![]() |
![]() |
“Yeni Sabah” Milli Məclisin keçmiş sədri, bir zamanlar Azərbaycan Prezidentinin səlahiyyətlərini icra etmiş tibb elmləri doktoru, professor Yaqub Məmmədovun Reyting.az-a müsahibəsini təqdim edir:
– Yaqub müəllim, dünya koronavirusla mübarizəyə davam edir. Mövcud durumu necə qiymətləndirirsiniz?
– Bir tərəfdən baxırsan ki, virusla bağlı ümumi say çoxaldılır, digər tərəfdən də görürsən ki, say azaldılır. Sanki bu, idarə edilən prosesdir. Hər halda buna daha çox bənzəyir.
Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri də gündə bir bəyanat verir, çıxış edir. Görünən odur ki, bu məsələ hələ uzanacaq.
O vaxt deyirdilər ki, may ayının ortasında ikinci dalğa başlayacaq, indi də deyirlər ki, ikinci dalğa iyunda başlayıb. Bir sözlə, koronavirusla əlaqədar dünyada bir qarmaqarışıqlıq hökm sürür.
– Sizcə, bu, sadəcə xəstəlikdir, yoxsa bununla paralel geosiyasi oyunlar da aparılır?
– Sözsüz ki, xəstəliyin həm də siyasi, iqtisadi tərəfləri var. Son 3-4 ayda gedən proseslər göstərdi ki, burada geosiyasi məsələ də mövcuddur. Yəni böyük güclərin siyasi, iqtisadi məqsədləri var və bu, aydın görünür.
Belarus Prezidenti Aleksandr Lukaşenko da bəzi məsələləri açıb danışır. Aydın görünür ki, bu, böyük oyun, masştablı prosesdir.
– Konkret nəyi nəzərdə tutursunuz?
– Yeni dünya düzənin formalaşmasını. Məncə, payızda çox şeylər aydın olacaq.
– Sizcə, pandemiya dünya siyasətinə necə təsir edə bilər?
– Yüz faiz təsiri olacaq. Söhbət böyük təsirlərdən gedir. Təsadüfən demirlər ki, pandemiya dünyanı dəyişəcək. Hər şey dəyişir. Hətta insanların psixologiyası da.
Neçə aydır ki, dünya əhalisi evində oturub bayıra çıxmır. Əvvəlki münasibətlər sistemi tamamilə dəyişəcək. Bunlar aydın görünür.
Elə dövlətlərin də münasibətləri dəyişir. Bir-birilə gərgin münasibətdə olan dövlətlər indi bir-birinə yardım təklif edirlər.
– Pandemiya siyasi maraqlar çərçivəsində müharibəyə gətirib çıxara bilərmi?
– Pandemiyanın özü elə müharibədir də. İndi əldə olunan silahlarla müharibə aparmaq çox risklidir. Ona görə, virusu salıblar ortaya və müharibə bu şəkildə aparılır. Sözsüz ki, söhbət böyük güclər və maraqlar arasında toqquşmadan gedir. Məncə, bunlar tədricən görünür.
– Azərbaycanda koronavirusla bağlı vəziyyəti necə qiymətləndirirsiniz?
– Bizdə yoluxmanın əvvəli yaxşı getdi, yoluxanların sayı çox az idi. Ciddi tədbirlər də həyata keçirildi. Son vaxtlar isə yoluxma sayında kəskin artım müşahidə edilir. Dinamika gərgindir və vəziyyət ürəkaçan deyil. Hətta bəzi yoldaşlar bəyan edirlər ki, ikinci dalğa bizdə indi başlayır. Hesab edirəm ki, müəyyən dövrdən sonra səngimə müşahidə olunacaq. Amma indi artan xətt üzrə davam edir.
Xəstələrin sayı çoxdur. Dövlət səviyyəsində, səhiyyə strukturu xətti ilə müəyyən tədbirlər də həyata keçirilir. Zənnimcə, iki həftə ərzində hər şey məlum olacaq. Yəni xəstəliyin artma, yoxsa azalma tempi üzrə gedəcəyi bəlli olacaq.
