![]() |
![]() |
Prezident İlham Əliyev əməkdar artist Sənubər İsgəndərliyə ev bağışlayıb.
Minval.info-nun məlumatına görə, bu barədə əməkdar artist “Facebook” səhifəsində paylaşım edib:
“Möhtərəm Cənab Prezident. Mənim səhnə fəaliyyətimi yüksək qiymətləndirərək ev hədiyyə etdiyinizə görə, sizə dərin minnətdarlığımı bildirirəm. Sizin incəsənət xadimlərinə verdiyiniz dəyər, göstərdiyiniz diqqət, qayğı, bizə qürur və fərəh verir. Mənə və ailəmə bu sevinci yaşatdığınıza görə Sizə bir daha sonsuz təşəkkürümü bildirirəm.
Allah Sizi və Azərbaycanımızı qorusun!”
Əvəz Zeynallı: “Azərbaycan hakimiyyəti bu adamların əllərindəki pullardan, dini baxışlarından ciddi narahat olmalıdır”
Sabiq kənd təsərrüfatı naziri İsmət Abbasovun oğlu Yunis Abbasovun Londonda böyük mal-mülkünün üzə çıxması haqda ötən həftə yazmışdıq. Bu günlərdə isə onun dini baxışları ilə bağlı xəbərlər yayılıb. “Yeni Müsavat”a etibarlı mənbənin verdiyi məlumata görə, Y.Abbasov Londonda radikal dini təriqət üzvü olub. Onun sələfi olduğu haqda məlumatlar dolaşır.
Yunis Abbasov uzun illərdir ki, Londonda yaşayır. Özünün açıqlamalarına görə, orada özünə biznes qurub. Belə iddialar da var ki, oğul Abbasovun Londondakı biznesi ata Abbasovun kapitalı hesabına formalaşıb, dirçəlib. İsmət Abbasov isə heç vaxt biznesmen olmayıb, onun məmur olaraq maaşı da oğluna böyük varidat ötürməsinə imkan verəcək qədər deyil. Ehtimal olunur ki, Yunis Abbasovun biznesinin mayasında atasının nazir və başqa vəzifələrdə işlədiyi dövrlərdə qeyri-qanuni yollarla əldə etdiyi pullar dayanır. Zaman-zaman yerli və xarici mediada Yunis Abbasovun varidatı haqda xəbərlər yayılır. Hazırda Abbasovların Dumanlı Albionda 21 milyon dollarlıq mal-mülklərinin olmasını təsdiqləyən sənədlər ortalıqdadır. Belə anlaşılır ki, Yunis Abbasov bir neçə 10 milyonluq varidatın sahibidir. Onun Böyük Britaniyada radikal dini təriqət üzvü olması xəbəri də yeni deyil. Bildirilir ki, Abbasov hələ Londonda təhsil alarkən dini baxışlarını dəyişib və sələfi təriqətinin daşıyıcısına çevrilib. Böyük pullara sahib Yunis Abbasov məmur oğlu olaraq dini baxışlarını dəyişən ilk azərbaycanlı deyil. Bakının keçmiş icra başçısı Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbovun da sələfi olması iddiaları illərdir ki, mətbuatda dolaşır və təkzib olunmur.
Yunis Abbasov
İsrafil Abutalıbov da Yunis Abbasov kimi uzun müddət Londonda yaşayıb. Bakıya illər sonra tamam başqa qiyafədə və düşüncədə qayıdan Hacıbala Abutalıbovun oğlu o dövrdə BŞİH başçısı olan atasının belə işdən çıxmasına təkid etməsi xəbərləri yayılmışdı.
Belə xəbərlər vardı ki, İsrafil Abutalıbov vəhhabilər kimi uzun saqqal saxlayıb, onlar kimi şalvarının balağını gödəldib. Valideynləri bundan təəccüblənsə və gözləmədikləri belə yeniliyə etiraz etsə də, o, heç kimə və heç nəyə məhəl qoymadan düşüncəsindən dönməmişdi.
İsrafil Abutalıbov
İsrafil Abutalıbovun İçərişəhərdəki “Aşurbəy” (“Ləzgi məscidi”) məscidinə baş çəkdiyi, Suriyaya döyüşməyə gedən azərbaycanlı vəhabilər arasında təbliğat apardığı və onlara maliyyə dəstəyi göstərdiyi barədə informasiyalar da vaxtilə mətbuat səhifələrindən düşmürdü. Türkiyə mətbuatında İsrafil Abutalıbovun Abu Bəkr kimi təqdim olunması da yaddaşlardan silinməyib.
