![]() |
![]() |
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bu həftə sonunda 2 günlük sərt karantin rejiminin tətbiq edildiyi bölgələrin siyahısı genişlənib. Yevlax, İsmayıllı, Salyan Və Kürdəmirdə də koronavirusa yoluxma sayı artdığından sərt karantin rejimi tətbiq olunacaq.
Bu rayonlardan ikisində aparılan hazırlıqların təfərrüatlarını təqdim edirik:
Son günlər Salyanda xəstəliyə yoluxma hallarının artması ilə bağlı olaraq rayon ərazisində həftəsonu gücləndirilmiş karantin rejimi tətbiq olunacaq.
Bunun üçün rayon polis şöbəsinin və rayon mərkəzi xəstəxanasının əməkdaşları karantin rejminin tələblərinə uyğun fəaliyyət göstərəcəklər. Polislər rayonun əsas giriş-çıxışları, eləcə də kənd ərazilərində postlar quraraq rejimin tələblərinə nəzarət edəcəklər. Bundan əlavə, Mərkəzi Rayon Xəstəxanasının təcili yardım stansiyası və poliklinika şöbəsində həkimlər növbə əsasında xidmət aparacaqlar..
Rayon ərazisində xəstəliyə yoluxma sayının artması sakinlərin də məsuliyyətini artırır.
Sərt karantin rejiminin tətbiq olunacağı rayonlardan biri də Kürdəmirdir. Rayonda həftəsonu tətbiq ediləcək ciddi karantin rejimi ilə bağlı rayon icra hakimiyyəti tərəfindən ciddi işlər görülür.
Kürdəmir rayon icra hakimiyyətinin başçısının müavini Ağəli Kərimli bildirdi ki, yoluxmanın ən çox qeydə alındığı Sığırlı kəndində vəziyyət hazırda qənaətbəxşdir.
Qeyd olunan tarixlərdə vətəndaşlar evdə qalacaqlarına görə ərzaq və dərman tədarüklərini vaxtında görməlidirlər.
/yeniavaz.com/
Mərkəzdən verilən məlumata görə, imtahanlar saat 11:00-da başlanacaq.
Xatırladaq ki, imtahanlarının keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda ümumilikdə 197 bina, 3 284 zal ayrılıb. İmtahanların idarə olunmasına 197 ümumi imtahan rəhbəri, 538 imtahan rəhbəri, 4 266 nəzarətçi–müəllim, 393 buraxılışı təşkil edən əməkdaş, 197 bina nümayəndəsi ayrılıb.
İmtahanlarda 17 021 şagirdin (abituriyentin) iştirakı nəzərdə tutulur.
Təkcə Kürün Salyan rayonu ərazisindən keçən hissəsində çayda suyun səviyyəsi son 10-15 gün ərzində bir metrdən çox azalıb. Çayın səviyyəsi minimum həddən aşağı olduğundan çayda 25 adacıq əmələ gəlib.
Vəziyyətin belə həddə olması su nasoslarına da öz təsirini göstərib. Demək olar ki, su nasosları indiki halda tam gücü ilə işləyə bilmir. Yəni məhsuldarlıq aşağı düşüb.
Kür çayında suyun səviyyəsinin həddən artıq aşağı düşməsi su quyularına da təsirsiz ötüşməyib. Hətta həyətlərdə qazılmış su quyuları da qurumağa başlayıb.
Quyular quruduğundan artıq rayon sakinləri quyu suyundan istifadə edə bilmədiklərini bildirib. Mütəxəssislərin fikrincə, Mingəçevir Su Anbarında suyun tənzimlənməsi problemi həll olunmayana qədər vəziyyət kritik olaraq qalacaq.
Sosial şəbəkələrdə yazılanlardan belə başa düşülür ki, guya polis zibil atanların hamısından üzr istəyib. Amma bu, kökündən yanlış qənaətdir.
Bunu Daxili İşlər Nazilriyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov deyib.
O bildirib ki, yalnız polis əməkdaşı tərəfindən “dovşansınız” deyilən qadından həmin ifadəyə görə üzr istənilib və o ifadəni işlədən əməkdaş da Daxili İşlər nazirinin əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric edilib:
“Başqa heç kimdən üzr istənilməyib. Çünki orada karantin rejiminə nəzarəti həyata keçirən polis sırf qanuni tədbirini görüb və qanundan kənara çıxma halları olmayıb. Barəsində tədbir görülən vətəndaşlar da karantin rejimini pozduqlarına və polisə müqavimət göstərdiklərinə görə haqlı olaraq cəzalanıblar”, – deyə E.Zahidov bildirib.
