın işğaldan azad edilməsi idi. Ölkə başçısının Şuşaya hər səfəri bu torpaqlara yeni ruh, yeni nəfəs verir. Cənab prezidentin dediyi kimi ”Bu gün bir daha Şuşaya gəlmək insana böyük zövq verir. Sol tərəfdə Şuşanın qarlı, dumanlı dağlarıdır. Şuşa insanı özünə o qədər cəlb edir ki, buraya gələnlər qayıtmaq, getmək istəmirlər”.

 Cənab prezidentimiz İlham Əliyev Şuşaya gəlişi ilə Vaqifin məqbərəsinin tezliklə bərpa ediləcəyi haqqında məlumat verir. Ulu Öndər Heydər Əliyevin burada olarkən həm açılışında, həm də poeziya günündə iştirak etdiyini xatırlayan İlham Əliyev tarixi bərpa etdiyini söylədi.

 Şuşanın gözəlliyinə böyük önəm verən Prezident İlham Əliyev Şuşanın bütün mövsümlərdə gözəl olduğunu və bu gözəlliyi qorumaq üçün bulaqların bərpa olunmasının vacibliyini vurğulamışdır. Vaqifin muzey-məqbərə kompleksinin bərpası, məscidlərimizin bərpası ilə bağlı göstərişlərin verilməsi dövlət başçısının maddi-mədəni, dini dəyərlərimizə əhəmiyyətinin bariz nümunəsidir.

Şuşa şəhərinin tarixi mərkəzində yerləşən və Qarabağ xanlığının banisi Pənahəli xanın iqamətgahı olmuş sarayın qalıqlarına baxan Prezident: ”Bu, tarixi abidə idi. Mənfur düşmən gəlib bizim torpağımızı zəbt edib, insanları qovub, tarixi abidələrimizi dağıdıb, söküb, vandallıq edib, barbarlıq edib. Bütün beynəlxalq təşkilatlar gəlsinlər, görsünlər bunu” demişdir.

Ali Baş Komandanımızın göstərişi ilə artıq Şuşa yarımstansiyası fəaliyyət göstərir və Şuşanı dayanıqlı enerji ilə təmin edir.

Şuşa əzəli Azərbaycan şəhəridir və ermənilər Şuşanı erməni şəhəri kimi qələmə vermək istəsələr də, Şuşanın təməlinin Pənahəli xan tərəfindən qoyulması və burada azərbaycanlıların  yaşamasını tarix özü sübut edir. Artıq hər birimiz inanırıq ki, bu il Qarabağa, Şuşaya möhtəşəm qayıdışımız olacaqdır.

Yaşasın cənab Prezidentimiz! Yaşasın Qarabağ!

Qarabağ Azərbaycandır!

 

 

Dinarə Dadaşova

Salyan şəhər 9 saylı tam orta məktəbin müəllimi