Ölkədən çıxarılan milyonlar hesabına xaricdə özlərinə biznes quran, dini baxışlarını radikal təriqətçiliyə dəyişənlərin xoşagəlməz fəaliyyəti də ola bilərmi? Belələrinin Azərbaycan üçün hansı təhülükəsi var?
“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı deyir ki, bu adamları Azərbaycanla bağlayan sırf buradan daşınan pullardır: “Bu gün xaricdə olan təkcə Yunis Abbasov, İsrafil Abutalıbobv deyil ki… Eldar Mahmudovun da, Cahangir Hacıyevin və bir çox eks məmurların da övladları Londondadır. Özləri də, ətrafları da, dost-tanışları da hamısı xaricdədir. Yəni bu adamları ölkəyə bağlayan nəsə yoxdur. Azərbaycan hakimiyyəti bu adamların əllərindəki pullardan, dini baxışlarından ciddi narahat olmalıdır”.
Əvəz Zeynallı hazırda həbsdə olan keçmiş məmur-oliqarxlardan birinin yaxını ilə söhbətini xatırlayır: “Yanıma gəlmişdilər, bizdən dəstək istəyirdilər. Mən də dedim ki, mənə 2 ziyalı verin, sağımda, solumda otursunlar, mənim dediklərimi təsdiqləsinlər. Cavab belə oldu belə adamlar yoxdur. Nəslindən qadın, kişi, cavanların yanımda olmalarını istədim. Dedilər ki, ölkədə heç kimləri yoxdur, hamısı xaricdədir. Açıq da dedilər ki, bizi bu ölkəyə heç nə bağlamır, adam həbsdən çıxan kimi ölkədən gedəcək. Yəni bu adamlar ölkədən milyardlarla pul çıxarıblar. Zamirə Hacıyevanın timsalında bunu hamı gördü. Qadın bir günün içində bir neçə milyon funt-sterlinqi xərcləmişdi. Hələlik pullar bahalı şərablara, maşınlara, təyyarələrə xərclənir. Gələcəkdə necə olacaq? Bu pullar əslində hakimiyyətin özü üçün təhlükədir. Perspektivdə ölkəyə yaxşı heç nə vəd etmir. Hakimiyyətdaxili çəkişmələrdə həmin pullardan istifadə olunması da istisna deyil. Bu vəsaitlər Azərbaycan xalqının sərvətidir, halal puludur, hansıları ki, oğurlayıb, xaricə daşıyıblar. Hələlik həmin pullar 100 illik çaxırlara, 500 illik viskilərə, bahalı aksessuarlara, mülklərə xərclənir”.
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, İrana qarşı hərbi əməliyyatlara başlaması üçün ona Konqresin razılığı lazım deyil. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “The Hill” xəbər verib.
Dövlət başçısının son sərəncamlarının daha bir fəlsəfəsi də var: o, kimsəni cəzalandırmadan böyük bir siyasi tənlik həll etdi
20 iyun Azərbaycanın ictimai-siyasi və dövlət həyatında yeni dönəmin başlanğıcı sayıla bilər. Prezident İlham Əliyevin 4 generalla bağlı imzaladığı sərəncamlar təkcə güc strukturlarında rəhbər dəyişikliyi kimi anlaşılmamalıdır. Bu, ölkənin ictimai-siyasi atmosferini dəyişdi.
Ölkənin ən məlumatlı adamının növbəti gedişi
Prezident İlham Əliyev ölkəmizin və regionun ən məlumatlı şəxslərindəndir. Atdığı addımların əsas məntiqi məlumatlılıqdı. Onun ustalıqla qurduğu balanslı münasibətlər sistemi, idarəetmə aparatı və siyasəti bütün mərhələlərdə Azərbaycanı qoruyub və qorumaqdadır. Üstəlik, bu münasibətlər sistemi həm də başqalarına nisbətdə ona informasiya üstünlüyü yaradır. Qlobal və regional güclərin maraqları ilə Azərbaycanın maraqlarını uzlaşdırmaq və hər kəsi müttəfiqə çevirə bilmək! Hər il daha da təkmilləşən bu münasibətlər sistemi sayəsində Azərbaycan bölgə və dünya çapında gedən bəzi proseslərdə ciddi aktyorlardan birinə çevrilib. İlham Əliyevin inşa etdiyi bu sistem yalnız bizim ölkəni işğal edən aqressor Ermənistanı təkləmək xətti yürütmür; bu, minimal hədəfdir; məsələ Azərbaycanı daha da böyütmək, dünya standartlarına yüksəltməkdir; – müharibə və Ermənistanla münasibətlər Prezident üçün prioritetdir, lakin bunun da səbəbi yüksəlişə, inkişafa və bütövlüyə mane olan, sabitliyi təhdid edən faktorları aradan qaldırmaqdır.