– Siz həkim kimi əhaliyə nəyi tövsiyə edirsiniz?
– Əvvəla, mən dövlətin koronavirusa qarşı apardığı mübarizəsini müdafiə edirəm. Hesab edirəm ki, tətbiq olunan karantin rejiminə əməl etmək vacibdir. Onu hər bir halda pozmaq lazım deyil. Nəzərə almalıdırlar ki, karantinin tətbiqi elə-belə məsələ deyil.
Xəstəliklə bağlı ciddi mübarizə aparılır. Odur ki, tətbiq olunan tədbirlərə əməl etmək lazımdır. Amma çox təəssüflər olsun ki, bizim vətəndaşlarımızın çoxu buna əməl etmirlər.
Həm də düşünürəm ki, bizdə böyük ticarət mərkəzlərini, kafeləri çox tez açdılar. Camaat ticarət mərkəzlərinə gedir, üstəlik sosial məsafə saxlamırlar, qoruyucu maskalardan istifadə etmirlər. Bu isə qapalı yerdə yoluxma sayını kəskin artıra bilər.
– Sizə elə gəlmirmi ki, bizim əhali ilkin dövrdə belə bir xəstəliyin olmasına şübhə ilə yanaşdı?
– Əslində bu inamsızlıq dünyanın hər bir yerində var. Amma çox nahaq. Açıq şəkildə görünür ki, bu xəstəlik ciddi məsələdir və onunla mübarizə də ciddi aparılmalıdır. Hamı deyilənə əməl etməlidir.
İşin pis tərəfi odur ki, bu xəstəliyin müalicəsi, vaksini yoxdur. Dünya tibb elmi bunu etiraf edir. Həmçinin buna qarşı simptomatik müalicə də yoxdur. Əgər müalicə yoxdursa, deməli, tətbiq edilən rejimə əməl olunmalıdır. Mən insanlarımıza karantin rejiminə əməl etməyi, mümkün qədər sosial izolyasiyaya qapanmağı tövsiyə edirəm. Bayıra çıxdıqda isə qoruyucu maskalardan istifadə vacibdir. Əgər xəstəlik varsa və müalicəsi yoxdursa, deməli, hər bir insan həm də özünün həkimi olmalı və mütəxəssislərin məsləhətlərinə qulaq asmalıdır.
Azərbaycan Milli İstiqlal Partiyası (AMİP), Böyük Azərbaycan Partiyası (BAP), Azərbaycan Xalq Partiyası (AXP), Azərbaycan Demokrat Partiyası (ADP), AĞ Partiya və digərləri olmaqla 10 müxalifət partiyasının ötən həftəyə planlaşdırılan toplantısı baş tutmayıb.
Bu barədə Modern.az-a AMİP Mərkəzi Şurasının üzvü Əli Oruclu məlumat verib. O qeyd edib ki, karantin rejimi sərtləşdirildiyinə görə, görüş ertələnib:
“Hələlik bilmirik ki, konkret nə vaxta planlaşdıra bilərik. Bu həftənin sonunda da evdən çıxmamaqla bağlı qərar verilib. Görək növbəti həftələrdə karantin rejimi yenidən sərtləşdiriləcək, ya yox. Buna uyğun təbii ki, addım atılacaq”.
Ə.Oruclu onu da qeyd edib ki, bu tədbir müxalifət partiyalarının Xalq Partiyasının qərargahında keçirilən görüşünün davamı olaraq nəzərdə tutulub:
“Burada 10 siyasi partiyanın iştirakı gözlənilir. Müzakirə ediləcək mövzu isə həm gündəmi müzakirə etmək, fikir mübadiləsi aparmaq, həm də hökumətin pandemiya dövründə gördüyü işlərin dəyərləndirilməsi olacaq. Bundan sonra atılacaq addımlarla bağlı təkliflərin irəli sürülməsidir. 10 partiya bir müddət əvvəldən əməkdaşlıq edirlər, müəyyən təkliflər hazırlayıblar”.
