Son xəbərlər

Yeni ilə qədər bizi nə gözləyir?

Koronavirus pandemiyası tezliklə başa çatmayacaq, çünki dünyada yoluxma davam edir.
Bu barədə Rusiya Elmlər Akademiyasının akademiki, Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutu direktorunun elmi işlər üzrə müşaviri Viktor Maleyev məlumat verib.

"İnfeksiyalar heç vaxt bitə bilməz. Bir deyil, iki deyil, odur ki, başqaları peyda olacaq, ümumiyyətlə, infeksiyasız yaşamaq mümkün deyil. İnsanlar təyyarələrdə uçur, qloballaşır, Yeni ilə qədər heç nə bitməyəcək və bəlkə də mövsümi artımlar olacaq", - alim açıqlamasında qeyd edib.

O bildirib ki, yeni xəstəlik dalğasının olacağını proqnozlaşdırmaq çətindir. Eyni zamanda, kəskin infeksiyaya qarşı mübarizə tədbirlərini inkişaf etdirmək və gücləndirmək lazımdır: "İnfeksiya baş verərsə, diaqnostika aparılır, karantin tədbirləri üçün planlar hazırlanır. Bunlar ölkə daxilində inkişaf etdirilməli və gücləndirilməlidir". (publika.az)

Hər bir ailəyə 300 manat veriləcək?

"Hər bir ailəyə 300 manat verilsin".
Bunu kənd təsərrüfatı üzrə iqtisadçı ekspert Vahid Məhərrəmov deyib. Onun fikrincə, bu təklif Qurban bayramı ərəfəsində bütün ailələrin sevincinə səbəb olar:
"İyul ayı üçün əhaliyə yardım verilməyib. Avqust ayını da daxil etməklə hər ailəyə heç olmasa 300 manat yardım edilsin. Biz desək ki, gətirilən heyvanlar və əti ucuz satılsın, bu alınmayacaq. Kəndlilər çalışır ki, ildə bir dəfə normal gəlir əldə edib öz problemlərini həll etsin. Onsuz da ildə bir dəfə əldə olunan gəlirdən problem həll etmək mümkün deyil. Yəni, bu bahalıq dövründə onlar da əldə etdikləri qazancla öz ailəsinin sosial durumunu təmin etsinlər. Azərbaycanda ət istehsalı baha başa gəlir. Bunun da səbəbi var, örüş əraziləri əkin sahələrinə verilib, ot qıtlığı yaranıb, otun, yemin qiyməti bahadır. Xaricdən gətirilən heyvanlar da monopoliyadadır, əksəriyyəti yüksək vəzifəli adamlardır. Onların da iştahı böyükdür. Odur ki, əti ucuzlaşdırmaq mümkün olmayacaq".

Ekspert hesab edir ki, bu bayramda dövlət mütləq addım atmalıdır: "Bu, istehsalı stimullaşdıracaq. Əhalinin durumu çox pisdir. Pandemiya dövründə əhalinin bir hissəsi işə çıxa bilmir. Xüsusi xidmət sahələrində çalışanlar və əhalinin işsiz hissəsinin heç yerdən gəliri yoxdur. Ən yaxşı çıxış yolu hər ailəyə 300 manat yardım etməkdir. Bu da problem deyil. Ölkədə 2 milyon ailə var. Məncə, bu ən yaxşı təklif ola bilər". (qaynarinfo)

“Builki quraqlıq Aran rayonlarında su ehtiyatının azalmasına səbəb olacaq”

Builki quraqlıq problemi Aran rayonlarında su ehtiyatının azalmasına, problemin bu bölgədə özünü daha çox büruzə verməsinə səbəb olacaq.
Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.

Onun sözlərinə görə, havanın quraq keçməsi rütubətin və su ehtiyatlarının azalmasına gətirib çıxarır.

M.Həsənov qeyd edib ki, Azərbaycandakı çayların əksəriyyəti xarici ölkələrdə formalaşaraq ölkəmizin ərazisinə daxil olur. Azərbaycana daxil olana qədər bu çayların suyundan istifadə edilir və su azalır. Yay aylarında isə ölkəmizə gələn suyun miqdarı daha da azalır. Su ehtiyatının azalması suya ehtiyacın daha çox olduğu dövrdə təsərrüfata, məişətə öz mənfi təsirini göstərir:
“Əkinçilik təsərrüfatları əsasən Aran rayonlarındadır. Suya tələbat da ən çox bu rayonlarda olur. Dağlıq rayonlarda yağış suyu təsərrüfatların suya olan ehtiyacını təmin edir. Ona görə də əsas məsələ Aran rayonlarının su ilə təminatının yaxşılaşdırılmasıdır”.