Prezidentin 2019-cu il başlayandan atdığı bütün addımlar, verdiyi sərəncamlar, həyata tətbiq etdiyi islahatlar məhz bu xarakterlidir. Ermənistan xaric, digər istiqamətlərdəki xarici faktorlar əlverişli hala gətirilib, balanslaşdırılıb və ölkəmizi birbaşa təhdid etmir. İndi daxili faktorları daha da uyğun hala gətirmək, ehtiyac olan sahələrdə islahatlara başlamaq, əldə olunan sabitliyin əsas aktyoruna – Azərbaycan xalqına daha yaxın olmaq, onun dövlətə, Prezidentə olan inam və etibarının əmsalını yüksəltmək prosesinə start verilib.
Hər bir iqtidarın birinci vəzifəsi özünü qorumaqdı, sonra xalqı. Qəza vəziyyəti yaşayan təyyarələrdə bir təlimat var: öncə özünün oksigen avadanlığını (maska) taxacaqsan, sonra yanında oturanın! Yanındakı övladın da olsa, qayda budur!
İlham Əliyev son 6 aydakı siyasi qərar və addımları ilə bir mesaj verir: bundan sonra da fəaliyyətində xalqa istinad edəcək, onun daxilindəki dayaqlarını daha da artırmaq üçün çalışacaq.
Prezident İlham Əliyev iqtidarını və dövlətini sosiallaşdırır. Azərbaycanın neft gəlirləri sayəsində ölkəsini və xalqını dəyişdirir, insanlara daha yaxşı, daha etibarlı sosial yaşam paketləri təklif edir. Son 6 aya təsadüf edən sosial açılım, islahat və iqtisadi siyasət ölkə daxilindən ciddi təqdir və dəstək aldı. Axırıncı iki devalvasiya ilə başlayan və bu ilin yanvarına kimi davam edən sosial gərginlik tamamilə aradan qaldırılıb. İctimai-siyasi mühit sağlamlaşıb. Prezidentə və dövlətimizə qarşı xaricdən ardıcıl qara piar aparan qüvvələrin auditoriyaları və inandırıcı görünə bilən arqumentləri daralıb.
Və belə bir dövrdə Prezidentin generallarla bağlı 4 sərəncamı ortaya çıxdı. Ölkəsinin və regionun ən məlumatlı adamı bu dəfə komandasını, daha da konkretləşdirsək, güc strukturlarını yeniləmək təşəbbüsü göstərir. Bu, həmin islahatların məntiqi davamıdır – xalqın içində dayaqlarını bərkidən Prezident iqtidarını da möhkəmlədir, hüquq-mühafizə və xüsusi xidmət sektorlarını yenidən formatlayır.
İlham Əliyevin 4 generalı və gerçəkliklər
Prezident Əliyevin kadr islahatlarının bir xüsusi özəlliyi var: məxfilik və gözlənilməzlik. Onun addımlarını bilmək, proqnozlaşdırmaq və həm də qarşısını almaq cəhdi göstərmək mümkünsüzdür.
Sabitlik və sədaqət simvolu olan generallar ölkədəki açılım və islahatlardan yaranan boş sahələrdə təxribat etmək istəyən qüvvələrə qarşı təlimat və mandat aldılar!
Bu dəfə də belə oldu. Müşahidələrimizə görə, cəmiyyətin, hətta hakim düşərgə üzvlərinin əksəriyyəti son təyinatlarla bağlı məlumatlı olmayıblar. İlham Əliyev qətiyyətlidir və verdiyi qərarların məsuliyyətini bölüşməyi sevmir. Bu baxımdan da Azərbaycanda maraqlı olan bir sıra böyük güclərin kadr islahatları ilə bağlı ona təsir, xahiş və təzyiqləri olmur; görünür, bu taktikanı seçməyin bir səbəbi də bu cür faktorları dövlət həyatına buraxmaq istəməməsindən qaynaqlanır.
Nəticə nədir: Prezident 4 generalla bağlı 4 sərəncamla nə qazandı?
