Son xəbərlər

Azərbaycan polisi — Daxili İşlər Nazirliyinin strukturuna daxil olan, həmçinin “Polis haqqında” Qanununa əsasən Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş hüquq-mühafizə orqanıdır. “Polis haqqında” Qanunun 3-cü maddəsinin 1-ci hissəsində qeyd olunub ki, Azərbaycanda polisin təyinatı insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini, mülkiyyətini hüquqa zidd əməllərdən qorumaqdan ibarətdir. Həmçinin bu Qanunun 5-ci maddəsinin 1-ci bəndində də qeyd olunub ki, polis üzərinə düşən vəzifələrini yerinə yetirərkən irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, bütün şəxslərin Azərbaycan Respublikasının Konstitusiyasında və tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə nəzərdə tutulmuş hüquqlarını və qanuni mənafelərini hüquqa zidd əməllərdən qoruyur.

Faktdır ki, ötən ilin əvvəllərindən başlayaraq bəşəriyyəti ağuşuna alan, həmçinin ölkəmizdə geniş yayılan koronavirus pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində, Daxili İşlər nazirliyinin əməkdaşları operativ fəaliyyət göstərdilər. Yəni, belə bir vaxtda Azərbaycan polisi hər kəsin tibbi maskalardan istifadə etməsinə, sosial məsafə saxlmasına, küçəyə çıxmaq üçün icazənin olub-olmamasına, paralel olaraq ictimai asayişin qorunub saxlanmasına çalışdılar. Bir sözlə, xüsusi karantin rejimi qaydalarının tətbiq olunduğu vaxtlarda Azərbaycan polisi üzərinə düşən vəzifələrinin öhdəsindən layiqincə gəlməyi bacardı. Bütün bunlar onu sübut edir ki, polis əməkdaşları hər zaman ölkə əhalisinin təhlükəsizliyinin təmin olunmasında, ictimai asayişin qorunub saxlanmasında, qanun-qaydanın bərpasında və s. xüsusi rola malik olurlar. Adicə bir faktı qeyd edim ki, bir neçə gün bundan öncə üz-üzə qaldığımız olayın varlığı, məhz yuxarıda qeyd etdiklərimi bir daha sübuta yetirir. Belə ki, azyaşlı övladım Abşeron rayonu, Masazır qəsəbəsində yaşadığımız evdən küçəyə çıxır və o, yolu azaraq başqa istiqamətə üz tutur. Bir neçə saat qonşularla birlikdə azyaşlı övladımızın axtarışını həyata keçirsək də, son anda nəyəsə nail ola bilmədik. Nəhayət, bir qədər vaxt keçdikdən sonra bizə xəbər çatdırdılar ki, ərazidə xidməti vəzifələrini yerinə yetirən Abşeron RPİ post-patrul xidmətinin əməkdaşları Mikayıl Məmmədov, Rəvan Qarayev və Əli Quliyev azyaşlı uşağın hərəkətlərində şübhəli davranışları hiss edirlər və dərhal ona nəvazişlə yaxınlaşıb uşağı yaxınlıqdakı dükana aparırlar. Hətta azyaşlını sakitləşdirmək məqsədilə, ona mağazadan istədiyi hər şeyi alacaqlarını da vəd edirlər. Çox keçmədi ki, post-patrul xidmətinin əməkdaşları uşağı bizə təhvil verdilər və sevincimizin üstünə yeni bir sevinc hissi qatdılar. Belə bir sevinc hissini ailəmizə yaşadan və yuxarıda adlarını hallandırdığım post-patrul xidmətinin hər üç əməkdaşına şəxsən minnətdarlığımı bildirirəm.

Hörmətli Vilayət müəllim! Şəxsən Sizə də minnətdarıq ki, bu gün xidməti borcunu şərəflə yerinə yetirən və hər an ayıq-sayıqlıq nümayiş etdirən belə bir polis əməkdaşlarımız var. Bundan əlavə, Abşeron RPİ-nin rəhbərliyinə və şəxsi heyyətin hər bir üzvünə də, məhz dərin minnətdarlığımızı çatdırırıq. Baş verən olay bir daha onu sübut etdi ki, bu gün Abşeron polisi də xalqın keşiyində şərəflə, vicdanla xidməti borcunu yerinə yetirməkdədir. Biz bir daha əmin olduq ki, hər cür çətin və anlaşılmaz hallarda tək deyilik və bu gün bizi güclü, ayıq-sayıq Azərbaycan polisi qoruyur. Bir sözlə, bu gün daşıdığı adına, tutduğu mövqeyinə, milli dövlətçilik idealogiyasına sadiq qalan, xalqının daha çox etimadını qazanan, Vətəninə, xalqına ləyaqətlə, şərəflə xidmət edən polis əməkdaşlarımız var. Odur ki, eşq olsun Azərbaycan Polisinə!


