Son xəbərlər

Kərə yağlarına hansı maddələr qatılır? - şikayət var, amma araşdırılmır














İndiyədək Azərbaycanda ən keyfiyyətli yağlardan biri hesab olunan “Westgold” kərə yağlarına son 1 aydır mənşəyi bəlli olmayan qatqılar qatılır.
Bu barədə Demokrat.az saytına məlumat verən şikayətçi bildirib ki, son zamanlar xüsusilə də “Bravo” və “Bazarstore” mağazalar şəbəkəsində satılan yağların tərkibinə xüsusi qatqılar əlavə edilir ki, bu da məhsuldan üfunət qoxusunun gəlməsinə səbəb olur:

“Bu yağdan istifadə edən zaman yağdan gələn pis qoxulardan mətbəxdə dayanmaq olmur. Xüsusilə də “Bravo” və “Bazarstore” marketlər şəbəkələrində satılan bu yağların hamısında tərkibi eyni cürdür. Hətta, “Bazarstore” şəbəkəsinin metronun “Qara Qarayev” stansiyası yaxınlığında yerləşən mağazasında satıcılara da bu barədə məlumatlar verilib. Market əməkdaşları isə yağlardan bu cür pis qoxu gəlməsinin səbəbini bilmədiklərini deyirlər”.

Həmçinin məlumatda bildirilir ki, məsələnin araşdırılması üçün aidiyyatı qurumlara da müraciət edilib.

Bizimyol.info olaraq məsələni araşdırmaq üçün adıçəkilən “Bravo” marketlər şəbəkəsinə, eləcə də adıçəkilən “Bazarstore” mağazalar şəbəkəsinə, “Azərsun” holdinqə informasiya sorğusu göndərilsə də vətəndaşın iddiaları ilə bağlı heç bir cavab verilməyib. Eyni zamanda Qida Təhlükəsizlik Agentliyinə sorğu göndərilsə də, sorğuya cavab verilməyib.

“Westgold” kərə yağının istehsalçısı olan “West product marketing” şirkətinin satış meneceri Bizimyol.info-ya açıqlamasında bunun mümkünsüz olduğunu və şirkətin məhsullarının xüsusi sertifikatları olduğunu bildirdi:

“Məhsullarımız yüksək keyfiyyət göstəricilərinə görə bütün beynəlxalq standartlara cavab verir. “HALAL” və “KOSHER” sertifikatları mövcuddur. Belə halların aşkarlanması mümkünsüzdür. Daha ətraflı məlumatı isə fakt konkret olaraq araşdırılandan sonra verə bilərik”.
“Azərsun”da haqq-ədalət yoxdu” – Mühafizəçi “Azərsun”a aid mühafizə xidmətini məhkəməyə verib














“Azərsun” Holdinqin tərkibində olan “Xəzər” Mühafizə və Təhlükəsizlik Xidməti-A” MMC-nin əməkdaşı Kənan Orucəliyev Birinci vitse-prezident Mehriban Əliyevaya ünvanladığı məktubunda çalışdığı şirkət tərəfindən qanunsuzluğa məruz qaldığını bildirib.

“AzPolitika.info”ya da ünvanlanmış müraciətdə qeyd olunur ki, hadisə Dübəndi neft terminalında baş verib. Belə ki, mühafizəçi xidməti rəhbərliyinin kobud və nalayiq ifadələrinə etiraz edəndən sonra təzyiqlərə məruz qalıb. ““Azərsun” Şirkətində qeyri-qanuni işləyən bizim sahə rəisimiz, Xəzər Rayon Mühafizə İdarəsinin polis əməkdaşı Ramiz Rüstəmov düzülüşdə təlimat keçdiyi zaman söyüş söyüb, bizi təhqir etdiyi üçün etik çərçivədə etirazımı bildirdim. Ancaq R.Rüstəmov durmadan söyüşü 3 dəfə təkrarladı.