Onun bəzi siyasi opponentləri məsələni bəsitləşdirmək istəyirlər, iddia edirlər ki, heç nə dəyişmədi, bunlar onsuz da köhnə və sadiq kadrlar idilər, yenə də iqtidarda onlardır və s. Əslində isə…
Ramil Usubov – dövlət çevrilişlərinə və erməni işğalçılarına qarşı döyüşən POLİSin simvollaşan naziri
Lakin bir sürətli baxış görün ortalığa nələri çıxardır. Ölkənin əsas siyasi idarəsi olan və Prezidentin də oturduğu 1 saylı bina Ramil Usubovun timsalında təcrübəli və cəmiyyəti bilən, sabitlik tərəfdarı olan güclü bir idarəçi qazandı. Ramil Usubov 25 ildir daxili işlər naziridir və bu müddətin də böyük hissəsi müharibə şəraitində keçib. O, sözün bütün mənalarında döyüş generalıdır: Azərbaycan polisi erməni qəsbkarlarına və dövlət çevrilişlərinə qarşı dirənişin, mübarizənin simvoludur. Ölkənin xaosda olduğu o illəri yəqin kimsə unutmayıb. Həmin illərdə Prezident Heydər Əliyev Ramil Usubovu qabağa verdi, sınadı və Azərbaycan polisi ona göstərilən etimadı doğrultdu. Polislərimiz, ümumiyyətlə, sovet dövründən (milis adlandırılanda) milli olublar, Azərbaycan uğrunda ölüb-öldürüblər. Ramil Usubov isə bu vətənpərvər başlanğıcı sistemə çevirdi, Azərbaycan polisini yenidən strukturlaşdırdı, onu daxili faktorun ən mühüm amilinə, stabilliyin simvoluna çevirdi. Onun nazir olduğu müddətdə iqtidara qarşı bütün addımları polis qarşıladı və hamısını da uddu.
Polis gücü bəzən sərt oldu; bizə də, cəmiyyətdə birilərinə də, siyasi opponentlərə də dəydi: lakin belə olmayanda da dövlət təhlükəyə girir, xaos yaranır, (Elçibəy iqtidarı nümunəsində) çökür. Hər bir iqtidarın birinci vəzifəsi özünü qorumaqdı, sonra xalqı. Qəza vəziyyəti yaşayan təyyarələrdə bir təlimat var: öncə özünün oksigen avadanlığını (maska) taxacaqsan, sonra yanında oturanın! Yanındakı övladın da olsa, qayda budur! Dövlət qəzalarının və bu qəzalarda qazavat verən polisin də öz qaydaları var…
Prezident İlham Əliyev deyir: “Sabitlik olmadan heç bir ölkə inkişaf edə bilməz. Bu, aksiomdur. Bunu biz yaxın tarixdə dəfələrlə görmüşük. Sabitlik pozulan zaman inkişaf dayanır, sərmayə qoyuluşu dayanır, ölkə iqtisadiyyatı tənəzzülə uğrayır. Bir sözlə, sabitlik hər bir ölkənin inkişafı üçün başlıca şərtdir”.
Bu, Azərbaycan Prezidenti İlham Əliyevin ən müxtəlif auditoriyalarda, bir az fərqli ifadələrlə səsləndirdiyi heç zaman dəyişməyən məntiqidir. O, haqlıdır! Hazırda dünyada baş verən fəlakətlərin, insanlıq dramlarının əsas səbəbləri sabitlik faktorunun pozulmasıdır. Prezident Əliyev ölkəsində sabitlik olsun istəyir, qan tökülməsin istəyir, insanlar ölməsin, köçlər, qaçqınlar olmasın istəyir və bunun üçün çalışır. Əsas kredolarından birinin sabitlik olduğu Prezidentin son General Sərəncamlarının fəlsəfəsi də budur! Polis naziri Ramil Usubovu siyasi vəzifəyə aparmasının anlamı da buradadır. Sabitlik və sədaqət simvolu olan generallar ölkədəki açılım və islahatlardan yaranan boş sahələrdə təxribat etmək istəyən qüvvələrə qarşı təlimat və mandat aldılar! Yuxarıda qeyd etdiyimiz YÜKSƏK MƏLUMATLILIQ məsələsinə bu nöqtədə yenidən dönək! Və xatırladaq: bu sərəncamları verən bölgə dövlətlərinin içərisində ən məlumatlı Azərbaycan Prezidentidir!
Təhlükəsizlik sistemi Əli Nağıyevin timsalında peşəkar idarəediciyə qovuşdu!
Prezidentin sərəncamlarından biri ilə ölkənin təhlükəsizlik xidməti və əks-kəşfiyyat seqmenti peşəkar rəhbərliyə qovuşdu. Bu, bəzi siyasi opponentlərin “hə, noolsun” janrında mız qoymalarından daha ciddi hadisədir. Azərbaycanın təhlükəsizlik seqmenti Eldar Mahmudovdan sonra ciddi zədələnib və Mədət Quliyevin insani obrazı ilə xeyli reanimasiya olunub. Lakin böhran tam keçməyib. Buna görə də prezident bu cür radikal qərar verdi!