Pandemiya ilə qlobal mübarizədə Azərbaycan fəal mövqe nümayiş etdirir


Azərbaycan qlobal həmrəyliyə və əməkdaşlığa xidmət edən, təşəbbüsləri ilə fərqlənən ölkədir. Bu zamana qədər cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə koronavirusa qarşı mübarizə çərçivəsində çox mühüm, ardıcıl və məqsədyönlü addımlar atılıb.

COVİD–19 pandemiyası ilə mübarizədə dövlətimizin bütün potensialı səfərbər olunmuşdur. Onu da vurğulamaq istəyirəm ki, dövlətimiz təkcə öz daxilində deyil, pandemiya ilə qlobal səviyyədə də mübarizə aparır. Çünki Yer üzünün ortaq bəlası olan COVİD–19 təhlükəsindən beynəlxalq əməkdaşlıq sayəsində qurtulmaq mümkündür. COVİD–19 pandemiyasına qarşı mübarizədə ölkələrin səylərini birləşdirməsi, çoxtərəfli əməkdaşlıq göstərməsi təşəbbüsünü də Azərbaycan irəli sürüb. Eyni zamanda, ölkəmiz COVİD–19-a qarşı mübarizədə qlobal həmrəyliyin nümunəsi kimi Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə ayırmış, 30-dan artıq dövlətə humanitar yardım göstərmişdir. Pandemiyanın birinci günündən etibarən biz bu təşkilatla daim əlaqədə olmuşuq.

Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının koronavirusla mübarizəyə həsr edilmiş Zirvə toplantısının təşəbbüskarı olmuş və onu uğurla keçirmişdir. Qoşulmama Hərəkatına başçılıq etməklə Azərbaycan pandemiyaya qarşı qlobal miqyasda mübarizə işinə sanballı töhfə vermiş, eyni zamanda, Hərəkatın nüfuzunun beynəlxalq aləmdə oynadığı rolun artırılması istiqamətində çox mühüm təşəbbüslər irəli sürmüşdür. Qeyd etmək lazımdır ki, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı koronavirusla mübarizədə nümunə ölkə adlandırmış, Azərbaycanın digər ölkələrə yardımını təqdir etmişdir.

Hazırda dünya COVİD- 19-a qarşı vaksinləşmə işlərini həyata keçirir. Vaksinləşmə işlərində ayrı-seçkiliyin olmaması istiqamətində də vətənimiz örnək davranış nümayiş etdirir. Dövlət başçımız hər zaman bütün beynəlxalq forumlarda qeyd edir ki, kifayət qədər maliyyə resurslarına malik olmayan ölkələrin də vaksinlərdən istifadə etmək imkanı inkişaf etmiş ölkələr kimi olsun, bu məsələdə ayrı-seçkilik olmasın. Bəli, bir daha vurğulamaq yerinə düşər ki, Azərbaycan COVİD-19 təhlükəsi ilə sadəcə ölkə daxilində deyil, həm də beynəlxalq müstəvidə uğurla mübarizə aparır.

Beləliklə, cənab Prezident İlham Əliyev dünya ölkələri və bütövlükdə bəşəriyyət üçün olduqca həssas bir dönəmdə çox mühüm təşəbbüslərlə çıxış edir, Azərbaycanın nümunəvi təcrübəsini bölüşür və liderlik keyfiyyətini nümayiş etdirir. Pandemiya ilə mübarizədə cənab Prezidentin gördüyü uğurlu işlər Azərbaycanın necə güclü dövlət olduğunu bir daha sübut etdi.



Turanxanım Mehdiyeva,

Salyan şəhər 9 saylı tam orta məktəbin müəllimi


Azərbaycan pandemiyaya qarşı qlobal fəaliyyətin səfərbər edilməsi

istiqamətində uğurlu fəaliyyət həyata keçirməkdədir


İki ilə yaxındır ki, bütün dünya qlobal bəlaya çevrilmiş yeni növ koronavirus (COVİD-19) pandemiyası ilə mübarizəyə səfərbər olub. Qeyd etmək lazımdır ki, ölkəmizdə bu virusa ilk yoluxma halı qeyd olunan andan, yəni ötən ilin fevral ayından COVİD-19-a qarşı effektiv və təxirəsalınmaz tədbirlər görülməkdədir. Dövlətimiz xüsusi Tədbirlər Planı həyata keçirməklə istər insanların sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, istərsə də koronavirus xəstələrinin müalicəsi, səhiyyə infrastrukturunun təkmilləşdirilməsi, yeni xəstəxanaların açılması və tibb müəssisələrinin texniki təchizatı baxımından bütün məsələləri uğurla həll etdi. Eləcə də, koronavirusun iqtisadiyyata təsirinin azaldılması, özəl sektorun dəstəklənməsi, makroiqtisadi və maliyyə dayanıqlığının təmin olunması məqsədilə geniş sosial-iqtisadi paket təqdim edildi.