Xatırladaq ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, iyunun 7-də sərtləşdirilmiş xüsusi karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşları Yasamal rayonu ərazisindəki yaşayış binalarından birinin həyətində karantin rejimi qaydalarını pozan şəxsi saxlayarkən həmin binada yaşayan bir qrup sakin mənzillərinin eyvan və pəncərələrindən polis əməkdaşlarının üzərinə müxtəlif əşyalar ataraq onların ünvanına təhqiredici ifadələr səsləndiriblər.
“Buna baxmayaraq, polis əməkdaşları karantin rejimini pozan həmin şəxs barəsində inzibati tədbir görüb. Aparılan araşdırmalarla asayiş keşikçilərinin üstünə müxtəlif əşyalar atan 11 nəfərin də şəxsiyyəti müəyyən edilib və onlar saxlanılaraq müvafiq araşdırmalar aparılması üçün ərazi polis orqanına aparılıblar”, – məlumatda bildirilib.
Saxlanılan şəxslərin barəsində məhkəmə tərəfindən inzibati həbs cəzası verilib. (report)
Yoluxma daha çox ictimai nəqliyyatda və ictimai-iaşə müəssisələrində olub. İctimai nəqliyyat hələ də təhlükə mənbəyidir.
Bu fikirlərlə həkim Vaqif Qarayev çıxış edib.
Onun sözlərinə görə, Gürcüstan təcrübəsindən istifadə edilməli, ictimai nəqliyyatın fəaliyyəti dayandırılmalı idi:
“Fikrimcə, hökumət kafe, restoranları da açmamalıydı. Restoranlarda, kafelərdə çalışanlara sosial kompensasiya ödəmək olardı. Ancaq artıq gecdir. Ən yaxşısı indi kafe, restoranlara getməməkdir”. /Axar.az/
“Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi payız sessiyası ilə bağlı qanunvericilik iş planına təkliflər hazırlayıb. Həmin təkliflər komitənin sentyabrın sonlarında keçiriləcək iclaslarında təsdiq olunacaq. Həmçinin, komitənin üzvləri tərəfindən digər yeni təkliflər də hazırlanaraq, Milli Məclis Aparatına təqdim olunub”.
Bu barədə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova məlumat verib.
Komitə sədri təklif olunan məsələləri də qeyd edib:
““Ailə Məcəlləsi haqqında” qanunumuz var və çox da mükəmməldir. Ancaq ailə anlayışı orada yoxdur. Zamanın tələbinə uyğun olaraq hər bir qanunvericilikdə dəyişikliklər və uyğunlaşdırma olur.Təklif edirik ki, ailə anlayışı Məcəllədə öz əksini tapsın.
Eyni zamanda, təklif olunan digər məsələ nikah yaşının aşağı salınmasının Ailə Məcəlləsində göstərilməsi ilə bağlıdır. Ayrı-ayrı qanunvericilik aktlarında nikahın aşağı salınma səbəbləri göstərilir və müvafiq icra hakimiyyəti orqanlarına həvalə olunur. Ancaq Ailə Məcəlləsində nikah yaşının aşağı salınması göstərilməyib. Bu da bəzən nöqsanlara, qeyri-şəffaflığa gətirib çıxarır. Tutalım ki, şəxs 16 yaşında evlənir. Niyə görə?! Anası xəstədir, yoxsa ailə qurandan sonra xaricə gedəcək?! Hesab edirəm ki, nikaha daxil olarkən bu səbəblər Ailə Məcəlləsində göstərilsə, yaxşı olar”.
Hicran Hüseynova alimentin verilməməsi ilə bağlı vətəndaşlar tərəfindən çoxsaylı müraciətlər daxil olduğunu da bildirib:
“Məhkəmə alimentin ödənilməsi ilə bağlı qərar çıxarır. Ancaq icra məsələlərində müəyyən nöqsanlar və probolemlər ortaya çıxır, müəyyən süründürməçilik halları baş verir. Yaxşı olar ki, bununla bağlı edilən şikayətləri nəzərə alıb aliment ödənişi ilə bağlı müəyyən sərtləşdirmə olsun və qanunda öz əksini tapsın. Belə deyək də, aliment ödəyən şəxsin hansısa cəza tətbiqləri artırılsın. Bu məsələ ilə bağlı konkret təkliflər verilib. Yaxşı olardı ki, problemlər elektron hökumət, elektron portallar vasitəsilə həll olunsun. Tutaq ki, vətəndaş aliment ödəyir və ona kəsilən cəza, cərimə mail adresinə göndərilsin. Əgər vətəndaş cəriməni bir ay müddətində ödəməyəcəksə, onun üzərinə gələn cərimə pulu hesablanaraq, sürücülük hüququndan məhrum edilsin”.