Qeyd edək ki, ölkə ərazisində avqustun 20-dək olan dövrdə quraqlıqların daha çox olacağı ehtimal edilir. Quraqlığın daha çox Aran bölgəsində müşahidə ediləcəyi gözlənilir. Belə quraqlıq Azərbaycanda 2010 və ondan əvvəlki illərdə də müşahidə edilib.

Azərbaycan əsasən, subtropik qurşaqda yerləşdiyindən burada yay aylarının quraq keçməsi bir neçə ildən-bir müşahidə edilir. Yay aylarında cənub hava kütlələrinin - həm tropik siklonların, həm də Şimali Afrikada - Ərəbistan yarmadası üzərində formalaşan isti hava kütlələrinin Azərbaycan ərazisinə daxil olması yayın quraq və isti keçməsinə səbəb olur.

Qurban bayramı üçün qoyun almaq istəyənlərin nəzərinə!

Qurban bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən “Kənddən Şəhərə” layihəsi çərçivəsində qurbanlıq qoyunların onlayn satış yarmarkası təşkil olunacaq. 

Nazirlikdən daxil olan məlumata görə, sifarişlərin onlayn qaydada həyata keçirilməsi üçün yeni satış portalı vətəndaşların istifadəsinə verilib. 

Belə ki, qurbanlıq qoyunların sifarişi www.qurbanliq.kendden.az saytı vasitəsilə onlayn qaydada baş tutacaq. 

Qoyunları onlayn sifariş etmək istəyən vətəndaşlar sayta daxil olaraq 31 iyul saat 00:00-dək mövcud xanalar üzrə məlumatlarını qeyd edə və satış məntəqələrindən onlayn növbə götürə bilərlər. Qurbanlıq qoyunlar çəkilərinə uyğun olaraq üç kateqoriyada vətəndaşlara təklif olunacaq. Sifariş edilən qurbanlığın dəyəri kəsilmiş çəkidə hər kq üçün 11.50 AZN-dən hesablanaraq ödəniləcək.  Vətəndaşlar satın almaq istədikləri qurbanlıq qoyunun dəyərinin bir hissəsini (20 AZN) əvvəlcədən onlayn sifariş etdiyi zaman, məbləğin qalan hissəsini isə satış məntəqəsindən qurbanlığı əldə etdiyi zaman ödəyəcək. 

Vətəndaşlar onlayn qaydada sifariş etdikləri qurbanlıqları Bakı və Sumqayıt şəhərlərində aşağıda qeyd edilən satış mənqələrindən götürə biləcəklər:

1. Nizami rayonu, Rizvan Teymurov küç. 21 

2. Nərimanov rayonu, Ağa Nemətulla küç., 45 nömrəli məktəbin yanı

3. Nəsimi rayonu, 20 Yanvar küç. 243

4. Binəqədi rayonu, 9 mikrorayon, Mircəlal küç. 41

5. Binəqədi rayonu, Kazımovski 138 B

6. Xətai rayonu, Məhəmməd Hadı küç., KTV-nin yanı

7. Xətai rayonu, Gəncə pr. 148 A, Xəzər univermağının yanı

8. Xətai rayonu, Lütfizadə küçəsi (Grand marketin yanı)

9. Suraxanı rayonu, Sakit Qocayev küç. 90

10. Sumqayıt şəhəri, Azərbaycan prospekti, 20-ci məhəllə (Əşya bazarının yanı).

 

 

Seymur VERDİZADƏ

Təxminən 8-9 il əvvəl Xızı rayonunun Qızılqazma kəndində olanda, bu ərazini yaxşı tanıyan tələbə dostum nəhəng bir villanı göstərib, belə demişdi: “Keçmiş Səhiyyə naziri Əli İnsanovun evidir. Gəlib-gedən olmadığı üçün baxımsız vəziyyətdədir”.