Vurğulamaq lazımdır ki, əhalinin sağlamlığının qorunması istiqamətində atılan addımlar genişmiqyaslılığı ilə seçilir. Qısa zamanda COVID-19 virusunun diaqnostikası, habelə bu xəstəliyin müalicəsi üçün zəruri olan Avropa istehsalı laborator testlər, tibbi avadanlıq və ləvazimatlar, qoruyucu vasitələr Azərbaycana gətirilib. Paytaxt və regionlarda xüsusi rejimli xəstəxanalar, karantin zonaları yaradılıb. Bu ilin yanvar ayından pandemiyaya qarşı peyvəndləmə prosesi isə yoluxmaya qarşı mübarizədə mühüm mərhələ sayıla bilər. Bu günədək 1,4 milyon vaksin istifadə olunmuşdur ki, bu da əhalinin 14 faizini təşkil edir.

Qeyd olunmalıdır ki, Azərbaycan pandemiyaya qarşı qlobal fəaliyyətin səfərbər edilməsi istiqamətində də uğurlu fəaliyyət həyata keçirməkdədir. Qoşulmama Hərəkatının sədri qismində 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının koronavirusla mübarizəyə həsr edilmiş Zirvə toplantısının təşəbbüskarı olan ölkəmizin təşəbbüsü ilə ötən ilin dekabr ayında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirildi. Bununla yanaşı, Azərbaycan hər zaman koronavirusla mübarizə tədbirləri çərçivəsində digər ölkələrdə də mühüm tədbirlərin həyata keçirilməsində, vaksinasiyanın ədalətli şəkildə baş tutmasında təşəbbüsçü qismində çıxış edir. Təsadüfi deyil ki, aprelin 26-da videoformatda keçirilmiş BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının 77-ci sessiyasında çıxış edən Prezident İlham Əliyev bildirib ki, Azərbaycan koronavirusla bağlı əksəriyyətinin ən az inkişaf etmiş olduğu 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərmişdir. Bununla yanaşı, tədbirdə vaksinlərin ölkələr arasında ədalətsiz bölgüsü qlobal təhdid yaradan tendensiya olduğu vurğulanıb və qeyd edilib ki, “vaksin millətçiliyi”, vaksinlərin inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında ədalətsiz bölgüsü Azərbaycanı dərindən narahat edir. Dünyada mövcud vaksinlərin 53 faizi 30-dan çox zəngin dövlət tərəfindən sifariş edilib.

Göründüyü kimi, pandemiya ilə qlobal mübarizədə Azərbaycan fəal mövqe nümayiş etdirməkdədir. Yalnız milli səviyyədə həyata keçirilən səylər dünyada pandemiyanın aradan qaldırılması üçün kifayət etmir. Bu baxımdan, Azərbaycan həm Qoşulmama Hərəkatının sədri kimi, həm də milli səviyyədə dünyada vaksinlərin ədalətli bölgüsü və vaksinlərin inkişaf etməkdə olan və ən az inkişaf etmiş ölkələr üçün əlçatanlığının təmin edilməsi istiqamətində mübarizəsini davam etdirməkdədir.


Sabir Kərimov,

Salyan Mərkəzi Rayon Xəstəxanasının Pediatriya şöbəsinin müdiri.

Azərbaycanın iqtisadi inkişafı Cənubi Qafqazın və bütövlükdə dünya ölkələrinin inkişafına önəmli situasiya yaradacaqdır


Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev 26 aprel 2021-ci il tarixdə BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial komissiyasının 77-ci sessiyasında tarixi, lakonik və faktlara əsaslanan məzmunlu çıxış etmişdir.