Operativ Qərargahdan “BakuPost”a verilən məlumata görə, müəyyən olunmuş tarixlər üzrə fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində işləyən şəxslər, onların xidməti və şəxsi avtomobillərin hərəkətinə işəgötürən tərəfindən məlumatlar elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol veriləcək.
Fəaliyyətinə icazə verilən qurumlar, eyni zamanda dövlət əhəmiyyətli, həyat təminatlı müəssisələrin və qurumların, həmçinin fasiləsiz işləyən qurumların fəaliyyətləri zəruri hesab edilən işçilərini məhdud sayda cəlb etməklə tənzimlənəcək.
“Prezident Administrasiyasında 19 nəfər koronavirusa yoluxub”.
Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
R. Bayramlı FHN-də də 5 nəfərin koronavirusa yoluxduğunu deyib.
O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları arasında da COVID-19-a yoluxanların olduğunu qeyd edib. /Avropa.info/
Türkiyədə işdən çıxarma qadağası 3 ay uzadılıb. Qadağaya əsasən, məzuniyyətdə olan işçilərə pul dəstəyi daha 3 ay, qısa iş icazəsi müraciəti isə model dəyişikliyi ilə davam etdiriləcək.
İqtisadçı ekspert Natiq Cəfərli Redaktor.az-a bildirib ki, dövlətlə işəgötürənlər arasında anlaşmalar olsa da, yenə də işdən çıxarılmalar mövcuddur:
“Türkiyədə dövlətlə işəgötürənlər arasındakı anlaşmaya görə, işçilərin maaşının bir qisminin dövlət tərəfindən ödənilməsi qərara alınıb. İş adamlarına böyük həcmdə yardım ayrıldı. Maaşların ödənilməsi üçün 0 faizlik kreditlər verildi. Amma bütün bunlara baxmayaraq, işdən çıxarılmalar təbii ki, orda da var. Çünki, Türkiyədə də kifayət qədər gizli, qeyri-rəsmi iş yerləri fəaliyyət göstərir. O iş yerləri bağlandı və bunun heç bir məsuliyyəti olmadı. Digər tərəfdən, obyektiv səbəblərdən işin həcmi azaldığından, bəzi işçilərin ixtisara düşməsi də baş verdi. Bunun üçün xüsusi bir cəza tədbiri yoxdur. Şirkətlər dövlətin təklif etdiyi modeldən istifadə etdi. Bu, onlar üçün işçilərin çıxarılmasını qəliz prosesə çevirdi. Bəzi şirkətlər isə ümumiyyətlə bu yardımdan imtina etdilər. Yardımı almayan şirkətlərin sərbəst şəkildə müqaviləni bitirmək imkanları var. Amma orda həm işəgötürənlər, həm dövlət, həm də işçilər ümumi prinsiplərə sadiq qalaraq, öz işlərini qurdular. Bu da daha az iş yerinin bağlanmasına səbəb oldu”.
Eyni təcrübənin Azərbaycanda tətbiq olunmasına gəldikdə isə, iqtisadçı ekspret qeyd edib ki, Azərbaycanda 308 min işçiyə dövlət tərəfindən yardım verilib. Bu işçilər dövlətdən dəstək aldıqları üçün sahibkarlar həmin işçiləri saxlayıblar. Bütün bunlara baxmayaraq, işsizlərin sayı kəskin şəkildə artır:
“Pandemiyadan daha çox zərər çəkən işəgötürənlərə əsasən, turizm, ictimai iaşə, qeyri-ərzaq ticarəti daxildir. Burada rəsmi rəqəmlərə görə 308 min işçi çalışır. Həmin 308 min insanın maaşının bir hisssəsinin dövlət tərəfindən verilməsi qəbul olundu və bu, aprel və may ayları üçün nəzərdə tutuldu. İyun ayı üçün bu barədə hər hansı qərar yoxdur.
