![]() |
![]() |
"Azərbaycanda mağazaların yoluxma riskini artırması çox aşağıdır. Supermarketlərin içində insanların çox olmasına baxmayaraq bu dövrdə yoluxma artmayıb. Yoluxma yalnız sıx təmas açıq-aşkar olduqda arta bilir".
Baku.ws xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov bildirib.
Nazirlik rəsmisi əlavə edib ki, paltar mağazalarının açılması bir çox ölkələrdə yoluxma sayının artmasına səbəb olmayıb:
"Çünki paltar mağazalarına yalnız ehtiyacı olanlar gedir. Amma istənilən halda bu mağazalarda maskadan istifadə və gigiyena qaydalarına riayət olunması təmin edilməlidir".
Qeyd edək ki, bəzi şəhər və rayonlarda tətbiq edilən sərtləşdirilmiş karantin rejmi avqust ayının 5-də, ölkə üzrə xüsusi karantin rejmi isə 31-də sona çatacaq. Avqustun 5-dən sonra Bakı və digər bölgələrdə karantin rejimi ilə bağlı bəzi yumşalmaların olacağı gözlənilir.
Xırdalan şəhərində yerləşən AAAF Park Yaşayış Kompleksinin sakinləri su problemi ilə üzləşiblər. Bu barədə “Qafqazinfo”ya sakinlər məlumat veriblər.
Onların sözlərinə görə, 3 gündür su sutka ərzində təxminən 1 saat verilir. Bununla bağlı kompleks rəhbərliyinə, həmçinin “Azərsu”ya müraciət olunsa da, heç bir cavab verilməyib.
“Azərsu”nun Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, AAAF Park Yaşayış kompleksinə gedən 3 xəttdən birində problem yaranıb və artıq həmin problem aradan qaldırılıb. Dünəndən suyun verilişi tam bərpa olunub: “AAAF Park Yaşayış kompleksi 3 istiqamətdə bizdən su alır. 2 gün öncə müraciət ediblər ki, xəttlərdən birində problem var. Abşeron Su Kanalının əməkdaşları ilə kompleks əməkdaşları araşdırma aparıblar və məlum olub ki, 3 istiqamətdən birində çətinlik yaranıb. Bizim əməkdaşlarımız ora yeni birləşmə veriblər və problem artıq aradan qaldırılıb.
Problem bizdən qaynaqlanmayıb, onların daşıyıcı xəttlərində olub. Həmçinin bildirmək istəyirəm ki, AAAF Park binaları bir neçə anbardan su ilə qidalanır. Həmçinin onlara bildirdik ki, anbarlarda suyun bölgüsünü elə idarə etmək lazımdır ki, bütün anbarlara su normal paylansın. Bu işləri də şirkət görəcək. Abşeronda bizim xəttlərimizdə heç bir çətinlik yoxdur. Bir də bilirsiz ki, bu yeni tikililərdə su ilə bağlı bütün xidmətləri şirkət özü edir. Yəni, o binalara biz xidmət göstərmirik”.
Azərbaycanın milli aviadaşıyıcısı Bakı ilə İstanbul arasında xüsusi reyslərin sayını yenidən artıracaq.
Bu barədə “Azərbaycan Hava Yolları” QSC-dən bildirilib.
Belə ki, avqustun 6-dan etibarən İstanbul istiqamətində reyslərin sayı həftədə 11 reysədək artırılacaq (hal-hazırda şəhərlər arasında uçuşlar hər gün həyata keçirilir). Həftənin çərşənbə axşamı, cümə axşamı, şənbə və bazar günləri AZAL İstanbula gündə iki reys həyata keçirəcək.
Tariflər daha əvvəl yerinə yetirilməsi planlaşdırılan xüsusi reyslərin satışı üçün tətbiq edilən tariflərlə analojidir.
Tələbələr aviabilet alışı zamanı AZAL-ın reyslərində 30% həcmində güzəştdən yenidən yararlana biləcəklər. Bu məqsədlə, aviaşirkətin saytında təxsis rəsmiləşdirildikdən sonra immiqrasiya sənədinin və pasportun skan edilmiş surəti saytda geri əlaqə forması və ya WhatsApp mesenceri vasitəsilə aviaşirkətin çağırış mərkəzinə göndərilməlidir. Güzəştli aviabiletin rəsmiləşdirilməsi üzrə ətraflı videotəlimatla burada tanış ola bilərsiniz: https://youtu.be/HylsY0m9cEM.