Cənab Prezidentimiz zamanı qabaqlayan siyasətinə və məntiqə söykənən çıxışında aşağıdakı məsələlərə önəmli diqqət kəsb olunmasını sessiya iştirakçılarının nəzərinə çatdırmışdır:

1. COVİD-19 pandemiyası ilə Azərbaycan dövlətinin bütün potensialının səfərbər olması;

2. Əhali arasında vaksinasiyanın davamlı şəkildə təşkil olunması;

3. Azərbaycan Respublikasının pandemiyaya qarşı qlobal fəaliyyətin səfərbər olunmasına çalışması;

4. Vaksinlərin ölkələr arasında ədalətsiz bölgüsü;

5. Bəzi ölkələrə qarşı tətbiq olunan “İkili standartlar“ siyasətinin dünyanın dayanıqlı inkişafı üçün maneələr yaratması;

6. Ermənistanın işğalçı siyasətinə son qoyulması və tarixi ədaləti Azərbaycan xalqının özünün bərpa etməsi;

7. Azərbaycanın inkişafının bütün regionun inkişafına zəmin yaratması;

Çıxışımda bu actual və dünya siyasət arenasını düşündürəcək 7 məsələdən iki məsələ üzərində dayanmaq istərdim. 6-cı və 7-ci məsələlərə geniş yanaşma baxımından demək istəyirəm ki, 27 sentyabr 2020-ci ildə mənfur, xain, vandal erməni qonşularımızın yenidən Azərbaycan torpaqlarını işğal etmək istəyinə qarşı Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin əmri ilə Azərbaycan ordusu əks həmlə hücumuna keçdi. 44 gün ağır döyüşlər getdi. 30 ilə yaxın işğal altında olan Qarabağ torpağında ermənilər böyük mühəndislik işləri görmüş və möhkəmlənmişdilər. Müzəffər Azərbaycan ordusunun şücaəti, qəhrəmanlığı və igidliyi nəticəsində “alınmaz” hesab edilən torpaqlarımız işğaldan azad edildi. Tarixdə misli görünməyən bir qəhrəmanlığın nəticəsi olaraq təxminən 1800 günə işğal olunmuş Qarabağ torpağı 44 günə işğaldan azad olundu. 44 günlük Vətən müharibəsində 2841 nəfər igidimiz Şəhidlik zirvəsinə ucaldı.

10 noyabr 2020-ci il tarixində Ermənistan “kaputiliyasiya aktı”na məcburi imza atdı və məğlub olmasını bəyan etdi. Biz zəfər çaldıq. Bu zəfər Müzəffər Ali Baş Komandan-Ordu-Xalq birliyinin nəticəsində mümkün oldu. Ali Baş Komandanın biliyindən, zəkasından qaynaqlanan Müzəffər Azərbaycan ordusu birlik nümayiş etdirərək qələbə çaldı.

Təbii ki, bütün yuxarıda sadalananlarla yanaşı, Azərbaycan dövləti bu şanlı qələbəyə ölkənin dayanıqlı iqtisadi inkişafının nəticəsində nail oldu.

2003-cü ildən keçən 17 il ərzində, zaman kəsiyi baxımından qısa bir dövrdə Azərbaycanın iqtisadiyyatı, ölkədə düşünülmüş şəkildə aparılan milli prioritetlər, sosial və iqtisadi inkişafa söykənən islahatlar dövlətimizi dünyada inkişaf etmiş ölkələr sırasına çıxarmışdır. Alternativi olmayan bu inkişafın kökündə siyasi sabitlik, iqtidar-xalq birliyi, qarşılıqlı inam və etibar, sosial və iqtisadi inkişafa xidmət edən prioritet hədəflər dayanır.

Bu gün işğaldan azad olunmuş ərazilər erməni faşizminin şahididir. Bu gün dünya Cənubi Qafqaz deyəndə Azərbaycanı, Azərbaycan deyəndə Cənubi Qafqazı düşünür. Azərbaycan dövləti də Cənubi Qafqazdə dayanıqlı sülh və təhlükəsizliyi təmin etmək niyyətindədir.

Bu məqsədlə, Azərbaycan dünyanın coğrafi qütblərini birləşdirən nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrini həyata keçirir və keçirməkdədir. Bundan ötrü Azərbaycan dövləti növbəti 10 illik sosial-iqtisadi inkişafla bağlı müəyyən olunmuş hədəflər hazırlamışdır:

Həmin hədəflər bunlardır:

1.Rəqabətli insan kapitalı. 2.Azərbaycanımızın müasir innovasiya məkanı olması. 3.Qarabağa “Böyük Qayıdış”. 4.Təmiz ətraf mühit. 5.”Yaşıl artım”.dan ibarət hədəflərin məqsədi regionda daimi təhlükəsiz həyatın yaranmasına şərait yaratmaqdır.

