“Hazırda müşahidə edilən hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Buzovna yolu və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib”. Bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Məlumata görə, məqsəd qeyd edilən yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir. Qurum sürücülərdən xahiş edib ki, bu cür hava şəraitində nəqliyyat vasitələrini yollarda müəyyən edilən sürət həddinə əməl etməklə idarə etsinlər.
Azərbaycanda şəxsiyyət vəsiqəsinin alınması ilə bağlı yeni qayda müəyyən edilib. Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.
Qanunun 7-ci (Məcburi dövlət daktiloskopik qeydiyyatı) maddəsinə edilən dəyişikliyə əsasən, şəxsiyyət vəsiqəsi alan vətəndaşlar məcburi daktiloskopik qeydiyyatdan keçiriləcək. Lakin 15 yaşı tamam olmayan vətəndaşlar şəxsiyyət vəsiqəsi alan zaman onlardan əl-barmaq izlərinin götürülməsi nəzərdə tutulmur.
Dəyişiklik müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.
Aprel şəhidi Sənan Axundovun ailəsinə məxsus ev əlindən alınıb.
Bu barədə jurnalist Aida Eyvazlı sosial şəbəkədə məlumat yayıb.
O bildirib ki, ötən gün Ali Məhkəməyə Kassasiya şikayəti verən, aprel şəhidimiz polkovnik-leytenant Sənan Axundovun ailəsinə qarşı qanunsuz qərar çıxarılıb:
“Qanunsuz qərarın çıxarılmasına isə “Şərurlu İsfəndiyar” sifariş verib. Belə ki, Sənan Axundov vəfat etməmişdən bir neçə il əvvəl Kamran MMC-nin tikdiyi binadan 50 kvadratmetr yer götürüb, sonra “Kamran MMC”-nin işçiləri haqqında fırıldaq etdiklərinə görə cinayət işi başlanılıb və binanın 11 mərtəbəsini Şərurlu İsfəndiyar alıb. Həmin binada əlavə 5 mərtəbə də tikib. Şərurlu İsfəndiyarın sakinlərlə şərti belə olub ki, binadakı mənzillər üçün yenidən onun istədiyi qiymət ödənilməlidir. Sənan Axundov sağ olanda öz hüququnu qoruyub və məhkəmələrin birində qanuni qərar çıxarılıb ki, binadakı 50 kvadratmetirlik yerin sahibi onun özüdür.
Şərurlu İsfəndiyar isə dayanmayıb. Sənan şəhid olandan sonra ailəni məhkəməyə verib və məhkəmə prosesini qazanıb.
Yeni tərkibli hakimlər belə qərar çıxarıblar ki, iddiaçı ailənin əlindəki sənədləri “Kamran MMC” verdiyinə görə saxta sayılır. Lakin eyni sənədlərlə binada öz haqqını tələb edib, mənzilinə sahib olan bir -iki nəfər var. Həm də ki, bina sakinlərinin hamısı “Kamran MMC”-dən aldıqları sənədləri, Şərurlu İsfəndiyarın şirkətinin verdiyi sənədlərlə əvəzləyiblər. Şəhid Sənan Axundovun ailəsi bir neçə dəfə binadakı özlərinə aid olan yerdə təmir-bərpa işləri aparıblar. İsfəndiyarın adamları isə bu otaqları vurub -uçurublar. Hətta əri ölən qadının düşdüyü hal da onları pis niyyətlərindən, bəd əməllərindən çəkindirməyib. Bu günə qədər aparılan müxtəlif məhkəmə çəkişmələrinin sonunda, Ali Məhkəmə yenidən “Şərurlu İsfəndiyar”ın xeyrinə qərar çıxararaq, şəhid ailəsinin adına olan 50 kvadratmetrlik yeri əllərindən alıb”.
A.Eyvazlı həmçinin Ali Məhkəmə sədri Ramiz Rzayevə də müraciət edib: “Cənab Ali Məhkəmə sədri Ramiz Rzayev, axı, siz o şəhidin xanımını dinləmişdiniz, bilirdiniz ki, 50 kvadratmetrlik sahə bütün qanun-qaydayla şəhid ailəsinindir. Budurmu, sizin ədalətiniz?”.
2019-2020-ci tədris ili üçün I sinfə şagird qəbulu zamanı valideyn digər dildə tədris aparılan bölmə seçdiyi zaman uşağın həmin dil üzrə şifahi nitq bacarıqları qiymətləndiriləcək. Bu barədə Trend-in sorğusuna cavab olaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
İdarədən bildirilib ki, digər dildə tədris aparılan bölmə üzrə uşağın şifahi nitq bacarıqlarının qiymətləndirilməsi dedikdə, onun dinlədiyini anlamaq, ünsiyyət qurmaq və öz fikrini sadə formada ifadə etmək bacarığının olub-olmaması nəzərdə tutulur.