Yeni qaydalara əsasən, uçuşlara yalnız koronavirus (COVID-19) testindən keçmiş və mənfi nəticə əldə etmiş sərnişinlər buraxılacaq.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş Bakıdakı laboratoriyaların siyahısı ilə aşağıda tanış ola bilərsiniz: https://www.azal.az/az/information/covid-clinics.
Daha əvvəl məlumat verildiyi kimi, İstanbuldan uçuş zamanı hava limanında qeydiyyatdan keçərkən "Memorial Sağlık Grubu" klinikaları və ya Türkiyə Səhiyyə Nazirliyinin saytında qeyd olunan digər klinikalardan biri tərəfindən verilmiş COVID-19-a dair neqativ nəticə barədə arayış təqdim edilməlidir: https://covid19bilgi.saglik.gov.tr/tr/covid-19-yetkilendirilmis-tani-laboratuvarlari-listesi.
İstanbuldan tranzit keçməklə digər ölkələrdən qayıdan sərnişinlər həmin ölkənin Səhiyyə Nazirliyi (və ya digər səlahiyyətli orqanı) tərəfindən sertifikasiya olunan laboratoriyadan yaxud yuxarıdakı siyahıda qeyd olunan Türkiyə klinikalarından birində PCR-testininin keçirilməsi barədə arayışı təqdim edə bilər.
Bütün hallarda testin nəticəsi reysdən əvvəl 48 saat ərzində alınmalıdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, bu reyslərlə Bakıya gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid rejimində olmalıdırlar. Bu məqsədlə onlar uçuş zamanı bəyannamə dolduraraq, özünütəcrid rejimində ola biləcəkləri yaşayış ünvanını qeyd etməlidirlər. 8103 nömrəsinə SMS göndərməklə alınan icazələr həmin şəxslərə şamil olunmayacaq.
Xatırladırıq ki, COVID-19 pandemiyası dövründə həyata keçirilən reyslərdə həm gediş və gəliş hava limanlarında, həm də təyyarədə xüsusi qaydalar tətbiq olunacaq. "Azərbaycan Hava Yolları" tərəfindən hazırlanmış videotəlimatı buradan izləyə bilərsiniz: https://youtu.be/-s-0s4o1L2M
“Azərbaycanda koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində tətbiq edilən xüsusi karantin rejiminə uyğun olaraq fəaliyyətinə qadağa qoyulan daha bir sahənin açılması müzakirə olunur”.
Bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva mətbuat konfransında bildirib. O deyib ki, çimərliklərin açılması və ondan sonra irəli gələ biləcək tədbirlər Operativ Qərargahda müzakirə olunur:
"Çimərliklərə getməklə orada hansı qaydalara əməl olunması, istirahət edənlərin hansı məsafədə olacağı müzakirə olunur. Qərar qəbul olunan kimi Operativ Qərargah tərəfindən ictimaiyyətə bu barədə ətraflı məlumat veriləcək. Hazırda dəqiq qərarı deyə bilmərəm".
Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycanda koronavirusla mübarizə ilə bağlı tapşırıq və göstərişlərinə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda bu epidemiyaya qarşı işlərin daha da genişləndirilməsi məqsədilə kompleks tədbirlər daha da genişləndirilib.
Bu tədbirlər çərçivəsində avqustun 1-də səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxtdakı əsas küçə və prospektlərdə kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2 min əməkdaşının iştirakı ilə xüsusi kimyəvi maddələrlə növbəti - doqquzuncu əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilir.
Gün ərzində mərkəzi küçələrlə yanaşı, paytaxtın qəsəbə və yaşayış massivlərindəki küçələrdə də dezinfeksiya işləri aparılacaq. Bu zaman istifadə ediləcək maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq paytaxt sakinləri əvvəlcədən KİV-lər vasitəsi ilə xəbərdar ediliblər. Hər dəfə olduğu kimi, bu dəfə də Daxili İşlər Nazirliyinin şəxsi heyəti 20 ədəd xüsusi təyinatlı avtonəqliyyat vasitəsinin köməyi ilə gün ərzində davam edəcək bu dezinfeksiya işlərində yaxından iştirak edir.
