Baş Prokurorluqdan koronavirus açıqlaması
Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov koronavirusla bağlı “ASAN Radio”ya müsahibə verib.

Koronavirusla əlaqədar şayiə yayanların barəsində hüquqi məsuliyyət tədbirlərinin görülməsi ilə bağlı Eldar Sultanov bildirib ki, bəzi kütləvi informasiya vasitələri və ayrı-ayrı sosial şəbəkə istifadəçiləri tərəfindən Daxili İşlər Nazirliyi və Baş Prokrorluğun xəbərdarlıqlarından nəticə çıxarmayaraq, həqiqəti əks etdirməyən və cəmiyətdə süni ajiotaj yaratmağa hesablanmış şayiələr yayılır:

“Müzakirəsinə qatıldığım məsələ miqyasına görə nəinki ölkə vətəndaşlarını bütövlükdə dünya ictimayyətinin maraq dairəsində olan narahatlıqdır. Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən aidiyyəti dövlət orqanları, o cümlədən TƏBİB, Səhiyyə Nazirliyi ilə əlaqəli şəkildə qeyd edilən virusun yayılmasının qarşısının alınması istiqamətində qabaqlayıcı və profilaktik tədbirlər barədə, eləcə də virusa yoluxmuş və karantinə alınmış şəxslərin sayı, onların müalicəsi və görülmüş digər tədbirlər barədə mütəmadi olaraq ictimayətə məlumat verilməsinə baxmayaraq, bəzi kütləvi informasiya vasitələri və ayrı-ayrı sosial şəbəkə istifadəçiləri tərəfindən Daxili İşlər Nazirliyi və Baş Prokrorluğun xəbərdarlıqlarından nəticə çıxarmayaraq, həqiqəti əks etdirməyən və cəmiyətdə süni ajiotaj yaratmağa hesablanmış şayiələr yayılır.

“İctimaiyyətdə yalnış fikir formalaşdırması məqsədi güdən və qəsdən bu kateqoriyadan olan informasiyaların yayılmasını həyata keçirən KİV-lər, o cümlədən sosial şəbəkə istifadəçilərini bir daha xəbərdar edirik ki, gələcəkdə bu qəbildən olan qanunazidd hərəkətlərini davam etdirəcəkləri təqdirdə, barələrində cinayət məsuliyyəti də daxil olmaqla, ən ciddi qanunamüvafiq tədbirlərin görülməsi təmin olunacaqdır.

Bəzi KİV-lər və sosial şəbəkələrdə cəmiyyətdə süni ajotaj yaradılmasına maraqlı olan şəxslər tərəfindən bir neçə gün əvvəl guya koronavirusa yoluxmuş şəxsin xəstəxanada vəfat etməsi ilə bağlı bir səsyazısı yayılmışdır. İctimaiyyətdə yanlış fikrin formalaşmasına xidmət edən həmin məlumatlar həqiqəti əks etdirmədiyindən tərəfimizdən dərhal təkzib olunmuşdur. Eyni zamanda aparılmış araşdırmalarla həmin şəxsin xəstəxanada ağciyərlərin pnevmoniyası səbəbindən vəfat etməsi müəyyən olunmuş və bu barədə ictimaiyyətə məlumat verilməklə həmin məlumatı yayan KİV-lərə “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq rəsmi xəbərdarlıq edilmişdir. Fürsətdən istifadə edərək sonda Azərbaycan Respublikasının Baş Prokurorluğu olaraq vətəndaşlarımızı belə yalan məlumatlara inanmamağa, yalnız səlahiyyətli dövlət orqanlarının rəsmi məlumatlarını nəzərə almağa çağırıram”.

Yüksək texniki peşə təhsili alan subbakalavrlar  kollecləri bitirən subbakalavrlara bərabər tutulacaq
Yüksək texniki peşə təhsilini bitirərək subbakalavr peşə-ixtisas dərəcəsi almış şəxslər orta ixtisas təhsilini bitirmiş subbakalavrlara bərabər tutulacaq.