Hətta onun özbaşınalığına etiraz edəndə “Azərsun”da müdiriyyət müdiriyyətin sözünü eşidir, sizi kim eşidecek? “Azərsun”da haqq-ədalət yoxdu” deyə, özünəarxayınlıqla cavab verdi. Bundan sonra, 11.12.2018-ci ildə etirazıma görə mənə töhmət verildi, iş yerim dəyişdirildi, maaşım kəsildi və töhmətlə razılaşmayıb, imzalamadığım üçün 10 gün işə buraxılmadım…”
Özünə qarşı haqsızlıq edildiyini bildirən zərərçəkmiş bununla bağlı şirkət rəhbərliyinə şikayət etsə də, onun probleminə məhəl qoyulmayıb. Buna görə də Dövlət Əmək Müfəttişliyinə müracət etməli olan mühafizəçinin şikayətinə burada da gözlədiyi reaksiya verilməyib: “Əmək Müfəttişliyinə bizim şirkətdən cavab olaraq bildirilib ki, şikayətçi əmakdaşa töhmət verilməyib və o, guya öz hesabına məzuniyyət götürüb (Saxta məzuniyyət sənədi düzəldilib). Məni işə buraxmadıqları halda, işə gəlməməyimlə bağlı mənə xəbərdarlıq məktubu göndərdilər. İllər boyu sahə rəisimiz olan R.Rüstəmovun isə, ümumiyyətlə şirkətin əməkdaşı olmadığını qeyd ediblər…”

Hələ 2013-cü ildə şirkətdə qəza nəticəsində çiynindən ciddi xəsarət alan zərərçəkmiş, o vaxt şirkətin mənafeyini üstün tutaraq şirkətdən heç bir orqana şikayət etmədiyini və heç bir təzminat tələb etmədiyini də bildirib. Lakin hazırda üzləşdiyi ədalətsizlikdən şikayət etməyə məcbur qaldığını deyir. 2010-cu ildən mühafizə xidmətində çalışan şikayətçi Daxili İşlər Nazirliyi və Dövlət Əmək Müfəttişliyinə etdiyi müraciətlərin nəticə verməməsi səbəbindən məhkəməyə üz tutmalı olub. Hazırda onun işi Sabunçu Rayon Məhkəməsində hakim İmran Burcayevin icraatındadır.

K.Orucəliyev sonda böyük bir holdinqin qarşısında tək qaldığını qeyd edərək, Mehriban Əliyevadan yardım istəyib.
Sürücülərin nəzərinə: Cərimələrdən birinin ləğvi nəzərdə tutulur















Yeni qaydada nəqliyyat vasitələrinin müddətsiz ölkədən çıxarılması nəzərdə tutulur.

Avtosfer xəbər verir ki, Azərbaycandan çıxarılan avtomobillərin 2 il müddətində geri gətirilməməsi ilə bağlı avtomobilin dəyərinin 50-100 faiz arasında tətbiq edilən cərimənin ləğv olunması müzakirə edilir.

Bu barədə Dövlət Gömrük Komitəsinin Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəisi Mirqasım Vahabov jurnalistlər üçün təşkil edilən təlimdə deyib. O bildirib ki, Gömrük Komitəsi bu cərimənin aradan qaldırılması ilə bağlı humanistlik göstərərək müzakirələr aparır. İnzibati Xətalar Məcəlləsində bu qaydanın ləğvi ilə əlaqədar komitə tərəfindən müraciət olunub. Cari ildə bu məsələnin öz həllini tapması gözlənilir. Yeni qaydada nəqliyyat vasitələrinin müddətsiz ölkədən çıxarılması nəzərdə tutulur.
Yarışma qalmaqalı davam edir: Aparıcılarla jurnalistin məhkəməsi başladı














Bu gün Nizami Rayon Məhkəməsində aparıcı Vüsalə Səid ilə aktrisa Aysel Hacıyeva (Nazim) və musavat.com xəbər portalının məhkəməsi başlayıb.

Musavat.com xəbər verir ki, V.Səid özünün şərəf, ləyaqət və işgüzar nüfuzuna zərər gətirildiyi iddiası ilə məhkəməyə ərizə verib. Hakim Həqiqət Əhmədovanın icraatında olan prosesdə hazırlıq iclası keçirilib. İclasda hər iki tərəfin anket məlumatları dəqiqləşdirilib. Proses aprelin 11-də davam etdiriləcək.

Qeyd edək ki, bir müddət öncə tərəflər arasında qalmaqal yaşanıb. Belə ki, ötən il Bakıda Hakan Solakerin layihəsi olan “Sinema güzeli: Sinemanın kral və kraliçası” yarışması keçirilib. Layihənin Azərbaycan üzrə rəhbəri isə Vüsalə Səid olub. Daha sonra layihədə ortaq olan Atilla Kaplakarslan ilə Hakan Solaker yollarını ayırıb.

H.Solaker yarışmanı “Sinema güzeli” adı ilə keçirməyə davam edib. Bu dəfə Azərbaycanda layihə rəhbəri Aysel Nazim seçilib. Layihə ilə bağlı sosial şəbəkədə məlumat yayıldıqdan sonra ötən il yarışmada münsif olan əməkdar artist Məlahət Abbasova Vüsalə Səid və layihə təşkilatçıları barədə müxtəlif ittihamlar səsləndirib. M. Abbasovanın açıqlaması mediada və sosial şəbəkədə yayılıb.