Küçələrdə aparılan dezinfeksiya işləri ilə yanaşı, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin əməkdaşları xüsusi qrafikə uyğun departamentin balansında olan yaşayış binalarında, lift kabinalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərini davam etdirirlər.
Dezinfeksiya işlərinin kütləviliyi nəzərə alınaraq kommunal xidmətlərin işçiləri lazımi qoruyucu geyim, maska, eynək və digər vasitələr, eləcə də yeni dezinfeksiyaedici aparatlarla təmin ediliblər.
Qeyd edək ki, geniş dezinfeksiya tədbirlərinin keçirilməsində əsas məqsəd vətəndaşlarımızı bu pandemiyadan qorumaqdır.
Avqustun 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.
Bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib.
Ulu Öndər həmin Fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq imzalayıb.
Sovet dövründə yaranmış əngəllərə baxmayaraq, sarsılmaz təməlləri olan Azərbaycan dili mövcudluğunu qoruya bilib. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının tərkibində müstəqil Dilçilik İnstitutunun yaranması dilçiliyimizin bir elm kimi inkişafına ciddi təkan verib. Sonrakı illərdə Azərbaycan dilinin mövcud təhlükələrdən qorunması və gələcək nəsillər üçün mühafizə edilməsi istiqamətində ulu öndər Heydər Əliyevin xidmətlərini xüsusi qeyd etmək lazımdır. 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası təsdiq edilən zaman oraya dövlət dili haqqında maddənin salınmaması ilə heç cür barışmayan Ümummilli Lider bu məsələdə sonadək öz prinsipial mövqeyini göstərib. 1978-ci il aprelin 2-də doqquzuncu çağırış Ali Sovetin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş yeddinci sessiyasında məruzə ilə çıxış edən ulu öndər Heydər Əliyevin təkidi ilə 73-cü maddəni yeni dəyişikliklə vermək qərara alınır. Bu dəyişiklik Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dilinin Azərbaycan dili olduğunu əks etdirir. Bütün çətinliklərə baxmayaraq, Ümummilli Liderin bu cür tarixi qərara nail olması mənəvi varlığımızın əsası sayılan dilimizin inkişafında böyük addım oldu.
Azərbaycan dilinin qloballaşma dövrünün mənfi təsirlərindən qorunması və inkişaf etdirilməsi istiqamətində Ulu Öndərin səyləri xalqımız üçün əvəzedilməz töhfələrdir. Ümummilli Liderin 2001-ci il iyulun 18-də imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”, həmin il avqustun 9-da imzaladığı “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərmanlar ana dilimizin qorunması və inkişafı baxımından göstərdiyi misilsiz xidmətlərdəndir. 2003-cü il yanvarın 2-də isə ulu öndər Heydər Əliyevin Fərmanı ilə "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib. Qanunda dövlətin ana dilinə qayğısı istiqamətində əsas vəzifələr dəqiq göstərilib.
Bütün maneələrə və çətinliklərə baxmayaraq ana dilimizi qorumaq üçün böyük addımlar atan Ümummilli Liderin siyasi xətti Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir. Dövlətimizin başçısının 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı ilə hər il latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanır. Bundan başqa, həmin il yanvarın 14-də “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il dekabrın 30-da “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamlarla ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqi gerçəkləşib. Müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan Azərbaycan Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq etməsi milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisədir. Dövlət Proqramının məqsədi 2013-2020-ci illər ərzində Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, dilimizin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi, ölkədə dilçilik araşdırmalarının yaxşılaşdırılmasıdır. Sənəd eyni zamanda, dilçiliyin aparıcı istiqamətlərində fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq səylərinin birləşdirilməsini və dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsini nəzərdə tutur. Dövlətimizin başçısının “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 1 noyabr tarixli Fərmanı təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və ana dilimizin inkişafına yönəlmiş məqsədyönlü dil siyasətinin uğurlu davamıdır.