Bu dəyişiklik Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında  müzakirəytə çıxarılan  “Təhsil haqqında” qanuna   dəyişiklikdə nəzərdə tutulub.
Dəyişiklik barədə məlumat verən komitə sədri Bəxtiyar Əliyev deyib ki,   “Təhsil haqqında” qanunun 20.2-3 maddəsinə “yüksək texniki peşə təhsilini bitirərək subbakalavr  peşə-ixtisas  dərəcəsi almış  şəxslər orta ixtisas  təhsilini bitirmiş  subbakalavrlara  bərabər tutulur” müddəası  əlavə edilməsi nəzərdə tutulur.
 O deyib ki, bu dəyişiklik eyni zamanda “Peşə təhsili haqqında” qanuna dəyişikliklərdə əksini tapacaq.
Deputatlar qanuna dəyişikliyi müsbət dəyərləndirərək parlamentin plenar iclasında müzakirəyə çıxarılmasına tövsiyyə ediblər.

Dövlət Miqrasiya Xidməti fəaliyyətini məhdudlaşdırıb.

Bu barədə məlumatı Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov sosial şəbəkə hesabında paylaşıb.

O bildirib ki, qəbul şöbələrinin fəaliyyəti məhdudlaşdırıldığı üçün Miqrasiya Xidmətlərinin əldə edilməsi ilə bağlı müraciətlər müvəqqəti olaraq aşağıdakı formada tövsiyə edilir:

“ Olduğu yer üzrə qeydiyyat, iş/yaşama icazələri, müvəqqəti olma müddətinin uzadılması, vətəndaşlıq mənsubiyyətin müəyyən edilməsi, vətəndaşlığa, qəbul, bərpa, xitam və digər müraciətlər Xidmətin internet səhifəsi üzərindən elektron qaydada edilə bilər. Qəbul şöbəsinə gətirmək istədiyiniz sənədlər skan edilir və e-poçt formasında göndərilir.

Miqrasiya Xidməti bayram günlərində də tam iş saatında fəaliyyət göstərəcək və müraciətlər cavablandırılacaq. Ölkədə olma müddəti bayram günlərində bitən şəxslər həmin günlərdə müraciət edə bilər.

Daimi yaşama icazəsinin alınması ilə bağlı müraciət edən şəxslər üçün Azərbaycan dili üzrə hazırlıq kursları müvəqqəti dayandırılıb. Hazırlaşmaq istəyən şəxslər hazırlıq materialı və istiqamət üçün (012) 5663774 nömrəsi ilə əlaqə saxlaya bilər.

Ümumən xüsusi zərurət yoxdursa, yaxın günlərdə qəbul şöbələrinə fiziki müraciətlərin azaldılmasını xahiş edirik.

Müraciətlərlə bağlı və ya ümumən Miqrasiya Xidmətinin fəaliyyəti ilə bağlı hər məsələni dəqiqləşdirmək üçün fasiləsiz rejimdə işləyən 919 Çağrı Mərkəzi ilə əlaqə yaratmağınız xahiş olunur”.   /Yeni Sabah/

İstanbul-Bakı avtobusları dayandırıldı
Bir neçə saat əvvəl daxil olan məlumata əsasən, Bakı-İstanbul müntəzəm marşrut xətlərinə məxsus Azərbaycan Respublikası vətəndaşlarını daşıyan dörd avtobusun epidemiya ilə əlaqədar təxirəsalınmaz tədbirlər çərçivəsində Türkiyə-Gürcüstan sərhəd keçid məntəqəsində hərəkəti məhdudlaşdırılıb.

Bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən bildirilib.