Qəzetçiyik və hər kəslə anındaca təmas qurmaq imkanlarımız var. Bu yazı hazırlanarkən istefada olan iki yüksək rütbəli təhlükəsizlik zabitinin rəyini soruşduq: biri özünü general Əli Nağıyevə dost sayırdı, digəri isə ona xüsusi pozitiv münasibət bəsləmirdi. Amma hər ikisinin bir-birindən xəbərsiz verdikləri rəydə ortaq nöqtə nə oldu? “Peşəkardır, yüksək təşkilatçılıq qabiliyyəti var, güclü komanda toplaya bilir, başladığı işi sona çatdırandır…”
Əli Nağıyev MTN-də nazir müavini olduğu dövrdə təkcə Eldar Mahmudovla vuruşmayıb. O, Eldar Mahmudovun nazirlikdəki və nazirlikdən kənarda formalaşdırdığı cinayətkar şəbəkə ilə savaşıb. Ölkənin qosqoca siyasətçilərini, nazirlərini, başqa yüksək vəzifəli şəxslərini ən müxtəlif üsullarla özünə tabe etdirən, onların bəzilərini “aylıq haqq”a otuzduran, az qala hər şeyə və hər kəsə hökm etmək iddiasında olan Mahmudov bu hikkəsini Əli Nağıyevə keçirə bilmədi. Hətta 2011-ci ildə Ə.Nağıyev vəzifədən gedib, prokurorluq sisteminə təyinat aldıqdan sonra da E.Mahmudov ondan əl çəkməyib. Bu və ya digər şəkildə Ə.Nağıyevi zəiflətmək, ona mane olmaq üçün müxtəlif oyunlar qurmağa çalışıb. Fəqət bunların heç biri baş tutmayıb. Əli Nağıyev Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində müavin postunda oturaraq həm ona həvalə edilən vəzifəsinin öhdəsindən layiqincə gəlməyi bacardı, həm də səbrlə vaxtını gözlədi. Siyasi səhv buraxmadan Prezidentin sayəsində zəfər dönüşünü reallaşdıra bildi.
Ölkənin milli təhlükəsizliyinin keşiyində dayanan zabit və şəxsi heyətə, bu adsız və iddiasız qəhrəmanlara şükranlıqlarımızı bildirməklə, həm də onları təbrik edirik.
Vilayət Eyvazov: Prezident Ramil Usubovun DİN-dəki üslubunu davam etdirmək qərarı verdi
Ramil Usubovdan sonrakı dönəmdə polis naziri ola biləcəklər arasında Vilayət Eyvazovun adı ön sırada çəkilirdi. Lakin başqaları da vardı və iddiaçıların sayı heç də 1 rəqəmi ilə ölçülə bilməz…
Vilayət Eyvazov o zaman iqtidarı əlində silah qorudu: lakin bütün əski foto və videolardan da göründüyü kimi, o silah xalqa tuşlanmadı, mərmilər havaya atıldı, lakin havayı atılmadı…
İlham Əliyev iqtidarını sevməyənlər Vilayət Eyvazovu da sevmirlər. O, Azərbaycan dövlətinin ən həssas məqamında siyasi səhnəyə çıxıb, qətiyyət və güc göstərib, mövqeyini ortaya qoyub. Vilayət Eyvazov İlham Əliyevin və indi davam edən iqtidarın uğrunda döyüşüb, meydanda geri çəkilməyib. O və onun kimilər olmasa idi, 2003-cü ildə vəziyyət tamamilə başqa cür inkişaf edərdi; biz zamanında “səngərin” o tayından da siyasi səhnəyə baxmışıq, mənzərə və kimin kim olduğunu tam bilirik! O zamankı siyasi komanda, İlham Əliyev başda olmaqla, qətiyyət və iradə göstərdi. Lakin meydandakı polis gücü də bu qətiyyəti lazım olan qədər təmsil edə bildi.
Vilayət Eyvazov o zaman iqtidarı əlində silah qorudu: lakin bütün əski foto və videolardan da göründüyü kimi, o silah xalqa tuşlanmadı, mərmilər havaya atıldı, lakin havayı atılmadı…
Bəziləri daxili işlər naziri Vilayət Eyvazovun 2003-cü ildəki o fotosunu yeri gəldi-gəlmədi, ona qarşı qara piar kimi istifadə edir. Lakin dünyanın çox üzünü görmüş, dövlət və iqtidar çevrilişlərini yaşamış bir jurnalist kimi deyə bilərik ki, əslində bu foto bir polis kimi Vilayət Eyvazov üçün vizit-kartdır.