Deputat ailə institutunun yaradılması məsələsinin aktuallığını da vurğulayıb. Əlavə olaraq qeyd edib ki, məsələnin qanunvericilikdə hansı formada öz əksini tapmasını Milli Məclisin qanunvericilik şöbəsi müəyyənləşdirəcək.
Komitə sədri “Məişət zorakılığı haqqında” qanuna təkliflər edildiyini və İş planında əksini tapmaq üçün Milli Məclisin Aparatına təqdim olunduğunu da deyib. (modern.az)
Sabiq polis rəisi, kriminalist Mahmud Hacıyevin Yasamalda karantin rejimini pozan və polisin başına müxtəlif maddələr atan şəxslərə qarşı keçirilən əməliyyatla bağlı Axar.az-a müsahibəsi:
– Hadisələri yəqin ki, izləmisiniz. Necə fikirləşirsiniz, bu, əvvəlcədən xüsusi planlaşdırılmış hadisədir?
– Bu qənaətdəyəm ki, polisə qarşı bu hərəkəti binada yaşayan şəxslər özbaşına edib, bunu kimlərinsə təşkil etdiyini düşünmürəm. Polisin başına zibil atanlar vətəndaşlar idi. Polis üzərinə düşən işi icra edib. Hamı başa düşməlidir ki, epidemiya ölkəmizdə yayıldığı gündən fasiləsiz olaraq işləyən və ən çox əziyyət çəkən qurumlardan biri polis orqanıdır. Polis pandemiya dövründə gecə-gündüz gücləndirilmiş iş rejimində işləyir. Polis həmin gün də öz işini yerinə yetirirdi, Nazirlər Kabinetinin qərarlarını icra edirdi. Vəzifə başında olan insanın başına biri zibil atır, biri qaynar su tökür, biri başqa əşyalar atır… Bu düzgündürmü? Belə olmaz axı. Polis evə getməyini xahiş və tələb edirsə, bunu sənin üçün, bütövlükdə xalq üçün edir də; sən xəstələnməyəsən, sağlam olasan deyə edir. Polis səni qanuna riayət etməyə çağırır. Ancaq vətəndaş buna cavab olaraq polisin başına zibil atır. Bu, inzibati xətadır. Vətəndaş inzibati xəta törədəndə polis nə etməli idi ki?! O insanlara qarşı tədbir görülməli idi və polis də bunu etdi.
– Vətəndaşın aqressiyasının səbəbi nədir? Axı Azərbaycanda polislə vətəndaş arasında münasibət xüsusilə son aylar yüksək səviyyədədir…
– Tamamilə doğrudur, polisin hərəkətlərində, davranışında, fəaliyyətində son aylar müsbət yöndə həddindən artıq irəliləyiş var. İndi bunun qarşılığında polisi təhqir etmək, onun başına zibil atmaq görünməmiş hərəkətdir. Hələ buna etiraz edənlər də var ki, polis onları niyə tutdu, niyə apardı? Nə etməli idi polis? Bu hərəkətə adekvat reaksiya olmalı idi. Adekvat reaksiya olmasaydı, digər məhəllələr də, binalar da polisə qarşı bu hərəkəti edəcəkdi. Polis tərəfindən verilən reaksiya tamamilə düzgündür. Bu insanlara bir nümunə olmalıdır ki, vəzifə başındakı insanı təhqir etmək, aşağılamaq yolverilməzdir.
– Sizcə, Yasamal hadisəsinin timsalında polis hansı məqamda səhvə yol verdi?
– Polisin adekvat tədbiri tam qanunauyğundur. Oradan 11 nəfər aparılıb polis bölməsinə və hesab edirəm ki, tamamilə düzgün yanaşmadır. Burada polis heç bir səhvə yol verməyib.