"Məlumat daxil olduqdan dərhal sonra Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti ilə Gürcüstanın Yerüstü Nəqliyyat Agentliyi arasında aparılan danışıqlar nəticəsində "STAR OK" daşıyıcı şirkətinə məxsus 34 BPY 784 dövlət nömrə nişanlı avtobus artıq Bakıya doğru yola düşüb. "VARDAR", "ALPAR" və "METRO" daşıyıcı şirkətlərinə məxsus 99 JH 866, 34 BRT 107 və 34 EK 7002 dövlət nömrə nişanlı avtobusların ölkəmizə girişinə razılıq verilib. Ümumi prosedur qaydaları tamamlandıqdan sonra avtobuslar yola düşəcək. Məlumat üçün qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərərgahın tələblərinə müvafiq şəkildə təhlükəsizlik tədbirləri çərçivəsində ümumi prosedur qaydalarından sonra sərnişinlərimizin dövlət sərhəddindən buraxılış məntəqələrinə keçidinə icazə veriləcək.

Sərnişinlərimizdən və onların yaxınlarından mövcud durumda panikaya yol vermədən 012 566 52 58 nömrəli qaynar xətlə əlaqə saxlamaları tövsiyyə edilir", - məlumatda qeyd edilib.

Valideynlərini itirmiş tələbələrin magistratura xərclərini dövlət ödəyəcək – Azərbaycanda

Azərbaycan hökuməti valideynlərini itirmiş, yaxud valideyn himayəsindən məhrum olmuş tələbələrin magistratura xərclərini öz üzərinə götürəcək.

Bu, “Təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanun layihəsi Milli Məclisin növbəti iclasında müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, indiyə qədər dövlət valideynlərini itirmiş, yaxud valideyn himayəsindən məhrum olmuş şəxslərin bakalavr səviyyəsində xərclərini öz üzərinə götürüb. /APA/
Bu gündən ölkədə kütləvi tədbirlər bir ay müddətinə təxirə salınır — RƏSMİ


Koronavirus infeksiyası (COVİD-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam edir. Virusun uzun inkubasiya dövrünün olması, yayılma sürəti və vaksinin hələ də tapılmaması dövlətləri daha da ciddi tədbirlər görməyə sövq edir. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu nəzərə alaraq və virusun qarşısının alınması istiqamətində Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərindən irəli gələrək ölkə ərazisində bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zərurəti yaranıb. Bununla əlaqədar bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması qərara alınıb. Həmçinin dövlət və özəl sektora aid qurumlardan, vətəndaşlardan xüsusi qaydalara ciddi riayət etmələri tələb olunur.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində tətbiq olunacaq bəzi sosial izolyasiya tədbirlərini diqqətə çatdırır:

ölkə üzrə bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirləri təxirə salınır, artıq təyin olunmuş tədbirlərin tarixi dəyişdirilir;

ölkə üzrə kinoteatrların, muzey və teatrların, əyləncə mərkəzlərinin, idman zallarının fəaliyyəti dayandırılır;

ölkə ərazisində bütün toy məclislərinin keçirilməsi qadağan edilir (14 və 15 mart 2020-ci il tarixlərinə əvvəlcədən təyin olunan toy mərasimləri istisna olmaqla);

dəfn mərasimləri istisna olmaqla, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi qadağan olunur;

restoran və kafelərdə iş rejimi saat 21:00-dək müəyyən edilir və müvafiq dövlət strukturları tərəfindən bu məkanlar üçün açıqlanacaq qaydalara riayət olunması mütləqdir;

restoran və kafelərdə kütləvi şənliklərin, məclislərin təşkili qadağan edilir;

saat 21:00-dan sonra fəaliyyət göstərən klublar və barların fəaliyyəti dayandırılır;

ölkə üzrə fəaliyyət göstərən alış-veriş mərkəzlərinin fəaliyyətinin müvafiq dövlət strukturları tərəfindən açıqlanacaq qaydalara riayət olunaraq həyata keçirilməsi mütləqdir;

aptek, ərzaq mağazaları, market və supermarketlərin iş rejimində dəyişiklik olmayacaqdır;
ictimai nəqliyyatın fəaliyyəti müvafiq dövlət strukturları tərəfindən açıqlanacaq qaydalara uyğun həyata keçiriləcəkdir;

tibb müəssisələrində müalicə alan şəxslərin xəstə yaxınları tərəfindən ziyarəti qadağan edilir;

dövlət strukturlarında çalışan bütün şəxslərin və səhiyyə işçilərinin ölkədən kənara səfərləri Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın icazəsi əsasında həyata keçirilə bilər;

dövlət və özəl sektorda çalışan şəxslərin ən vacib məqamlar istisna olmaqla ezamiyyə səfərlərinə məhdudiyyət tətbiq edilməlidir;