Unutmayaq ki, zamanında Elçibəy hakimiyyəti Usubov kimi polis naziri, Eyvazov kimi polis komandanı olmadı deyə, Surət Hüseynovun başıpozuq dəstəsinə məğlub oldu.
Yeni nazir Vilayət Eyvazov məhz şəxsi və peşəkar keyfiyyətlərinə görə ölkə prezidenti İlham Əliyev tərəfindən fərq edilib, vəzifə pillələrində hər zaman qabağa çəkilib. İndi ona növbəti etimad göstərilib. Onunla bərabər, həm də əfsanəvi nazir Ramil Usubovun xəttinə. Xətt də bəllidir: Azərbaycan polisi ölkəni və dövləti nəyin bahasına olur-olsun, qoruyacaq, bu istiqamətdə güc işlətməkdən belə çəkinməyəcək. Lakin stabillik naminə, Azərbaycan naminə güc olsun, amma xaos olmasın, qarşıdurma və ölümlər, insan dramları yaşanmasın…
Bildiyimiz həm də odur ki, DİN-də hər şey yerində saymayacaq: Vilayət Eyvazov polis sistemində yüksək intellektə və reformaçı təfəkkürə malik generallardandır. Ona Azərbaycan polisini ən müasir standartlara uyğunlaşdırmaq, modernləşdirmək kimi vəzifələr tapşırılıb və əzmkarlığı və inadı cənab Eyvazova bu sahədə lazım olacaq.
Mədət Quliyev: cana yatımlı, təvazökar, islahatçı və əlçatan bir DTX rəisi
Prezidentin Mədət Quliyevlə bağlı sərəncamı da maraqla şərh olunmaqdadır. Onun DTX-dən Müdafiə Sənayesi Nazirliyinə rəhbər təyinatı neçə gündür müzakirə olunur. O, Eldar Mahmudovun cinayətkar dəstəsinin canavara, qorxunc obraza döndərdiyi MTN-i olduqca ağır miras kimi qəbul etdi, həmin obrazı insaniləşdirdi, milliləşdirdi. Dövlət Təhlükəsizliyi Xidmətinə rəis gətirilən Mədət Quliyev özünün xarakterik göstəriciləri sayəsində cəmiyyətə göstərdi ki, heç də bütün təhlükəsizlik generalları Çovdarov, Mahmudov kimi amansız olmurlar! Sadə, cana yatımlı, təvazökar, islahatçı və əlçatan bir DTX rəisi tanıdı Azərbaycan ictimaiyyəti. O, kimlərinsə evini yıxmadı, pulunu yağmalamadı, günahsız adamların başına torba keçirdib, zirzəmilərə salmadı. Mədət Quliyevin təhlükəsizlik xidmətindəki dövrü keçid dövrü sayıla bilər: O, ağır “xəstəni reanimasiyadan palataya” çıxarmağı bacardı. İndi rahatlıqla başqa, çox ağır bir sahəyə transfer oluna bilər.
Formal və real olaraq onun vəzifəsi yüksəldilib: Prezident onu rəis statusundan azad edib, nazir statusuna gətirib. Lakin getdiyi sahə də təxminən MTN kimi çətin və problemlidir.
M.Quliyev nazir təyin edildikdən 1 gün sonra “Yeni Müsavat”a eksklüziv açıqlamasında demişdi: “Biz əsgərlərik. Dövlət başçımız uğurla, qətiyyətlə, mətinliklə dövlətimizi irəli aparır və dövlətimiz inkişaf edir. Biz də dövlətimizin başçısının ətrafında daha da sıx birləşərək, Azərbaycanın daha da qüdrətlənməsi və daimi zəfərləri naminə bundan sonra da bütün qüvvəmizlə və fədakarlıqla çalışacağıq, xidmət edəcəyik”.
Bəli, onun əsgərliyi indi də müdafiə sənayesi naziri kimi davam edir.
Mərhum Yavər Camalovdan miras qalan Müdafiə Sənayesi Nazirliyi çox güman ki, Mədət Quliyevin ora gəlişindən sonra xeyli dəyişəcək. Necə ki, M.Quliyev bundan əvvəl Penitensiar Xidmətdə və DTX-də ciddi dəyişikliklər etmişdi…
****
Prezident İlham Əliyev istəyir ki…
Bu yazımızla istədik ki, Prezident İlham Əliyevin son addımlarına dair bəzi düşüncələrimizi oxucularımız və tarixlə bölüşək.