Bilirik ki, hal –hazırda Azərbaycan Respublikasının ərazisindən keçməklə Şərq-Qərb nəqliyyat dəhlizi fəaliyyət göstərməkdədir. Bu gün İşğal altında olan torpaqlarımızın bizdə olması və “Zəngəzur nəqliyyat dəhlizi”nin yaranmasına çalışmaq Asiyanı Avropa ilə birləşdirmək məqsədi daşıyır. Bu dəhliz Azərbaycana Avrasiyanın nəqliyyat mərkəzi kimi mövqeyini gücləndirməyə töhfə verəcəkdir.

Bir sözlə, Azərbaycanın iqtisadi inkişafı Cənubi Qafqazın və bütövlükdə dünya ölkələrinin inkişafına önəmli situasiya yaradacaqdır.



Nuray Həsənzadə,

Salyan rayon Şəkərli kənd ümumi orta məktəbin müəllimi


Azərbaycan "Zəngəzur dəhlizi" vasitəsilə qısa zamanda Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirəcək

 

44 günlük Vətən müharibəsində əldə olunmuş qələbə ərazi bütövlüyümüzün bərpası ilə yanaşı, 30 ilə yaxındır ki, ayrı düşdüyümüz torpaqlara qovuşmamızı da təmin etdi. Erməni vandallarının vəhşiliyi nəticəsində yurdlarımız, rayon və kəndlərimiz tamamilə dağıdılıb, xarabalığa çevrilib. Amma bütün çətinliklərin öhdəsindən gəldiyi kimi Azərbaycan dövləti bu torpaqlarda yenidən bərpa, quruculuq işlərini də həyata keçirmək istiqamətində mühüm planlar həyata keçirməkdədir. Prezident İlham Əliyev tərəfindən həmin ərazilərdə ardıcıl, planlı və məqsədyönlü şəkildə böyük quruculuq, tikinti işlərinin aparılması tapşırığı verilib.

Xüsusi olaraq vurğulanmalıdır ki, müəyyən olunmuş milli prioritetlər ölkənin dayanaqlı inkişafını təmin edilməsində mühüm amillərdən sayılır. Bu ilin əvvəlində ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" gələcək onillikdəki inkişafımızın əsas istiqamətlərinə çevrilib. Qeyd edilməlidir ki, ötən 17 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu dövlət siyasəti Azərbaycanın dünyada sabit, təhlükəsiz və müasir həyat səviyyəsini təmin etmiş ölkə kimi tanınmasına yol açıb. İqtisadi inkişafdan qaynaqlanan yüksək maliyyə imkanlarının uzun illər makroiqtisadi sabitliyə və artıma mühüm töhfə verib, təhlükəsizliyin təmini üçün güclü potensial yaradıb. Bu mənada, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət, rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı, işğaldan azad olunmuş ərazilərə böyük qayıdış və təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi kimi hədəflər müəyyənləşdirilib. Qarşıdakı onillikdə həyata keçirilməsi nəzərdə tutulmuş bu proiritetlər ölkə vətəndaşlarının sosial rifahının yüksəldilməsi ilə yanaşı, daha güclü və qüdrətli Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyacağını, müasir innovasiyalar məkanı, işğaldan azad olunmuş ərazilərə böyük qayıdışı, təmiz ətraf mühit və "yaşıl artımı" reallaşdıracağını deməyə əsas verir.

Eləcə də, Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı qələbə ilə  regionda dayanıqlı sülh və təhlükəsizliyi təmin etmək arzusundadır, həmçinin, Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrinin icrasına mühüm töhfə verir. Azərbaycan ərazisindən Asiyanı Avropa ilə birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq "Zəngəzur nəqliyyat dəhlizi" üzərində çalışan Azərbaycan bu mühüm kommunikasiya xəttinin vasitəsilə qısa zamanda Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirəcək. Həyata keçirilən layihərə və regionda formalaşan əməkdaşlıq platformaları isə işğaldan azad edilmiş torpaqların bərpasının daha sürətli həyata keçirilməsini təmin edəcək.  Nəzərə alsaq ki, işğaldan azad olunmuş, Lüksemburqdan dörd dəfə böyük olan ərazidə müasir layihələr icra olunacaq və irimiqyaslı yenidənqurma işləri aparılacaq, "ağıllı şəhər", "ağıllı kənd" və "yaşıl enerji" konsepsiyalarından istifadə olunacaq, bu ölkəmiz üçün böyük siyasi-iqtisadi, sosial dividendlər vəd edir.

 

 

Məhəmməd Mehdiyev,

Salyan rayon Seyidan kənd ümumi orta məktəbin direktoru