özəl tibb müəssisələri Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi ilə (TƏBİB) koordinasiya şəraitində çalışmalı, yarana biləcək hər-hansı hallar üçün yüksək hazırlıq səviyyəsi təmin edilməlidir;

qeyd olunan müddətdə dövlət strukturlarının, özəl qurumların, bank və iaşə obyektlərinin və digər qurumların fəaliyyəti, vətəndaş müraciətlərinə baxılması, vətəndaşların qəbulu, daxili görüş və iclasların təşkili üçün xüsusi qaydalar işlənib hazırlanmalıdır;

Koronavirus diaqnozu ilə xüsusi rejimli xəstəxanalarda müalicə alan və karantin qaydalarını pozan şəxslər barəsində cəza tədbirləri tətbiq olunacaqdır.

Eyni zamanda, ictimaiyyətdə yanlış fikrin formalaşdırılması məqsədi güdən və qəsdən bu qəbildən olan informasiyaların yayılmasını həyata keçirən kütləvi informasiya vasitələri, o cümlədən sosial şəbəkə istifadəçiləri barəsində ən ciddi tədbirlər görüləcəkdir.

Vətəndaşlarımızdan və kütləvi informasiya vasitələrindən bütün dünyada yaranmış hazırkı vəziyyətdə maksimum məsuliyyətli olmaq və dövlət tərəfindən həyata keçirilən tədbirlərə hərtərəfli dəstək göstərmələri tələb olunur.

Belə ki, hazırda koronavirus zəminində yaranan fövqəladə şəraitdə yalnız dövlət tərəfindən keçirilən tədbirlər deyil, vətəndaşlarımızın, bütün cəmiyyətin sosial məsuliyyətdən irəli gələn addımları, görülən işlərə dəstəyi vacibdir.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə, təklif və qərarları qeyd-şərtsiz icra olunmalıdır.
Gömrük Komitəsinin sədrindən yeni QƏRAR

“Faktiki olaraq üçüncü şəxslər üçün malları idxal və ya ixrac edən şəxslərin risk meyarları əsasında müəyyən edilməsi Qaydaları”nda dəyişiklik edilib.

Bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev qərar imzalayıb.

Qərarla sənədin 1.2.4-cü yarımbəndindən “mal sahibləri” sözlərindən sonra “daşıyıcılar” sözü əlavə edilib.

Həmin yarımbənd elektron məlumat mübadiləsi ilə əlaqədardır.

Bildirilir ki, elektron məlumat mübadiləsinə İqtisadiyyat Nazirliyi ilə Dövlət Gömrük Komitəsi arasında xarici ticarət fəaliyyətinin iştirakçılarına dair risk qiymətləndirilməsinin təşkili, risk qrupları üzrə bölgü aparılması məqsədilə mal sahibləri və ya onları təmsil edən şəxslər haqqında qarşılıqlı məlumat mübadiləsi daxildir.

Yeni qərarla isə mal sahibləri ilə yanaşı, daşıyıcılar da məlumat mübadiləsinə daxil edilib.

Qərarda sənədin 3-cü hissəsində də dəyişiklik olub.  

Sənədin müvafiq hissəsi faktiki olaraq üçüncü şəxslər üçün malları idxal və ya ixrac edən şəxslərin risk meyarları əsasında müəyyənləşdirilməsi ilə bağlıdır.  

3.1.5-ci yarımbəndə görə, şəxsin yalançı sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını təsdiq edən qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduqda həmin adam faktiki olaraq üçüncü tərəf üçün malları idxal və ya ixrac edənlər kateqoriyasına aid edilir.