V.Səid isə media nümayəndələrinə həmin ərəfədə açıqlama verməyib, 1 həftə sonra mətbuat konfransı keçirib. Mətbuat konfransında isə şərəf və nüfuzuna xələl gətirildiyini açıqlayıb və xəbəri ilk yazan musavat.com saytının əməkdaşı Könül İbrahimi məhkəməyə verəcəyini bildirib.

Martın 13-də kütləvi informasiya vasitələrinin bir qrup nümayəndəsi Azərbaycan Respublikasının Gürcüstanla dövlət sərhədində yerləşən Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımçay” gömrük postuna səfər edib.

DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən musavat.com-a verilən məlumata görə, tədbir Dövlət Gömrük Komitəsinin media nümayəndələri üçün “Gömrük islahatları: şəffaf gömrük, asan və sürətli ticarət” mövzusunda keçirdiyi təlim çərçivəsində baş tutub. 

Məqsəd media nümayəndələrinə bu il fevralın 1-dən “Yaşıl dəhliz” buraxılış sisteminin “Mazımçay” gömrük postunda tətbiqini əyani şəkildə nümayiş etdirmək olub. 

Bildirilib ki, ixrac zamanı şəxs malları yükləmədən 1 saat öncə gömrük orqanına məlumat verir. Gömrük orqanı bu müddət ərzində risk analizləri əsasında təhlil aparır. Gömrük orqanı icazə verdikdən sonra gömrük təminat vasitələri tətbiq edilərək nəqliyyat vasitəsi sərhədə yola salınır. 

İdxal zamanı mallar ölkə ərazisinə gətirilməzdən 1 saat öncə qısa idxal bəyannaməsi göndərilir. Həmin bəyannaməyə əsasən nəqliyyat vasitəsinin gömrük-sərhəd buraxılış məntəqəsindən sürətli keçidi təmin olunur və nəqliyyat vasitəsi birbaşa şəxsin anbarına yola salınır. 

Məlumat verilib ki, Azərbaycan Prezidentinin “Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası”nın təsdiq edilməsi haqqında 21 dekabr 2018-ci il tarixli, 427 nömrəli Fərmanına əsasən “Yaşıl dəhliz” buraxılış sisteminin tətbiqi ilə ixrac və idxal zamanı gömrük nəzarəti sahəsinin bir qismi artıq xarici ticarət iştirakçılarına verilib. 

Qeyd edilib ki, bu sistemin tətbiqi məmur-vətəndaş münasibətlərinin minimuma endirilməsi, şəffaflığın təmin olunması istiqamətində mühüm addımdır. 

Bu il ümumilikdə 200-ə yaxın xarici ticarət iştirakçısına “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ verilib. 

Xatırladaq ki, “Gömrük islahatları: şəffaf gömrük, asan və sürətli ticarət” mövzusunda təlim martın 15-dək davam edəcək.

Musavat.com

Beynəlxalq məsləhət şirkəti “Mercer” şəhərlərin həyat səviyyəsi reytinqini açıqlayıb. Reytinq yaşayış şəraiti, istehlak malları ilə təminat, nəqliyyat xidməti, əyləncə imkanları, siyasi, sosial, mədəni mühit, iqtisadiyyatın durumu kimi meyarlara əsaslanır.

Novator.az-ın məlumatına görə, Azərbaycanın paytaxtı Bakı 231 şəhər arasında 195-ci yerdə gəlir.

Ermənistanın paytaxtı Yerevan 170-ci, Gürcüstanın paytaxtı Tbilisi 187-cidir.

Yaxın şəhərlərdən İstanbul 130-cu, Moskva 167-ci, Kiyev 173-cü, Minsk 188-ci, Tehran 199-cu, Daşkənd 203-cüdür.

Ən yaşamalı şəhərlər siyahısına Avstriyanın paytaxtı Vyana başçılıq edir.

İsveçrənin Sürix şəhəri 2-ci, Kanadanın Vankuver şəhəri 3-cüdür.

Berlin 13-cü, Stokholm 23-cü, Oslo 25-ci, Helsinki 31-ci, Paris 39-cu, Madrid 46-cı, Vaşinqton 53-cü yerdə göstərilir.

Siyahının sonuncu – 231-ci pilləsində İraqın paytaxtı Bağdad yer alır.

SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılov niyə cəzalandırılıb?
Azərbaycanın Dövlət Neft Şirkəti SOCAR dünən qurumda hərtərəfli vergi yoxlaması haqda informasiyanı təsdiq etdi.
Xatırladaq ki, artıq neçə həftə idi müxtəlif KİV-lər, həmçinin məlumatlı mənbələr vaxtaşırı Azərbaycan Dövlət Neft Şirkətində qlobal yoxlamalar barədə məlumatlar verirdilər. SOCAR, şirkətin bütün strukturlarının və bölmələrinin yoxlamasını şərh edərək, Vergilər Nazirliyi tərəfindən aparılan auditi müntəzəm yoxlama kimi, hansı ki, iki ildə dəfə həyata keçirilir, qiymətləndirdi.
Məlumatlı mənbələrdən virtualaz.org-a məlum olub ki, vergi yoxlaması nəticəsində SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılovun fəaliyyətində çoxsaylı pozuntular və mənimsəmələr aşkar edilib. Məlumata görə, Mikayıl İsmayılov şirkətin təchizat və satınalma məsələləri üzrə komissiya sədri vəzifəsindən kənarlaşdırılıb. Oğurluqların əsas hissəsi məhz bu sahələrə aiddir.
Məlumatlı mənbələr virtualaz.org-a bildiriblər ki, təchizat və satınalma məsələlərinə şirkətin başqa vitse-prezidenti Elşad Nəsirov nəzarət edəcək.
Ancaq, əsas səlahiyyətlərini itirməsinə baxmayaraq, M.İsmayılov vəzifələrinin konkret dairəsi məlum olmadan rəsmi vitse-prezident postunu tutmaqda davam edir.

Dövlət Gömrük Komitəsində Azərbaycandan çıxarılan nəqliyyat vasitələrinin 2 il müddətində geri qaytarılmaması ilə bağlı avtomobilin dəyərinin 50-100%-i qədər tətbiq edilən cərimənin ləğv olunması müzakirə edilir.

“Report”un məlumatına görə, bu barədə Komitənin Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəisi Mirqasım Vahabov Şəkidə jurnalistlər üçün təşkil edilmiş təlimdə deyib.

Onun sözlərinə görə, qurum humanistlik nümayiş etdirərək bu cərimənin aradan qaldırılması üçün İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi məqsədi ilə hökumətə müraciət edib: “Bu il bu məsələnin həllini tapması gözlənilir. Təklif olunan yeni qaydada nəqliyyat vasitələrinin ölkədən müddətsiz çıxarılması nəzərdə tutulub”.

Azərbaycanın İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir.

“Report” xəbər verir ki, dəyişiklik məcəllənin 288-ci (Fitosanitar nəzarəti haqqında qanunvericiliyin pozulması) maddəsi ilə bağlıdır.

Həmin maddənin 0.1-ci bəndinin ləğv edilməsi təklif olunur.

Bu bəndə əsasən, sanitariya-gigiyena qaydalarına və təhlükəsizlik texnikasının tələblərinə uyğun olmayan satış yerlərində, anbarlarda və digər istehsalat binalarında bitki mühafizə vasitələrinin saxlanmasına və satışına fiziki şəxslər 200 manatdan 300 manatadək məbləğdə, vəzifəli şəxslər 500 manatdan 600 manatadək məbləğdə, hüquqi şəxslər 1 500 manatdan 2 000 manatadək məbləğdə cərimə edilir.

Dəyişiklik layihəsində qeyd olunub ki, “Fitosanitar nəzarəti haqqında” qanuna edilən dəyişiklik edilib. Qanunla sanitar-gigiyena qaydalarına və təhlükəsizlik texnikasının tələblərinə uyğun olmayan anbarlarda və digər istehsalat binalarında, satış yerlərində bitki mühafizə vasitlərinin, dərmanlanmış toxum və əkin materiallarının saxlanılmasını və satışını qadağan edən 10.0.5 maddəsi ləğv edilib. Qanun bu müddəasının tələbinə əsasən İnzibati Xətalar Məcəlləsinin 288.0.1 maddəsi həmin xətalara görə məsuliyyət nəzərdə tutur. Artıq hüquqi əsası olmadığına görə bu maddənin ləğv edilməsi təklif olunur.

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 14-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Martın 13-dən 14-nə keçən gecə bəzi yerlərdə zəif duman olacaq. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə Abşeron yarımadasında 6-9, gündüz 9-11, Bakıda gecə 7-9, gündüz 9-11 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 757 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz olacaq.

Azərbaycanın rayonlarında sabaha hava əsasən yağmursuz keçəcək. Lakin gündüz qərb rayonlarından başlayaraq arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 2-6 dərəcə şaxta, gündüz 6-9 dərəcə isti təşkil edəcək.