Prezidentin son sərəncamlarının daha bir fəlsəfəsi də var: o, kimsəni cəzalandırmadan böyük bir siyasi tənlik həll etdi:Prezident Administrasiyası güclü və təcrübəli bir idarəedici – Dövlət Təhlükəsizlik Şurasının katibini qazandı; DİN sistemi həm yeniləndi, həm gücləndi, həm də 25 illik xəttini qorudu; Dövlət təhlükəsizliyi sistemi çoxdan gözlədiyi peşəkar idarəedicisinə qovuşdu, həm də ədalət bərpa olundu; Müdafiə sənayemiz yorulmaz və novator nazir əldə etdi…
Azərbaycan rəhbəri ölkəsinin və xalqının ətrafda cərəyan edən xaos və qarşıdurmalardan qorunması, sərhədləri içərisində firavan, rahat yaşaması üçün bəzi addımlar atır. Yaxın Şərq ölkələrindən tutmuş, Güney Qafqaza kimi, hər yer qaynayır, çox yerlər də destabilizasiya ocağı olmaq ərəfəsindədir. Qonşu və dost Gürcüstanda baş verənlərin, Qazaxıstanda, Moldovada, Ermənistanın sərhədləri içərisində cərəyan edənlərin fonunda Azərbaycan bir sabitlik adasıdır.
Sabitlik bizim ən böyük nemətimiz və gələcəyə gedən yolumuzdur!
Azər AYXAN,
“Yeni Müsavat” qəzeti baş redaktorunun 1-ci müavini
Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçuları təltif ediliblər:
“Azərbaycan Bayrağı” ordeni ilə
Mahmudov Qəşəm Fərzalı oğlu – polkovnik
Qasımov Mübariz Sayıl oğlu – mayor
Orucov Telman İlyas oğlu – mayor
Mustafayev İlham Abbas oğlu – kiçik leytenant
“Vətən uğrunda” medalı ilə
Ələkbərov Pərviz Ağasalam oğlu – polkovnik
Əliyev Əli Şahverdi oğlu – tibb xidməti polkovniki
Nəsibov Bayram Nəsib oğlu – polkovnik
Məmmədov Anar Əmiralı oğlu – polkovnik-leytenant
Məmmədov Zaur Alxan oğlu – polkovnik-leytenant
Rizvanov Səməndər Səməd oğlu – polkovnik-leytenant
Vəliyev Zöhrab Naib oğlu – mayor
“İgidliyə görə” medalı ilə
Əsədov Səxavət Ağagül oğlu – polkovnik
Cumayev Akif Kazım oğlu – polkovnik-leytenant
Əfəndiyev Samir Zakir oğlu – polkovnik-leytenant
Həziyev Samir Mətləb oğlu – polkovnik-leytenant
Mövlanov Nizami Bəydəmir oğlu – polkovnik-leytenant
Bağıyev Mirdamət Səristan oğlu – mayor
Babayev Vüqar Eyvaz oğlu – gizir
Şəkərov Firudin İlqar oğlu – gizir
Rzaquliyev Allahqulu Yusif oğlu – çavuş
Məmmədov Mehman Məmməd oğlu – kiçik çavuş
“Hərbi xidmətlərə görə” medalı ilə
Babayev Əlizadə Əhmədağa oğlu – polkovnik
Dərgahlı Vaqif Rafiq oğlu – polkovnik
Gülməmmədov Mehman Fərman oğlu – polkovnik
Məhərrəmov İzzət Məhəmmədəli oğlu – polkovnik
Məmmədov İsmixan Valeh oğlu – polkovnik
Nəbiyev Firuddin İsaxan oğlu – tibb xidməti polkovniki
Osmanov Tofiq Hüseyn oğlu – 1-ci dərəcəli kapitan
Rəcəbov Yadigar Mütəllim oğlu – polkovnik
Abasov Vüqar Tofiq oğlu – 2-ci dərəcəli kapitan
Ağabalayev Kamran Hacıəli oğlu – polkovnik-leytenant
Ağayev Bəhruz Allahverdi oğlu – polkovnik-leytenant
Divanov Nazim Musa oğlu – polkovnik-leytenant
Əfəndiyev Samir Sabir oğlu – polkovnik-leytenant
Əliyev Bəxtiyar Oktay oğlu – polkovnik-leytenant
Əzizov Firudin Novruz oğlu – polkovnik-leytenant
Nəsirov Eldəniz Ağamalı oğlu – polkovnik-leytenant
Niftəliyev Rəşid Ağaşərif oğlu – polkovnik-leytenant
Saruxanov Saruxan İslamuddin oğlu – polkovnik-leytenant
Yolçuyev Yolçu Məhəmməd oğlu – polkovnik-leytenant