Azərbaycanda qeyri-rəsmi və rəsmi işçilərin sayı ümumilikdə 4 milyona yaxındır. 1.6 milyonu rəsmi, yerdə qalanı isə qeyri-rəsmi işçilər və yaxud aqrar sahədə çalışanlardır. Bunlarla bağlı qərar yoxdur deyə, dövlətin müdaxilə etmək imkanları da yoxdur. Əgər dövlət hər hansı bir qadağa qoyursa, bu qadağanın qarşılığını ödəyir. Yəni, hər hansı qadağanı qoyursa, onun əvəzində nəsə təklif edir. Təkliflər paketi olmadığından, Azərbaycanda işsizlərin sayında kəskin artım müşahidə olunur. Heç də təsadüfi deyil ki, hökümətin təklif etdiyi birinci paketdə 200 min işsizə 190 manatın ödənilməsi nəzərdə tutulmuşdu. Sonra isə məlum oldu ki, 600 min işsizə bu müavinat ödəndi. İndi artıq faktiki olaraq, 600 min insanın işsiz olduğu bilinir. Amma işsizlərin sayı bundan da çoxdur”.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınmasına yönəlmiş tədbirlərin səmərəliliyinin artırılması baxımından onlayn müsahibələr xüsusi əhəmiyyətə malikdir. Valideynlərə (qanuni nümayəndələrə) onlayn və ya ənənəvi (canlı) müsahibə formasını seçmək imkanı yaradılsa da, təsadüfi deyil ki, valideynlər daha çox onlayn müsahibələrə üstünlük verirlər.
Mövcud sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə uyğun olaraq onlayn müsahibələrin keçirilməsi valideynlərin və uşaqların rahatlığının təmin olunmasına, əlavə vaxt itkisinin qarşısının alınmasına xidmət edir. İlkin müşahidələr deməyə əsas verir ki, uşaqlar ailə üzvlərinin yanında, ev mühitində özlərini daha sərbəst ifadə etməyi bacarır. Odur ki, onlayn müsahibələrdə uğur qazanmış uşaqların nisbət göstəricisi daha yüksəkdir.
Onlayn müsahibələrdə iştirak etməklə hər bir valideyn koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində aparılan qabaqlayıcı tədbirlərə dəstək verir, həm özlərinin, həm də övladlarının həyat və sağlamlığının daha etibarlı qorunmasını təmin etmiş olur.
Onlayn müsahibələr valideyn və uşaqlara psixoloji cəhətdən də müsbət təsir göstərir, uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı mərhələni daha rahat adlamağa zəmin yaradır. Həmçinin onlayn müsahibə hamı üçün əlçatandır, hər kəs istifadə etdiyi kompüter, mobil telefon və ya digər İKT vasitələri ilə onlayn müsahibəyə qoşula bilir. Bununla bağlı valideynlərin şəxsi kabinetlərində müvafiq təlimati məlumatlar da yerləşdirilib.
Mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar ümumi təhsil müəssisələrinin tədris digər dildə aparılan bölmələri üzrə uşaqların I sinfə qəbulu üçün ənənəvi (canlı) müsahibənin keçirilmə vaxtı hələlik bəlli deyil. Odur ki, ənənəvi (canlı) müsahibəyə yazılmış valideynlərə şəxsi kabinetlərindəki “Əlaqə” bölməsinə yazaraq və ya elektron sistemdə seçimlərini dəyişərək onlayn müsahibə formasını seçmək imkanı yaradılıb. Bu baxımdan valideynlərə daha çox onlayn müsahibələrə üstünlük verilməsi tövsiyə edilir.
Qeyd edək ki, son illər təhsil sahəsində göstərilən elektron xidmətlərin sırası kifayət qədər genişləndirilib və bu proses səmərəli şəkildə davam etdirilir. Onlayn müsahibələr də valideynləri elektron xidmətlərin fəal istifadəçisinə çevirir və elektron xidmətlərlə bağlı yaradılmış imkanlar mövcud şəraitdə ən optimal çıxış yollarından biri kimi özünü göstərir.
