Son xəbərlər

“Bu, ikinci də, üçüncü dalğa da ola bilər”

“Biz böyük dalğadan qurtulmuşuq. İkinci dalğa məsələsi bizdən çox soruşulur”. 

Bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı “REACT-C19” layihəsinin ilkin nəticələrinə dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, hazırda yoluxma saylarının artmasının ikinci dalğa olub-olmadığını bilmək üçün geriyə dönüb baxmaq lazımdır: “Bəli, karantin şərtləri yumşaldıldıqdan sonra yoluxmaların sayında artım oldu. Bu, ikinci də, üçüncü dalğa da ola bilər”. 

Hande Harmancı bildirib ki, tətbiq olunan yeni testlər mütəmadi olaraq yenilənir: “Testlər getdikcə təkmilləşir. Artıq xəstəliyi keçirib-keçirmədiyi ilə bağlı testlər istifadə olunur. Azərbaycan hökuməti hər zaman ən son testləri almağa çalışır”. 

Bu marşrut xətti “BakuBus”a keçdi

“Transkontrol” MMC-nin müvəqqəti istismarında olan 30 nömrəli müntəzəm marşrut xəttinin ("Neftçilər" m/st- Səməd Vurğun bağı) fəaliyyəti nəzarətə götürülüb.

Keçirilən monitorinqlər nəticəsində MMC-nin fəaliyyətinin sərnişindaşıma qaydalarına zidd olması, qanunvericiliyin tələblərinin pozulması halları qeydə alınıb.

İstehsalat bazasının olmadığından avtobusların reysqabağı texniki yoxlanılması və sürücülərin tibbi müayinəsi həyata keçirilmir. Avtobuslar natəmiz olaraq xəttə buraxılır.

Marşrut xətti ilə bağlı vətəndaşlar tərəfindən də çoxsaylı şikayətlər daxil olub. Təkcə 2019-cu ildə yazılı olaraq və “Alo 141” Çağrı Mərkəzinə sürücülərin davranışı barədə 123, avtobusların istismar vəziyyəti barədə 64 müraciət daxil olub. Müraciətlər əsasında sürücülər barəsində 103 dayanacaqdan kənar, 15 sükan arxasında siqaret çəkmə və 20 hərəkət sxemindən yayınma faktı müəyyən edilərək inzibati cərimələr tətbiq edilib. Dəfələrlə daşıyıcıya yazılı və şifahi olaraq xəbərdar olsa da bu istiqamətdə hər hansı bir tədbir görülməyib.

Xidmətin keyfiyyətinin artırılması məqsədilə 30 nömrəli marşrut müsabiqəyə çıxarılaraq xətt üzrə sərnişindaşımaları “BakuBus” MMC-yə həvalə olunub.

23.05.2020-ci il tarixindən 30 nömrəli xətt üzrə sərnişinlərə ekoloji baxımdan təmiz, Avro 6 standartlarına cavab verməsi ilə fərqlənən 12 metrlik avtobuslarla xidmət göstəriləcək. Eyni zamanda bununla nağdsız ödəniş sisteminə inteqrasiya olunan müntəzəm marşrut xətlərinin sayı 34 olacaq.

 


 
Bakıda koronavirusla bağlı daha bir müzakirə
Bakıda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü, Heydər Əliyev Fondu və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) dəstəyi ilə Azərbaycanın regionlarındakı xəstəxanalarda COVID-19-a qarşı mübarizə tədbirləri ilə əlaqədar əsas bacarıqları gücləndirmək üçün həyata keçirilən REACT-C19 layihəsinin ilkin nəticələri ilə bağlı tədbir keçirilir.

Oxu.az xəbər verir ki, tədbirdə ÜST-ün Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı, TƏBİB-in İdarə Heyətinin sədrinin müşaviri Şəhriyar Fətullayev və Heydər Əliyev Fondunun Beynəlxalq Əlaqələr departamentinin sədri, deputat Soltan Məmmədov iştirak edirlər.