Yeni qərarla isə bu yarımbənd ləğv edilib.

Bakı Metropoliteni koronavirusla bağlı sərnişinlərə müraciət etdi
Yeni koronavirusla (COVİD-19) əlaqədar fevral ayının 21-dən stansiya və qatarlarda, həmçinin inzibati və iaşə obyektlərində profilaktiki tədbirləri davam etdirən “Bakı Metropoliteni” QSC geniş spektrli dezinfeksiya tədbirlərinin intensivliyini artırıb.

Qurumun mətbuat xidmətindən verilən məlumata görə, buna qədər koronavirusla əlaqədar profilaktiki dezinfeksiya işləri ay ərzində iki dəfə nəzərdə tutulmuşdusa, həmin tədbirlərin hər həftə yerinə yetirilməsi qərara alınıb.

Əsas məqsəd profilaktik xarakterli sanitar-gigiyenik tədbirlərin səmərəsini artırmaq, sərnişinlərin metropolitendən daha sağlam, təhlükəsiz və rahat şəraitdə istifadəsini, onların məmnunluğunu, sanitar vəziyyətə əminliyini daha yüksək səviyyədə təmin etməkdir.

Qatarlarda və stansiyalarda, həmçinin digər metropoliten obyektlərində dezinfeksiya işlərini xüsusi lisenziya ilə uzun illərdir fəaliyyət göstərən və bu sahə üzrə ixtisaslaşmış müəssisə həyata keçirir. Yeniliklə əlaqədar tədbirlər planına qrafik üzrə müvafiq dəyişikliklər edilib. Hazırda Bakı metropolitenində koronavirusla bağlı tədbirlərin ikinci mərhələsi başa çatmaq üzrədir.

Qatarlarla bağlı tədbirlər

Qatarların ikinci mərhələ çərçivəsində dezinfeksiyası başa çatmaqdadır. Planlı cari təmir işləri aparılan 3 qatar (15 vaqon) istisna olmaqla, digər qatarların vaqonları dezinfeksiya işlərinə cəlb olunub. Artıq "Bakı Metropoliteni" QSC-nin sanitariya və gigiyena üzrə həkiminin və aidiyyəti strukturların nəzarəti altında 47 qatarda (235 vaqon) geniş spektrli dezinfeksiya işləri növbəti dəfə aparılıb. Proses həftəsonu yekunlaşdırılacaq.

Gündəlik yerinə yetirilən tədbirlər də davam etdirilir. Texniki-istismar qaydalarına əsasən, texniki baxış, xidmət və qulluq məqsədilə elektrik deposuna daxil olan hər bir qatara
sanitar-gigiyenik tələblərə uyğun xidmət göstərilir. Koronavirusla əlaqədar verilmiş göstərişə əsasən, gün ərzində “Bakmil” stansiyasından "Nərimanov" elektrik deposuna hərəkət edən qatarların (sərnişinsiz və işçi personal olmadan) salon qapıları açıq saxlanılaraq vaqonlar, əlavə ehtiyat tədbiri kimi, havalandırılır.

Stansiyalarla bağlı tədbirlər

Stansiyalarda gecə saatlarında, sərnişinlər stansiyaları tərk etdikdən və elektrik xətlərindən yüksək gərginlik çıxarıldıqdan sonra geniş spektrli dezinfeksiya işlərinə başlanılır. Giriş sahələri, keçid, vestibül, platforma və stansiya yollarının planlaşdırılmış profilaktik tədbirləri mütəxəssislərin və məsul şəxslərin nəzarəti şəraitində davam etdirilir. Stansiyalarda işlərin ikinci mərhələsi həftəsonu başa çatdırılacaq.

Bununla yanaşı, gündəlik iş rejimi şəraitində profilaktik tədbirlər davam etdirilir. Hər gün, ən azı 3 dəfə olmaqla, stansiyaların əllə təmas olan bütün səthləri dezinfektantlarla silinərək təmizlənir və işlər daimi nəzarət altında saxlanılır. Onu da əlavə edək ki, istifadə olunan dezinfektantlar insan səhhəti üçün zərərsizdir.