Piriyev Rəşad Piri oğlu – mayor
Zülfüqarov Zülfüqar Rauf oğlu – mayor
Qorçiyev Cəfər Kəniş oğlu – kapitan
Məlikov Famil Alim oğlu – kapitan
Musibov Veysəl Yadullayeviç – kapitan
Məmmədov Yaşar Mürsəl oğlu – leytenant
Mustafayev Cavad Cavanşir oğlu – leytenant
Abdullayev İbrahim Savalan oğlu – baş gizir
Əliyev Elşad Əli oğlu – gizir
Qurbanov İsmayıl Cəlal oğlu – gizir
Hacəliyev Mübariz Hacəli oğlu – baş çavuş
Cəfərov Müşfiq Qərib oğlu – çavuş
Dəmirov Alim Ərəb oğlu – çavuş
Məmmədov Vüqar Vilayət oğlu – çavuş
Vəliyev Elçin Əjdər oğlu – kiçik çavuş
Babayev Müşfiq İsmayıl oğlu – baş əsgər (ölümündən sonra)
Məmmədov Ayaz Əvəz oğlu – əsgər
Nəmətov Namiq Ağaverdi oğlu – əsgər (ölümündən sonra)
Ramazanov Azad Gülağa oğlu – əsgər (ölümündən sonra)
Şükürov Saleh Niyaz oğlu – əsgər.
Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:
“general-leytenant” hərbi rütbəsi
general-mayor Fuad Nadir oğlu Məmmədova
general-mayor Zahid İbrahim oğlu Hüseynova
“general-mayor” hərbi rütbəsi
polkovnik Qədir Əşrəf oğlu Nəsibova
polkovnik Rasim Rza oğlu Babayevə
polkovnik Vüqar Əfqan oğlu Əliverdiyevə
polkovnik Polad İsrayıl oğlu Həşimova
polkovnik İlqar Zakir oğlu Lətifova
polkovnik Məhəmməd Kərim oğlu Həsənova.
İyunun 24-də Bakıda, Heydər Əliyev Mərkəzində Birləşmiş Millətlər Təşkilatı və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə BMT-nin Dövlət Xidmətləri Forumu işə başlayıb.
“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Birinci vitse-prezidenti Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak edib. Mehriban Əliyeva Forumda çıxış edib.
Sonra BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Liu Zenmin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, İndoneziya Respublikasının Qunadarma Universitetinin rektoru və Özəl Universitetlər Assosiasiyasının vitse-prezidenti, professor xanım Eko Sri Margianti çıxış ediblər.
Forum 2003-cü ildən etibarən 23 iyun – BMT-nin Dövlət Xidmətləri Günü ərəfəsində hər il təşkil olunur. Forumun keçirilməsində məqsəd dövlət idarəçiliyi, dövlət xidmətlərinin göstərilməsinin qabaqcıl modelləri, innovasiyalar və bu sahədə aktual məsələlər üzrə müzakirələrin aparılması, habelə dövlətlərin bu istiqamətlərdə qabaqcıl təcrübələrinin mübadiləsidir. Həmçinin Forum çərçivəsində dövlət xidmətləri sahəsində dünya üzrə ən qabaqcıl və innovativ modellər mükafatlandırılacaq.
Dünyanın 190-dan çox ölkəsindən 500-dən artıq nümayəndənin iştirak etdiyi builki Foruma müxtəlif ölkələrin dövlət idarəçiliyi və dövlət xidmətləri üzrə nazirləri, yerli idarəetmə orqanlarının, akademik dairələrin və özəl sektorun rəhbər şəxsləri qatılıblar.
Dövlət xidmətlərinin göstərilməsi sahəsində ölkəmizdə təşkil olunan ilk BMT tədbiri olan bu Forum çərçivəsində plenar sessiyalar, 9 fərqli aktual mövzu üzrə seminar və 4 paralel tədbir təşkil ediləcək. Eyni zamanda, 5 fərqli kateqoriya üzrə BMT Dövlət Xidmətləri Mükafatının builki qaliblərinin təltif olunması, Dövlət Agentliyi ilə xarici ölkələrin bir sıra qurumları arasında əməkdaşlığa dair müqavilələrin imzalanması planlaşdırılır.