Nərimanovda bu ünvandakı binalar plana düşdü

Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 55 № -li, 11 mart 2020-ci il tarixli Sərəncamına əsasən, Bakı şəhəri, Nərimanov rayonu , Təbriz  və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən yaşayış üçün yararsız vəziyyətdə olan, istismar müddəti başa çatmış, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının inşası “Ailə Park “ MMC-yə həvalə olunub.

Qeyd edək ki, yenilənən binaların sakinləri və  “Ailə Park”  MMC arasında rəsmi müqavilə (notarial qaydada) bağlanılır və onlar müvəqqəti olaraq digər yaşayış yerlərinə köçürülürlər.

Mənzilləri sökülən sakinlər müvəqqəti kirayədə yaşadığı dövrdə onların kirayə haqları ödənilir. Daha sonra sakinlər köçürüldükləri mənzildən sahəsinə görə 25 % daha artıq və təmirli mənzillərə sahib olurlar.

 





 
TƏLƏBƏLƏRƏ ŞAD XƏBƏR: TƏHSİL HAQLARI…

Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi sistemi http://e-telebe.edu.az istifadəyə verilib.

Təhsil Nazirliyindən  verilən məlumata görə, sözügedən qrupa daxil olan tələbələr elektron sistemdə qeydiyyatdan keçərək şəxsi kabinet yaratmalı, təhsil, ailə üzvləri haqda və digər zəruri məlumatları əlavə etməlidirlər.

Məqsəd xüsusi karantin rejimində tələbələrin işinin asanlaşdırılması üçün onlara yeni imkan yaratmaqdır.

Qeyd edək ki, Nazirlər Kabinetinin “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” qərarı 20 mindən artıq tələbəni əhatə edir.

Qərarın icrası üçün dövlət büdcəsindən 40 milyon manat maliyyə vəsaiti ayrılıb.

Qərar yalnız ali təhsil müəssisələrində təhsil alanları deyil, orta ixtisas və peşə təhsili üzrə əyani təhsil alan tələbələri də əhatə edir. Təkrar ali və orta ixtisas təhsili alan tələbələrə isə şamil edilmir.

Qaydalara əsasən, bütövlükdə həssas qrupdan olan tələbələr üçün tam olaraq illik təhsil haqqı xərci dövlət tərəfindən ödəniləcək. Tələbənin təhsil haqqı xərcinin 50 faizi 2019-2020-ci ilin yaz semestri üzrə, 50 faizi isə 2020-2021-ci tədris ilinin payız semestri üzrə elektron qaydada ödəniləcək.

Xüsusi təyinatlı ali təhsil müəssisələrində dövlət imtahanının ləğv edilməsi ilə bağlı qərarı həmin təhsil ocaqları özləri verməlidir.

Bunu Nazirlər Kabinetinin “Koronavirus (COVİD-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə” qərarı haqda sualları cavablandıran Təhsil Nazirliyinin sektor müdiri Yaşar Ömərov deyib.

O bildirib k, bu məsələ həmin təhsil ocaqlarının elmi şurası tərəfindən baxılıb müvafiq qərar qəbul edildikdən sonra nəzərə alınır.  /Axar.az/

“Ramazan bayramı ilə əlaqədar rayonlara gediş-gəlişin bərpasına hələ ki icazə yoxdur. Amma yaxın günlərdə yeni bir vəziyyət yarana bilər, yeni qərar verilə bilər”.

Bunu e-huquq.az-a açıqlamasında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, Bakı, Sumqayıt, Lənkəran, Gəncə şəhərləri və Abşeron rayonundan respublikanın digər ərazilərinə, eləcə də bölgələrdən adı çəkilən rayon və şəhərlərə gediş-gəlişlə bağlı qadağa qüvvədədir:

“Amma növbəti günlərdə necə olacağını gözləmək lazımdır. Bu halda biz qərarı elan edəcəyik. Digər rayonlar arasında isə bilirsiniz ki, əhalinin gediş-gəlişi mümkündür”.

İcra başçısının villaları, şirkətləri, hotelləri..
Jurnalist Həbib Müntəzir Şəkinin icra başçısı Elxan Usubovun varidatının siyahısını paylaşıb.