İki il əvvəl şimal bölgəsində qonaq olanda, dostlarla Qubadan Qusara getməyə qərar verdik. Mənzil başına çatmağa bir neçə kilometr qalmış yolun kənarındakı nəhəng villa diqqətimi cəlb etdi. Vaxtilə Nəqliyyat Nazirliyində məsul vəzifə tutmuş tanışım dərhal izahat verdi: “Ziya Məmmədovun villasıdır”.

Oxşar situasiya ilə iki il əvvəl Göygöl rayonunda da qarşılaşmışdım. Yerli əhali arasında Mixaylovka kimi məşhur olan Dəyirmanlar kəndindən keçəndə, samuxlu tələbə yoldaşım dəbdəbəli bir villanı göstərib, belə demişdi: “Sabiq Vergilər naziri Fazil Məmmədovundur. Amma çoxdandı gəlib-getmir. Bəlkə də burda villasının olduğu yadından çıxıb”.

Keçmiş Kənd təsərrüfatı naziri Heydər Əsədovun “Hökumət Evi”nin ekiz tayı olan villası haqda da yazmışam. Bakıda o cür nəhəng villa görmədiyim üçün yeri dəqiq yadımdadır; Binəqədi rayonundakı 30 nömrəli məktəbin yaxınlığında yerləşir. Bəzən nabələd adamlar villa ilə məktəbi dəyişik salırlar. Deyilənə görə, villanın ərazisi o qədər genişdir ki, 1360 şagird rahat təhsil ala bilər.

Burda təəccüblü, qeyri-adi heç nə yoxdur. Əgər Azərbaycanda yeddi il nazir işləmisənsə, yığdığın yeddi arxa dönəninə bəs etməlidir. Bizim ölkəmizdə nazir sözü uzun illər rüşvətxor və korrupsioner sözü ilə assosiasiya olunub…

Mən nikbin adamam. Sonuncu cümləni keçmiş zamanda tamamlamağım da sırf bu amillə bağlıdır. Son illər start götürən islahatların sayəsində Azərbaycanda korrupsioner məmurların “kökü” kəsiləcəyinə ümidim artıb. Ziya Məmmədov kimi nazirlər bir-birinin ardınca “arxivə” göndərilir. Elmar Məmmədyarovun biabırçı şəkildə işdən qovulması bu prosesin dönməz xarakter aldığını söyləməyə əsas verir.

Sizin Məmmədyarovun əməllərindən xəbəriniz varmı? Rüşvətxor məmurların, qudurğan biznesmenlərin yekəxana uşaqları neçə illərdi Azərbaycanın xarici ölkələrdəki səfirliklərində, konsulluqlarında kef edirlər. İnanıram ki, Ceyhun Bayramov bu haqsızlığa son qoyacaq. Əminəm ki, vaxtilə direktorları işə imtahanla götürən, təhsil müəssisələrinin rəhbərlərini vəzifəyə təmənnasız təyin edən Ceyhun müəllim bu dəfə də XİN-in qapılarını kasıb ailələrdə böyüyən savadlı gənclərin üzünə açacaq. Axı ortada istinad edə biləcəyimiz müsbət nümunə var…

Dünən ölkəmzidə daha bir gənc kadr nazir postuna təyinat aldı. Mən Emin Əmrullayevi tanımıram. Amma tanıyanlar yaxşı adam kimi xarakterizə edirlər. Bilirsiniz, diqqətimi ən çox cəlb edən nə oldu? Ən azı 30 nəfər Emin müəllimlə çəkdirdiyi şəkli sosial şəbəkələrdə paylaşdı. Ən azı 40 nəfər yeni nazirlə bağlı köhnə xatirələrini bölüşdü. Ən azı 50 nəfər Emin Əmrullayevə öz adı ilə müraciət edib, onunla dost olduğunu diqqətə çatdırdı. Deməli, əlçatandır. Deməli, “köhnə qvardiya”nın mühafizəkar nümayəndələri kimi ətrafına betondan hasar çəkməyib.

Biz bu mövzuda çox mübahisə etmişik. Bəzən məndən kadr dəyişikliklərinin müsbət tərəflərinin nədən ibarət olduğunu soruşurlar. Fikrimi sadə misallarla izah etməyə çalışacam. Allaha ağır getməsin, yeməyə çörək tapmayan ailələr tanıyırdım ki, indi uşaqları İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində çalışırlar. Mikayıl Cabbarov 2017-ci ildə Vergilər naziri təyin olunandan sonra bu qurumun qapılarını bütün savadlı gənclərin üzünə açdı. Gənc və perspektivli kadrların işə qəbulu ilə bu nazirlik “papanın gül balaları”nın oylağı olmaqdan şıxdı. Siz də razılaşarsınız ki, vergi müfəttişləri Fazil Məmmədovun dövründə olduğu kimi indi camaatın qanını sormur.