Oxu.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib:
“Bu şəxslərin hamısı yas mərasimində koronavirusa yoluxub. Yas mərasimlərində kütləvi toplaşma, məsafənin gözlənilməməsi və maskadan istifadə edilməməsi koronavirusa yoluxma hallarının sayının artmasına səbəb olub”.
“Qəbələnin Zarağan, İsmayıllının Tircan kəndlərində, eləcə də Siyəzən rayonunda koronavirusa yoluxma sayında artım müşahidə edilib”, - deyə R.Bayramlı əlavə edib.
Tibbi qərargahın müraciəti ilə Operativ Qərargahın qərarına əsasən 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək aktiv yoluxma hallarındakı artımı səbəbindən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda sərt karantin rejimi tətbiq olunub.
Hazırda əhalidə bu həftəsonu da sərt karantin rejiminin tətbiq olunub-olunmayacağı ilə bağlı suallar yaranıb.
Qazet.az-ın suallarını cavablandıran TƏBİB-in sözçüsü Rəvanə Əliyeva bildirir ki, müxtəlif KİV-də bu barədə xəbərlər yer almaqdadır.
“Nə gəldi, yazırlar. Məndən də soruşurlar. Yazı göndərirlər ki, filan günlər karantindir. Nazirlər Kabinetinin saytında rəsmi məlumat yoxdursa, yaxud ciddi saytlar Nazirlər Kabinetinə istinadən rəsmi məlumat verməyibsə, deməli belə bir şey yoxdur. Olacağı təqdirdə də, keçən həftə olduğu kimi brifinq edərək orada açıqlayacağıq”, – deyə Rəvanə Əliyeva qeyd edib.
Bakı şəhərinin rayonları üzrə koronavirusa yoluxma halları ilə bağlı statistika açıqlanıb.
Yeni statistika koronavirusinfo.az saytında yerləşdirilib.
Belə ki, COVID-19-a yoluxmanın yeni statistikasında paytaxtın Sabunçu rayonu ilk yerdədir. Burada yoluxma 12,8 faiz təşkil edir.
Əvvəllər ilk sıranı Yasamal rayonu tuturdu. Hazırda həmin rayonda yoluxma 12,7 faizdir.
Binəqədi rayonunda koronavirusa yoluxma 12 faiz, Xətai rayonu 11,3 faizdir.
Eyni zamanda, Nəsimi rayonu üzrə yoluxma 11,2 faiz, Nərimanovda 9,6 faiz, Suraxanıda 9,1 faiz, Nizamidə 6,9, Qaradağda 6,8 faiz, Xəzərdə 4,5 faiz, Səbaildə 2,8 faiz və Pirallahıda 0,4 faiz təşkil edir.
Qeyd edək ki, hazırkı dövrədək ölkəmizdə 7876 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4377-si müalicə olunaraq sağalıb, 93-ü vəfat edib, 3406-sının xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 343 391 test aparılıb. /Yeniavaz.com/
İyun ayının 8-i DSMF-in Qobustan şöbəsinin müdiri İrşad Həsənov da daxil olmaqla, 7 nəfər əməkdaşda koronavirus (COVİD-19) test nəticələri pozitiv çıxıb.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov bildirib. O bildirib ki, şöbə müdiri hazırda xəstəxanada müalicəsini davam etdirir, digər əməkdaşlar isə evdə müalicə alır:
“Bu gün Şöbədə infeksiyaya qarşı xüsusi kimyəvi maddələrlə növbəti dezinfeksiya işləri həyata keçirilib. Dezinfeksiya işləri yekunlaşdıqdan sonra şöbə fəaliyyətinə əvvəlki qaydada davam edəcək. Qeydə alınan yeganə fakt bundan ibarətdir, nazirliyin digər əməkdaşları arasında bənzər hal müşahidə edilməyib”, – deyə F.Talıbov vurğulayıb. (qazet.az)