Son xəbərlər

Bakı qeydiyyatında olan şəxslərə
14 iyun saat 00:00-dan 16 iyun 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərində, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilib. Bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah qərar verib.

Baku.ws xəbər verir ki, yaşayış evlərini iki günlük tərk etməklə bağlı qadağa fonunda insanların rayonlara üz tutması yenidən aktuallaşıb.

Sosial şəbəkədə aktiv müzakirələr zamanı insanlar iki günlük qadağa zamanı Bakını tərk edərək rayonlara üz tutmağa üstünlük verdiklərini açıqlayıblar. Mövcud vəziyyətdə iki günlük qadağalar zamanı vətəndaşların rayonlara üz tutması ilə bağlı Operativ Qərargahın məsələyə münasibətini öyrənməyə çalışdıq. Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, rayonlara gediş-gəlişin bərpası gündəmdə deyil.

Karantin günlərində apteklərdən dərmanlar pulsuz çatdırılacaq?
“Qarşıdakı karantin günlərində aptek sahiblərinə dərmanların pulsuz çatdırılması tövsiyə olunur”.

Oxu.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva məlumat verib. 

O bildirib ki, bu məqamdan sui-istifadə edilməməsi tövsiyə edilir: 

“Gündəlik istifadə edilən dərmanların tədarükünün əvvəlcədən sifariş edilməsi məqsədəuyğundur. Amma bəzi təxirəsalınmaz hallarda dərmanlar çatdırıla bilər”.

Prezident hərbi xidmətə çağırış haqqında sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, 2002-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1985–2001-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2020-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2020-ci il iyulun 1-dən 30-dək ehtiyata buraxılırlar.

Nazirlər Kabineti bu sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görməlidir.

Bakı metrosu fəaliyyətini dayandıracaq
Metropolitendə sərnişindaşıma fəaliyyəti müvəqqəti dayandırılacaq.

2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılacaq.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Qazet.az-a açıqlamasında bildirib ki, qərarda qeyd olunduğu tarixlərdə metro fəaliyyətini məhdudlaşdıracaq.

“Hər gün saat 00:00-da metrolara sərnişin daxil olması dayandırılır. Həmin vaxta qədər daxil olan sərnişinlər mənzil başına çatdırılacaq və fəaliyyətimizə 16 iyun 06:00-da yenidən başlayacağıq”, – deyə Bəxtiyar Məmmədov bildirir.

Qeyd edək ki, ölkə üzrə sanitar-epidemioloji vəziyyətin təhlilinə əsasən, son günlər Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında yüksək yoluxma faktları aşkar edilmişdir. Bu baxımdan COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq ediləcək.

“20 Yanvar” – “Masazır” istiqamətində hərəkət məhdudlaşdırılacaq
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun “20 Yanvar” – “Masazır” dairələri arasında yerləşən hissəsində hər iki istiqamət üzrə aparılan genişləndirmə və yenidənqurma işləri çərçivəsində hazırda “Masazır” dairəsində və dairəyə giriş-çıxış yollarında asfalt-beton örtüyünün yenilənməsi işləri həyata keçirilir.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, aparılan təmir-tikinti işləri çərçivəsində avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq.

AAYDA sürücülərdən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini tövsiyə edir.

Azərbaycanda koronavirusa yoluxmanın bölgələr üzrə
Azərbaycanda COVID-19-a yoluxma hallarının bölgələr üzrə statistikası açıqlanıb.

Bu rəqəm Bakı üzrə 50% təşkil edib.

Sonrakı yerlərdə 12,5%-lə Gəncə-Qazax, 11,6%-lə Abşeron, 9,3%-lə Aran, 7,3%-lə Lənkəran, 3,4%-lə ölkə xarici, 1,7%-lə Şəki-Zaqatala, 1,4%-lə Quba-Xaçmaz, 1,1%-lə Yuxarı Qarabağ, 1,6%-lə Dağlıq Şirvan, 0,05%-lə isə Naxçıvan Muxtar Respublikası qərarlaşıb.