İslahatların İqtisadiyyat Nazirliyində və bu qurumun tabeliyində olan idarə və müəssisələrdə davam etməsi iqtisadiyyatın inkişafına öz töhfəsini verəcək. Ola bilməz ki, çəkilən zəhmət yerdə qalsın…

Xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarımız 15 gündə müxtəlif ölkələrdə yüzə yaxın aksiya keçirib. Fuad Muradovun rəhbərlik etdiyi Komitədən saytımızın elektron poçtuna hətta gecə 3-də də məlumatlar daxil olur. Diasporla İş üzrə Dövlət Komitəsi diaspor təşkilatları ilə birlikdə gecə-gündüz erməniləri ifşa etməklə məşğuldur. Bilirsiniz, effektiv işləmək niyə mümkün olur? Çünki sələfindən fərqli olaraq, Fuad Muradov pulla, tanışlıqla heç kimi işə götürməyib, kadr seçimində həmişə savada, peşəkarlığa üstünlük verib…

Mən inanıram ki, hətta ən qərəzli adam da Sahil Babayevin Füzuli Ələkbərovdan, İnam Kərimovun Heydər Əsədovdan pis işlədiyini iddia etməz. Sevindirici haldır ki, bu adamların heç birinin adı rüşvət və korrupsiyada hallanmayıb. Kim Mikayıl Cabbarovun, Fuad Muradovun, Ceyhun Bayramovun hansısa banka, restorana, şadlıq sarayına sahib olduğunu deyə, həmin obyektlərin yerini göstərə bilər? Şəxsən mənə belə bir fakt məlum deyil.

Mən jurnalistlərin binasından ev almayan, fəxri adı olmayan, sinəsindən orden-medal sallanmayan təmənnasız bir qələm adamıyam. Heç bir vəzifədə gözüm yoxdur. Tək istəyim odur ki, ölkəmiz haram pulu əlinin arxasıyla geri itələməyi bacaran məmurlar tərəfindən idarə olunsun. İstəyirəm ki, bu ölkədə insanlar savadına, qabiliyyətinə görə vəzifə tutsun. İstəmirəm ki, övladlarım hansısa korrupsioner məmurun “kruq”una daxil olmadığına görə gələcəkdə işsiz qalsın. İstəmirəm ki, nazirlərin, deputatların uşaqlarının üzünə taybatay açılan qapılar sıravi bir jurnalistin övladlarının üzünə bağlı olsun. İstəyirəm ki, savadlı, ləyaqətli gənclərin üzünə bütün qapılar açıq olsun…

Məncə, bunun yolu həm də korrupsioner və rüşvətxor məmurlarla mübarizədən keçir. İslahatçı məmurlara dəstək vermək bu kampaniyanın tərkib hissəsidir…

(yenisabah.az)

Karantin rejimi yumşaldılır, rayonlara gediş-gəliş bərpa edilir

Azərbaycan Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov avqustda sərt karantin rejiminin ləğv ediləcəyinin anonsunu verib. Gündəlik yoluxma sayının azalan temp üzrə sabitləşməsi insanlarda sərt karantin rejiminin ləğvinə, ya da karantin rejiminin yumşaldılmasına ümidləri daha da artırır.
“Karantin rejiminin yumşaldılmasına getməliyik”.
Qazet.az xəbər verir ki, Milli Məclisin Səhiyyə komitəsinin sədri Musa Quliyev bildirib ki, artıq sərt karantin rejiminin yumşaldılmasına getməliyik:
“Amma istənilən halda nə qədər COVID-19 dünya atmosferində dövran edir və yəqin ki, yaxın vaxtlarda da getməsi gözlənilmir, biz hamımız yeni qaydalarda-məsafənin gözlənilməsi, tibbi maskadan və davamlı olaraq dezinfeksiya vasitələrindən istifadə ilə yaşamağa öyrəşməliyik. Mütəxəssislərin bildirdiyinə görə, bu vasitələr yaxın 1-2 il ərzində bizim həyat tərzimizə çeviriləcək. Digər tərəfdən, səhiyyə maarifi işini həm özümüz öyrənməliyik, həm də yoldaşlarımıza, dostlarımıza öyrətməliyik. Hər hansı xəstə ilə yaxud xəstə yaxını ilə kontakta olduqda müayindən keçmək mütləqdir”.