Digər dildə tədris aparılan bölmə üzrə uşaqların I siniflərə qəbulu onların həmin dil üzrə yalnız şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün müvafiq qaydada təşkil edilmiş müsahibə komissiyaları tərəfindən yoxlanılacaq. Müsahibə komissiyasının üzvləri müəllimlərdən ibarət olacaq. 12 inzibati rayon üzrə 9 mərkəzdə müraciət edənlərin sayından asılı olaraq 1, 2 və yaxud 3 komissiya fəaliyyət göstərəcək. Müsahibə komissiyaları aprelin 1-dən fəaliyyətə başlayacaq.
Qeyd olunub ki, şifahi nitq bacarıqlarının qiymətləndirilməsinin nəticəsi haqqında məlumat günün sonunda SMS vasitəsilə valideynin qeydiyyatdan keçdiyi mobil nömrəyə göndəriləcək:
“Valideyn şəxsi kabinet yaradıb övladını elektron qeydiyyatdan keçirdikdən sonra təlim dilini seçir və yaşayış ünvanına uyğun olaraq müsahibə komissiyasında şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün qeydiyyata düşür. Əgər valideyn övladını ümumi təhsil məktəblərinin digər dildə tədris aparılan bölməsi üzrə müsahibəyə yazdırmaq istəyirsə, o zaman “Məktəblər” bölməsini seçib, “İrəli” düyməsini sıxmalıdır. Ümumi təhsil məktəbləri seçilibsə, sistem valideynə müvafiq müsahibə komissiyalarından birini seçməyi təklif edir. Həmin pəncərədə məktəbin ərazisini göstərən xəritə, məktəbin ünvanı və əlaqə nömrəsi qeyd edilib”.
İdarədən deyilib ki, müsahibə komissiyasının yeri və vaxtı haqqında məlumat valideynə SMS şəklində göndərilir, o cümlədən bu məlumatlar şəxsi kabinetdə bildiriş formasında öz əksini tapır:
“Uşaq digər dildə tədris aparılan bölmə üzrə müsahibədən uğur qazandıqdan sonra valideyn şəxsi kabinetinə daxil olub məktəb seçimi edə bilər. Məktəb seçimi 01.05.2019-cu il tarixdən etibarən ümumi qaydada həyata keçiriləcək. Əks halda, Azərbaycan bölməsinə sorğu yerləşdirə bilərlər. Hər bir valideyn övladını yalnız bir dəfə müsahibəyə yazdıra bilər və hər bir uşaq digər dildə tədris aparılan bölmə üzrə müsahibədə yalnız bir dəfə iştirak edə bilər”.
BŞTİ-dən əlavə edilib ki, şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üzrə müsahibənin nəticəsi valideyni qane etmədikdə aprelin 15-dən etibarən həftənin I, II və IV günləri Rayon (Şəhər) Təhsil şöbələrində (idarələrində) təşkil edilmiş Apelyasiya komissiyalarına müraciət edə bilər.
Bu günə qədər 7800-dən artıq şəhid vərəsəsinə 11 min manatlıq birdəfəlik vəsaitlər ödənib.
Azvision.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev deyib.
Onun sözlərinə görə, Novruz bayramı ərəfəsində 1200 şəhidin 1900 vərəsəsinə ödənişlər həyata keçirilib.
“Bu ilin sonunadək ödənişlər tam yekunlaşdırılacaq. Polis şəhidlərin vərəsələrinin siyahısı Daxili İşlər Nazirliyi tərəfindən hazırlanaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilib. Onlar da artıq elektron sistem üzərindən müraciət edərək vəsaitlərini ala bilərlər. Onların sayı da təxminən 400 nəfər civarındadır”.
Prezident İlham Əliyevin “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 25 fevral 2019-cu il tarixli müvafiq sərəncamı ilə 14 növ sosial müavinətin, yeddi növ prezident təqaüdünün artırılması, iki növ yeni prezident təqaüdünün təqdim edilməsi ilə bağlı bütün normativ hüquqi aktlar aidiyyəti üzrə təqdim olunub.
Oxu.Az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, yaxın günlərdə normativ hüquqi aktlar imzalanacaq və aprel ayında vətəndaşlar öz ödənişlərini artımla alacaqlar:
“Artımlar 600 min insanı əhatə edəcək, onun 300 mindən çoxu əlilliyi olan şəxslərdir. Ümumilikdə, bu artımlar üçün əlavə 400 milyon manat vəsait tələb olunur. Düşünürəm ki, onlar artıq bu ayın ödənişini artımla bərabər ala biləcəklər”.
Nazir qeyd edib ki, “Məşğulluq” alt sistemi yaxın günlərdə sınaq test rejiminə başlayacaq:
“İlk dövrlərdə həm mərkəzlərin fəaliyyət göstərməsi, həm də elektron sistem vasitəsilə əhaliyə xidmət göstərəcək. İki-üç aylıq sınaq dövründən sonra tam elektrona keçiriləcək. Boşluqlar aradan qaldırıldıqdan sonra sistem tam elektron fəaliyyət göstərəcək”.
Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin təqvimi məlumat verir.
Təqvimə əsasən, Əhya (Qədr) gecələri Ramazanın 18, 20, 22 və 26-na, yəni 23, 25, 27 və 31 may tarixlərinə təsadüf edəcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 25 dekabr 2018-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilən 2019-cu ilin iş vaxtı norması və istehsalat təqvimində 5-6 iyun tarixləri Ramazan bayramı kimi göstərilib.
Qurani-Kərimin nazil edildiyi Ramazan ayında oruc tutmaq Allah tərəfindən bütün müsəlmanlara vacib edilib.
Azərbaycanda ailə, əmlak, əmək və iqtisadi münasibətlərlə bağlı yaranmış mübahisələrin həll edilməsi üçün yeni tələbin qoyulması təklif olunur.
Trend-in məlumatına görə, bu məsələ yeni hazırlanan “Mediasiya haqqında” qanunda öz əksini tapıb.
Qanun layihəsinə əsasən, tərəflər iqtisadi mübahisələr, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməzdən əvvəl ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. İlkin mediasiya sessiyasını tərəflərin qarşılıqlı razılaşdırdığı mediator və ya mediator təşkilatı aparacaq.
Layihədə qeyd edilir ki, ailə münasibətlərindən irəli gələn bir sıra məsələlər – nikahın davam etdirilməsi şərtləri, valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası, uşağın yaşayış yerinin müəyyən edilməsi, uşağın və əmək qabiliyyətli olmayan digər ailə üzvlərinin saxlanılması qaydası, ailə münasibətlərindən irəli gələn digər mübahisələr mediasiya vasitəsilə həll edilə bilər.
Tərəflər uşağın böyüməsinə, inkişafına və digər maraqlarına toxunan barışıq sazişini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana təqdim etməyə borcludurlar.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri, hüquq üzrə fəlsəfə doktoru Elgün Səfərov Trend-ə açıqlamasında bildirib ki, xarici ölkələrin təcrübəsinə əsasən effektiv mediasiya mexanizmi boşanma hallarını üçdə bir faiz azalda bilər.
Onun sözlərinə görə, mediasiya mexanizmi daha çox psixoloji problemləri olan, məişət zorakılığına məruz qalan aztəminatlı ailələrdə boşanma hallarının azalmasına səbəb ola bilər.
Komitə sədrinin fikrincə, mediasiya boşanmaların etik davranış qaydaları çərçivəsində, uşağa zərər vurmadan həyata keçirilməsinə də imkan verər.
Qeyd edək ki, Ailə, Qadın və Uşaq Komitəsinin sədri Hicran Hüseynova da boşanmaq istəyən ailələr üçün məhkəmələrdə barışdırıcı mexanizmin tətbiqini təklif edib.
Xatırladaq ki, Azərbaycanda 2005-2017-ci illər ərzində məhkəmələrdə ailə münasibətləri üzrə mübahisələrlə bağlı baxılmış mülki işlərin (qətnamə çıxarılmış işlər) sayı 3 dəfəyə yaxın artıb. Mübahisələrin çoxu nikah müqaviləsinin dəyişdirilməsi, pozulması və etibarsız hesab edilməsi ilə bağlı olub.
Bir müddət əvvəl 5 milyonluq malikanəsi ilə gündəmə gələn Şəki Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Elxan Usubovla bağlı yeni məlumatlar yayılıb.
“Minval.İnfo”nun məlumatına görə, “Kanal 13″-ün yayımladığı videosüjetdə icra başçısının 5 villasının olduğu, sahibkarlardan abadlıq işi adı altında pul yığdığı iddia edilib.
Bundan əlavə icra başçısının Şəkidə çörək biznesini inhisara aldığı qeyd olunub.
Həmin videosüjeti və villaların fotolorını təqdim edirik:
Xəzər Universitetindən maaş azlığına və müəllimlərin istismarına etiraz olaraq istefa verən fəlsəfə doktoru Mail Yaqub daha bir açıqlaması ilə gündəm yaradıb.
Mail Yaqub Axar.az-a açıqlamasında bildirib ki, tələbələrdən yığılan külli miqdarda vəsait müqabilində müəllimlərinə cüzi maaş verən və onları alçaldan universitetin qazancı təsisçi Hamlet İsaxanlının böyük biznesinin qurulmasına sərf olunur.
“Hamlet İsaxanlı Buzovna ilə Mərdəkan arasında “Khazar Golden Beach” adlı olduqca böyük və dəbdəbəli otel tikdirib. Otelin açılışı bir neçə ay öncə baş tutdu. Xəzər Universitetində tələbələrdən yığılan külli miqdarda vəsait qarşılığında müəllimlərinə cüzi maaş verən və onları təhqir etməkdən çəkinməyən universitet rəhbəri yığılan yüksək təhsilhaqqını gənclərin haqq etdiyi təhsili almasına deyil, on milyonlara başa gələn otelə xərcləyir”.