Qaynarinfo xəbər verir ki, jurnalist 14 ildir icra başçısı olan Elxan Usubovun Şəkidə bir neçə iaşə-ticarət obyektləri, fərdi yaşayış sahələri və hektarlarla torpaq sahələrinin olduğunu da bildirib:

Bakıda T.Şıxəliyev, ev 6 ünvanında mənzil

Şəkidə L.Abdullayev, ev 36 ünvanında mənzil

Şəkidə M.Ə.Rəsulzadə, ev 293 ünvanında xidməti mənzil

Şəkidə 5 ədəd dəbdəbəli malikanəsi

Şəkidəki süd zavodu

Şəkidəki "Sünbül” çörəkbişirmə sexi

Şəkidə M.F.Axundov prospektində yerləşən "Şəki” hoteli

Şəkinin Kiş kəndindəki "Narınqala” hoteli

Şəkinin Kiş kəndində "Şam bağı” hoteli

Kiş kəndində "Cənnət bağı” hoteli

Dağüstü park deyilən yerdəki "Panaroma” hoteli

Şəki-Oğuz yolunun üstündə yerləşən istirahət mərkəzləri

Ağstafada bir malikanə

Gürcüstanda böyük fındıq zavodu

”CHEMİCO CO LTD” MMC şirkəti

”A.Q.T.İ.M.” MMC şirkəti (gips, mala və əhəng istehsalı)

İcra hakimiyyəti “Nəsimi bazarı”nı satdı
Bakının köhnə bazarlarından olan “Nəsimi bazarı”nın söküntüsünə başlanılıb.

Baku.ws xəbər verir ki, söküntü işləri artıq başlanılıb.

Qeyd edək ki, bazarın söküləcəyi barədə çoxdan məlumat verilmişdi. Lakin söküntü işlərinə gözlənilmədən başlanılıb.

Məsələ ilə bağlı Nəsimi rayon İcra Hakimiyyətilə əlaqə saxlanıb.

Qurumun təsərrüfat şöbəsinin müdiri Qurban İsmayılov sayta bildirib ki, “Nəsimi bazarı” pilot layihə çərçivəsində satılıb. Onun yerində yaşayış binası tikiləcək.

“Pilot layihə çərçivəsində tikinti işləri aparılacaq. Bazarın sahibi ilə razılaşandan sonra bina tikiləcək. Artıq ərazidə 3 bina tikilib, biri də bazarın yerində olacaq”, - deyə Qurban İsmayılov bildirib.

Xatırladaq ki, “Nəsimi bazarı” Bakının ən qədim kolxoz bazarlarından biri idi.

Bakının bu ünvanında söküntü başlayır
Bakıda 1 200-dən çox yararsız bina sökülüb.

Bunu Trend-ə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentindən bildiriblər.

Qeyd olunub ki, yenilənən binaların sakinləri ilə sahibkar arasında rəsmi müqavilə bağlanır və onlar müvəqqəti digər yaşayış yerlərinə köçürülürlər:

"Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarı ilə paytaxtın bir çox rayonlarında istismar müddətini tamamlamış, qəzalı vəziyyətdə olan evlərin söküntüsü davam edir.

Qərarda 3 mindən artıq binanın yararsız olduğu bildirilib və bu günə kimi pilot layihə olaraq 1 200-dən çox yaşayış binası sökülərək müasiri ilə əvəz edilib.

Hazırda bu işlər davam edir, mənzilləri sökülən sakinlər müvəqqəti kirayədə yaşadığı dövrdə onların kirayə haqları ödənilir. Daha sonra sakinlər köçürüldükləri mənzildən sahəsinə görə 20 faiz daha artığına sahib olurlar".

Departamentdən əlavə olunub ki, bir neçə gün əvvəl Nərimanov rayonunda 1958-ci ilə aid qəzalı vəziyyətdə olan binanın eyvanı uçub. Həmin bina pilot layihəyə düşən ünvanların siyahısındadır və orada yaxın günlərdə söküntü işləri başlayacaq.