Rayonlara gediş-gəliş bərpa olunur?

Deputat qeyd edib ki, yumşalma zamanı rayonlara gediş-gəlişin bərpası gözlənilir:

“Amma vacib olmadıqca insanlar evdə təcridə üstünlük verməli, ünsiyyəti minimuma endirməlidirlər. Güman olunur ki, yumşalma zamanı SMS icazə də ləğv edilsin, metronun fəaliyyəti də bərpa olunsun. Amma təbii ki, bütün bunlara sanitar-epidemiolji vəziyyət təhlil edildikdən sonra qərar veriləcək”.

M. Quliyev deyib ki, insanların kütləvi toplaşdığı tədbirlərlə bağlı qaydalar hazırlanacaq:

“İnsanların ən çox toplaşdığı toy, yas mərasimləri, idman tədbirləridir. Müəyyən qaydalar çərçivəsində bunları da həyata keçirmək lazımdır. İstənilən halda yaxın bir il ərzində koronavirusla yaşamağa öyrəşməliyik”.

Yarım illik məsafədən təhsil…

Parlamentarinin sözlərinə görə, təhsil müəssiələrində təhsilin bərpası ilə bağlı avqustun 15-dən sonra qərar veriləcək:

“Bu, virusun özünü necə aparmasından asılı olacaq. Bəzi ölkələr koronavirusa qalib gəldiklərini bəyan etsələr də, yenidən sərtləşdirməyə getməyə məcbur oldular. Ona görə də avqustun ikinci yarısından sonra təhsillə bağlı qərar açıqlanacaq. Amma güman edilir ki, məsafədən təhsilə üstünlük veriləcək. Cənab Prezident İlham Əliyevin də vurğuladığı kimi, bizim üçün əsas olan insanların sağlamlığıdır. Ola bilər ki, yarım il ərzində təhsili məsafən həyata keçirək”.

““Vəziyyət pisləşir, yoluxacaqsınız” deməklə maarfləndirmə olmur”

Komitə sədri deyib ki, karantin rejimilə bağlı insanlarda sosial, iqtisadi, psixoloji gərginlik artıb:

“Bunlar hamısı realdır və gözardı etmək olmaz. Amma bu, bizim yaratdığımız, təkcə bizim içərisində olduğumuz problem də deyil. Bütün dünya bu virusla mübarizə aparır. İndiki məqamda psixoloji yardım xidməti fəal olmalıdır. Xüsusilə televiziyalar insanları maarifləndirməlidir. Proseslərə çevik yanaşmalar sərgilənməlidir. Bəzən bir ay mütəmadi olaraq, televiziyalarda, saytlarda “vəziyyət pisləşir, yoluxacaqsınız və s.” məlumatlarla insanları qorxudurlar. 1 aydan sonra unudulur. Bu cür maarifləndirmə olmur. Maarifləndirmə mütəmadi olaraq, insanlara psixoloji basqı edilmədən aparılmalıdır. Ona görə də Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən prosesə nəzarət olunmalıdır. Təkcə virusun yayılması, testlərin götürülməsi, müalicələrin aparılması deyil, həm də sosial-psixoloji aspektlər də Operativ Qərargah tərəfindən daha fəal və çevik idarə olunmalıdır”. (Modern.az)

Misir Mərdanov yeni Təhsil nazirindən

"Təhsilimiz üçün xeyirli bir qərardır".
Bunu Qaynarinfo-ya açıqlamasında sabiq Təhsil naziri Misir Mərdanov Prezident İlham Əliyevin sərəncamıyla yeni təyin edilən Təhsil naziri Emin Əmrullayevdən danışarkən deyib. Sabiq nazir yeni nazirə işində uğurlar arzulayıb:

"Mənim onunla şəxsi tanışlığım yoxdur. Aldığım məlumata görə, çox bilikli, bacarıqlı, təhsilli bir adamdır. Mən onu kimdən soruşmusamsa, deyiblər, "yaxşı adamdır". Bir neçə ildir Təhsil İnstitutuna rəhbərlik edib, camaatın fikiri müsbətdir. Əlbətə, mən də onlarla razılaşıram. Allah xeyir versin, deyirəm.
Qərbyönümlü, azərbaycan, rus, ingilis dilini bilən adamdır. Mən ona uğur arzulayıram".