Bakının rayonlarına gəlincə, ən yüksək göstərici Sabunçu (12,4%), Yasamal və Binəqədidə (12,3%) qeydə alınıb.  Xətaidə bu rəqəm 11,6%, Nəsimidə 11%, Suraxanıda 9,4%, Nərimanov 9,1%, Nizamidə 7,2%, Qaradağda 7%, Xəzərdə 4,4%, Səbaildə 3%, Pirallahıda 0,3% olub.

Yoluxanların yaş qrupunda isə 0-9 yaş arası 5%, 10-19 yaş arası 6%, 20-29 yaş arası 14%, 30-39 yaş arası 18%, 40-49 yaş arası 15%, 50-59 yaş arası 21%, 60-69 yaş arası 16 %, 70-79 yaş arası 4%, 80 yaşdan çox olanlar isə 2 faizdir.

Qeyd edək ki, bu gün Azərbaycanda ümumilikdə 8 530 nəfər virusa yoluxub. Onlardan 4 720 nəfəri sağalıb, 102-si isə dünyasını dəyişib. Aktiv koronavirus xəstələrinin sayı 3 708 nəfər təşkil edir. Ümumilikdə isə 356 032 müayinə aparılıb.  

Avtobuslardan istifadə edənlərə
Nazirlər Kabineti yanında Operativ Qərargahın tibbi bölməsi TƏBİB-lə aparılan müzakirələrin nəticəsi olaraq avtobuslarda sərinləndirmə sistemlərinin işə salınmasına qərar verilib. Sərinləndirmə sistemlərinin işlədilməsi mütəxəssislərin tövsiyə etdiyi qaydalar nəzərə alınmaqla həyata keçiriləcək.

Bu barədə  Bakı Nəqliyyat Agentliyindən bildirilib. 

"Bununla bağlı daşıyıcı şirkətlərə də müvafiq tapşırıqlar verilib və mərhələ ilə sərinləndirmə sistemləri işə salınması təmin olunacaq.

Bir daha sərnişinlərimizə göstərdikləri anlayış üçün təşəkkür edirik. Həmçinin, bildiririk ki, nəqliyyat mübadilə mərkəzlərində, dayanacaqlarda və avtobuslarda maskadan istifadə qaydalarına mütləq şəkildə əməl olunmalıdır", - qurum bəyan edib. 

Hesablama Palatası Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda (KİVDF) apardığı yoxlamaların nəticəsi olaraq Baş Prokurorluğa 400 səhifəlik hesabat təqdim edib. 

Bu barədə “Report”a hökumətdəki mənbə bildirib.

Məlumata görə, KİVDF-nin keçmiş rəhbərliyi yol verdiyi nöqsanlar hesabına dövlətə vurduğu ziyanın 100 min manatını artıq ödəyib.

Xatırladaq ki, Prezident İlham Əliyevin bu il aprelin 4-də imzaladığı sərəncamla Vüqar Səfərli KİVDF-nin İcraçı Direktoru vəzifəsindən azad edilib və onun yerinə Əhməd İsmayılov təyin edilib. Bundan sonra Hesablama Palatası qurumda yoxlamalara başlayıb. Yoxlamalar nəticəsində vəzifəli şəxslərin dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərinə əməl etməməsi, vəsaitlərin təyinatı üzrə istifadə edilməməsi, tikinti norma və qaydalarının pozulması, kütləvi informasiya vasitələrinə yardımların qanunvericiliyin tələblərinin pozulması ilə verilməsi və digər hallar üzrə noqsanlar aşkar edilib və bununla bağlı materialların “Hesablama Palatası haqqında” qanunun 26.2-ci maddəsinə əsasən Baş Prokurorluğa göndərilməsi qərara alınıb.

ABŞ-dan Azərbaycana ilk çarter uçuşu reallaşıb.

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə görülən tədbirlər çərçivəsində “Azərbaycan Hava Yolları” (AZAL) vasitəsilə həyata keçirilən uçuş iyunun 10-da ABŞ vaxtı ilə saat 12:00-da Nyu-York şəhərinin Kennedi (JFK) Hava Limanından baş tutub.    /Modern.az/