Diqqətdə saxlanılan məsələlər

“Bakı Metropoliteni” QSC koronavirusla əlaqədar qaynar xətt yaradaraq, onun sutka ərzində 24 saatlıq fəaliyyətini təmin edib. 964 və (012) 490 00 00 telefon nömrələrinə zəng etməklə, Bakı metropolitenində koronavirusla əlaqədar görülən işlər barədə ətraflı məlumat almaq olar. Müraciət edənlərə bütün məlumatlar operativ və obyektiv şəkildə təqdim olunur.

“Bakı Metropoliteni” QSC koronavirusla əlaqədar fəaliyyətini Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahla əlaqəli qurur, tapşırıq və tövsiyələrə əməl olunmasına diqqət yetirir, metropolitenlə bağlı aktual məsələlərin operativ həllini təmin edir.

İşçilərin maarifləndirilməsi istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilir. Yanvar ayının sonundan başlanmış fəaliyyət nəticəsində metropoliten işçiləri arasında Ümumdünya Səhiyyə Təşkilatı və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tövsiyələri geniş təbliğ olunur, iş yerlərində sanitar-gigiyenik normalara əməl olunması üçün müvafiq şərait yaradılır.

Sərnişinlərə müraciət

"Bakı Metropoliteni" QSC bir daha sərnişinlərindən öz sağlamlıqları naminə sanitar-gigiyenik normaların tələblərinə ciddi riayət etməyə və bu məsələlərdə metropoliten işçiləri ilə fəal əməkdaşlığa, həmfikir və həmrəy olmağa çağırır. Stansiya və qatarların zibillənməməsi, təmizliyə riayət olunması hər kəsin sağlamlığının təməlidir.

Tibbi ləvazimatların, qida, yeyinti və kulinariya məhsullarının, o cümlədən fəal və dayanıqlı mikrob daşıyıcılarının təmas olunan yerlərə atılmasına, yapışdırılmasına və sair bu kimi hallara yol verilməməsi günün qaçılmaz tələbi, hər birimizin vətəndaş və vicdan borcudur.

Təhsil Nazirliyindən baş nazirin tədris ilinin müddəti barədə qərarı ilə bağlı
“Nazirlər Kabinetinin qərarı ilə tədris ilinin müddəti təsdiq edilib. Bu, ümumi təhsil haqqında qanundan irəli gələn vəzifə idi. Bu qərar verilənədək həmin müddəalar elə Nazirlər Kabinetinin təsdiq etdiyi nümunəvi nizamnamədə yer alırdı”.

Bunu Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Cəsarət Valehov sosial şəbəkədəki hesabında bildirib. 

O qeyd edib ki, yeni qərar qəbul edildikdən sonra, uyğunlaşdırma çərçivəsində həmin normalar nizamnamədən çıxarılmalı idi:

“Başqa sözlə desək, indi həmin normalar ayrıca sənəddə öz əksini tapıb.

Yeganə fərq ondan ibarətdir ki, nizamnaməyə görə, bütün ölkə üzrə tətil və tədris müddəti ilə bağlı qərar qəbul etmək səlahiyyəti Təhsil Nazirliyində idi. İndi isə Nazirlər Kabinetindədir. Amma ayrı-ayrı məktəblər üzrə bu qərarı vermək səlahiyyəti yenə də Təhsil Nazirliyindədir”.

C.Valehov əlavə edib ki, yəni bu sənəddə hər hansı tətilin ləğv olunmasından söhbət getmir. oxu.az

Dərs ili uzadıldı
Təhsil Nazirliyi Azərbaycan Universitetlərində dərs ilinin uzadılması haqda qərar verdi.

Dərslər mayın 30-da deyil, iyunun 15-də bitəcək.

İmtahanlar isə 15 iyunda başlayacaq və 13 iyulda başa çatacaq.