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamıyla Emin Əmrullayev yeni Təhsil naziri təyin edilib. Bundan öncə Emin Əmrullayev Təhsil İnstitutunun direktoru vəzifəsini icra edib. demokrat.az

"Yoluxma sayı ötən gün qalxdı və bundan sonra düşünürəm ki, qalxacaq. Arxayınlaşmaq olmaz. Mən təklif edərdim ki, vətəndaşların hamısı öhdəlik və ailə tərkibi ilə rayonlara buraxılsın".
Bu sözləri sonxeber.az-a açıqlamasında deputat Fazil Mustafa deyib:
"Hesab edirəm ki, vətəndaşların ailə tərkibinə görə 20 gün rayona gedilməsi mümkün ola bilər. İnsanlara rayona gedib şəhərin boşalması üçün minumum 15 gün icazə verilə bilər. Həm insanlar rayonlara gedib istirahət edər, həm də həmin yerdə təcrid olunmağa öhdəlik götürərlər. Rayonlarda evi olan, istirahətə getmək istəyən ailəli insanlar var. Belə ki, bu şəxslər ailə tərkibini göstərməklə təcrid olunub, öhdəlik götürüb istirahətə gedə bilər, götürdüyü öhdəliyə əməl etmədiyi halda isə müvafiq orqanlar tərəfindən cəzalandırıla bilərlər. Cəzalar isə öhdəlik götürüb rayona 50 nəfərlik məclis təşkil edərək qaydaları pozan insanlara aid olar.

Təcrid olunan ailələlər yalnız təyin olunan müddətdən sonra geri qayıda bilər. Bunu tətbiq etsək, xeyli adam istirahət edər, həm də yoluxma riski azalar və ən əsası da inasanlar öhdəliklərinin olduğunu başa düşərlər".demokrat.az

Postlardan keçməyə çalışan 295 avtomobil geri qaytarılıb

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Goranboy, Göygöl, Siyəzən və Şəki rayonları ərazisində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 25.07.2020-ci il saat 00:00-dan 27.07.2020-ci il 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 1149 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci,  sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə 129 nəfər həmin Məcəllənin 211.2-ci, eyni əməllərin il ərzində təkrar törədilməsinə görə isə Məcəllənin 211.3-cü maddəsi ilə 1 nəfər olmaqla ümumilikdə 1 279 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) Avtosfer.az-a verilən məlumata görə, qeyd olunan müddət ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 80-i rayon, 155-i paytaxt istiqamətinə olmaqla 235, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 65-i rayon, 110-u paytaxt istiqamətinə olmaqla 175, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 155-i rayon, 140-ı paytaxt istiqamətinə olmaqla 295 avtomobil geri qaytarılıb, ümumilikdə 705 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.

ARB-nin aparıcısından təkzib: “BNA-dan şikayət etməmişəm”

ARB-nin aparıcısı BNA-dan şikayətlə bağlı onun adından yayılan məlumatın təhrif edildiyini bildirib. 

 

Qaynarinfo xəbər verir ki, ARB telekanalının aparıcısı Lalə Əlimuxtarovanın onun adından baku.ws saytında guya BNA tərəfindən 20 manat cərimələnməsi ilə bağlı yayılan xəbəri təkzib edib. Aparıcı bununla bağlı sosial şəbəkədə paylaşılan xəbərə şərh yazaraq onun adından yazılan bu məlumatın yalan olduğunu deyib. L.Əlimuxtarova onun avtomobilinin BNA tərəfindən deyil, DYP tərəfindən cərimələndiyini əlavə edib: "Hörmətli baku.ws mən BNA-dan şikayət etməmişəm. Mənim maşınımı evimin qabağından DYP aparır”.

 

Qeyd edək ki, L.Əlimuxtarova sosial şəbəkədə onun avtomobilinin qanunsuz aparılması ilə bağlı video paylaşıb. Həmin videoda aparıcı BNA-nın adını hallandırmayıb.