MN-dən verilən məlumata görə, tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, ölkə prezidenti cənab İlham Əliyevin və Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Qurban bayramı münasibətilə təbrikləri şəxsi heyətə çatdırılıb.
Hərbi qulluqçuların iştirakı ilə qurbanlar kəsilib, onlar üçün bayram süfrələri təşkil olunub.
Heydər məscidində Qurban bayramı namazı qılınıb.
Namazda bir neçə nəfər iştirak edib.
Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi koronavirus pandemiyasına görə bayram namazını evdə ailə ilə birlikdə qılmağı tövsiyə edib. (report.az)
Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur.
Bayram miladi təqvimlə iyulun 31-nə təsadüf edir.
Bu il koronavirus pandemiyası səbəbindən ölkənin bütün məscidləri bağlı olduğundan Qurban bayramı namazı qılınmayacaq. Qafqaz Müsəlmanları İdarəsi bayram namazlarının ailə daxilində qılınması məqbul hesab edib.
Eyni zamanda bu il pandemiya şəraiti nəzərə alınmaqla qurbanlıq heyvanların kəsimində və satışında əvvəlki illərdən fərqli olaraq kütləviliyə, insanların sıx toplaşmasına, müəyyən edilən yerlərdən kənarda satışa və kəsimə icazə verilməyəcək.
Xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq qurbanlıq heyvanların onlayn satış yarmarkalarından alınması üçün yeni istifadəyə verilmiş satış portalına müraciət olunmalıdır (www.qurbanliq.kendden.az).
Xüsusi karantin rejimi ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi bütün qaydalara riayət edilməsi bir daha vətəndaşlardan tələb olunur.
Məlumat üçün bildirək ki, Azərbaycanda 31 iyul və 1 avqustda Qurban bayramı qeyd ediləcək. Bayramın ikinci günü həftənin şənbə gününə düşür. Beləliklə, bayram günü ilə istirahət günü üst-üstə düşdüyündən beşgünlük iş həftəsində çalışanlar üçün avqustun 4-ü, altıgünlük iş həftəsində çalışanlar üçün isə avqustun 3-ü ilk iş günü olacaq.
Xatırladaq ki, qurban kəsmək əsasən Məkkədə Həcc ziyarətində olan zəvvarlara vacibdir. Digər yerlərdə isə imkanlı adamların qurban kəsmələri Allah-Təala yanında bəyənilmiş - müstəhəb əməllərdən hesab olunur. Qurban ətindən fəqir və kasıb ailələrə paylamaq gərəkdir ki, onlar bayram ab-havasını yaşasınlar - bu böyük savabdır. Qurban kəsilən heyvan sağlam və kök olmalıdır. Xəstə, arıq və qüsurlu heyvanlar qurbanlığa layiq və məqbul sayılmır. Qurban qoyun, keçi, öküz, inək və dəvə olmalıdır. Bu heyvanlar müəyyən yaş həddinə çatmalıdır. Keçi və qoyunun bir, öküz və inəyin iki, dəvənin isə beş ili tamam olmalıdır. Qurban ətinin satılması haramdır. Xırdabuynuzlu heyvan (qoyun, keçi) bir nəfər üçün kəsilməlidir. Bir neçə şəxs cəmləşib bir iribuynuzlu heyvanı qurban kəsə bilər. Yaxşı olar ki, bu zaman bölgü aparanda həmin şəriklər biri-birinə halallıq versinlər. Qurbanlıq əsasən üç hissəyə bölünür: bir hissəni qurban sahibi özünə götürə bilər, digər hissənin fəqir və kasıb ailələrə, üçüncü hissənin isə hədiyyə kimi qohum-əqrəbalara paylanması tövsiyə olunur.
Qurbanlıq heyvan, şəriət qaydalarına uyğun olaraq kəsilərkən “Bismillаhi və billаhi vəllаhu əkbər” deyilməlidir. Qurbаn duаsının охunması məsləhətdir. Həmçinin, qurbanların azyaşlı uşaqların, habelə heyvanların gözü qarşısında kəsilməsi məsləhət deyil.
Hədislərdə qeyd olunub ki, Qurban bayramının gecəsi və günü dualar qəbul olunar.