– Saxlanılan şəxslərə 10-30 sutka həbs cəzası verildi. Bu qərara münasibətiniz…
– Əslində, onların hərəkətində cinayət tərkibi var. Yarım kiloqram ağırlığında olan əşyanı 7-ci mərtəbədən atanda, o, birinci mərtəbəyə 7 kiloqram əşya kimi düşür. Bu, fizika qanunudur. Binadan atılan əşyalardan hansısa biri polisin başına düşsəydi, nə olacaqdı? Bu, o deməkdir ki, sən bilərəkdən polis işçisinə xəsarət yetirirsən. Bu artıq cinayət işidir. O, vəzifə başındadır, o işini görür. Qanunsuz bir hərəkət etmir. Vətəndaşa “evə get” deyir, vətəndaş isə buna məhəl qoymur. Polisin səhvi odur ki, iş yaxşı araşdırılmadı və yalnız inzibati cəza verildi. Halbuki həmin şəxslərin bir neçəsi haqqında cinayət işi qaldırılmalıdır. Onların əməlində cinayət tərkibi var.
İki günlük sərt karantin rejimi dövründə ev heyvanlarından yalnız itlərin gəzdirilməsinə sərbəst şərait yaradılacaq.
Bunu Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib. Onun sözlərinə görə, itlərin gəzdirilməsi üçün konkret müddət nəzərdə tutulmayıb:
“Həftə sonu nəzərdə tutulan sərt karantin rejimi dövründə vətəndaşlar yalnız itlərini çölə çıxardıb gəzdirə bilər. Ancaq bu vəziyyətdən sui-istifadə etmək olmaz. Vaxt və saya gəldikdə isə bu hər bir insanın vətəndaşlıq məsuliyyətidir. Onlar adi vaxtlarda itlərini ehtiyaclarını ödəmək üçün necə çölə çıxarırdılarsa, həmin vaxt dövründə də bu cür etməlidirlər. Bir daha vurğulayıram və xahiş edirəm ki, insanlar sui-istifadəyə yol verməsinlər”.
İ.Məmmədov əlavə edib ki, sərt karantin rejiminin tələblərinə riayət olunmasına polis nəzarət edəcək.
Daxili İşlər Nazirliyin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov isə Trend-ə bildirib ki, itlərin parklarda və bulvarda gəzdirilməsinə icazə verilməyəcək: “Ev heyvanını küçəyə çıxarmaq ehtiyacı yarananda vətəndaş onu yalnız yaşadığı binanın həyətinə çıxara bilər. Bu da qısa müddət ərzində olmalıdır. Gücləndirilmiş və sərtləşdirilmiş karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşları Operativ Qərargahın verdiyi qərarın icrası ilə bağlı bütün lazımı tədbirləri görüb və görəcək”.
Qeyd edək ki, 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir, Salyan rayonlarında küçəyə çıxmaq qadağan olunacaq. (trend)
Azərbaycan Respublikasının dövlət sərhədində giriş-çıxışa tətbiq olunan məhdudiyyət 1 iyul 2020-ci il tarixinədək uzadılır.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Bildirilib ki, yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması üzrə həyata keçirilən tədbirlər çərçivəsində dövlət sərhədində giriş-çıxışa müvəqqəti olaraq tətbiq edilən məhdudiyyətin və beynəlxalq uçuşların təxirə salınma müddəti artırılıb.
COVID-19 pandemiyası ilə bağlı dünyadakı vəziyyət təhlil edilərək yükdaşımaları və çarter reysləri istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava yolu ilə giriş-çıxışa tətbiq olunan məhdudiyyət 1 iyul 2020-ci il tarixədək uzadılıb. /İstiPress/
Ölkə üzrə sanitar-epidemioloji vəziyyətin təhlilinə əsasən, son günlər Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında yüksək yoluxma faktları aşkar edilib. Bu baxımdan COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq ediləcəkdir.
İnsanlar arasında tarixlərlər bağlı müxtəlif suallar yaranıb. Belə ki, bir çox vətəndaş şənbə günü də daxil olmaqla sərt karantin rejiminin tətbiq ediləcəyini düşünürlər.
Qeyd edək ki, 15 iyun Milli Qurtuluş günü olduğundan ölkədə qeyri iş günüdür. Elə bu səbəbdən həftənin bazar günü və bazar ertəsi sərt karantin rejimi tətbiq edilir.
Nəzərinizə çatdırırıq ki, şənbə günü qeyd edilən şəhər və rayonlarda adi günlər kimi market, iş yerləri fəaliyyətini davam etdirəcək. (qazet.az)